Yeqovanın xatırlatmalarını çoxmu sevirsiniz?
“Canım sənin şəhadətlərini [“xatırlatmalarını”, YD] tutdu; və onları çox sevirəm” (MƏZMUR 119:167).
1. Yeqovanın xatırlatmalarına xüsusilə harada dəfələrlə rast gəlmək olar?
YEQOVA xalqının xoşbəxt olmasını istəyir. Həqiqi mə’nada xoşbəxt olmaq üçün, biz, əlbəttə ki, Yeqovanın “şəriətində yeri”məli və tapşırıqlarına riayət etməliyik. Bu işdə bizə Onun xatırlatmaları kömək edər. Belə xatırlatmalar haqqında Müqəddəs Yazılarda, xüsusilə də, ehtimala görə Yəhudeya taxtının gənc varisi Hizkiya tərəfindən yazılan 119-cu Məzmurda dəfələrlə danışılır. Bu gözəl nəğmə belə sözlərlə başlanır: “Yolda kamil olanlar nə bəxtiyardır; RƏBBİN şəriətində yeriyərlər. Onun şəhadətlərini [“xatırlatmalarını”, YD] tutanlar nə bəxtiyardır; bütün ürəklə onu axtararlar” (Məzmur 119:1, 2).
2. Yeqovanın xatırlatmaları xoşbəxtliyimizlə necə əlaqəlidir?
2 Biz, Yeqovanın Kəlamından dəqiq bilik əldə edərək və bu biliyi həyatımızda tətbiq edərək Onun “şəriətində yeriyir”ik. Lakin qeyri-kamil olduğumuz üçün, xatırlatmalara ehtiyacımız var. “Xatırlatmalar” kimi tərcümə olunan İbrani sözü altında, Yeqovanın qanunlarını, buyruqlarını, əmrlərini və hökmlərini təkrarən yadımıza salması nəzərdə tutulur (Matta 10:18—20). Yeqovanın xatırlatmaları əsasında davranmağa davam edəriksə, xoşbəxt ola bilərik, çünki onlar bizə fəlakət və kədərlə nəticələnən ruhani tələlərdən qaçınmağa kömək edər.
Yeqovanın xatırlatmalarına bağlanın
3. Məzmur 119:60, 61-ci ayələrinə əsasən biz nəyə əmin ola bilərik?
3 Allahın xatırlatmaları, məzmurçu üçün dəyərli idi, o oxuyurdu: “Əmrlərini tutmaq üçün tələsdim və gecikmədim. Əxlaqsızların torları məni sarıdı; fəqət sənin şəriətini unutmadım” (Məzmur 119:60, 61). Yeqovanın xatırlatmaları tə’qiblərə tab gətirməkdə bizə kömək edir, çünki əminik ki, düşmənlərin bizi sarıdıqları torları səmavi Atamız parçalaya bilər. Padşahlıq haqqındakı müjdəni təbliğ edə bilməyimiz üçün, O, yolumuzdakı maneələri münasib bildiyi vaxtda aradan qaldırır (Mark 13:10).
4. Allahın xatırlatmalarına necə hay verməliyik?
4 Arabir Yeqovanın xatırlatmaları bizə düzəliş verir. Gəlin, məzmurçu kimi, belə düzəlişləri hər zaman minnətdarlıqla qəbul edək. O, Allaha dua edərkən dedi: “Şəhadətlərin də [“xatırlatmaların”, YD] mənim zövqümdür... sənin şəhadətlərini [“xatırlatmalarını”, YD] sevirəm” (Məzmur 119:24, 119). Biz, məzmurçunun malik olduğundan daha artıq xatırlatmalara malikik. Yunanca Müqəddəs Yazılarda sitat gətirilən İbranicə Müqəddəs Yazıların yüzlərlə ayəsi bizə, Yeqovanın yalnız Musanın qanunu altında olan xalqına verdiyi tə’limatları deyil, Onun məsihçi yığıncağına aid olan niyyətlərini də xatırladır. Allah bizə, qanunları ilə əlaqəli şeyləri xatırlatmağı münasib görəndə, biz bunu minnətdarlıqla qəbul edirik. Yeqovanın “şəhadətlərinə [“xatırlatmalarına”, YD] bağlanaraq”, Yaradanımızın narazılığına səbəb olan, bizi sevincdən məhrum edən və günah doğuran sınaqlardan kənar dururuq (Məzmur 119:31).
5. Yeqovanın xatırlatmalarını möhkəm necə sevə bilərik?
5 Yeqovanın xatırlatmalarını nə dərəcədə sevə bilərik? Məzmurçu oxuyurdu: “Canım sənin şəhadətlərini [“xatırlatmalarını”, YD] tutdu; və onları çox sevirəm” (Məzmur 119:167). Əgər Yeqovanın xatırlatmalarını, əsl mə’nada qayğımıza qalan Atanın nəsihətləri kimi qəbul edəriksə, o zaman onları çox sevərik (1 Peter 5:6, 7). Onun xatırlatmalarına ehtiyac duyuruq, bu xatırlatmaların faydasını gördükdə isə, onlara olan məhəbbətimiz getdikcə artacaqdır.
Allahın xatırlatmalarına nəyə görə ehtiyac duyuruq?
6. Yeqovanın xatırlatmalarına ehtiyac duymağımızın səbəblərindən biri hansıdır və onları yadımıza salmağa nə kömək edər?
6 Yeqovanın xatırlatmalarına ehtiyac duymağımızın səbəblərindən biri, unutqan olmağımızdır. “Uorld buk” ensiklopediyasında deyilir: “Bir qayda olaraq, insanlar vaxt keçdikcə daha çox unudurlar. [...] Yə’qin ki, sizin də dilinizin ucunda olan adı və ya başqa bir mə’lumatı xatırlaya bilmədiyiniz anlar olub. [...] Nadir olmayan bu hadisəni, yaddaşın qısamüddətli pozulması adlandırırlar. Alimlər bunu, itmiş bir şeyi səliqəsizlik hökm sürən otaqda axtarmaqla müqayisə edirlər. [...] Hər hansı bir mə’lumatı yadda saxlamağın e’tibarlı üsulu - yaxşı tanış olduğunuzu düşündükdən sonra həmin mə’lumatı uzun müddət öyrənməkdir” (“World Book Encyclopedia”). Sə’y göstərərək öyrənmə və təkrarlama, Allahın xatırlatmalarını yadımıza salmağa və rifahımız üçün onlarla əlaqədar davranmağa kömək edəcəkdir.
7. Nəyə görə Allahın xatırlatmaları, əvvəllər olduğundan bu gün daha vacibdir?
7 Bu gün Yeqovanın xatırlatmalarına əvvəllər olduğundan daha çox ehtiyac duyuruq, çünki zəmanəmizdə hökm sürən əxlaqsızlıq yer üzündə heç zaman olmamışdır. Yeqovanın xatırlatmalarına diqqət yetirəriksə, yalanın qurbanı olmamaq və bu dünyanın pis yollarına doğru istiqamət götürməmək üçün vacib olan anlayışı əldə edərik. Məzmurçu dedi: “Bütün müəllimlərimdən daha anlayışlı oldum; çünki şəhadətlərin [“xatırlatmaların”, YD] mənim düşüncəmdir. Yaşlılardan daha ağıllı oldum; çünki sənin buyruğunu tutdum. Ayaqlarımı hər şər yolundan mühafizə etdim, ta ki, sənin sözünü qoruyum” (Məzmur 119:99—101). Allahın xatırlatmalarına riayət edərək, “şər yolundan” qaçınar və “anlayışları qaranlıqlaşmış... Allahın həyatına yad olmuş” insan kütlələrindən fərqlənərik (Efeslilərə 4:17—19).
8. İmanın sınaqlarını müvəffəqiyyətlə qarşılamaqda bizə nə kömək edər?
8 Allahın xatırlatmaları həmçinin ona görə vacibdir ki, onlar bizə “sonun vaxtın”da qarşılaşdığımız çoxsaylı sınaqlara tab gətirmək üçün güc verir (Daniel 12:4). Belə xatırlatmalar olmasa, biz “unutqan dinləyici” vəziyyətinə düşərik (Yaqub 1:25). Lakin Müqəddəs Kitabı, “sadiq və ağıllı qul”un nəşrlərinin köməkliyi ilə istər şəxsən, istərsə də yığıncaqla bərabər sə’ylə öyrənmək, imanın sınaqlarını müvəffəqiyyətlə qarşılamaqda bizə kömək edər (Matta 24:45—47). Bu cür ruhani bəxşişlərin köməkliyi ilə, çətin anlarda Yeqovaya məqbul tərzdə davranmağın üsulunu görürük.
Yığıncaqlarımızın vacib rolu
9. “İnsanlar timsalında hədiyyələr” kimlərdir və onlar həmimanlılarına necə kömək edirlər?
9 Allahın xatırlatmalarına olan ehtiyacımız qismən, tə’yin olunmuş qardaşlar tərəfindən nəsihətlər verilən məsihçi yığıncaqlarının hesabına tə’min edilir. Həvari Pavel yazırdı ki, İsa “yüksəyə qalxdıqda, bir ordu əsiri də Özü ilə apardı və insanlar timsalında hədiyyələr verdi” (YD). Pavel əlavə etdi: “O [Məsih] Özü, kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini cəmiyyətin gözətçisi və müəllimi tə’yin etdi ki, müqəddəslər xidmət işini icra etmək və Məsihin bədənini inkişaf etdirmək üçün tə’min edilsinlər” (Efeslilərə 4:8, 11, 12). İbadət etmək üçün bir yerə toplaşdığımız zaman “insanlar timsalında hədiyyələr”in, yə’ni tə’yin olunmuş ağsaqqalların diqqətimizi Yeqovanın xatırlatmalarına yönəltdikləri üçün necə də minnətdar ola bilərik!
10. İbranilərə 10:24, 25-ci ayələrinin mahiyyəti nədədir?
10 Allahın verdiyi hər şey üçün olan minnətdarlığımız, bizi, hər həftə keçirilən beş yığıncaq görüşünə getməyə təşviq edəcəkdir. Pavel, müntəzəm olaraq yığışmağın gərəkliyini vurğulamışdı. O yazırdı: “Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq. Bə’zilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək. Amma xüsusən, o Günün yaxınlaşdığını gördüyümüz nisbətdə bir-birimizi daha çox ürəkləndirək” (İbranilərə 10:24, 25).
11. Hər həftə keçirilən görüşlərdən hər biri bizə hansı faydanı gətirir?
11 Yığıncaqların bizə verdiyi faydanı qiymətləndirirsinizmi? Hər həftə keçirilən “Gözətçi Qülləsi”nin öyrənilməsi imanımızı möhkəmləndirir, Yeqovanın xatırlatmalarına uyğun davranmaqda bizə kömək edir və “dünyanın ruhuna” qarşı durmaq üçün güc verir (1 Korinflilərə 2:12; Həvarilərin işləri 15:31). Açıq görüş zamanı mə’ruzəçilər Allahın Kəlamına əsalanmış öyüdlərlə çıxış edirlər. Onların mə’ruzələrinə Yeqovanın xatırlatmaları və İsanın söylədiyi “əbədi həyatın sözləri” də daxildir (Yəhya 6:68; 7:46; Matta 5:1—7:29). Teokratik xidmət Məktəbində müəllimlik qabiliyyətlərimizi inkişaf etdiririk. Xidməti görüş isə, evdən-evə təbliğ, təkrar baş çəkmə, Müqəddəs Kitabın evdə öyrənilməsi zamanı və xidmətin başqa sahələrində xoş xəbəri daha yaxşı çatdırmaq üçün çox qiymətli kömək təqdim edir. Kitaböyrənmə qruplarında insanların az olması isə, özünə Allahın xatırlatmalarını daxil edən daha çox cavablar verməyə imkan yaradır.
12, 13. Yeqovanın, Asiya ölkələrindən birində yaşayan xalqı məsihçi görüşləri üçün minnətdarlığını necə bildirir?
12 Görüşlərdə müntəzəm iştirak etmək, bizə Allahın əmrlərini xatırladır və hərbi əməliyyatlara, iqtisadi çətinliklərə və imanın digər sınaqlarına baxmayaraq ruhən güclü qalmaq üçün kömək edir. Görüşlərin vacibliyini, Asiya ölkələrindən birində, evlərini tərk edən və tropik meşədə yaşamağa məcbur olan 70 məsihçi xüsusilə hiss etmişdi. Müntəzəm olaraq görüşməyə qəti qərarlı olan bu insanlar, müharibənin əhatə etdiyi şəhərə qayıdıb, Padşahlıq Zalından salamat qalan hissələri sökdülər və onu meşədə yenidən tikdilər.
13 Həmin ölkənin başqa hissəsində, Yeqovanın, illərcə davam edən müharibənin çətinliklərinə tab gətirən xidmətçiləri, Ona sə’ylə xidmət etməyə davam edirlər. Həmin ərazidən olan bir ağsaqqaldan soruşdular: “Qardaşların bir yerdə qalmasına ən çox kömək edən nə oldu?” O, cavab verdi: “19 il ərzində bir dəfə də olsun, yığıncaqdan qalmadıq. Bə’zən bombardman və ya başqa çətinliklər ucbatından, qardaşların bə’ziləri yığıncaq keçirilən yerə gələ bilmirdi, lakin görüşlərimizi heç zaman tə’xirə salmırdıq”. Bu əziz bacı-qardaşlarımız, şübhəsiz ki, “yığıncaqlarımızı tərk etməyək” prinsipinin bütün vacibliyini dərk edirlər.
14. Yaşlı Annanın nümunəsindən biz nə öyrənirik?
14 Dul olan 84 yaşlı Anna “mə’bəddən heç ayrılmazdı”. Buna görə də İsa, doğulduqdan qısa müddət sonra mə’bədə gətiriləndə o da orada idi (Luka 2:36—38, İ—93). Siz də yığıncaqları buraxmamağı qarşınıza məqsəd qoymusunuzmu? Konqresslərimizin bütün hissəsində iştirak etmək üçün vicdanlamı sə’y göstərirsiniz? Bu yığıncaqlarda aldığımız ruhən faydalı nəsihətlər aydın şəkildə sübut edir ki, səmavi Atamız Öz xalqının qayğısına qalır (İşaya 40:11). Belə görüşlər həmçinin sevinc bəxş edir və bu görüşlərdə iştirak etməyimizlə Yeqovanın xatırlatmalarını qiymətləndirdiyimizi göstəririk (Nehemya 8:5—8, 12).
Yeqovanın xatırlatmaları ilə dünyadan ayrı qalmaq
15, 16. Yeqovanın xatırlatmalarına riayət etməyimiz davranışımızda necə əks olunur?
15 Yeqovanın xatırlatmalarına riayət etməklə, bu natəmiz dünyadan kənarda durmaqda özümüzə kömək edirik. Misal üçün, Allahın xatırlatmalarına diqqət yetirəriksə, cinsi əxlaqsızlıqdan qorunarıq (Təsniyə 5:18; Süleymanın məsəlləri 6:29—35; İbranilərə 13:4). Allahın xatırlatmalarına uyğun hərəkət edərək, yalan danışmaq, səhv davranmaq, oğurluq etmək kimi yoldan çıxaran hərəkətləri müvəffəqiyyətlə dəf etmək olar (Çıxış 20:15, 16; Levililər 19:11; Süleymanın məsəlləri 30:7—9; Efeslilərə 4:25, 28; İbranilərə 13:18). Yeqovanın xatırlatmalarına diqqət yetirmək bizi həmçinin qisas almaqdan, kin saxlamaqdan və şər atmaqdan da qoruyub saxlayar (Levililər 19:16, 18; Məzmur 15:1, 3).
16 Yeqovanın xatırlatmalarına qulaq asaraq, Ona xidmət etmək üçün təqdis edilmiş, yə’ni ayrılmış vəziyyətdə olarıq. Bu dünyadan ayrı qalmaq necə də vacibdir! Yerdəki həyatının axırıncı gecəsi Yeqovaya dua edərək, İsa davamçıları üçün ürəkdən xahiş etdi: “Mən onlara Sənin sözünü verdim və dünya onlara nifrət eylədi; çünki Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər. Mən xahiş etmirəm ki, Sən onları dünyadan götürəsən. Xahiş edirəm ki, onları şərdən qoruyasan. Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər. Onları həqiqətinlə müqəddəs eylə; Sənin sözün həqiqətdir” (Yəhya 17:14—17). Gəlin, Ona müqəddəs ximdət üçün bizi bu dünyadan ayıran Allahın Kəlamını bundan sonra da qiymətləndirək.
17. Allahın xatırlatmalarına e’tinasızlıq göstərəriksə nə baş verər və buna görə nə etməliyik?
17 Yeqovanın xidmətçiləri olan bizlər, Ona xidmət etmək üçün məqbul tərzdə qalmaq istəyirik. Lakin, Allahın xatırlatmalarına e’tinasız yanaşarıqsa, o zaman, bu dünyaya xas olan danışıqlarda və davranışlarda, ədəbiyyatlarda və əyləncələrdə əks olunan dünyanın ruhu bizə hakim olacaqdır. Təbii ki, biz pulpərəst, lovğa, təkəbbürlü, nankor, nəfsini saxlamayan, azğın, rəhmsiz, ehtiyatsız, məğrur, zövqü Allahdan çox sevən olmaq istəmirik - bunlar, Allahdan uzaqlaşmış insanların əks etdirdiyi bə’zi xüsusiyyətlərdir (2 Timoteyə 3:1—5). Bu pis əşyalar sisteminin sonu yaxınlaşdığı üçün, gəlin Yeqovanın xatırlatmalarına uyğun tərzdə davranmağa davam edək və beləliklə də Onun “sözünə görə” özümüzü qorumaq üçün duada Ondan kömək diləyək (Məzmur 119:9).
18. Yeqovanın xatırlatmalarına riayət edəriksə, hansı müsbət addımları atmağa təşviq olunacağıq?
18 Yeqovanın xatırlatmaları, yalnız nəyi etməməli olduğumuzu göstərmir. Yeqovanın xatırlatmalarına diqqət yetirəriksə, onlar bizi fəaliyyət göstərməyə - bütünlüklə Yeqovaya güvənməyə və Onu bütün ürəyimizlə, canımızla, düşüncəmizlə və qüvvəmizlə sevməyə təşviq edəcəkdir (Təsniyə 6:5; Məzmur 4:5; Süleymanın məsəlləri 3:5, 6; Matta 22:37; Mark 12:30). Allahın xatırlatmaları bizi həmçinin qonşularımızı da sevməyə təşviq edir (Levililər 19:18; Matta 22:39). Allaha və qonşularımıza olan məhəbbətimiz, Onun iradəsini yerinə yetirərək, həyat verən “Allah biliyini” qonşularımızla bölüşməyimizdə xüsusilə əks olunur (Süleymanın məsəlləri 2:1—5).
Yeqovanın xatırlatmalarına riayət etmək həyat deməkdir!
19. Yeqovanın xatırlatmalarına diqqət yetirməyin praktiki və faydalı olduğunu başqalarına necə göstərə bilərik?
19 Yeqovanın xatırlatmalarına diqqət yetirər və bunu etməkdə başqalarına da kömək göstərəriksə həm özümüzü, həm də bizə qulaq asanları xilas edərik (1 Timoteyə 4:16). Yeqovanın xatırlatmalarına diqqət yetirməyin praktiki və faydalı olduğunu başqalarına necə göstərə bilərik? Müqəddəs Kitabın prinsiplərini öz həyatımızda tətbiq etməklə. Bu, “əbədi həyata meylli olan” insanları əmin edəcəkdir ki, ən yaxşı yol Allahın Kəlamında göstərilmiş yoldur (Həvarilərin işləri 13:48, YD). Onlar həmçinin “Allahın həqiqətən aramızda” olduğunu görəcək və bu onları, Küll-İxtiyar Rəbb Yeqovaya ibadətdə bizə qoşulmağa təşviq edəcəkdir (1 Korinflilərə 14:24, 25).
20, 21. Yeqovanın xatırlatmaları və müqəddəs ruhu sayəsində biz nə edə bilərik?
20 Müqəddəs Yazıları öyrənməyə, öyrəndiklərimizi praktikada tətbiq etməyə və Yeqovanın ruhani bəxşişlərindən tam fayda əldə etməyə davam edərək, Onun xatırlatmalarını daha çox sevəcəyik. Əgər biz bu xatırlatmalara diqqət yetirəriksə, onlar bizə “Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış yeni mənliyi geyinməyə” kömək edəcəkdir (Efeslilərə 4:20—24). Yeqovanın xatırlatmaları və Onun müqəddəs ruhu sayəsində, biz, Şeytanın hakimiyyəti altında olan dünyaya xas xüsusiyyətlərdən sərt şəkildə fərqlənən məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq kimi xüsusiyyətləri əks etdirə bilərik (1 Yəhya 5:19; Qalatiyalılara 5:22, 23). Buna görə də bizə Müqəddəs Kitabın öyrənilməsi, tə’yin olunmuş ağsaqqallar, həmçinin yığıncaq görüşləri və konqresslərin vasitəsilə, Yeqovanın tələbləri xatırladıldıqda minnətdar olmalıyıq.
21 Yeqovanın xatırlatmalarına riayət etdiyimiz üçün, salehlik uğrunda əziyyət çəkdiyimiz zaman da sevinə bilərik (Luka 6:22, 23). Ən təhlükəli vəziyyətlərdə belə, Allahın bizi xilas edəcəyinə əminik. Bu indi, bütün insanların “Küll-İxtiyar Allahın böyük günündə baş verəcək müharibəyə”, Har-Megidona toplanacağı vaxtda xüsusilə vacibdir (Vəhy 16:14—16).
22. Yeqovanın xatırlatmaları ilə əlaqədar hansı qətiyyəti əks etdirməliyik?
22 Layiq olmadığımız əbədi həyat mükafatını almaq üçün, Yeqovanın xatırlatmalarını möhkəm sevməli və onları vicdanla qoruyub saxlamalıyıq. Qoy bizdə də məzmurçunun ruhu olsun. O oxuyurdu: “Şəhadətlərin [“xatırlatmaların”, YD] əbədiyyən ədalətlidir; mənə anlayış ver yaşayım” (Məzmur 119:144). Gəlin həmçinin məzmurçunun sözlərində əks olunan qətiyyəti də göstərək: “Səni [Yeqovanı] çağırdım; məni qurtar və sənin şəhadətlərini [“xatırlatmalarını”, YD] tutum” (Məzmur 119:146). Gəlin sözümüz və işimizlə sübut edək ki, Yeqovanın xatırlatmalarını həqiqətən də möhkəm sevirik.
Siz necə cavab verərdiniz?
• Məzmurçu, Yeqovanın xatırlatmalarına necə yanaşırdı?
• Biz Yeqovanın xatırlatmalarına nəyə görə ehtiyac duyuruq?
• Allahın xatırlatmaları ilə əlaqədar bizim görüşlərimiz hansı rolu oynayır?
• Yeqovanın xatırlatmaları hansı tərzdə bizi bu dünyadan ayırır?
[25-ci səhifədəki şəkil]
Məzmurçu, Yeqovanın xatırlatmalarını çox sevirdi.
[26 və 27-ci səhifələrdəki şəkillər]
Annanın nümunəsi əsasında görüşləri buraxmamağı qarşınıza məqsəd qoymusunuzmu?
[28-ci səhifədəki şəkil]
Yeqovanın xatırlatmalarına qulaq asaraq dünyadan kənar durur, Allaha xidmət üçün təmiz və qabiliyyətli oluruq.