Səmərəli və xoş öyrənmə
“Əgər... onu axtarsan... Allah biliyini tapacaqsan” (SÜLEYMANIN MƏSƏLLƏRİ 2:4, 5).
1. Boş vaxtlarda oxumaqdan necə ləzzət ala bilərik?
İNSANLARIN əksəriyyəti, sadəcə olaraq həzz almaq üçün oxuyurlar. Əgər material faydalıdırsa, oxumaq sağlam istirahət ola bilər. Bə’zi məsihçilər Müqəddəs Kitabı şəxsi cədvəl üzrə oxumaqla bərabər, həm də Məzmurları, Süleymanın məsəllərini, eləcə də İncildən və Müqəddəs Kitabın başqa hissələrindən seçilmiş parçaları oxuyurlar. Dilin valehedici tərzdə gözəl olması və fikirlərin dərinliyi onlara ləzzət verir. Digərləri boş vaxtlarında “Yeqovanın Şahidlərinin salnaməsi”ni, “Oyanın!” jurnalını və əlinizdəki jurnalda nəşr olunan tərcümeyi-halları, yaxud da tarix, coğrafiya və təbiət haqqında olan məqalələri oxuyurlar.
2, 3. a) Dərin ruhani mə’lumat, hansı mə’nada qüvvətli yeməyə bənzəyir? b) Öyrənmə özünə nəyi daxil edir?
2 Ləzzət almaq naminə oxumaq istirahət ola bilər, öyrənmək isə əqli qüvvə gərginliyi tələb edir. İngilis filosofu Bekon Frensis yazırdı: “Bə’zi kitabların dadına baxmaq kifayətdir, bə’zilərini isə udmaq olar, lakin elələri də var ki, onları çeynəmək və həzm etmək lazımdır”. Müqəddəs Kitab, heç bir şübhə olmadan, axırıncı qrupa aiddir. Həvari Pavel yazırdı: “Bu barədə [padşah və kahin Məlkisedek kimi təqdim olunan Məsih barədə] deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki siz ağır eşidirsiniz. Qüvvətli yemək... kamillər üçündür. Çünki onların hissləri alışdırılaraq, xeyirlə şəri ayırd etmək üçün tərbiyə edilmişdir” (İbranilərə 5:11, 14). Qüvvətli yeməyi udub, həzm etməzdən əvvəl, çeynəmək lazımdır. Dərin ruhani mə’lumat, yaddaşımızda həkk olunub möhkəmlənməzdən əvvəl isə, onun üzərində dərindən düşünmək gərəkdir.
3 Lüğətə əsasən “öyrənmək” - “bilik əldə etmək, bir şeyi təcrübə ilə mənimsəmək” deməkdir. Göründüyü kimi, “öyrənmək”, səthi olaraq oxumaqdan daha artıq şeyi - oxuyarkən sözlərin altından xətt çəkməyi nəzərdə tutur. Öyrənmək - zəhmət çəkmək, dərk etmə qabiliyyəti ilə yanaşı əqli qüvvəni gərginləşdirmək deməkdir. Öyrənmə qüvvə tələb etsə də, məmnunluq verə bilər.
Məmnunedici öyrənmə
4. Allahın Kəlamını öyrənmək, məzmurçunun sözlərinə görə, necə möhkəmləndirici və faydalı ola bilər?
4 Allahın Kəlamını oxumaq və öyrənmək, insanı möhkəmləndirib, qüvvə verə bilər. Məzmurçu deyirdi: “RƏBBİN şəriəti kamildir; canı təzələyir; RƏBBİN şəhadəti [“xatırlatması”, YD] sadiqdir; təcrübəsiz adama hikmət verir. RƏBBİN buyuruğu doğrudur; ürəyi sevindirir; RƏBBİN əmri pakdır; gözləri aydınladır” (Məzmur 19:7, 8). Yeqovanın qanunları və xatırlatmaları canımızı dirçəldir, ruhani rifahımıza kömək edir, bizə daxili sevinc gətirir və gözlərimizi “aydınladaraq”, Onun heyranedici niyyətlərini açıq-aşkar görməyə imkan yaradır. Bütün bunlar necə də valehedicidir!
5. Öyrənməkdən həqiqi məmnunluğu necə almaq olar?
5 Gördüyümüz bir iş yaxşı nəticələr verəndə, biz məmnunluq hissi duyuruq. Buna görə də, öyrəndiyimizin bizə sevinc bəxş etməsi üçün, əldə etdiyimiz yeni biliyi dərhal tətbiq etməliyik. Yaqub yazırdı: “Kim kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalarsa və unutqan dinləyici deyil, icraedicidirsə, öz əməlində xoşbəxt olacaqdır” (Yaqub 1:25). Əldə edilən biliklər gecikdirilmədən tətbiq edilərsə, dərin məmnunluq gətirər. Evdən-evə təbliğ edərkən və ya Müqəddəs Kitabı bir kimsəylə öyrənərkən bizə verilən sualın cavabını axtarmaq da bizə böyük sevinc gətirəcək.
Allahın Kəlamına məhəbbət inkişaf etdirmək
6. Yüz ondoqquzuncu Məzmuru bəstələyən şəxs Yeqovanın Kəlamına olan məhəbbətini necə göstərdi?
6 Yüz ondoqquzuncu Məzmuru bəstələyən şəxs - ehtimala görə, padşahlıq taxtının gənc varisi olan Hezekiya - Yeqovanın kəlamına məhəbbət göstərmişdir. O, şairanə tərzdə yazırdı: “Qanunlarından zövq alıram; sözünü unutmaram. Şəhadətlərin də mənim zövqümdür, mənim öyüdçülərimdir. Və sevdiyim əmrlərində zövq tapıram. Mərhəmətlərin mənə gəlsin də yaşayım; çünki şəriətin mənim zövqümdür. Xilasını gözlədim, ya RƏB; və şəriətin zövqümdür” (Məzmur 119:16, 24, 47, 77, 174).
7, 8. a) Bir lüğətə görə, Allahın Kəlamından “zövq almaq” nə deməkdir? b) Biz, Allahın Kəlamına məhəbbətimizi necə göstərə bilərik? v) Ezra, Yeqovanın Qanununu oxumağa necə hazırlaşırdı?
7 İbranicə Müqəddəs Yazılar üzrə bir lüğət, 119-cu Məzmurdakı “zövq almaq” sözünü belə izah edir: “16-cı ayədə istifadə olunan fe’l, “sevinmək”... və “düşünmək” [fe’lləri] ilə paraleldir... Fəaliyyət aşağıdakı qayda üzrə aparılır: sevinmək, düşünmək, zövq almaq... Bu əlaqələndirmə, Yəhvanın kəlamlarından zövq ala bilməsi üçün, insanın bu kəlamlar üzərində dərindən düşünməsinin vacib olmasını göstərə bilər. [...] Burada, duyğulara müraciət nəzərdə tutulur”a.
8 Bəli, Yeqovanın Kəlamına məhəbbətimiz, hisslərimizin mərkəzi olan ürəyimizdən gəlməlidir. Yenicə oxuduğumuz hissələrin üzərində dayanmaqdan məmnunluq hissi almalıyıq. Biz ruhani cəhətdən dərin fikirlərə diqqət yetirməli, onları canımıza çəkməli və onların üzərində düşünməliyik. Bunun üçün sakitcə fikirləşmək və dua etmək vacibdir. Ezra kimi, biz də ürəyimizi Allahın Kəlamını oxumağa və tədqiq etməyə hazırlamalıyıq. Ezra haqqında yazılıb: “RƏBBİN şəriətini arayıb icra etmək üçün və İsraildə qanunu və hökmləri öyrətmək üçün Ezra öz ürəyini hazırlamışdı” (Ezra 7:10). Ezranın öz ürəyini hansı üç məqsəd üçün hazırladığına diqqət yetirin: öyrənmək, öyrəniləni həyatda tətbiq etmək və başqalarına tə’lim vermək. Biz onun nümunəsinə riayət etməliyik.
İbadətin tərkib hissəsi olan öyrənmə
9, 10. a) Məzmurçu, Yeqovanın Kəlamına olan dərin marağını necə göstərirdi? b) “Dərin maraq göstərmək” kimi tərcümə olunan qədim ibrani sözü hansı mə’nanı daşıyır? v) Nə üçün Müqəddəs Kitabı öyrənməyi “ibadət növü” kimi hesab etmək vacibdir?
9 Məzmurçu, Yeqovanın qanunları, əmrləri və xatırlatmaları haqda düşündüyünü və ya onlara dərindən maraq göstərdiyini söyləyirdi. O, oxuyurdu: “Buyuruğunu düşünürəm [“sənin əmrlərinlə dərindən maraqlanacağam”, YD] və sənin yollarına baxıram. Sevdiyim əmrlərinə doğru əllərimi qaldıraram; və sənin qanunlarını düşünürəm. Şəriətini nə qədər sevirəm! Bütün gün düşüncəm odur. Bütün müəllimlərimdən daha anlayışlı oldum; çünki şəhadətlərin [“xatırlatmaların”, YD] mənim düşüncəmdir” (Məzmur 119:15, 48, 97, 99). Yeqovanın Kəlamları ilə “dərindən maraqlanmaq” nə deməkdir?
10 Bu cür tərcümə olunan qədim ibrani sözü, həm də “düşünmək, götür-qoy etmək”, “nəyi isə ətraflı fikirləşmək” mə’nasını verir. “Bununla, Allahın işləri... və Allahın sözləri üzərində sakit düşünmək təsvir olunur” (“Theological Wordbook of the Old Testament”). “Dərin maraq” mə’nasını daşıyan isim, “məzmurçunun düşüncəsini” və özlüyündə “ibadət növünü” əks etdirən Allahın qanununu “həyəcanla öyrəndiyini” göstərir. Əgər öyrənməni ibadətimizin bir növü hesab etsək, onda öyrənməyə daha ciddi yanaşacağıq. Biz, vicdanla məşğul olmalı və duanın köməyindən istifadə etməliyik. Öyrənmə, ibadətimizin tərkib hissəsidir və ibadətimizi yaxşılaşdırmaq məqsədilə edilir.
Allahın Kəlamının dərinliyini anlamaq
11. Yeqova dərin ruhani düşüncələri öz xalqına necə aşkar edir?
11 Məzmurçu həyəcan və ehtiramla nida etdi: “İşlərin nə böyükdür, ya RƏB! Düşüncələrin çox dərindir” (Məzmur 92:5). Yeqovanın, “Öz Ruhu” vasitəsilə “sadiq və ağıllı qul” sinfinə tə’sir edərək, xalqına aşkar etdiyi “dərin düşüncələri” barədə həvari Pavel də danışırdı (1 Korinflilərə 2:10; Matta 24:45). Qul sinfi, sə’y göstərərək hamını ruhani qida ilə tə’min edir: yeni gələnlərə “süd”, “yetkinlərə” (YD) isə “qüvvətli yemək” verir (İbranilərə 5:11—14).
12. “Sadiq və ağıllı qul” tərəfindən izah edilən “Allahın dərin düşüncələri” barədə misal çəkin.
12 “Allahın dərin düşüncələrini” anlamaq üçün, Onun Kəlamını dua edərək öyrənmək və öyrəndiklərimizin üzərində dərindən düşünmək lazımdır. Misal üçün, bir dəfə, Yeqovanın eyni zamanda həm ədalətli, həm də mərhəmətli ola bildiyini izah edən bir məqalə dərc olunmuşdur. Yeqova mərhəmət göstərərək ədalətli olmaqdan əl çəkmir, əksinə, Allahın mərhəməti həm Onun ədalətini, həm də məhəbbətini göstərir. Yeqova günahkarı mühakimə edəndə, əvvəlcə öz Oğlunun fidiyə qurbanlığına əsasən həmən günahkara mərhəmət göstərməyin mümkün olub olmadığını müəyyən edir. Əgər günahkar olan şəxs tövbə etmirsə və ya Allaha qarşı üsyan edirsə, mərhəməti əsassız olaraq göstərmədən, Allah məsələni ədalət əsasında həll edir. Yeqova hər iki vəziyyətdə öz yüksək prinsiplərinə sadiq qalırb (Romalılara 3:21—26). “Ey Allahın... hikmət... dərinliyi!” (Romalılara 11:33).
13. Biz, indiyədək açıqlanan ruhani həqiqətlərin “böyük sayına” görə öz minnətdarlığımızı necə göstərə bilərik?
13 Yeqovanın bir çox fikirlərini bizimlə bölüşməsi, məzmurçu kimi, bizə də xoş həyəcan hissi verir. Davud yazırdı: “Düşüncələrin də mənim üçün nə dəyərlidir, ey Allah! Onların topu [“sayı”, YD] nə böyükdür! Onları saysam, qumdan çoxdurlar” (Məzmur 139:17, 18). Bu gün bildiklərimiz, Yeqovanın əbədiyyət ərzində bizə aşkar edəcəyi saysız-hesabsız düşüncələrin yalnız bir zərrəsidir. Lakin buna baxmayaraq, indiyədək açıqlanan dəyərli ruhani həqiqətlərin “böyük sayını” çox qiymətləndiririk və Allahın Kəlamının “mahiyyətini” (YD) dərindən anlamağa çalışırıq (Məzmur 119:160).
Qüvvə sərf etmək və yaxşı vəsaitlərdən istifadə etmək lazımdır
14. Allahın Kəlamını öyrənən zaman, qüvvə sərf etməyin vacibliyi Süleymanın məsəlləri 2:1—6 ayələrində necə qeyd olunur?
14 Müqəddəs Kitabı dərindən öyrənmək qüvvə tələb edir. Süleymanın məsəlləri 2:1—6 ayələrini diqqətlə oxusaq, bu fakt aydın olur. Buradakı fəal hərəkətləri göstərən fe’llərə diqqət yetirin; müdrik padşah Süleyman, Allahdan gələn biliyi, müdrikliyi və seçmək məharətini mənimsəmək üçün, tələb olunan qüvvəni bu fe’llərdən istifadə edərək qeyd etmişdir. O yazırdı: “Oğlum, qulağını hikmətə çevirərək və anlayışa ürəyini meylləndirərək, sözlərimi qəbul etsən; və əmrlərimi yanında saxlasan; gerçək, əgər idrakı çağırsan və anlayışa səsini yüksəltsən; əgər gümüş axtarar kimi onu axtarsan və xəzinələr araşdırar kimi onu araşdırsan; RƏB qorxusunu o zaman anlayacaqsan və Allah biliyini tapacaqsan. Çünki RƏB hikmət verir; ağzından bilik və anlayış çıxar”. Bəli, öyrənmə səmərələr gətirsin deyə, gizlədilmiş xəzinələr axtarır kimi, sə’ylə tədqiqat aparmaq lazımdır.
15. Müqəddəs Kitabdakı hansı əyani misal, öyrənmə üçün yaxşı üsulların lazım gəldiyini göstərir?
15 Bundan əlavə, ruhən zənginləşdirən öyrənmə yaxşı üsullar tələb edir. Süleyman yazırdı: “Əgər balta kütdürsə və ağzı itilənməzsə, daha çox qüvvət sərf etməli” (Vaiz 10:10). Əgər bir adam küt balta ilə işləyirsə və ya bacarıqsızdırsa, boş yerə qüvvə itirəcək və işi keyfiyyətsiz olacaq. Buna bənzər tərzdə, öyrənmənin də nə dərəcədə fayda gətirməsi, onu keçirdiyimiz üsullardan asılıdır. Öyrənməni daha yaxşı keçirmək haqda praktiki məsləhətləri, “Teokratik xidmət Məktəbi üçün rəhbərlik” kitabında, 7-ci dərsdən tapmaq olarc.
16. Dərin öyrənmə üçün, bizə hansı praktiki məsləhətlər kömək edər?
16 Sənətkar işə başlamazdan əvvəl, lazım olacaq alətləri yanına qoyur. Bunun kimi, biz də öyrənməyə başlamazdan qabaq, lazım olacaq “alətləri” öz şəxsi kitabxanamızdan seçməliyik. Öyrənmənin zehni qüvvə tələb edən iş olduğunu nəzərə alaraq, öyrənərkən lazımi vəziyyəti qəbul etmək düzgün olardı. Əgər ağlımızın aydın işləməsini istəyiriksə, çarpayıya uzanmaq və ya kresloya yayılmaq əvəzinə, stol arxasında əyləşərək məşğul olmaq daha yaxşıdır. Bir qədər məşğul olduqdan sonra, bir az idman etmək və ya təmiz havaya çıxmaq olar.
17, 18. Bizim üçün əlverişli olan faydalı vəsaitləri necə istifadə etmək olar?
17 Öyrənərkən fayda əldə etməyimiz üçün, əvəzedilməz vəsaitlərimiz çoxdur. Bunlardan ən əsası, hazırda tam və ya qismən 37 dildə mövcud olan Müqəddəs Kitabın “Yeni Dünya Tərcüməsi”dir. “Yeni Dünya Tərcüməsi”nin standart nəşrində paralel göstəricilərin, kitabları yazan insanların adlarını və onun yazıldığı yeri, əhatə olunduğu dövrü göstərən “Müqəddəs Kitab siyahısı” var. Bu nəşrdə həmçinin Müqəddəs Kitab sözlərinin indeksi, köməkçi əlavələr və xəritələr də var. Bə’zi dillərdə bu Müqəddəs Kitab daha böyük ölçüdə nəşr olunub və “Müqəddəs Yazıların qeydlərlə Yeni Dünya Tərcüməsi” kimi tanınır. Bu nəşrə həm yuxarıda sadalananlar, həm də daha geniş surətdə qeydlər və onların göstəriciləri daxildir. Siz, Allahın Kəlamını dərindən anlamaq üçün, öz ana dilinizdə nəşr olunan bütün vəsaitlərdən istifadə edirsinizmi?
18 Öyrənməklə məşğul olmaqda digər dəyərli köməkçi vəsait, “Müqəddəs Yazıların dərk edilməsi” adlı iki cildli Müqəddəs Kitab ensiklopediyasıdır. Əgər bu əsər sizin başa düşdüyünüz dildə varsa, öyrəndiyiniz zaman, həmişə əlinizin altında olmalıdır. Bu ensiklopediya, Müqəddəs Kitabın əksər mövzuları barədə sizə əlavə mə’lumat verəcək. Bundan əlavə, “Hər Müqəddəs Yazı Allahdan ilham alıb və faydalıdır” adlı kitab da var. Müqəddəs Kitabın yeni bir hissəsini oxumağa başlayanda, coğrafi və tarixi mə’lumatları əldə etmək üçün “Hər Müqəddəs Yazı” kitabının müvafiq dərsinə müraciət etmək, oxuduğunuz kitabın icmalı ilə tanış olmaq və onun dəyərini öyrənmək yaxşı olardı. Öyrənmə üçün hazırlanmış çoxsaylı vəsaitlərə, bu yaxınlarda “Gözətçi Qülləsinin Kitabxanası” adlı, artıq 9 dildə mövcud olan, kompüter vəsaiti də əlavə olunub.
19. a) Müqəddəs Kitabı öyrənməmiz üçün Yeqova nəyə görə bizi faydalı vəsaitlərlə tə’min edir? b) Müqəddəs Kitabı lazımi qaydada oxumaq və öyrənmək üçün nə tələb olunur?
19 Yeqova bütün bu vəsaitləri “sadiq və ağıllı qul”un vasitəsilə ona görə verib ki, yer üzündə olan xidmətçiləri “axtarsınlar və... Allah biliyini” tapsınlar (Süleymanın məsəlləri 2:4, 5). Yaxşı öyrənmə sayəsində biz Yeqovanı daha da yaxından tanıyacaq və Ona yaxınlaşacağıq (Məzmur 63:1—8). Bəli, öyrənmə zəhmət tələb edir, amma zövq və mükafat gətirir. Öyrənmə vaxt tələb etdiyindən siz yəqin ki, fikirləşirsiniz: “Müqəddəs Kitabı oxumağa və şəxsi öyrənməyə lazım olan vaxtı necə tapmaq olar?” Bu sual sonuncu mövzuda müzakirə olunacaqdır.
[Haşiyələr]
a “Əhdi-ətiqin ilahiyyatı və izahı üzrə yeni beynəlxalq lüğət” (“New International Dictionary of Old Testament Theology & Exegesis”), cild 4, səhifə 205—207.
b “Gözətçi Qülləsi”nin 1998-ci il 1 avqust nömrəsinə, səhifə 13, abzas 7-yə baxın (rusca). Müqəddəs Kitabı şəxsən öyrənən zaman, həmin jurnalın iki öyrəniləcək mövzusunu, həm də Gözətçi Qülləsi Cəmiyyətinin nəşr etdiyi “Müqəddəs Yazıların dərk edilməsi” adlı Müqəddəs Kitab ensiklopediyasının “Justice” (“Ədalət”), “Mercy” (“Mərhəmət”) və “Righteousness” (“Salehlik”) mövzularını nəzərdən keçirmək olar.
c Gözətçi Qülləsi Cəmiyyəti tərəfindən nəşr olunub. Əgər bu kitab sizin ana dilinizdə yoxdursa, öyrənmə üsulları barədə məsləhətləri “Gözətçi Qülləsi”nin bu nömrələrindən tapmaq olar: 15 avqust 1993-cü il, səhifə 13—17; 15 oktyabr 1986-cı il, səhifə 19, 20, (rusca).
Təkrar üçün suallar
• Şəxsi öyrənmənin bizi möhkəmləndirməsi və səmərələr gətirməsi üçün nə edə bilərik?
• Məzmurçu kimi, Yeqovanın Kəlamına məhəbbət və dərin marağı biz necə göstərə bilərik?
• Süleymanın məsəlləri 2:1—6 ayələri, Allahın Kəlamını öyrənmək üçün qüvvə tələb olunduğunu necə göstərir?
• Yeqova bizə öyrənmə üçün hansı faydalı vəsaitləri təqdim edir?
[22-ci səhifədəki şəkil]
Sakitcə fikirləşmək və dua etmək, Allahın Kəlamına məhəbbət inkişaf etdirməkdə bizə kömək edər
[24-cü səhifədəki şəkillər]
Siz, Allahın Kəlamını dərindən anlamaq üçün, öz ana dilinizdə nəşr olunan öyrənmə vəsaitlərdən istifadə edirsinizmi?