Daha çox diqqətli olun
“Biz eşitdiklərimizə daha çox diqqətlə qulaq asmalıyıq ki, axın bizi onlardan ayırmasın” (İBRANİLƏRƏ 2:1).
1. Diqqətin yayınmasının fəlakətə necə gətirib çıxara biləcəyini izah edin.
TƏKCƏ Amerika Birləşmiş Ştatlarında ildə təxminən 37 min insan avtomobil qəzası nəticəsində tələf olur. Tədqiqatçıların dediklərinə görə, sürücülər heç olmasa bir az diqqətli olsaydılar, bu ölüm hadisələrinin çoxundan qaçınmaq olardı. Bə’zi sürücülərin diqqətini işarələr və reklam lövhələri, başqalarının diqqətini yol vaxtı cib telefonundan istifadə etmək yayındırır. Daha başqaları isə yol gedərkən yemək yeyirlər. Sadalanan bütün bu hallarda diqqətin yayınması fəlakətə gətirib çıxara bilər.
2, 3. Pavel yəhudilərdən olan məsihçilərə hansı məsləhəti verdi və onun məsləhəti nəyə görə yerində idi?
2 Avtomobil ixtira edilməmişdən təxminən 2 000 il qabaq həvari Pavel yəhudilərdən olan məsihçilərin diqqətini yayındıran amilin və onların bə’ziləri üçün bunun fəlakətə çevrildiyini yazmışdır. Əvvəlcə Pavel dirilmiş İsa Məsihin Allahın sağ tərəfində oturduğunu, bütün mələklərdən üstün mövqe tutduğunu vurğuladı. Sonra isə həvari yazırdı: “Buna görə, biz eşitdiklərimizə daha çox diqqətlə qulaq asmalıyıq ki, axın bizi onlardan ayırmasın” (İbranilərə 2:1).
3 Yəhudilərdən olan məsihçilər nəyə görə İsa haqqında ‘eşitdiklərinə daha çox diqqətlə qulaq asmalı’ idilər? Ona görə ki, İsanın yer üzünü tərk etməsindən, demək olar ki, otuz il keçmişdi. Yəhudilərdən olan məsihçilərin bə’ziləri, İsa yer üzünü tərk etdikdən sonra həqiqətdən uzaqlaşmağa başlamışdılar. Bu məsihçilərin diqqətini onların əvvəl məxsus olduqları yəhudi dini yayındırırdı.
Onlar daha diqqətli olmalı idilər
4. Nəyə görə bə’zi yəhudilərdən olan məsihçilərdə yəhudiliyə qayıtmaq fikri yarana bilərdi?
4 Nəyə görə məsihçidə yəhudiliyə qayıtmaq fikri yarana bilərdi? Özünüz nəticə çıxarın: Musanın qanununda yazılmış ibadət növü tamamilə gözə görünən şeylərlə bağlı idi. İnsanlar kahinləri görür və yandırılan qurbanların iyini hiss edirdilər. Məsihçilikdə isə çox şey fərqlənirdi. Onların Baş kahini İsa Məsih idi, lakin artıq otuz il idi ki, o, yer üzünü tərk etmişdi (İbranilərə 4:14). Onların mə’bədi vardı, amma bu mə’bədin müqəddəs yeri göy idi (İbranilərə 9:24). Qanunda tələb olunan hərfi sünnətdən fərqli olaraq, məsihçilərin sünnəti “ruhən, ürəkdə” idi (Romalılara 2:29). Bu səbəblərə görə də İsanın yəhudilərdən olan davamçılarına məsihçi imanı bir qədər mücərrəd görünməyə başlaya bilərdi.
5. Pavel, İsanın tə’sis etdiyi ibadət sisteminin, Qanundakı ibadət sistemindən daha üstün olduğunu necə göstərdi?
5 Yəhudilərdən olan məsihçilərə, Məsihin tə’sis etdiyi ibadət sistemi ilə bağlı vacib bir şeyi aydın başa düşmək lazım idi. Bu ibadət sistemi, görünən şeylərdən daha çox imana əsaslanmış olsa da, Musa peyğəmbərin vasitəsilə verilən Qanundan üstün idi. Pavel yazırdı: “Əgər keçilərin və buğaların qanı və düyənin külü murdar olanların üstünə səpiləndə, onlar təqdis olunub, bədənləri təmiz olursa, deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı, yaşayan Allaha ibadət edə bilməniz üçün vicdanınızı ölüm gətirən işlərdən nə qədər artıq təmizləyəcəkdir!” (İbranilərə 9:13, 14). Bəli, İsa Məsihin fidiyə qurbanlığına iman sayəsində əldə edilən bağışlanma, Musanın qanununa əsasən gətirilən qurbanlar vasitəsilə bağışlanmadan çox sahədə üstündür (İbranilərə 7:26-28).
6, 7. a) Nəyə görə yəhudilərdən olan məsihçilər eşitdiklərinə daha diqqətli olmalı idilər? b) Pavelin İbranilərə məktub yazdığı vaxt Yerusəlimin məhvinə nə qədər qalmışdı? (Haşiyəyə baxın.)
6 İsa haqqında eşitdiklərinə xüsusilə diqqətli olmaq üçün yəhudilərdən olan məsihçilərin daha bir səbəbi vardı. Məsələ ondadır ki, Yerusəlimin məhv olacağını İsa əvvəlcədən demişdi. Budur onun sözləri: “Səni elə günlər gözləyir ki, düşmənlərin səni səngərlərlə əhatə edəcək, səni mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar, səni və içindəki uşaqlarını yerlə yeksan edəcəklər, sənin içində daşı daş üstə qoymayacaqlar; çünki sən Allahın sənin yardımına gəldiyi zamanı dərk etmədin” (Luka 19:43, 44).
7 Bu nə zaman baş verməli idi? İsa nə gün, nə də saat haqqında heç bir şey demədi. Bunun əvəzinə belə bir göstəriş verdi: “Qoşunların Yerusəlimi mühasirə etdiyini gördüyünüz zaman bilin ki, onun viranəliyinin vaxtı yaxınlaşmışdır. O zaman Yəhudeyada olanlar dağlara qaçsınlar; şəhərdə olanlar oradan çıxsınlar və ətrafda olanlar oraya girməsinlər” (Luka 21:20, 21). İsanın bu sözlərindən sonrakı 30 il ərzində Yerusəlimdə yaşayan bə’zi məsihçilər, görünür, ayıq olmamış və bu xəbərdarlığa diqqət yetirməmişdilər. Onlar yola diqqət yetirməyən sürücüyə bənzəyirdilər. Əgər düşüncə tərzlərini dəyişməsəydilər, bu, müəyyən dərəcədə fəlakətə gətirib çıxarardı. Onların bunu dərk edib-etməmələrindən asılı olmayaraq, Yerusəlimin məhvi qaçılmaz idi!a Ümid etmək olar ki, Pavelin məsləhəti Yerusəlimdə ruhən mürgüləyən həmin məsihçiləri oyatmışdı.
Daha çox diqqətli olmaq — bu gün nə deməkdir?
8. Allah Kəlamının həqiqətlərinə nəyə görə daha çox diqqətli olmalıyıq?
8 Birinci əsrin məsihçiləri kimi, biz də Allah Kəlamının həqiqətlərinə daha çox diqqətli olmalıyıq. Nəyə görə? Ona görə ki, hansısa bir xalqın deyil, bütün indiki sistemin məhvi yaxınlaşır (Vəhy 11:18; 16:14, 16). Əlbəttə, Yehovanın hansı gündə və saatda fəaliyyətə başlayacağından bixəbərik (Matta 24:36). Lakin gözümüzün qarşısında “axır günlərdə” yaşadığımızı aydın şəkildə sübut edən Müqəddəs Kitab peyğəmbərlikləri yerinə yetir (2 Timoteyə 3:1-5). Buna görə də, diqqətimizi yayındıra biləcək hər şeydən qaçınmalıyıq. Allahın Kəlamına diqqətli olmalı və hansı zəmanədə yaşadığımızı tam dərk etməliyik. Yalnız o zaman “bütün baş verəcək bu fəlakətlərdən” qaçına bilərik (Luka 21:36).
9, 10. a) Ruhani şeylərə necə diqqət göstərə bilərik? b) Allahın Kəlamı hansı mə’nada ‘yolumuza işıq’ və ‘addımlarımıza çıraqdır’?
9 Yaşadığımız bu son dərəcə vacib dövrdə ruhani şeylərə necə daha çox diqqət ayıra bilərik? Məsələn, məsihçi yığıncaqlarında və konqreslərdə müntəzəm surətdə iştirak etməklə. Bundan əlavə, biz Müqəddəs Kitabı onun Müəllifi olan Yehovaya yaxınlaşmaq məqsədilə diqqətlə araşdırmalıyıq (Yaqub 4:8). Şəxsi öyrənmənin və yığıncaqların vasitəsilə Yehova haqqında bilik əldə ediriksə, məzmurçu kimi, biz də Allaha deyə bilərik: “Sözün addımlarım üçün çıraq və yolum üçün işıqdır” (Məzmur 119:105).
10 Müqəddəs Kitab, Allahın gələcəyə aid niyyətlərini açaraq ‘yolumuza işıq’ kimi xidmət edir. O, həmçinin ‘addımlarımıza çıraqdır’, yə’ni çətin vəziyyətlərə düşən zaman növbəti addımı atmaqda bizə kömək edir. Buna görə də, tə’lim almaq üçün həmimanlılarımızla bir yerə toplaşanda, yaxud Müqəddəs Kitabı şəxsən oxuyan zaman bizə daha çox diqqətli olmaq gərəkdir. Əldə etdiyimiz biliklər, müdrik və Allaha məqbul qərarlar qəbul etməkdə bizə kömək edəcəkdir, bu da bizə fayda gətirəcək, Allahı isə razı salacaqdır (Süleymanın məsəlləri 27:11; İşaya 48:17). Bəs yığıncaq görüşləri və şəxsi öyrənmə zamanı Allahın tə’limi bizə daha çox fayda gətirsin deyə, diqqətimizi necə artıra bilərik?
Yığıncaq görüşlərində daha çox diqqətli olmaq
11. Nəyə görə məsihçi görüşlərində diqqətlə qulaq asmaq bə’zən asan olmur?
11 Məsihçi görüşlərində diqqətlə qulaq asmaq bə’zən asan olmur. Məsələn, ağlayan uşaq, yaxud görüşə gecikən və özü üçün yer axtaran adam diqqətimizi asanlıqla yayındıra bilər. Uzun iş günündən sonra, yəqin ki, biz sadəcə olaraq yorulmuşuq. Ola bilsin, səhnədə, natiqliyi ilə seçilməyən qardaş çıxış edir və budur, özümüz də hiss etmədən nə isə düşünməyə, hətta ola bilsin mürgüləməyə başlayırıq! Biz yığıncaq görüşlərində həyati vacib mə’lumatın verildiyini nəzərə alaraq, proqram vaxtı daha diqqətli olmağa çalışmalıyıq. Bu sahədə bizə nə kömək edə bilər?
12. Görüşlərdə diqqətlə qulaq asmağa nə kömək edə bilər?
12 Yığıncaqlara yaxşı hazırlaşmaq görüş zamanı diqqəti cəmləşdirməyi adətən asanlaşdırır. Bu səbəbdən, nə üçün müzakirə olunacaq materialın üzərində düşünmək üçün əvvəlcədən bir az vaxt ayırmayasan? Məsələn, hər həftə üçün Müqəddəs Kitabdan ayrılan fəsilləri oxumaq və üzərində düşünmək üçün hər gün cəmi bir neçə dəqiqə ayırmaq kifayətdir. Bir az da mütəşəkkil olsaq, həm yığıncağın kitaböyrənməsinə, həm də “Gözətçi Qülləsi”nin öyrənməsinə hazırlaşmaq üçün də vaxt tapacağıq. Hansı qrafikə riayət etsək də əmin ola bilərik ki, hazırlaşmaq yığıncaq görüşləri zamanı diqqətlə qulaq asmağa kömək edəcək.
13. Diqqətimizi, yığıncaqlarda müzakirə olunan materiala cəmləşdirməyə nə kömək edə bilər?
13 Yaxşı hazırlıqdan savayı, bə’zilərinin dediyi kimi, Padşahlıq Zalında səhnəyə yaxın əyləşmək də görüşlərdə diqqətli olmağa kömək edir. Mə’ruzəçiyə baxmaq, oxunan ayələri Müqəddəs Kitabdan izləmək və qeydlər etmək də diqqətimizi toplamağa kömək edəcəkdir. Lakin diqqəti cəmləşdirməyin nə qədər üsulları olsa da, ən vacibi düzgün əhval-ruhiyyəli ürəyə malik olmaqdır. Biz birgə keçirilən görüşlərin məqsədini anlamalıyıq. Həmimanlılarımızla bir yerə ilk növbədə Yehovaya ibadət etmək üçün toplaşırıq (Məzmur 26:12; Luka 2:36, 37). Yığıncaqlar bizim ruhani cəhətdən qidalanmağımızda da vacib rol oynayır (Matta 24:45-47). Bundan əlavə, yığıncaqların sayəsində “bir-birimizi məhəbbətə və xeyirli işlərə” təşviq etmək imkanımız yaranır (İbranilərə 10:24, 25).
14. Əslində görüşlərin məqsədi nədən ibarətdir?
14 Bə’ziləri görüşlərin keyfiyyətini çıxış edənlərin müəllimlik bacarığına görə qiymətləndirməyə meylli ola bilərlər. Əgər səhnədə bacarıqlı natiqlər çıxış edirsə, onda görüşlər “maraqlı” hesab olunur. Amma, bizim nöqteyi-nəzərimizə görə, mə’ruzəçilərin təcrübəsi yoxdursa, onda əks fikir yaranır. Şübhəsiz ki, çıxış edənlər öyrətmək bacarığını tətbiq etməli və xüsusilə də dinləyicilərin ürəyinə yol tapmağa çalışmalıdırlar (1 Timoteyə 4:16). Lakin bir dinləyici kimi biz həddindən artıq tənqidi yanaşmalı deyilik. Çıxış edənlərin öyrətmək bacarığı vacibdir, ancaq görüşlərin məqsədi yalnız bundan ibarət deyil. Məgər razı deyilsinizmi ki, bizi ilk növbədə natiqin öz mə’ruzəsini nə dərəcədə yaxşı təqdim etməsi deyil, həmin mə’ruzəni bizim nə dərəcədə yaxşı dinləməyimiz maraqlandırmalıdır? Görüşə gəlməklə və orada təqdim edilənləri diqqətlə dinləməklə, biz Allaha Onun iradəsinə müvafiq tərzdə ibadət etmiş oluruq. Görüşlərin də məqsədi məhz bundan ibarətdir. Əgər biz Allah haqqında bilik əldə etməyə can atırıqsa, mə’ruzəçidən asılı olmayaraq, hər görüşdən fayda əldə edəcəyik (Süleymanın məsəlləri 2:1-5). Gəlin görüşlərimizdə daha çox diqqətlə qulaq asmağa çalışaq.
Şəxsi öyrənmədən daha çox fayda əldə etmək
15. Öyrənmə və öyrəndiklərimizin üzərində düşünmə bizə nə zaman fayda gətirə bilər?
15 Əgər biz şəxsi öyrənmə və öyrəndiklərimizin üzərində düşünən zaman daha diqqətli olarıqsa, bu məşğuliyyətlər daha çox fayda gətirər. Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri diqqətlə oxumağın sayəsində Allah Kəlamının həqiqətləri ürəyimizə həkk olunacaqdır. Bu isə öz növbəsində davranışımıza və düşüncə tərzimizə dərin tə’sir göstərəcək. Bizdə Yehovanın iradəsini yerini yetirməyə istək oyanacaqdır (Məzmur 1:2; 40:8). Buna görə də, əgər öyrənmədən fayda əldə etmək istəyiriksə, diqqətimizi cəmləşdirməyi öyrənməliyik, çünki diqqətimiz asanlıqla yayına bilər. Telefon zəng çaldıqda, səs olduqda fikrimiz dərhal yayınır. Hətta bizə heç nə mane olmasa da, ola bilsin, fikrimizi toplamaq çətindir. Öyrənməyə ruhani qidanı mənimsəmək niyyətilə başlasaq da, bir az keçməmiş fikrimiz başqa yerlərdə dolaşa bilər. Belə isə, Allahın Kəlamını şəxsən öyrənən zaman necə daha çox diqqətli ola bilərik?
16. a) Şəxsi öyrənmə üçün cədvəl tutmaq nə üçün vacibdir? b) Allahın Kəlamını öyrənmək üçün siz necə vaxt tapırsınız?
16 Şəxsi cədvəl tərtib etmək və öyrənmə üçün daha əlverişli yer seçmək faydalı olardı. Çoxlarımız üçün özünə vaxt ayırmaq çətindir. Gündəlik qayğılar ucbatından biz özümüzü şiddətli selin apardığı balaca budaq kimi hiss edə bilərik. Buna görə də, məcazi mə’nada desək, biz axınla mübarizə aparmalı və səssizliyin hökm sürdüyü balaca bir ada tapmalıyıq. Öyrənmək üçün imkanın öz-özünə yaranacağını gözləməli deyilik. Bunun əvəzinə öyrənməyə vaxt ayıraraq vəziyyətə qalib gəlməliyik (Efeslilərə 5:15, 16). Bə’ziləri öyrənməyə səhərlər vaxt ayırırlar, çünki onda diqqətlərini az şey yayındara bilər. Başqaları üçün axşam vaxtları daha münasibdir. Necə olursa-olsun, biz Allah və Onun Oğlu haqqında dəqiq bilik əldə etmək tələbatına e’tinasız yanaşmalı deyilik (Yəhya 17:3). Buna görə də, gəlin şəxsi öyrənmə üçün cədvəl tutaq və sonra da ona riayət edək.
17. Düşünmək nə deməkdir və onun hansı faydası var?
17 Düşünmə, yə’ni öyrəndiklərimizin üzərində ətraflı götür-qoy etmək olduqca qiymətlidir. Bunun sayəsində Allahın fikirləri yazılı səhifələrdən ürəklərimizə köçürülür. Öyrəndiklərimizin üzərində düşünmək Müqəddəs Kitabın nəsihətlərini həyatımızda necə tətbiq etməyə və Allah Kəlamının sadəcə dinləyiciləri deyil, icraçıları da olmağımıza kömək edir (Yaqub 1:22-25). Bu, həmçinin Yehovaya yaxınlaşmağa kömək edir, çünki Onun xüsusiyyətləri və öyrəndiyimiz mövzuda həmin xüsusiyyətlərin necə təzahür olunması düşünmənin əsas özəyidir.
18. Faydalı şəkildə düşünmək üçün hansı şərait tələb olunur?
18 Öyrənmə və düşünmə daha çox fayda gətirsin deyə, nəyin isə diqqətimizi yayındırmasına yol verməli deyilik. Düşünmə zamanı yeni mə’lumatı mənimsəyə bilək deyə, gündəlik qayğıların fikrini çəkməkdən özümüzü bir az uzaqlaşdıraq. Əlbəttə, bunun üçün vaxt və sakitlik tələb olunur, ancaq ruhani qida və Allahın Kəlamında olan həqiqət suyu doğrudan da təravət gətirir!
19. a) Bə’zilərinə şəxsi öyrənmə zamanı diqqətlərini toplamağı inkişaf etdirməyə nə kömək etmişdir? b) Biz öyrənməyə necə yanaşmalıyıq və bu vacib məşğuliyyət hansı faydanı gətirir?
19 Bəs diqqətimizi bir yerə toplamaq çətindirsə və öyrənməyə başlayandan sonra diqqətimiz yayınırsa necə? Diqqətli olmaq bacarığını inkişaf etdirmək mümkündür, məsələn, bə’ziləri öyrənmə aparmaq üçün əvvəlcə az vaxt həsr etməyin, sonra get-gedə vaxtı artıraraq məşğuliyyəti genişləndirməyin faydalı olduğuna əmin olublar. Məqsədimiz tələsmədən, diqqətlə öyrənməkdir. Öyrəndiyimiz mövzuya qarşı güclü maraq inkişaf etdirməliyik. Sonrakı tədqiqat üçün isə biz sadiq və ağıllı qulun təqdim etdiyi çoxsaylı materiallardan istifadə edə bilərik. “Allahın dərin düşüncələrinə” nəzər yetirməkdə böyük fayda var (1 Korinflilərə 2:10). Beləliklə, Allah haqqında biliyimizi artıracaq və dərketmə qabiliyyətimizi inkişaf etdirəcəyik (İbranilərə 5:14). Əgər Allahın Kəlamını layiqincə öyrəniriksə, başqalarını da “öyrətməyə qabil ola biləcəyik” (2 Timoteyə 2:2).
20. Yehova Allahla sıx münasibəti necə inkişaf etdirib, qoruya bilərik?
20 Məsihçi görüşləri və şəxsi öyrənmə, Yehova ilə sıx münasibət inkişaf etdirib, onu qorumaqda bizə çox kömək edəcəkdir. Allaha “şəriətini nə qədər sevirəm! Bütün gün düşüncəm odur” deyə oxuyan məzmurçu da, görünür, bu cür münasibətə malik idi (Məzmur 119:97). Buna görə də gəlin, müntəzəm olaraq yığıncaq görüşlərində və konqreslərdə iştirak edək. Bundan əlavə, Müqəddəs Kitabı oxumaq və üzərində düşünmək üçün də vaxt ayıraq. Bunu etməklə, biz Allahın Kəlamına daha çox diqqətli olacaq və bol-bol ne’mətlər əldə edəcəyik.
[Haşiyə]
a İbranilərə məktub, ehtimal olunduğu kimi, eramızın 61-ci ilində yazılmışdır. Beləliklə, təxminən beş il keçdikdən sonra Yerusəlim Sestiy Qallın hərbi düşərgələri ilə əhatə olundu. Çox keçmədən bu ordular geri çəkildi, bu da ayıq məsihçilərə qaçmaq imkanı verdi. Dörd ildən sonra şəhər general Titin başçılığı altında roma orduları tərəfindən məhv edildi.
Xatırlayırsınızmı?
• Nəyə görə yəhudilərdən olan məsihçilər həqiqi imandan uzaqlaşmağa başlamışdılar?
• Məsihçi görüşləri zamanı necə diqqətli ola bilərik?
• Müqəddəs Kitabı şəxsi öyrənməkdən və üzərində düşünməkdən fayda əldə etməkdə bizə nə kömək edəcək?
[9-cu səhifədəki şəkil]
Yəhudi məsihçilərinə Yerusəlimin qaçılmaz məhvini gözləyərək ayıq olmaq lazım idi.
[11-ci səhifədəki şəkil]
Valideynlər uşaqlarına məsihçi görüşlərindən fayda əldə etməyə kömək edə bilərlər.