Bölmə 2
Bunu bizə kim deyə bilər?
1 Həyatın əsl mə’nasının nədən ibarət olduğunu bizə kim deyə bilər? Deyək ki, bir konstruktorun yanına gəlirsiniz və onu, sizə mə’lum olmayan bir mexanizmin mürəkkəb hissəsi üzərində çalışan görürsünüz; siz, həmin mexanizmin rolunun nədən ibarət olduğunu necə öyrənə bilərsiniz? Ən yaxşı üsul, bunu konstruktorun özündən soruşmaqdır.
2 Bəs bütün yer üzündə, heyvanlardan başlayaraq ən kiçik canlı hüceyrələrə qədər, ətrafımızda müşahidə etdiyimiz həddindən artıq gözəl olan bu konstruksiyalar barədə nə demək olar? Hətta hüceyrələri təşkil edən ən kiçik molekul və atomlar da təəccüblü tərzdə quraşdırılmışdır və intizamlıdır. Bəs valehedici surətdə yaradılmış insan beyni barədə nə demək olar? Eyni zamanda günəş sistemi, Süd Yolu qalaktikası və kainat barədə? Məgər bütün bu heyranedici konstruksiyaların Konstruktoru olmalı deyilmi? Əlbəttə, bunları nə məqsədlə yaratdığını bizə yalnız O deyə bilər.
Həyat təsadüf nəticəsindəmi yaranıb?
3 “Amerika ensiklopediyası”nda “canlı orqanizmlərin ağlasığmaz dərəcədə mürəkkəbliyi və təşkili” qeyd olunur və sonra deyilir: “Güllərin, həşaratların və məməlilərin diqqətlə tədqiq edilməsi, onların hissələrinin misli görünməmiş dəqiqliklə yerləşdirilməsini aşkar edir”. Britaniya astronomu cənab Bernard Lovell canlı orqanizmlərin kimyəvi tərkibi barədə bunları yazırdı: “Ən kiçik protein molekullarından birinin təsadüf nəticəsində... yaranması ehtimalı ağlasığmaz dərəcədə azdır... Əslində sıfıra bərabərdir”.
4 Buna bənzər şəkildə, astronom Fred Hoyl deyir: “Biologiyanın hamı tərəfindən qəbul edilmiş bütün sistemi, hələ də həyatın təsadüfən yaranması fikrinin tərəfdarıdır. Ancaq biokimyaçılar get-gedə həyatın son dərəcə valehedici mürəkkəbliyini müəyyən etdikcə aydın olur ki, onun təsadüf nəticəsində yaranması ehtimalı, hətta tamamilə istisna ediləcək dərəcədə azdır. Həyat təsadüf nəticəsində yarana bilməz”.
5 Elmin müasir sahələrindən biri olan molekulyar biologiya, canlı orqanizmlərin gen, molekul və atom səviyyəsində öyrənilməsi ilə məşğuldur. Biologiyanın bu sahəsi ilə məşğul olan Maykl Denton edilmiş kəşflər əsasında deyir: “Mə’lum olan ən sadə hüceyrə forması o dərəcədə mürəkkəbdir ki, belə bir obyektin qəfildən, dəyişkən, son dərəcə ağlasığmaz təsadüf nəticəsində yaranması ilə razılaşmaq mümkün deyil”. “Əsl çətinliyi törədən isə, yalnız canlı sistemlərin mürəkkəbliyi deyil, həmçinin çox vaxt onların quruluşunda aşkar olunan böyük dahilikdir”. “Bioloji quruluşun dahiliyi və nail olunmuş məqsədlərin mükəmməlliyi molekulyar səviyyədə... daha çox müəyyən olunur”.
6 Denton daha sonra qeyd edir: “Haraya baxırıqsa və nə qədər dərinə gediriksə hər yerdə, təsadüf ideyasını bu cür qüvvədən salan ən yüksək dərəcəli zəriflik və dahilik tapırıq. Bizim bütün yaradıcılıq imkanlarımızı ötüb keçən, təsadüfün tam əksi olub mürəkkəbliyinə görə insan dərrakəsinin yaratdığı hər şeydən hər cəhətcə üstün olan, ən kiçik elementi funksional zülal və ya gendən ibarət olan mövcud reallığı, təsadüf proseslərinin yarada bilməsi həqiqətə uyğundurmu?” O, həmçinin qeyd edir: “Canlı hüceyrə ilə kristal və ya qar dənəsi kimi yüksək səviyyədə təşkil olunmuş qeyri-bioloji sistem arasında, yalnız təsəvvür edilə bilən çox geniş və aradan qaldırılması mümkün olmayan uçurum vardır”. Fizika professoru Çet Reymo da bunları qeyd edir: “Mən heyran qalmışam... Sanki hər bir molekul öz vəzifəsi üçün ixtira olunmuşdur”.
7 Molekulyar biologiya sahəsində çalışan alim Denton belə bir nəticə çıxarır ki, “mövcud olan bütün reallığı, əvvəlki kimi, yalnız təsadüf nəticəsində yaranması fikrini ehkamçılıqla müdafiə edən şəxslər”, əslində əfsanəyə inanırlar. Bundan əlavə o, canlı orqanizmlərin təsadüf yolu ilə yaranması haqqında darvinist nöqteyi-nəzəri “iyirminci əsrin böyük kosmoqonik əfsanəsi” adlandırır.
Konstruksiyanın Konstruktoru olmalıdır
8 Cansız materiyanın təsadüf nəticəsində canlı ola bilməsi ehtimalı o dərəcədə azdır ki, qeyri-mümkün görünür. Gözəl surətdə yaradılmış yer üzündəki bütün canlı məxluqlar təsadüf nəticəsində yarana bilməzdilər, çünki hər bir konstruksiyanın öz konstruktoru olmalıdır. Bildiyiniz istisna bir şey varmı? Əlbəttə, yox. Konstruksiya nə qədər mürəkkəbdirsə, konstruktor da bir o qədər qabiliyyətli olmalıdır.
9 Bunu əyani misallarla da göstərmək olar: bir rəsmə baxdıqda, rəssamın mövcud olduğunu e’tiraf edirik; kitab oxuduqda, yazıçının olduğunu qəbul edirik; bir ev gördükdə, inşaatçının mövcud olduğunu bilirik; svetofor gördükdə, bilirik ki, yol hərəkəti qaydalarını tə’yin edən orqan vardır. Bunların hamısını insanlar müəyyən məqsədlər üçün ediblər. Bunları edən insanlar haqqında bizə hər şey mə’lum olmasa da, biz onların mövcud olduqlarına şübhə etmirik.
10 Buna bənzər şəkildə, yer üzündəki canlı məxluqların quruluşunda, nizamında və mürəkkəbliyində Ən Yüksək Konstruktorun mövcudluğunun sübutlarını görə bilərik. Onlar Ali İdrakın olduğuna işarə edirlər. Bunu, hər biri milyardlarla ulduzlardan ibarət olan milyardlarla qalaktikaların daxil olduğu kainatın quruluşundan, nizamından və mürəkkəbliyindən də görürük. Bütün bu göy cisimləri, hərəkət, istilik, işıq, səs, elektromaqnetizm və cazibə qanunları kimi dəqiq qanunlara tabe olurlar. Bu qanunların qanunvericisinin olmaması mümkündürmü? Raket qurğuları sahəsi üzrə alim, dr. Verner fon Braun bunları qeyd etmişdir: “Kainatın təbii qanunları o qədər dəqiqdir ki, Aya uçmaq üçün kosmik gəmi düzəltmək bizə heç bir çətinlik törətmir və uçuş vaxtını hər bir saniyəsinə kimi dəqiqliklə hesablaya bilirik. Əlbəttə ki, bu qanunları kim isə tə’sis etmişdir”.
11 Doğrudur, Ən Yüksək Konstruktoru və Qanunvericini gözlə görə bilmirik. Məgər biz cazibəni, maqnetizmi, elektrik cərəyanını və ya radio dalğalarını görmədiyimiz üçün onların mövcudluğunu inkar edirikmi? Əlbəttə yox, çünki biz onların tə’sirini görürük. Belə olduqda, valehedici işlərinin nəticəsini gördüyümüz halda, yalnız özünü görə bilmədiyimiz üçün, Ən Ali Konstruktorun və Qanunvericinin varlığını inkar etməyə dəyərmi?
12 Fizika professoru Pol Deyvis belə nəticəyə gəlir ki, insanın mövcud olması sadəcə olaraq taleyin şıltaqlığı deyil. O deyir: “Biz həqiqətən də bir məqsədlə burada yaradılmışıq”. Kainat haqqında isə o deyir: “Öz elmi işim vasitəsilə getdikcə daha çox əmin oluram ki, fiziki kainat elə heyranedici dahiliklə yaradılıb ki, mən onu sadəcə olaraq adi bir fakt kimi qəbul edə bilmirəm. Mənim zənnimcə, daha dərin bir izahat olmalıdır”.
13 Beləliklə, faktlar sübut edir ki, kainat, Yer kürəsi və orada yaşayan canlı məxluqlar sadə bir təsadüf nəticəsində yarana bilməz. Onların hamısı, daha yüksək idrakın, qüdrətli Yaradanın olduğuna səssizcə şəhadət edir.
Müqəddəs Kitab nə deyir?
14 Bəşəriyyətin ən qədim kitabı olan Müqəddəs Kitab da bu cür nəticə çıxarır. Məsələn, Müqəddəs Kitabın bir hissəsi olan, həvari Pavelin İbranilərə yazdığı məktubunda deyilir: “Hər bir evin bənnası vardır, hər şeyin bənnası isə Allahdır” (İbranilərə 3:4). Müqəddəs Kitabın həvari Yəhya tərəfindən yazılan sonuncu kitabında da belə deyilir: “Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı” (Vəhy 4:11).
15 Müqəddəs Kitab izah edir ki, Allah gözə görünməz olsa da, Onun necə Allah olduğunu yaratdığı işlər vasitəsilə dərk etmək olar. Orada deyilir: “Dünya yaranandan bəri Onun gözlə görülməz xüsusiyyətləri, yə’ni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür” (Romalılara 1:20).
16 Beləliklə, Müqəddəs Kitab bizi səbəbdən nəticəyə gətirib çıxarır. Nəticə, heyranedici tərzdə xəlq olunmuş şeylərdir və onlar dərrakəli, qüdrətli bir Səbəbkarın, yə’ni Allahın mövcud olduğuna sübutdur. Biz Onun gözəgörünməz olduğuna görə də minnətdar ola bilərik; çünki kainatın Yaradanı olaraq, şübhəsiz, elə böyük qüvvəyə malikdir ki, ət və qandan ibarət olan insanlar Onu görüb sağ qala bilməzlər. Müqəddəs Kitab məhz elə bu barədə deyir: “İnsan məni [Allahı] görüb də, yaşaya bilməz” (Çıxış 33:20).
17 Böyük Konstruktorun — Ən Yüksək Varlığın — Allahın mövcud olması ideyası bizim üçün çox vacibdir. Əgər biz Yaradan tərəfindən yaradılmışıqsa, şübhəsiz ki, O, bunu hər hansı səbəbə görə, müəyyən məqsəd üçün etmişdir. Əgər biz həyatda müəyyən məqsəd üçün yaradılmışıqsa, onda əsaslı olaraq yaxşı gələcəyə ümid edə bilərik. Əks təqdirdə, biz sadəcə bir müddət yaşayıb, sonra isə heç bir ümidimiz olmadan ölərik. Buna görə də, Allahın bizə dair olan niyyətini öyrənməyimiz çox vacibdir. Yalnız o zaman Allahın niyyətinə uyğun olaraq yaşamaq istəyib istəmədiyimizi seçə bilərik.
18 Müqəddəs Kitab həmçinin Yaradanın sevən Allah olduğunu, bizim üçün çox qayğı çəkdiyini bildirir. Həvari Peter e’tiraf edir: “Sizin qayğınıza qalan Odur”. (1 Peter 5:7; həmçinin Yəhya 3:16 və 1 Yəhya 4:8, 16 ayələrinə baxın.) Allahın qayğısını görə bilməyimizin bir üsulu, Onun bizi zehni və fiziki cəhətdən nə qədər gözəl yaratdığının üzərində düşünməkdir.
“Çox gözəl yaradılmışam”
19 Məzmurçu Davud Müqəddəs Kitabda e’tiraf edir: “Çox gözəl... yaradılmışam” (Məzmur 139:14). Şübhəsiz, bu belədir, çünki insan beyni və bədəni Ən Yüksək Konstruktor tərəfindən son dərəcə gözəl quraşdırılmışdır.
20 Misal üçün, istənilən kompüterdən qat-qat mürəkkəb olan insan beyninə diqqət yetirək. “Yeni Britaniya ensiklopediyası”nda qeyd edilir: “Mə’lumatın sinir sistemi daxilinə ötürülməsi, ən böyük telefon stansiyalarında olduğundan daha çox mürəkkəbdir; insan beyninin problem həll etmək qabiliyyəti, ən güclü kompüterlərin imkanlarından qat-qat üstündür”.
21 İnsanın beynində yüz milyonlarla fakt və xəyali surətlər var, lakin beyin sadəcə faktlar dəryası deyil. Beyin insana fit çalmağı, çörək bişirməyi, xarici dillərdə danışmağı, kompüterdə işləməyi və ya təyyarədə uçmağı öyrənməyə kömək edə bilər. İnsan gələcəkdə mə’zuniyyətinin necə keçəcəyini və ya hər hansı bir meyvənin dadının çox gözəl olduğunu təsəvvür edə bilər. İnsan müəyyən şeyləri təhlil etməyə və onları anlamağa qadirdir. İnsan həmçinin planlaşdırmağı, nəyi isə dəyərləndirməyi, sevməyi, keçmişi, indini və gələcəyi xəyalından keçirməyi bacarır. İnsanların belə valehedici beyini quraşdırmağı bacarmamaqları aydın surətdə göstərir ki, onu Yaradanın hikməti və imkanları hər bir insandan olduqca üstündür.
22 Beyin barədə alimlər e’tiraf edirlər: “Valehedici tərzdə modelləşdirilmiş, təşkil olunmuş və təsəvvüredilməz dərəcədə mürəkkəb olan bu mexanizmin bütün bu funksiyaları necə yerinə yetirməsi tamamilə anlaşılmazdır... İnsanlar, çətin ki, insan beyninin təqdim etdiyi bütün tapmacaları bir zaman həll edə bilsin” (“Scientific American”). Fizika professoru Reymo da eyni şeyi təsdiq edir: “Düzünü desək, insan beyninin mə’lumatı necə topladığını və əmr əsasında onu necə yada saldığını, həmişə olduğu kimi, indi də anlaya bilmirik... İnsan beynində yüz milyarda yaxın sinir hüceyrələri var. Bu hüceyrələrin hər biri, sinapsların ağacabənzər torları vasitəsilə minlərlə başqa hüceyrələrlə birləşir. Bunların arasındakı qarşılıqlı əlaqələr heyran doğurucu dərəcədə mürəkkəbdir”.
23 İnsan gözləri, hər növ kameradan daha dəqiqdir və uyğunlaşma qabiliyyətinə malikdir; əslində gözlər, rəngli kino çəkmək qabiliyyətinə malik olan avtomatik kameralardır. İnsanın qulaqları, külli miqdarda müxtəlif səsləri duya bilir, səslərin haradan gəldiyini insana bildirir və müvazinətini saxlamaqda ona kömək edir. Ürək, ən yaxşı mühəndislərin heç birinin quraşdırmağa müvəffəq olmadığı güclü nasosa bənzəyir. İnsan bədəninin başqa hissələri, burun, dil, əllər, qan dövranı sistemi, həzm etmə sistemi və bir çox başqaları da valehedici tərzdə quraşdırılıb.
24 Məsələn, sifariş əsasında böyük bir kompüterin hazırlanması və yığılması üzərində işləyən bir mühəndis belə bir mülahizə yürütmüşdür: “Əgər mənim kompüterimin yaradılması üçün konstruktor lazımdırsa, öz növbəsində, sonsuz kosmosun yalnız kiçik bir hissəsi olan, mənim bədənim kimi mürəkkəb fiziki-kimyəvi-bioloji mexanizmə konstruktor daha çox gərək deyilmi?”
25 Təyyarələr, kompüterlər, velosipedlər və digər texniki əşyalar insanlar tərəfindən müəyyən məqsəd üçün yaradıldığı kimi, insan beyni və bədəninin Konstruktoru da bizi müəyyən məqsəd üçün yaratmış olmalıdır. Bu Konstruktor öz müdrikliyi ilə insanlardan üstün olmalıdır, çünki bizlərdən heç birimiz Onun konstruksiyalarını təkrar etməyə qadir deyilik. Buna görə də məntiqə uyğundur ki, bizi nə üçün yaratdığını, Yer kürəsində yerləşdirdiyini və gələcəyimizin necə olacağını yalnız O deyə bilər.
26 Bunları öyrəndikdə, Allahın bizə bəxş etdiyi valehedici beyin və bədənimizi istifadə edərək, həyatda olan məqsədimizi həyata keçirə bilərik. Bəs Allahın niyyətləri barədə haradan öyrənə bilərik? O, bu mə’lumatı bizə harada təqdim edir?
[Oyrənilmə üçün olan suallar]
1, 2. Hər hansı bir konstruksiyanın nə məqsədlə quraşdırıldığını öyrənməyin ən yaxşı üsulu nədir?
3, 4. Həyatın təsadüf nəticəsində yaranması ehtimalı mümkündürmü?
5-7. Canlı orqanizmlərin təsadüfən yarana bilmədiyini molekulyar biologiya necə sübut edir?
8, 9. Hər bir konstruksiyaya konstruktorun gərək olduğunu əyani misal ilə göstərin.
10. Ən Yüksək Konstruktorun mövcud olduğunu hansı sübutlardan görmək olar?
11. Nəyə görə Ən Yüksək Konstruktorun varlığını, sadəcə olaraq onu görmədiyimiz üçün inkar edə bilmərik?
12, 13. Yaradanın mövcud olduğu barədə faktlar nə deyir?
14. Müqəddəs Kitab Yaradan haqqında bizi hansı nəticəyə gətirib çıxarır?
15. Allahın bə’zi xüsusiyyətlərini biz necə dərk edə bilərik?
16. Biz insanların Allahı görə bilmədiklərinə nə üçün sevinməliyik?
17, 18. Yaradan haqqındakı fikir nəyə görə bizim üçün vacib olmalıdır?
19. Məzmurçu Davud bizim diqqətimizi hansı həqiqətə yönəldir?
20. Bir ensiklopediyada insan beyni necə təsvir olunur?
21. Beynin necə işlədiyini gördükdə biz hansı nəticəyə gəlməliyik?
22. Alimlər beyin haqqında nəyi e’tiraf edirlər?
23, 24. Bədənin valehedici tərzdə quraşdırılmış hissələrindən bə’zilərinin adını çək və bu barədə bir mühəndis nə demişdir?
25, 26. Böyük Konstruktor bizə nə barədə mə’lumat verə bilər?
[7-ci səhifədə olan şəkil]
Hər hansı bir konstruksiyanın hansı məqsədlə quraşdırıldığını öyrənməyin ən yaxşı üsulu konstruktorun özündən soruşmaqdır.
[8-ci səhifədə olan şəkil]
Canlı orqanizmlərin quruluşunun mürəkkəbliyini və ətraflı düşünüldüyünü DNT molekulunda görmək olar.
[9-cu səhifədə olan şəkil]
“İnsan beyninin problem həll etmək qabiliyyəti, ən güclü kompüterlərin imkanlarından qat-qat üstündür”.