Yehovanın böyüklüyü ağlasığmazdır
“Rəbb böyükdür və çox həmdə layiqdir; və onun böyüklüyü ağlasığmazdır” (MƏZMUR 145:3).
1, 2. Davud necə insan idi və özünün Allah qarşısındakı vəziyyəti barədə nə düşünürdü?
“MƏZMUR” kitabının 145-ci fəslini keçmişdə yaşamış və tanınmış bir insan bəstələmişdir. O, gənc yaşlarında silahlı nəhəng adamla üz-üzə gəlmiş və onu öldürmüşdür. Yetkin yaşında olarkən cəngavər padşah kimi, bu məzmurçu çox düşmənlərini məğlub etmişdir. Söhbət Davuddan, qədim İsrailin ikinci padşahından gedir. Davudun şöhrəti o öldükdən sonra da yaşamağa davam edir, hətta bu gün milyonlarla insanlar onun haqqında heç olmasa nə isə bilirlər.
2 Əldə etdiyi nailiyyətlərə baxmayaraq, Davud təvazökar insan olaraq qalırdı. O, Yehova haqqında oxuyurdu: “Göylərini, əllərinin işlərini, qoyduğun ay və ulduzları görüncə dedim: İnsan nədir ki, sən onu anasan? Adəm oğlu nədir ki, sən onu arayasan?” (Məzmur 8:3, 4). Özünü dahi hesab etmək əvəzinə, Davud düşmənlərindən azad olunduğuna görə bütün izzəti Yehovaya verir və Ona deyirdi: “Mənə qurtuluşunun qalxanını verdin və lütfün məni böyük etdi” (2 Samuel 22:1, 2, 36). Yehova günahkarlarla lütfkarlıqla davranaraq təvazökarlıq göstərir, Davud da Allahın lütfünü qiymətləndirirdi.
Padşah olan Allahı yüksəltmək
3. a) Davud kimi İsrailin Padşahı hesab edirdi? b) Davud Yehovaya həmd etməyi nə qədər çox arzulayırdı?
3 Davud Allah tərəfindən tə’yin edilmiş padşah olsa da, o, Yehovanı İsrailin əsl Padşahı hesab edirdi. Davud deyirdi: “Ya Rəbb, padşahlıq sənindir və sən, baş olaraq hər şeydən yüksəksən” (1 Tarixlər 29:11). Və Davud Allahı Hökmdar timsalında görməyə necə də şad idi! O oxuyurdu: “Ey Allahım, ey Padşah, səni yüksəldərəm; və sənin ismini əbədiyyən və daima təqdis edərəm. Səni hər gün təqdis eylərəm; və sənin isminə daima və əbədiyyən həmd eylərəm” (Məzmur 145:1, 2). Davud əbədiyyət boyu Yehova Allaha hər gün həmd etməyi arzu edirdi.
4. Məzmurun 145-ci fəsli hansı iddiaların yalan olduğunu üzə çıxarır?
4 Məzmurun 145-ci fəsli Şeytanın, Allahın Öz yaratdıqlarını azadlıqdan məhrum edən xudbin hökmdar olmasına dair iddiasının yalan olduğunu əsaslı surətdə üzə çıxarır (Təkvin 3:1-5). Bu Məzmur həmçinin aşkar edir ki, Şeytanın, Allaha itaət edənlər bunu Ona məhəbbətdən deyil, yalnız öz mənfəətləri üçün edirlər, deyə irəli sürdüyü iddia yalandır (Eyub 1:9-11; 2:4, 5). Davuda bənzər tərzdə, bu gün Məsihin həqiqi davamçıları İblisin yalan ittihamlarına cavab verirlər. Onlar Yehovaya əbədiyyət boyu həmd etməyi arzuladıqları üçün, Padşahlığın rəhbərliyi altındakı əbədi həyat ümidini yüksək qiymətləndirirlər. İsanın fidiyə qurbanlığına artıq milyonlarla insanlar iman gətirməyə başlamış və Yehovaya Onun həsr olunmuş və vəftiz edilmiş xidmətçiləri kimi xidmət edirlər (1 Yəhya 5:3; Romalılara 5:8).
5, 6. Yehovaya həmd etmək və Onu təqdis etmək üçün hansı imkanlar var?
5 Yehovanın xidmətçiləri olaraq Onu təqdis etmək və Ona həmd etmək kimi çoxsaylı imkanlarımızın üzərində düşünək. Məsələn, Allahın Kəlamı olan Müqəddəs Kitabdan oxuduqlarımız bizə dərindən tə’sir bağışladığı zaman, biz duada Ona həmd edə və Onu təqdis edə bilərik. Onun Öz xalqı ilə rəftarı bizə təəssürat bağışlayanda və ya yaratdığı e’cazkar şeylərdə gördüklərimiz bizi heyrətləndirəndə, biz Allahı təqdis edib, Ona minnətdarlıq edə bilərik. Məsihçi görüşlərində və ya şəxsi söhbətlərdə Yehovanın niyyətlərini həmimanlılarımızla müzakirə edəndə də Onu təqdis edirik. Yehovanın Padşahlığının maraqları üçün etdiyimiz hər bir “xeyirxah iş” Ona izzət gətirir (Matta 5:16).
6 Bu cür xeyirxah işlərin nümunəsi timsalında, məsihçi görüşlərini keçirmək üçün Allahın xalqının kasıb ölkələrdə tikdiyi çoxsaylı binaları göstərmək olar. İşin əsas hissəsi başqa ölkələrdən olan həmimanlıların maliyyə yardımı hesabına yerinə yetirilmişdir. Bə’zi məsihçilər Padşahlıq Zallarının tikintisində iştirak etmək üçün könüllü olaraq həmin ərazilərə getmişlər. Bütün xeyirxah işlərdən ən vacibi isə — Yehovaya Padşahlıq haqqındakı xoş xəbərin təbliğində həmd etməkdir (Matta 24:14). Məzmur 145-ci fəslin digər ayələrinin göstərdiyi kimi, Davud Allahın Padşahlıq rəhbərliyini yüksəldirdi (Məzmur 145:11, 12). Allahın məhəbbətlə etdiyi rəhbərliyini sən də bu cür qiymətləndirirsənmi? Allahın Padşahlığı barədə başqaları ilə müntəzəm surətdə söhbət edirsənmi?
Allahın böyüklüyünə dair nümunələr
7. Bizi Yehovaya həmd etməyə təşviq edən əsas səbəb nədir? İzah edin.
7 Məzmur 145:3 ayəsində bizi Yehovaya həmd etməyə təşviq edən əsas səbəb izah olunur. Davud oxuyurdu: “Rəbb böyükdür və çox həmdə layiqdir; və onun böyüklüyü ağlasığmazdır”. Yehovanın böyüklüyü hədsizdir. İnsanlar onu bütünlüklə tədqiq edə, qavraya və ya ölçə bilməzlər. Buna baxmayaraq, Yehovanın ağlasığmaz böyüklüyünü tədqiq etmək, sözsüz ki, faydalı olacaqdır.
8. Kainat Yehovanın gücü və böyüklüyü haqqında nəyi aşkar edir?
8 Parlaq şəhər işıqlarından xeyli kənarda durub, buludsuz gecə səmasına baxdığın anı xatırlamağa çalış. Qaranlıq fəzada parıldayan çoxsaylı ulduzlar səni heyran etmirdimi? Bütün bu səma cisimlərinin yaradılmasında əks olunan böyüklüyünə görə sən Yehovaya həmd etməyə təşviq hissi duymurdunmu? Lakin sən planetimizin daxil olduğu qalaktikadakı ulduzların yalnız kiçicik bir hissəsini görmüsən. Bundan əlavə, hesablamalara görə yüz milyarddan artıq qalaktika mövcuddur, biz isə teleskopsuz onlardan yalnız üçünü görə bilirik. Doğrudan da, bizim ucsuz-bucaqsız Kainatımızı təşkil edən saya-hesaba gəlməyən ulduzlar və qalaktikalar, Yehovanın yaradıcı və ağlasığmaz böyüklüyünə şahidlik edir (İşaya 40:26).
9, 10. a) İsa Məsihlə əlaqədar Yehovanın böyüklüyünün hansı çalarları aşkar oldu? b) İsanın dirildilməsi bizim imanımıza necə tə’sir etməlidir?
9 Yehovanın böyüklüyünün digər tərəflərini, İsa Məsihlə bağlı olan sahələrini nəzərdən keçirək. Yehovanın böyüklüyü ondan görünürdü ki, O, Öz Oğlunu yaratmış və onu milyard illər ərzində “me’mar” kimi istifadə etmişdir (Süleymanın məsəlləri 8:22-31, MKŞ). Yehovanın məhəbbətinin böyüklüyü, Özünün yeganə Oğlunu insanlardan ötrü fidiyə qurbanı kimi verməsində görünürdü (Matta 20:28; Yəhya 3:16; 1 Yəhya 2:1, 2). Və İsanı diriltdiyi zaman Yehovanın ona izzətli və ölməz ruhani bədən verməsi insan anlayışından üstündür (1 Peter 3:18).
10 İsanın dirilməsində Yehovanın ağlasığmaz böyüklüyünün dərin təəssürat doğuran çox çalarları əks olunmuşdur. Şübhəsiz ki, Allah İsanın, görünən və görünməyən şeylərin yaradılmasındakı iştirakına dair yaddaşını geri qaytardı (Koloslulara 1:15, 16). İsa ruhani məxluqların, Kainatın, Yerin və planetimizdəki hər cür həyat formasının yaradılması barədə hər şeyi yadına saldı. İnsan olmazdan əvvəl Oğulun göydə və yerdə gördüklərinə, Yehova İsanın kamil insan kimi yaşadığı xatirələri də əlavə etdi. İsanın dirildilməsində həqiqətən də Yehovanın ağlasığmaz böyüklüyü görünür. Bundan əlavə, bu böyük iş, bizi dirilmənin mümkünlüyünə əmin edir. Bu iş, Allahın kamil yaddaşında olan milyonlarla ölüləri Onun həyata qaytarmağa qadir olduğuna imanımızı möhkəmlətməlidir (Yəhya 5:28, 29; Həvarilərin işləri 17:31).
E’cazkar və qüdrətli işlər
11. Eramızın 33-cü ilinin Pentikost günü Yehova hansı böyük işi görməyə başladı?
11 İsanın dirildilməsindən sonra Yehova çoxlu böyük və e’cazkar işlər görmüşdür (Məzmur 40:5). Eramızın 33-cü ilinin Pentikost günü Yehova, Məsihin müqəddəs ruhla məsh edilmiş şagirdlərindən ibarət yeni bir xalq, “Allahın İsraili”ni yaratdı (Qalatiyalılara 6:16). Bu yeni ruhani xalq, bütün maneələri dəf edərək o zaman mə’lum olan dünyaya yayılırdı. İsanın həvarilərinin ölümündən sonra Xristian dünyasının yaranmasına gətirib çıxaran dönüklüyə baxmayaraq, Yehova e’cazkar işlər görərək Öz niyyətini yerinə yetirməyə davam edirdi.
12. Müqəddəs Kitabın dünyanın bütün əsas dillərində əlçatan olması nəyə şəhadət edir?
12 Misal üçün, Müqəddəs Kitab kanonu qorunub saxlanmış və tədricən bütün əsas müasir dillərə tərcümə olunmuşdur. Çox vaxt Müqəddəs Kitabı Şeytanın nümayəndələri tərəfindən gözlənilən ölüm təhlükəsi altında, çətin şəraitlərdə tərcümə edirdilər. Şübhəsiz ki, Müqəddəs Kitabın 2 000-dən artıq dilə tərcümə olunması, ağlasığmaz böyüklüyə malik olan Yehova Allahın iradəsi olmadan mümkün olmazdı!
13. Yehovanın böyüklüyü 1914-cü ildən e’tibarən Onun Padşahlıq niyyətləri ilə əlaqədar necə aşkar olmuşdur?
13 Yehovanın böyüklüyü həm də Onun Padşahlığı ilə əlaqədar aşkar olunmuşdur. Məsələn, 1914-cü ildə O, Öz Oğlu İsa Məsihi səmavi Padşah kimi taxta yüksəltdi. Bundan tezliklə sonra, İsa Şeytana və onun cinlərinə qarşı ölçü götürdü. Onlar göydən yerin hüdudlarına qovuldular və indi onları dibsiz dərinliklər gözləyir (Vəhy 12:9-12; 20:1-3). Həmin vaxtdan İsanın məsh edilmiş davamçıları tə’qiblərlə tez-tez qarşılaşırdılar. Lakin Yehova onları Məsihin görünməz bu iştirakı ərzində möhkəmləndirirdi (Matta 24:3; Vəhy 12:17).
14. Yehova 1919-cu ildə hansı e’cazkar işi yerinə yetirdi və bunun sayəsində nəyə nail olundu?
14 Yehova 1919-cu ildə Özünün böyüklüyünü göstərən daha bir e’cazkar iş gördü. İsanın məsh edilmiş davamçılarını ruhani fəaliyyətsizlik vəziyyətindən çıxartdı (Vəhy 11:3-11). Növbəti illər ərzində məsh edilmişlər qurulmuş səmavi Padşahlıq haqqındakı xoş xəbəri sə’ylə təbliğ etməyə başladılar. Qalan məsh edilmiş məsihçilər də yığıldılar, çünki, onların tam sayı 144 000 olmalı idi (Vəhy 14:1-3). Məsihin məsh edilmiş davamçılarının vasitəsilə Yehova ‘yeni yerin’ — saleh insan cəmiyyətinin təməlini qoydu (Vəhy 21:1). Bəs məsh edilmiş sadiq məsihçilərin hamısı göyə qalxdıqdan sonra ‘yeni yerlə’ nə baş verəcək?
15. Məsh edilmiş məsihçilər hansı işi başladılar və bu iş hansı bəhrələri gətirdi?
15 Bu jurnalın 1935-ci il 1 və 15 avqust buraxılışlarında, “Vəhy” kitabının 7-ci fəslində xatırlanan “böyük... izdiham”a həsr olunan vacib məqalələr dərc olunmuşdu. Məsh edilmiş məsihçilər bütün millətlərdən, qəbilələrdən, xalqlardan və dillərdən olan bu həmimanlıları sə’ylə axtarmağa və özləri ilə birliyə gətirməyə başladılar. Bu “böyük... izdiham” qarşıdan gələn “böyük məşəqqətdən” sağ çıxacaq və ‘yeni yerin’ daimi sakinləri kimi Cənnətdə əbədiyyən yaşaya biləcək (Vəhy 7:9-14). Məsh edilmiş məsihçilərin başladıqları Padşahlıq haqqındakı təbliğ və şagirdlərin hazırlanması işi sayəsində artıq altı milyondan çox insanın yer üzündə olacaq Cənnətdəki sonsuz həyata ümidləri var. Şeytanın və onun pozğun dünyasının müqavimətinə baxmayaraq, yaranan bu cür artıma görə izzət kimə verilməlidir? (1 Yəhya 5:19). Bütün bunları Öz müqəddəs ruhu ilə yalnız Yehova edə bilərdi (İşaya 60:22; Zəkarya 4:6).
Yehovanın calalının izzətli böyüklüyü
16. Nəyə görə insanlar Yehovanın “calalının izzətli böyüklüyü”nü həqiqi mə’nada görə bilmirlər?
16 Yehovanın “valehedici” və “qüdrətli işlərindən” heç biri heç zaman unudulmayacaq. Davud yazırdı: “Sənin işlərini bir nəsil digər nəslə səna edəcək və qüdrətli işlərini bildirəcək. Calalının izzətli böyüklüyünü. Və valehedici işlərini dərin düşünəcəyəm. Qorxunc işlərinin qüdrətini də söyləyəcəklər; və mən sənin böyüklüyünü e’lan edəcəyəm” (Məzmur 145:4-6). Bəs əgər “Allah ruhdur”sa və buna görə də insanlara görünməzdirsə, Davud Yehovanın calalının izzətli böyüklüyü barədə bu qədər çox biliyi haradan əldə edə bilərdi? (Yəhya 1:18; 4:24).
17, 18. Davudun ürəyi nəyin sayəsində Yehovanın böyüklüyü qarşısında ehtiram hissi ilə dolurdu?
17 Davud Yehovanı görə bilməsə də, Onun böyüklüyü qarşısında ürəyi ehtiram hissi ilə dolu idi. Məsələn, o, Yehovanın pis dünyanı Ümumdünya tufanında məhv etməsi kimi qüdrətli işləri barədə Müqəddəs Yazılardan oxuya bilərdi. Ehtimal ki, Davud, Allahın israilliləri Misir əsarətindən azad edərkən Misirin saxta allahlarını biabır etməsi barədə bilirdi. Bu cür hadisələr Yehovanın calalının böyüklüyü barədə şahidlik edir.
18 Davudun ürəyi Yehovanın böyüklüyü qarşısında yalnız Müqəddəs Yazıları oxumaqla deyil, şübhəsiz ki, həm də oxuduqları üzərində dərindən düşünməklə də ehtiram hissi ilə dolurdu. Məsələn, o, Yehovanın israillilərə Qanun verərkən baş verən hadisələr barədə düşünə bilərdi. Orada ildırım, şimşək, qatı bulud və çox yüksək şeypur səsi vardı. Sina dağı yırğalanır və tüstülənirdi. Dağın ətəyinə toplaşan israillilər, hətta alovun və buludun arasından Yehovanın onlara mələk vasitəsilə söylədiyi “on əmri” də eşidirdilər (Təsniyə 4:32-36; 5:22-24; 10:4; Çıxış 19:16-20; Həvarilərin işləri 7:38, 53). Yehovanın böyüklüyünün necə də tə’sirli təzahürüdür! Allahın Kəlamını sevən insanlar Müqəddəs Yazılarda olan bu parçalar üzərində dərindən düşünməklə, Yehovanın “calalının izzətli böyüklüyündən” valeh olmaya bilməzlər. Bu gün biz bütöv Müqəddəs Kitaba malikik və həmin kitabda bizə Yehovanın nə qədər böyük olduğunu başa düşməkdə kömək edən izzətə dair müxtəlif rö’yaların təsvirləri var (Hezekiel 1:26-28; Daniel 7:9, 10; Vəhy 4-cü fəsil).
19. Yehovanın calalı qarşısında daha çox ehtiram hissi duymaqda bizə nə kömək edəcək?
19 Davud həm də Allahın israillilərə verdiyi qanunları öyrənməklə Onun böyüklüyünə valeh ola bilərdi (Təsniyə 17:18-20; Məzmur 19:7-11). Yehovanın qanunlarına itaət etmək İsrail xalqını yüksəldir və onu başqa xalqlardan ayırırdı (Təsniyə 4:6-8). Əgər biz Müqəddəs Yazıları müntəzəm olaraq oxusaq, onların üzərində dərindən düşünsək və onu çalışqanlıqla öyrənsək, onda Davud kimi biz də Yehovanın calalı qarşısında daha çox ehtiram hissi duyacağıq.
Allahın mə’nəvi keyfiyyətləri necə də böyükdür!
20, 21. a) Yehovanın böyüklüyü Məzmur 145:7-9 ayələrində hansı keyfiyyətlərlə əlaqələndirilir? b) Allahın burada xatırlanan keyfiyyətləri Onu sevən insanlara hansı tə’siri bağışlayır?
20 Artıq yuxarıda qeyd olunduğu kimi, 145-ci Məzmurun birinci altı ayəsində Yehovanın ağlasığmaz böyüklüyü ilə əlaqəli işlərinə görə Onu təqdis etmək üçün əsaslı səbəblər gətirilir. 7-dən 9-a kimi ayələr Allahın mə’nəvi keyfiyyətlərini təsvir edərək Onun böyüklüyünü yüksəldir. Davud oxuyurdu: “Böyük yaxşılığının anılmasını e’lan edəcəklər və ədalətini tərənnüm edəcəklər. Rəbb mərhəmətli və rəhmlidir; çox səbirlidir və inayəti böyükdür. Rəbb hər kəsə yaxşıdır; mərhəmətləri də bütün işləri üzərindədir”.
21 Əvvəlcə Davud diqqəti Yehovanın yaxşılığına və ədalətliyinə — Şeytan İblisin sual altına qoyduğu keyfiyyətlərə yönəldir. Bu keyfiyyətlər Allahı sevən və Onun rəhbərliyinə tabe olan insanlarda hansı hissləri oyadır? Yehovanın yaxşılığı və ədalətli rəhbərlik tərzi Onun xidmətçilərinə elə sevinc gətirir ki, onlar Allaha həmd etməkdən özlərini saxlaya bilmirlər. Bundan əlavə, Yehovanın yaxşılığı hamını əhatə edir. Ümid etmək istəyirik ki, bu hələ çox insanlara tövbə etməyə və hələ ki, çox gec deyil həqiqi Allahın xidmətçiləri olmağa kömək edəcək (Həvarilərin işləri 14:15-17).
22. Yehova Öz xidmətçiləri ilə necə rəftar edir?
22 Davud həm də Allahın, Musanın önündən keçərkən Özünün vurğuladığı keyfiyyətləri qiymətləndirirdi: “Yehova, Yehova, çox acıyan və lütf edən, gec qəzəblənən və inayəti və həqiqəti çox olan” Allahdır (Çıxış 34:6). Buna görə də Davud bəyan edə bilirdi: “Rəbb mərhəmətli və rəhmlidir; çox səbirlidir və inayəti böyükdür”. Yehova ağlasığmaz dərəcədə böyük olsa da, xidmətçilərinin ləyaqətinə hörmət edir və onlarla şəfqətlə davranır. O, inayətlə doludur — tövbə edən günahkarları İsanın fidiyə qurbanlığı əsasında bağışlamağa hazırdır. Yehova həm də gec qəzəblənəndir, belə ki, Öz xidmətçilərinə ədalətin hökm sürdüyü yeni dünyaya daxil olmağa mane olan zəifliklərin öhdəsindən gəlmək imkanı verir (2 Peter 3:9, 13, 14).
23. Növbəti məqalədə hansı gözəl keyfiyyəti nəzərdən keçirəcəyik?
23 Davud Allahın inayətini yüksəldir. Əslində Məzmurun 145-ci fəslinin qalan hissəsi Yehovanın bu keyfiyyəti necə təzahür etdirdiyini və Onun sadiq xidmətçilərinin buna necə münasibət bəslədiklərini göstərir. Bu fikirləri növbəti məqalədə müzakirə edəcəyik.
Siz necə cavab verərdiniz?
• Yehovaya “hər gün” həmd etmək üçün hansı imkanlar var?
• Hansı nümunələr göstərir ki, Yehovanın böyüklüyü ağlasığmazdır?
• Yehovanın calalının izzətli böyüklüyü qarşısında daha çox ehtiram hissi duymaqda bizə nə kömək edər?
[8-ci səhifədəki şəkil]
Kainatımızın qalaktikaları Yehovanın böyüklüyü barədə şahidlik edir.
[İcazə ilə]
Courtesy of Anglo-Australian Observatory, photograph by David Malin
[10-cu səhifədəki şəkil]
Yehovanın böyüklüyü İsa Məsihlə əlaqədar necə aşkar olunmuşdur?