Yehovanın inayəti böyükdür
“Rəbb... inayəti böyükdür” (MƏZMUR 145:8).
1. Allahın məhəbbəti nə qədər genişdir?
“ALLAH məhəbbətdir” (1 Yəhya 4:8). Bu tə’sirli sözlər göstərir ki, Yehova Öz hakimiyyətini məhəbbətlə həyata keçirir. Buna görə də O, hətta Ona itaət etməyən insanlara belə günəş işığı və yağış verir (Matta 5:44, 45). Allahın bəşəriyyətə olan məhəbbəti sayəsində, Onun düşmənləri belə, tövbə etmək, Ona tərəf dönmək və həyat əldə etmək imkanına malikdirlər (Yəhya 3:16). Lakin Yehova islah olunmayan pis insanları tezliklə məhv edəcək ki, Onu sevən insanlar salehliyin ömür sürdüyü dünyada əbədi həyatdan həzz ala bilsinlər (Məzmur 37:9-11, 29; 2 Peter 3:13).
2. Özünün həsr olunmuş xidmətçilərinə Yehova hansı xüsusi tərzdə məhəbbət göstərir?
2 Yehovanın Öz həqiqi xidmətçilərinə olan məhəbbəti xüsusi bağlılıqla fərqlənir. Bu cür məhəbbət “sevgi dolu inayət” və ya “sadiq məhəbbət” kimi tərcümə olunan ibrani sözünə işarə edir. Qədim İsrailin Padşahı Davud Allahın inayətini yüksək qiymətləndirirdi. Şəxsi təcrübəsi və Allahın başqaları ilə rəftarı üzərində dərindən düşünməsi sayəsində, Davud əminliklə oxuya bilirdi: “Rəbb... inayəti [və ya sadiq məhəbbəti] böyükdür” (Məzmur 145:8).
Allaha sadiq olan kəsləri tanımağın üsulu
3, 4. a) Məzmurun 145-ci fəsli Yehovaya sadiq olan kəsləri tanımağa necə kömək edir? b) Allahın sadiq xidmətçiləri Onu necə “təqdis edirlər”?
3 Samuel peyğəmbərin anası Hanna, Yehova haqqında demişdi: “Mö’minlərinin [“sadiqlərinin”, YD] addımlarını qoruyacaq” (1 Samuel 2:9). Bu “sadiqlər” kimlərdir? Cavabı Davud padşah verir. O, Yehovanın e’cazkar keyfiyyətlərini mədh edəndən sonra deyir: “Mö’minlərin [“sadiqlərin”, YD] səni təqdis edər” (Məzmur 145:10). Siz təəccüblənə bilərsiniz ki, insanlar Allahı necə təqdis edə bilərlər? Onlar bunu əsas e’tibarı ilə Onu mədh etməklə və Onun barəsində yaxşı sözlər danışmaqla edə bilərlər.
4 Yehovaya sadiq olan insanları ondan tanımaq olar ki, onlar ağızları ilə Onun barəsində müsbət fikirlər söyləyirlər. Onlar adətən dostların əhatəsində və məsihçi yığıncaqlarında nə barədə danışırlar? Əlbəttə ki, Yehovanın Padşahlığı haqqında! Allahın sadiq xidmətçiləri növbəti sözləri oxuyan Davudun keçirdiyi hissləri yaşayırlar: “Padşahlığının izzətini söylərlər və əzəmətini bəyan edərlər” (Məzmur 145:11).
5. Haradan bilirik ki, Yehovaya sadiq olan insanlar Onun haqqında yaxşı danışdıqda O onlara diqqət yetirir?
5 Yehovaya sadiq olan insanlar Onu mədh edəndə Yehova buna diqqət yetirirmi? Şübhəsiz. Bundan əlavə, Yehova onların nə dediklərinə qulaq asır. Bizim günlərdəki həqiqi ibadətə aid olan peyğəmbərlikdə Malaki yazırdı: “O zaman Rəbdən qorxanlar bir-birləri ilə söyləşdilər; və Rəbb yaxşı dinlədi və eşitdi və Rəbdən qorxub ismini düşünənlər üçün onun önündə bir anılma kitabı yazıldı” (Malaki 3:16). Yehovanın sadiq xidmətçilərinin Onun barəsində yaxşı danışmaları Ona çox xoş gəlir və Yehova onları xatırlayır.
6. Allahın sadiq xidmətçilərini hansı fəaliyyətdən tanımaq olar?
6 Yehovanın sadiq xidmətçilərini həm də ondan tanımaq olar ki, onlar həqiqi Allaha xidmət etməyən insanlarla cəsarətlə söhbətə başlayırlar. Onlar “adəm oğullarına... [Allahın] qüdrətli işlərini və padşahlığının böyük izzətini” bildirirlər (Məzmur 145:12). Sən də yad insanlarla Yehovanın padşahlığının izzəti barədə danışmaq üçün imkanlar axtarır və bu imkanlardan istifadə edirsənmi? Tezliklə keçib-gedəcək insan hakimiyyətlərindən fərqli olaraq, Allahın padşahlığının sonu olmayacaq (1 Timoteyə 1:17). İnsanlar tə’cili olaraq Yehovanın əbədiyyən padşahlıq edəcəyi barədə bilməli və Onun tərəfini tutmalıdırlar. Davud oxuyurdu: “Sənin padşahlığın əbədi padşahlıqdır və səltənətin bütün dövrlərcə sürər” (Məzmur 145:13).
7, 8. 1914-cü ildə nə baş verdi və Allahın hal-hazırda Öz Oğlunun Padşahlığı vasitəsilə idarə etməsi nədən görünür?
7 1914-cü ildə, Yehovanın padşahlığının böyük izzəti barədə danışmaq üçün yeni səbəb yarandı. Həmin il Allah, Davud oğlu Padşah İsa Məsihin başçılığı altında səmavi Xilaskar Padşahlıq yaratdı. Beləliklə Yehova Davudun taxtını əbədiyyən möhkəmlədəcəyinə dair və’dini yerinə yetirdi (2 Samuel 7:12, 13; Luka 1:32, 33).
8 Yehovanın hal-hazırda Öz Oğlunun, İsa Məsihin padşahlığı vasitəsilə idarə etməsi, İsanın iştirakına dair əlamətin icra olunmasından bəllidir. Əlamətin ən görkəmli cəhəti — İsanın qabaqcadan xəbər verdiyinə əsasən, Allahın bütün sadiq xidmətçilərinin məşğul olacaqları fəaliyyətdir: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir” (Matta 24:3-14, İ–93). Allahın sadiq xidmətçilərinin İsanın qabaqcadan dediklərini sə’ylə yerinə yetirmələri sayəsində, hal-hazırda bu möhtəşəm və nadir işdə altı milyondan artıq kişi, qadın və uşaq iştirak edir. Tezliklə Yehovanın Padşahlığının bütün düşmənləri məhv ediləcəkdir (Vəhy 11:15, 18).
Yehovanın hökmranlığı fayda gətirir
9, 10. Yehova insan rəhbərlərindən nə ilə fərqlənir?
9 Əgər biz həsr olunmuş məsihçiləriksə, Rəbb Yehova ilə olan münasibətlərimiz bizə çoxlu fayda gətirir (Məzmur 71:5; 116:12). Məsələn, biz Allahdan qorxur və düzgün davranırıq deyə, Onun tə’rifini qazanır və Onunla yaxın münasibətlər əldə edirik (Həvarilərin işləri 10:34, 35; Yaqub 4:8). Bunun əksinə olaraq, insan rəhbərlərini tez-tez hərbi sərkərdələr, varlı kommersantlar və ya idman və estrada ulduzları kimi məşhur adamların əhatəsində görmək olar. Afrikada dərc olunan qəzetlərdən birinə əsasən, görkəmli bir dövlət mə’muru öz ölkəsinin yoxsul rayonları haqqında demişdir: “Bizlərdən çoxunun bu cür rayonlarda olmaq istəməməsinin səbəbini bilirəm. Biz sadəcə olaraq bu cür şəraitlərin mövcud olduğunu unutmaq istəyirik. Vicdanımız bizə əzab verir və biz özümüzü bahalı [maşınlarımızda] narahat hiss edirik” (“Sowetan”).
10 Şübhəsiz ki, bə’zi rəhbərlər öz ölkələrinin vətəndaşlarının rifahı üçün səmimi qayğı göstərirlər. Lakin hətta onlardan ən alicənabı belə öz vətəndaşlarının hamısını şəxsən tanımır. Biz özümüzdən soruşa bilərik: ümumiyyətlə elə bir rəhbər varmı ki, bütün vətəndaşlarının qayğısına o dərəcədə qalır ki, çətin anlarda tez onlardan hər birinin köməyinə gəlir? Bəli, bu cür rəhbər var. Davud yazırdı: “Rəbb bütün yıxılanlara dəstək olar və bütün əyilmiş olanları düzəldər” (Məzmur 145:14).
11. Allahın sadiq xidmətçilərinin payına hansı sınaqlar düşür və onlar hansı yardımı alırlar?
11 Yehova Allaha sadiq olan xidmətçilərin payına çoxlu sınaqlar və bədbəxtliklər düşür, çünki onlar qeyri-kamildirlər və Şeytanın, “şəririn” hakimiyyəti altında olan dünyada yaşayırlar (1 Yəhya 5:19; Məzmur 34:19). Məsihçilər tə’qiblərə mə’ruz qalırlar. Kim isə xroniki xəstəliklərdən və ya yaxınlarının ölümündən iztirab çəkir. Yehovanın sadiq xidmətçiləri bə’zən öz səhvlərinə görə ruhdan düşə bilərlər. Lakin hansı çətinliklərlə qarşılaşsalar da, Yehova onlardan hər birinə təsəlli və ruhani qüvvə verməyə hazırdır. Padşah İsa Məsih də öz sadiq vətəndaşlarına bu cür məhəbbət və qayğı ilə yanaşır (Məzmur 72:12-14).
Münasib vaxtda qida ilə tə’min edir
12, 13. Yehova “bütün yaşayanların” ehtiyaclarını nə qədər yaxşı tə’min edir?
12 Böyük inayəti sayəsində Yehova xidmətçilərinin bütün ehtiyaclarının qayğısına qalır. Həmçinin onları bəsləyici qida ilə tə’min edir. Davud padşah yazırdı: “Hamısının gözləri səni gözlər; və zamanında yeyəcəklərini onlara sən verərsən. Əlini açırsan və hər yaşayanı diləyinə görə doyurursan” (Məzmur 145:15, 16). Hətta fəlakətli anlarda belə Yehova elə edə bilər ki, Ona sadiq olan insanların ‘gündəlik çörəkləri’ olsun (Luka 11:3; 12:29, 30).
13 Davud xatırlatdı ki, Yehova “hər yaşayanı” doyurur. Bu heyvanlara da aiddir. Əgər dənizdə və quruda bitki bolluğu olmasaydı, nə dəniz sakinlərinin, nə quşların, nə də quruda gəzən heyvanların nəfəs almaq üçün oksigeni, eləcə də qidası olmazdı (Məzmur 104:14). Lakin Yehova diqqət yetirir ki, onların bütün ehtiyacları tə’min olunsun.
14, 15. Allah bu gün ruhani qidanı hansı tərzdə verir?
14 Heyvanlardan fərqli olaraq, insanların ruhani ehtiyacları da var (Matta 5:3). Yehova Öz sadiq xidmətçilərinin ruhani ehtiyaclarını necə də gözəl tərzdə tə’min edir! Ölümündən bir qədər əvvəl İsa öz davamçılarına və’d etmişdi ki, “sadiq və ağıllı qul” onlara “vaxtlı-vaxtında... yemək” verəcək (Matta 24:45). Bu gün həmin qul sinfini 144 000 məsh edilmiş məsihçilərin qalığı təşkil edir. Onların vasitəsilə Yehova həqiqətən də bol ruhani qida verir.
15 Məsələn, Yehovanın xidmətçilərinin çoxu hal-hazırda öz dillərində Müqəddəs Kitabın müasir və dəqiq tərcüməsindən istifadə edə bilərlər. “Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi” necə də gözəl xeyir-dua oldu! Bundan əlavə, Müqəddəs Kitabı öyrənmək üçün 300-dən artıq dildə milyonlarla vəsait çap olunmağa davam edir. Bütün bu ruhani qida, bütün yer kürəsində Allahın həqiqi xidmətçiləri üçün xeyir-duadır. Buna görə biz kimə minnətdarlıq bildirməliyik? Yehova Allaha. Böyük inayəti sayəsində O elə etmişdir ki, qul sinfi qidanı “vaxtlı-vaxtında” verə bilsin. Beləliklə O, bugünkü ruhani Cənnətdə “hər yaşayanı diləyinə görə doyurur”. Yer kürəsinin yaxın gələcəkdə həqiqi Cənnətə çevriləcəyini görmək ümidi Yehovanın xidmətçilərini necə də sevindirir! (Luka 23:42, 43).
16, 17. a) Ruhani qidanın münasib vaxtda gəlib çatdığını hansı nümunələr göstərir? b) “Məzmur” kitabının 145-ci fəsli Şeytanın qaldırdığı mübahisəli suala dair Yehovanın sadiq xidmətçilərinin hisslərini necə əks etdirir?
16 Ruhani qidanın müvafiq vaxtda gəlib çatdığını göstərən valehedici nümunəyə baxaq. 1939-cu ildə Avropada İkinci Dünya müharibəsi başlandı. Həmin ildə “Gözətçi Qülləsi”nin 1 noyabr buraxılışında (ing.) “Bitərəflik” adlı məqalə dərc olunmuşdu. Aydın surətdə təqdim olunmuş mə’lumatın sayəsində, bütün dünyada yaşayan Yehovanın Şahidləri döyüşən millətlərin işlərinə münasibətdə bitərəfliyi ciddi surətdə qoruyub saxlamağın nə qədər vacib olduğunu başa düşdülər. Buna görə də onlar, altı illik toqquşma zamanı hər iki tərəfin qəzəbinə mə’ruz qaldılar. Lakin qadağalara və tə’qiblərə baxmayaraq, Allahın sadiq xidmətçiləri Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etməyə davam edirdilər. 1939-1946-cı illər ərzində onlar 157 faizlik qeyri-adi artımla xeyir-dualanmışlar. Bundan başqa, həmin müharibə illərində onların sadiq olduğunu göstərən valehedici hadisələr bu günə qədər həqiqi dini tanımaqda insanlara kömək edir (İşaya 2:2-4).
17 Yehovanın verdiyi ruhani qida nəinki vaxtlı-vaxtında gəlib çatır, həm də ruhani ehtiyacları bütünlüklə tə’min edir. Xalqların başı bütünlüklə İkinci Dünya müharibəsinə qarışdığı bir vaxtda, Yehova Öz xidmətçilərinə kömək etdi ki, diqqətlərini onların şəxsi xilasından daha vacib olan bir şeyə yönəltsinlər. Yehova, Onun hökmranlığının doğruluğu ilə bağlı olan dünya miqyaslı ən vacib məsələni başa düşməkdə onlara kömək etdi. Sevindirici haldır ki, Yehovanın hər bir Şahidi öz sadiqliyini qorumaqla Yehovanın hökmranlığına bəraət qazandırmaq üçün əlindən gələni edir və İblisin yalançı olduğunu sübuta yetirir! (Süleymanın məsəlləri 27:11). Yehovaya və Onun rəhbərlik tərzinə böhtan atan Şeytandan fərqli olaraq, Yehovanın sadiq xidmətçiləri xalq arasında bəyan edirlər: “Rəbb bütün yollarında adildir” (Məzmur 145:17).
18. Hansı müasir nümunə sübut edir ki, Yehova bizi ruhani qida ilə münasib vaxtda tə’min edir?
18 Yehovanın bizi ruhani qida ilə münasib vaxtda tə’min etməsinə başqa bir nümunə isə, buraxılışı haqqında 2002-2003-cü illərdə bütün dünyada keçirilən “Padşahlığın çalışqan təbliğçiləri” adlı yüzlərlə vilayət konqreslərində e’lan edilən “Yehovaya yaxınlaş” (rus.) adlı kitabdır. “Sadiq və ağıllı qul” tərəfindən hazırlanan və Yehovanın Şahidləri tərəfindən dərc edilən bu kitab diqqəti Yehova Allahın e’cazkar keyfiyyətlərinə, o cümlədən Məzmurun 145-ci fəslində xatırlanan keyfiyyətlərə yönəldir. Bu gözəl kitab, Yehovanın sadiq xidmətçilərinə öz Allahlarına daha çox yaxınlaşmaqda şübhəsiz ki, çox kömək edəcəkdir.
Yehovaya yaxınlaşmağın vaxtı
19. Hansı həlledici vaxt yaxınlaşır və biz ondan necə sağ çıxa bilərik?
19 Yehovanın hökmranlığı haqqındakı məsələnin həlledici mərhələsi yaxınlaşır. Hezekielin 38-ci fəslində qabaqcadan xəbər verildiyi kimi, Şeytan tezliklə ‘Maqoq diyarından olan Qoq’ rolunu yerinə yetirəcəkdir. Bütün dünyada Yehovanın xalqına hücum ediləcəkdir. Şeytan var qüvvəsi ilə Allaha sadiq olan kəslərin nöqsansızlığını sındırmağa çalışacaqdır. Yehovanın xidmətçiləri əvvəllər olmadığı dərəcədə Onu səmimi duada, yalvarışlarla köməyə çağırmalı olacaqlar. Onların Allah qarşısında göstərdikləri ehtiramlı qorxu və Ona məhəbbətləri əbəs olacaqmı? Xeyr, belə ki, Məzmur 145-də deyilir: “Rəbb onu çağıranların hamısına yaxındır, onlar ki, onu həqiqətlə çağırırlar. Ondan qorxanların diləyini yerinə yetirər; və fəryadlarını eşidər və onları qurtarar. Rəbb Onu sevənlərin hamısını qoruyar; və bütün pisləri həlak edər” (Məzmur 145:18-20).
20. Yaxın gələcəkdə Məzmur 145:18-20 ayələrindəki sözlər necə həqiqətə çevriləcək?
20 Yehovanın yaxın olduğunu duymaq və pisləri məhv edəcəyi zaman Onun xilasedici qüvvəsini görmək necə də həyəcanlı olacaq! Həmin həlledici anda — o isə tamamilə yaxındır — Yehova, Onu yalnız ‘həqiqətlə çağıranları’ eşidəcək. İkiüzlüləri, şübhəsiz ki, eşitməyəcəkdir. Allahın Kəlamı aydınca göstərir ki, son anda Allahın adını çəkmək pis insanlara heç bir fayda verməyəcək (Süleymanın məsəlləri 1:28, 29; Mika 3:4; Luka 13:24, 25).
21. Yehovaya sadiq olan kəslər necə göstərirlər ki, Onun adını tətbiq etmək xoşlarına gəlir?
21 Yehovadan qorxanlar üçün indi ‘onu həqiqətlə çağırmaq’ nə qədər də vacibdir. Allaha sadiq olan kəslər Onun adını dualarında, həmçinin yığıncaqlarındakı görüşlərdə verdikləri şərhlərdə sevinclə xatırladırlar. Onlar Allahın adını şəxsi söhbətlərində tətbiq edirlər. Həm də onlar Yehovanın adını xalq arasındakı xidmətlərində cəsarətlə bəyan edirlər (Romalılara 10:10, 13-15).
22. Dünyəvi meyl və arzulara müqavimət göstərmək nəyə görə olduqca vacibdir?
22 Yehova Allahla yaxın münasibətlərdən bundan sonra da fayda əldə etmək üçün, var-dövlətə və ya nalayiq əyləncələrə həris olmaq, bağışlamaq istəməmək və ehtiyacı olanlara e’tinasız yanaşmaq kimi ruhən zərərli meyllərə müqavimət göstərmək olduqca vacibdir (1 Yəhya 2:15-17; 3:15-17). Bu cür meyllərə müqavimət göstərməsək, bu, ciddi günahlarla nəticələnən əməllərə və sonda Yehovanın lütfünü itirməyə gətirib çıxara bilər (1 Yəhya 2:1, 2; 3:6). Yehovanın, yalnız Ona sadiq qaldığımız halda bizə inayət və sədaqət göstərəcəyini hər zaman yadda saxlamaq müdriklikdir (2 Samuel 22:26).
23. Yehovaya sadiq olanların hamısını hansı gözəl gələcək gözləyir?
23 Buna görə də gəlin nəzərlərimizi, Yehovaya sadiq olan kəslərə nəsib olacaq gözəl gələcəyə yönəldək. Onda bizim başqaları ilə birlikdə Yehovanı “daima və əbədiyyən” yüksəltmək, təqdis və mədh etmək kimi gözəl imkanımız olacaq (Məzmur 145:1, 2). Gəlin özümüzü, “əbədi həyata gətirəcək olan... Allahın məhəbbətində” saxlayaq (Yəhuda 20, 21). Üzərimizdə səmavi Atamızın e’cazkar keyfiyyətlərini, həmçinin Onu sevənlərə böyük inayətini duyaraq, gəlin həmişə Davudun Məzmurun 145-ci fəslinin axırıncı sözlərində əks olunan hisslərini yaşayaq: “Ağzım Rəbbin həmdini söylər; bütün bəşər müqəddəs ismini daima və əbədiyyən təqdis etsin”.
Necə cavab verərdiniz?
• Məzmurun 145-ci fəsli Allaha sadiq olan kəsləri tanımaqda necə kömək edir?
• Yehova “hər yaşayanı diləyinə görə” necə doyurur?
• Biz nəyə görə Yehovaya yaxınlaşmalıyıq?
[14-cü səhifədəki şəkil]
Yehovaya sadiq olan kəslər Onun qüdrətli işləri barəsində sevinclə danışırlar.
[18-ci səhifədəki şəkillər]
Yehova “hər yaşayanı” qida ilə tə’min edir.
[İcazə ilə]
Animals: Parque de la Naturaleza de Cabárceno