İmanınıza şərik olmayan qohumların ürəyinə yol tapın
«EVİNƏ, qohumlarının yanına get və Yehovanın sənin üçün etdiyi hər şeyi, sənə necə mərhəmət göstərdiyini onlara danış». Bu sözləri İsa Məsih onun davamçısı olmaq istəyən bir nəfərə, ehtimal ki, Qadara yaxınlığında, Qalileya gölünün cənub-şərqində olarkən demişdi. İsanın sözləri göstərir ki, o, insana xas olan bir cəhəti — maraqlı və vacib məsələləri öz qohumları ilə bölüşmək istəyini yaxşı başa düşürdü (Mark 5:19).
Bu gün də insanlarda bu xüsusiyyətə tez-tez rast gəlinir, bəzi mədəniyyətlərdə isə bu, özünü daha qabarıq şəkildə büruzə verir. Adətən, insan Yehova Allaha xidmət etməyə başlayanda o, yeni imanını qohumları ilə bölüşmək istəyir. Bəs o, bunu necə etməlidir? O, başqa dinə mənsub olan və ya dindən uzaq olan qohumlarının ürəyinə necə yol tapa bilər? Müqəddəs Kitabda buna dair faydalı və praktiki məsləhət var.
«BİZ MƏSİHİ TAPMIŞIQ»
Birinci əsrdə İsanın Məsih olduğunu ilk anlayan kəslərdən biri Andreas olmuşdur. Bəs o, bu məlumatı dərhal kiminlə bölüşdü? «O, [Andreas] ilk növbədə qardaşı Şimonu tapdı və dedi: “Biz Məsihi tapmışıq” (“Məsih” məsh edilmiş deməkdir.)». Andreas Peteri İsanın yanına apararaq ona İsanın şagirdi olmaq imkanı yaratdı (Yəh. 1:35—42).
Bundan təxminən altı il sonra Peter Yaffada olanda Qeysəriyənin şimalında yaşayan yüzbaşı Kornilinin evinə dəvət olundu. Peter gələndə həmin evdə kimlər var idi? «Kornili bütün qohum-əqrəbasını və yaxın dostlarını evinə yığıb [Peterlə əməkdaşlarının] yolunu gözləyirdi». Bununla Kornili qohum-əqrəbasına Peterə qulaq asmaq və eşitdiklərinə əsasən qərar vermək üçün şərait yaratmışdı (Həv. iş. 10:22—33).
Bəs Andreas və Kornilinin qohumları üçün etdiklərindən nə öyrənirik?
Nə Andreas, nə də Kornili əlini-əlinin üstünə qoyub oturmadı. Andreas Peteri İsa ilə şəxsən özü tanış etdi. Eləcə də Kornili qohumlarının Peterə qulaq asması üçün tədbir gördü. Amma onlardan heç biri İsanın davamçısı olmaları üçün qohumlarına nə təzyiq göstərdilər, nə də hiylə işlətdilər. Bundan hansı nəticəni çıxarmaq olar? Yaxşı olar ki, biz də onlar kimi davranaq. Biz qohumlarımızla bəzi fikirləri bölüşə, onları Müqəddəs Kitab həqiqətləri və həmimanlılarımızla tanış edə bilərik. Bununla belə, biz onların seçim azadlığına hörmət edir və zəhlətökənlik etmirik. Qohumlarımıza kömək etməyin üsulunu Almaniyada yaşayan bir ər-arvadın, Yurqen və Petranın nümunəsindən görə bilərik.
Petra Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı və bir qədər sonra vəftiz olundu. Onun əri Yurqen zabit idi. Başlanğıcda arvadının qərarı Yurqenin xoşuna gəlməmişdi. Lakin vaxt keçdikcə, o başa düşdü ki, Şahidlər Müqəddəs Kitab həqiqətini təbliğ edirlər. O da həyatını Yehovaya həsr etdi və indi yığıncaqda ağsaqqal kimi xidmət edir. Görək qardaş imanımıza şərik olmayan qohumların ürəyinə yol tapmaqla bağlı hansı məsləhəti verir.
Yurqen bölüşür: «Biz qohumlarımızı məcbur etməməli və ruhani mövzularla bezdirməməliyik. Bu, onların öz mövqelərində daha da qəti qalmalarına gətirib çıxara bilər. Ancaq yaxşı olar ki, biz məlumatı nəzakətlə və az-az verək. Qohumlarımızı həmyaşıdları və eyni maraq dairələri olan qardaşlarla tanış etmək də pis olmazdı. Bu, aradakı uçurumu bir körpü kimi birləşdirə bilər».
Həm həvari Peter, həm də Kornilinin qohumları Müqəddəs Kitabın xəbərinə dərhal hay verdilər. Ancaq birinci əsrdə həqiqətlə tanış olan bəzilərinə qərar vermək üçün daha çox vaxt lazım gəlmişdi.
İSANIN QARDAŞLARININ HƏQİQƏTƏ GƏLMƏSİ
İsanın təbliğini eşidən bəzi qohumları ona iman gətirmişdilər. Buna İsanın xalası Şalomitin oğulları Yaqub və Yəhyanı misal çəkmək olar. Ola bilsin, Şalomit «onların [İsa və həvarilərinin] qulluğunda durub, nələri vardısa, onlarla [bölüşən]» qadınlardan biri idi (Luka 8:1—3).
Ancaq İsanın ailə üzvləri ona dərhal iman gətirmədilər. Məsələn, bir dəfə, İsanın vəftizindən təxminən bir il sonra, izdiham onu dinləmək üçün bir evə toplaşmışdı. Ancaq «İsanın qohumları onun işləri barəsində eşidəndə: “O, ağlını itirib”, — deyərək onu aparmaq üçün gəldilər». Bir vaxt sonra ögey qardaşları İsanın səyahət planları haqda ağzından söz almaq istəyəndə o, onlara konkret cavab vermədi. Çünki «əslində İsanın qardaşları ona inanmırdılar» (Mark 3:21; Yəh. 7:5).
İsanın qohumları ilə rəftarından nə öyrənirik? Bəziləri onun ağlını itirdiyini desələr də, o incimədi. Hətta ölüb diriləndən sonra da İsa ögey qardaşı Yaquba görünməklə qohumlarını ruhlandırmağa davam etdi. Görünür, İsanı görmək onun Məsih olduğuna təkcə Yaqubun yox, digər ögey qardaşlarının da əminliyini möhkəmləndirdi. Beləliklə, onlar da Yerusəlimdə yuxarı mərtəbəyə toplaşmış həvarilərin və digərlərinin arasında idilər və çox ehtimal ki, müqəddəs ruh onların da üzərinə tökülmüşdü. Bir qədər sonra Yaquba və İsanın digər ögey qardaşı Yəhudaya şərəfli işlər həvalə edildi (Həv. iş. 1:12—14; 2:1—4; 1 Kor. 15:7).
BƏZİLƏRİNƏ DAHA ÇOX VAXT LAZIMDIR
Birinci əsrdə olduğu kimi, bu gün də həyat yoluna qədəm qoymaq üçün bəzi qohumlara xeyli vaxt lazım gəlir. Məsələn, götürək Rosvitanın nümunəsini. 1978-ci ildə əri Yehovanın Şahidi kimi vəftiz olan zaman o, fəal katolik idi. Öz etiqadına bağlı olan bu qadın əvvəlcə ərinə qarşı çıxdı. Lakin illər ərzində onun münasibəti dəyişdi və Şahidlərin öyrətdiklərinin həqiqət olduğunu anladı. 2003-cü ildə isə o vəftiz oldu. Onun fikrini dəyişməsinə nə səbəb oldu? Rosvitanın ona qarşı çıxdığını görən əri əsəbiləşmək əvəzinə, onun öz fikrini dəyişməsinə imkan verdi. Rosvita məsləhət görür: «Yaxşı nəticə əldə etmək üçün gərək səbir, səbir, yenə də səbir göstərəsən».
Monika 1974-cü ildə, iki oğlu isə təxminən on il sonra vəftiz oldu. Əri Hans onların imanına heç vaxt qarşı çıxmasa da, o, uzun illər sonra, 2006-cı ildə vəftiz oldu. Keçmişə nəzər salaraq ailə belə bir məsləhət görür: «Yehovaya sədaqəti qorumaq, eləcə də iman məsələsində bir addım belə geri çəkilməmək lazımdır». Sözsüz, onların Hansı həmişə sevəcəklərinə əmin etmələri də vacib idi. Və onlar ailə başçılarının onların imanını qəbul edəcəklərinə bir an belə ümidlərini itirmədilər.
HƏQİQƏT SUYU VASİTƏSİLƏ TƏRAVƏTLƏNDİRİN
Bir dəfə İsa həqiqət xəbərini əbədi həyat bəxş edən suya bənzətmişdi (Yəh. 4:13, 14). Biz istəyirik ki, qohumlarımız sərin və göz yaşı kimi təmiz həqiqət suyunu içib təravətlənsinlər. Təbii ki, dəqiqəbaşı həddən artıq su verib onları boğmaq istəməzdik. Onların təravətlənməsi və ya boğulması bizim onlara həqiqəti necə izah etməyimizdən asılıdır. Müqəddəs Kitabda deyilir ki, «saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər» və «hikmətlinin ürəyi dilinə tərbiyə verir, ağzındakı müdrik sözləri artıq edir». Biz bu məsləhəti necə tətbiq edə bilərik? (Sül. məs. 15:28; 16:23).
Hər bir qadın istəyir ki, öz imanını əri ilə bölüşsün. Əgər qadın «cavab verməzdən əvvəl qəlbində düşünər»sə, onda o, sözlərini diqqətlə seçəcək və nə gəldi deməyəcək. O, özündən razı və ya dikbaş olmamalıdır. Onun düşünülmüş sözləri təravət gətirə və sülhə yol aça bilər. Məsələn, ər nə zaman dincəlir və onunla nə zaman ünsiyyətə girmək rahatdır? Hansı mövzular haqqında danışmağı və oxumağı xoşlayır? Onu nə maraqlandırır: elm, siyasət, yoxsa idman? Bəs qadın ərinin hisslərinə və fikirlərinə hörmət etməklə yanaşı, onda Müqəddəs Kitaba necə maraq oyada bilər? Bu məqamların üzərində düşünmək qadına sözlərində və hərəkətində müdrik olmağa kömək edəcək.
Hələ məsihçi olmayan ailə üzvünün ürəyinə yol tapmaq sadəcə imanımızı ona az-az başa salmaq demək deyil. Sözlərimizlə əməllərimiz üst-üstə düşməlidir.
NÜMUNƏVİ DAVRANIŞ
Yuxarıda haqqında bəhs olunan Yurqen izah edir: «Müqəddəs Kitab prinsiplərini hər gün tətbiq etmək hətta bizə qulaq asmaq istəməyən qohumun maraq göstərməsi üçün olduqca effektiv üsuldur». Arvadından təxminən 30 il sonra vəftiz olmuş Hans eyni fikirdədir: «Nümunəvi məsihçi davranışı olduqca vacibdir, çünki qohumlar həqiqətin bizim həyatımıza müsbət təsir etdiyinə diqqət yetirirlər». Yəqin qohumlarımız imanımızın bizi mənfi və ya xoşagəlməz səmtə yox, müsbət səmtə dəyişərək başqalarından fərqləndirdiyini görürlər.
Həvari Peter ərləri imanlarına şərik olmayan qadınlara dəyərli bir məsləhət vermişdi: «Ərlərinizə tabe olun ki, Allahın sözünə itaət etməyən ərləriniz sizin ismətli yaşayışınızı və dərin hörmətinizi görüb, davranışınızla sözsüz fəth edilsinlər. Özünüzü yalnız zahiri şeylərlə: müxtəlif saç düzümləri, qızıl zinət əşyaları və ya dəbdəbəli libaslarla bəzəməyin. Qoy bəzəyiniz Allahın gözündə çox qiymətli olan sakit və həlim ovqatın çürüməyən libasını geymiş daxili aləminiz olsun» (1 Pet. 3:1—4).
Peter yazmışdı ki, ər öz arvadının nümunəvi davranışı sayəsində həqiqətə gələ bilər. Krista adlı bir bacı Müqəddəs Kitabın bu prinsipini yadda saxlayaraq 1972-ci ildə vəftiz olduğu andan bəri öz davranışı ilə ərinin ürəyinə yol tapmağa çalışır. Onun əri bir vaxtlar Şahidlərlə Müqəddəs Kitabı araşdırmağa başlasa da, hələ də həqiqətdə deyil. O, hərdənbir yığıncaq görüşlərində iştirak edir və yığıncaq üzvləri ilə münasibəti yaxşıdır. Yığıncaqdakılar da, öz növbəsində, onun seçim etmək hüququna hörmətlə yanaşırlar. Bəs ərinin ürəyinə yol tapmaq üçün Krista nə edir?
«Mən Yehovanın istədiyi kimi yaşamağa qəti qərarlıyam. Eyni zamanda, ərimi əməllərimlə “sözsüz” qazanmaq istəyirəm. Müqəddəs Kitab prinsiplərinə zidd olmayan məsələlərdə əlimdən gələni edirəm ki, onu razı salım. Və təbii ki, onun iradə azadlığına hörmətlə yanaşıram və bu məsələdə ümidimi Yehovaya bağlayıram».
Kristanın tutduğu mövqe vəziyyətə uyğunlaşmağı bacarmağın vacibliyini göstərir. O, müntəzəm yığıncaqlara getmək və xidmətdə aktiv iştirak etmək də daxil olmaqla ruhani işlərlə bağlı qurduğu qrafikə uyğun yaşayır. Bununla belə, bacı başa düşür ki, ərinin ondan məhəbbət, diqqət və ona vaxt ayırmasını gözləməyə ixtiyarı çatır. İmanımıza şərik olmayan qohumlarımızla münasibətdə hər birimizdən vəziyyətə uyğunlaşmağı bacarmaq və anlayışla yanaşmaq tələb olunur. Müqəddəs Kitabda deyilir: «Hər şeyin öz vaxtı var». Buna ailə üzvləri ilə, xüsusilə də imanımıza şərik olmayan həyat yoldaşı ilə vaxt keçirmək daxildir. Birgə vaxt keçirmək ünsiyyətə yol açır. Təcrübə göstərir ki, yaxşı ünsiyyət onların özlərini tənha və atılmış hiss etmələrini, eləcə də qısqanclığı aradan qaldıra bilər (Vaiz 3:1).
HEÇ VAXT ÜMİDİNİ ÜZMƏ
Atası digər ailə üzvlərindən 20 il sonra vəftiz olan Holqer bölüşür: «Ailə üzvlərimizi sevdiyimizi və onlar üçün dua etdiyimizi göstərmək olduqca vacibdir». Krista sözünə davam edir: «Hər necə olursa-olsun, mən ərimin Yehovanın yoluna gələcəyinə və həqiqəti qəbul edəcəyinə heç vaxt ümidimi üzmürəm». Bizim imanımıza şərik olmayan qohumlarımıza həmişə müsbət yanaşmalı və ümidimizi üzməməliyik.
Məqsədimiz münasibətləri korlamamaq, onların həqiqəti dərk etmələrinə şərait yaratmaq və Müqəddəs Kitab xəbəri vasitəsilə ürəklərinə yol tapmaqdır. Və bütün bunları «həlimliklə və dərin hörmətlə» etməliyik (1 Pet. 3:15).