Ey gənclər, Yehovaya xidmət etmək istəyinizi gücləndirin!
«Cavanlıq günlərində səni Yaradanı xatırla» (VAİZ 12:1).
1. İsrailli uşaqlar nəyə təşviq olunurdular?
TƏXMİNƏN 3 500 il bundan əvvəl Yehovanın peyğəmbəri Musa İsrailin kahinlərinə və ağsaqqallarına əmr verərək demişdi: «Xalqın kişi, qadın və uşaqlarını... toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub, qanunun bütün sözlərinə dəqiq əməl etsin» (Qanun. t. 31:12). Fikir verin ki, ibadət üçün nəzərdə tutulan bu görüşlərdə kişilər və qadınlarla birlikdə uşaqlar da iştirak etməli idilər. Bəli, hətta balaca uşaqlar belə eşidib öyrənənlərin arasında olmalı və Yehovanın göstərişlərinə əməl etməli idilər.
2. Erkən məsihçi yığıncağında Yehova gənclərin qayğısına necə qalırdı?
2 Birinci əsrdə də Yehova Ondan qorxan gənclərin qayğısına qalırdı. Məsələn, O, həvari Paveli yığıncaqlara yazdığı məktublardan bəzilərinə gənclər üçün nəzərdə tutulan göstərişləri daxil etməyə ilhamlandırmışdı. (Efeslilərə 6:1; Koloslulara 3:20 ayələrini oxu.) Həmin məsləhətlərə riayət edən gənc məsihçilərin məhəbbətli səmavi Atalarına minnətdarlıqları artır və Onun xeyir-dualarını alırdılar.
3. Bu gün gənclər Yehovaya xidmət etmək istədiklərini necə göstərirlər?
3 Bəs bu gün də gənclər Yehovaya ibadət etmək üçün yığıncaq görüşlərinə dəvət olunurlarmı? Bəli, olunurlar! Buna görə də bütün dünyada bu qədər gəncin Pavelin İbranilərə 10:24, 25 ayələrindəki çağırışına ürəkdən hay verməsi Allahın xalqını sevindirir: «Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq. Bəzilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək. Amma xüsusən, o Günün yaxınlaşdığını gördüyümüz nisbətdə bir-birimizi daha çox ürəkləndirək». Bundan əlavə, bir çox uşaqlar valideynləri ilə birgə Allahın Padşahlığı haqqında xoş xəbərin təbliğində iştirak edirlər (Mat. 24:14). Yehovaya səmimi məhəbbətlərinin təzahürü kimi, hər il minlərlə gənclər vəftiz olunur və Məsihin şagirdi olmalarının sayəsində bol xeyir-dualar biçirlər (Mat. 16:24; Mark 10:29, 30).
Dəvəti yubanmadan qəbul et!
4. Allaha xidmət etmək dəvətini gənclər neçə yaşından qəbul edə bilərlər?
4 Vaiz 12:1 ayəsində deyilir: «Cavanlıq günlərində səni Yaradanı xatırla». Siz gənclər, Yehovanın Ona ibadət və xidmət etmək dəvətini qəbul etmək üçün neçə yaşında olmalısınız? Müqəddəs Yazılarda konkret yaş həddi göstərilmir. Buna görə də Yehovaya qulaq asmaq və xidmət etmək üçün hələ çox gənc olduğunuzu düşünərək tərəddüd etməyin. Yaşınızdan asılı olmayaraq, Allahın Kəlamı sizi yubanmadan bu səmimi dəvəti qəbul etməyə səsləyir.
5. Valideynlər öz övladlarına ruhən tərəqqi etməkdə necə kömək edə bilərlər?
5 Birinci əsrdə yaşamış Timotey kimi, bir çox gənclərin də həqiqətdə tərəqqi etməsinə valideynləri, yaxud onlardan biri kömək etmişdir. Körpəlikdən etibarən anası Evniki və nənəsi Loida ona müqəddəs yazıları öyrətmişdilər (2 Tim. 3:14, 15). Çox güman ki, sənin valideynlərin də səni bu cür tərbiyə edirlər: səninlə Müqəddəs Kitabı öyrənir, birgə dua edir, səni yığıncaq görüşlərinə və böyük konqreslərə, eləcə də təbliğə aparırlar. Bəli, Yehovanın qanunlarını və tələblərini sənə aşılamaq valideynlərinin Ondan aldıqları ən ümdə məsuliyyətlərdən biridir. Onların sənə göstərdikləri məhəbbət və qayğını qiymətləndirirsənmi? (Sül. məs. 23:22).
6. a) Məzmur 110:3 ayəsinə əsasən, Yehovaya necə ibadət məqbuldur? b) Biz indi nəyi nəzərdən keçirəcəyik?
6 Bununla belə, Yehova istəyir ki, uşaqlar böyüdükcə, Timotey kimi, ‘Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etsinlər’ (Rom. 12:2). Əgər belə etsən, onda sən ata-ananın arzusu ilə yox, özün Allahın iradəsini yerinə yetirmək istədiyin üçün yığıncağın fəaliyyətində iştirak edəcəksən. Əgər Yehovaya xidmətdə hazırlıq ruhu göstərsən, O sevinəcək (Məz. 110:3). Belə isə, sən Yehovaya qulaq asmaq və Onun rəhbərliyinə riayət etmək istəyini artırmağa can atdığını necə göstərə bilərsən? Gəlin bunun üç vacib üsulunu — öyrənmə, dua və davranış tərzini bir-bir nəzərdən keçirək.
Yehovanı bir Şəxsiyyət kimi tanı
7. İsa Müqəddəs Yazıları araşdırmaqda hansı nümunəni qoyub və bu işdə ona nə kömək edib?
7 Yehovaya xidmət etmək arzunu gücləndirmək istədiyini göstərməyin üsullarından biri hər gün Müqəddəs Kitabı oxumaqdır. Müntəzəm olaraq Allahın Kəlamını oxumaqla sən ruhani tələbatlarını ödəyəcək və ondan dəqiq qiymətli biliklər əldə edəcəksən (Mat. 5:3). İsa bu sahədə gözəl nümunə qoyub. Onun 12 yaşı olanda bir dəfə valideynləri onu məbəddə tapmışdılar, o, «müəllimlərin arasında oturub onları dinləyir, suallar verirdi» (Luka 2:44—46). Hələ balaca olsa da, artıq onun Müqəddəs Yazılara marağı və onları anlamağa güclü istəyi vardı. Onda bu istək haradan idi? Şübhəsiz ki, anası Məryəmin və ögey atası Yusifin bunda böyük rolu olmuşdu. Onlar Allahın xidmətçisi idilər və lap körpə yaşlarından İsaya Allah barədə öyrədirdilər (Mat. 1:18—20; Luka 2:41, 51).
8. a) Valideynlər Allahın Kəlamına məhəbbəti uşaqlarına nə zaman aşılamağa başlamalıdırlar? b) Uşaqları körpəlikdən öyrətməyin vacibliyini göstərən nümunə danışın.
8 Allah qorxusu olan bugünkü valideynlər də Müqəddəs Kitab həqiqətlərinə məhəbbəti övladlarına körpə yaşlarından aşılamağın vacibliyini dərk edirlər (Qanun. t. 6:6—9). Rubi adlı bacımız ilk övladı Cozef dünyaya gələn kimi belə də etməyə başladı. O, hər gün oğluna «Müqəddəs Kitab hekayələri» kitabını oxuyurdu. Cozef böyüdükcə anası ona müxtəlif ayələri əzbərləməyə kömək edirdi. Bu cür təlimin Cozefə bir faydası dəydimi? O, danışmağa başlayandan qısa müddət sonra artıq bir çox Müqəddəs Kitab hekayələrini öz sözləri ilə danışırdı. Beş yaşı olanda isə Teokratik Xidmət Məktəbində ilk dəfə tapşırıqla çıxış etdi.
9. Nəyə görə Müqəddəs Kitabı oxuyub üzərində düşünmək çox vacibdir?
9 Siz gənclər daima ruhən tərəqqi etmək üçün Müqəddəs Kitabı hər gün oxumağı vərdiş etməli və bu vərdişi yeniyetməlik dövründə və böyüyəndə də qoruyub saxlamalısınız (Məz. 71:17). Bəs nəyə görə Müqəddəs Kitabı oxumaq sənə tərəqqi etməkdə kömək edəcək? İsanın Atasına duada dediyi sözlərə diqqət yetir: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı... tanısınlar» (Yəh. 17:3). Yehova haqda bilik əldə etdikcə O, sənin üçün daha real olacaq və Ona olan məhəbbətin artacaq (İbr. 11:27). Buna görə də hər dəfə Müqəddəs Kitabdan bir parça oxuyanda Yehova haqda daha çox öyrənməyə çalış. Özündən soruş: «Bu ayələrdən Yehovanın Şəxsiyyəti barədə nə öyrəndim? Müqəddəs Kitabın bu parçası Allahın məni sevdiyini və qayğıma qaldığını necə göstərir?» Bu kimi sualların üzərində düşünmək üçün vaxt ayırmaq sənə Yehovanın düşüncə tərzini və hansı hissləri keçirdiyini, həmçinin səndən nə tələb etdiyini öyrənməyə kömək edəcək. (Süleymanın məsəlləri 2:1—5 ayələrini oxu.) Gənc Timotey kimi, sən də Müqəddəs Yazılardan öyrəndiklərinə ‘əmin olacaq’ və Yehovaya ürəkdən ibadət etmək istəyəcəksən (2 Tim. 3:14).
Dua sənin Yehovaya məhəbbətini necə artırır?
10, 11. Duaların Allaha xidmət etmək arzunu necə artıra bilər?
10 Yehovaya ürəkdən xidmət etmək arzunu artırmağın digər üsulu duadır. Məzmur 65:2 ayəsində oxuyuruq: «Ey duaları eşidən, bütün bəşər hüzuruna gələcək». Hətta Yehova İsrail xalqı ilə əhddə olduğu dövrlərdə belə məbədə gələn yadellilər Ona duada müraciət edə bilərdilər (1 Pad. 8:41, 42). Allah üzgörən deyil. Onun əmrlərinə tabe olanları Müqəddəs Kitab əmin edir ki, Allah onları eşidəcək (Sül. məs. 15:8). Əlbəttə, «bütün bəşər» deyildikdə gənclər də nəzərdə tutulur.
11 Bildiyimiz kimi, əsil dostluğun təməlində yaxşı ünsiyyət durur. Ola bilsin, sən fikirlərini, hisslərini və səni narahat edən şeyləri yaxın dostunla bölüşməyi xoşlayırsan. Buna bənzər tərzdə, ürəkdən dua edəndə sən Dahi Yaradanınla ünsiyyət edirsən (Filip. 4:6, 7). Ən məhrəm hisslərini əziz ata-anan və ya yaxın dostunla bölüşdüyün kimi, duada Yehova ilə də bölüş. Yehovaya necə dua etməyinlə Ona bəslədiyin hisslər bir-birilə sıx əlaqəlidir. Sən görəcəksən ki, Yehova ilə dostluğun nə qədər möhkəm olsa, bir o qədər də duaların mənalı olacaq.
12. a) Nəyə görə mənalı dua özünə yalnız sözləri daxil etmir? b) Yehovanın sənə yaxın olduğuna necə əmin ola bilərsən?
12 Amma unutma ki, mənalı dua sadəcə sözlərdən ibarət deyil. Buraya sənin ən dərin hisslərin də daxildir. Dualarında Yehovaya bəslədiyin coşqun məhəbbətini, dərin ehtiramını ifadə et və Ona tamamilə arxalandığını göstər. Yehovanın dualarına cavab verdiyini görəndə həmişəkindən daha çox əmin olacaqsan ki, Yehova «Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır» (Məz. 145:18). Bəli, Yehova sənə yaxın olacaq, İblisə qarşı durmağın və həyatda düzgün qərarlar verə bilməyin üçün səni möhkəmləndirəcək. (Yaqub 4:7, 8 ayələrini oxu.)
13. a) Allahla dostluq bir bacıya necə kömək edib? b) Allahla dostluq həmyaşıdlarının təzyiqlərinin öhdəsindən gəlməkdə sənə necə kömək edir?
13 Gəlin Şerinin Yehova ilə yaxın münasibətdən necə güc əldə etdiyinə diqqət yetirək. Orta məktəbdə əla oxuduğu və idmanda yaxşı nailiyyətlər əldə etdiyi üçün o, çoxlu mükafatlar almışdı. Məktəbi bitirdikdən sonra Şeriyə təqaüd təklif olundu, bunun da sayəsində onun ali təhsil almaq imkanı yarandı. «Bu təklif mənim üçün əsil sınaq idi,— deyə Şeri qeyd edir. — İdman müəllimlərim və sinif yoldaşlarım güclü təzyiq göstərirdilər ki, onu qəbul edim». Lakin Şeri anlayırdı ki, əgər təhsilini davam etdirmək qərarına gəlsə, vaxtının çoxu oxumağa və idman yarışlarına hazırlaşmağa gedəcək, Yehovaya xidmət üçün isə çox az vaxt qalacaq. Şeri nə etmək qərarına gəldi? O deyir: «Yehovaya dua etdikdən sonra təqaüddən imtina etdim və daimi pioner xidmətinə başladım». Artıq beş ildir ki, o, pioner kimi xidmət edir. «Mən peşman deyiləm,— deyə Şeri davam edir. — Qərarımın Yehovaya məqbul olduğunu bilmək mənə sevinc gətirir. Həqiqətən də, insan Allahın Padşahlığını birinci yerə qoyanda qalan hər şey əlavə olaraq verilir» (Mat. 6:33).
Sənin yaxşı davranışın ‘qəlbinin təmiz’ olduğunu göstərir
14. Nəyə görə sənin təmiz davranış tərzin Yehovanın gözündə vacibdir?
14 Yehovaya ürəkdən xidmət etdiyini göstərməyin üçüncü üsulu davranış tərzidir. Yehova əxlaqi təmizliklərini qoruyub saxlayan gəncləri xeyir-dualandırır. (Məzmur 24:3—5 ayələrini oxu.) Gənc Şamuel baş kahin Elinin əxlaqsız həyat tərzi sürən oğullarının yolu ilə getmədi. Müqəddəs Kitabdan göründüyü kimi, onun təmiz davranış tərzi nəzərdən qaçmadı: «Kiçik Şamuel isə getdikcə böyüyür, Rəbbin və insanların gözündə hörmət qazanırdı» (1 Şam. 2:26).
15. Səni düzgün davranmağa təşviq edən səbəblərdən bəziləri hansılardır?
15 Biz xudbin, təkəbbürlü, valideynlərinə itaət etməyən, nankor, qüdsiyyətdən məhrum, azğın, rəhmsiz, məğrur, zövqü Allahdan çox sevən insanların çoxluq təşkil etdiyi bir dünyada yaşayırıq — bunlar Pavelin sadaladığı xüsusiyyətlərin hələ hamısı deyil (2 Tim. 3:1—5). Pis mühitdə yaşaya-yaşaya nümunəvi davranış tərzini qoruyub saxlamaq çox çətin ola bilər. Amma sən hər dəfə düz davranmaqla və yanlış hərəkətdən qaçmaqla ali hökmranlıq məsələsində Yehovanın tərəfində olduğunu sübut edirsən (Əyy. 2:3, 4). Yehovanın Süleymanın məsəlləri 27:11 ayəsindəki səmimi dəvətinə hay verməyin də sənə dərin məmnunluq gətirir: «Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana cavab verə bilərəm». Bundan əlavə, Yehovanın səndən razı qaldığını bilməyin də Ona xidmət etmək istəyini möhkəmləndirəcək.
16. Bir bacı Yehovanın qəlbini necə sevindirmişdi?
16 Kerol adlı bacımız yuxarı siniflərdə oxuyanda Müqəddəs Kitab prinsiplərinə bağlı qalırdı və onun yaxşı davranışı insanların nəzərindən yayınmadı. Kerol hansı çətinliklərlə üzləşirdi? Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanı bayramlarda və vətənpərvərlik mərasimlərində iştirak etməyə yol vermədiyi üçün sinif yoldaşları onu ələ salırdılar. Belə hallarda bəzən onun öz imanını başqalarına izah etmək imkanı yaranırdı. Çox illər sonra Kerol keçmiş sinif yoldaşından bir açıqca aldı. Orada deyilirdi: «Çoxdandır səninlə görüşmək və öz minnətdarlığımı bildirmək istəyirəm. Sənin davranış tərzin və gənc məsihçi kimi verdiyin gözəl nümunə, həmçinin bayramlara qarşı tutduğun cəsarətli mövqe mənə güclü təsir bağışladı. Tanıdığım ilk Yehovanın Şahidi sən olmusan». Kerolun nümunəsi sinif yoldaşına o qədər dərin təəssürat bağışlamışdı ki, sonradan o, Müqəddəs Kitabı öyrənməyə başladı. Kerola yazdığı açıqcada o, 40 ildən çoxdur ki, Yehovanın vəftiz olunmuş Şahidi olduğunu qeyd edirdi. Kerol kimi, siz gənclər də cəsarətlə Müqəddəs Kitab prinsiplərinə əməl etməklə səmimi insanları Yehova haqda öyrənməyə təşviq edə bilərsiniz.
Yehovanı izzətlətləndirən gənclər
17, 18. a) Yığıncağınızdakı gənclər haqda nə deyə bilərsiniz? b) Allahdan qorxan gəncləri hansı gələcək gözləyir?
17 Biz çox şadıq ki, Yehovanın ümumdünya təşkilatında bizimlə birgə minlərlə gənclər həqiqi Allaha ibadət edir! Bu gənc oğlan və qızlar Müqəddəs Kitabı hər gün oxumaqla, dua etməklə və Allahın iradəsinə uyğun yaşamaqla Yehovaya ibadət etmək istəklərini gücləndirirlər. Bu nümunəvi gənclərin valideynləri və Allahın bütün xidmətçiləri onlara baxıb fərəhlənir (Sül. məs. 23:24, 25).
18 Allahın vəd etdiyi yeni dünyaya daxil olanların arasında gənclər də olacaq (Vəhy 7:9, 14). Yehovaya minnətdarlıqları artdıqca onlar orada çoxlu gözəl xeyir-dualar alacaq və onların Allaha əbədiyyət boyu həmd etmək imkanları olacaq (Məz. 148:12, 13).
İzah edə bilərsinizmi?
• Bu gün gənclərin həqiqi ibadətdə iştirak etmələri üçün nə tələb olunur?
• Müqəddəs Kitabı oxumaqdan fayda əldə etmək üçün nəyə görə onun üzərində düşünmək vacibdir?
• Dualar sənə Yehovaya yaxınlaşmağa necə kömək edə bilər?
• Məsihçinin gözəl davranışı hansı bəhrələr verə bilər?
[5-ci səhifədəki şəkil]
Müqəddəs Kitabı hər gün oxumağa vərdiş etmisənmi?