TƏLİM MƏQALƏSİ 18
Məsihlə bağlı şübhələri aradan qaldırın
«Mənimlə bağlı şübhələrə qapılmayan nə xoşbəxtdir!» (MƏT. 11:6).
NƏĞMƏ 54 «Yol budur»
İCMALa
1. Müqəddəs Kitabdakı təlimləri ilk dəfə başqalarına danışanda gözləmədiyiniz hansı münasibətlə üzləşmisiniz?
HƏQİQƏTİ tapdığınızı ilk anladığınız vaxtlar yadınızdadır? Müqəddəs Kitabdakı təlimlər sizə gün kimi aydın idi. Sizə elə gəlirdi ki, bunu hər kəs qəbul edəcək, nəticədə, həyatları yaxşılığa doğru dəyişəcək və gələcəyə gözəl ümidləri olacaq (Zəb. 119:105). Buna görə də həqiqəti tapdığınızı böyük şövqlə dost-tanışınızla və qohumlarınızla bölüşürdünüz. Bəs onlar buna necə münasibət göstərdilər? Heç də hər şey gözlədiyiniz kimi olmadı, çoxları danışdıqlarınızı qəbul etmədi.
2, 3. İsanın dövründə əksər insanlar ona necə yanaşırdı?
2 Təbliğ etdiyimiz xoş xəbəri insanlar qəbul etməyəndə təəccüblənməməliyik. İsa Allahdan gəldiyinə dəlalət edən möcüzələr göstərsə də, çoxları onu qəbul etmədi. Misal üçün, o, İlazəri diriltmişdi. Bu, elə möcüzə idi ki, onun əleyhdarları bunu dana bilməzdi. Bununla belə, yəhudi din rəhbərləri İsanı Məsih kimi qəbul etmədi. Üstəlik, onlar İsanı və İlazəri öldürmək istəyirdilər (Yəh. 11:47, 48, 53; 12:9—11).
3 İsa bilirdi ki, əksər insanlar onun Məsih olduğuna inanmayacaq (Yəh. 5:39—44). O, Vəftizçi Yəhyanın şagirdlərinə demişdi: «Mənimlə bağlı şübhələrə qapılmayanb nə xoşbəxtdir!» (Mət. 11:2, 3, 6). Nəyə görə çoxları İsanı qəbul etmirdi?
4. Bu məqalədə nəyi araşdıracağıq?
4 Bu və növbəti məqalədə birinci əsrdəki əksər insanların İsaya iman gətirməmələrinin bir neçə səbəbini araşdıracağıq. Həmçinin görəcəyik ki, şübhələr çoxlarına müjdəni qəbul etməyə necə mane olur. Ən vacibi isə öyrənəcəyik ki, İsaya imanımızın güclü olması üçün hansı əsaslarımız var. Bunlar bizə şübhələrə qapılmamağa kömək edəcək.
1) İSANIN ƏSİL-NƏCABƏTİ
5. Nəyə görə çoxları İsanın vəd olunmuş Məsih olduğunu qəbul etmirdi?
5 İnsanlar İsanın dahi müəllim olduğunu, möcüzələr göstərdiyini inkar etmirdi. Amma onların zənnincə, o, adi dülgər oğlu idi. Üstəlik, o, Nasirədən idi, insanlar isə bu şəhərə xor baxırdılar. Hətta sonradan İsanın şagirdi olan Natanail belə demişdi: «Heç Nasirədən də fərli bir şey çıxar?» (Yəh. 1:46). Görünür, Natanail İsanın həmin vaxt yaşadığı şəhəri bəyənmirdi. Ola bilsin, o, Mikə 5:2 ayəsindəki peyğəmbərlikdən bilirdi ki, Məsih Nasirədə yox, Beytləhmdə doğulmalıdır.
6. İnsanlara İsanın Məsih olduğunu qəbul etməyə nə kömək edə bilərdi?
6 Allahın Kəlamında nə deyilir? Əşiya peyğəmbərlik etmişdi ki, İsanın düşmənləri Məsihin əsil-nəcabəti ilə maraqlanmayacaq (Əşy. 53:8). Məsihlə bağlı hər şey təfsilatı ilə peyğəmbərlik olunmuşdu. Əgər onlar vaxt ayırıb, faktları araşdırsaydılar, görərdilər ki, İsa Beytləhmdə anadan olub və Davud padşahın nəslindən gəlib (Luka 2:4—7). Deməli, İsa Mikə 5:2 ayəsindəki peyğəmbərlikdə adı çəkilən şəhərdə dünyaya gəlmişdi. Bəs onda problem nə idi? İnsanlar tez-tələsik qərar vermişdilər. Onlar bütün faktları araşdırmamışdılar, buna görə də şübhəyə qapıldılar.
7. Nəyə görə bu gün çoxları Yehovanın xalqını qəbul etmir?
7 Bəs bizim dövrdə bu cür problem var? Bəli. Yehovanın Şahidlərinin əksəriyyəti adi, sıravi insanlardır. Buna görə də çoxları onlara «savadsız, sadə» adamlar kimi baxır (Həv. 4:13). Bəziləri fikirləşir ki, Yehovanın Şahidləri hansısa tanınmış dini məktəbdə təhsil almadıqları üçün Müqəddəs Kitabı öyrədə bilməzlər. Digərləri Yehovanın Şahidlərinin Amerika təriqəti olduğunu iddia edir. Halbuki onların sadəcə yeddisindən biri Amerikada yaşayır. Bir başqaları isə eşidib ki, Yehovanın Şahidləri İsanı qəbul etmir. İllər ərzində onlara «kommunist», «Amerika casusu» və «ekstremist» damğası vurublar. Bu cür uydurmalara inanan insanlar Yehovanın Şahidləri ilə bağlı düz məlumatları ya yoxdur, ya da bunu qəbul etmək istəmirlər. Bu da onlara Yehovanın xalqının sırasına qoşulmağa mane olur.
8. Həvarilərin işləri 17:11 ayəsinə əsasən, Allahın xalqının kim olduğunu bilmək istəyənlər nə etməlidir?
8 Şübhələrə qapılmamaq üçün nə etmək lazımdır? Faktları araşdırmaq. Müjdə yazarı Luka da belə edirdi. O, var gücü ilə çalışırdı ki, «hər şeyi lap başdan dəqiqliklə» araşdırsın. O istəyirdi ki, onun Müjdəsini oxuyanlar İsa barədə eşitdikləri şeylərin «doğruluğuna tam əmin» olsunlar (Luka 1:1—4). Qədim Veriyada yaşayan yəhudilər də Luka kimi davranırdı. Onlar ilk dəfə İsa haqda müjdəni eşidəndə eşitdiklərinin Tövratda yazılanlarla uyğun gəlib-gəlmədiyini araşdırdılar. (Həvarilərin işləri 17:11 ayəsini oxuyun.) Eynilə, bu gün də insanlar faktları araşdırmalıdır. Allahın xalqının öyrətdikləri ilə Müqəddəs Kitabda yazılanları tutuşdurmalıdırlar. Həmçinin Yehovanın xalqının müasir dövrdəki fəaliyyəti ilə yaxşı tanış olmalıdırlar. Əgər onlar Yehovanın xalqının tarixçəsini araşdırsalar, qərəzli fikirlərə və şayiələrə aldanmayacaqlar.
2) İSA MƏSİH OLDUĞUNU MÖCÜZƏLƏRLƏ SÜBUT ETMƏDİ
9. İsa göydən əlamətlər göstərməyəndə insanlar nə etdi?
9 İsanın öyrətdiyi möhtəşəm təlimlər bəzilərini qane etmirdi, onlar daha artığını istəyirdilər. Onlar İsadan tələb edirdilər ki, Məsih olduğunu sübut etmək üçün «göydən bir əlamət» göstərsin (Mət. 16:1). Görünür, onlar Dənyal 7:13, 14 ayələrində yazılanları səhv başa düşmüşdülər. Yehova bu peyğəmbərliyin həmin vaxt yerinə yetməsini nəzərdə tutmamışdı. İsanın öyrətdiyi təlimlər onun Məsih olduğuna inanmaları üçün kifayət etməli idi. Amma İsa onların istədiyi əlamətləri göstərməyəndə ondan üz döndərdilər (Mət. 16:4).
10. Əşiyanın Məsihlə bağlı peyğəmbərliyi İsanın üzərində necə yerinə yetdi?
10 Allahın Kəlamında nə deyilir? Əşiya peyğəmbər İsa barədə demişdi: «O qışqırmayacaq, səsini qaldırmayacaq. Küçədə səsi eşidilməyəcək» (Əşy. 42:1, 2). İsa xidmətini təvazökarlıqla icra edirdi və diqqəti özünə çəkməyə çalışmırdı. O, təmtəraqlı məbədlər tikmirdi, xüsusi dini paltarlar geyinmirdi və ona dini titullarla müraciət olunmasını tələb etmirdi. Həyatı təhlükə altında olsa da, o, padşah Hirodda təəssürat yaratmaq üçün möcüzə göstərmədi (Luka 23:8—11). Düzdür, İsa möcüzələr göstərmişdi, amma o, əsas diqqətini xoş xəbərin təbliğinə cəmləyirdi. O, şagirdlərinə demişdi: «Mən bunun üçün gəlmişəm» (Mark 1:38).
11. Bu gün bəzi insanlarda hansı yanlış təsəvvürlər var?
11 Bəs bizim dövrdə bu cür problem var? Bəli. Bu gün insanları qiymətli sənət əsərləri ilə bəzədilmiş dini binalar, nüfuzlu titulları olan din xadimləri, əksəriyyətin mənşəyini və mənasını çoxdan unutduğu təntənəli mərasimlər valeh edir. Bəs bu cür dini görüşlərə gələn insanlar Allah və Onun niyyətləri barədə nəsə öyrənirlər? Bizim ibadət görüşlərimizə gələnlər Allahın buyruqlarını və Onun iradəsinə uyğun davranmağı öyrənirlər. Həmçinin bizim ibadət evlərimiz təmiz və şəraitlidir, amma cah-calallı deyil. Rəhbərlik edən qardaşlar onları başqalarından fərqləndirən libaslar geyinmir. Həmçinin xüsusi olduqlarını göstərən titullar daşımırlar. Təlimlərimiz və inandığımız hər bir şey Allahın Kəlamına əsaslanır. Bütün bunlara baxmayaraq, çoxları bizim ibadət formamızın çox sadə olduğunu düşünüb, bölüşdüyümüz müjdəni qəbul etmir. Üstəlik, bizim öyrətdiyimizlə onların eşitmək istədikləri üst-üstə düşmür.
12. İbranilərə 11:1, 6 ayələrində izah olunduğu kimi, imanımız nəyə əsaslanmalıdır?
12 Şübhələrə qapılmamaq üçün nə etməliyik? Həvari Bulus Romada yaşayan məsihilərə demişdi: «İman insanda sözü eşidəndən sonra yaranır. Söz isə Məsih haqqında danışılanda eşidilir» (Rom. 10:17). Deməli, bizim imanımız Allahın Kəlamını araşdıranda artır, gözə nə qədər xoş görünməsindən asılı olmayaraq, Kəlama əsaslanmayan hansısa dini mərasimlərdə iştirak edəndə yox. Bizim dəqiq biliyə əsaslanan möhkəm imanımız olmalıdır, çünki iman etmədən «Allahın razılığını qazanmaq mümkün deyil». (İbranilərə 11:1, 6 ayələrini oxuyun.) Ona görə də həqiqəti tapdığımıza inanmaq üçün bizə göydən əlamət lazım deyil. Müqəddəs Kitabdakı imanı möhkəmləndirən təlimləri dəqiqliklə araşdırmaq bizdə əminlik yaratmağa və istənilən şübhələri qovmağa kifayətdir.
3) İSA YƏHUDİLƏRİN QOYDUĞU ADƏT-ƏNƏNƏLƏRƏ RİAYƏT ETMİRDİ
13. Nəyə görə çoxları İsanı qəbul etmədi?
13 Vəftizçi Yəhyanın şagirdləri görəndə ki, İsanın şagirdləri oruc tutmur, çaş-baş qalmışdılar. İsa izah etdi ki, hələ ki o, sağdır, onların oruc tutmağına ehtiyac yoxdur (Mət. 9:14—17). Amma yenə də fərisilər və İsaya qarşı çıxan digər insanlar adət-ənənələrinə riayət etmədiyi üçün İsanı mühakimə edirdilər. O, şənbə günü kimisə sağaldanda onlar qəzəblənirdilər (Mark 3:1—6; Yəh. 9:16). Bir tərəfdən onlar şənbəyə riayət etdiklərini iddia edirdilər, digər tərəfdən isə insanların məbəddə alverlə məşğul olmasına icazə verirdilər. İsa bu hərəkətlərinə görə onları ittiham edəndə qəzəbdən özlərinə yer tapa bilmirdilər (Mət. 21:12, 13, 15). Həmçinin İsa Nasirədə sinaqoqda vəz edərkən İsrail xalqının dövründə olmuş hadisələri misal çəkərək dinləyicilərin xudbinliyini və imansızlığını ifşa edəndə onlar bərk qəzəblənmişdilər (Luka 4:16, 25—30). İsanın bu cür davranması onlar üçün gözlənilməz idi və buna görə çoxları onu qəbul etmədi (Mət. 11:16—19).
14. İsa nəyə görə Müqəddəs Kitaba zidd gedən insan adət-ənənələrini mühakimə edirdi?
14 Allahın Kəlamında nə deyilir? Yehova Əşiya peyğəmbər vasitəsilə demişdi: «Bu xalq Mənə dildə yaxınlaşır, dildə Mənə hörmət edir, ürəkdə isə Məndən uzaqlaşıb. Onlara təlqin edilən Allah xofu insan əmrlərinə dayanır» (Əşy. 29:13). İsa haqlı olaraq Müqəddəs Kitaba zidd gedən insan adət-ənənələrini mühakimə edirdi. İnsanların qoyduğu qaydalara və adət-ənənələrə üstünlük verən kəslər Yehovanı və Məsih kimi göndərdiyi şəxsi inkar etdilər.
15. Bu gün insanlar Yehovanın Şahidlərində nəyi bəyənmir?
15 Bəs bizim dövrdə bu cür problem var? Bəli. Çoxlarına Yehovanın Şahidlərinin ad günü və yeni il şənliklərində, Müqəddəs Kitaba əsaslanmayan digər adət-ənənələrdə onlara qoşulmaması pis təsir edir. Həmçinin Yehovanın Şahidləri yas mərasimləri ilə bağlı Müqəddəs Kitaba zidd gedən ayinlərdə və milli bayramlarda iştirak etmirlər. Bəzilərini də bu qəzəbləndirir. Bu şeylərə görə Yehovanın Şahidlərini qəbul etməyən insanlar, ola bilsin, ürəkdən inanırlar ki, ibadətləri Allaha məqbuldur. Amma bu dünyanın adət-ənənələrini Müqəddəs Kitabda aydın yazılmış təlimlərdən üstün tutanlar Allahın razılığını qazana bilməzlər (Mark 7:7—9).
16. Zəbur 119:97, 113, 163—165 ayələrinə əsasən, biz nə etməliyik, bəs nə etməməliyik?
16 Şübhələrə qapılmamaq üçün nə etməliyik? Biz ürəyimizdə Yehovanın qanun və prinsiplərinə güclü məhəbbət yetişdirməliyik. (Zəbur 119:97, 113, 163—165 ayələrini oxuyun.) Axı ürəyimizdə Yehovaya qarşı məhəbbət olanda biz Onun bəyənmədiyi istənilən adətən-ənənələri rədd edəcəyik. Yehovaya məhəbbətimizə nəyinsə xələl gətirməsinə yol verməyəcəyik.
4) İSA SİYASİ DƏYİŞİKLİKLƏR ETMƏDİ
17. Bəziləri Məsihin nə edəcəyini düşünürdü?
17 İsanın yaşadığı dövrdə bəziləri istəyirdilər ki, o, siyasi vəziyyəti dərhal dəyişsin. Onlar ümid edirdilər ki, Məsih onları Romanın zülmündən azad edəcək. Amma İsanı padşah etmək istəyəndə o, bundan imtina etdi (Yəh. 6:14, 15). Kahinlər və digərləri isə qorxurdu ki, birdən İsa siyasi dəyişiklik edər, bu da romalıları qəzəbləndirər və onlara verdikləri səlahiyyəti əllərindən alarlar. Bu kimi siyasi məsələlərə görə çoxları İsanı qəbul etmədi.
18. Məsihlə bağlı hansı peyğəmbərliklərə əksəriyyət məhəl qoymurdu?
18 Allahın Kəlamında nə deyilir? Düzdür, bir çox peyğəmbərliklərdə yazılmışdı ki, Məsih fatehtək gələcək. Amma digər peyğəmbərliklərdə deyilmişdi ki, o, ilk öncə bizim günahlarımıza görə ölməlidir (Əşy. 53:9, 12). Bəs onda nəyə görə yəhudilərin Məsihlə bağlı yanlış təsəvvürləri var idi? Çünki çoxları onların problemlərini həmin vaxt həll olunacağını vəd etməyən peyğəmbərliklərə əhəmiyyətsiz yanaşırdılar (Yəh. 6:26, 27).
19. Bəzilərinin xoş xəbəri qəbul etməməsinin səbəbi nədir?
19 Bəs bizim dövrdə bu cür problem var? Bəli. Bu gün çoxları görəndə ki, biz siyasi məsələlərə qarışmırıq, büdrəyirlər. Onların fikrincə, biz də seçkilərdə iştirak etməliyik. Amma biz başa düşürük ki, bizi idarə etməsi üçün hansısa insana səs vermək Yehovadan imtina etmək deməkdir (1 İşm. 8:4—7). Həmçinin bəziləri düşünür ki, biz məktəblər, xəstəxanalar tikməliyik və digər xeyriyyə işləri ilə məşğul olmalıyıq. Onlar bizim bütün gücümüzü dünyanın mövcud problemlərinin həllinə yox, təbliğ işinə sərf etdiyimizi görüb müjdəni qəbul etmək istəmirlər.
20. Mətta 7:21—23 ayələrinə əsasən, biz əsas diqqətimizi nəyə yönəltməliyik?
20 Şübhələrə qapılmamaq üçün nə etməliyik? (Mətta 7:21—23 ayələrini oxuyun.) Əsas diqqətimizi İsanın bizə tapşırdığı işə cəmləməliyik (Mət. 28:19, 20). Biz yol verməməliyik ki, başımız bu dünyanın siyasi və ictimai problemlərinə qarışsın. Düzdür, insanları sevirik və onların problemlərinə görə narahat oluruq. Ancaq başa düşürük ki, insanlara kömək etməyin ən yaxşı yolu onlara Allahın Padşahlığı haqda öyrətmək və Yehova ilə dostluq münasibəti qurmağa vəsilə olmaqdır.
21. Biz nə etməyə çalışmalıyıq?
21 Bu məqalədə keçmişdə insanlara İsanın davamçısı olmağa mane olan dörd amili araşdırdıq. Bu gün də bəziləri eyni səbəblərə görə İsanın davamçılarını qəbul etmir. Növbəti məqalədə daha dörd amildən danışacağıq. Gəlin əlimizdən gələn qədər çalışaq ki, imanımızı möhkəm saxlayaq və şübhələrə qapılmayaq.
NƏĞMƏ 56 Həqiqətə bağlan
a İsa Məsih yer üzündə yaşamış ən dahi müəllim olsa da, çoxları onu qəbul etmədi. Bu məqalədə onlara əngəl olan dörd amili araşdıracağıq. Həmçinin görəcəyik ki, bu gün insanlar İsanın davamçılarını hansı sözlərinə və hərəkətlərinə görə qəbul etmir. Ən vacibi isə İsaya imanımızın güclü olması üçün hansı əsaslarımızın olduğunu öyrənəcəyik. Bunların sayəsində şübhələrə qapılmayacağıq.
b BƏZİ İFADƏLƏRİN İZAHI. Bu və növbəti məqalədə istifadə olunan şübhələrə qapılmaq və büdrəmək ifadələri o deməkdir ki, insan Məsihin ardınca getməyə ona nələrinsə əngəl olmasına yol verir.
c ŞƏKLİN İZAHI. Filip Natanailə İsa ilə görüşməyi təklif edir.
d ŞƏKLİN İZAHI. İsa müjdəni vəz edir.
e ŞƏKLİN İZAHI. İsa əleyhdarlarının gözü qabağında əli qurumuş adamı sağaldır.
f ŞƏKLİN İZAHI. İsa tək-tənha dağa qalxır.