Tək sürü, tək Çoban
«Mənim ardımca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız» (MAT. 19:28).
1. Yehova İbrahimin nəslinə necə yanaşırdı və nəyə görə demək olmaz ki, O, digər xalqlara qarşı tamamilə biganə idi?
YEHOVA İbrahimi sevirdi, buna görə də onun övladlarına tükənməz məhəbbət göstərirdi. 15 əsrdən çox vaxt ərzində O, İbrahimin nəsli olan İsrail xalqına seçilmiş, «özünə məxsus xalq» kimi yanaşırdı. (Qanunun təkrarı 7:6 ayəsini oxu.) Bu o demək idimi ki, Yehova bütün başqa xalqlara tamamilə laqeyd idi? Xeyr. O vaxtlar Yehovaya ibadət etmək istəyən qeyri-israillilər bu seçilmiş xalqa qoşula bilərdilər. Bu adamlar, yəni prozelitlər xalqın bir hissəsi sayılırdılar. Onlarla qardaş kimi rəftar edilməli idi (Lev. 19:33, 34). Həmçinin onlardan Yehovanın bütün qanunlarına riayət etmək tələb olunurdu (Lev. 24:22).
2. İsa hansı sarsıdıcı xəbəri söylədi və bundan hansı suallar yaranır?
2 Lakin İsa öz günlərində olan yəhudilərə belə bir sarsıdıcı xəbər verdi: «Allahın Səltənəti sizdən alınıb, onun meyvələrini yetişdirəcək bir xalqa veriləcəkdir» (Mat. 21:43). Bu yeni xalq kimlərdən ibarət olacaqdı və bu dəyişikliyin bu gün bizə hansı aidiyyəti var?
Yeni xalq
3, 4. a) Həvari Peter yeni xalqın kimlərdən təşkil olunduğunu necə göstərdi? b) Bu yeni xalqa kimlər daxildir?
3 Həvari Peter bu yeni xalqın kimlərdən təşkil olunduğunu aydın şəkildə göstərir. O, məsihçi həmimanlılarına yazmışdı: «Siz isə, seçilmiş nəsil, Hökmdarın kahin tayfası, müqəddəs millət, Allaha məxsus xalqsınız ki, sizi qaranlıqdan Öz valehedici nuruna Çağıranın fəzilətlərini elan edəsiniz» (1 Pet. 2:9). İsanın Məsih olduğunu qəbul edən yəhudilər həmin xalqın ilk üzvləri oldular və beləliklə Məsihin müəyyən müddət ərzində ‘bir çoxları üçün əhdi qüvvədə saxlayacağına’ dair peyğəmbərlik yerinə yetdi (Dan. 9:27a, YD; Mat. 10:6). Sonralar bir çox qeyri-yəhudilər də bu xalqa daxil oldular. Çünki Peter sözünə davam edərək demişdi: «Siz bir zamanlar xalq deyildiniz, indi isə Allahın xalqısınız» (1 Pet. 2:10).
4 Peter burada kimin haqqında danışır? Məktubunun əvvəlində o deyir: «[Allah] yenidən doğulmamızı təmin edib, bizi yaşayan bir ümidə, göylərdə sizin üçün saxlanmış, çürüməz, ləkəsiz, solmaz bir mirasa çatdırdı» (1 Pet. 1:3, 4). Beləliklə, yeni xalqa səmavi ümidə malik olan məsh olunmuş məsihçilər daxildir. Onlar ‘Allahın İsrailidir’ (Qalat. 6:16). Həvari Yəhya görüntüdə ruhani israillilərin sayının 144 000 olduğunu görmüşdü. Onlar «kahin» kimi xidmət etmək və İsa ilə ‘bərabər min il səltənət sürmək’ üçün ‘Allaha və Quzuya aid olacaqların ilki kimi insanlar arasından satın alındılar’ (Vəhy 5:10; 7:4; 14:1, 4; 20:6; Yaq. 1:18).
İsrail xalqı daha kimləri təmsil edir?
5. a) «Allahın İsraili» ifadəsi kimə aiddir? b) Nə üçün demək olar ki, «İsrail» sözü həmişə məsh olunmuşlara aid işlənmir?
5 Deməli, aydındır ki, Qalatiyalılara 6:16 ayəsində qeyd olunan «Allahın İsraili» ifadəsi yalnız və yalnız məsh olunmuş məsihçilərə aiddir. Bəs İsrail xalqının məsh olunmuşları yox, başqa məsihçiləri təmsil etdiyi hallar da olmuşdumu? İsanın sadiq həvarilərinə dediyi sözlərdən bu sualın cavabını tapmaq olar: «Atam Mənə bir səltənət tapşırdığı kimi Mən də sizə bir səltənət tapşırıram ki, Mənim Səltənətimdə süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız» (Luka 22:28—30). Bu, Məsihin minillik hökmranlığı zamanı, ‘yenilənmə’ dövründə baş verəcək. (Matta 19:28 ayəsini oxu.)
6, 7. Matta 19:28 və Luka 22:30 ayələrində yazılan ‘İsrailin on iki qəbiləsi’ ifadəsi kimlərə aiddir?
6 Minillik hökmranlıq dövründə 144 000 nəfər səmavi padşah, kahin və hakim kimi xidmət edəcək (Vəhy 20:4). Onlar kimləri mühakimə edəcək və kimlərin üzərində hökmranlıq edəcəklər? Matta19:28 və Luka 22:30 ayələrinə əsasən, onlar «İsrailin on iki qəbiləsinə» hökm edəcəklər. ‘İsrailin on iki qəbiləsi’ bu kontekstdə kimləri təmsil edir? Yer üzündə yaşamağa ümid edən — İsanın fidyə qurbanlığına iman gətirən, lakin hökmdarın kahin tayfasına daxil olmayan bütün insanları. (Levi qəbiləsi İsrailin on iki qəbiləsinin siyahısına daxil edilməmişdi.) Bu kontekstdə İsrailin on iki qəbiləsi ilə təmsil olunanlar 144 000 nəfərin kahin kimi xidmət etməsindən ruhani fayda əldə edəcək insanlardır. Kahin sinfinə daxil olmayan bu insanlar da Allahın xalqıdır. Allah onları qəbul edir və sevir. Buna görə də, Allahın onları Öz qədim xalqına bənzətməsi münasibdir.
7 Buna müvafiq olaraq, böyük məşəqqətdən əvvəl 144 000 ruhani israillinin həmişəlik möhürləndiyini gördükdən sonra həvari Yəhya «hər millətdən» olan saysız-hesabsız ‘böyük izdihamı’ da görmüşdü (Vəhy 7:9). Onlar böyük məşəqqətdən sağ çıxıb min il padşahlıq edəcək Məsihin hökmranlığı altında yaşayacaqlar. Həmin vaxt milyonlarla dirilən insanlar onlara qoşulacaqlar (Yəh. 5:28, 29; Vəhy 20:13). Bu adamların hamısı birlikdə İsanın və onun 144 000 hakimiyyət şərikinin hökm etdiyi ‘İsrailin on iki qəbiləsini’ təşkil edəcək (Həv. iş. 17:31; 24:15; Vəhy 20:12).
8. Kəffarə günündə baş verənlər 144 000 nəfərlə digər insanlar arasındakı əlaqəni necə təmsil edir?
8 Məsh olunmuş 144 000 nəfərlə digər insanlar arasındakı bu münasibət hər il keçirilən Kəffarə günündə baş verənlərlə təmsil olunurdu (Lev. 16:6—10). Baş kahin ilk növbədə «həm özü, həm də ailəsi üçün» bir buğanı günah qurbanı kimi təqdim etməli idi. Beləliklə, İsanın qurbanlığı birinci növbədə onun ailə üzvləri olan və göydə onunla birlikdə xidmət edəcək kahinlərə tətbiq olunur. Bundan başqa Kəffarə günündə digər israillilərin günahları üçün iki təkə təqdim olunurdu. Həmin təkələr kimləri təmsil edir? Kahinlər tayfasının 144 000 nəfəri təmsil etdiyi bu kontekstdə digər israillilər yer üzündə yaşamağa ümid edən insanları təmsil edir. Beləliklə, bu kontekstdə ‘İsrailin on iki qəbiləsi’ İsanın ruhdan doğulmuş qardaşlarına yox, onun fidyə qurbanlığına iman gətirən bütün insanlara aiddira.
9. Yezekelin məbəd görüntüsündə kahinlər və kahin olmayan israillilər kimləri təmsil edir?
9 Digər nümunəyə baxaq. Yezekel peyğəmbərə Yehovanın məbədi haqda ətraflı görüntü verilmişdi (Yez., 40—48-ci fəsillər). Həmin görüntüdə kahinlər təlim verərək və Yehovadan məsləhət və düzəlişlər alaraq məbəddə çalışırdılar (Yez. 44:23—31). Müxtəlif qəbilələrin üzvləri isə ibadət etmək və qurbanlar təqdim etmək üçün gəlirdilər (Yez. 45:16, 17). Bu kontekstdə kahinlər məsh olunmuşları, kahin tayfasına mənsub olmayan israillilər isə yer üzündə yaşamağa ümid edən insanları təmsil edir. Görüntü iki qrupun həmrəyliklə birgə çalışdığını və kahin sinfinin təmiz ibadətdə rəhbərliyi üzərinə götürdüyünü vurğulayır.
10, 11. a) Bu gün İsanın hansı sözlərinin yerinə yetdiyini görürük? b) Başqa qoyunlarla bağlı hansı sual meydana çıxır?
10 İsa məsh olunmuş davamçılarından ibarət «kiçik sürü» ilə eyni «ağıldan» olmayan ‘başqa qoyunlardan’ söz açmışdı (Yəh. 10:16; Luka 12:32). O demişdi: «Onları da gətirməliyəm. Mənim səsimi eşidəcəklər; və tək sürü, tək Çoban olacaqdır». Bu sözlərin yerinə yetməsini görmək insanın imanını necə də möhkəmləndirir! İki qrup insan — məsh olunmuşlardan ibarət kiçik qrup və başqa qoyunlardan ibarət böyük izdiham bir sürü şəklində birləşmişdir. (Zəkəriyyə 8:23 ayəsini oxu.) Başqa qoyunlar simvolik mənada ruhani məbədin daxili həyətində xidmət etməsələr də, həmin məbədin xarici həyətində xidmət edirlər.
11 Bəs əgər Yehova hərdən başqa qoyunları kahin sinfinə daxil olmayan İsraillilərlə təmsil edirdisə, deməli, yer üzündə yaşamağa ümid edənlər də Xatirə Gecəsindəki simvollardan qəbul etməlidirlər? İndi bu sualın cavabını araşdıracağıq.
Yeni əhd
12. Yehova hansı yeni tədbirin olacağını qabaqcadan demişdi?
12 «O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım əhd belədir: Qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq»,— sözlərini deməklə Yehova xalqı üçün yeni tədbir təsis edəcəyini qabaqcadan xəbər vermişdi (Yer. 31:31—33). Bu yeni əhd vasitəsilə Yehovanın İbrahimə verdiyi vəd birdəfəlik və möhtəşəm surətdə yerinə yetəcəkdi. (Yaradılış 22:18 ayəsini oxu.)
13, 14. a) Yeni əhdin iştirakçıları kimlərdir? b) Bu əhddən kimlər faydalanır və onlar yeni əhdə necə ‘itaət edirlər’?
13 İsa ölümündən qabaqkı gecə bu yeni əhdə istinad edərək demişdi: «Bu kasa Mənim sizin üçün tökülən qanımla gerçəklənən Əhdi-Cədiddir» (Luka 22:20; 1 Kor. 11:25). Məsihçilərin hamısımı yeni əhdə daxildir? Xeyr. Bəziləri həmin axşam o kasadan içən həvarilər kimi yeni əhdin iştirakçılarıdırb. İsa isə Padşahlıqda birlikdə idarə etmək üçün onlarla başqa bir əhd də bağladı (Luka 22:28—30). Onlar İsa ilə birlikdə Padşahlıqda olacaqlar (Luka 22:15, 16).
14 Bəs yer üzündə, həmin Padşahlığın hakimiyyəti altında yaşayacaq insanlar haqda nə demək olar? Onlar yeni əhddən faydalananlardır (Qalat. 3:8, 9). Onlar iştirakçı olmasalar da, tələblərinə riayət etməklə bu əhdə ‘itaət edirlər’. Bu haqda Yehova Yeşaya peyğəmbər vasitəsilə deyir: «Rəbbə xidmət etmək, Onun adını sevmək, Onun qulu olmaq üçün şənbə gününə riayət edən, o günü murdarlamayan, əhdimə itaət edən, Rəbbə bel bağlayan bütün yadelliləri Müqəddəs dağıma gətirib dua evimdə sevindirəcəyəm». Sonra Yehova əlavə edir: «Çünki Mənim evim bütün xalqlar üçün dua evi adlandırılacaq» (Yeşaya 56:6, 7).
Simvollardan kimlər qəbul etməlidir?
15, 16. a) Həvari Pavel yeni əhdi nə ilə əlaqələndirir? b) Nə üçün yer üzündə yaşamağa ümid edənlər Xatirə Gecəsindəki simvollardan qəbul etməməlidirlər?
15 Yeni əhdə daxil olanların ‘ən Müqəddəs Yerə girməyə cəsarəti vardır’. (İbranilərə 10:15—20 ayələrini oxu.) Onlar ‘sarsılmaz Səltənətə nail’ olacaq kəslərdir (İbr. 12:28). Beləliklə, yalnız İsa ilə birliklə göydə padşah və kahin kimi xidmət edəcək şəxslər yeni əhdi təmsil edən ‘kasadan’ içməlidirlər. Yeni əhdin iştirakçısı olan bu məsihçilər Quzuya nişanlanıblar (2 Kor. 11:2; Vəhy 21:2, 9). Hər il qeyd olunan Xatirə Gecəsinə gələn başqa məsihçilər isə simvollardan qəbul etmir, mərasimi hörmətcil şəkildə müşahidə edirlər.
16 Həmçinin Pavel də yer üzündə yaşamağa ümid edənlərin Xatirə Gecəsində simvollardan qəbul etməli olmadığını başa düşməyə bizə kömək edir. O, məsh olunmuş məsihçilərə demişdi: «Çünki bu çörəyi yediyiniz və bu kasadan içdiyiniz hər zaman, siz Rəbbin ölümünü O gəlincəyədək elan etmiş olursunuz» (1 Kor. 11:26). İsa Məsih nə zaman ‘gəlir’? Məsh olunmuş gəlin sinfinə aid olan axırıncı məsihçiləri səmavi evinə aparanda (Yəh. 14:2, 3). Deməli, Rəbbin axşam yeməyi daima qeyd olunmayacaq. Nə qədər ki, qadının nəslinə daxil olanların hamısı səmavi mükafatlarını almayıblar, onların yer üzündə qalanları bu simvollardan qəbul etməyə davam edəcək (Vəhy 12:17). Amma yer üzündə yaşayacaq insanlar simvollardan qəbul etməli olsaydı, onda gərək Xatirə Gecəsi əbədiyyən qeyd ediləydi.
‘Onlar Mənim xalqım olacaq’
17, 18. Yezekel 37:26, 27 ayələrində yazılmış peyğəmbərlik necə yerinə yetir?
17 Yehova xalqı arasında birlik olacağını növbəti sözlərlə qabaqcadan bildirmişdi: «Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq. Onları orada yerləşdirəcək və saylarını çoxaldacağam. Müqəddəs məkanımı əbədi olaraq onların arasında quracağam. Mənim məskənim onların arasında olacaq. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» (Yez. 37:26, 27).
18 Allahın xalqının bütün üzvləri bu möhtəşəm vədin, sülh əhdinin yerinə yetməsindən fayda əldə edə bilərlər. Bəli, Yehova bütün itaətkar xidmətçilərinin sülhdə olacağına zəmanət verir. Allahın ruhunun səmərəsi onların arasında özünü aydın büruzə verir. Burada Onun saf məsihçi ibadətini təsvir edən müqəddəs məkanı onların arasındadır. Onlar həqiqətən də Allahın xalqıdır, çünki bütpərəstliyin bütün növlərini rədd edib yalnız Yehova Allaha ibadət edirlər.
19, 20. Yehovanın «Mənim xalqım» adlandırdığı insanların sırasına kimlər daxildir və yeni əhd sayəsində nə mümkün olmuşdur?
19 Bizim günlərimizdə bu iki qrupun bir sürüdə birləşməsinin şahidi olmaq insanı həqiqətən də vəcdə gətirir. Sayı daima artan böyük izdiham göydə yaşamağa ümid etməsə də, bu ümidə malik olanlarla əməkdaşlıq etməkdən qürur duyur. Onlar Allahın İsrailinə qoşularaq Yehovanın «Mənim xalqım» adlandırdığı insanların sırasına daxil olublar. Məhz həmin insanların üzərində bu peyğəmbərlik yerinə yetir: «O gün çoxlu millətlər Rəbbə bağlanacaq və Mənim xalqım olacaq. O zaman aranızda yaşayacağam». (Zək. 2:11; 8:21; Yeşaya 65:22; Vəhy 21:3, 4 ayələrini oxu.)
20 Bütün bunların həyata keçməsi yeni əhdin sayəsində mümkün olmuşdur. Müxtəlif millətlərdən olan milyonlarla insan Yehovanın sevimli xalqının üzvləri olmuşdur (Mik. 4:1—5). Onlar tələblərinə riayət etməklə əhdə bundan sonra da itaət etməyə qəti qərarlıdırlar (Yeşaya 56:6, 7). Belə etməklə onlar Allahın İsraili ilə birlikdə daim xeyir-dua alıb sülh içində yaşayırlar. Arzumuz budur ki, siz də indi və əbədiyyən bu xeyir-duaları alanların içində olasınız!
[Haşiyələr]
a Buna bənzər tərzdə məsh olunmuşlar haqqında əsasən ‘yığıncaq’ (YD) kimi danışılır (İbr. 12:23). Lakin ‘yığıncaq’ sözü həmçinin başqa məna da kəsb edə bilər. O, hansı ümidə malik olmalarından asılı olmayaraq, bütün məsihçilərə aid oluna bilər. («Gözətçi Qülləsi» jurnalının 2007-ci il 1 may sayının, 9—11-ci səhifələrinə bax.)
b İsa həmin əhdin iştirakçısı yox, Vasitəçisidir. Görünür, bir Vasitəçi kimi o, simvollardan qəbul etməmişdi.
Yadınızdadırmı?
• 144 000 nəfərin hökm edəcəyi «İsrailin on iki qəbiləsinə» kimlər daxildir?
• Məsh olunmuşların yeni əhddə oynadığı rol nədən ibarətdir və başqa qoyunlar yeni əhddən necə faydalanırlar?
• Xatirə Gecəsindəki simvollardan bütün məsihçilər qəbul etməlidirlərmi?
• Bizim günlərimizdə hansı birliyin olacağı peyğəmbərlik edilmişdi?
[25-ci səhifədəki hesabat/şəkil]
(Mətnə nəşrdə bax)
Çoxlu sayda insan indi Allahın İsraili ilə birlikdə xidmət edir
7,313,173
4,017,213
1,483,430
373,430
1950 1970 1990 2009