Məsih haqqında peyğəmbərliklər
YƏHUDİ xalqı Yeşayanın və digər peyğəmbərlərin Məsih haqqında yazdıqlarını bilərək, uzun müddət ərzində onun gəlişini gözləmişdilər. İsanın günlərində də bir çox yəhudilərin «gözü yolda» idi ki, tezliklə Məsih zühur edəcək (Luka 3:15). Maraqlıdır ki, Müqəddəs Kitab peyğəmbərliklərinə Məsihin həyatı ilə bağlı qeyri-adi təfsilatlar daxildir. Adi insan nə bu hadisələri qabaqcadan deyə bilərdi, nə də onların İsanın üzərində həyata keçməsinə təsir edə bilərdi.
Məsihin doğulması ilə bağlı təfərrüatlar. Yeşaya qabaqcadan xəbər vermişdi ki, Məsih bakirə qızdan doğulacaq. İsanın möcüzəli şəkildə doğulmasını təsvir etdikdən sonra həvari Matta yazmışdır: «Bütün bunlar, Rəbbin peyğəmbər vasitəsilə söylədikləri yerinə yetsin deyə baş verdi: “Budur, bakirə qız boylu qalacaq, bir Oğul doğacaq”» (Matta 1:22, 23; Yeşaya 7:14). Yeşaya həm də demişdi ki, Məsih Davudun nəslindən gələcək, o, hətta Davudun atası Yesseyin adını da çəkmişdi. İsa həqiqətən də Davudun nəslindən gəldi (Matta 1:6, 16; Luka 3:23, 31, 32). Buna görə də, İsanın doğulmasından əvvəl Cəbrayıl mələk onun anası Məryəmə dedi: «Allah Ona atası Davudun taxtını verəcəkdir» (Luka 1:32, 33; Yeşaya 11:1-5, 10; Romalılara 15:12).
Məsihin həyatı ilə bağlı təfərrüatlar. Artıq yetkinlik yaşına çatmış İsa sinaqoqda, növbəti sözlər də daxil olmaqla, Yeşayanın peyğəmbərliyini uca səslə oxudu: «Rəbbin Ruhu üzərimdədir, çünki yoxsullara Müjdəni bildirmək üçün O Məni məsh etdi». Peyğəmbərliyi özünə şamil edərək İsa dedi: «Eşitdiyiniz bu Yazı bu gün icra edildi» (Luka 4:17-21; Yeşaya 61:1, 2). Yeşaya, həmçinin xəbər vermişdi ki, İsa sağalmağa ehtiyacı olanlarla xeyirxahlıqla, həlimlik və təvazökarlıqla rəftar edəcək. Matta yazır: «Onun ardınca çox adam getdi və İsa onların hamısını sağaltdı. Amma onlara möhkəm tapşırdı ki, Onun kim olduğunu bilməsinlər; ta ki, Yeşaya peyğəmbər vasitəsilə söylənən söz yerinə yetsin... “O, nə mübahisə və nə də fəryad edəcəkdir... Əzilmiş qamışı qırmayacaq”» (Matta 8:16, 17; 12:10-21; Yeşaya 42:1-4; 53:4, 5).
Məsihin iztirabları ilə bağlı təfərrüatlar. Yeşaya peyğəmbərlik etmişdi ki, İsraildə əksəriyyət Məsihi qəbul etməyəcək, əksinə, o, çoxları üçün «büdrəmə daşı» olacaq (1 Peter 2:6-8; Yeşaya 8:14, 15). Doğrudan da, İsanın bir çox möcüzələr göstərməsinə baxmayaraq, insanlar «ona iman etmirdilər. Bütün bunlar Yeşaya peyğəmbərin: “Ya Rəbb, verdiyimiz xəbərə kim inandı?”... kəlamı yerinə yetsin deyə oldu» (Yəhya 12:37, 38; Yeşaya 53:1). Yəhudilərin İsaya Məsih kimi iman gətirməmələrinin səbəblərindən biri, yanlış olsa da, geniş yayılan bir fikir idi: onlar elə düşünürdülər ki, Məsih xalqı Roma müstəmləkəçiliyindən dərhal azad edəcək və yer üzündə Davudun müstəqil padşahlığını bərpa edəcək. İsa əzab çəkdiyi və öldüyü üçün yəhudilərin çoxu onu Məsih kimi qəbul etmədilər. Lakin, əslində, Yeşaya Məsihin padşah olmazdan əvvəl iztirablar çəkəcəyini demişdi.
«Yeşaya» kitabında Məsihin peyğəmbərlik sözləri yazılıb: «Məni döyənlər üçün belimi açdım... Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim». Matta İsanın məhkəməsi vaxtı baş verənləri xəbər verir: «O zaman üzünə tüpürüb Ona yumruq vurdular; bəziləri də... üzünə sillə vururdular» (Yeşaya 50:6; Matta 26:67, 68). Yeşaya yazmışdı: «O iztirab çəkdi, amma ağzını açmadı». Buna müvafiq olaraq, Pilat İsadan yəhudilərin ittihamları barədə soruşanda, İsa ‘onun heç bir sözünə cavab vermədi, vali son dərəcədə təəccübləndi’ (Yeşaya 53:7; Matta 27:12-14; Həvarilərin işləri 8:28, 32-35).
Məsihin ölümü ilə bağlı təfərrüatlar. Yeşayanın peyğəmbərliyi yalnız İsa öləndə deyil, sonra da yerinə yetirdi. Yeşaya demişdi: «Qəbri pis adamların yanında quruldu, dövlətli adamın yanında dəfn olundu» (Yeşaya 53:9). Ziddiyyətli kimi görünən bu peyğəmbərlik necə yerinə yetdi? İsa iki quldurun arasında edam olundu (Matta 27:38). Ancaq sonra Yusif adlı zəngin bir arimateyalı İsanın cəsədini özünün yeni oyulmuş qəbrinə qoydu (Matta 27:57-60). Və nəhayət, İsanın ölümü ilə Yeşayanın ən vacib peyğəmbərliklərindən biri yerinə yetmiş oldu. Yeşaya Məsih haqqında yazır: «Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, onların şər əməllərinin yükünü üzərinə götürəcək». Doğrudan da, İsanın ölümü fidiyəni təmin etdi ki, bütün sadiq insanların üzərindən günahın yükü götürülsün (Yeşaya 53:8, 11; Romalılara 4:25).
Mütləq yerinə yetəcək peyğəmbərliklər
Məsihin kim olduğunu Müqəddəs Kitab əsasında sübut etmək üçün həvarilər və İsanın özü Müqəddəs Yazıların başqa kitablarından çox «Yeşaya» kitabından sitat gətirirdilər. Ancaq gələcək haqqında yalnız «Yeşaya» kitabında xəbər verilmirdi. İbranicə Müqəddəs Yazıların bir çox digər peyğəmbərliklərində də İsa, onun Padşahlığı və Padşahlığın gələcəkdə həyata keçirəcəyi yaxşı şeylər haqda peyğəmbərliklər vardıa (Həvarilərin işləri 28:23; Vəhy 19:10). Bu peyğəmbərliklərin yerinə yetəcəyi nə qədər yəqin idi? İsa onu dinləyən yəhudilərə demişdi: «Sanmayın ki, Mən Müqəddəs Qanunu və peyğəmbərlərin yazılarını [yəni İbranicə Müqəddəs Yazıları] pozmağa gəldim; Mən pozmaq üçün yox, icra etmək üçün gəldim. Çünki sizə doğrusunu deyirəm: Göy və yer keçib ketmədən, hər şey icra olmadan, Qanundan ən kiçik bir hərf və ya nöqtə belə yox olmayacaqdır» (Matta 5:17, 18).
İsa, həmçinin özünə və gələcəyə dair Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsinə işarə edirdi (Daniel 9:27; Matta 15:7-9; 24:15). Bundan əlavə, İsa və onun şagirdləri onların günlərindən sonra yerinə yetəcək hadisələri peyğəmbərlik etmişdilər. Onlardan çoxu bizim günlərdə yerinə yetir. Növbəti məqalədə bunlar və gələcəkdə yerinə yetəcək başqa Müqəddəs Kitab peyğəmbərlikləri müzakirə olunacaq.
[Haşiyə]
a İsanın üzərində yerinə yetən peyğəmbərliklər haqqında daha çox məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 200-cü səhifəsinə baxın.
[4-cü səhifədəki şəkil]
«Bakirə qız... bir Oğul doğacaq»
[5-ci səhifədəki şəkil]
‘Təhqirlərdən üzümü gizlətmədim’