Peyğəmbərlik kitabı
İnsanlar gələcəklə maraqlanırlar. Onlar hava haqqında mə’lumatdan tutmuş iqtisadi göstəricilərə qədər, çox şeylər haqqında qabaqcadan e’tibarlı mə’lumat əldə etmək istəyirlər. Lakin onlar qabaqcadan xəbər verilən bu cür mə’lumatlara əsasən davrandıqda, çox vaxt ruh düşkünlüyünə uğrayırlar. Müqəddəs Kitabda qabaqcadan xəbər verilən çoxlu mə’lumatlar, yə’ni peyğəmbərliklər var. Bu peyğəmbərliklər nə dərəcədə doğrudur? Onlar hadisələr baş verməzdən öncəmi yazılmışdır? Yoxsa, onlar peyğəmbərlik kimi qələmə verilən tarixi hadisələrdir?
DEYİLƏNLƏRƏ görə, Roma dövlət xadimi Katon (b. e. ə. 234-149-cu illər) demişdir: “Falçıların biri digərini görən zaman bir-birlərinə gülmədiklərinə təəccüb edirəm”1. Hətta bu günə qədər bir çox insanlar gələcəkdən xəbər verənlərə, münəccimlərə və digər falçılara tənqidi yanaşırlar. Onların qabaqcadan xəbər verdikləri mə’lumatlar çox vaxt namə’lum ifadələrlə izah olunur və müxtəlif yozmalara yol verilir.
Bəs Müqəddəs Kitabın peyğəmbərlikləri barədə nə demək olar? Bu peyğəmbərliklərə şübhə ilə yanaşmağa səbəb varmı? Yoxsa, onlara e’tibar etmək üçün tam əsas var?
Sadəcə olaraq dəlillərə əsaslanan fərziyyələr deyil
Yaxşı mə’lumatlı adamlar, ola bilsin, mövcud olan ideyaların əsasında gələcəyə dair dəqiq mə’lumat verməyə çalışırlar, amma onlar hər zaman doğru çıxmır. Bir kitabda qeyd edilir: “Hər bir cəmiyyət sadəcə təxmin edilən ardıcıl gələcək hadisələrlə deyil, həmçinin çoxlu mümkün olan və üstünlük verilən gələcək hadisələr arasında ziddiyyətlərlə toqquşur” (“Future Shock”). Orada əlavə edilir: “Təbiidir ki, gələcəyi tam mə’nada “bilməyə” heç kim qadir deyil. Biz sadəcə fərziyyələrimizi sistemləşdirməyə və dərinləşdirməyə, həmçinin onların nə dərəcədə mümkün olduğunu təxmin etməyə çalışa bilərik”2.
Müqəddəs Kitabı yazanlar isə gələcəyi təxmin etmirdilər. Həmçinin onların qabaqcadan xəbər verdikləri mə’lumatları müxtəlif cür şərh edilən dumanlı fikirlər kimi rədd etmək də mümkün deyil. Əksinə, onların etdikləri peyğəmbərliklərin çoxu son dərəcədə aydın şəkildə deyilmiş, qeyri-adi tərzdə dəqiq və çox vaxt güman edilən şeylərin tam əksini xəbər verirdi. Misal üçün, Müqəddəs Kitabın qədim Babil şəhəri haqqında qabaqcadan dediklərini nəzərdən keçirək.
“Həlak süpürgəsilə” süpürüləcək
Qədim Babil “padşahlıqların izzəti” oldu (İşaya 13:19, YD). Nizamsız şəkildə geniş ərazini tutan bu şəhər İran körfəzindən Aralıq dənizinə qədər uzanan ticarət yolunda hərbi əhəmiyyətə malik olan bir mövqe tuturdu; Şərq və Qərb arasında həm quru, həm də dəniz ticarətində bir ambar kimi xidmət edirdi.
Babilistan imperiyasının paytaxtı Babil b. e. ə. VII əsrdə zəbtedilməz kimi görünürdü. Şəhər Fərat çayının sahilində salınmışdı. Çayın suyu, geniş və dərin xəndəkləri doldurmaq, kanal şəbəkəsi düzəltmək üçün istifadə olunurdu. Həmçinin şəhəri çoxsaylı qoruyucu qüllələrlə möhkəmləndirilmiş, güclü ikiqat divarlar sistemi mühafizə edirdi. Şəhər sakinlərinin özlərini tam təhlükəsiz hiss etmələri təəccüblü deyil.
Bununla belə, b. e. ə. VIII əsrdə Babilin izzəti ən yüksək nöqtəyə yetişmədən öncə, İşaya peyğəmbər qabaqcadan xəbər verdi ki, Babil “həlak süpürgəsilə” süpürüləcək (İşaya 13:19; 14:22, 23). İşaya, Babilin dağılmasının necə olacağını da təsvir etdi. İşğalçılar şəhəri zəiflətmək məqsədilə, onun xəndək şəklində olan müdafiəsinin mənbəyini — çayını qurudacaqdılar. İşaya, hətta fatehin adını da demişdi. Bu, “qapılar bağlanmasın deyə önündə qapı taylarının” açılacağı böyük fars padşahı “Kir” idi (İşaya 44:27-45:2).
Bunlar cəsarətlə qabaqcadan söylənilmiş sözlərdir. Bəs onlar həyata keçdimi? Buna tarix cavab verir.
“Savaşmadan”
İşaya bu peyğəmbərliyi yazdıqdan iki əsr sonra, b. e. ə. 539-cu ilin 5 oktyabr gecəsi, Böyük Kirin başçılığı ilə Midiya-Fars qoşunları Babil yaxınlığında düşərgə saldılar. Lakin babillilər arxayın idilər. Yunan tarixçisi Herodotun (b. e. ə V əsr) sözlərinə görə, onlar çox illər üçün ərzaq tədarükü görmüşdülər3. Onları, həmçinin Fərat çayı və Babilin möhkəm divarları mühafizə edirdi. Bununla belə, Nabonidin salnaməsinə əsasən, elə həmin gecə “Kirin qoşunu Babilə savaşmadan girdi”4. Bu necə mümkün oldu?
Herodot izah edir ki, insanlar şəhərdə “bayram münasibətilə rəqs edir və şənlənirdilər”5. Divarın o biri tərəfində isə Kir Fəratın sularının istiqamətini dəyişmişdi. Suyun səviyyəsi endikdə, onun qoşunu çayın yatağından — suyun dizə çatan yerindən keçdilər. Onlar hündür divarların yanından keçdilər və Herodotun sözlərinə görə, düşüncəsiz tərzdə açıq qoyulmuş “çaya açılan darvazadan” içəri girdilər 6. (Daniel 5:1-4 və Yeremya 50:24; 51:31, 32 ayələrini müqayisə edin.) Başqa tarixçilər, o cümlədən Ksenofont (b. e. ə. təq. 431-təq. 353-cü illərdə), həmçinin arxeoloqlar tərəfindən tapılan mixi lövhəciklər də təsdiq edir ki, Babil Kir tərəfindən qəflətən zəbt edilmişdir7.
İşayanın Babil haqqında peyğəmbərliyi beləcə yerinə yetdi. Yoxsa, onlar peyğəmbərliyin icrası deyildi? Onların qabaqcadan söylənməyib, hadisələr baş verdikdən sonra yazılması mümkündürmü? Doğrusu, Müqəddəs Kitabın digər peyğəmbərlikləri barədə də eyni şeyi soruşmaq olar.
Peyğəmbərlik kimi qələmə verilən tarixdirmi?
Əgər Müqəddəs Kitabın peyğəmbərləri, o cümlədən İşaya, peyğəmbərlik kimi qələmə verərək sadəcə tarixi köçürmüşlərsə, onda həmin insanlar bacarıqlı yalançılardan artıq bir şey olmamışlar. Bəs onların aldatmalarının səbəbi nə idi? Həqiqi peyğəmbərlər açıqca bəyan edirdilər ki, onları rüşvətlə satın almaq mümkün deyil (1 Samuel 12:3; Daniel 5:17). Və biz artıq Müqəddəs Kitabı yazan insanların (onlardan əksəriyyəti peyğəmbər olmuşdur) e’tibara layiq və hətta öz səhvləri haqda da yazmağa hazır olduqlarına dair inandırıcı sübutları nəzərdən keçirdik. Bu cür insanların tarixi peyğəmbərlik kimi qələmə verərək, bilərəkdən yalana əl ata biləcəklərinə inanmaq çətindir.
Başqa bir şeyi də nəzərə almaq lazımdır. Müqəddəs Kitabın peyğəmbərliklərinin çoxuna, kahin və hökmdarlar da daxil olmaq şərtilə, onların öz xalqlarına qarşı irəli sürdükləri sərt ittihamlar daxildir. Məsələn, İşaya öz günlərində yaşayan israilliləri — həm rəhbərləri, həm də xalqı — əxlaqi pozğunluğa görə məzəmmət edirdi (İşaya 1:2-10). Digər peyğəmbərlər kahinlərin günahlarını cəsarətlə ifşa edirdilər (Tsefanya 3:4; Malaki 2:1-9). Bu insanların öz həmvətənlərinə qarşı ən sərt ittihamlar daxil edən peyğəmbərliklər uydurduqlarını, kahinlərin isə onlarla birlikdə eyni işdə əlbir olduqlarını təsəvvür etmək çətindir.
Üstəlik, əgər peyğəmbərlər yalançı idilərsə, bəs onlar bu cür saxtakarlıqla hamını necə aldada bildilər? İsraildə insanlar savadlı olmağa təşviq olunurdular. Uşaqlara erkən yaşlarından yazmağı və oxumağı öyrədirdilər (Təsniyə 6:6-9). Hər kəsi Müqəddəs Yazıları şəxsən oxumağa təşviq edirdilər (Məzmur 1:2). Müqəddəs Yazılar şənbə günləri sinaqoqlarda ucadan oxunurdu (Həvarilərin işləri 15:21). Savadlı, Müqəddəs Yazıları yaxşı bilən bir xalqın aldadıla biləcəyinə inanmaq çətindir.
Bundan əlavə, İşayanın Babilin dağılması ilə bağlı peyğəmbərliyində başqa bir şey haqqında da söz edilir. Orada elə təfsilatlar var ki, onları yerinə yetdikdən sonra yazmaq mümkün deyildi.
“İçində əbədiyyən oturulmayacaq”
Dağıldıqdan sonra Babili nə gözləyirdi? İşaya qabaqcadan xəbər verdi: “İçində əbədiyyən oturulmayacaq və nəsildən-nəslə məskun olmayacaq və bədəvi orada çadır qurmayacaq; və çobanlar orada sürülərini yatırmayacaqlar” (İşaya 13:20). Ehtimal ki, bu cür gözəl salınmış şəhərin əbədiyyən boş qalacağını xəbər vermək, hər halda qəribə görünə bilərdi. İşaya bu sözləri Babilin boş qaldığını gördükdən sonra yaza bilərdimi?
Kir tərəfindən zəbt edildikdən sonrakı yüzilliklər ərzində, Babil əvvəlkindən əhəmiyyətsiz dərəcədə olsa da, məskun olunmuşdur. Xatırlayaq ki, Ölü dəniz yaxınlığında tapılan tumarlar arasında b. e. ə. II əsrə aid edilən İşayanın bütöv kitabının surəti vardı. Təxminən tumar köçürülən zaman, parfiyalılar Babili zəbt etdilər. Eramızın I əsrində yəhudilər Babildə məskunlaşan zaman həvari Peter oranı ziyarət etmişdi (1 Peter 5:13). Lakin həmin vaxta qədər Ölü dəniz yaxınlığında tapılan İşaya kitabının tumarı artıq təxminən iki yüz il idi ki, mövcud idi. Beləliklə, İşayanın kitabı eramızın I əsri üçün çoxdan yazılıb qurtarmış olsa da, Babil hələ də tamamilə boş deyildia.
Qabaqcadan deyildiyi kimi, Babil nəticədə sadəcə “daş yığınları”na çevrildi (Yeremya 51:37). Yəhudi dilinin mütəxəssisi Yeronimin (eramızın IV əsri) sözlərinə görə, onun yaşadığı dövrdə Babil “hər cür heyvanların” özbaşına dolaşdığı ovçuluq ərazisi idi 9. Bu günə kimi Babildə heç kim yaşamır.
İşaya, Babilin boş qaldığı günlərə kimi yaşamadı. Buna baxmayaraq, indiki İraqın Bağdad şəhərindən 80 kilometr cənubda yerləşən, bir zamanlar qüdrətli olan bu şəhərin xarabalıqları, “içində əbədiyyən oturulmayacaq” deyə, İşayanın söylədiyi sözlərin doğru olduğuna səssizcə şəhadət edir. Turistləri cəlb etsin deyə Babili, əlbəttə ki, bərpa etmək olar, lakin Babilə “oğulu və nəvəni” qaytarmaq mümkün deyil (İşaya 13:20; 14:22, 23).
Beləliklə, peyğəmbər İşayanın söylədiyi peyğəmbərliklər o dərəcədə konkret idi ki, onları gələcəkdə olacaq hər bir hadisəyə aid etmək mümkün deyildi. O, peyğəmbərlik kimi qələmə vermək üçün tarixi köçürməmişdir. Düşünün: Babilin dağılmasından sonra yazan yalançı bir şəxs, heç cür tə’sir göstərə bilməyəcəyi məsələ haqqında — qüdrətli Babil şəhərində bir daha insan yaşamayacağına dair “peyğəmbərlik” söyləməklə, öz həyatını nəyə görə riskə atsın?
Babilin devrilməsi haqqında olan bu peyğəmbərlik, Müqəddəs Kitabdan gətirilən yalnız bir nümunədirb. Bir çox insanlar görürlər ki, Müqəddəs Kitabın peyğəmbərliklərinin yerinə yetməsi, onların fövqəlbəşəri mənbədən olduğuna sübutdur. Yəqin siz razılaşacaqsınız ki, bu peyğəmbərlik kitabını, heç olmasa tədqiq etməyə dəyər. Bir şey dəqiqdir: Müasir falçıların dumanlı və sensasiyalı xəbərləri ilə Müqəddəs Kitabın aydın, obyektiv və dəqiq peyğəmbərlikləri arasında böyük fərq var.
[Haşiyələr]
a İbranicə Müqəddəs Yazılara daxil olan kitabların, o cümlədən “İşaya” kitabının b. e. I əsrindən çox əvvəl yazıldığına dair inandırıcı sübutlar var. Tarixçi İosif Flaviy (eramızın I əsri) qeyd etmişdir ki, İbranicə Müqəddəs Yazıların kanonu onun günlərindən çox öncə müəyyən edilmişdir8. Üstəlik, yunanca Septuaqinta — İbranicə Müqəddəs Yazıların yunan dilinə tərcüməsi b. e. ə. III əsrdə başlamış və b. e. ə. II əsrdə başa çatmışdır.
b Müqəddəs Kitabın başqa peyğəmbərliklərini və onların yerinə yetdiyini sənədlər əsasında sübut edən tarixi faktları daha dərindən tədqiq etmək üçün, zəhmət olmasa, Yehovanın Şahidləri tərəfindən nəşr edilən “Müqəddəs Kitab — Allahın Kəlamıdır, yoxsa insanın?” adlı kitabın 117-133-cü səhifələrini oxuyun (rus.).
[28-ci səhifədə olan əlavə]
Müqəddəs Kitabı yazanlar həqiqi peyğəmbər, yoxsa məharətli fırıldaqçı idilər?
[29-cu səhifədə olan şəkil]
Qədim Babilin viranəlikləri.