Fəsil 6
Hamıya aidiyyəti olan mübahisəli məsələ
1, 2. a) Şeytan Eden bağında hansı mübahisəli məsələni qaldırdı? b) Allahın hökmranlığına qarşı çıxması onun sözlərindən necə bəlli olur?
SƏN bəşəriyyətin qarşısında duran ən mühüm bir məsələyə cəlb edilmisən. Əbədi gələcəyin bu məsələdə kimin tərəfini tutmağından asılıdır. Bu mübahisəli məsələ Eden bağındakı üsyan zamanı ortaya çıxmışdı. Şeytan Həvvadan soruşmuşdu: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» Həvva Allahın yalnız bir ağac haqqında: «Ondan yeməyin... yoxsa öləcəksiniz!» dediyini bildirdi. Sonra Şeytan açıq-aşkar Allahı yalan danışmaqda günahlandırıb dedi ki, onların həyatı Allaha qulaq asmaqdan asılı deyil. Şeytan iddia edirdi ki, guya Allah yaratdığı varlıqlardan yaxşı bir şeyi — istədikləri kimi yaşamaq imkanını gizlədir. Şeytan dedi: «Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız» (Yaradılış 3:1-5).
2 Şeytanın sözlərindən elə çıxdı ki, insanlar Allahın qanunlarına tabe olmaqdansa, istədikləri kimi yaşasalar daha yaxşı olar. Beləcə, Şeytan Allahın idarə tərzini rədd etdi və Onun hökmranlığını, başqa sözlə kainatı idarə etmək hüququnu sübhə altına qoydu. Ortalığa sual çıxdı: İnsanlar üçün ən yaxşısı nədir: Allahın idarə tərzi, yoxsa özlərinin müstəqil idarə sistemi? Əlbəttə, Yehova Adəmlə Həvvanı dərhal məhv edə bilərdi, amma onda mübahisəli məsələ tam həll olunmamış qalardı. İnsan cəmiyyətinin uzun müddət ərzində özbaşına inkişaf etməsinə yol verməklə, Allah Özündən və qanunlarından sərbəst yaşamağın nəyə gətirib çıxaracağını nümayiş etdirmək qərarına gəldi.
3. Ortaya hansı ikinci dərəcəli mübahisəli məsələ çıxdı?
3 Yehova Allahın hökmranlığına qarşı Şeytanın həmlələri yalnız Edendəki hadisə ilə bitmədi. O digər şüurlu varlıqların da Yehovaya sədaqətini şübhə altına aldı. Beləliklə, ortaya ikinci dərəcəli mübahisəli məsələ çıxdı. Bu məsələyə Adəmlə Həvvanın nəsli, bütün ruhani varlıqlar və hətta Allahın sevimli ilkin Oğlu da cəlb edildi. Əyyubun günlərində Şeytan, Yehovanın xidmətçilərinin Allaha və Onun idarə tərzinə məhəbbətdən deyil, şəxsi məqsədlər güdərək xidmət etdiklərini sübut etməyə çalışdı. O iddia edirdi ki, insan çətinliyə düşən kimi öz şəxsi istəklərinin dalınca düşüb Allahın qanununu pozacaq (Əyyub 2:1-6; Vəhy 12:10).
Tarix nəyi aşkar etdi
4, 5. Tarix insanların «öz addımlarını doğrultmaq» cəhdləri barəsində nə göstərdi?
4 Hökmranlıqla bağlı mübahisəli məsələnin mühüm bir cəhəti odur ki, Allah insanları Onun hakimiyyətindən müstəqil yaşayaraq xoşbəxt olmaq imkanı ilə yaratmamışdır. İnsanların xeyri üçün Allah onları Öz saleh qanunlarından asılı yaratmışdı. Yeremya peyğəmbər etiraf edirdi: «Ya Rəbb, bilirəm ki, insanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək gedən adamın işi deyil» (Yeremya 10:23). Allahın Kəlamı bizi dəvət edir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə» (Süleymanın məsəlləri 3:5). Allah insanları elə yaradıb ki, sağ qalmaq üçün onlar fiziki qanunlara tabe olmalıdırlar. Eyni zamanda, Allah əxlaq normalarını da verib ki, insanlar bu normalara riayət etməklə gözəl bir cəmiyyət qura bilsinlər.
5 Sözsüz, Allah bilirdi ki, bəşər ailəsi Onun rəhbərliyi olmadan xoşbəxt yaşaya bilməyəcək. Sərbəstlik yolunu seçən insanlar siyasi, iqtisadi və dini sistemlər yaratmış, amma onların uğurlu cəmiyyət qurmaq cəhdləri boşa çıxmışdır. Bu müxtəliflik nəticəsində insanlar bir-biri ilə yola getmir, zorakılıq, müharibələr və ölüm adi hal alıb. Bəli, «bir nəfərin başqa adama ağalıq etməsi başına bəla olur» (Vaiz 8:9). Bəşər tarixi bunu sübut etmişdir. Allahın Kəlamında qabaqcadan deyildiyi kimi, pis adamlar və saxtakarlar ‘getdikcə daha betər olurlar’ (2 Timoteyə 3:13). Böyük elmi-texniki tərəqqi əsri adlanan XX əsr bununla bərabər ən dəhşətli bəlalar əsri kimi də yadda qalmışdır. Yeremya 10:23 ayəsindəki sözlər tamamilə doğrudur: insan öz addımlarını doğrultmaq iqtidarında deyil.
6. Allah bəşəriyyətin Ondan sərbəst yaşaması məsələsini tezliklə necə həll edəcək?
6 Allahdan sərbəst yaşamağın başıbəlalı və acı nəticələri birdəfəlik sübut etdi ki, insan hakimiyyətləri heç vaxt uğur qazanmayacaq. Səadətə, birliyə, sağlamlığa və həyata aparan yeganə yol Allahın hakimiyyətidir. Müqəddəs Yazılar göstərir ki, Allahın müstəqil insan hakimiyyətlərinin mövcud olmasına izin verdiyi vaxt artıq bitmək üzrədir (Matta 24:3-14; 2 Timoteyə 3:1-5). Tezliklə, Allah yerdəki vəziyyətə müdaxilə edəcək və yer üzündə Öz hakimiyyətini bərqərar edəcək. Müqəddəs Kitab peyğəmbərliyində deyilir: «O padşahların [indi mövcud olan insan hakimiyyətləri] dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq [göydə] quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək [insanlar daha heç vaxt yer üzünü idarə etməyəcəklər]. O bütün əvvəlki [indi mövcud olan] padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Daniel 2:44).
Allahın yeni dünyasına ölmədən girmək
7. Allahın hakimiyyəti insan hakimiyyətinə son qoyanda kimlər sağ qalacaq?
7 Allahın hakimiyyəti insan hakimiyyətlərini məhv edəndə kimlər sağ qalacaq? Müqəddəs Kitab bu suala belə cavab verir: «Əməlisalehlər [Allahın hökmranlığını dəstəkləyənlər] yer üzündə sakin olacaq, kamillər burada qalacaq. Pis adamlar [Allahın hökmranlığını dəstəkləməyənlər] bu torpaqdan atılacaq» (Süleymanın məsəlləri 2:21, 22). Məzmurçu da eyni fikri söyləmişdi: «Bir az gözlə, pis yox olacaq... Salehlər ölkəni [“yeri”, KM] mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Məzmur 37:10, 29).
8. Allah Öz hökmranlığının tam hüquqiliyini necə təsdiq edəcək?
8 Şeytanın sistemi məhvə uğrayandan sonra Allah Öz yeni dünyasını bərqərar edəcək. Yeni dünyada minilliklər boyu bəşəriyyəti təqib edən zorakılığın, müharibələrin, yoxsulluğun, azar-bezarın, ölümün, ümumiyyətlə bütün bəlaların kökü birdəfəlik kəsiləcək. İtaətkar insanlara nəsib olacaq xeyir-dualar Müqəddəs Yazılarda gözəl təsvir edilir: «Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:3, 4). Allah Öz hökmranlığının tam hüquqiliyini Məsihin başçılığı altındakı səmavi Padşahlığı vasitəsilə təsdiq edəcək (Romalılara 16:20; 2 Peter 3:10-13; Vəhy 20:1-6).
Mübahisəli məsələdə onların mövqeyi
9. a) Yehovaya sadiq qalanlar Onun sözlərinə necə münasibət bəsləmişlər? b) Nuh öz sədaqətini necə göstərdi və biz ondan nə öyrənirik?
9 Bütün dövrlərdə bir Hökmdar kimi Yehovaya sadiq qalmış kişilər və qadınlar yaşamışlar. Onlar bilirdilər ki, həyatları Allaha itaətkarlıqdan asılıdır. Belə adamlardan biri Nuh olmuşdu. Allah Nuha demişdi: «Önümdə olan bütün bəşərin sonu çatıb... Özünə... bir gəmi düzəlt». Nuh Yehovanın göstərişinə əməl etdi. Onun müasirləri isə xəbərdarlığı qulaqardına vuraraq, başlarını gündəlik işlərdən ayırmırdılar. Onlar əmin idilər ki, qeyri-adi bir şey baş verməyəcək. Nuh isə nəhəng gəmini tikir və Yehovanın salehlik yollarını başqalarına təbliğ edirdi. Müqəddəs Kitabda oxuyuruq: «Nuh hər şeyi etdi: Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi» (Yaradılış 6:13-22; İbranilərə 11:7; 2 Peter 2:5).
10. a) İbrahimlə Sara Yehovaya Hökmdar kimi tabe olduqlarını necə göstərdilər? b) Biz onlardan nə öyrənirik?
10 İbrahimlə Sara da Allahın bütün əmrlərini yerinə yetirməklə Ona Hökmdar kimi tabe olmuş və bununla gözəl nümunə qoymuşlar. Onlar Xaldey torpağında, varlı Ur şəhərində yaşayırdılar. Yehova İbrahimə Ur şəhərindən çıxıb yad bir ölkəyə köçməyi buyuranda, İbrahim «Rəbbin ona söylədiyi kimi oradan çıxdı». Şübhəsiz, Ur şəhərində Saranın güzaranı xoş keçirdi. Orada onun ev-eşiyi, dost-tanışı, qohum-əqrəbası var idi. Ancaq Sara Yehovaya tabe olur və əri ilə birlikdə tanımadığı Kənan torpağına gedir (Yaradılış 11:31–12:4; Həvarilərin işləri 7:2-4).
11. a) Musa hansı şəraitdə Yehovanın hökmranlığının tərəfində dururdu? b) Musanın nümunəsindən biz nə öyrənirik?
11 Yehovanın hökmranlığının tərəfində olanlardan biri də Musa olmuşdur. O mövqeyini olduqca çətin şəraitdə — Misir fironu ilə dəfələrlə üz-üzə görüşərkən nümayiş etdirmişdi. Musa özünə güvənən insan deyildi. Əksinə, ona elə gəlirdi ki, danışıq qabiliyyəti yoxdur. Amma Musa Yehovaya qulaq asdı. Yehovanın, həm də qardaşı Harunun köməyi ilə Allahın sözlərini dəfələrlə inadkar firona çatdırdı. Hətta bəzi israillilər də Musanı tənqid atəşinə tuturdular. Buna baxmayaraq, Musa Yehovanın bütün əmrlərini sədaqətlə yerinə yetirirdi. Yehova onun vasitəsilə İsraili Misir əsarətindən qurtardı (Çıxış 7:6; 12:50, 51; İbranilərə 11:24-27).
12. a) Yehovaya sədaqətin yalnız yazılı qanunları icra etməklə bitmədiyini hansı nümunə göstərir? b) Əsl sədaqətin nə olduğunu anladıqda 1 Yəhya 2:15 ayəsini həyatımızda necə tətbiq edə bilərik?
12 Yehovanın sadiq xidmətçiləri düşünmürdülər ki, Allahın yazılı qanunlarını icra etməklə iş bitir. Misirli Potifarın arvadı Allahın xidmətçisi Yusifi özü ilə yaxınlıq etmək üçün dilə tuturdu. O vaxt Allah insanlara nikahdan kənar cinsi əlaqəni qadağan edən yazılı qanunu hələ verməmişdi. Buna baxmayaraq, Yusif bilirdi ki, nikahın təməli Yehova Allah tərəfindən Eden bağında qoyulmuşdur. O başa düşürdü ki, başqasının arvadı ilə cinsi yaxınlıq etmək Allahın qarşısında böyük günahdır. Yusif misirlilərə bənzəmək istəmirdi və öz azadlığından sui-istifadə edib Allahın səbrini yoxlamaq fikrində deyildi. O, Yehovanın insanlar üçün etdiklərinin üzərində dərindən düşünür və Allahın iradəsini dərk etdikdə onu vicdanla yerinə yetirirdi. Bununla Yusif Yehovanın hökmranlığının tərəfində olduğunu göstərirdi (Yaradılış 39:7-12; Məzmur 77:11, 12).
13. a) Əyyub Şeytanın yalanlarını necə ifşa etdi? b) Üç gənc yəhudi Şeytanın yalançı olduğunu necə üzə çıxartdılar?
13 Yehovanı yaxşı tanıyanlar hətta ən ağır sınaqlarla qarşılaşanda belə, Ondan üz döndərmirlər. Şeytan iddia edirdi ki, Yehovanın, sədaqətinə şübhə etmədiyi Əyyub da bütün var-dövlətini və sağlamlığını itirsə, Allahdan üz döndərəcək. Lakin Əyyub başına gələn bəlaların səbəbini bilməsə də Şeytanın yalançı olduğunu sübut etdi (Əyyub 2:9, 10). Bir neçə əsr sonra Şeytan öz iddialarını yenidən sübut etmək üçün Babil padşahından istifadə etdi. Hiddətlənmiş padşah düzəltdirdiyi heykələ səcdə etmədikləri təqdirdə üç gənc yəhudini qızmar sobaya atacağı ilə hədələdi. Gənclər seçim qarşısında idilər. Nəyə tabe olmalı: padşahın əmrinə, yoxsa Allahın bütpərəstliyi qadağan edən qanununa? Onlar Yehova Allaha xidmət etdiklərini və yalnız Ona Kainatın Hökmdarı kimi tabe olduqlarını qətiyyətlə bəyan etdilər. Allaha sadiq qalmaq onlar üçün həyatdan da qiymətli idi! (Daniel 3:14-18).
14. Biz, qeyri-kamil insanlar Yehovaya həqiqətən sadiq olduğumuzu necə sübut edə bilərik?
14 Bu nümunələrdən görürük ki, Yehovaya sadiq qalmaq üçün kamillik tələb olunmur. Eyni zamanda, kimsə səhvə yol verəndə düşünməməlidir ki, Allah onu bağışlamayacaq. Məsələn, Müqəddəs Kitabda Musanın da hərdənbir səhv etdiyi yazılıb. Bu, Yehovanın narazılığına səbəb olsa da, Allah ondan üz döndərmədi. İsa Məsihin həvarilərinin də zəif cəhətləri vardı. Yehova qeyri-kamilliyimizi nəzərə alır və var gücümüzlə Onun iradəsini yerinə yetirməyə çalışdığımızı görəndə sevinir. Zəiflik ucbatından günah iş görəndə sidqi-ürəkdən tövbə etmək və bir daha bu işi tutmamaq çox vacibdir. Bu yolla biz Yehovanın yaxşı saydığı şeyləri sevdiyimizi, pis saydığı şeylərə isə nifrət bəslədiyimizi nümayiş etdiririk. Günahları yumağa qadir olan İsanın qurbanlığına gətirdiyimiz imanın əsasında Allahın qarşısında təmiz ad qazana bilərik (Amos 5:15; Həvarilərin işləri 3:19; İbranilərə 9:14).
15. a) Bəşər övladlarından Allahın qarşısında öz kamil nöqsansızlığını kim qorumuşdur və bu nəyi sübut edir? b) İsanın nümunəsi bizə necə kömək edir?
15 Bəs Kainatın Hökmdarı Yehovaya mükəmməl itaət etmək heç cür mümkün deyil? Bu sualın cavabı təxminən 4 000 il ərzində müqəddəs ‘sirr’ olaraq qalırdı (1 Timoteyə 3:16). Adəm kamil yaradılmışdı, lakin Allaha sədaqətli olmaqda öz övladlarına kamil nümunə qoymadı. Bəs bunu kim edə bilərdi? Əlbəttə, Adəmin qeyri-kamil övladlarından heç kim bunu bacarmazdı. Allaha kamil sədaqəti qoruyan yeganə insan İsa Məsih olmuşdur (İbranilərə 4:15). İsanın nümunəsi sübut etdi ki, ondan qat-qat əlverişli şəraitdə olan Adəm istəsəydi kamil nöqsansızlığını qoruya bilərdi. Allahın yaratdığında qüsur yox idi. İsa Məsih həm Allahın qanunlarına itaət etməkdə, həm də Kainatın Hökmdarı Yehovaya sadiq qalmaqda bizə nümunə qoydu (Qanunun təkrarı 32:4, 5, KM).
Biz kimin tərəfindəyik?
16. Yehovanın hökmranlığı ilə bağlı mübahisəli məsələni nəzərə alaraq, nə üçün sayıqlığı əldən vermək olmaz?
16 Hər birimiz Kainatda hökmranlıqla bağlı mübahisəli məsələyə cəlb edilmişik. Yehovanın tərəfini tutduğumuzu açıq-aşkar nümayiş etdirəndə Şeytan bizi öz hədəfinə çevirir. O bizə hərtərəfli təzyiq göstərir və bu pis sistemin sonuna kimi pisliyindən əl çəkməyəcək. Ona görə gəlin sayıqlığımızı əldən verməyək (1 Peter 5:8). Yehovanın hökmranlığı ilə bağlı əsas mübahisəli məsələdə və sınaqlar zamanı Allahın qarşısında nöqsansızlığımızla bağlı ikinci dərəcəli mübahisəli məsələdə kimin tərəfini tutduğumuzu davranışımızla göstəririk. İnsanların əksəriyyəti Allahın saleh prinsiplərini vecinə almır, amma biz belə etmirik. Nöqsansızlığımızı qorumaq üçün həyatımızın hər sahəsində Yehovanın saleh normalarına riayət etməyə çalışmalıyıq.
17. Yalanın və oğurluğun arxasında kimin durduğunu bilərək belə işlərdən nə üçün kənar durmalıyıq?
17 Misal üçün, biz ‘yalanın atası’ Şeytanı təqlid etməməliyik (Yəhya 8:44). Hər bir işdə doğrucul olmalıyıq. Şeytanın dünyasında, valideynlərə yalan danışmaq gənclər üçün adi haldır. Məsihçi gənclər isə belə deyillər. Bununla, onlar Allahın xidmətçilərinin sınaqlarda nöqsansızlığı qorumayacaqlarını iddia edən Şeytanın yalançı olduğunu sübut edirlər (Əyyub 1:9-11; Süleymanın məsəlləri 6:16-19). İşgüzar məsələlərdə müəyyən işlər adamın həqiqət Allahının deyil, ‘yalanın atasının’ tərəfində olduğunu üzə çıxara bilər. Məsihçilər bu cür işlərdən kənar dururlar (Mikeya 6:11, 12). Kiminsə ehtiyac ucbatından oğurluq etməsi və ya əmlakı oğurlanan adamın dövlətli olması oğurluğa heç cür bəraət qazandırmır (Süleymanın məsəlləri 6:30, 31; 1 Peter 4:15). Yaşadığımız ərazidə oğurluq adi hal, oğurlanmış şeyin dəyəri isə cüzi olsa belə, fərqi yoxdur, oğurluq Allahın qanunlarına ziddir (Luka 16:10; Romalılara 12:2; Efeslilərə 4:28).
18. a) Məsihin Minillik hakimiyyətinin sonunda bəşəriyyət hansı sınaqla qarşılaşacaq? b) Artıq indidən hansı vərdişimiz olmalıdır?
18 İsanın Minillik hakimiyyəti dövründə Şeytan və onun cinləri «dibsiz dərinliyə» atılacaqlar və bəşəriyyətə təsir göstərə bilməyəcəklər. Axır ki, o vaxt hamı rahat nəfəs ala biləcək! Ancaq minilliyin sonunda onlar qısa bir müddətə azad ediləcəklər. Şeytan və onun tərəfdarları Allah qarşısında nöqsansızlıqlarını qoruyan kamil insanlara təzyiq göstərəcəklər (Vəhy 20:7-10). Əgər biz o dövrdə yaşamaq şərəfinə layiq görülsək, Kainatda hökmranlıqla bağlı mübahisəli məsələdə kimin tərəfini tutacağıq? O vaxt hamı kamil olduğu üçün kimsə qəsdən sədaqətsizlik etsə əbədilik məhv ediləcək. Yehovanın Öz Kəlamı və təşkilatı vasitəsilə verdiyi hər bir göstərişə artıq indidən canla-başla əməl etmək vərdişini yaratmaq olduqca vacibdir! Belə olduqda, Kainatın Hökmdarı Yehova Allaha həqiqi sədaqətimizi sübut edəcəyik.
Təkrar üçün suallar
• Hansı mühüm məsələ hər bir insana aiddir? Biz bu məsələyə necə cəlb edilmişik?
• Qədimdə yaşamış kişi və qadınların Allah qarşısında nöqsansızlıqlarını qorumalarında hansı diqqətəlayiq məqamlar var?
• Yehovaya hər gün öz davranışımızla ehtiram göstərmək nə üçün vacibdir?