Yeremya kimi ayıq-sayıq ol!
«Mən [Yehova] hər sözümü yerinə yetirməkdə sayığam» (YER. 1:12).
1, 2. Nəyə görə Yehovanın ‘sayıqlığı’ badam ağacına bənzədilir?
LİVAN və İsrail dağlarında ilk çiçəklənən ağaclardan biri badam ağacıdır. Yanvarın sonunda, yaxud fevralın əvvəlində onun üstündə gözoxşayan çəhrayı və ya ağ çiçəklər görmək olar. İbrani dilində bu ağacın adı hərfən «oyanan» deməkdir.
2 Yehova Yeremyanı peyğəmbər təyin edəndə vacib bir həqiqəti əyani şəkildə göstərmək üçün badam ağacının bu cəhətini vurğuladı. Xidmətinin lap əvvəlində Yehova görüntüdə Yeremyaya bu ağacın budağını göstərdi. Bununla O, nə demək istəyirdi? Yehova Özü izah edir: «Mən hər sözümü yerinə yetirməkdə sayığam» (Yer. 1:11, 12). Erkən çiçək açan badam ağacı kimi, Yehova da, məcazi dillə desək, «erkən» oyanıb peyğəmbərlərini xalqın yanına göndərirdi ki, itaətsizliklərinin acı nəticələri barədə onlara xəbərdarlıq etsinlər (Yer. 7:25, «Kitabı Mukaddes»). Ağzından çıxan söz yerinə yetməyincə O istirahət etmirdi, ‘sayıqlığını’ qoruyurdu. Nə gec, nə tez, məhz təyin etdiyi vaxtda, eramızdan əvvəl 607-ci ildə Yehova dönük Yəhuda xalqı üzərində hökmünü icra etdi.
3. Yehova barədə nəyə əmin ola bilərik?
3 Bizim dövrdə də Yehova sayıqlığını qoruyur və Öz iradəsinin yerinə yetirilməsinə diqqətlə nəzarət edir. Mümkün deyil ki, Yehova verdiyi sözə laqeyd yanaşsın. Yehovanın oyaq olması sənə necə təsir edir? İnanırsanmı ki, Yehova niyyətini yerinə yetirmək üçün 2011-ci ildə də ‘sayıqlığını’ qoruyur? Onun etibarlı vədlərinə dair hər hansı şübhəmiz varsa və ruhən mürgüləməyə başladığımızı hiss ediriksə, indi yuxudan oyanmağın əsil vaxtıdır! (Rom. 13:11). Yeremya, Yehovanın təyin etdiyi bir peyğəmbər kimi, heç vaxt sayıqlığını itirmirdi. Nəyə görə Yeremya Allahın ona verdiyi tapşırığı yerinə yetirərkən sayıqlığını qoruyurdu və o, bunu necə edirdi? Bu sualı araşdırmaq Yehovanın bizə həvalə etdiyi işi mətanətlə yerinə yetirməyə kömək edəcək.
Təcili xəbər
4. Yeremya Allahın xəbərini çatdırarkən hansı çətinliklərlə üzləşirdi və nəyə görə bu xəbər olduqca təcili idi?
4 Yehova Yeremyanı gözətçi təyin edəndə onun təxminən 25 yaşı olardı (Yer. 1:1, 2). Ancaq o düşünürdü ki, xalqın ağsaqqalları ilə — yaşca ondan böyük və yüksək vəzifəyə sahib olan insanlarla danışmaq üçün hələ cavandır və bunun üçün lazımi bacarığı yoxdur (Yer. 1:6). O, Yehovanın sərt ittihamlarını və qorxulu hökmlərini ‘öz yolu’ ilə gedənlərə və ‘daima dönüklük edənlərə’, xüsusilə də kahinlərə, yalançı peyğəmbərlərə və hökmdarlara çatdırmalı idi (Yer. 6:13; 8:5, 6). Təxminən 400 il həqiqi ibadətin mərkəzi olan Süleymanın tikdiyi möhtəşəm məbəd darmadağın ediləcəkdi. Yerusəlim və Yəhuda viran qalacaq, xalq isə əsir aparılacaqdı. Aydındır ki, Yeremyanın çatdıracağı xəbər çox təcili idi!
5, 6. a) Yehova Yeremya sinfindən necə istifadə edir? b) Bu məqalədə nə araşdıracağıq?
5 Müasir dövrdə Yehova hökmləri barədə dünyanı xəbərdar etmək üçün gözətçi rolunu oynayan məsh olunmuş məsihçilərdən istifadə edir. Onilliklər ərzində Yeremya sinfi bəşəriyyəti hansı vaxtda yaşadığımıza diqqət yetirməyə çağırır (Yer. 6:17). Müqəddəs Kitabda vurğulanır ki, Yehova heç vaxt gecikmir; Yehovanın günü düz Onun təyin etdiyi vaxtda — insanların gözləmədiyi bir vaxtda gələcək (Sef. 3:8; Mark 13:33; 2 Pet. 3:9, 10).
6 Yehovanın hər bir xidmətçisi Onun tezliklə yeni dünya yaradacağını bilir. Beləliklə, onlar başa düşürlər ki, təbliğ etmək üçün onlara əlavə vaxt verilməyəcək. Allahın xəbərini insanlara məhz indi çatdırmaq olduqca vacibdir. Bəs sənin həyatında bu, özünü necə büruzə verir? İsa qeyd etmişdi ki, bütün insanlar Allaha xidmət edib-etməyəcəklərinə qərar verməlidirlər. Allahdan aldığı tapşırığın təcili olduğunu dərk etməyə Yeremyaya hansı üç xüsusiyyət kömək etmişdi? Bu xüsusiyyətlər bizə necə kömək bilər?
İnsanlara məhəbbət
7. Çətinliklərə baxmayaraq, məhəbbətin Yeremyanı təbliğ etməyə necə təşviq etdiyini izah et.
7 Çətin şəraitə baxmayaraq, Yeremyanı təbliğ etməyə nə təşviq edirdi? İnsanlara məhəbbət. Yeremya xalqın başına gələn bir çox bəlalarda yalançı çobanların günahı olduğundan agah idi (Yer. 23:1, 2). Bu, ona tapşırığını məhəbbətlə və şəfqətlə icra etməyə kömək edirdi. O istəyirdi ki, soydaşları Allahın sözlərinə qulaq asıb sağ qalsınlar. Yeremya onlar üçün o qədər narahat olurdu ki, üzərlərinə tezliklə gələcək fəlakətə görə hətta ağlamışdı. (Yeremya 8:21; 9:1 ayələrini oxu.) «Mərsiyələr» kitabı Yeremyanın Yehovanın adına və xalqına bəslədiyi məhəbbəti və narahatçılıqlarını canlı şəkildə təsvir edir (Mərs. 4:6, 9). Sən insanların «çobansız qoyunlar kimi yazıq və pərakəndə halda» olduğunu görəndə məgər onlara Allahın Padşahlığı haqda təsəlliverici xəbəri danışmaq istəmirsən? (Mat. 9:36).
8. Əzab-əziyyətlərin Yeremyanın ürəyini daşa döndərmədiyini nə göstərir?
8 Yeremya kömək etmək istədiyi insanların əlindən əzab çəksə də, nə əvəz çıxmağa çalışdı, nə də qəddar oldu. O hətta pis padşah Sidqiyaya qarşı çox səbirli və xeyirxah idi. Sidqiya onun öldürülməsi üçün razılıq verəndən sonra da Yeremya ona yalvarırdı ki, Yehovanın sözlərinə hay versin (Yer. 38:4, 5, 19, 20). Sənin də insanlara məhəbbətin Yeremyanınkı kimi güclüdürmü?
Allahın verdiyi cəsarət
9. Haradan bilirik ki, Yeremyadakı cəsarət Allahdan idi?
9 Yehova ilk dəfə Yeremyaya tapşırıq verəndə o, bundan boyun qaçırmağa çalışdı. Buradan bəlli olur ki, sonradan xidmətdə göstərdiyi cəsarət və mətanət onda anadangəlmə deyildi. Yeremya peyğəmbər kimi xidmət etdiyi müddətdə Yehovaya tam güvəndiyi üçün qeyri-adi gücə malik idi. Həqiqətən də, Yehova «igid bir döyüşçü kimi» Yeremyaya dəstək olurdu və tapşırığını yerinə yetirə bilsin deyə ona güc verirdi (Yer. 20:11). Yeremya cəsarətli adam kimi elə bir ad qazanmışdı ki, İsa yer üzündə olarkən hətta bəziləri onun dirilmiş Yeremya olduğunu hesab edirdilər! (Mat. 16:13, 14).
10. Yer üzündə yaşayan məsh olunmuşlar hansı mənada «millətlər və ölkələr» üzərində təyin olunublar?
10 «Millətlərin Padşahı» Yehova Yeremyaya xalqlara və padşahlıqlara hökm xəbərini çatdırmağı tapşırmışdı (Yer. 10:6, 7). Yer üzündə yaşayan məsh olunmuşlar hansı mənada «millətlər və ölkələr» üzərində təyin olunublar? (Yer. 1:10). Onun kimi, Yeremya sinfi Kainatın Ali Hökmdarından tapşırıq alıb. Onlara bütün dünyada millətlərə və ölkələrə qarşı Külli-İxtiyar Allahın hökmlərini bəyan etmək səlahiyyəti verilib. Yeremya sinfi Onun Kəlamındakı saf dildən istifadə edərək bəyan edir ki, bugünkü millətlər və ölkələr Onun təyin etdiyi vaxtda və müəyyən etdiyi üsulla tamamilə məhv ediləcək (Yer. 18:7—10; Vəhy 11:18). Bu sinif Yehovanın hökm xəbərini bütün dünyada təbliğ etmək tapşırığını yerinə yetirməkdə səyini azaltmaq niyyətində deyil.
11. Çətinliklərlə üzləşəndə bizə durmadan təbliğ etməyə nə kömək edəcək?
11 Təqiblər, laqeydlik və ya çətinliklər ucbatından hərdən ruhdan düşməyimiz təbiidir (2 Kor. 1:8). Ancaq gəlin Yeremyanın nümunəsini təqlid edək və heç vaxt təslim olmayaq. Gəlin ruhdan düşməyək, əksinə, Yehovadan duada səylə kömək diləyərək, Ona bel bağlayaq və ‘cəsarətli’ olaq (1 Salon. 2:2). Allahın həqiqi xidmətçiləri kimi, biz sayıqlığımızı qoruyaraq Onun tapşırığını yerinə yetirməyə davam etməliyik. Biz dönük Yerusəlimlə təmsil olunan Xristian aləminin məhvi barədə durmadan təbliğ etməliyik. Yeremya sinfi yalnız «Rəbbin lütf ilini» yox, Onun «qisas gününü» də bəyan etməlidir (Yeşaya 61:1, 2; 2 Kor. 6:2).
Ürəkdən gələn sevinc
12. Haradan bilirik ki, Yeremya sevincini qorudu və o, buna necə nail oldu?
12 Yeremya xidmətindən sevinc duyurdu. O, Yehovaya demişdi: «Sözlərini tapıb yedim, sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi. Çünki Sənə məxsusam, ey Ordular Allahı Rəbb!» (Yer. 15:16). Yehovanın təmsilçisi olmaq və Onun sözünü təbliğ etmək Yeremya üçün böyük şərəf idi. Maraqlıdır ki, Yeremya insanların ona rişxənd etdikləri barədə fikirləşəndə sevincini itirmişdi. Lakin diqqətini çatdırmalı olduğu xəbərin gözəlliyinə və vacibliyinə yönəldəndə yenidən sevinc duymağa başladı (Yer. 20:8, 9).
13. Nəyə görə sevincimizi qorumaq üçün dərin ruhani həqiqətlərlə qidalanmalıyıq?
13 Biz də xidmətdə sevincimizi qorumaq üçün «bərk qida» ilə — Allahın Kəlamındakı dərin həqiqətlərlə qidalanmalıyıq (İbr. 5:14). Allahın Kəlamını dərindən araşdırmaq imanımızı möhkəmləndirir (Kol. 2:6, 7). Bunun sayəsində biz hərəkətlərimizin Yehovanın ürəyinə necə təsir etdiyini daha yaxşı başa düşürük. Əgər biz Müqəddəs Kitabı oxuyub araşdırmaq üçün vaxt tapmaqda çətinlik çəkiriksə, cədvəlimizə yenidən nəzər salmalıyıq. Hətta gündə bir neçə dəqiqə ərzində Müqəddəs Kitabı araşdırıb üzərində düşünmək bizi Yehovaya daha da yaxınlaşdıracaq və Yeremyanın hadisəsində olduğu kimi, sevincimizi artıracaq.
14, 15. a) Yeremyanın aldığı tapşırığı sədaqətlə icra etməsi hansı bəhrələri gətirdi? b) Allahın xalqı təbliğ işi ilə əlaqədar nəyi dərk edir?
14 Yeremya durmadan Yehovanın hökm xəbərlərini bəyan etsə də, o ‘əkib tikməyə’ də can atırdı (Yer. 1:10). Onun əkib tikmək işi bəhrə gətirdi. Eramızdan əvvəl 607-ci ildə Yerusəlim məhv ediləndə bəzi yəhudilər, həmçinin digər millətlərdən olan insanlar sağ qaldılar. Biz bilirik ki, onların arasında rekavlılar, Eved-Melek və Baruk da vardı (Yer. 35:19; 39:15—18; 43:5—7). Allah qorxusuna malik olan Yeremyanın bu sadiq dostları bu gün Yeremya sinfinə dəstək olan ‘böyük izdihamı’ təmsil edir. Yeremya sinfi onların imanını möhkəmləndirməkdən böyük sevinc duyur (Vəhy 7:9). Eynilə, məsh olunmuşların sadiq həmkarları böyük məmnuniyyətlə səmimi insanlara həqiqəti öyrənməyə kömək edirlər.
15 Biz dərk edirik ki, xoş xəbəri təbliğ etməklə yalnız insanlara xidmət etmirik, bu həmçinin ibadətimizin bir hissədir. İnsanlar qulaq assa da, asmasa da, təbliğ etməklə Allah qarşısında müqəddəs xidməti icra etmək bizə böyük sevinc gətirir. (Məz. 71:23; Romalılara 1:9 ayəsini oxu.)
Tapşırığının vacibliyini daima yadda saxla!
16, 17. Vəhy 17:10 və Habaqquq 2:3 ayələri Allahın hökm gününün astanasında yaşadığımızı necə göstərir?
16 Həqiqətən də Allahın hökm gününün astanasında yaşadığımızı Vəhy 17:10 ayəsindəki peyğəmbərlikdən görmək olar. Yeddinci padşah olan İngiltərə—Amerika dünya imperiyası artıq peyda olub. Onun barəsində biz oxuyuruq: «[Yeddinci dünya imperiyası] gələndə çox qalmayacaq». Ona verilən vaxt artıq bitmək üzrədir. Habaqquq peyğəmbərin bu pis sistemin sonu barədə dediyi sözlər bizə əminlik verir: «Bu görüntü müəyyən vaxt üçündür... Gecikmiş kimi görünsə də, gözləyin, hökmən gələcək, gecikməyəcək» (Hab. 2:3).
17 Buna görə də özündən soruş: «Həyat tərzim hansı vaxtda yaşadığımı dərk etdiyimi və sonun tezliklə gələcəyinə inandığımı göstərirmi? Yoxsa qərarlarım və üstünlük verdiyim şeylər sonun tezliklə gələcəyinə inanmadığımı, yaxud da onun ümumiyyətlə gələcəyinə şübhə etdiyimi üzə çıxarır?»
18, 19. Nəyə görə indi xidmətdə səyimizi azaltmağın vaxtı deyil?
18 Gözətçi sinfinin işi hələ bitməyib. (Yeremya 1:17—19 ayələrini oxu.) Hələ ki yer üzündə yaşayan məsh olunmuşların «dəmir sütun» və «qalalı şəhər» kimi möhkəm və sarsılmaz olduqlarını görmək necə də fərəhləndiricidir! Onlar bellərinə «həqiqət qurşağını» bağlayıblar, yəni nə qədər ki tapşırıqları bitməyib, Allahın Kəlamının onları möhkəmləndirməsinə yol verirlər (Efes. 6:14). Böyük izdihamın üzvləri Yeremya sinfinin aldığı tapşırığı yerinə yetirməkdə ona fəal şəkildə kömək göstərməklə eyni qətiyyəti nümayiş etdirirlər.
19 İndi xidmətdə səyimizi azaltmağın vaxtı deyil. Gəlin Yeremya 12:5 ayəsində yazılan sözlərin mənasına diqqət yetirək. (Ayəni oxu.) Hər birimiz sınaqlarla üzləşirik və onlara tab gətirmək bizim borcumuzdur. Bu sınaqları birlikdə qaçmalı olduğumuz «piyadalarla» müqayisə etmək olar. Lakin «böyük müsibət» yaxınlaşdıqca çətinliklər artacaq (Mat. 24:21). Qabaqda bizi gözləyən daha böyük çətinliklərlə mübarizəni isə «atlarla... yarışa» bənzətmək olar. Sürətlə qaçan atlarla ayaqlaşmaq üçün insana daha çox güc və təhəmmül gərəkdir. Buna görə də gəlin indiki sınaqlara dözək ki, qarşıdakı çətinliklərə hazır olaq.
20. Sən nə etmək əzmindəsən?
20 Hamımız Yeremyanın nümunəsini izləyə və təbliğ etmək tapşırığımızı müvəffəqiyyətlə yerinə yetirə bilərik! Məhəbbət, cəsarət və sevinc kimi xüsusiyyətlər sayəsində Yeremya 67 il ərzində Yehovaya sədaqətlə xidmət edə bilmişdi. Gözəl badam ağacının çiçək açması bizə xatırladır ki, Yehova ‘sözünü yerinə yetirməkdə sayıqdır’. Biz də Onun kimi davranmalıyıq. Yeremya sayıqlığını qoruya bildi. Biz də bunu bacaracağıq!
Yadınızdadırmı?
• Məhəbbət Yeremyaya sayıq qalmağa və tapşırığını yerinə yetirməyə necə kömək etmişdi?
• Nəyə görə bizə Allahın verdiyi cəsarət lazımdır?
• Yeremyaya sevincini qorumağa nə kömək etmişdi?
• Nəyə görə sən sayıq olmaq istəyirsən?
[31-ci səhifədəki şəkillər]
Müqavimətlərə baxmayaraq, təbliğ etməyə davam edəcəksənmi?