BİLİRSİNİZ?
Qədimdə əldəyirmanından necə istifadə olunurdu?
Əldəyirmanında taxıl üyüdülür, sonra üyüdülmüş undan çörək bişirilirdi. Dəyirmandan istifadə etmək, demək olar ki, hər evin xanımının və ya qulluqçusunun gündəlik ev işlərinə daxil idi. Qədimdə dəyirman taqqıltısı hər gün eşidilərdi (Çıxış 11:5; Ərəmya 25:10).
Qədim Misir tapıntıları bu prosesi belə təsvir edir: dən üyüdən adam dəyirmanın qabağında dizi üstə oturur, dəni maili formada olan və yerə bərkidilmiş daşın üstünə tökürdü. Sonra dəyirmanın nisbətən kiçik daşını iki əli ilə tutur və dala-qabağa hərəkət etdirərək dəni üyüdürdü. Bir mənbəyə əsasən, dəyirmanın bu kiçik daşının çəkisi haradasa 2—4 kiloqram olurdu. Belə daş silah kimi istifadə olunsaydı, ölümlə nəticələnərdi (Hakimlər 9:50—54).
Ailə çörəksiz qalmasın deyə, dən üyütmək olduqca vacib idi. Buna görə də Müqəddəs Kitabda yazılan qanun əldəyirmanının girov götürülməsini qadağan edirdi. Orada deyilir: «Heç kim başqasının əldəyirmanını, yaxud dəyirmanının üst daşını girov götürməməlidir, çünki bununla o, həmin adamın canını girov götürmüş olur» (Qanunun təkrarı 24:6).
«Qoynunda» sözü altında nə nəzərdə tutulur?
Müqəddəs Kitabda deyilir ki, İsa Məsih «Atanın qoynunda»dır (Yəhya 1:18). Bu söz İsa Məsihlə Allah arasındakı bağlılığı və xüsusi rəğbəti təsvir edir. Həmçinin bu söz yəhudilərin mədəniyyətinə xas olan bir şeyi xatırladır.
İsa peyğəmbərin dövründə yəhudilər süfrə arxasında mütəkkəyə söykənərək yanakı uzanırdılar. Bu zaman başları süfrəyə tərəf, ayaqları isə arxaya tərəf olurdu. Onlar sol qollarını mütəkkəyə dirsəkləyirdi. Bunun sayəsində sağ əlləri sərbəst qalırdı. Bir mənbəyə əsasən, nahar zamanı hamı yan-yana sol tərəfə uzandığı üçün birinin başı arxasında əyləşənin sinəsinə yaxın olurdu. Bu səbəbdən deyilirdi ki, biri digərinin «qoynunda» uzanıb.
Ailə başçısının və ya mərasim sahibinin qoynunda uzanmaq xüsusi hörmət və ya şərəf hesab olunurdu. Buna görə də İsa peyğəmbərin keçirdiyi sonuncu Pasxa bayramında onun qoynunda «sevimli şagirdi» olan həvari Yəhya uzanmışdı. Beləcə, Yəhya sual vermək üçün «İsaya tərəf» əyilə bilmişdi (Yəhya 13:23—25; 21:20).