Fəsil 13
Yehovanın taxtı qarşısındakı böyük izdiham
1. a) Allahın keçmişdə yaşamış xidmətçiləri və 144 000 nəfər öz mükafatını nə vaxt alacaqlar? b) Böyük izdihamı nə gözləyir?
HABİLDƏN tutmuş Vəftizçi Yəhyaya qədər Yehovanın bütün sadiq xidmətçilərinin həyatında əsas yeri Allahın iradəsini yerinə yetirmək tuturdu. Düzdür, bu adamların hamısı çoxdan ölüb, amma onlar Allahın yeni dünyasında dirilib əbədi yaşayacaqlar. Allahın səmavi Padşahlığında Məsihlə birgə hakimiyyət sürəcək 144 000 nəfər də öz mükafatını almazdan əvvəl ölməlidir. Lakin Vəhy 7:9 ayəsində göstərildiyi kimi, bu axır günlərdə bütün millətlərdən yığılan və yer üzündə əbədi yaşamağa ümid bəsləyən ‘böyük izdiham’ ölüm görməyəcəkdir. Bəs sən bu böyük izdihamın arasındasan?
Böyük izdiham kimi təmsil edir
2. Vəhy 7:9 ayəsindəki ‘böyük izdihamın’ kimi təmsil etdiyi get-gedə necə aydınlaşırdı?
2 Yehovanın xidmətçiləri 1923-cü ildə başa düşdülər ki, Matta 25:31-46 ayələrində İsanın dediyi ‘qoyunlar’ və Yəhya 10:16 ayəsindəki ‘başqa qoyunlar’ yer üzündə əbədi yaşamağa ümid edən insanlardır. Daha sonra 1931-ci ildə aydın oldu ki, Yezekel 9:1-11 ayələrindəki alınlarına işarə qoyulmuş insanlar da yer üzündə yaşamağa ümid bəsləyənlərdir. 1935-ci ildə isə bəlli oldu ki, böyük izdiham İsanın dediyi «başqa qoyunlar» sinfinə aiddir. Allahın bəyəndiyi böyük izdihama bu gün milyonlarla adam daxildir.
3. «Taxtın qarşısında durmaq» ifadəsi nəyə görə göylər sinfinə işarə etmir?
3 Vəhy 7:9 ayəsində böyük izdihamın göydə olduğu deyilmir. ‘Taxtın qarşısında durmaq’ üçün mütləq göydə olmaq lazım deyil. Onlar sadəcə Allahın gözü önündədirlər (Məzmur 11:4). Böyük izdihamın saya-hesaba gəlməməsi onun göylər sinfinə aid olmadığına dəlalət edir. Vəhy 7:4-8 və 14:1-4 ayələrində yazılanlardan fərqli olaraq, bu qrupun sayı qeyri-məhduddur. Halbuki, yerdən göyə götürüləcək insanların sayı 144 000 nəfərdir.
4. a) Böyük izdihama xətər toxundurmayacaq «böyük məşəqqət» nədir? b) Vəhy 7:11, 12 ayələrindən kimlərin böyük izdihamı müşahidə etdiyi və onlarla birlikdə Allaha ibadət etdiyi məlum olur?
4 Vəhy 7:14 ayəsində böyük izdiham haqqında belə deyilir: «Bunlar, o böyük məşəqqətdən çıxanlardır». Onlar bəşər tarixində baş vermiş ən böyük müsibətdən sağ çıxırlar (Matta 24:21). Xilaslarına görə Allaha və Məsihə minnətdarlıqlarını bildirəndə göydə yaşayan sadiq varlıqların hamısı onlarla birlikdə nida edəcəklər: «Amin. Allahımıza əbədi bərəkət, izzət, hikmət, şükran, hörmət, qüdrət və qüvvət olsun. Amin» (Vəhy 7:11, 12).
Xilasa layiq görülənlər
5. Böyük izdihamın sırasında olmaq üçün nə tələb edildiyini haradan öyrənmək olar?
5 Böyük izdihamın böyük məşəqqətdə sağ qalması Yehovanın saleh normalarına uyğundur. Xilas olunacaq insanların səciyyəvi xüsusiyyətləri Müqəddəs Kitabda aydın təsvir edilir. Ona görə də salehliyi sevənlərin həyat tərzi artıq indidən xilasa layiq olmalıdır. Onlardan nə tələb olunur?
6. Böyük izdihamın üzvlərini nəyə görə qoyunla müqayisə etmək olar?
6 Qoyun mülayim və üzüyola heyvandır. İsa göylər sinfinə aid olmayan ‘başqa qoyunlarının’ olduğunu deyəndə yer üzündə əbədi yaşamağı arzulayan və onun təlimlərinə tabe olmaq istəyən insanları nəzərdə tuturdu. «Qoyunlarım səsimə qulaq asırlar, Mən də onları tanıyıram, və ardımca gəlirlər» (Yəhya 10:16, 27). Belə insanlar İsanın dediyi hər şeyə qulaq asıb əməl edir və onun şagirdi olurlar.
7. İsanın davamçıları hansı keyfiyyətləri yetişdirməlidirlər?
7 İsanın davamçılarından hər biri daha hansı keyfiyyətləri yetişdirməlidir? Allahın Kəlamı cavab verir: ‘Əvvəlki yaşayışınıza məxsus olan köhnə mənliyi kənara atın və Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış yeni mənliyi geyinin’ (Efeslilərə 4:22-24). İsanın davamçıları Allahın xidmətçilərinin birliyini daha da möhkəmləndirən «məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq» kimi keyfiyyətlər yetişdirirlər (Qalatiyalılara 5:22, 23).
8. Böyük izdiham sadiq qalığı dəstəkləməklə hansı çətinliklə üzləşir?
8 Böyük izdiham təbliğ işinə nəzarət edən az saylı göylər sinfinin nümayəndələrinə köməklik göstərir (Matta 24:14; 25:40). Başqa qoyunlar buna görə təqib olunacaqlarını bilirlər, çünki axır günlərin başlanğıcında İsa Məsih və onun mələkləri Şeytanı və onun cinlərini göydən yerə atıblar. Şeytanın və cinlərin yerə atılması yer üzünə necə təsir göstərir? «Yerə... vay olsun! Çünki iblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi» (Vəhy 12:7-12). Bu sistemin sonu yaxınlaşdıqca, Şeytan Allahın xidmətçilərini daha da şiddətlə təqib edir.
9. Allahın xidmətçiləri xoş xəbəri nə dərəcədə uğurla təbliğ edirlər və bu nəyin sayəsində mümkündür?
9 Şiddətli təqiblərə baxmayaraq, təbliğ işi davam edir. Birinci Dünya Müharibəsinin sonunda cəmi bir neçə min təbliğçi var idisə, indi onların sayı milyonlarladır, çünki Yehova söz vermişdir: «Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq» (Yeşaya 54:17). Hətta birinci əsrdə yaşamış yəhudi ali məhkəməsinin üzvü etiraf etmişdi ki, Allahın işini heç cürə saxlamaq olmaz. O, fəriseylərə müraciət edib İsanın şagirdləri haqqında belə demişdi: «Bu adamlardan əl çəkin və onları buraxın. Çünki bu təşəbbüs və bu hərəkət insanlardan isə, yox olacaqdır; Lakin Allahdan isə, onu yox etməyə sizin gücünüz çatmaz. Hətta Allahla savaşanların halına düşə bilərsiniz» (Həvarilərin işləri 5:38, 39).
10. a) Böyük izdihamın üzərindəki «işarə» nəyi bildirir? b) Allahın xidmətçilərinin ‘göydən gələn səsə’ qulaq asdıqları nədən görünür?
10 Böyük izdihamın üzvlərinin xilası üçün onların üzərinə nişan qoyulur (Yezekel 9:4-6). Alınlarındakı «işarə» onların Yehovaya həsr olunub İsanın şagirdi kimi vəftiz olunduqlarını və Məsihə xas keyfiyyətlər yetişdirməyə çalışdıqlarını nümayiş etdirir. Göydən gələn səs Şeytanın ümumdünya yalan din imperiyasını nəzərdə tutaraq deyir: «Ey xalqım, oradan çıxın ki, onun günahlarına şərik olmayasınız və onun bəlalarının birinə düçar olmayasınız». Böyük izdiham bu səsə qulaq asır (Vəhy 18:1-5).
11. Böyük izdihamın üzvləri Yehovanın xidmətçiləri olduqlarını necə nümayiş etdirirlər?
11 İsa şagirdlərinə həmçinin demişdi: «Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəhya 13:35). Bu dünyanın dinlərinin nümayəndələri isə əksinə, müharibələrdə milliyəti başqa olan həmimanlılarını öldürürlər! Allahın Kəlamında deyilir: ‘Kimin Allahın övladı, kimin də şeytanın övladı olduğu bundan bəlli olur: saleh iş görməyən, Allahdan deyildir, öz qardaşını sevməyən də həmçinin. Biz bir-birimizi sevməliyik, şərirdən olan, öz qardaşını öldürən Qabil kimi olmamalıyıq’ (1 Yəhya 3:10-12).
12. Yehova çürük bar gətirən ‘ağaclarla’, yəni dinlərlə böyük məşəqqətdə nə edəcək?
12 İsa söyləmişdi: «Hər yaxşı ağac xeyirli meyvə verər; pis ağac isə çürük meyvə verər. Yaxşı ağac çürük meyvə verə bilməz; pis ağac da xeyirli meyvə verə bilməz. Xeyirli meyvə verməyən hər ağac kəsilər və oda atılar. Beləliklə onları bəhrələrindən tanıyacaqsınız» (Matta 7:17-20). Dünya dinləri gətirdikləri bəhrələri ilə «pis ağac» olduqlarını təsdiq edirlər. Yehova bu dinləri böyük məşəqqətdə məhv edəcək (Vəhy 17:16).
13. Böyük izdiham Yehovanın ‘taxtı qarşısında’ birlikdə durduğunu necə nümayiş etdirir?
13 «Vəhy» kitabında böyük izdihamın xilasının səbəbi açıqlanır. Orada təsvir edilir ki, onlar Yehovanın ‘taxtının qarşısında durublar’, başqa sözlə Onun ali hökmranlığını qəbul edirlər. Böyük izdihamın üzvləri ‘libaslarını Quzunun qanı ilə yuyub ağardıblar’, yəni İsanın, günahları yuyan fidiyəsini qəbul edirlər (Vəhy 7:9-15; Yəhya 1:29). Onlar özlərini Allaha həsr etmiş və bunu suda vəftiz olunmaqla simvolizə etmişlər. Ağ libasları Allahın qarşısında təmiz olduqlarını göstərir. Onlar Allaha ‘gecə-gündüz xidmət edirlər’. Səncə, həyatını burada yazılanlara daha çox uyğunlaşdırmaq üçün nə etməlisən?
Bugünkü xeyir-dualar
14. Yehovanın xidmətçiləri artıq indidən hansı gözəl xeyir-duaları alırlar?
14 Yəqin Yehovaya xidmət edən adamların artıq indidən hansı gözəl xeyir-dualar aldıqlarına fikir vermisən. Misal üçün, sən də Yehovanın saleh niyyətləri haqqında öyrənəndə başa düşdün ki, Allah insanlar üçün gözəl gələcək hazırlayır. İndi yerüzü Cənnətdə əbədi yaşamağa ümid bəsləyərək həqiqi Allaha xidmət etməklə həyatın əsl məna ilə dolur. Bəli, Padşah İsa Məsih böyük izdihamı «həyat sularının qaynaqlarına aparacaq» (Vəhy 7:17).
15. Siyasi və əxlaqi məsələlərə gəldikdə, Yehovanın Şahidləri Müqəddəs Kitab prinsiplərinə əməl etməklə hansı xeyir-duaları alırlar?
15 Böyük izdihamın aldığı gözəl xeyir-dualara Yehovanın bütün xidmətçiləri arasında hökm sürən məhəbbət, birlik və həmrəylik daxildir. Hamımız eyni ruhani qida ilə qidalandığımız üçün Allahın Kəlamındakı eyni qanun və prinsiplərə tabe oluruq. Bu səbəbdən siyasi və milliyyətçi ideologiyaların zəminində yaranan parçalanmalar bizə yaddır. Biz həmçinin Allahın Öz xalqından tələb etdiyi yüksək əxlaq normalarına müvafiq yaşayırıq (1 Korinflilərə 6:9-11). Ona görə də bu dünyada geniş yayılmış ədavət, parçalanma və əxlaqsızlığa Allahın xalqı arasında yer yoxdur, əksinə onlar bir növ ruhani cənnətdə yaşayırlar. Yeşaya 65:13, 14 ayələrində ruhani cənnətin necə təsvir edildiyinə fikir verin.
16. Bu dünyada üzləşdiyi çətinliklərə baxmayaraq, böyük izdiham hansı ümidlə yaşayır?
16 Əlbəttə, Yehovaya xidmət edənlər kamil deyillər. Bu dünyadakı bir çox çətinliklər onlardan yan keçmir. Onlar da bədbəxtliklərə məruz qalır və ya müharibələrin günahsız qurbanı olurlar, həmçinin əzab çəkir, xəstələnir, ölürlər. Amma bu adamlar əmindirlər ki, Allah yeni dünyada «onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır» (Vəhy 21:4).
17. Həqiqi Allaha ibadət edənlərin başına gələnlərdən asılı olmayaraq, onların hansı gözəl gələcəyi var?
17 İndi qocalıq, xəstəlik, təqiblər və yaxud da bədbəxt hadisə ucbatından həyatını itirsən belə, Yehova səni Cənnətdə dirildəcək (Həvarilərin işləri 24:15). Məsihin Minillik Hakimiyyəti dövründə sən yenidən ruhani ziyafətdə olacaqsan. Yaradanın bütün niyyətlərinin ecazkarcasına həyata keçdiyini və insanlara bolluca maddi nemətlər verildiyini gördükcə Allaha qarşı məhəbbətin daha da güclənəcək (Yeşaya 25:6-9). Allahın xalqının necə də gözəl gələcəyi var!
Təkrar üçün suallar
• Müqəddəs Kitabda böyük izdiham hansı vacib hadisə ilə bağlı xatırlanır?
• Allahın bəyəndiyi böyük izdihamın sıralarında olmaq istəyiriksə, artıq indidən nə etməliyik?
• Böyük izdihamın indi aldığı və gələcək yeni dünyada alacağı xeyir-dualar sənin üçün nə dərəcədə qiymətlidir?
[123-cü səhifədəki şəkil]
Böyük izdihamın milyonlarla üzvü həqiqi Allaha birlikdə ibadət edir