Sən hər işdəmi sadiqsən?
«Ən balaca bir işdə sadiq olan, böyük işdə də sadiqdir» (LUKA 16:10).
1. Yehovanın sədaqətli olduğu nədən görünür?
GÜN ərzində ağacın kölgəsi ilə nə baş verdiyinə diqqət yetirmisənmi? Öz istiqamətini dəyişərək o gah gödəlir, gah da uzanır. İnsanların təşəbbüsləri və və’dləri də çox vaxt bu kölgə kimi dəyişkən olur. Yehova Allah isə heç vaxt dəyişmir. Yehovanı ‘nurlar Atası’ adlandıraraq şagird Yaqub yazır ki, «Onda nə dəyişiklik var, nə də dönüklük kölgəsi» (Yaqub 1:17). Yehova hətta ən cüz’i şeylərdə belə dəyişməzdir, Ona hər zaman e’tibar etmək olar. O, «sədaqət Allahıdır» (Qanunun təkrarı 32:4, KM).
2. a) Nəyə görə sadiqlik göstərib-göstərmədiyimizə əmin olmalıyıq? b) Hansı sualları müzakirə edəcəyik?
2 Allah Öz sədaqətli xidmətçilərinə necə münasibət bəsləyir? Bunu Davud padşahın nümunəsindən görmək olar. O demişdir: «Gözüm ölkənin sadiq insanlarına baxar, qoy onlar yanımda yaşasın. Kamillik yolu ilə gedənlər qulluğumda dayanar» (Məzmur 101:6). Bəli, Yehova xidmətçilərinin sadiqliyini çox qiymətləndirir. Buna görə həvari Pavel yazmışdır: «Təsərrüfatçılardan isə tələb olunur ki, hər biri sadiq olsun» (1 Korinflilərə 4:2). Sadiq olmaq nə deməkdir? Həyatın hansı sahələrində sadiqlik göstərməliyik? Və «kamillik yolu ilə gedənlər»i hansı xeyir-dualar gözləyir?
Sadiq olmaq nə deməkdir?
3. Sadiq olub-olmağımız nədən aydın olur?
3 İbranilərə 3:5 ayəsində deyilir ki, «Musa... bir xidmətçi kimi sadiq qaldı». Nəyə görə bu peyğəmbər haqqında belə demək olar? Çadır qurulan zaman «Rəbb Musaya necə əmr etmişdisə, o da bu cür etdi» (Çıxış 40:16). Yehovanın xidmətçiləri olduğumuz üçün sadiqliyimizi itaətkarlıq göstərməklə təzahür etdiririk. Şübhəsiz ki, Yehovaya olan sadiqliyimizi ağır sınaqlarda belə qorumalıyıq. Lakin sadiqlik təkcə ağır sınaqlara necə tab gətirməyimizdə əks olunmur. İsa demişdir: «Ən balaca bir işdə sadiq olan, böyük işdə də sadiqdir, lakin ən balaca bir işdə sadiq olmayan, böyük işdə də sadiq deyil» (Luka 16:10). Bu sözlərdən aydın olduğu kimi, hətta cüz’i görünə bilən şeylərdə belə sadiq qalmalıyıq.
4, 5. Bizim «ən balaca bir işdə» sadiq qalmağımız nəyi əks etdirir və nəyə tə’sir göstərir?
4 Gündəlik olaraq «ən balaca bir işdə» belə sadiq qalmağımız iki səbəbə görə vacibdir. Əvvəla bu, Yehovanın hakimiyyətinə olan münasibətimizi əks etdirir. İlk insan cütü olan Adəmlə Həvvanın sadiqliyinin necə sınağa çəkilməsi haqqında düşün. Allahın tələbini yerinə yetirmək çətin deyildi, çünki Eden bağında kifayət qədər meyvə ağacları vardı. Adəmlə Həvva «ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə»li deyildilər (Yaradılış 2:16, 17). Əgər onlar sadiq qalıb bu sadə əmrə qulaq assaydılar, onda bununla Allahın hakimiyyətini qəbul etdiklərini göstərərdilər. Biz də gündəlik həyatımızda Yehovanın rəhbərliyinə riayət etməklə Onun tərəfində olduğumuzu sübut edirik.
5 İkinci səbəb isə, «ən balaca bir işdə» itaətkar olmağımız, daha ciddi sınaqlarla üzləşəndə necə davranacağımıza tə’sir göstərir. Gəlin Danielin və onun üç yoldaşının — Xananya, Azarya və Mişaelin nümunəsini nəzərdən keçirək. Bizim eradan əvvəl 617-ci ildə onlar uzaq Babil şəhərinə sürgün edilmişdilər. Hələ gənc yaşlarında ikən onları padşah Navuxodonosorun sarayına gətirmişdilər. O zaman «padşah onlara özünün yediyi yeməklərdən və içdiyi şərabdan gündəlik yemək payı tə’yin etdi ki, üç il onlara tərbiyə versinlər və sonra isə padşahın xidmətinə gətirsinlər» (Daniel 1:3-5).
6. Daniel və onun üç yoldaşı Babil padşahının sarayında hansı çətin vəziyyətlə qarşılaşdı?
6 Bu dörd gənc yəhudi üçün Babil padşahının yediyi yeməklərlə qidalanmaq məqbul deyildi. Ehtimal ki, padşahın ləziz yeməklərinin arasında Musanın Qanununun qadağan etdiyi yeməklərdən də var idi (Qanunun təkrarı 14:3-20). Bundan başqa, babillilər öldürülən heyvanların qanını necə lazımdır axıtmaya da bilərdilər. Belə əti yemək isə Allahın qanununa tam zidd idi (Qanunun təkrarı 12:23-25). Və nəhayət həmən qida bütlərə qurban gətirilmiş ola bilərdi, çünki adətən babillilər birlikdə yemək yeməkdən əvvəl öz allahlarına qida qurbanı gətirirdilər.
7. Danielin və onun üç yoldaşının sadiqliyi nəyə şəhadət edirdi?
7 Babil sarayında, şübhəsiz ki, qida ilə əlaqədar məhdudiyyətlərə xüsusi əhəmiyyət vermirdilər. Lakin Daniel və onun yoldaşları murdar olmamağa və Allahın israillilərə verdiyi qanun ilə qadağan olunan qidanı yeməməyə qəti qərarlı idilər. Beləliklə onların sadiqliyi sınaqdan keçdi. Onlar xahiş etdilər ki, padşahın süfrəsindən gətirilən yeməklər tərəvəz və su ilə əvəz olunsun və onların xahişi yerinə yetirildi (Daniel 1:9-14). Bu gün bə’ziləri üçün bu dörd gəncin davranışı mə’nasız görünə bilər. Lakin onların sadiqliyi Yehovanın tərəfini tutduqlarını və Onun hakimiyyətinə hörmət bəslədiklərini göstərir.
8. a) Danielin üç yoldaşı hansı çətin sınaqla qarşılaşdılar? b) Onların sınağı nə ilə nəticələndi və bundan nə öyrənə bilərik?
8 Əhəmiyyətsiz görünə bilən şeylərdə sadiqlik göstərərək, Danielin üç yoldaşı özlərini daha ciddi sınağa hazırlamışdılar. Gəlin «Daniel» kitabının 3-cü fəslini açıb, bu üç yəhudinin ölüm təhlükəsilə qarşılaşdıqları haqda olan mə’lumatı oxuyaq. Onlar padşah Navuxodonosorun qoyduğu qızıl bütə səcdə etməkdən imtina etdilər və padşahın hüzurunda durub tam əminliklə dedilər: «Qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin də əlindən qurtaracaq. Sənə mə’lum olsun ki, ey padşah, əgər belə olmasa da, biz sənin allahlarına qulluq edən deyilik və sənin qoyduğun qızıl heykələ də səcdə etməyəcəyik» (Daniel 3:17, 18). Yehova Öz xidmətçilərini xilas etdimi? Bəli, onlar sağ qaldılar, od onlara heç bir zərər yetirmədi. Onları odla qızmış sobaya atan adamlar isə həlak oldular. Bu gənclər artıq sadiqlik göstərməyə vərdiş etdikləri üçün daha böyük sınağa tab gətirə bildilər. Məgər bu nümunə, ən balaca bir işdə belə sadiq qalmağın vacibliyini göstərmirmi?
«Haqsız mammona qarşı sadiq»lik
9. Luka 16:10 ayəsində yazılan sözləri İsa hansı kontekstdə söyləmişdir?
9 İsa «ən balaca bir işdə sadiq olan, böyük işdə də sadiqdir» prinsipini verməzdən əvvəl öz dinləyicilərini təşviq etmişdir: «Haqsız mammonla özünüzə dostlar əldə edin ki, dövlət tükəndikdə onlar sizi əbədi məskənlərə qəbul etsinlər». Bu sözlərdən sonra ən balaca bir işdə belə sadiq olmağın vacibliyini vurğulayaraq İsa davam etdi: «Beləliklə, əgər siz haqsız mammona qarşı sadiq olmasanız, gerçək sərvəti sizə kim e’tibar edər? [...] Heç bir nökər iki ağaya qulluq edə bilməz: çünki, ya birinə nifrət edəcək, digərini isə sevəcək; yaxud, birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır. Siz Allaha və mammona qulluq edə bilməzsiniz» (Luka 16:9-13, İ–93).
10. ‘Haqsız mammondan’ istifadə edərkən sadiqliyimizi necə göstərə bilərik?
10 Kontekstdən aydın olduğu kimi, İsanın Luka 16:10 ayəsindəki sözləri əslində ‘haqsız mammonun’, yə’ni maddi vəsaitlərin və əmlakın istifadə edilməsi ilə bağlı idi. Bu var-dövlət ona görə haqsız adlandırılmışdır ki, maddi vəsaitlər, xüsusilə də pul, qeyri-kamil insanların nəzarəti altındadır. Bundan başqa, varlanmaq arzusu haqsız davranışa gətirib çıxara bilər. Maddi vəsaitlərdən müdrikliklə istifadə edəndə sadiqliyimizi göstəririk. Onları xudbinliklə tək özümüz üçün xərcləmək əvəzinə, Padşahlığın maraqlarını dəstəkləməyə və ehtiyacı olanlara kömək etməyə çalışırıq. Bu sahədə sadiqlik göstərərək «əbədi məskənlərin» sahibləri olan Yehova Allahla və İsa Məsihlə dostluq münasibətləri əldə edirik. Gələcəkdə bizə əbədi həyatı bəxş edərək, onlar bizi ya göydə, ya da yer üzü Cənnətdə qəbul edəcəklər.
11. İnsanlara Yehovanın Şahidlərinin ümümdünya işi üçün edilən könüllü ianələri qəbul etdiyimizi deməkdən nəyə görə çəkinməməliyik?
11 Gəlin, Müqəddəs Kitabı və ona əsaslanan ədəbiyyatı təklif etdiyimiz insanlara, Padşahlıq haqqındakı xəbəri söyləyən və Yehovanın xalqının ümümdünya fəaliyyətinin könüllü ianələr sayəsində keçirildiyini xatırladan zaman, onlara hansı imkanı təqdim etdiyimiz haqqında düşünək. Biz onları öz maddi vəsaitlərindən müdrikliklə istifadə etməyə təşviq etmirikmi? Gördüyümüz kimi, Luka 16:10 ayəsindəki sözlər maddi vəsaitlərin istifadə edilməsinə aid olsa da, oradakı prinsipi həyatın başqa sahələrində də tətbiq etmək olar.
«Hər cəhətcə özümüzü yaxşı aparmağa can atırıq»
12, 13. Biz hansı sahələrdə vicdanla davrana bilərik?
12 Həvari Pavel yazırdı: «Biz əminik ki, vicdanımız təmizdir, çünki hər cəhətcə özümüzü yaxşı aparmağa [«düzgünlüyə», YD] can atırıq» (İbranilərə 13:18). «Hər cəhətcə» ifadəsi, sözsüz ki, özünə maliyyə işlərini də daxil edir. Biz borclarımızı və bütün vergiləri vaxtında ödəməyə çalışırıq. Nəyə görə? Çünki buna bizim vicdanımız — ən əsası isə Allaha olan məhəbbətimiz və Onun əmrlərinə riayət etmək arzumuz təşviq edir (Romalılara 13:5, 6). Bizə məxsus olmayan bir şeyi tapan zaman biz necə davranacağıq? Əlbəttə ki, biz həmən şeyi öz sahibinə qaytarmağa çalışacağıq. Bunu etməyə bizi nəyin təşviq etdiyi haqda danışmaqla necə də gözəl şahidlik edə bilərik!
13 Hər cəhətdən düzgünlüyə can atmaq və sadiq olmaq, iş yerində vəzifəmizə vicdanla yanaşmaq deməkdir. İş yerində işimizi vicdanla yerinə yetirdikdə, təmsil etdiyimiz Allah haqqında şəhadətlik edirik. Biz tənbəllik etmirik və beləliklə müdirin vaxtını ‘oğurlamırıq’. Əksinə, hər şeyi Yehova üçün edirmiş kimi, canla-başla etməyə çalışırıq (Efeslilərə 4:28; Koloslulara 3:23). Bə’zi mə’lumatlara görə, Avropa ölkələrindən birində işçilərin üçdə biri özlərini xəstəliyə vurub xəstəlik kağızı alırlar. Allahın həqiqi xidmətçiləri işdən qaçmaq üçün yalan əməllərə əl atmırlar. Adətən, iş sahibləri Yehovanın Şahidlərinin vicdanlı olduqlarına və sə’ylə çalışdıqlarına qiymət verir və hərdən onlara yüksək vəzifələr həvalə edirlər (Süleymanın məsəlləri 10:4).
Məsihçi xidmətində sadiqlik
14, 15. Məsihçi xidmətində sadiqliyi necə göstərmək olar?
14 Bizə həvalə edilən xidmətdə sadiqliyi necə göstərməliyik? Müqəddəs Kitab deyir: «Həmişə... Allaha həmd qurbanını, yə’ni Onun adını iqrar edən dodaqların bəhrəsini təqdim edək» (İbranilərə 13:15). Təbliğ xidmətində sadiqlik göstərmək, onda müntəzəm surətdə iştirak etmək deməkdir. Məgər biz yol verə bilərikmi ki, ay ərzində heç kimlə Yehova və Onun niyyətləri haqqında danışmayaq? Xoş xəbərin bəyan edilməsində sə’ylə iştirak etməyimiz, təcrübə qazanmağımıza və xidmətimizin keyfiyyətini yaxşılaşdırmağımıza da kömək edəcək.
15 Sadiqliyi göstərməyin digər gözəl üsulu «Gözətçi Qülləsi» jurnalında və «Bizim Padşahlıq Xidmətimiz»də verilən məsləhətləri tətbiq etməkdir. Hazırlaşanda və təklif olunan təqdimələrdən istifadə edəndə xidmətimizin nə qədər səmərəli olduğunu müşahidə edirikmi? Padşahlıq haqqındakı xəbərə maraq göstərənlərə mümkün qədər tez baş çəkməyə çalışırıqmı? Bəs Müqəddəs Kitab öyrənmələrini necə keçiririk? Bu tapşırığa məs’uliyyətlə yanaşırıqmı? Xidmətdə sadiqlik göstərərək biz həm özümüzün, həm də bizi dinləyənlərin həyatını qoruya bilərik (1 Timoteyə 4:15, 16).
Dünyadan ayrı durmaq
16, 17. Dünyadan ayrı olduğumuzu necə göstərə bilərik?
16 Allaha duada müraciət edərkən, İsa öz davamçıları haqqında dedi: «Mən onlara Sənin sözünü verdim, və dünya onlara nifrət eylədi; çünki Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər. Mən xahiş etmirəm ki, Sən onları dünyadan götürəsən. Xahiş edirəm ki, onları şərdən qoruyasan. Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər» (Yəhya 17:14-16). Biz, əlbəttə ki, bitərəflik mövqeyi, dini bayramlar, adət-ən’ənələr və əxlaqsızlıq kimi ciddi məsələlərdə dünyadan ayrı durmağa qəti qərarlıyıq. Bəs bir o qədər də əhəmiyyətli olmayan məsələlər haqda nə demək olar? Bu dünya xəlvəti olaraq bizə öz tə’sirini göstərə bilərmi? Misal üçün, ehtiyatsızlıq üzündən asanlıqla nalayiq geyim tərzini mənimsəmək olar. Lakin sadiqlik bizi təşviq edəcək ki, geyim və saç düzümü kimi məsələlərə «utancaqlıq və mö’tədilliklə» yanaşaq (1 Timoteyə 2:9, 10). Həqiqətən də «heç bir şəkildə kimsənin büdrəməsinə səbəb olmadıq ki, xidmətimiz e’tibardan düşməsin. Lakin hər şeydə özümüzü Allahın xidmətkarları kimi təqdim edirik» (2 Korinflilərə 6:3, 4).
17 Yehovanı izzətləndirmək arzusunda olduğumuz üçün, biz yığıncaq görüşlərinə gedərkən layiqli şəkildə geyinməyə çalışırıq. Biz Yehovanı xarici görünüşümüzlə konqreslərdə də izzətləndirmək istəyirik. Paltarımız təmiz, səliqəli və şəraitə uyğun olmalıdır. Bu, bizi görənlər üçün yaxşı şahidlik ola bilər. Mələklər Pavel və onun həmimanlılarını müşahidə etdikləri kimi, bizi də müşahidə edirlər (1 Korinflilərə 4:9). Buna görə biz hər zaman ləyaqətli görünmək istəyirik. Geyim məsələsində sadiqliyi qorumaq kimin üçünsə əhəmiyyətsiz görünə bilər, lakin Allah bunu vacib hesab edir.
Sadiq olanlar üçün xeyir-dualar
18, 19. Sadiqlik hansı xeyir-dualara səbəb olur?
18 Həqiqi məsihçilər ‘Allahın çoxcəhətli lütfünün yaxşı təsərrüfatçıları’ adlandırılmışlar. Bu səbəbdən onlar ‘Allahın tə’min etdiyi qüvvəyə’ güvənirlər (1 Peter 4:10, 11). Bundan əlavə, Allahın mərhəmətinə görə, biz ‘təsərrüfatçılara’ bizə məxsus olmayan bir çox şey həvalə edilmişdir; bura məsihçi xidməti də daxildir. Biz Allahın tə’min etdiyi qüvvəyə, «ən üstün qüdrət»ə güvənsək, özümüzü ‘yaxşı təsərrüfatçılar’ kimi göstərərik (2 Korinflilərə 4:7). Bu bizi gələcəkdə qarşılaşacağımız hər bir sınağa hazırlayacaq.
19 Məzmurçu oxuyurdu: «Rəbbi sevin, siz ey bütün mö’minlər! Rəbb həmişə Ona sadiq qalanı qoruyur» (Məzmur 31:23). Gəlin Yehovaya — ‘bütün insanların, xüsusən iman edənlərin Xilaskarına’ tam güvənərək, sadiq qalmağa tam qərarlı olaq (1 Timoteyə 4:10).
Xatırlayırsınızmı?
• Nəyə görə «ən balaca bir işdə sadiq» olmaq lazımdır?
• Düzgünlük təzahür etdirməklə necə sadiq olmaq olar?
• Xidmətdə sadiq olmaq nə deməkdir?
• Özümüzü dünyadan kənar saxlayaraq sadiqliyimizi necə qoruya bilərik?
[17-ci səhifədəki şəkillər]
Ən balaca bir işdə sadiq olanlar, böyük işdə də sadiqdirlər.
[19-cu səhifədəki şəkil]
«Hər cəhətcə özümüzü yaxşı aparmağa can atırıq».
[19-cu səhifədəki şəkil]
Sadiqliyimizi göstərməyin ən gözəl üsulu, təbliğ görüşünə yaxşı hazırlaşmaqdır.
[20-ci səhifədəki şəkil]
Qoy sizin geyiminiz və saç düzümünüz təvazökarlığınızı əks etdirsin.