TƏLİM MƏQALƏSİ 19
Axırzamanda «şimal padşahı» olmuş dövlətlər
«Axırzamanda cənub padşahı onunla [şimal padşahı ilə] çəkişəcək» (DƏN. 11:40).
NƏĞMƏ 150 Xilas üçün Yehovaya sığın
İCMALa
1. Müqəddəs Kitab peyğəmbərlikləri bizə nəyi əyan edir?
YAXIN gələcəkdə Yehovanın xalqını nə gözləyir? Ehtimal irəli sürməyə gərək yoxdur. Müqəddəs Kitab peyğəmbərlikləri gələcəyə pəncərə açaraq çox tezliklə Allahın xalqına əhəmiyyətli dərəcədə təsir edəcək hadisələri bizə əyan edir. Peyğəmbərliklərin birində yer üzünün ən qüdrətli dövlətlərinin nə edəcəyini görmək olar. Bu haqda Dənyal kitabının 11-ci fəslində yazılıb. Orada bir-biri ilə çəkişən iki padşahdan, şimal və cənub padşahından danışılır. Bu peyğəmbərliyin böyük qisminin artıq yerinə yetməsi bizi əmin edir ki, qalan hissəsi də yerinə yetəcək.
2. Yaradılış 3:15, Vəhy 11:7 və 12:17 ayələrinə əsasən, Dənyalın peyğəmbərliyini araşdırarkən nələri nəzərə almalıyıq?
2 Dənyal kitabının 11-ci fəslindəki peyğəmbərliyi başa düşmək üçün nəzərə almalıyıq ki, orada söhbət Allahın xalqına birbaşa təsiri olan rəhbərlərdən və dövlətlərdən gedir. Maraqlıdır, Allahın xidmətçiləri dünya əhalisinin az hissəsini təşkil etdiyi halda, nəyə görə dünya dövlətlərinin təqib hədəfi olur? Şeytanın və hakimiyyəti altında olan bütün sistemin əsas məqsədi budur: Yehovaya və İsa Məsihə itaət edən insanları yer üzündən yox etmək. (Yaradılış 3:15 və Vəhy 11:7; 12:17 ayələrini oxuyun.) Daha bir məqamı nəzərə almalıyıq: Dənyalın yazdığı peyğəmbərlik Allahın Kəlamındakı digər peyğəmbərliklərlə uzlaşmalıdır. Başqa sözlə desək, Dənyalın peyğəmbərliyini düzgün başa düşmək üçün onu Müqəddəs Kitabın digər hissələri ilə tutuşdurmalıyıq.
3. Bu və növbəti məqalədə nəyi araşdıracağıq?
3 Gəlin bu amilləri nəzərimizdə saxlayaraq, Dənyal 11:25—39 ayələrini araşdıraq. Biz öyrənəcəyik ki, 1870-ci ildən 1991-ci ilə qədər kimlər şimal və cənub padşahı olub və nəyə görə peyğəmbərliyin bir hissəsinin izahına düzəliş etmək gərəkdir. Növbəti məqalədə Dənyal 11:40—12:1 ayələri araşdırılır və peyğəmbərliyin bu hissəsinin 1991-ci ildən Armageddona kimi olan vaxt kəsiyi ilə bağlı nəyi açıqladığına aydınlıq gətirilir. Bu iki məqaləni araşdırarkən yaxşı olardı ki, «Axırzamanda rəqib padşahlar» adlı sxemə də baxasınız. Əvvəlcə gəlin peyğəmbərlikdəki iki padşahın kim olduğunu müəyyən edək.
ŞİMAL PADŞAHI VƏ CƏNUB PADŞAHI
4. Hansı amillər şimal padşahını və cənub padşahını müəyyən etməyə kömək edir?
4 İlk dəfə «şimal padşahı» və «cənub padşahı» titulları İsrail torpağının şimalında və cənubunda yerləşən başçılara aid işlənib. Bunu haradan bilirik? Görün Dənyala xəbər gətirən mələk nə demişdi: «Mən gəldim sənə açım,.. sənin xalqınla nələr olacaq» (Dən. 10:14). Eramızın 33-cü ilinin Əllinci gün bayramına qədər İsrail xalqı Allaha məxsus xalq idi. Amma o vaxtdan bəri Yehova açıq-aydın göstərib ki, hal-hazırda Onun xalqı İsa Məsihin sadiq davamçılarıdır. Bu səbəbdən Dənyal kitabının 11-ci fəslində yazılmış peyğəmbərliyin çox hissəsi İsrail xalqı ilə yox, Məsihin davamçıları ilə əlaqəlidir (Həv. 2:1—4; Rom. 9:6—8; Qal. 6:15, 16). Bundan əlavə, tarix boyu şimal padşahı və cənub padşahı fərqli-fərqli rəhbərlər və ya dövlətlər olub. Lakin onların hamısının ortaq cəhətləri var. Birincisi, bu rəhbərlərin Allahın xalqı üzərində əhəmiyyətli dərəcədə təsiri olub. İkincisi, onlar Allahın xalqı ilə pis rəftar edərək var olan Allaha, Yehovaya nifrət etdiklərini göstəriblər. Üçüncüsü isə, şimal padşahı və cənub padşahı həmişə bir-biri ilə səlahiyyət uğrunda mübarizə aparıb.
5. II əsrin müəyyən illərindən XIX əsrin sonlarına kimi şimal padşahı və cənub padşahı mövcud olub? İzah edin.
5 Eramızın II əsrinin müəyyən illərində məsihi yığıncağına saxta məsihilər daxil olmağa başlamışdı. Onlar yalan dini təlimlər öyrədir və Allahın Kəlamındakı həqiqətləri gizlədirdilər. Həmin vaxtdan XIX əsrin sonlarına kimi yer üzündə Allahın xidmətçilərindən ibarət təşkilat yox idi. Saxta məsihilər alaq otu kimi çoxalmağa başlamışdı və beləcə, kimlərin həqiqi məsihi olduğunu müəyyən etmək çox çətin idi (Mət. 13:36—43). Bu məlumatı bilmək nə üçün vacibdir? Buradan aydın olur ki, II əsrin müəyyən illərindən XIX əsrin ikinci yarısına kimi şimal padşahı və cənub padşahı mövcud ola bilməzdi. Allahın xidmətçilərindən ibarət təşkilat olmadığı üçün ona hücum edən padşahlar da yox idib. Bununla belə, XIX əsrin sonlarında şimal padşahının və cənub padşahının yenidən peyda olduğunu görmək mümkün idi. Nəyə əsasən belə demək olar?
6. Allahın xidmətçilərinin kim olduğunu yenidən müəyyən etmək nə vaxt mümkün oldu? İzah edin.
6 1870-ci ildən etibarən Allahın xidmətçilərindən ibarət qrup yaranmağa başladı. Həmin il Çarlz Teyz Rassel və başqa bir neçə nəfər qrup şəklində Müqəddəs Kitabı araşdırmağa başladılar. Peyğəmbərlikdə deyilən Məsihin Padşahlığının qurulmasından öncə yol hazırlayan «elçi» Rassel və dostları idi (Məl. 3:1). Beləcə, Allahın xidmətçilərinin kim olduğunu müəyyən etmək yenidən mümkün oldu! Bəs həmin vaxt Allahın xidmətçilərini təqib edən dövlət var idi? Gəlin növbəti faktları nəzərdən keçirək.
CƏNUB PADŞAHI KİMDİR?
7. 1917-ci ilə qədər cənub padşahı kim olub?
7 Artıq 1870-ci ildə Britaniya dünyada ən böyük imperiya idi və ən güclü hərbi qüvvəyə malik idi. Dənyalın peyğəmbərliyində üç buynuzu məğlub edən balaca bir buynuzdan söz açılır. Bu balaca buynuz Britaniya imperiyasını, üç buynuz isə Fransa, İspaniya və Niderlandı təmsil edir (Dən. 7:7, 8). 1917-ci ilə qədər cənub padşahı Britaniya idi. Elə həmin vaxt Amerika Birləşmiş Ştatları iqtisadiyyatda aparıcı qüvvəyə çevrilmişdi və Britaniya ilə sıx əməkdaşlıq qurmağa başlamışdı.
8. Axırzaman ərzində cənub padşahı kim olub?
8 Birinci Dünya müharibəsi ərzində Birləşmiş Ştatlar və Britaniya öz qüvvələrini birləşdirib güclü hərbi ittifaq qurdular. Həmin vaxt Britaniya və onun keçmiş müstəmləkəsi olan Birləşmiş Ştatlar İngiltərə-Amerika dünya imperiyasına çevrildi. Dənyalın peyğəmbərlik etdiyi kimi, bu padşah «çox böyük və güclü ordu» toplamışdı (Dən. 11:25). Axırzaman ərzində cənub padşahı həmişə İngiltərə-Amerika ittifaqı olubc. Bəs şimal padşahı kim olub?
ŞİMAL PADŞAHI YENİDƏN PEYDA OLUR
9. Şimal padşahı nə vaxt yenidən peyda oldu və Dənyal 11:25 ayəsi necə yerinə yetdi?
9 Rassel və başqa bir neçə nəfər qrup şəklində Müqəddəs Kitabı araşdırmağa başlayandan bir il sonra, yəni 1871-ci ildə şimal padşahı yenidən peyda oldu. Həmin il Otto fon Bismark Almaniya imperiyasının əsasını qoydu. Prussiya kralı I Vilhelm imperiyanın ilk imperatoru oldu və Bismarkı birinci kansler təyin etdid. Almaniya növbəti onilliklər ərzində Afrika və Sakit okean ölkələrini idarəsi altına alaraq güclü müstəmləkəçi imperiyaya çevrildi; o, Britaniyadan daha qüdrətli olmağa çalışırdı. (Dənyal 11:25 ayəsini oxuyun.) Almaniya imperiyası güclü ordu və dünyada ikinci ən böyük hərbi dəniz donanması yaratdı. Birinci Dünya müharibəsində Almaniya öz silahlı qüvvələrini düşmənlərinə qarşı istifadə etdi.
10. Dənyal 11:25b, 26 ayələrindəki peyğəmbərlik necə yerinə yetdi?
10 Daha sonra Dənyal peyğəmbər Almaniya imperiyası və onun qurduğu hərbi qüvvənin aqibəti haqda yazır. Peyğəmbərlikdə deyilir ki, şimal padşahı «durmayacaq, çünki ona qarşı qəsd qurulacaq. Onun ləziz təamlarından dadanlar onu yıxacaq» (Dən. 11:25b, 26a). Dənyal peyğəmbərin dövründə «padşah təamlarından» dadanların arasında «padşahın xidmətində» duran saray məmurları da var idi (Dən. 1:5). Bu peyğəmbərlikdə söhbət kimlərdən gedir? Söhbət monarxiyanın devrilməsində əli olan Almaniya imperiyasındakı yüksək rütbəli məmurlardan — imperatorun generallarından və hərbi müşavirlərindən gedire. Peyğəmbərlikdə təkcə imperiyanın devrilməsindən yox, həm də cənub padşahı ilə müharibənin nəticəsindən danışılır. Orada şimal padşahı haqda qeyd olunur: «Ordusu isə süpürülüb atılacaq, çoxlu tələfat olacaq» (Dən. 11:26b). Peyğəmbərlik olunduğu kimi, Birinci Dünya müharibəsində alman ordusu süpürülüb atıldı və çoxlu tələfat oldu. Bu müharibə o vaxta qədər baş vermiş ən tələfatlı müharibə kimi tarixə düşdü.
11. Dənyal 11:27—30 ayələrinə əsasən, şimal padşahı və cənub padşahı nə etdi?
11 Dənyal 11:27, 28 ayələrində Birinci Dünya müharibəsinə gətirib çıxaran hadisələr təsvir olunur. Orada deyilir ki, şimal padşahı ilə cənub padşahı «bir masa arxasında oturub bir-birinə yalan danışacaq». Həmçinin qeyd olunur ki, şimal padşahı «çoxlu sərvət» toplayacaq. Məhz belə də oldu. Almaniya və Britaniya bir-birilərinə sülh yaratmaq istədiklərini desələr də, 1914-cü ildə müharibə başlayanda bunun ağ yalan olduğu üzə çıxdı. 1914-cü ilə qədər Almaniya iqtisadi cəhətdən dünyanın ikinci ən zəngin dövləti idi. Sonra Dənyal 11:29 ayəsindəki və 30-cu ayənin ilk hissəsindəki peyğəmbərlik yerinə yetdi: Almaniya cənub padşahı ilə döyüşdü, amma məğlub oldu.
PADŞAHLAR ALLAHIN XALQINA QARŞI DÖYÜŞÜR
12. Birinci Dünya müharibəsi zamanı şimal padşahı və cənub padşahı nə etmişdi?
12 1914-cü ildən bəri bu iki padşah həm bir-biri ilə, həm də Allahın xalqı ilə daha çox çəkişir. Misal üçün, Birinci Dünya müharibəsi zamanı həm Almaniya, həm də Britaniya hökuməti Allahın xalqını müharibədə vuruşmaqdan imtina etdiyinə görə təqib edirdi. ABŞ hökuməti təbliğ işinə rəhbərlik edənləri həbsə atırdı. Bu təqib Vəhy 11:7—10 ayələrində yazılmış peyğəmbərliyin icrası idi.
13. 1930-cu illərdə və İkinci Dünya müharibəsi ərzində şimal padşahı nə edirdi?
13 1930-cu illərdə, xüsusilə də İkinci Dünya müharibəsi ərzində şimal padşahı rəhmsizcəsinə Allahın xalqına hücum edirdi. Nasist partiyası Almaniyanı idarə etməyə başlayanda Hitler və tərəfdarları Allahın xalqının fəaliyyətinə qadağa qoydu. Təqibçilər Yehovanın yüzlərlə xidmətçisini qətlə yetirdi, minlərlə xidmətçisini isə həbs düşərgələrinə sürgün etdi. Bu hadisələr barədə Dənyal peyğəmbər qabaqcadan yazmışdı. Şimal padşahı təbliğ işinə qadağa qoydu və beləcə, müqəddəs məkanı murdarladı və daimi qurbanlığı dayandırdı (Dən. 11:30b, 31a). Almaniya hökumətinin başçısı Hitler hətta söz vermişdi ki, bütün ölkədə Allahın xalqının kökünü kəsəcək.
YENİ ŞİMAL PADŞAHI PEYDA OLUR
14. İkinci Dünya müharibəsindən sonra şimal padşahı kim oldu? İzah edin.
14 İkinci Dünya müharibəsindən sonra Kommunist Sovet İttifaqı hökuməti zəbt etdiyi böyük alman torpaqları üzərində nəzarəti əlinə aldı və beləcə, şimal padşahı oldu. Totalitar nasist rejimi kimi, Sovet İttifaqı da Allaha ibadəti dövlətə mütləq tabeçilikdən üstün tutanlara qarşı güclü ədavət aparmağa başladı.
15. İkinci Dünya müharibəsi qurtarandan sonra şimal padşahı nə etdi?
15 İkinci Dünya müharibəsi qurtarandan qısa müddət sonra yeni şimal padşahı, yəni Sovet İttifaqı və müttəfiqləri Allahın xalqına qarşı hücuma başladı. Vəhy 12:15—17 ayələrində Allahın xalqına qarşı təqiblər selə bənzədilir. Bu peyğəmbərlikdə deyildiyi kimi, şimal padşahı təbliğ işimizə qadağa qoydu və Yehovanın minlərlə xidmətçisini Sibirə sürgün etdi. Belə ki, axırzaman başlayandan bəri şimal padşahının Allahın xalqına qarşı selə bənzər təqiblərinin ardı-arası kəsilmir; amma bu günə kimi onların fəaliyyətini dayandırmağa müvəffəq olmayıbf.
16. Sovet İttifaqı Dənyal 11:37—39 ayələrindəki peyğəmbərliyi necə icra etdi?
16 Dənyal 11:37—39 ayələrini oxuyun. Bu peyğəmbərliyə uyğun olaraq, şimal padşahı «ata-babalarının Allahını» saya almadı. Necə? Sovet İttifaqı dini yox etmək məqsədilə ənənəvi dini təşkilatların səlahiyyətini zəiflətməyə çalışdı. Məqsədinə çatmaq üçün artıq 1918-ci ildə məktəblərdə ateizm nəzəriyyəsinin tədris olunmasına təkan verən fərman çıxardı. Bəs şimal padşahı «istehkamlar allahını» necə ucaltdı? Sovet İttifaqı qüdrətini artırmaq üçün külli miqdarda pul xərcləyərək ordusunu gücləndirdi və minlərlə nüvə silahı istehsal etdi. Beləcə, şimal padşahı və cənub padşahı milyardlarla insanın həyatına son qoymağa yetəcək sayda odlu silaha sahib oldu.
İKİ DÜŞMƏN ƏL-ƏLƏ VERİR
17. «Viranəlik gətirən iyrənc şey» nədir?
17 Şimal padşahı mühüm bir məsələdə cənub padşahını dəstəklədi; «onlar viranəlik gətirən iyrənc şey» qoydular (Dən. 11:31). Bu «iyrənc şey» Birləşmiş Millətlər Təşkilatıdır.
18. Nə üçün Birləşmiş Millətlər Təşkilatı «viranəlik gətirən iyrənc şey» adlanır?
18 Birləşmiş Millətlər Təşkilatının «iyrənc şey» adlanmasına səbəb onun yalnız Allahın Padşahlığının edə biləcəyi şeyi — bütün dünyada sülh yaratmağa qadir olduğunu iddia etməsidir. Peyğəmbərlikdə «iyrənc şey»in «viranəlik» gətirdiyi deyilir. Bu o deməkdir ki, Birləşmiş Millətlər Təşkilatı bütün yalan dinlərin məhvində aparıcı rol oynayacaq. («Axırzamanda rəqib padşahlar» adlı sxemə baxın.)
BU TARİXİ MƏLUMATIN ƏHƏMİYYƏTİ
19, 20. a) Nəyə görə bu tarixi məlumatı bilməliyik? b) Növbəti məqalədə hansı suala cavab veriləcək?
19 Biz bu tarixi məlumatı bilməliyik. Araşdırdığımız kimi, Dənyalın şimal padşahı və cənub padşahı barədə peyğəmbərliyi 1870-ci ildən 1991-ci ilə kimi yerinə yetib. Odur ki, bu peyğəmbərliyin qalan hissəsinin də yerinə yetəcəyinə əmin ola bilərik.
20 1991-ci ildə Sovet İttifaqı dağıldı. Bəs indi şimal padşahı kimdir? Növbəti məqalədə bu suala cavab verilir.
NƏĞMƏ 128 Axıra kimi dözək
a Dənyalın peyğəmbərliyində «şimal padşahı» və «cənub padşahı» barədə deyilənlərin bu gün də yerinə yetdiyinə şahidik. Buna hansı sübutlar var? Nəyə görə bu peyğəmbərliyin təfərrüatlarını başa düşməliyik?
b Yuxarıda gətirilən izahata görə, bundan sonra Roma imperatoru Avrelianın (b. e. 270—275) şimal padşahı olduğunu və kraliça Zenobiyanın (b. e. 267—272) cənub padşahı olduğunu deyə bilmərik. Bu məlumat «Dənyalın peyğəmbərliyinə diqqət yetirin!» kitabının 13 və 14-cü fəsillərindəki (rus.) izahata düzəlişdir.
c «Müqəddəs Kitab peyğəmbərliyində İngiltərə-Amerika dünya imperiyası» adlı çərçivəyə baxın.
d 1890-cı ildə kayzer II Vilhelm Bismarkı hakimiyyətdən uzaqlaşdırdı.
e Onların etdiyi bir sıra şeylər imperiyanın tez bir zamanda çökməsinə səbəb oldu. Məsələn, onlar kayzerdən kömək əllərini çəkdilər, müharibə ilə bağlı məxfi məlumatlar ötürdülər və kayzeri istefa verməyə məcbur etdilər.
f Dənyal 11:34 ayəsində qeyd olunduğu kimi, şimal padşahı vaxtaşırı Allahın xalqına qarşı təqiblərini dayandırıb. Buna 1991-ci ildə Sovet İttifaqının dağılmasını misal çəkmək olar.