TƏLİM MƏQALƏSİ 20
«Şimal padşahı» bu gün kimdir?
«Aqibəti çatacaq və dadına yetişən olmayacaq» (DƏN. 11:45).
NƏĞMƏ 95 Həqiqət nuru parlayır
İCMALa
1, 2. Bu məqalədə nəyi araşdıracağıq?
BU GÜNƏ qədər axırzamanın son günlərində yaşadığımızı sübut edən bu qədər dəlil olmayıb. Tezliklə Yehova və İsa Məsih Padşahlığa qarşı çıxan bütün hökumətləri məhv edəcək. O vaxta qədər isə şimal padşahı və cənub padşahı həm bir-biri ilə, həm də Allahın xalqı ilə çəkişməyə davam edəcək.
2 Bu məqalədə Dənyal 11:40—12:1 ayələrində yazılmış peyğəmbərliyi araşdıracağıq. Şimal padşahının hal-hazırda kim olduğunu, həmçinin qarşıdakı sınaqlara nəyə görə cəsarətlə sinə gərə biləcəyimizi öyrənəcəyik.
YENİ ŞİMAL PADŞAHI PEYDA OLUR
3, 4. Bu gün şimal padşahı kimdir? İzah edin.
3 1991-ci ildə Sovet İttifaqı devriləndən sonra onun tabeliyində yaşamış Allahın xalqı «bir az kömək» aldı, yəni bir müddət sərbəstlik əldə etdi (Dən. 11:34). Onlar artıq sərbəst şəkildə təbliğ edə bilirdi. Beləcə, çox keçməmiş Sovet İttifaqının tərkibində olmuş ölkələrdə təbliğçilərin sayı artaraq yüz minlərlə oldu. Tədricən Rusiya və müttəfiqləri şimal padşahı qismində aşkara çıxdı. Əvvəlki məqalədə araşdırdığımız kimi, şimal padşahının və cənub padşahının kim olduğunu müəyyən etmək üçün üç amili nəzərə almalıyıq: 1) o, Allahın xalqına hücum etməlidir, 2) davranışı ilə Yehovanın və Onun xalqının düşməni olduğunu göstərməlidir və 3) rəqib padşahla çəkişməlidir.
4 Bu gün şimal padşahının Rusiya və müttəfiqləri olduğunu deməyə hansı əsaslarımız var? 1) Onların Allahın xalqı üzərində əhəmiyyətli dərəcədə təsiri olub: tabeliklərində olan ərazidə yaşayan yüz minlərlə bacı-qardaşımızı təqib ediblər və təbliğ işinə qadağa qoyublar. 2) Bu davranışları onların Yehova Allaha və Onun xalqına nifrət etdiyini göstərir. 3) Onlar cənub padşahı ilə, İngiltərə-Amerika dünya imperiyası ilə çəkişir. Gəlin görək Rusiya və onun müttəfiqləri şimal padşahı olduqlarını necə göstəriblər.
ŞİMAL PADŞAHI VƏ CƏNUB PADŞAHI ÇƏKİŞMƏYƏ DAVAM EDİR
5. Dənyal 11:40—43 ayələrində nədən bəhs olunur?
5 Dənyal 11:40—43 ayələrini oxuyun. Peyğəmbərliyin bu hissəsi bizdə axırzaman barədə ümumi təsəvvür yaradır. Bu ayələrdə şimal padşahı ilə cənub padşahı arasındakı rəqabətdən danışılır. Peyğəmbərlikdə deyilir ki, axırzamanda cənub padşahı şimal padşahı ilə «çəkişəcək» (Dən. 11:40).
6. İki padşahın bir-birilə çəkişdiyini nələr göstərir?
6 Şimal padşahı və cənub padşahı bütün dünyaya hökmranlıq etmək uğrunda bir-birilə çəkişir. Misal üçün, gəlin görək İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı və müttəfiqləri Avropanın böyük bir hissəsi üzərində təsirə malik olduğu vaxt nə baş vermişdi. Şimal padşahının atdığı addımlar cənub padşahını hal-hazırda NATO kimi tanınan beynəlxalq hərbi ittifaq yaratmağa sövq etmişdi. Şimal padşahı və cənub padşahı ən güclü orduya sahib olmaq üçün külli miqdarda pul xərcləməklə də bir-birilə çəkişir. Onlar həmçinin Afrika, Asiya və Latın Amerikasında gedən müharibələrdə və üsyanlarda bir-birinin düşmənlərini dəstəkləyiblər. Son illər Rusiya və onun müttəfiqləri öz təsir güclərini bütün dünyada möhkəmləndirir. Onlar həmçinin cənub padşahı ilə kiber müharibələr aparır. Bu iki padşah dağıdıcı kompüter proqramları vasitəsilə iqtisadi və siyasi sistemlərinə ziyan vurmaqda bir-birini ittiham edir. Üstəlik, Dənyalın peyğəmbərlik etdiyi kimi, şimal padşahı Allahın xalqına hücumunu davam etdirir (Dən. 11:41).
ŞİMAL PADŞAHI «DİLBƏR ÖLKƏYƏ» GİRİR
7. «Dilbər ölkə» deyiləndə nə nəzərdə tutulur?
7 Dənyal 11:41 ayəsində deyilir ki, şimal padşahı «dilbər ölkəyə girəcək». Bu, hansı ölkədir? Qədim zamanlarda İsrail torpağı «dünyanın ən dilbər guşəsi» hesab olunurdu (Hizq. 20:6). Bu ölkəni gözəlləşdirən əsas amil haqq ibadətin orada bərqərar olması idi. Eramızın 33-cü ilinin Əllinci gün bayramından bəri bu «ölkə» konkret bir coğrafi məkanda yerləşən ərazi deyil, çünki Yehovanın xidmətçiləri dünyanın hər yerində yaşayır. Bu gün «dilbər ölkə» Yehovanın xalqının tutduğu həyat yoludur. Misal üçün, bura Yehovaya ibadətin ayrılmaz hissəsi olan yığıncaqlarda və təbliğ xidmətində iştirak daxildir.
8. Şimal padşahı «dilbər ölkəyə» necə girmişdi?
8 Axırzaman dövründə şimal padşahı «dilbər ölkəyə» dəfələrlə girib. Misal üçün, nasist Almaniyası şimal padşahı olanda, xüsusilə də İkinci Dünya müharibəsi ərzində, Allahın xalqını təqib edərək və qətlə yetirərək «dilbər ölkəyə» girmişdi. İkinci Dünya müharibəsindən sonra şimal padşahı Sovet İttifaqı olanda «dilbər ölkəyə» Allahın xalqını təqib edərək, onları sürgünə göndərərək girmişdi.
9. Bir neçə il öncə Rusiya və müttəfiqləri «dilbər ölkəyə» necə girdi?
9 Bir neçə il öncə Rusiya və müttəfiqləri də «dilbər ölkəyə» girdi. Necə? 2017-ci ildə Rusiya hökuməti Yehovanın xalqının fəaliyyətinə qadağa qoydu və bəzi bacı-qardaşlarımızı həbsə atdı. Həmçinin «Yeni Dünya Tərcüməsi» də daxil, nəşrlərimizi qadağan etdi. Daha sonra Rusiyadakı filialımızı, eləcə də ibadət evlərinin və toplantı zallarının bəzilərini müsadirə etdi. Bütün bunlardan sonra, 2018-ci ildə Rəhbərlik Şurası şimal padşahının hal-hazırda Rusiya və müttəfiqləri olduğunu açıqladı. Amma Yehovanın xidmətçiləri şiddətli təqiblərə məruz qalsalar belə, dövlətə qarşı çıxmır və çevriliş etməyə cəhd etmir. Əksinə, Müqəddəs Kitabdakı məsləhətə uyğun davranaraq «məmurlar üçün» dua edir, xüsusilə də bu məmurlar ibadət etmək azadlığına təsir edəcək qərarlar qəbul edən zaman (1 Tim. 2:1, 2).
ŞİMAL PADŞAHI CƏNUB PADŞAHINI MƏĞLUB EDƏCƏK?
10. Şimal padşahı cənub padşahını məğlub edəcək? İzah edin.
10 Dənyal 11:40—45 ayələrində yazılmış peyğəmbərlikdə diqqət əsasən şimal padşahının fəaliyyətinə yönəlir. Bu, şimal padşahının cənub padşahını məğlub edəcəyini göstərir? Xeyr. Yehova və İsa Məsih Armageddonda bütün insan hökumətlərini məhv edənə qədər cənub padşahı «diri» olacaq (Vəhy 19:20). Nə üçün buna əminik? Gəlin görək Dənyal və Vəhy kitablarındakı peyğəmbərliklər nəyi açıqlayır.
11. Dənyal 2:43—45 ayələrindən nə aydın olur? (Üz qabığındakı şəklə baxın.)
11 Dənyal 2:43—45 ayələrini oxuyun. Dənyal peyğəmbər Allahın xalqı üzərində təsiri olmuş bir sıra insan hökumətlərindən bəhs edir. Bu hökumətlər nəhəng heykəlin müxtəlif hissələri kimi təsvir olunur. Sonuncu insan hökuməti heykəlin dəmirlə gil qarışığından ibarət olan ayağını təmsil edir. Bu ayaq İngiltərə-Amerika dünya imperiyasıdır. Peyğəmbərlikdən aydın olur ki, Allahın Padşahlığı bütün insan hökumətlərini məhv edən zaman İngiltərə-Amerika dünya imperiyası hələ mövcud olacaq.
12. Vəhşi heyvanın yeddinci başı nəyi təmsil edir və nəyə görə bu, vacib məqamdır?
12 Həvari Yəhya da Yehovanın xalqına təsiri olmuş bir sıra insan hökumətini təsvir edir. Yəhyanın peyğəmbərliyində bu hökumətlər yeddibaşlı vəhşi heyvana bənzədilir. Vəhşi heyvanın yeddinci başı İngiltərə-Amerika dünya imperiyasıdır. Bu, vacib məqamdır, çünki heyvanın cəmi yeddi başı var, başqa başı yoxdur. Bu o deməkdir ki, İsa Məsih və onun səmavi ordusu vəhşi heyvanı yeddinci başı ilə birgə məhv edənə qədər yeddinci baş dünyaya ağalıq edəcəkb (Vəhy 13:1, 2; 17:13, 14).
ŞİMAL PADŞAHI YAXIN GƏLƏCƏKDƏ NƏ EDƏCƏK?
13, 14. «Məcuc ölkəsindən olan Yəcuc» kimdir və ehtimal ki, onu Allahın xalqına hücum etməyə nə təhrik edəcək?
13 Hizqiyalın yazdığı peyğəmbərlikdə şimal padşahının və cənub padşahının məhvindən öncə baş verə biləcək hadisələr təsvir olunur. Ehtimal ki, Hizqiyal 38:10—23; Dənyal 2:43—45; 11:44—12:1; Vəhy 16:13—16, 21 ayələrində eyni vaxtda baş verən hadisələrdən danışılır. Əgər bu ehtimal doğrudursa, onda növbəti hadisələrin baş verəcəyini gözləmək olar.
14 Böyük müsibət başlayandan bir qədər sonra «yer üzünün padşahları» millətlər birliyi yaradacaq (Vəhy 16:13, 14; 19:19). Bu birlik Müqəddəs Kitabda «Məcuc ölkəsindən olan Yəcuc» adlanır (Hizq. 38:2). Millətlər birliyi Allahın xalqına hücum edib onu tamamilə məhv etməyə çalışacaq. Bunu etməyə onu nə təhrik edəcək? Həvari Yəhya həmin vaxtla bağlı görüntüdə Allahın düşmənlərinin üzərinə qeyri-adi böyüklükdə dolu yağdığını görür. Ola bilsin, bu məcazi dolu Yehovanın xalqının bəyan edəcəyi ağır hökm xəbəridir. Bəlkə də, elə bu xəbər Məcuc ölkəsindən olan Yəcucu Allahın xalqını yer üzündən silmək niyyətilə hücuma keçməyə təhrik edəcək (Vəhy 16:21).
15, 16. a) Dənyal 11:44, 45 ayələrində ehtimal ki, hansı hadisələr təsvir olunur? b) Məcuc ölkəsindən olan Yəcucu təşkil edən digər millətlərlə birgə şimal padşahının aqibəti nə olacaq?
15 Çox güman ki, bu ağır hökm xəbəri və Allahın düşmənlərinin sonuncu hücumu ilə bağlı yazılanlar Dənyal 11:44, 45 ayələrində təsvir olunan hadisələrlə eynidir. (Ayələri oxuyun.) Bu ayələrdə Dənyal deyir ki, «şərqdən və şimaldan gələn xəbərlər» şimal padşahını narahat edəcək və o, «şiddətli qəzəblə qalxacaq». Şimal padşahı «çoxlarını qırıb məhv etmək» niyyətində olacaq. Görünür, «çoxları» deyiləndə Yehovanın xalqı nəzərdə tutulurc. Ola bilsin, Dənyal peyğəmbər bu ayələrdə Allahın xalqına qarşı sonuncu hücumu təsvir edir.
16 Şimal padşahının, o cümlədən digər hökumətlərin hücumu Qadir Allahı qəzəbləndirəcək və beləcə, Armageddon müharibəsi başlayacaq (Vəhy 16:14, 16). Həmin vaxt Məcuc ölkəsindən olan Yəcucu təşkil edən digər millətlərlə birgə şimal padşahının da «aqibəti çatacaq və dadına yetişən olmayacaq» (Dən. 11:45).
17. Dənyal 12:1 ayəsində adı çəkilən «böyük əmir Mikayıl» kimdir? O, indi nə edir və yaxın gələcəkdə nə edəcək?
17 Bu hadisələrin təsvir olunduğu ayələrdən dərhal sonra, növbəti ayədə şimal padşahının və müttəfiqlərinin aqibəti, eləcə də bizim xilasımız barədə təfərrüatlardan bəhs olunur. (Dənyal 12:1 ayəsini oxuyun.) Bu ayənin mənası nədir? Mikayıl hal-hazırda idarə edən padşahımız İsa Məsihin digər adıdır. O, 1914-cü ildə göydə Padşahlıq qurulandan bəri Allahın «xalqının himayəsində» durur. Yaxın gələcəkdə, Armageddon müharibəsində o, «ayağa qalxacaq», yəni düşmənlərini məhv edəcək. Bu müharibə yekun hadisə olacaq. Dənyal bu müharibəni tarixdə ən «ağır bir zəmanə» adlandırır. Yəhyanın Vəhy kitabında yazdığı peyğəmbərlikdə isə bu müharibə ilə nəticələnən dövr «böyük müsibət» adlanır (Vəhy 6:2; 7:14).
SİZİN ADINIZ KİTABDA YAZILACAQ?
18. Qarşıdakı sınaqlara cəsarətlə sinə gərəcəyimizə nəyə görə əmin ola bilərik?
18 Qarşıdakı sınaqlara cəsarətlə sinə gərəcəyimizə əmin ola bilərik. Çünki Dənyal da, Yəhya da vurğulayır ki, Yehova və İsa Məsih böyük müsibət zamanı sadiq xidmətçilərini xilas edəcək. Dənyal yazır ki, xilas olanların adı kitabda yazılacaq (Dən. 12:1). Bəs adımızın o kitabda yazılması üçün nə edə bilərik? «Allahın Quzusu» olan İsa Məsihə iman etdiyimizi aydın şəkildə göstərməliyik (Yəh. 1:29). Allaha həsr olunub vəftiz olunmalıyıq (1 But. 3:21). İnsanlara Yehovanı tanımağa kömək edərək Padşahlığı dəstəkləməliyik.
19. İndi nə etməyin vaxtıdır və nə üçün?
19 İndi Yehovaya və Onun təşkilatına etibarımızı möhkəmləndirmək vaxtıdır. İndi Allahın Padşahlığını dəstəkləmək vaxtıdır. Bunları etsək, Allahın Padşahlığı şimal padşahını və cənub padşahını məhv edəndə biz də xilas olanların arasında olacağıq.
NƏĞMƏ 149 Zəfər nəğməsi
a Bu gün «şimal padşahı» kimdir və o, necə məhv ediləcək? Bunu bilmək imanımızı möhkəmləndirəcək və yaxın gələcəkdə üzləşəcəyimiz sınaqlara hazır olmağa kömək edəcək.
b Dənyal 2:36—45 və Vəhy 13:1, 2 ayələrinin ətraflı izahı ilə bağlı əlavə məlumat üçün «Gözətçi qülləsi» jurnalının 2012-ci il 15 iyun sayının 7—19 səhifələrinə baxın.
c Əlavə məlumat üçün «Gözətçi qülləsi» jurnalının 2015-ci il 15 may sayının 29—30 səhifələrinə baxın.