Rəhbərlik şurası hüquqi şəxsdirmi?
GÖZƏTÇİ Qülləsi, Müqəddəs Kitab və traktatlar Cəmiyyəti (Pensilvaniya), 1885-ci ilin yanvar ayından e’tibarən illik yığıncaqlar keçirir. XIX yüzilliyin sonunda məsh edilmişlərin yığımı davam edirdi və bu korporasiyanın həm direktorlarının, həm də rəsmi şəxslərinin göylər ümidi vardı. Sonralar az şey dəyişildi.
Ancaq tək bir istisna hal olmuşdur. 1940-cı ildə, “başqa qoyunlar” sırasından və o zamanlar Cəmiyyətin hüquq məsləhətçisi olan Hayden Kovinqton Cəmiyyətin direktorlarından biri seçilmişdi (Yəhya 10:16). O, 1942-ci ildən 1945-ci ilə qədər Cəmiyyətin vitse-prezidenti kimi xidmət etmişdir. Kovinqton qardaş, 1945-ci ildə direktor vəzifəsini tərk etdi; çünki o zaman elə hesab olunurdu ki, Yeqovanın iradəsinə görə, Pensilvaniya korporasiyasının direktorları və rəsmi şəxsləri, məsh edilmiş məsihçilərdən olmalıdır. Direktorlar şurasında Hayden Kovinqtonu Layman Suinql əvəz etdi, vitse-prezident vəzifəsinə isə Frederik Frensi seçdilər.
Nəyə görə Yeqovanın xidmətçiləri elə hesab edirdilər ki, Gözətçi Qülləsi, Müqəddəs Kitab və traktatlar Cəmiyyətinin (Pensilvaniya) bütün direktorları və rəsmi şəxsləri məsh edilmiş məsihçilər olmalıdır? Ona görə ki, o vaxt, direktorlar şurası və Pensilvaniya korporasiyasının rəsmi şəxsləri, həmişə məsh edilmiş məsihçilərdən ibarət olan Yeqovanın Şahidlərinin Rəhbərlik Şurası ilə demək olar ki, bərabər hesab olunurdular.
Tarixi əhəmiyyət daşıyan illik yığıncaq
Pittsburqda, 1944-cü il oktyabrın 2-də keçirilən illik yığıncaqda, Pensilvaniya korporasiyasının üzvləri, korporasiyanın nizamnaməsinə dəyişiklik daxil edən altı qərar qəbul etdilər. Nizamnamədə nəzərdə tutulurdu ki, səsvermədə iştirak etmək üçün səhmlər, Cəmiyyət tərəfindən keçirilən işə ianə edən kəslərə göndərilsin. Bu vəziyyət üçüncü dəyişikliklə ləğv olundu. Həmin illik yığıncaq haqqındakı hesabatda qeyd olunurdu: “Cəmiyyətin üzvlərinin sayı beş yüz nəfərlə məhdudlaşacaq... Seçilən hər bir kəs Rəbbin ruhunu təzahür etdirməli, Cəmiyyətin tammüddətli və yaxud Yeqovanın şahidləri icmasının [yığıncağının] tammüddətli olmayan xidmətçisi olmalıdır”.
O vaxtdan e’tibarən, Padşahlığın mənafeyi üçün nə qədər pul ianə etmələrinə baxmayaraq, Cəmiyyətin direktorları Allaha tam sadiq şəxslərdən seçilir. Bu, İşaya 60:17-ci ayəsində qabaqcadan deyilən, ardıcıllıqla baş verəcək təkmilləşmələrlə uyğun gəlir: “Tunc yerinə qızıl gətirəcəyəm və dəmir yerinə gümüş və ağac yerinə tunc və daş yerinə dəmir gətirəcəyəm. Və mə’murlarını sülh edəcəyəm, nəzarətçilərini də ədalət”. “Mə’murlar” və “nəzarətçilər” haqqında danışaraq, bu peyğəmbərlik, Yeqovanın xalqının təşkilatçılıq qaydalarındakı təkmilləşməyə işarə edir.
Təşkilatı teokratik quruluşa gətirib çıxaran vacib addım, Daniel 8:14-də deyilən “iki min üç yüz axşamla sabah”ın sonunda atıldı. “Müqəddəs yer düzgün vəziyyətə gətirildi”.
Lakin 1944-cü ildə tarixi illik yığıncaqdan sonra, vacib bir sual cavabsız qalmışdı. O zaman Rəhbərlik şurası, yeddi üzvdən ibarət Pensilvaniya direktorlar şurası ilə, demək olar ki, bərabər idi. Bu o demək idimi ki, Rəhbərlik şurasının tərkibinə yeddi nəfərdən artıq məsh edilmiş məsihçi daxil ola bilməz? Bundan əlavə, direktorlar, korporasiyanın üzvləri tərəfindən seçildikləri üçün, hər dəfə illik yığıncaqda həmin korporasiyanın üzvləri Rəhbərlik şurasının da üzvlərini seçmiş olmurlarmı? Bəs Gözətçi Qülləsi, Müqəddəs Kitab və traktatlar Cəmiyyətinin (Pensilvaniya) direktorları və rəsmi şəxsləri, Rəhbərlik şurasının üzvləri ilə eyni, yoxsa fərqli adamlardır?
Daha bir unudulmaz illik yığıncaq
Bu suallara, 1971-ci il, oktyabrın 1-də keçirilən illik yığıncaqda cavab verildi. Mə’ruzəçilərdən biri qeyd etdi ki, “sadiq və ağıllı qulun” rəhbərlik şurası, Gözətçi Qülləsi, Müqəddəs Kitab və traktatlar Cəmiyyətindən (Pensilvaniya) yüz illər qabaq yaranmışdır (Matta 24:45—47). Mövcudluğuna, Pensilvaniya korporasiyasından 18 əsr qabaq başlayan Rəhbərlik şurası, b. e. 33-cü ilinin Pentikost günündə təşkil olunmuşdu. Əvvəlcə rəhbərlik şurası 7 nəfərdən yox, 12 nəfər həvaridən ibarət idi. Mə’lum olduğu kimi, sonradan onun sayı artmışdır, çünki Yerusəlimdəki “həvarilər və ağsaqqallar” rəhbərliyi öz üzərlərinə götürürdülər (Həvarilərin işləri 15:2).
Həmin mə’ruzəçi 1971-ci ildə izah etdi ki, məsh edilmişlərdən ibarət olan Rəhbərlik şurasına kimin daxil olacağına, Gözətçi Qülləsi Cəmiyyətinin üzvləri səsvermə yolu ilə qərar verə bilməzlər. Nəyə görə? “Ona görə ki, “sadiq və ağıllı qulun” rəhbərlik şurası insanlar tərəfindən tə’yin olunmur. O... həqiqi məsihçi yığıncağının Başı, “sadiq və ağıllı qulun” Rəbbi və Sahibi İsa Məsih tərəfindən tə’yin olunur”,- deyə mə’ruzəçi qeyd etdi. Buradan mə’lum olur ki, Rəhbərlik şurasının üzvləri, hər hansı hüquq orqanını təşkil edən kəslər tərəfindən seçilə bilməz.
Daha sonra mə’ruzəçi vacib bəyanat verdi: “Cəmiyyətin direktorlar şurasından fərqli olaraq, Rəhbərlik şurasının rəsmi şəxsləri, yə’ni prezidenti, vitse-prezideti, xəzinədar katibi və onun köməkçisi kimi üzvləri yoxdur. Rəhbərlik şurasının yalnız sədri var”. Çox illər boyunca Pensilvaniya korporasiyasının prezidenti, eyni zamanda, Rəhbərlik şurasının qabaqcıl üzvü olmuşdur. Amma artıq hər şey dəyişilib. İndi, Rəhbərlik şurasının üzvləri təcrübə və ya qabiliyyətlərinə görə bərabər səviyyədə olmasalar da, onların məs’uliyyətləri eynidir. Mə’ruzəçi əlavə etdi: “Rəhbərlik şurasının hər bir üzvü, Cəmiyyətin... prezidenti olmadan... Rəhbərlik şurasının sədri ola bilər. Rəhbərlik şurasının üzvləri növbə ilə şuranın sədri tə’yin olunurlar”.
1971-ci ilin unudulmaz illik yığıncağında, Rəhbərlik şurasının məsh edilmiş üzvləri ilə Pensilvaniya korporasiyasının direktorları arsında açıq-aşkar fərq qoyuldu. Bununla belə, Rəhbərlik şurasının üzvləri, Cəmiyyətin direktorları və rəsmi şəxsləri kimi xidmət etməyə davam edirdilər. Lakin bu gün belə bir sual meydana çıxır: Gözətçi Qülləsi, Müqəddəs Kitab və traktatlar Cəmiyyəti (Pensilvaniya) direktorlarının, mütləq Rəhbərlik şurasının üzvlərindən olmalarına aid Müqəddəs Kitaba əsaslanan səbəb varmı?
Belə bir səbəb yoxdur. Pensilvaniya korporasiyası - Yeqovanın Şahidləri tərəfindən istifadə edilən yeganə hüquq orqanı deyildir. Başqaları da vardır. Onlardan biri - Gözətçi Qülləsi, Müqəddəs Kitab və traktatlar (Nyu-York) Cəmiyyətidir. Bu Cəmiyyət, Birləşmiş Ştatlardakı işlərimizi yüngülləşdirir. Direktorlarının və rəsmi şəxslərinin əksəriyyəti “başqa qoyunlardan” olsa da, Yeqovanın xeyir-duasının bu korporasiyanın üzərində olmasına şübhə yoxdur. Böyük Britaniyada Müqəddəs Kitabın Tədqiqatçılarının Beynəlxalq İttifaqı vardır. Digər ölkələrdə Padşahlığın mənafeyinə başqa hüquq orqanları kömək edir. Onların hamısı xoş xəbərin bütün Yer üzündə yayılmasında birgə iştirak edir və bu işdə müəyyən rol oynayırlar. Bu orqanların harada yerləşməsindən, direktor və rəsmi şəxslərinin kim olmasından asılı olmayaraq, onlar Rəhbərlik şurası tərəfindən teokratik tərzdə idarə və istifadə olunurlar. Yə’ni onların hər birinə, Padşahlığın mənafelərinin irəliləməsi ilə əlaqədar tapşırıqlar həvalə olunur.
Hüquq orqanlarımız da az fayda gətirmirlər. Onlar imkan yaradırlar ki, yerli qanunlara və ölkənin qanunlarına, Allahın Kəlamının tələb etdiyi kimi riayət edək (Yeremya 32:11; Romalılara 13:1). Hüquq orqanları, Müqəddəs Kitablar, jurnallar, broşüralar, kitablar və başqa ədəbiyyatlar nəşr etməkdə, bununla da Padşahlıq haqqındakı müjdəni yaymaqda işimizi asanlaşdırırlar. Həmçinin, bu orqanlar mülki hüquq, fəlakətə mə’ruz qalmışlara kömək göstərmək, konqreslər üçün yer icarə etmək və s. işlərlə əlaqədar hüquq məsələlərini həll edirlər. Biz, hüquq orqanlarımızın etdikləri xidmətə görə onlara minnətdarıq.
Yeqovanın adına böyük əhəmiyyət verilir
1944-cü ildə Gözətçi Qülləsi, Müqəddəs Kitab və traktatlar Cəmiyyəti (Pensilvaniya) nizamnaməsinin II maddəsində, korporasiyanın vəzifələrini qeyd edən düzəlişlər aparılmışdı. Nizamnaməyə əsasən, Cəmiyyətin məqsədlərinə növbəti əsas məqsəd daxildir: “Qüdrətli YEQOVA Allahın adına, kəlamına və üstünlüyünə şəhadətlik edərək, Allahın, Məsih İsanın rəhbərliyi altındakı Padşahlığı haqqında müjdəni bütün millətlərə təbliğ etmək”.
1926-cı ildən e’tibarən “sadiq... qul” Yeqovanın adına böyük əhəmiyyət verirdi. Yeqovanın Şahidləri adını qəbul edən Müqəddəs Kitabın Tədqiqatçıları üçün 1931-ci il, əlamətdar il olmuşdur (İşaya 43:10—12). Cəmiyyətin, Allahın adının mə’nasını qeyd edən nəşrlərindən “Yeqova” (1934), “İsmin müqəddəs tutulsun” (1961) və ““Millətlər biləcəklər ki, Mən - Yeqovayam”. Necə?” (1971) kitablarının adını çəkmək olar.
1960-cı ildə ingilis dilində bütünlüklə nəşr olunmuş “Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi”ni xüsusi olaraq xatırlatmaq lazımdır. Orada Yeqovanın adı İbranicə Müqəddəs Yazılarda tetraqrammatonun olduğu hər yerdə var. Həmçinin bu tərcümədə, Yunanca Müqəddəs Yazılarda Allahın adına 237 dəfə rast olunur; bu ad, mətnin dəqiq analizinin göstərdiyi kimi, lazımi yerlərdə durur. Biz çox minnətdarıq ki, Yeqova öz adının bütün Yer üzündə yayılması üçün, “qula” və onun Rəhbərlik şurasına çap vasitələrindən və hüquq orqanlarından müxtəlif üsullarla istifadə etməyə imkan verir!
Allahın Kəlamının yayılmasına kömək
Yeqovanın xidmətçiləri Onun adı haqqında daima şəhadəlik etmişlər və indi də edirlər. Onlar Müqəddəs Kitaba əsaslanan milyonlarla nəşrləri, həmçinin Müqəddəs Kitabın özünü çap etməklə və onları paylamaqla Allahın Kəlamını müdafiə edirlər. XX əsrin əvvəllərinə yaxın Gözətçi Qülləsi Cəmiyyəti, Bencamin Uilsonun “The Emphatic Diaglott” adlı Yunanca Müqəddəs Yazıların yunanca-ingiliscə mətninin hərfi tərcüməsinin nəşri üçün müəlliflik haqqını qazandı. Müqəddəs Kitabın Tədqiqatçıları şəxsi nəşriyyatlarında 500 səhifəlik əlavə ilə “Kral Yakovun Müqəddəs Kitabı”nı nəşr etdilər. Cəmiyyət 1942-ci ildə, kənarlarında qeydləri olan “Kral Yakovun Müqəddəs Kitabı”nı dərc etdi. Cəmiyyət 1944-cü ildə, Allahın adının istifadə olunduğu, 1901-ci ilin “American Standard Version” tərcüməsini çap etməyə başladı. 1972-ci ildə Cəmiyyət tərəfindən nəşr olunan, Stiven Bainqtonun “Canlı ingilis dilində Müqəddəs Kitab” adlı kitabında da Yeqovanın adı istifadə olunur.
Yeqovanın Şahidləri tərəfindən istifadə olunan hüquq orqanları, Müqəddəs Kitabın bütün bu tərcümələrinin nəşr edilməsində və paylanmasında kömək ediblər. Ancaq daha çox maraq oyadan, Gözətçi Qülləsi Cəmiyyəti ilə “Yeni Dünya Tərcüməsi” Komitəsini təşkil edən Yeqovanın məsh edilmiş Şahidlərinin qrupu arasındakı sıx əməkdaşlıqlarıdır. Biz şadıq ki, bu tərcümə, hal-hazırda bütünlüklə və ya qismən 38 dildə, 106 400 000 nüsxə çap olunubdur. Gözətçi Qülləsi, Müqəddəs Kitab və traktatlar Cəmiyyəti - həqiqətən də Müqəddəs Kitab cəmiyyətidir!
“Sadiq... qul” ağasının “bütün malikanəsi” üzərinə tə’yin edilibdir. Ağanın malikanəsinə, Nyu-York ştatında yerləşən mərkəzi idarə və hal-hazırda bütün dünyada fəaliyyət göstərən 110 filial daxildir. Qul sinfinin üzvləri, onlara həvalə olunanlardan necə istifadə etdikləri haqda hesabat verəcəklərini bilirlər (Matta 25:14—30). Lakin bu, “başqa qoyunlar” sırasından olan münasib qardaşlara hüquqi və inzibati ehtiyacların qayğısına qalmağı e’tibar etməkdə “qula” mane olmur. Bundan əlavə, Rəhbərlik şurasına “dua etmək və Allahın kəlamını yaymaq işinə” daha artıq vaxt həsr etməyə imkan verir (Həvarilərin işləri 6:4).
Dünyadakı şərait hüquq orqanlarından istifadə etməyə imkan verincəyə qədər, “sadiq və ağıllı qulu” təmsil edən Rəhbərlik şurası bunu edəcəkdir. Onlar işimizi yüngülləşdirirlər, lakin fəaliyyətimiz tam şəkildə onlardan asılı deyil. Əgər dövlət tərəfindən bu və ya digər hüquq orqanın fəaliyyətinə son qoyularsa, təbliğ işi yenə də davam edəcəkdir. Hətta indi işimizə məhdudiyyətlər qoyulan və heç bir hüquq orqanı fəaliyyət göstərməyən ölkələrdə belə, Padşahlıq haqqında müjdə e’lan edilir, şagirdlər hazırlanır və teokratiyada artım müşahidə olunur. Bu ona görə baş verir ki, Yeqovanın Şahidləri əkir və suvarırlar, “Allah” isə “böyüdür” (1 Korinflilərə 3:6, 7).
Biz əminik ki, Yeqova gələcəkdə də öz xalqının ruhani və maddi tələbatlarının qeydinə qalmağa davam edəcəkdir. O və Oğlu İsa Məsih, Padşahlıq haqqında müjdənin təbliğinin sona çatması üçün, göydən lazımi rəhbərliyi və köməkliyi bundan sonra da göstərəcəklər. Əlbəttə, Allahın xidmətçiləri kimi həyata keçirdiyimiz hər iş “qüdrətlə deyil, qüvvətlə deyil”, ancaq Yeqovanın Ruhu ilə edilməkdədir (Zəkarya 4:6). Buna görə də, biz Allahdan kömək diləyir və bilirik ki, bu axır zamanda bizə həvalə etdiyi işi Ondan aldığımız güc sayəsində başa çatdıra biləcəyik.