Yehovanın Kəlamı canlıdır
«Huşə» kitabından diqqətəlayiq fikirlər
İSRAİLİN onqəbiləli şimal padşahlığında həqiqi ibadətdən, demək olar ki, əsər-əlamət qalmayıb. II Yarovamın padşahlığı altında İsrail xalqı firavan yaşayır, amma onun ölümündən sonra ölkədə maddi vəziyyət pisləşir. Bunun ardınca iğtişaşlı və siyasi dəyişkənlik dövrü başlayır. Taxta çıxan altı padşahdan dördü qətlə yetirilir (2 Padşahlar 14:29; 15:8-30; 17:1-6). Huşənin eramızdan əvvəl 804-cü ildə başlayan 59 illik peyğəmbərlik xidməti bu iğtişaşlı dövrlə üst-üstə düşür.
Yehovanın inadcıl İsrail xalqına qarşı hissləri, Huşənin ailəsində baş verənlərin əsasında əyani təsvir edilir. İsrailin günahlarının ifşa edilməsi, həmçinin ona və Yəhuda padşahlığına qarşı peyğəmbərlik hökmləri Huşənin bəyan etdiyi xəbərin mövzusunu təşkil edir. Huşə öz adını daşıyan kitabda bə’zi şeyləri zərif və yumşaq, bə’zilərini isə güclü və tə’sirli sözlərlə qələmə almışdır. Allahdan ilham almış Kəlamın bir hissəsi olan bu kitab canlı və tə’sirlidir (İbranilərə 4:12).
«XƏYANƏTKAR BİR ARVAD AL»
Yehova Huşəyə deyir: «Get xəyanətkar bir arvad al» (Huşə 1:2). Huşə tabe olur və arvadı Qomer ona bir oğul doğur. Qomerin sonra dünyaya gətirdiyi iki uşaq əri Huşədən deyildi. Onlara verilən Lo-Ruxama və Lo-Ammi adları göstərir ki, Yehova İsraili lütfündən məhrum edəcək və sədaqətsiz xalqını rədd edəcək.
Xalqının üsyanı Yehovada hansı hissləri doğurur? O, Huşəyə deyir: «Get yenə də aşnasının sevdiyi zina edən qadını sev, necə ki Rəbb İsrail övladlarını sevir, onlarsa başqa allahlara üz tutur» (Huşə 3:1).
Müqəddəs Kitab suallarına cavablar:
1:1 — Nəyə görə Huşə xidmət etdiyi müddət ərzində Yəhudada hökmranlıq edən hər dörd padşahın adını çəkdiyi halda, İsrailin yalnız bir padşahının adını çəkir? Çünki yalnız Davudun sülaləsindən olan padşahlar Allahın seçdiyi xalqın qanuni hökmdarları kimi qəbul edilirdi. Yəhuda padşahlarından fərqli olaraq, şimal padşahlığının hökmdarları Davudun sülaləsindən deyildilər.
1:2-9 — Huşə doğrudanmı əxlaqsız qadınla evləndi? Bəli, Huşə həqiqətən də sonralar ona xəyanət edən qadınla evləndi. Peyğəmbərin heç bir sözü, onun ailə həyatı ilə bağlı hadisələrin rö’ya və ya görüntü olduğuna işarə etmir.
1:7 — Yəhuda nəslinə nə zaman mərhəmət göstərildi və xilas verildi? Bu, eramızdan əvvəl 732-ci ildə padşah Xizqiyanın günlərində yerinə yetdi. O vaxt Yehova aşşurluların Yerusəlimi hədələməsinə son qoydu. Onun göndərdiyi mələk bir gecədə 185 000 düşmən əsgərini öldürdü (2 Padşahlar 19:34, 35). Bununla Yehova Yəhudanı ‘kaman, qılınc, müharibə, atlar və ya süvarilərlə’ deyil, bir mələklə xilas etdi.
1:10, 11 — İsrailin şimal padşahlığı b. e. ə. 740-cı ildə dağıdıldığı üçün İsrailin övladları ilə Yəhuda övladlarının ‘bir yerə yığılması’ necə mümkün idi? Yəhuda sakinləri eramızdan əvvəl 607-ci ildə Babilə sürgünə aparılmamışdan əvvəl, şimal padşahlığında yaşayan bir çoxları Yəhudaya köçmüşdü (2 Salnamələr 11:13-17; 30:6-12, 18-20, 25). Yəhudilər b. e. ə. 537-ci ildə doğma diyarlarına dönəndə onların arasında İsrailin şimal padşahlığından Yəhudaya köçmüş sakinlərin nəsilləri də var idi (Ezra 2:70).
2:21-23 — Yehovanın «xalqımı [İzreeli] ölkədə Özüm üçün əkəcəyəm... mərhəmət edəcəyəm» dediyi peyğəmbərlik sözləri hansı mə’nanı daşıyır? Qomerin Huşəyə doğduğu ilk oğlunun adı İzreel idi (Huşə 1:2-4). «Allah əkir» mə’nasını verən bu ad Yehovanın eramızdan əvvəl 537-ci ildə sadiq qalığı bir yerə yığacağına və onu Yəhudada toxum kimi səpəcəyinə işarə edir. 70 il xaraba qalmış torpaq taxıl, təzə şərab və zeytun yağı kimi bəhrələr verəcək. Bu peyğəmbərlikdə poetik dillə deyilir ki, həmin bəhrələr torpaqdan qidalandırıcı maddələr, torpaq isə göylərdən yağış istəyəcək. Göy də öz növbəsində Allahdan buludlar göndərməsini xahiş edəcək. Bütün bunlar qalığın ehtiyaclarına səxavətlə qayğı göstəriləcəyini bildirir. Həvari Pavel və Peter ruhani İsrailin qalığının yığılmasından danışarkən Huşə 2:23 ayəsinə istinad edirdilər (Romalılara 9:25, 26; 1 Peter 2:10).
Bizim üçün ibrət dərsləri:
1:2-9; 3:1, 2. Allahın iradəsinə tabe olmaq naminə nikahında qalmağın Huşə üçün nə demək olduğunu düşünün! Allahı razı salmaq üçün şəxsi arzu və istəklərimizdən imtina etməyə nə dərəcədə hazırıq?
1:6-9. Yehova fiziki zinaya nifrət etdiyi kimi, ruhani zinaya da nifrət edir.
1:7, 10, 11; 2:14-23. Yehovanın İsrail və Yəhuda haqqında söylədiyi bütün peyğəmbərliklər yerinə yetdi. Bəli, Yehova Allahın sözləri yerinə yetir.
2:16, 19, 21-23; 3:1-4. Yehova səmimi qəlbdən tövbə edən insanları bağışlamağa hazırdır (Nehemya 9:17). Yehova kimi biz də başqaları ilə şəfqət və mərhəmətlə davranmalıyıq.
«RƏBB İTTİHAM EDİR»
«Bu ölkədə yaşayanları Rəbb [Yehova] ittiham edir». Nə üçün? Çünki «sədaqət, məhəbbət, Allahı tanımaq bu yerdə yox olub» (Huşə 4:1). Satqın İsrail xalqı iyrənc, murdar işlərlə məşğul olur, qan tökür, həmçinin ruhani və fiziki əxlaqsızlıq edirdi. Köməyi Allahdan diləmək əvəzinə, israillilər «gah Misirliləri çağırır, gah Aşşura gedirlər» (Huşə 7:11).
Yehova hökmünü bəyan etdi: «İsrail udulmuşdur» (Huşə 8:8). Yəhuda padşahlığı da günahsız deyil. Huşə 12:2 ayəsində deyilir: «Yəhuda ilə Rəbbin davası var, Yaqubu getdiyi yola görə cəzalandıracaq, əməllərinə görə əvəz verəcək». Ancaq onlar bərpa olunacaqlar, çünki Allah və’d edir: «Mən onları ölülər diyarının əlindən qurtaracağam, onları ölümdən xilas edəcəyəm» (Huşə 13:14).
Müqəddəs Kitab suallarına cavablar:
6:1-3 — «Gəlin Rəbbə qayıdaq» sözlərini kim deyirdi? Ola bilsin, dönük israillilər bu sözlərlə bir-birlərini Yehovaya qayıtmağa təşviq edirdilər. Bu belə olsa da, onların tövbəsi səmimi deyildi. Onların ‘məhəbbəti səhər dumanı, erkən uçub gedən şeh kimi’ qısa və tezkeçən idi (Huşə 6:4). Yaxud da bu sözlər xalqa Yehovaya tərəf dönməyi yalvaran Huşəyə məxsus ola bilərdi. Hər necə olsa da, onqəbiləli İsrail padşahlığının inadkar sakinlərinə səmimi qəlbdən tövbə etmək və yalnız sözdə deyil, əməldə də Yehovaya dönmək lazım idi.
7:4 — Zinakar israillilər hansı mə’nada yanan sobaya bənzəyirdilər? Bu bənzətmə onların ürəklərindəki pis istəklərin nə qədər güclü olduğunu göstərir.
Bizim üçün ibrət dərsləri:
4:1, 6. Yehovanın lütfündə qalmaq istəyiriksə, Onun haqqında bilik almağa davam etməli və öyrəndiklərimizə uyğun yaşamalıyıq.
4:9-13. Yehova cinsi əxlaqsızlıq edənləri və natəmiz ibadətlə məşğul olanları məs’uliyyətə cəlb edəcək (Huşə 1:4).
5:1. Allahın xalqı arasında rəhbərliyi üzərlərinə götürənlər dönüklüyü tamamilə rədd etməlidirlər. Əks təqdirdə, onlar başqalarına ‘tələ və tor’ olaraq onları yalan ibadətə cəlb edə bilərlər.
6:1-4; 7:14, 16. Yalnız sözdə tövbə etmək riyakarlığın əlamətidir və mə’nasızdır. Allahın mərhəmətini almaq üçün, günah işlədən adam səmimi qəlbdən tövbə etdiyini «ucalara», yə’ni yüksək ibadət formasına qayıtmaqla göstərməlidir. Onun davranışı Allahın yüksək normalarına uyğun gəlməlidir (Huşə 7:16).
6:6. Günah işlətmək Allaha məhəbbət və sədaqətin azlığına dəlalət edir. Bunu heç bir ruhani qurban əvəz edə bilməz.
8:7, 13; 10:13. «İnsan nəyi əkərsə, onu da biçəcəkdir» prinsipi bütpərəst israillilərin hadisəsində özünü doğrultdu (Qalatiyalılara 6:7).
8:8; 9:17; 13:16. Aşşurlular şimal padşahlığının paytaxtı olan Samariyanı ələ keçirəndə onun haqqında deyilən peyğəmbərliklər həyata keçdi (2 Padşahlar 17:3-6). Biz əmin ola bilərik ki, Allah verdiyi bütün sözləri və və’dləri yerinə yetirəcək (Saylar 23:19).
8:14. Yehova eramızdan əvvəl 607-ci ildə babillilərin əli ilə Yəhudanın ‘şəhərlərinə od göndərdi’. Bununla da Yerusəlim və Yəhudanın viranəliyi haqqında söylədiyi peyğəmbərlik yerinə yetdi (2 Salnamələr 36:19). Yehova Öz sözünü həmişə yerinə yetirir (Yeşua 23:14).
9:10. İsraillilər həqiqi Allaha həsr olunsalar da, «Baal-Peora çatanda rüsvayçı bütlərə təslim oldu»lar. Onların pis nümunəsindən ibrət almaqla və Yehovaya həsr olunmamıza sadiq qalmaqla müdrik davranmış oluruq (1 Korinflilərə 10:11).
10:1, 2, 12. Allaha riyakarlıqla yox, səmimi qəlbdən ibadət etməliyik. Biz ‘özümüz üçün salehlik əkəndə, məhəbbət bəhərini biçirik’.
10:5. Bet-Aven (mə’nası «fəlakət evi») Bet-Elə (mə’nası «Allahın evi») verilən alçaldıcı addır. Düşmənlər Bet-Avendəki dana bütünü ələ keçirəndə, Samariyanın sakinləri sədaqətlə ibadət etdikləri şeyi itirdikləri üçün yas tutdular. Heç özünü qoruya bilməyən cansız bütlərə bel bağlamaq necə də mə’nasızdır! (Məzmur 135:15-18; Yeremya 10:3-5).
11:1-4. Yehova Öz xalqı ilə həmişə məhəbbətlə davranır. Allaha tabe olmaq heç vaxt sıxıntı vermir.
11:8-11; 13:14. Yehovanın xalqının həqiqi ibadəti bərpa edəcəyi barədə dediyi sözü ‘boş yerə yanına qayıtmadı’ (Yeşaya 55:11). Eramızdan əvvəl 537-ci ildə Babil əsarətinə son qoyuldu və qalıq Yerusəlimə qayıtdı (Ezra 2:1; 3:1-3). Yehovanın peyğəmbərləri vasitəsilə dediyi hər bir şey mütləq yerinə yetəcək.
12:6. Biz məhəbbət təzahür etdirməkdə, ədalətə bağlı qalmaqda və daim Yehovaya ümid bağlamaqda əzmli olmalıyıq.
13:6. İsraillilər «doyandan sonra onların ürəyi qürurlandı. Buna görə də... [Yehovanı] unutdular». Özümüzü şöhrətpərəstliyin hər növündən gözləməliyik.
«RƏBBİN YOLLARI DÜZDÜR»
Huşə israillilərə yalvarır: «Allahın Rəbbə üz tut, ey İsrail, çünki günahlarından ötrü büdrədin». O, xalqı təşviq edir ki, Yehovaya bu sözləri desin: «Hər qəbahətimizi bağışla, bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan şükürləri təqdim edirik» (Huşə 14:1, 2).
Tövbə edən günahkarlar Yehovaya dönməli, Onun yollarını qəbul etməli və şükür qurbanları təqdim etməlidirlər. Nə üçün? «Çünki Rəbbin yolları düzdür. Salehlər o yollarla gedir» (Huşə 14:9). Biz necə də şadıq ki, hələ bir çox insanlar «son günlərdə lərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər»! (Huşə 3:5).
[17-ci səhifədəki şəkil]
Huşənin ailə həyatı Yehovanın İsrail xalqı ilə münasibətini göstərir.
[19-cu səhifədəki şəkil]
Samariyanın b. e. ə. 740-cı ildə məhv edilməsi ilə onqəbiləli İsrail padşahlığına son qoyuldu.