Yehovanın müdrikliyi Onun yaratdıqlarından görünür
«Onun gözlə görülməz xüsusiyyətləri... yaratdıqları ilə anlaşılaraq, açıqca görünür» (ROM. 1:20).
1. Dünyanın müdrikliyi bir çoxlarına necə təsir edir?
BU GÜN dünyada adətən çoxlu biliyi olan adamları müdrik adlandırırlar. Bəs onlar həqiqətən də müdrikdirlərmi? Yox, çünki bu dünyanın mütəfəkkir adlandırdığı insanlar başqalarına kömək etməyə və həyatın həqiqi mənasını tapmaqda doğru yol göstərməyə qadir deyillər. Əksinə, bu dünyanın müdriklərinin onlara təsir etməsinə yol verən insanlar ‘hər cür təlimin küləyi ilə çalxalanır və ora-bura sürüklənirlər’ (Efes. 4:14).
2, 3. a) Nəyə görə Yehova «tək hikmətli olan» adlanır? b) Allahın müdrikliyi bu dünyanın müdrikliyindən nə ilə fərqlənir?
2 Yehova Allahdan gələn həqiqi müdrikliyə yiyələnən insanlar haqqında isə bunu demək olmaz. Müqəddəs Kitabda deyilir ki, Yehova «tək hikmətli olan» (YD) Allahdır (Rom. 14:26). O, kainat haqqında, o cümlədən onun quruluşu və tarixi haqqında hər şeyi bilir. Tədqiqatlar zamanı insanların arxayın olduqları təbiətin fiziki qanunlarının hamısını təsis edən Yehovadır. Buna görə də insanların ixtiraları Allahda təəssürat oyatmır və insan təfəkkürünün ən yüksək düşüncələri belə Onu valeh etmir. «Bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır» (1 Kor. 3:19).
3 Müqəddəs Kitabda deyilir ki, Yehova Öz xidmətçilərinə «hikmət verir» (Sül. məs. 2:6). İnsan fəlsəfəsindən fərqli olaraq, Allahdan gələn hikmət anlaşılmaz deyil. Əksinə, o, sağlam düşüncəyə, dəqiq biliyə və anlayışa əsaslanıb. (Yaqub 3:17 ayəsini oxu.) Həvari Pavel Yehovanın müdrikliyinə valeh idi. O yazmışdı: «Ey Allahın zənginlik və hikmət və elminin dərinliyi! Onun hökmləri nə dərəcədə ağlasığmaz və Onun yolları nə dərəcədə kəşfedilməzdir!» (Rom. 11:33). Yehova ən hikmətli Şəxs olduğu üçün Onun qanunlarının bizə ən yaxşı yolu göstərdiyinə əminik. Bizim xoşbəxtliyimiz üçün nə lazım olduğunu Yehova hamıdan yaxşı bilir (Sül. məs. 3:5, 6).
İsa ‘Mahir Ustadır’
4. Yehovanın müdrikliyini nədən görə bilərik?
4 Yehovanın müdrikliyini və digər misilsiz xüsusiyyətlərini Onun yaratdıqlarından görmək olar. (Romalılara 1:20 ayəsini oxu.) Böyüyündən tutmuş ən kiçiyinə qədər Yehovanın bütün işləri Onun şəxsiyyətinin müxtəlif yönlərini açıqlayır. Hara baxsaq, hər yan ən hikmətli və məhəbbətli Yaradanın mövcudluğuna dair sübutlarla doludur. Biz Onun yaratdıqlarını nəzərdən keçirməklə Yaradanımız haqqında çox şey öyrənə bilərik (Məz. 19:1; Yeşaya 40:26).
5, 6. a) Yehovadan başqa yaradılışda daha kim iştirak etmişdi? b) Biz nəyi araşdıracağıq və nəyə görə?
5 Yehova ‘göyləri və yeri yaradanda’ tək deyildi (Yar. 1:1). Müqəddəs Kitab göstərir ki, O, kainatı yaratmağa başlamazdan çox-çox əvvəl vasitəsilə ‘hər şeyi’ ərsəyə gətirdiyi ruhani şəxsiyyət yaratdı. Həmin ruhani varlıq sonralar yer üzündə yaşayan və İsa kimi tanınan, «bütün xilqətin fövqündə duran» Allahın vahid Oğlu idi (Kolos. 1:15-17). Yehova kimi, İsa da müdrikliyə malikdir. O, «Süleymanın məsəlləri» kitabının 8-ci fəslində müdrikliyin təcəssümü kimi təsvir olunur. Müqəddəs Kitabın həmin fəslində İsa həmçinin Allahın ‘mahir ustası’ (YD) adlanır (Sül. məs. 8:12, 22-31).
6 Beləliklə, ətrafımızda gördüyümüz hər şey Yehovanın və Onun Mahir Ustası olan İsanın müdrikliyini açıqlayır. Bütün bunlardan özümüzə qiymətli dərs götürə bilərik. Gəlin Süleymanın məsəlləri 30:24-28 ayələrində ‘hikməti çox olan’ və ya orijinal mətnə əsasən, «instinktiv müdrikliyə» malik olan dörd məxluqu nəzərdən keçirək.
Əməksevərlik nümunəsi
7, 8. Qarışqalar haqqında maraqlı nə öyrəndiniz?
7 ‘Yer üzündə kiçik’ adlanan bu məxluqların quruluş və fəaliyyətini araşdırdıqda onlardan çox şey öyrənmək olar. Nümunə üçün qarışqanın instinktiv müdrikliyini nəzərdən keçirək. (Süleymanın məsəlləri 30:24, 25 ayələrini oxu.)
8 Bəzi tədqiqatçıların fikrincə, yerin əhalisinə nisbətən qarışqaların sayı 200 000 dəfə çoxdur və onların hamısı yerin üstündə və altında səylə çalışırlar. Qarışqalar koloniyalarla yaşayırlar və əksər koloniyalarda mələkə, erkək və işçi qarışqalara rast gəlmək olar. Koloniyanın tələbatlarını ödəməkdə bu üç qrupdan hər birinin öz əməyi var. Onların bir növünü — Cənubi Amerikada rast gəlinən yarpaqkəsən qarışqanı məharətli bağban adlandırmaq olar. Bu balaca həşərat daha çox məhsul toplamaq üçün öz göbələk bostanını gübrələyir, budayır və doğradığı göbələkləri başqa yerə əkir. Tədqiqatçılar aşkar ediblər ki, bu mahir «bağban» koloniyanın qidaya olan ehtiyacını ödəmək üçün lazım olan qədər qüvvə sərf edir.
9, 10. Qarışqaların əməksevərliyini necə təqlid edə bilərik?
9 Qarışqalardan çox şey öyrənə bilərik. Onlar bizə yaxşı nəticələr əldə etmək üçün səy göstərmək lazım olduğunu öyrədir. Müqəddəs Kitabda deyilir: «Ey tənbəl, qarışqalara diqqət yetir, onların həyatından ibrət götür. Onların nə başçıları var, nə nəzarətçiləri, nə də hökmdarları. Yayda azuqələrini yığar, biçin vaxtı özlərinə yem toplayarlar» (Sül. məs. 6:6-8). Həm Yehova, həm də Onun Mahir Ustası İsa əməksevərdirlər. İsa demişdir: «Atam indiyədək işləməkdədir, Mən də işləyirəm» (Yəh. 5:17).
10 Allahı və Məsihi təqlid edən bizlər də əməyi sevməliyik. Allahın təşkilatındakı təyinatımızdan asılı olmayaraq, hamımız ‘Rəbbin işində tərəqqi etməliyik’ (1 Kor. 15:58). Buna görə də Pavelin Romadakı məsihçilərə verdiyi nəsihətə əməl etməliyik: «Səydə zəifləməyin; ruhən hərarətli olun; Rəbbə xidmət edin» (Rom. 12:11). Yehovanın iradəsini yerinə yetirmək üçün göstərdiyimiz səylər əbəs deyil, çünki Müqəddəs Kitab bizi əmin edir: «Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun» (İbr. 6:10).
Ruhani zərərdən müdafiə
11. Qayadovşanının bəzi səciyyəvi xüsusiyyətlərini təsvir edin.
11 Bizə vacib dərs verəcək nisbətən kiçik olan digər məxluq qayadovşanıdır. (Süleymanın məsəlləri 30:26 ayəsini oxu.) O, böyük dovşana oxşayır, amma qısa, girdə qulaqları və qısa pəncələri var. Bu balaca heyvan qayalıqlarda yaşayır. İtigörən gözləri ona müdafiə kimi xidmət edir. Qayalıqlardakı oyuqlardan və yarıqlardan isə o, yırtıcı heyvanlardan daldalancaq yer kimi istifadə edir. Qayadovşanları dəstə-dəstə yaşamaq üçün yaradılıblar, belə halda onlar müdafiə oluna və qışda qızına bilirlər.
12, 13. Qayadovşanından nə öyrənə bilərik?
12 Qayadovşanından nə öyrənə bilərik? Fikir verin ki, bu balaca heyvan özünü hücumlara məruz qoymur. Əksinə, o, yırtıcıları görmək üçün daim ətrafa göz gəzdirir, yuvasından və yarıqlardan uzaqlaşmır ki, təhlükə yarananda qaçıb gizlənə bilsin. Buna bənzər tərzdə, Şeytan dünyasının gizlin təhlükələrini görmək üçün bizim iti ruhani gözlərimiz olmalıdır. Həvari Peter məsihçilərə nəsihət vermişdi: «Ayıq durun, sayıq olun. Çünki düşməniniz olan şeytan, nərə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi gəzir» (1 Pet. 5:8). İsa yer üzündə olanda, Şeytanın onun nöqsansızlığını sındırmaq cəhdlərinə baxmayaq, sayıqlığını qorudu (Mat. 4:1-11). Bununla da o öz davamçılarına gözəl nümunə qoydu.
13 Sayıqlığımızı qorumağın üsullarından biri Yehovanın təqdim etdiyi ruhani müdafiədən yararlanmaqdır. Allahın Kəlamının öyrənilməsinə və məsihçi görüşlərinə başdansovdu yanaşılmamalıdır (Luka 4:4; İbr. 10:24, 25). Üstəlik, dəstə-dəstə yaşamağın sayəsində inkişaf edib çiçəklənən qayadovşanı kimi, həmimanlılarımıza yaxın olmalıyıq ki, «müştərək iman vasitəsilə təşviq olunaq» (Rom. 1:12). Yehovanın müdafiəsini almaq üçün bizdən tələb olunanı etməklə məzmurçu Davudun növbəti sözlərinə şərik olduğumuzu göstəririk: «Rəbb qayam, qalam, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm» (Məz. 18:2).
Müqavimətlər qarşısında mətin olmaq
14. Çəyirtkə təklikdə bir o qədər təsir bağışlayıcı olmasa da, çəyirtkə sürüsü haqqında nə demək olar?
14 Biz çəyirtkədən də dərs ala bilərik. Uzunluğu təxminən 5 santimetr olan bir çəyirtkə bir o qədər dəhşətli görünməyə bilər, ancaq bir sürü çəyirtkə insanı həqiqətən də vahiməyə salır. (Süleymanın məsəlləri 30:27 ayəsini oxu.) Doymaq və yorulmaq bilməyən çəyirtkə sürüsü biçin üçün hazır olan məhsulu bir göz qırpımında yeyib-bitirə bilər. Müqəddəs Kitab yaxınlaşmaqda olan həşəratların, o cümlədən çəyirtkələr sürüsünün səsini döyüş arabalarının gurultusuna, küləşi yandırıb-yaxan od-alovun çırtıltısına bənzədir (Yoel 2:3, 5). İnsanlar çəyirtkə sürülərinin qarşısını almaq üçün tonqallar yandırırlar, ancaq bu, adətən təsirsiz olur. Nəyə görə? Odda məhv olan çəyirtkələr alovu söndürür, qalanları isə maneəsiz yollarına davam edirlər. Hətta şahları, yaxud başçıları olmadan çəyirtkə sürüsü, demək olar ki, hər bir maneəni aşaraq yaxşı təşkil olunmuş ordu kimi fəaliyyət göstərir (Yoel 2:25).
15, 16. Padşahlığın müasir təbliğçiləri hansı mənada çəyirtkələr sürüsünə bənzəyir?
15 Yoel peyğəmbər Yehovanın xidmətçilərinin fəaliyyətini çəyirtkələrin fəaliyyəti ilə müqayisə etmişdir: «Qaçırlar igidlər kimi, divara dırmaşırlar cəngavərlər kimi. Hamı nizamla gedir sırasını pozmadan, heç kim yoldaşını tapdalamadan, yolundan çıxmır. Silahlar sırasını yarıb-keçirlər, lakin salamat qalırlar» (Yoel 2:7, 8).
16 Bu peyğəmbərlik Allahın Padşahlığının müasir təbliğçilərini necə də gözəl təsvir edir! Heç bir müqavimət ‘divarı’ onların təbliğinin qarşısını ala bilməmişdir. Əksinə, onlar, çoxlarının nifrəti ilə üzləşməsinə baxmayaraq, mətanətlə Allahın iradəsini yerinə yetirən İsanı təqlid edirlər (Yeşaya 53:3). Düzdür, bəzi məsihçilər imanları uğrunda ölürlər, lakin təbliğ işi davam edir və Padşahlığın təbliğçilərinin sayı artır. Demək olar ki, xoş xəbəri başqa cür eşitmək imkanı olmayan insanlar çox vaxt təqiblər sayəsində bu xəbəri eşitməyə müvəffəq olmuşlar (Həv. iş. 8:1, 4). Bəs sən çəyirtkələrdən nümunə götürərək, laqeydliyə və müqavimətlərə baxmayaraq, xidmətdə mətanətlilik göstərirsənmi? (İbr. 10:39).
«Yaxşılığa sarılın»
17. Gekkonun pəncələri nəyin sayəsində hamar səth üzərinə yapışır?
17 Kiçik gekkon kərtənkələsinə baxanda adama elə gəlir ki, qravitasiya ona təsir etmir. (Süleymanın məsəlləri 30:28 ayəsini oxua.) Alimlər bu balaca məxluqun divara dırmaşmaq, hətta hamar tavanda gəzmək, eyni zamanda isə yıxılmamaq qabiliyyətinə heyran qalırlar. Gekkon bunu necə edir? Bunun sirri pəncəsində sorucuların və ya yapışqan maddənin olması deyil. Onun hər barmağının altında minlərlə tükəbənzər çıxıntılardan ibarət qırışlar var. Bu çıxıntılardan hər biri nəlbəkiyəbənzər ucları olan yüzlərlə tellərlə örtülmüşdür. Bu tellərlə gekkonun üzərində hərəkət etdiyi səth arasında molekulyar qüvvə yaranır. Bu qüvvə, hətta şüşə səth üzərində başıaşağı hərəkət edəndə yıxılmasın deyə, gekkonun çəkisindən artıq çəkini saxlamaq üçün kifayət edir! Gekkonun bu qabiliyyətinə heyran qalan alimlər deyirlər ki, onun pəncəsinə xas prinsip əsasında yaradılmış sintetik materiallardan super yapışqan kimi istifadə etmək olar.
18. Həmişə ‘yaxşılığa sarıldığımıza’ necə əmin ola bilərik?
18 Gekkondan nə öyrənə bilərik? Müqəddəs Kitab bizə nəsihət verir: «Pislikdən ikrah edin, yaxşılığa sarılın» (Rom. 12:9). Şeytan dünyasının zərərli ab-havası Allahın prinsiplərini əldə rəhbər tutmaq istəyimizi zəiflədə bilər. Məsələn, Allahın qanunlarına riayət etməyən insanlarla istər məktəbdə, istər işdə, istərsə də Allaha məqbul olmayan bəzi əyləncə formaları vasitəsilə ünsiyyətdə olmaq bizim düzgün olanı etmək qətiyyətimizə təsir edə bilər. Bunun səninlə baş verməsinə yol vermə! Allahın Kəlamı xəbərdarlıq edir: «Öz gözündə özünü hikmətli sanma» (Sül. məs. 3:7). Bunun əvəzinə, Musanın qədimdə Allahın xalqına verdiyi müdrik məsləhətə riayət et: «Allahınız Rəbdən qorxun, Ona sitayiş edərək sadiq qalın» (Qanun. t. 10:20). Biz Yehovaya sarılmaqla haqqında: «Sən salehliyi sevib, qanunsuzluğa nifrət etdin» deyilən İsanı təqlid etmiş oluruq (İbr. 1:9).
Allahın yaratdıqlarından aldığımız dərs
19. a) Yehovanın yaratdıqlarında sən Onun hansı xüsusiyyətlərini görürsən? b) Allahın müdrikliyi bizə hansı faydanı gətirə bilər?
19 Gördüyümüz kimi, Yehovanın yaratıqlarında Onun keyfiyyətləri aydın görünür və həmçinin onlar bizə qiymətli dərs verir. Yehovanın işlərini nə qədər çox araşdırırıqsa, bir o qədər də Onun hikmətinə heyran qalırıq. Allahın hikmətinə diqqət yetirməklə biz daha xoşbəxt olacağıq və bu bizi gələcəkdə qoruyacaq (Vaiz 7:12). Bəli, biz Süleymanın məsəlləri 3:13, 18 ayələrindəki sözlərin həqiqiliyinə əmin olacağıq. Orada yazılıb: «Hikmətə çatan, dərrakə tapan insan nə bəxtiyardır! Ona bağlananlar üçün o, həyat ağacıdır, ondan möhkəm yapışanlar nə bəxtiyardır!»
[Haşiyə]
a Süleymanın məsəlləri 30:28 (YD): «Gekkon kərtənkələsi pəncələri ilə yapışır və möhtəşəm padşah sarayında gəzir».
Yadınızdadırmı?
• Qarışqadan,
• qayadovşanından,
• çəyirtkədən,
• gekkondan
nə öyrənə bilərik?
[16-cı səhifədəki şəkil]
Yarpaqkəsən qarışqa kimi, sən də əməksevərsənmi?
[17-ci səhifədəki şəkil]
Qayadovşanları dəstə-dəstə yaşamaqla özlərini müdafiə edirlər. Bəs sən?
[18-ci səhifədəki şəkil]
Məsihçilər çəyirtkələr kimi mətindirlər
[18-ci səhifədəki şəkil]
Gekkon səthlərə möhkəm yapışdığı kimi, məsihçilər də yaxşılığa sarılırlar
[İcazə ilə]
Stockbyte/Getty Images