TƏLİM MƏQALƏSİ 14
Şimaldan gələn hücum!
«Mənim torpağıma... bir xalq gəldi» (YUİL 1:6).
NƏĞMƏ 95 Həqiqət nuru parlayır
İCMALa
1. Çarlz Rassel və əməkdaşları hansı tədqiq üsulundan istifadə edirdi və nə üçün bu üsul effektiv idi?
TƏXMİNƏN bir əsr bundan öncə Allahın Kəlamını tədqiq edən Çarlz Rassel qardaş və əməkdaşları kiçik bir qrup şəklində yığışmağa başladı. Onlar Müqəddəs Kitabda Yehova Allah, İsa Məsih, ölülərin vəziyyəti və fidyə haqda əslində nə deyildiyini öyrənmək istəyirdi. Bu qrupun tədqiq üsulu sadə idi. Kimsə sual qaldırırdı, sonra qrupun üzvləri həmin mövzuya dair bütün ayələri araşdırırdı. Onlar gəldikləri nəticələri yazılı şəkildə qeyd edirdilər. Yehovanın köməyi ilə bu səmimi məsihilər Müqəddəs Kitabın bir çox əsas təlimlərini aşkar etdilər. Bu təlimlər bu gün də bizim üçün dəyərlidir.
2. Müqəddəs Kitab peyğəmbərlikləri ilə bağlı səhv nəticəyə gəlməyimizə bəzən nə səbəb ola bilər?
2 Tədqiqatçılar tezliklə dərk etdilər ki, Müqəddəs Kitabın əsas təlimləri ilə müqayisədə peyğəmbərliklərin mənasını düzgün anlamaq daha çətindir. Nəyə görə? Əvvəla, ona görə ki, çox vaxt peyğəmbərlikləri yerinə yetən zaman, yaxud yerinə yetdikdən sonra anlamaq olur. Bir amil də var. Peyğəmbərliyi düzgün başa düşmək üçün konteksti nəzərə almaq gərəkdir. Əgər diqqətimizi peyğəmbərliyin yalnız bir hissəsinə cəmləyib qalan hissəsinə əhəmiyyət verməsək, səhv nəticəyə gələ bilərik. Görünür, Yuil kitabındakı peyğəmbərliklə bağlı izahatda da belə olub. Gəlin həmin peyğəmbərliyə nəzər salaq və yeni izahata nə üçün ehtiyac olduğunu araşdıraq.
3, 4. Yuil 2:7—9 ayələrindəki peyğəmbərliyi indiyə kimi necə başa düşürdük?
3 Yuil 2:7—9 ayələrini oxuyun. Yuil peyğəmbərlik edir ki, çəyirtkə sürüsü İsrail torpağını viran qoyacaq. Dişləri aslan dişinə, çənələri aslan çənəsinə bənzəyən bu çəyirtkələr qarşılarına çıxan hər şeyi yeyib məhv edəcək! (Yuil 1:4, 6). Uzun illər boyu belə başa düşürdük ki, burada Yehovanın xalqının çəyirtkə sürüsü kimi təbliğ edəcəyi və heç kimin onların qarşısını ala bilməyəcəyi peyğəmbərlik olunur. Düşünürdük ki, bu təbliğ fəaliyyəti «İsrail torpağının», yəni din xadimlərinin hakimiyyəti altında olan insanların üzərində viranedici təsirə malikdirb.
4 Əgər təkcə Yuil 2:7—9 ayələrini oxusaq, bu izahat əsaslı görünə bilər. Amma peyğəmbərliyin kontekstinə nəzər salanda görürük ki, onun başqa izahatı olmalıdır. Bu qənaətə gəlməyimizə dörd səbəb var. Gəlin onlara nəzər salaq.
DƏYİŞİKLİYƏ ƏSAS VERƏN DÖRD SƏBƏB
5, 6. a) Yuil 2:20 ayəsini və b) Yuil 2:25 ayəsini araşdıranda hansı sual yaranır?
5 Əvvəla, Yehovanın çəyirtkə sürüsü ilə bağlı nə vəd etdiyinə nəzər salaq: «Şimallını [çəyirtkələri] qovub sizdən uzaqlaşdıracağam» (Yuil 2:20). Əgər çəyirtkələr Yehovanın Şahidlərini və onların İsanın əmrinə tabe olaraq təbliğ etməsini və şagird hazırlamasını təmsil edirsə, nəyə görə Yehova onları qovacağını söyləsin? (Hizq. 33:7—9; Mət. 28:19, 20). Deməli, söhbət Yehovanın sadiq xidmətçilərindən yox, xalqına düşmən kəsilən başqa şeydən və ya başqa şəxsdən gedir.
6 İkincisi, Yuil 2:25 ayəsinə diqqət yetirək. Orada Yehova deyir: «Üzərinizə göndərdiyim böyük qoşunumun, illər boyu məhsulunuzu yeyən çəyirtkə sürüsünün, qanadsız çəyirtkənin, acgöz çəyirtkənin və məhv edən çəyirtkənin sizə vurduğu ziyanı ödəyəcəyəm». Yehova çəyirtkələrin vurduğu ziyanı ödəyəcəyinə söz verir. Əgər çəyirtkələr Padşahlığın müjdəçilərini təmsil edirsə, belə çıxır ki, onların bəyan etdiyi xəbər ziyan vurur. Halbuki onların bəyan etdiyi xilasedici müjdə pis adamları tövbəyə təşviq etməyə qadirdir (Hizq. 33:8, 19). Bu onlar üçün əsl mükafat ola bilər!
7. Yuil 2:28, 29 ayələrindəki «bundan sonra» ifadəsi nəyi başa düşməyə kömək edir?
7 Yuil 2:28, 29 ayələrini oxuyun. Üçüncü səbəbi — peyğəmbərlikdə hadisələrin hansı ardıcıllıqla təsvir olunduğunu araşdıraq. Yehovanın dediyi sözlərə diqqət yetirin. O deyir: «Bundan sonra... ruhumu tökəcəyəm», yəni çəyirtkələr onlara tapşırılan işi tamamlayandan sonra. Əgər çəyirtkələr Padşahlığın müjdəçiləridirsə, nəyə görə Yehova Öz ruhunu onlar şahidlik işini tamamlayandan sonra töksün? Həqiqət bundan ibarətdir ki, Allahın qüdrətli ruhunun köməyi olmadan onlar təqiblər, hətta qadağalar qarşısında onilliklər ərzində təbliğ işini həyata keçirə bilməzdilər.
8. Vəhy 9:1—11 ayələrində təsvir olunan çəyirtkələr kimləri təmsil edir? (Üz qabığındakı şəklə baxın.)
8 Vəhy 9:1—11 ayələrini oxuyun. Gəlin dördüncü səbəbə də nəzər salaq. Əvvəllər Yuil kitabında təsvir olunan çəyirtkələri təbliğ fəaliyyətimizlə əlaqələndirməyimizə səbəb Vəhy kitabında yer alan bənzər peyğəmbərlik idi. Bu peyğəmbərlikdə deyilir ki, çəyirtkələrin «başında, sanki, qızıl tac vardı, üzləri insan üzünə oxşayırdı» (Vəhy 9:7). Onlara tapşırılmışdı ki, «alınlarında Allahın möhürü olmayan adamlara [Allahın düşmənlərinə] zərər vursunlar». Bu, beş ay müddətində — elə çəyirtkələrin orta ömrü qədər sürməli idi (Vəhy 9:4, 5). Burada, doğrudan da, Yehovanın məsh olunmuş xidmətçiləri təsvir olunub. Onlar cəsarətlə bu şər dünyaya qarşı Yehovanın hökmlərini bəyan edirlər. Odur ki, car çəkdikləri xəbər bu şər dünyaya məxsus olanlara qətiyyən xoş gəlmir.
9. Yuilin və Yəhyanın gördüyü çəyirtkələr arasında hansı mühüm fərqlər var?
9 Düzdür, Vəhy və Yuil kitabındakı peyğəmbərliklər arasında oxşarlıqlar var. Amma mühüm fərqlər də var. Məsələn, Yuilin peyğəmbərliyində çəyirtkələr bitkiləri məhv edir (Yuil 1:4, 6, 7). Yəhyanın gördüyü vəhydə isə «çəyirtkələrə deyilmişdi ki, yer üzündəki heç bir bitkiyə, yaşıllığa və ağaca dəyməsinlər» (Vəhy 9:4). Yuilin gördüyü çəyirtkələr şimaldan gəlir (Yuil 2:20). Yəhyanın gördüyü çəyirtkələr isə dibsiz quyudan (Vəhy 9:2, 3). Yuilin təsvir etdiyi çəyirtkələr ölkədən qovulur. Vəhydəki çəyirtkələr isə qovulmur, əksinə, Yehova onlara işlərini tamamlamağa icazə verir. Onların Yehovanın narazılığına tuş gəldiklərinə dair heç bir əlamət yoxdur. («Çəyirtkələr haqda peyğəmbərliklər: oxşar olsalar da, fərqlidirlər» adlı çərçivəyə baxın.)
10. Yuilin və Yəhyanın təsvir etdiyi çəyirtkələrin müxtəlif məna daşıdığını Müqəddəs Kitab nümunəsi əsasında izah edin.
10 Bu iki peyğəmbərlik arasında böyük fərqlərin olması göstərir ki, onlar bir-biri ilə əlaqəli deyillər. Belə çıxır ki, Yuilin təsvir etdiyi «çəyirtkələr»lə Vəhy kitabındakı «çəyirtkələr» eyni deyil? Bəli. Əslində, Müqəddəs Kitabda eyni məcazın fərqli kontekstdə fərqli məna verdiyinə dair nümunələr az deyil. Məsələn, Vəhy 5:5 ayəsində İsa Məsih «Yəhuda qəbiləsindən olan Şir» adlanır, 1 Butrus 5:8 ayəsində isə İblis «nərildəyən şir» adlanır. Odur ki, Yuil kitabındakı peyğəmbərliklə bağlı araşdırdığımız dörd səbəb və onların doğurduğu suallar göstərir ki, bu peyğəmbərliyin başqa bir mənası olmalıdır. Hansı?
PEYĞƏMBƏRLİYİN MƏNASI
11. Yuil 1:6 və 2:1, 8, 11 ayələri çəyirtkələrin kimi təmsil etdiyini başa düşməyə necə kömək edir?
11 Yuilin yazdığı peyğəmbərliyi diqqətlə araşdıranda görürük ki, o, hərbi hücum haqda peyğəmbərlik etmişdi (Yuil 1:6; 2:1, 8, 11). Yehova deyir ki, «böyük qoşunu» (Babil əsgərləri) vasitəsilə itaətsiz israilliləri cəzalandıracaq (Yuil 2:25). İşğalçıların «şimallı» adlanması təsadüfi deyil, çünki babillilər İsrailə şimaldan hücum edəcəkdilər (Yuil 2:20). Ordu mütəşəkkil çəyirtkə sürüsünə bənzədilir. Yuil deyir: «Hər [əsgər] nizamla irəliləyir... Şəhərə girirlər, divarları aşırlar. Evlərə dırmaşırlar, oğru kimi pəncərələrdən girirlər» (Yuil 2:8, 9). Bir təsəvvür edin! Əsgərlər hər yeri bürüyüb. Onların əlindən gizlənmək mümkün deyil. Heç kim babillilərin qılıncından qurtula bilmir!
12. Yuilin çəyirtkələrlə bağlı peyğəmbərliyi necə yerinə yetdi?
12 Babillilər (yəni kəldanilər) eramızdan əvvəl 607-ci ildə çəyirtkətək Yerusəlim şəhərinə soxuldular. Müqəddəs Kitabda yazılıb: «[Kəldanilərin padşahı] onların cavanlarını... qılıncdan keçirtdi, nə oğlana, nə qıza, nə qocaya, nə də xəstəyə rəhm etmədi. Allah hər şeyi onun əlinə verdi... Allahın məbədini yandırdı, Yerusəlimin divarlarını yerlə yeksan etdi, qalalarına od vurdu, şəhərdə dəyərli nə var idisə, hamısını məhv etdi» (2 Saln. 36:17, 19). Babillilər ölkəni istila edəndən sonra mənzərəni müşahidə edənlər bircə bunu deyə bilərdilər: «Xaraba qalıb, adam, heyvan yoxdur, kəldanilərə təslim edilib» (Ərm. 32:43).
13. Ərəmya 16:16, 18 ayələrinin mənasını izah edin.
13 Yuilin söylədiyi peyğəmbərlikdən təxminən 200 il sonra Yehova Ərəmya vasitəsilə bu hücumla bağlı daha bir peyğəmbərlik etdi. Yehova bildirdi ki, işğalçılar pis işlər törədən israilliləri axtarıb tapacaq və əsir aparacaq. Yehova bəyan etdi: «Çoxlu balıqçı çağıracağam, onları tutacaqlar. Sonra çoxlu ovçu çağıracağam, hər dağda, hər təpədə, qaya oyuqlarında onları ovlayacaqlar... Təqsirlərinin, günahlarının əvəzini bütünlüklə qabaqlarına çıxaracağam». Bəli, nə okeanlar, nə meşələr tövbə etməyən israilliləri Babil işğalçılarının əlindən gizlədə bilməyəcək (Ərm. 16:16, 18).
BƏRPA MÜJDƏSİ
14. Yuil 2:28, 29 ayələri nə vaxt yerinə yetdi?
14 Sonra Yuil xoş xəbər — bərpa müjdəsi bəyan edir. İsrail torpağı yenidən bəhrəli olacaq (Yuil 2:23—26). Gələcəkdə isə xalq bol ruhani qidaya sahib olacaq. Yehova deyir: «Bundan sonra hər cür insanın üzərinə ruhumu tökəcəyəm, sizin oğullarınız da, qızlarınız da peyğəmbərlik edəcək... Hətta qullarımın və qarabaşlarımın da üzərinə həmin günlərdə ruhumu tökəcəyəm» (Yuil 2:28, 29). Yehova ruhunu israillilər Babildən öz vətənlərinə qayıdandan dərhal sonra tökmədi. Bu, yüz illər sonra, eramızın 33-cü ilinin Əllinci gün bayramında baş verdi. Bunu haradan bilirik?
15. Həvarilərin işləri 2:16, 17 ayələrinə əsasən, həvari Butrus Yuil 2:28 ayəsindən sitat gətirərkən hansı sözü fərqli sözlə əvəz etdi və bu, nə demək idi?
15 Həvari Butrus Allahdan ilham alaraq Yuil 2:28, 29 ayələrini Əllinci gün bayramında baş verən möhtəşəm hadisəyə aid etdi. Həmin gün təxminən səhər saat 9-da Yehova möcüzəvi şəkildə müqəddəs ruhunu tökdü və müqəddəs ruh alanlar «Allahın əzəmətli işləri haqqında» danışmağa başladı (Həv. 2:11). Həvari Butrus Yuilin peyğəmbərliyini sitat gətirərkən Allahın ilhamı ilə fərqli söz istifadə etdi. Fərqə diqqət yetirdiniz? (Həvarilərin işləri 2:16, 17 ayələrini oxuyun.) Butrus gətirdiyi sitatı «bundan sonra» sözü ilə başlamadı. O dedi ki, Allah «axırzamanda», yəni Yerusəlim və məbəd dağılmazdan öncə «hər cür insanın üzərinə ruhu»nu tökəcək. Bu göstərir ki, Yuilin peyğəmbərliyi yerinə yetməzdən öncə xeyli vaxt keçmişdi.
16. Allahın müqəddəs ruhu birinci əsrdə təbliğ işinə necə təsir göstərib, bəs bizim dövrümüz haqda nə demək olar?
16 Eramızın birinci əsrində Allah möhtəşəm şəkildə Öz ruhunu tökəndən sonra təbliğ işi geniş vüsət almağa başladı. Həvari Bulus artıq Koloslulara məktubunu yazanda, yəni eramızın təxminən 61-ci ilində «bu müjdə səma altında yaşayanların hamısına təbliğ edilib» sözlərini qeyd etmişdi (Kol. 1:23). Yehovanın qüdrətli ruhunun köməyilə təbliğ işi bizim dövrümüzdə daha da vüsət alıb — «yerin nəhayətlərinədək» çatıb! (Həv. 13:47; «Ruhumu tökəcəyəm» adlı çərçivəyə baxın.)
NƏ DƏYİŞİB?
17. Yuilin çəyirtkələrlə bağlı peyğəmbərliyinin yeni izahatı nədir?
17 İndi Yuil 2:7—9 ayələrindəki peyğəmbərliyi daha dəqiq başa düşürük. Sadə dillə desək, bu peyğəmbərlik bizim fəal təbliğ xidmətimizə yox, eramızdan əvvəl 607-ci ildə Babil ordusunun Yerusəlimi işğal etməsinə aiddir.
18. Yehovanın xalqı ilə bağlı hansı həqiqət dəyişməz olaraq qalıb?
18 Bu peyğəmbərliyin izahatına dəyişiklik olsa da, bir şey dəyişməz olaraq qalıb: Yehovanın xalqı mümkün olan bütün üsullardan istifadə edərək hər yerdə xoş xəbəri təbliğ etməyə davam edir (Mət. 24:14). Heç bir dövlət qadağası təbliğ etmək tapşırığını yerinə yetirməyimizə əngəl ola bilməz. Üstəlik, Yehovanın köməyilə biz indi daha fəalıq və Padşahlıq haqda xoş xəbəri cəsarətlə bəyan edirik! Biz Müqəddəs Kitab peyğəmbərliklərini başa düşmək üçün təvazökarlıqla Yehovanın rəhbərliyinə üz tuturuq və əminik ki, O, lazım bildiyi vaxtda «həqiqəti tam dərk» etməyimizə kömək edəcək (Yəh. 16:13).
NƏĞMƏ 97 Həyatımız Allahın Kəlamından asılıdır
a Uzun illər ərzində düşünürdük ki, Yuil kitabının 1 və 2-ci fəsillərində bizim dövrümüzdə həyata keçən təbliğ fəaliyyəti peyğəmbərlik olunur. Lakin dörd əsaslı səbəbə görə deyə bilərik ki, Yuilin peyğəmbərliyindəki bu hissənin izahatına düzəliş gərəkdir. Bu, hansı səbəblərdir?
b Misal üçün, «Gözətçi qülləsi» jurnalının 2009-cu il 15 aprel sayında «Yehovanın müdrikliyi Onun yaratdıqlarından görünür» adlı məqalənin 14—16 abzaslarına baxın.