Onların imanını təqlid edin
O, mərhəmətli olmağı öyrəndi
YUNUSUN düşünmək üçün kifayət qədər vaxtı var idi. Onun qarşısında bir ay, bəlkə də, daha çox sürəcək səyahət dururdu: quru yolla 800 kilometrlik məsafəni qət etməli idi. Əvvəlcə ona hansı yolla gedəcəyini seçmək lazım idi: ya qısa yolla gedə bilərdi, ya da nisbətən uzun olsa da təhlükəsiz yolla. Sonra isə, yola düşüb çoxlu dağlar aşmalı, dərələr keçməli idi. Ucsuz-bucaqsız Suriya səhrasını dolanıb, Fərat kimi gur axan çayların dayaz yerindən keçməli və Suriya, Mesopotamiya, Aşşurun şəhər və kəndlərində yadlarla bir yerdə gecələməli idi. Bütün yol boyu Yunus son dərəcə qorxduğu, addımbaaddım yaxınlaşdığı şəhər, Nineva haqqında düşünürdü.
Yunus bir şeyi dəqiq bilirdi: bu tapşırığı boynundan ata bilməz. Artıq bir dəfə bunu etməyə cəhd göstərmişdi. Yehova birinci dəfə ona gedib Aşşurun istinadgahı olan bu qüdrətli şəhərə hökm xəbərini çatdırmağı tapşıranda o, dərhal əks istiqamətə gedən gəmiyə minmişdi. O zaman Yehova güclü fırtına göndərmişdi və tezliklə Yunus görmüşdü ki, onun itaətsizliyi ucbatından gəmidəkilər də həyatını itirə bilərlər. Həmin cəsur gəmiçiləri qurtarmaq üçün Yunus onu dənizə atmalarını söyləmişdi. Könülsüz də olsa, gəmiçilər Yunusun dediyini yerinə yetirmişdilər. Yunus ölümünün qaçılmaz olduğunu düşünmüşdü. Ancaq Yehova Yunusu udması üçün böyük balıq göndərmiş, təxminən üç gün sonra isə onu sağ-salamat sahilə çıxarmışdı. Heyrət içində olan peyğəmbər indi əvvəlkindən itaətkar olmuşdua («Yunus», 1, 2-ci fəsillər).
Yehova ikinci dəfə Yunusa Ninevaya getməyi əmr edəndə peyğəmbər itaətkarlıqla şərqə, bu uzun səyahətə yollandı (Yunus 3:1-3). Bəs Yehovanın Yunusa verdiyi dərs onu tamamilə dəyişmişdimi? Belə ki, Yehova onu boğulub ölməyə qoymamaqla, üsyanına görə cəzalandırmamaqla və tapşırığını yerinə yetirmək üçün ikinci fürsəti verməklə ona mərhəmət göstərmişdi. Bütün bunlardan sonra Yunus başqalarına qarşı mərhəmətli olmağı öyrənmişdimi? Adətən mərhəmət göstərməyi öyrənmək qeyri-kamil insanlar üçün çətin olur. Gəlin görək, Yunusun başına gələnlərdən biz nə öyrənə bilərik.
Hökm xəbəri və gözlənilməz münasibət
Yunus Ninevaya Yehovanın gözü ilə baxmırdı. Müqəddəs Kitabdan oxuyuruq: «Nineva Allahın nəzərində böyük şəhər idi» (Yunus 3:3). «Yunus» kitabında Yehovanın Ninevanı üç dəfə «böyük şəhər» adlandırdığı yazılıb (Yunus 1:2; 3:2; 4:11). Nə üçün bu şəhər Yehovanın gözündə böyük, başqa sözlə, əhəmiyyətli idi?
Nineva Daşqından sonra Nəmrudun saldığı ilk qədim şəhərlərdən biri idi. Bura özünə bir neçə şəhəri daxil edən, insanların sıx məskunlaşdığı geniş ərazi idi. Onun bir başından o biri başına üç günə gedib çıxmaq olurdu (Yaradılış 10:11,12; Yunus 3:3). Möhtəşəm məbədləri, hündür divarları və digər tikililəri şəhəri əzəmətli göstərirdi. Lakin şəhəri Yehovanın gözündə əhəmiyyətli edən bunlar deyildi. Onu insanlar maraqlandırırdı. O dövr üçün Ninevanın əhalisi çox idi. Bütün pis əməllərinə baxmayaraq, Yehova onların qeydinə qalırdı. O, insan həyatını qiymətləndirir və bilir ki, hər kəs tövbə edib, düzgün davrana bilər.
Yunus Ninevaya daxil olanda şəhərin 120 000-dən çox olan əhalisi, yəqin onu daha da qorxuya salmışdıb. O, bütün günü yol gedib şəhərin adamlarla dolu olan küçələrini gəzir, ehtimal ki, xəbərini yaymağa başlamaq üçün münasib yer axtarırdı. O, sözünü bu insanlara necə çatdıracaqdı? Aşşur dilini öyrənmişdimi? Yoxsa Yehova möcüzəli şəkildə ona bu bacarığı vermişdi? Bu, bizə məlum deyil. Ola bilər, Yunus öz doğma, ibrani dilində danışır və tərcüməçi onun dediklərini ninevalılara çatdırırdı. Hər necə olursa-olsun, onun çatdırdığı sadə xəbər heç də xoşagələn deyildi: «Qırx gündən sonra Nineva dağılacaq!» (Yunus 3:4). O, cəsarətlə və dönə-dönə bu xəbəri bəyan edirdi. Belə davranaraq, Yunus, bu gün məsihçilərə həmişəkindən daha çox lazım olan keyfiyyətlər, qeyri-adi cəsarət və iman təzahür etdirirdi.
Yunusun çatdırdığı xəbər ninevalıların diqqətini cəlb etdi. Şübhəsiz, Yunus insanların ona düşmən gözü ilə baxacağını və zorakılıq edəcəyini gözləyirdi. Ancaq bunun tam əksi olan bir şey baş verdi. İnsanlar qulaq asdılar! Onun sözləri əhali arasında ildırım sürətilə yayıldı. Çox keçməmiş bütün şəhər Yunusun hökm xəbəri haqda danışırdı. «Yunus» kitabında deyilir: «Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi» (Yunus 3:5). Varlıdan kasıba, güclüdən zəifə, böyükdən kiçiyədək, hər kəs tövbə etdi. Tezliklə, padşah bundan xəbər tutdu.
Padşahın da canına qorxu düşdü. O, taxtından qalxaraq dəbdəbəli şahlıq libasını çıxardı və hamı kimi «çul geyinib külün üstündə oturdu». Özünün və əyanlarının adından fərman çıxardı ki, xalqın tutduğu bu oruc dövlət səviyyəsində tutulsun. O, hamının, hətta ev heyvanlarının da çula bürünməsini əmr etdic. Padşah təvazökarlıqla xalqının pislik etməkdə və zorakılıq törətməkdə günahkar olduğunu etiraf etdi. Həmçinin: «Bəlkə Allah... qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq»,— deyib, tövbə etdiklərini görərək Allahın rəhmə gələcəyinə ümid etdiyini bildirdi (Yunus 3:6-9).
Bəzi tənqidçilər ninevalıların belə tez dəyişmələrini şübhə altına alırlar. Ancaq Müqəddəs Kitabı tədqiq edən alimlər qeyd etmişlər ki, qədim zamanlarda belə davranış bu xalqlardan olan insanların mövhumi və dəyişkən təbiətlərinə xas olub. İsa Məsih də sonralar ninevalıların tövbə etməsinə istinad etmişdi (Matta 12:41). O, nə haqda danışdığını yaxşı bilirdi, çünki həmin hadisələr baş verərkən göydə onların şahidi olmuşdu (Yəhya 8:57, 58). Bəs Yehova ninevalıların tövbə etməsinə necə yanaşdı?
Allahın mərhəmətilə insan sərtliyi arasındakı təzad
Yunus sonralar yazmışdı: «Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi» (Yunus 3:10).
Bu o deməkdirmi ki, Yehova ninevalılara çıxardığı hökmdə yanıldığı qənaətinə gəlmişdi? Xeyr. Müqəddəs Kitabda Yehova haqqında deyilir: «O, işləri kamil Qayadır, çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, adil və doğru olan Odur» (Qanunun təkrarı 32:4). Sadəcə olaraq, Yehovanın ninevalılara qarşı alovlanan qəzəbi yatdı. O, həmin insanların dəyişdiyini gördü və başa düşdü ki, onlara vermək istədiyi cəzaya artıq ehtiyac yoxdur. Bu vəziyyətdə Allah öz mərhəmətini göstərdi.
Yehova din xadimlərinin çox vaxt təsvir etdiyi kimi, soyuq, sərt və qəddar Allah deyil. Əksinə, O, mülayim, mərhəmətli və hər şeyi nəzərə alan Allahdır. Pisləri cəzalandırmaq qərarına gələndə əvvəlcə yerdəki nümayəndələri vasitəsilə xəbərdarlıq edir, belə ki, pislərin ninevalılar kimi, tövbə edib yollarından dönmələrini istəyir (Yezekel 33:11). Yehova peyğəmbəri Yeremyaya demişdi: «Bəzən bir milləti yaxud ölkəni kökündən dağıdacağımı, yıxıb məhv edəcəyimi söyləyirəm. Əgər Mənim xəbərdarlıq etdiyim bu millət öz pis əməlindən dönərsə, ona göndərmək istədiyim bəladan vaz keçəcəyəm» (Yeremya 18:7, 8).
Bəs elə çıxmırmı ki, Yunusun peyğəmbərliyi yalan idi? Xeyr. Peyğəmbərliyin məqsədi insanlara xəbərdarlıq etmək idi, bu məqsədə də nail olunmuşdu. Belə ki, Yehova ninevalıları pis əməllərinə görə mühakimə edirdi, ninevalılar da pis yollarından dönüb tövbə etdilər. İşdir əgər onlar bir də keçmiş əməllərinə qayıtsaydılar, Allah Öz hökmünü onların üzərində mütləq icra edəcəkdi. Sonralar, məhz belə də oldu (Sefanya 2:13-15).
Yunus gözlədiyi vaxt şəhərin məhv edilməməsinə necə münasibət göstərdi? Biz oxuyuruq: «Bu iş Yunusun heç xoşuna gəlmədi və o hirsləndi» (Yunus 4:1). O, hətta elə dua etdi ki, sanki Allahı məzəmmətləyirdi! O dedi ki, gərək evdə, öz ölkəsində qalardı. Yehovanın ninevalıların üzərinə fəlakət gətirməyəcəyini əvvəlcədən bildiyini söylədi, hətta bununla Tarşişə qaçdığına bəraət qazandırmağa çalışdı. Sonra yaşamaqdansa, ölməyin yaxşı olduğunu deyərək, Allahdan ölüm dilədi (Yunus 4:2, 3).
Yunusu nə narahat edirdi? Biz onun fikrindən keçənlərin hamısını bilmirik. Təkcə onu bilirik ki, Yunus Ninevada bütün insanların qarşısında Allahın hökm xəbərini bəyan etmişdi. Xalq da ona inanmışdı. İndi isə heç bir fəlakət baş vermirdi. Bəlkə, o qorxurdu ki, indi ona güləcək və yalançı peyğəmbər damğası vuracaqlar? Hər necə olursa-olsun, nə insanların tövbə etməsi, nə də Yehovanın mərhəmət göstərməsi onu sevindirmədi. Əksinə, görünür, o, getdikcə daha çox inciyir, özünə acıyır və adının bədnam olmasından qorxurdu. Ancaq Yunusun mərhəmətli Allahı məyus olmuş bu bəndəsində hələ də yaxşı xüsusiyyətlərin olduğunu görürdü. Hörmətsizliyinə görə cəzalandırmaq əvəzinə, Yehova sadəcə olaraq, Yunusa mülayimliklə düşündürücü sual verdi: «Hirslənməyin yaxşı işdirmi?» (Yunus 4:4). Yunus heç olmasa cavab verdimi? Müqəddəs Kitab bu haqda heç nə demir.
Yehova Yunusa necə dərs verdi?
Əhvalı pozulmuş peyğəmbər Ninevanı tərk edib, evə yox, şərqə, həmin ərazidəki dağlara üz tutdu. O, özünə kiçik çardaq düzəldib oturdu ki, şəhərdə nə baş verəcəyini görsün. Yəqin o, hələ də şəhərin məhv ediləcəyini görməyə ümid edirdi. Bəs Yehova bu tərs adama rəhmli olmağı necə öyrədəcəkdi?
Gecə ikən Yehova bir gənəgərçək bitkisi bitirdi. Yunus oyananda enli yarpaqları ilə onun kiçik çardağından qat-qat çox kölgə salan, sürətlə böyüyən bu bitkini görər-görməz kefi açıldı. «Yunus bu bitkiyə görə çox sevindi» və yəqin buna Allahın xeyir-duasının və lütfünün əlaməti kimi baxdı. Lakin Yehova bunu sadəcə Yunusu istidən qurtarmaq və yersiz hirsini yatırmaq üçün etməmişdi. Onun məqsədi Yunusun ürəyinə təsir etmək idi. Buna görə də Allah bir bitki qurdu yetirdi. Qurd bitkini içindən yedi və bitki qurudu. Sonra isti Yunusu haldan salanadək Allah «isti səmum küləyi yetirdi». Yunusun qanı yenə də qaraldı və özü üçün Allahdan ölüm diləməyə başladı (Yunus 4:6-8).
Yehova bir daha Yunusdan: «Bu bitkiyə görə hirslənməyin yaxşı işdirmi?» — deyə soruşdu. Peşman olmaq əvəzinə, Yunus özünə haqq qazandıraraq dedi: «Əlbəttə, yaxşıdır, elə hirsləndim ki, az qala öləm». İndi Yehovanın Yunusa verdiyi dərsi izah etməyin vaxtı gəlib çatmışdı (Yunus 4:9).
Allah peyğəmbərini düşünməyə vadar etdi: onun zəhmətini çəkmədiyi, yetişdirmədiyi və bir gecədə bitən bitkinin qurumasına heyfsiləndiyini söylədi. Daha sonra sözünə belə yekun vurdu: «Bəs sağ əlini sol əlindən ayıra bilməyən yüz iyirmi mindən çox insanın və çoxlu heyvanın yaşadığı böyük şəhər Ninevaya Mən necə acımayım»?d (Yunus 4:10, 11).
Yehovanın verdiyi dərsin məğzini başa düşürsünüzmü? Yunus bu bitkini böyütmək üçün heç nə etməmişdi. Yehova isə nineviyalılara həyat vermişdi və yer üzündə olan bütün varlıqlar kimi onları da hər şeylə təmin edirdi. Necə ola bilərdi ki, Yunus üçün hansısa bir bitki 120 000 insanın, eləcə də onların mal-qarasının həyatından daha dəyərli olsun? Bəlkə, Yunus xudbinliyin ürəyində kök salmasına yol vermişdi? Onun özünə fayda gətirdiyi üçün bitkiyə heyfsiləndiyi göz qabağında idi. Onun Ninevaya görə hiddətlənməsi xudbinlikdən — üzüağ olmaq, haqlı çıxmaq istəyindən irəli gəlmirdimi?
Yehovanın verdiyi bu dərsin doğrudan da dərin mənası var! Sual yaranır: görəsən, Yunus bu hadisədən özünə dərs götürdü? Onun adını daşıyan kitab Yehovanın cavabsız qalan sualı ilə bitir. Bəzi tənqidçilər Yunusu bu suala cavab verməməkdə günahlandıra bilərlər. Əslində isə onun cavabı göz qabağındadır. Bu, kitabın özüdür. Yunusun adını daşıyan kitabı şəxsən onun yazdığına dair sübutlar var. Belə bir səhnəni təsəvvür edək: yenə də öz ölkəsində olan peyğəmbər başına gələn bu hadisəni qələmə alır. Öz səhvlərini, itaətsizliyini və inadla mərhəmət göstərməkdən boyun qaçırmasını təsvir edərkən yaşa dolmuş, əvvəlkindən müdrik və təvazökar olan bu peyğəmbər təəssüflə başını yırğalayır. Şübhəsiz ki, Yunus Yehovanın verdiyi müdrik nəsihətdən nəticə çıxartdı. O, mərhəmətli olmağı öyrəndi. Bəs biz necə?
[Haşiyələr]
a «Gözətçi Qülləsi»nin 2009-cu il aprel-iyun sayındakı «O, səhvlərindən özünə dərs götürdü» adlı məqaləyə baxın.
b Hesablamalara görə, Yunusun günlərində İsrailin paytaxtı Samariyada təxminən 20 000-dən 30 000-dək insan yaşayırdı. Bu, Ninevanın əhalisinin dörddə birindən də az idi. Çiçəklənən dövründə Nineva, ola bilsin, dünyanın ən böyük şəhəri idi.
c Bu fikir qəribə görünsə də, qədimdə baş vermiş yeganə hadisə deyil. Yunan tarixçisi Herodot qeyd edir ki, qədim farslar məşhur bir sərkərdənin ölümünə görə yas tutanda ayinlərinə mal-qaranı da qatmışdılar.
d Allah ninevalıların sağ əlini sol əlindən ayıra bilməməsini deməklə onların uşaq kimi, Allahın normalarından bixəbər olduğunu nəzərdə tuturdu.
[23-cü səhifədəki şəkil]
Allah Yunusa mərhəmətli olmağı öyrətmək üçün gənəgərçək bikisini bitirdir