ON DÖRDÜNCÜ FƏSİL
O, mərhəmətli olmağı öyrəndi
1. Yunus peyğəmbəri qarşıda necə səfər gözləyir və Neynəvaya yaxınlaşdıqca o, hansı hissləri keçirir?
YUNUS PEYĞƏMBƏRİN olub keçənlər haqda fikirləşməyə kifayət qədər vaxtı var. Qarşıda onu 800 kilometrlik yol gözləyir. O, haradasa bir ay, hətta bir aydan da artıq yol getməlidir. Əvvəlcə o qərar verməlidir, hansı yolla getsin: qısa yolla, yoxsa uzun və təhlükəsiz yolla. Sonra da dağlar aşıb, dərələr keçməlidir. Ucsuz-bucaqsız Aram səhrasını dolanıb, Fərat kimi gursulu çayların dayaz yerindən keçməlidir. Aram, İkiçayarası və Aşşurun şəhər və kəndlərində yadlar arasında yer tapıb gecələməlidir. Beləcə, günlər keçir, Yunus peyğəmbər yavaş-yavaş Neynəvaya yaxınlaşır. Şəhərə yaxınlaşdıqca onu həyəcan bürüyür.
2. Yunus peyğəmbər itaətkar olmağı necə öyrənmişdi?
2 Yunus peyğəmbər bir şeyi dəqiq bilir: geriyə yol yoxdur, bu tapşırıqdan boyun qaçıra bilməz. Bir dəfə buna cəhd etmişdi. Ötən fəsildən gördüyümüz kimi, həmin vaxt Yehova Allah səbir göstərib ona səhvini başa salmışdı: fırtına qaldırmış, sonra da nəhəng balıq göndərib möcüzəvi yolla peyğəmbəri sağ saxlamışdı. Üç gündən sonra balıq Yunus peyğəmbəri sağ-salamat sahilə qaytarmışdı. Baş verənlərdən heyrətə gələn peyğəmbər itaətkar olmağı öyrənmişdi (Yunus 1, 2-ci fəsillər).
3. Yehova Allah Yunus peyğəmbərə necə rəhm etdi və bununla bağlı hansı sual ortaya çıxır?
3 Yehova Allah ikinci dəfə Yunus peyğəmbəri Neynəvaya göndərəndə o itaət edib şərqə, uzun səfərə yollandı. (Yunus 3:1—3 ayələrini oxu.) Allahın verdiyi dərs onu nə dərəcədə dəyişmişdi? Allah rəhm edib onu batmağa qoymamışdı, tərsliyinə görə onu cəzalandırmamış, ikinci dəfə tapşırığını yerinə yetirməyə şans vermişdi. Görəsən, bütün bunlardan sonra Yunus peyğəmbər başqalarına mərhəmət göstərməyi öyrənmişdi? Adətən, qeyri-kamil insana kiməsə mərhəmət göstərmək elə də asan olmur. Gəlin görək Yunus peyğəmbərin başına gələnlərdən nə öyrənə bilərik.
Hökm xəbəri və gözlənilməz münasibət
4, 5. Neynəva hansı mənada Yehova Allahın gözündə böyük şəhər idi və buradan Allah haqqında nə öyrənirik?
4 Yunus peyğəmbər heç cür başa düşə bilmirdi ki, nəyə görə Neynəva Yehova Allah üçün bu qədər əhəmiyyətlidir. Müqəddəs Kitabda yazılıb: «Neynəva şəhəri Allahın gözündə böyük bir şəhər idi» (Yun. 3:3). «Yunus» kitabının üç ayəsində Yehova Allah Neynəvanı böyük şəhər adlandırır (Yun. 1:2; 3:2; 4:11). Axı nəyə görə Neynəva Allahın gözündə böyük, əhəmiyyətli şəhər idi?
5 Neynəva daşqından sonra Nəmrudun inşa etdiyi ilk şəhərlərdən biri olub. O, böyük şəhər idi və özünə bir neçə şəhəri daxil edirdi. Onu başdan-ayağa üç günə dolaşmaq olardı (Yar. 10:11; Yun. 3:3). Möhtəşəm məbədlər, möhkəm divarlar və bir sıra gözəl tikililər Neynəvanı əzəmətli edirdi. Amma Neynəvanı Yehova Allahın gözündə əhəmiyyətli edən bunlar deyildi. Allah üçün vacib olan oranın camaatı idi. Başqa şəhərlərlə müqayisədə Neynəvanın əhalisi çox idi. Oranın sakinlərinin mənfur əməllərinə baxmayaraq, Yehova Allah onları düşünürdü. Allahın gözündə insan həyatı çox dəyərlidir. O, insanlardan ümidini üzmür, inanır ki, hər kəs pis yolundan dönüb saleh işlər görə bilər.
6. a) Nəyə görə Yunus peyğəmbər Neynəvaya girəndə qorxuya düşür? (Həmçinin haşiyəyə bax.) b) Yunus peyğəmbər hökm xəbərini necə çatdırırdı və biz bundan nə öyrənirik?
6 Nəhayət Yunus peyğəmbər gəlib mənzilbaşına çatır. 120 000-dən çox əhalisi olan Neynəvaya girəndə yəqin onun canına qorxu düşüra. Peyğəmbər hökm xəbərini çatdırmaq üçün bütün günü münasib yer axtara-axtara gəlib şəhərin ən qələbəlik yerinə çıxır. Görəsən, o, camaatla hansı dildə danışmışdı? Bəlkə, o, aşşurluların dilini öyrənmişdi? Bəlkə, Yehova Allah möcüzəvi yolla ona belə qabiliyyət vermişdi? Bu haqda məlumatımız yoxdur. Ola bilsin, peyğəmbər doğma ibrani dilində danışmış, tərcüməçi isə onun sözlərini tərcümə etmişdi. Bir şey dəqiqdir ki, onun çatdırdığı xəbər qısa idi və heç də xoş xəbər deyildi. O deyirdi: «Cəmi-cümlətanı qırx gündən sonra Neynəva dağılacaq!» (Yun. 3:4). O, cəsarətlə və dönə-dönə xalqa bu xəbəri bəyan edirdi. Buradan Yunus peyğəmbərin cəsarətli və imanlı olduğu görünür. Bu gözəl xüsusiyyətlər biz məsihilərə bu gün həmişəkindən daha çox gərəkdir.
Yunus peyğəmbərin çatdırdığı xəbər qısa idi və heç də xoş xəbər deyildi
7, 8. a) Neynəva camaatı Yunus peyğəmbərin çatdırdığı xəbərə necə yanaşır? b) Neynəva padşahı hökm xəbərini eşidəndə nə edir?
7 Yəqin Yunus peyğəmbər düşünür ki, neynəvalılar onunla pis rəftar edəcəklər, ona işgəncə verəcəklər. Amma hər şey əksinə olur, camaat hökm xəbərinə qulaq asır. Xəbər ildırım sürəti ilə bütün Neynəvaya yayılır. Çox keçməmiş bütün şəhər bu xəbərdən danışır. (Yunus 3:5 ayəsini oxu.) Varlıdan kasıba, böyükdən kiçiyədək hər kəs tövbə edib oruc tutur. Tezliklə bu xəbər Neynəva padşahının qulağına çatır.
8 Padşah da Yunus peyğəmbərin xəbərinə hay verib tövbə edir. Padşahın canına qorxu düşür, o, taxtdan qalxıb padşah libasını əynindən çıxarır, hamı kimi çula bürünüb külün içində oturur. Padşah və əyanları fərman çıxarır ki, bütün şəhər rəsmən oruc tutsun. Padşah əmr verir ki, hər kəs çul geysin, hətta ev heyvanlarını da çula bürüsünlərb. O, xalqının mənfur və qəddar olduğunu etiraf edir. Sonra deyir: «Bəlkə, Allah... qəzəbini geri qaytardı ki, biz məhv olmayaq». Padşah ümid edir ki, Allah onların tövbəsini görüb rəhmə gələr (Yun. 3:6—9).
9. Tənqidçilər neynəvalıların tövbə etməyi ilə bağlı hansı fikirdədirlər və nəyə görə demək olar ki, onlar yanılırlar?
9 Bəzi tənqidçilər neynəvalıların belə tez tövbə etməsinə şübhə ilə yanaşırlar. Lakin Müqəddəs Kitab üzrə alimlər yazırlar ki, bu, qədim vaxtların mövhumatçı və səbatsız adamlarına xas idi. Üstəlik, neynəvalıların tövbə etməsindən İsa Məsih də danışmışdı. (Mətta 12:41 ayəsini oxu.) İsa Məsihin sözləri əsassız deyildi, çünki həmin vaxt o, göydə yaşayırdı və özü bunun şahidi olmuşdu (Yəh. 8:57, 58). Bu hadisədən bir şey aydın olur: insan nə qədər zalım görünsə də, heç vaxt düşünməməliyik ki, o, düzələn deyil. İnsanın ürəyini yalnız Yehova Allah görür.
Allahın mərhəməti və insanın sərtliyi
10, 11. a) Neynəvalıların tövbə etməsinə Yehova Allah necə yanaşır? b) Nəyə əsasən deyə bilərik ki, Yehova Allahın neynəvalılara çıxardığı hökm səhv deyildi?
10 Neynəvalıların tövbə etməsinə Yehova Allah necə yanaşır? Yunus peyğəmbər sonralar yazmışdı: «Allah onların bu hərəkətini, pis yoldan əl çəkdiyini görəndə fikrindən daşındı və dediyi bəlanı onların başına gətirmədi» (Yun. 3:10).
11 Belə çıxır ki, Yehova Allah neynəvalılara yanlış hökm çıxardığını düşünürdü? Əsla! Müqəddəs Kitabda yazılıb ki, Yehova Allahın ədaləti mükəmməldir. (Qanunun təkrarı 32:4 ayəsini oxu.) Sadəcə olaraq, Allahın neynəvalılara qəzəbi soyumuşdu. O, Neynəva camaatının dəyişdiyini görüb daha onları cəzalandırmağı lazım bilməmişdi, onlara mərhəmət göstərmişdi.
12, 13. a) Yehovanın mülayim, mərhəmətli və hər şeyi nəzərə alan Allah olduğu nədən görünür? b) Nəyə görə demək olar ki, Yunus peyğəmbərin sözləri yalan deyildi?
12 Din xadimləri Allahı qəddar, sərt və etinasız Allah kimi tanıtsalar da, Yehova mülayim, mərhəmətli və hər şeyi nəzərə alan Allahdır. Adətən, Allah pis adamları cəzalandırmazdan qabaq öz elçilərini göndərib onlara xəbərdarlıq edir. O istəyir ki, neynəvalılar kimi, pis insanlar da tövbə edib şər əməllərindən əl çəksinlər (Hizq. 33:11). Yehova Allah Ərəmya peyğəmbərə demişdi: «Mən hansısa xalqı, səltənəti kökündən qoparacağımı, yıxıb məhv edəcəyimi deyəndə həmin xalq dediyim mənfur əməldən əl çəkərsə, onun üstünə gətirmək istədiyim fəlakətdən vaz keçərəm» (Ərm. 18:7, 8).
Allah istəyir ki, neynəvalılar kimi, pis insanlar da tövbə edib şər əməllərindən əl çəksinlər
13 Deməli, Yunus peyğəmbərin dediyi sözlər yalan idi? Xeyr! O, neynəvalıları xəbərdar edirdi ki, onlar pis əməllərindən tövbə etməsələr, başlarına bəla gələcək. Nəticədə onlar pis yollarından döndülər. Əgər yenidən pis işlərə əl atsaydılar, Allah onları cəzalandıracaqdı. Sonralar belə də oldu (Səf. 2:13—15).
14. Yunus peyğəmbər Yehova Allahın neynəvalılara rəhm etməsinə necə yanaşır?
14 Neynəva Yunus peyğəmbərin gözlədiyi vaxt məhv olmur. Bu, ona necə təsir edir? Müqəddəs Kitabda deyilir: «Bu iş Yunusun heç xoşuna gəlmədi və o, bərk hirsləndi» (Yun. 4:1). O, elə dua edir ki, sanki, Allahı qınayır. Deyir ki, gərək doğma yurdunda qalardı, ev-eşiyini qoyub bura gəlməzdi. Həmçinin Allahın neynəvalılar üzərinə bəla gətirməyəcəyini qabaqcadan bildiyini söyləyir. Hətta bununla Tarşişə qaçdığına bəraət qazandırır. Sonra isə özünə ölüm diləyir. (Yunus 4:2, 3 ayələrini oxu.)
15. a) Nəyə görə Yunus peyğəmbər hirslənmişdi? b) Yehova Allah dilxor olmuş peyğəmbərinə necə yanaşdı?
15 Görəsən, Allahın neynəvalıları əfv etməsi nəyə görə peyğəmbərə belə pis təsir etmişdi? Həmin vaxt peyğəmbərin ağlından keçən bütün fikirləri bilmirik, bircə onu bilirik ki, o, bütün Neynəva əhlinin qarşısında Allahın hökm xəbərini bəyan etmişdi. Onlar onun sözünə inanmışdılar. İndi isə məhv deyilən şey yox idi. Bəlkə də, o qorxurdu ki, onu ələ salacaqlar, yaxud ona yalançı peyğəmbər damğası vuracaqlar. Hər necə olsa da, o, xalqın tövbə etməsinə və Yehova Allahın mərhəmət göstərməsinə sevinmədi. Əksinə, o, çox incidi, özünü yazıqladı və adının bədnam olacağına görə narahat oldu. Buna baxmayaraq, mərhəmətli Allah dilxor olmuş bəndəsində hələ də müsbət şeylər görürdü. Allah Ona qarşı etdiyi hörmətsizliyə görə peyğəmbərini cəzalandırmadı, sadəcə mülayimliklə ona bir sual verdi: «Hirslənməyin düzgündür?» (Yun. 4:4). Bu düşündürücü suala Yunus peyğəmbər cavab verdimi? Müqəddəs Kitabda bu haqda heç nə deyilmir.
16. a) Hansı məsələlərdə bəzi insanlarla Allahın fikri üst-üstə düşmür? b) Yunus peyğəmbərin əhvalatından nə öyrənirik?
16 Yunus peyğəmbəri mühakimə etmək asandır. Amma gəlin unutmayaq ki, çox vaxt günahlı insanın fikirləri Allahın fikirləri ilə üst-üstə düşmür. Məsələn, bəzi insanlar fikirləşirlər ki, Allah problemləri aradan qaldırmalı, pislərin cəzasını dərhal verməlidir. Onların fikrincə, Allah bu dünyanı çoxdan dağıtmalı idi. Amma Yunus peyğəmbərin əhvalatından öyrənirik ki, bizim fikirlərimizlə Allahın fikirləri üst-üstə düşməyəndə Allah yox, biz öz fikirlərimizə düzəliş verməliyik.
Mərhəmət dərsi
17, 18. a) Yunus peyğəmbər Neynəvanı tərk edəndən sonra nə edir? b) Yehova Allahın möcüzələri Yunus peyğəmbərə necə təsir edir?
17 Ovqatı təlx olmuş peyğəmbər Neynəvanı tərk edir. Amma evinə yox, şərqə, həmin ərazidəki dağlara üz tutur. Özünə balaca bir çardaq düzəldir və kölgəsində oturub şəhərdə nə baş verəcəyini gözləyir. Yəqin o, hələ də ümid edir ki, Yehova Allah şəhəri məhv edəcək. Bəs Allah bu rəhmsiz bəndəsinə mərhəmətli olmağı necə öyrədəcək?
18 Gecə yarısı Yehova Allah balqabaq bitkisi bitirir. Yunus peyğəmbər oyanır və enli yarpaqları ilə onun kiçik çardağından daha çox kölgə salan, qol-budaq atan bu bitkini görüb ürəyi açılır. Bu bitkiyə görə çox şad olur, yəqin düşünür ki, bu, Allahın xeyir-duasına və razılığına bir işarədir. Lakin Yehova Allah bu bitkini sadəcə peyğəmbəri istidən qorumaq və onun yersiz qəzəbini yatırmaq üçün bitirməyib. Bununla Allah ona dərs vermək istəyir. Sonra Allah başqa möcüzələr də göstərir. Bitki qurdu göndərir və qurd bitkini yeyir. Ardınca qızmar şərq küləyi yetirir, istidən peyğəmbər az qalır huşunu itirsin. Onun qanı yenə qaralır və Allahdan ölüm diləyir (Yun. 4:6—8).
19, 20. Yehova Allah Yunus peyğəmbərə nəyi başa salır?
19 Yehova Allah Yunus peyğəmbərdən yenə soruşur: «Məgər balqabaqdan ötrü bu cür hirslənməyin düzgündür?» Peyğəmbər tövbə etmək əvəzinə özünə haqq qazandırıb deyir: «Bəli, düzgündür. Hirsimdən ölmək istəyirəm». İndi Yunus peyğəmbərə mərhəmətli olmağı öyrətməyin vaxtıdır (Yun. 4:9).
20 Allah Yunus peyğəmbərə deyir: «Zəhmətini çəkmədiyin, yetişdirmədiyin, bir gecədə bitib, bir gecədə də tələf olan balqabağa sənin heyifin gəlir. Bəs Mən bu böyük şəhərə, Neynəvaya necə qıyım? Axı orada yaxşını pisdən ayıra bilməyən yüz iyirmi mindən çox insan var, çoxlu mal-qara var» (Yun. 4:10, 11).
21. a Yehova Allahın Yunus peyğəmbərə verdiyi dərsin məğzi nə idi? b) Yunus peyğəmbərin əhvalatı bizə nədə kömək edir?
21 Yehova Allahın Yunus peyğəmbərə verdiyi dərsin məğzini başa düşdünüz? Yunus peyğəmbər bu bitkiyə qulluq etməmişdi. Yehova Allah isə neynəvalılara həyat vermişdi və yer üzündəki bütün varlıqlar kimi onların da qayğısına qalırdı. Yunus peyğəmbər üçün adi bir bitki yüz iyirmi min adamın və onların mal-heyvanının həyatından daha dəyərli idi. Çünki onda xudbinlik baş qaldırmışdı. O, özünü fikirləşdiyi üçün bitkinin qurumasına heyifsilənmişdi. Neynəva dağılmayanda da o, xudbinlikdən irəli gələrək hirslənmişdi. O, öz adına görə narahat idi, haqlı çıxmaq istəyirdi. Yunus peyğəmbərin əhvalatı bizə ürəyimizi yoxlamağa kömək edir. Çünki elə bir adam yoxdur ki, onda xudbinlik olmasın. Nə yaxşı ki, Allah səbir göstərib bizə Onun kimi fədakar, şəfqətli və mərhəmətli olmağı öyrədir!
22. a) Yunus peyğəmbər Allahın verdiyi nəsihətdən hansı nəticəni çıxardı? b) Biz bundan nə öyrənirik?
22 Görəsən, Yunus peyğəmbər baş verənlərdən nə isə öyrəndi? «Yunus» kitabının axırıncı ayəsində Yehova Allahın verdiyi suala cavab verilmir. Bəziləri düşünə bilər ki, Yunus peyğəmbər bu suala cavab verməmişdi. Lakin bu, belə deyil. Sualın cavabı elə «Yunus» kitabının özüdür. Faktlar göstərir ki, bu kitabı Yunus peyğəmbərin özü yazıb. Təsəvvür edin: yenidən öz ölkəsində olan peyğəmbər başına gələnləri qələmə alır. Müdrik qoca səhvlərini, tərsliyini və nə qədər rəhmsiz olduğunu qələmə ala-ala təəssüflə başını yırğalayır. Gördüyümüz kimi, Yunus peyğəmbər Allahın verdiyi müdrik nəsihətdən nəticə çıxarmışdı. O, mərhəmətli olmağı öyrənmişdi. Bəs biz? (Mətta 5:7 ayəsini oxu.)
a Hesablamalara görə, Yunus peyğəmbərin günlərində onqəbiləli İsrail padşahlığının paytaxtı Səməriyyənin əhalisi təxminən 20—30 min nəfər idi, yəni Neynəva əhalisindən dörd dəfə az idi. Ola bilsin, çiçəklənən dövründə Neynəva dünyanın ən iri şəhəri olub.
b Bu fikir qəribə görünə bilər, amma bu, qədimdə baş vermiş yeganə hal deyil. Yunan tarixçisi Herodot yazır ki, məşhur bir sərkərdənin dəfn mərasimində qədim farsların keçirdiyi ayinlərdə heyvanlar da iştirak etmişdi.