Yeqovanın hökm günü yaxındır!
“RƏBBİN böyük günü yaxındır, yaxındır və çox tələsir” (TSEFANYA 1:14).
1. Allah Tsefanya vasitəsilə hansı xəbərdarlığı bəyan etdi?
YEQOVA ALLAH tezliklə qətiyyətli tərzdə pislərə qarşı çıxacaqdır. Dinləyin! Bu Onun xəbərdarlığıdır: “İnsanı... süpürəcəyəm... torpağın üzündən insanı kəsib atacağam” (Tsefanya 1:3). Küll-İxtiyar Rəbb Yeqovanın bu sözləri Tsefanya peyğəmbər tərəfindən söylənilmişdi. Ehtimala görə, Tsefanya, sadiq padşah Hizkiyanın kötükcəsi idi. Saleh padşah Yoşiyanın günlərində Yeqovanın bəyan edilən bu sözləri, Yəhudanın günahkar sakinlərinə yaxşı heç bir şey bildirmirdi.
2. Nəyə görə Yoşiyanın gördüyü tədbirlər Yeqovanın hökm gününün qarşısını almadı?
2 Gənc padşah Yoşiya Tsefanyanın peyğəmbərliyini eşidərkən, Yəhuda diyarını bütpərəstlikdən təmizləməyin vacibliyini daha kəskin surətdə hiss etdi. Lakin xalq arasında törədilən pisliyə tamamilə son qoymaq gənc padşaha müyəssər olmadı və onun gördüyü tədbirlər “Yerusəlimi günahsız qanla doldur”an babası Manassenin günahlarını yumadı (2 Krallar 24:3, 4; 2 Tarixlər 34:3). Buna görə də, Yeqovanın hökm günü qaçılmaz idi.
3. Haradan bilirik ki, “RƏBBİN qəzəb günündə”n sağ çıxmaq mümkündür?
3 Lakin bu qorxulu gündə hamı həlak olmalı deyildi. Buna görə də, Allahın peyğəmbəri çağırırdı: “Fərman çıxmadan öncə, gün saman çöpü kimi keçib getmədən öncə, RƏBBİN qızğın qəzəbi üzərinizə gəlmədən öncə, RƏBBİN qəzəb günü üzərinizə gəlmədən öncə toplanın. RƏBBİN hökmlərini icra etmiş olan dünyanın bütün təvazökarları, RƏBBİ arayın; salehliyi arayın, təvazökarlığı arayın; RƏBBİN qəzəb günündə bəlkə gizlənə bilərsiniz” (Tsefanya 2:2, 3). Gəlin, Yeqovanın hökm günündən sağ çıxmağın mümkün olduğunu yadda saxlayaraq, Müqəddəs Kitabın Tsefanya kitabını nəzərdən keçirək. Allahın “peyğəmbərlik sözü”nü təşkil edən, hamımızın diqqətinə layiq olan bu kitab, b. e. əvvəl 648-ci ildə Yəhuda diyarında yazılıb (2 Peter 1:19, İ—93).
Yeqova əlini uzatmışdır
4, 5. Tsefanya 1:1—3 ayələri, Yəhuda diyarının günahkar sakinləri üzərində necə yerinə yetdi?
4 “Tsefanyaya gələn RƏBBİN sözü” yuxarıda gətirilən xəbərdarlıqla başlanır. Allah bəyan edir: “Torpağın üzündən hər şeyi silib-süpürəcəyəm, RƏBBİN sözü. İnsanı və heyvanı süpürəcəyəm; göylərin quşları ilə dənizin balıqlarını və pis adamlarla əngəlləri süpürəcəyəm; və torpağın üzündən insanı kəsib atacağam, RƏBBİN sözü” (Tsefanya 1:1—3).
5 Bəli, Yeqova Yəhuda diyarındakı görünməmiş pisliklərə son qoymaq niyyətində idi. Yeqova kimin vasitəsilə “torpağın üzündən hər şeyi silib-süpürəcəkdi”? Göründüyü kimi, Tsefanya, b. e. əvvəl 659-cu ildə taxta oturmuş Yoşiya padşahın hökmranlığının əvvəlində peyğəmbərlik etmişdi, deməli, bu peyğəmbərlik sözləri Yəhuda və onun paytaxtı Yerusəlimin b. e. əvvəl 607-ci ildə babillilər tərəfindən viran edilməsinə işarə edir. Yəhuda diyarında olan günahkarlar məhz o zaman “kəsilib atılmalı” idilər.
6-8. Tsefanya 1:4—6 ayələrində qabaqcadan nə deyilmişdi və bu peyğəmbərlik qədim Yəhuda padşahlığı üzərində necə yerinə yetdi?
6 Tsefanya 1:4—6 ayələrində, Allahın, yalan tanrılara tapınanları necə hökm edəcəyi qabaqcadan deyilir: “Yəhuda üzərinə və Yerusəlimdə yaşayanların hamısı üzərinə əlimi uzadacağam; və Baalın qalıqlarını, kahinlərlə bərabər büt kahinlərinin adını və damların üzərində göylər ordusuna tapınanları; RƏBBƏ [“Yeqovaya”, YD] and edib Malkam üzərinə də and edərək tapınanları və RƏBBDƏN üz döndərənləri və RƏBBİ aramamış və onu sormamış olanları bu yerdən kəsib atacağam”.
7 Yeqovanın əli Yəhudanın və Yerusəlimin sakinləri üzərinə uzanmışdı. O, kən’anlıların məhsuldarlıq tanrısı olan Baalın ibadətçilərini məhv etməyə hazır idi. Bu yerlərdə ibadət edilən müxtəlif tanrılar Baal adlanırdılar, çünki onların ibadətçiləri bu tanrıları müəyyən ərazilərin sahibləri hesab edir və bu ərazilərə tə’sir göstərmək qabiliyyətini onlara aid edirdilər. Məsələn, Peor dağında moablılar və midyanilər bu tərzdə öz Baallarına ibadət edirdilər (Saylar 25:1, 3, 6). Yeqova, bütün Yəhuda padşahlığında Baalın kahinlərini, eyni zamanda Allahın qanununa zidd olaraq bu kahinlərlə dostluq münasibətləri yaradan kahin levililəri məhv etmək niyyətində idi (Çıxış 20:2, 3).
8 Allah, həmçinin “göylər ordusuna” ibadət edənləri - ehtimala görə astrologiya ilə məşğul olan və Günəşə ibadət edənləri də məhv etməyə hazırlaşırdı (2 Krallar 23:11; Yeremya 19:13; 32:29). Bundan əlavə, Allahın qəzəbi, həqiqi ibadətlə yalan ibadəti birləşdirməyə sə’y göstərənlərin, “RƏBBƏ [“Yeqovaya”, YD] and edib Malkam üzərinə... and edə”nlərin də üzərinə gələcəkdi. Ehtimal ki, Malkam, ammonilərin baş tanrısı olan Moloxun özüdür. Moloxun ibadətçiləri isə uşaqlarını qurban gətirirdilər (1 Krallar 11:5; Yeremya 32:35).
Xristian aləminin sonu yaxındır
9. a) Xristian aləmi nədə günahlıdır? b) Yəhudanın vəfasız sakinlərinə bənzəməmək üçün, nəyə qəti qərarlı olmalıyıq?
9 Bütün bunlar, yalan ibadətə və astrologiyaya qərq olan Xristian aləmini daha çox xatırladır. Ruhanilər müharibələrin tərəfdarıdırlar və onlar bu müharibələrin qurbangahlarına milyonlarla insan həyatı gətirirlər. Bu necə də iyrəncdir! Biz, Yeqovaya xidmətə soyuq yanaşan, Onu axtarmayan və rəhbərlik üçün Ona müraciət etməkdən əl çəkən, “RƏBBDƏN üz döndərən” Yəhuda sakinlərinə bənzəməməliyik. Biz Allah qarşısında qüsursuz qalmalıyıq.
10. Tsefanya 1:7-ci ayəsinin peyğəmbərlik mə’nasını necə izah edərdiniz?
10 Peyğəmbərin növbəti sözləri Yəhudanın qanunsuz sakinlərinə olduğu kimi, müasir əxlaqsızlara da uyğun gəlir. Tsefanya 1:7-ci ayəsində deyilir: “RƏB Yeqovanın önündə sus; çünki RƏBBİN günü yaxındır; çünki RƏB qurban hazırladı, çağırdıqlarını təqdis etdi”. Göründüyü kimi, “çağırılanlar” sözü altında Yəhudanın düşmənləri olan gildanilər nəzərdə tutulur. Hazırlanan “qurban” isə Yəhuda padşahlığını və onun paytaxtını təmsil edir. Beləliklə, Tsefanya, Allahın Yerusəlimi məhv etmək niyyəti barəsində xəbər verir, bu peyğəmbərlik həmçinin Xristian aləminin məhvinə işarə edir. Allahın hökm günü yaxın olduğu üçün, bütün dünya Küll-İxtiyar Yeqovanın qarşısında “sus”malı, İsanın ruhla məsh edilmiş davamçılarının “kiçik sürü”sü və onların yoldaşları olan “başqa qoyunlar” vasitəsilə Yeqovanın dediklərinə qulaq asmalıdır (Luka 12:32; Yəhya 10:16). Qulaq asmayıb, bununla da Allahın Padşahlığının hökmranlığına qarşı çıxdığını göstərən hər bir kəsi həlak gözləyir (Məzmur 2:1, 2).
Tezliklə fəryad günü gələcəkdir
11. Tsefanya 1:8—11 ayələrində deyilənlərin məğzi nədir?
11 Tsefanya 1:8—11 ayələrində Yeqovanın günü haqqında bunlar da deyilir: “RƏBBİN qurbanı günü elə olacaq ki, rəisləri və kral oğullarını və əcnəbi paltarı geyənlərin hamısını yoxlayacağam. Və kandar üzərindən sıçrayanların hamısını o gün yoxlayacağam, onlar ki, zorakılıq və hiylə ilə əfəndilərinin evini doldurmaqdadırlar. Və o gün balıqlar qapısından fəryad səsi və ikinci məhəllədən ulama və təpələr tərəfdə böyük qırğın olacaq, RƏBBİN sözü. Ulayın, ey sizlər, Makteşdə yaşayanlar; çünki bütün tacir dəstəsi yox oldu; gümüş yüklü olanların hamısı kəsilib atıldılar”.
12. İnsanlar “əcnəbi paltarı” geyindiklərini necə göstərirlər?
12 Yoşiyadan sonra Yehoahaz, Yehoyakim və Yehoyakin padşahlıq edəcəklər. Onlardan sonra isə Tsedekiya hökmranlıq edəcəkdi və Yerusəlim onun vaxtında viran ediləcəkdi. Görünür ki, Padşah sarayının bə’zi üzvləri, onları fəlakət gözlədiyinə baxmayaraq, “əcnəbi paltarı” geyinərək, qonşu xalqların rəğbətini qazanmağa çalışırdılar. Bizim günlərdə də insanların çoxu Yeqovanın təşkilatına məxsus olmadıqlarını hər vasitə ilə göstərirlər. Şeytanın dünyasına məxsus olduqlarını açıq-açığına göstərdikləri üçün, onları cəza gözləyir.
13. Tsefanyanın peyğəmbərliyinə görə, babillilərin Yerusəlimə hücumu zamanı nə baş verməli idi?
13 Yəhuda diyarı üzərindəki hökmün “o günü”, Yeqovanın öz düşmənləri üzərindəki hökmünü yerinə yetirəcək gününə müvafiqdir. O zaman O, qanunsuzluğa son qoyacaq və ali hökmdar olduğunu sübut edəcəkdir. Babillilərin Yerusəlimə hücumu zamanı “balıqlar qapısı” deyilən yerdən çığırtı qopacaqdı. Güman ki, bu ad yaxınlıqda balıq satılan bazarın olması ilə izah edilir (Nehemya 13:16). Babil qoşunları şəhərə “ikinci məhəllə” tərəfdən daxil olacaqlar, “təpələr tərəfdə böyük qırğın” isə, yaxınlaşan gildanilərin hay-küyünü göstərə bilər. Makteşdə - burada, yəqin ki, Turopeon vadisi nəzərdə tutulur - yaşayanlar “ulayacaqlar”. Nəyə görə? Ona görə ki, “gümüş yüklü olanların”, yə’ni gümüş çəkənlərin hamısının ticarəti başa çatacaqdı.
14. Özünü Onun ibadətçiləri adlandıranları Allah nə qədər diqqətlə yoxlayacaqdır?
14 Özünü Yeqovanın ibadətçiləri adlandıranları, Yeqova nə qədər diqqətlə yoxlayacaqdır? Peyğəmbərlikdə deyilir: “O vaxt elə olacaq ki, Yerusəlimi çıraqla arayacağam. Və çöküntüləri üzərində qatılaşmış adamları yoxlayacağam, onlar ki, ürəklərində: RƏB yaxşılıq da etməz, pislik də etməz, deyirlər. Və onların malı qənimət və evləri viranə olacaq; və evlər tikəcəklər, fəqət içində yaşamayacaqlar; və bağlar salacaqlar, fəqət şərabını içməyəcəklər” (Tsefanya 1:12, 13).
15. a) Yerusəlimin dönük kahinləri ilə nə baş verməli idi? b) Yalan dinlərin müasir tərəfdarlarını nə gözləyir?
15 Yerusəlimin dönük kahinləri Yeqovaya ibadəti yalan dinlə qarışdırırlar. Onlar, sanki gecə qaranlığında hərəkət edirmiş kimi, özlərini təhlükəsiz sanırlar, lakin Yeqova, onların gizləndikləri ruhani qaranlığı çıraqla aydınlaşdırır kimi, onları tapacaqdı. Allahın hökmlərinin e’lan olunmasını hamı eşidəcək və Allahın hökmündən heç kim yaxa qurtara bilməyəcək. Özündən razı olan bu dönüklər sanki şərab çəlləyinin dibinə enmişlər. Onlar istəmirlər ki, Allahın insanların işinə müdaxilə edəcəyi haqqındakı peyğəmbərliklərlə onları narahat etsinlər, lakin onlar Allahın hökmündən yaxa qurtara bilməyəcəklər. Yalan dinlərin müasir tərəfdarları, həmçinin Yeqovaya ibadətdən üz döndərənlər də xilas ola bilməyəcəklər. “Axır günlərdə” yaşadığımızı inkar edərək, onlar ürəklərində deyirlər: “RƏB yaxşılıq da etməz, pislik də etməz”. Lakin onlar həddindən artıq yanılırlar! (2 Peter 3:3, 4, 10; 2 Timoteyə 3:1—5).
16. Yəhuda üzərində həyata keçirilən hökm zamanı nə baş verməli idi və bunu bilməyimiz bizə necə tə’sir edir?
16 Yəhudi dönüklərini xəbərdar edirlər ki, babillilər onların mülkünü talan edəcək, evlərini viranə qoyacaq və bağlarının bəhrələrini aparacaqlar. Allah Yəhuda üzərində hökmünü həyata keçirəndə, maddi əmlak kömək etməyəcəkdi. Yeqovanın bu əşyalar sistemi üzərindəki hökm günündə də həmin vəziyyət olacaqdır. Buna görə də, gəlin ruhani əhval-ruhiyyəmizi qoruyub saxlayaq və Yeqovaya etdiyimiz xidmətə həyatımızda birinci yeri ayıraraq “özümüzə göydə xəzinələr yığaq”! (Matta 6:19—21, 33).
“RƏBBİN böyük günü yaxındır”
17. Tsefanya 1:14—16 ayələrinə əsasən, Yeqovanın hökm günü nə qədər yaxındır?
17 Yeqovanın böyük hökm günü nə qədər yaxındır? Tsefanya 1:14—16 ayələrində Allah əmin edir: “RƏBBİN böyük günü yaxındır, yaxındır və çox tələsir, RƏB gününün səsi! İgid orada acı-acı bağırır. O gün qəzəb günüdür, sıxıntı və məşəqqət günü, xarabalıq və viranəlik günü, qaranlıq və qaraltı günü, buludlar və qatı qaranlıq günü, divarlı şəhərlərə qarşı, yüksək qala qüllələrinə qarşı boru və nə’rələr günüdür”.
18. Nəyə görə biz düşünməli deyilik ki, Yeqovanın günü hələ uzaqdadır?
18 Günahkar kahinləri, rəisləri və Yəhudanın xalqını xəbərdar edirdilər: Yeqovanın “böyük günü yaxındır”. Yeqovanın Yəhuda üzərində həyata keçəcək günü “çox tələsirdi”. Eləcə də bu gün: qoy heç kim Yeqovanın pislər üzərində həyata keçirəcəyi hökm gününün uzaq gələcəkdə olacağını düşünməsin. Allah Yəhuda xalqının günlərində yubanmadığı kimi, indi də hökmünü icra edəcəyi günü “tələsdirəcəkdir” (Vəhy 16:14, 16). Şahidləri tərəfindən Yeqovanın bəyan edilən xəbərdarlığına diqqət yetirməyən, həmçinin həqiqi ibadətin tərəfini tutmayan kəslər üçün bu dövr necə də kədərli olacaqdır!
19, 20. a) Allah Yəhuda və Yerusəlimin üzərinə qəzəbini tökərkən nə baş verdi? b) Bu əşyalar sisteminin başına gələcək seçkili viranəliklə əlaqədar hansı suallar qarşıya çıxır?
19 Allahın, Yəhuda və Yerusəlim üzərinə tökdüyü qəzəb günü, “sıxıntı və məşəqqət günü” oldu. Babil istilaçıları Yəhuda sakinlərinə çox əziyyət verirdilər, onlar da ölüm və məhv edilmə qarşısında ürək ağrısı hiss edirdilər. İstisna deyil ki, “xarabalıq və viranəlik günü” yalnız məcazi mə’nada deyil, həqiqi mə’nada da qaranlıq, bulud və zülmət günü olmuşdur, çünki ətrafda hər şey tüstüyə bürünmüşdü və hər yerdə qanlı döyüş gedirdi. Bu, “boru və nə’rələr günü” idi, lakin haray salmaq artıq əhəmiyyətsiz idi.
20 Hücum edən düşmən, köməksiz gözətçilərin toplaşdıqları “yüksək qala qüllələrini” qoçbaşı adlanan alətlərlə dağıtdı. Bizim günlərdə də, Allah, səmavi silahı vasitəsilə seçkili viranəlik gətirərkən, bu silaha qarşı durmaqda dünyaya heç bir istehkam kömək edə bilməyəcək. Həmən gün xilas olmağa ümid edirsinizmi? “Onu sevənlərin hamısını qoruyub... bütün pisləri həlak edən” Yeqovanın tərəfində möhkəmmi durmusunuz? (Məzmur 145:20).
21, 22. Tsefanya 1:17, 18-ci ayələri bizim günlərdə necə yerinə yetəcəkdir?
21 Tsefanya 1:17, 18 ayələrində qabaqcadan söylənilən hökm günü dəhşət doğurur! “İnsanlar üzərinə sıxıntı gətirəcəyəm və korlar kimi yeriyəcəklər, çünki RƏBBƏ qarşı günah işlətdilər; və qanları toz kimi və ətləri gübrə kimi töküləcək. RƏBBİN qəzəb günündə gümüşləri də qızılları da onları qurtarmayacaq; ancaq onun qısqanclıq atəşi bütün məmləkəti yeyib bitirəcək; çünki məmləkətdə yaşayanların hamısını sona, həm də qorxunc bir sona gətirəcəkdir” (Tsefanya 1:17, 18).
22 Tsefanyanın günlərində olduğu kimi, Onun xəbərdarlıqlarına qulaq asmaq istəməyənlərə Yeqova tezliklə “sıxıntı” gətirəcək. Allahın qarşısında günah işlətdikləri üçün, kor adamlar kimi, köməksiz olacaqlar, xilas yolu tapmadan veyllənəcəklər. Yeqovanın hökm günündə onların “qanları toz kimi”, yə’ni heç nəyə yaramayan bir şey kimi töküləcəkdir. Onları şərəfsiz son gözləyir: Allah bu günahkarların bədənlərini, hətta daxili orqanlarını “gübrə kimi” bütün yer üzünə səpələyəcəkdir.
23. Qanunsuzlar “RƏBBİN qəzəb günündə” xilas olmasalar da, Tsefanyanın peyğəmbərliyində hansı ümiddən danışılır?
23 Allahla və Onun xalqı ilə düşmənçilik edənləri heç kim xilas edə bilməyəcəkdir. Yəhudanın qanunsuz sakinlərini nə gümüş, nə də qızıl xilas edə bilmədi. Eyni tərzdə də, Xristian aləmi və bu əşyalar sisteminin qalan hissəsi “RƏBBİN qəzəb günündə” tələf ediləndə, toplanmış var-dövlət və rüşvətlər heç kəsə kömək etməyəcək. Hökmün son günündə, Allah pisləri məhv edərkən “onun qısqanclıq atəşi bütün məmləkəti yeyib bitirəcək”dir. Biz Allahın peyğəmbərlik sözünə inanırıq, buna görə də əminik ki, “sonun vaxtın”ın başa çatacağı gün yaxınlaşır (Daniel 12:4). Yeqovanın hökm günü yaxındır və O, tezliklə düşmənlərinə əməllərinə görə verəcəkdir. Lakin Tsefanyanın peyğəmbərliyi göstərir ki, xilas olmaq üçün ümid var. Yeqovanın qəzəb günündə gizlənə bilməyimiz üçün hansı tələblərə müvafiq olmalıyıq?
Siz necə cavab verərdiniz?
• Tsefanyanın peyğəmbərliyi Yəhuda və Yerusəlim üzərində necə yerinə yetdi?
• Bizim günlərdə Xristian aləmini və bütün pisləri nə gözləyir?
• Nəyə görə biz düşünməməliyik ki, Yeqovanın hökm gününə hələ çox var?
[9-cu səhifədəki şəkil]
Tsefanya, Yeqovanın hökm gününün yaxın olduğunu cəsarətlə bəyan edirdi.
[İcazə ilə]
From the Self-Pronouncing Edition of the Holy Bible, containing the King James and the Revised versions
[10-cu səhifədəki şəkil]
Yeqova pisləri məhv edərkən xilas olmağa ümid edirsinizmi?