Yeqovanın bərpa olunmuş xalqı onu bütün dünyada izzətləndirir
“Bir ürəklə RƏBBƏ qulluq etmək üçün hamısı RƏBBİN ismini çağırsınlar deyə, xalqlara o zaman təmiz dodaq [“dil”, YD] verəcəyəm” (TSEFANYA 3:9).
1. Nəyə görə Allahın hökmü haqqındakı peyğəmbərliklər Yəhuda və başqa xalqlar üzərində yerinə yetdi?
YEQOVA Tsefanyanın vasitəsilə necə də vahiməli xəbərlər verirdi! Hökm haqqındakı bu xəbərlər, Yeqovanın iradəsini ümumiyyətlə yerinə yetirməyən rəhbərlərin və xalqın yaşadığı Yəhuda padşahlığı və onun paytaxtı olan Yerusəlimə qarşı istiqamətləndirilmişdi. Yeqova qəzəbini Filistiya, Moab və Ammon kimi qonşu ərazilərin üzərinə tökməyə hazırlaşırdı. Nəyə görə? Allahın xalqı ilə əsrlər boyu davam etdirdikləri amansız düşmənçiliklərinə görə. Elə bu səbəbdən, Assuriya - dünya imperiyası həmişəlik məhv edilməli idi.
2. Göründüyü kimi, Tsefanya 3:8-ci ayəsindəki sözlər kimə ünvanlanmışdı?
2 Lakin qədim Yəhuda padşahlığında düzgün düşüncə tərzinə malik olan insanları hələ də görmək olardı. Onlar Allahın pislər üzərində yerinə yetirəcəyi hökmünü səbirsizliklə gözləyirdilər və göründüyü kimi, növbəti sözlər onlara ünvanlanmışdı: “Bundan ötrü ova qalxacağım günə qədər məni gözləyin, RƏBBİN sözü; çünki hökmüm millətləri toplamaqdır, ta ki, ölkələr üzərinə qəzəbimi, qızğın hiddətimin hamısını tökmək üçün onları bir araya gətirəcəyəm; çünki bütün dünya qısqanclığımın atəşilə udulacaqdır” (Tsefanya 3:8).
“Təmiz dil” kimə verilmişdir?
3. Yeqova Tsefanyanın vasitəsilə hansı ümidverici xəbəri çatdırdı?
3 Bəli, Tsefanya Yeqovanın hökmlərini bəyan edirdi. Lakin Yeqova, Tsefanyanın vasitəsilə ümidverici gözəl xəbər də çatdırırdı. Bu xəbər Yeqovaya sadiq qalan insanlara böyük təsəlli gətirəcəkdi. Tsefanya 3:9-cu ayəsinə əsasən, Yeqova bəyan edir: “Bir ürəklə RƏBBƏ qulluq etmək üçün hamısı RƏBBİN ismini çağırsınlar deyə, xalqlara o zaman təmiz dodaq [“dil”, YD] verəcəyəm” (Tsefanya 3:9).
4, 5. a) Ədalətsiz insanlarla nə baş verəcək? b) Bu kimə fayda gətirəcək və nəyə görə?
4 Lakin təmizə dil hamı üçün tə’yin edilməmişdi. Peyğəmbərlikdə bu dilin kimlər üçün tə’yin edilmədiyinə diqqət yetirilir: “Sənin böyüklüyünlə şənlik edənləri o zaman sənin içindən qaldıracağam” (Tsefanya 3:11). Məğrurlar, Allahın qanunlarına nifrət edənlər və qanunsuzluq edənlər kənar ediləcəklər. Bəs bu kimə fayda gətirəcək? Tsefanya 3:12, 13-cü ayələrində Yeqova deyir: “Sənin içində təvazökar və fağır bir xalq saxlayacağam və onlar RƏBBİN isminə sığınacaqlar. İsrailin qalığı haqsızlıq etməyəcək; və yalan söyləməyəcəklər; və ağızlarında hiyləli dil olmayacaq; çünki onlar otlayıb yatacaqlar və qorxudan olmayacaq”.
5 Bu, qədim Yəhudeyada yaşayan sadiq qalığa fayda gətirəcək. Nəyə görə? Ona görə ki, bu qalıq “RƏBBİN hökmlərini icra etmiş olan dünyanın bütün təvazökarları, RƏBBİ arayın; salehliyi arayın, təvazökarlığı arayın; RƏBBİN qəzəb günündə bəlkə gizlənə bilərsiniz” sözlərinə riayət edirdi (Tsefanya 2:3).
6. Tsefanyanın peyğəmbərliyinin birinci icrası zamanı nə baş verdi?
6 Peyğəmbərliyin birinci icrası zamanı, Yeqova, b. e. əvvəl 607-ci ildə Babil dünya imperiyasına Yəhuda padşahlığını məğlub etməyə və yəhudiləri əsir götürməyə imkan verməklə onları cəzalandırdı. Bə’ziləri, o cümlədən Yeremya peyğəmbər, bu əsirlikdən qaçına bildilər; əsarətdə olarkən Yeqovaya sədaqətlərini qoruyanlar da oldu. Sonra Babil, b. e. əvvəl 539-cu ildə Kir padşahın rəhbərliyi altında midiyalılar və farslar tərəfindən məğlub edildi. Təxminən iki ildən sonra, Kir, yəhudilərin qalığının vətənə qayıtmasına izin verən fərman çıxardı. Bir qədər vaxtdan sonra, Yerusəlim mə’bədi bərpa edildi, kahinlər yenidən Qanunu xalqa öyrətməyə başladılar (Malaki 2:7). Doğma vətənə qayıdan qalıq sədaqətini qoruyub saxladıqca Yeqova ona xeyir-dua bəxş edirdi.
7, 8. Tsefanya 3:14—17 ayələrindəki peyğəmbərlik sözləri kimlərə aid idi və nəyə gərə siz belə cavab verirsiniz?
7 Bu bərpa olunmanı görəcək kəslər haqqında Tsefanya qabaqcadan bunları demişdi: “Ey Sion qızı, tərənnüm et; ey İsrail, bağır; bütün ürəyinlə sevin və coş, ey Yerusəlim qızı! Sənin üçün olan hökmləri RƏB qaldırdı, sənin düşmənini qovdu; İsrailin padşahı, RƏB, sənin aranda; artıq pislikdən qorxmayacaqsan. O gün Yerusəlimə deyiləcək: Qorxma; ey Sion, əllərin zəifləməsin. Allahın RƏB, qüvvətli Qurtarıcı, sənin arandadır; sənin üçün çox sevinəcəkdir; sevgisi içində susacaqdır; sənin üçün tərənnümlə coşacaqdır” (Tsefanya 3:14—17).
8 Bu peyğəmbərlik sözləri, bir yerə toplanmış və Babil əsarətindən atalarının torpağına qaytarılmış qalığa aid idi. Tsefanya 3:18—20 ayələrində yazılmış sözlər buna şəhadət edir: “Bəlli bayramlar üçün kədərli olanları toplayacağam, onlar səndəndirlər; onun üzərindəki yük onlar üçün utanc oldu. Budur, o vaxt səni alçaldanların hamısına qarşı çıxacağam; və topalı qurtaracağam və dağınıq olanı toplayacağam; onları bir həmd və bir ad edəcəyəm, onlar ki, xəcalətləri bütün dünyada idi. O vaxt sizi gətirəcəyəm və o vaxt sizi toplayacağam; çünki gözlərinizin önündə sürgünlərinizi geri gətirdiyim zaman, sizi dünyanın bütün xalqları arasında bir ad və bir həmd edəcəyəm, RƏB deyir”.
9. Yəhuda xalqı ilə əlaqədar Yeqova özünə adı necə qazandı?
9 İsraili əhatə edən xalqların - Allahın xidmətçilərinin düşmənlərinin necə sarsıldıqlarını təsəvvür edin! Qüdrətli Babil ordusu Yəhudanın əhalisini əsir götürmüşdü; sanki geriyə qayıtmağa ümid yox idi. Bundan əlavə, onların vətəni talan edilmişdi. Lakin 70 ildən sonra, düşmən xalqların məhv olunmağa mə’ruz qaldıqları bir zamanda, Yeqovanın qüvvəsi sayəsində yəhudilər vətənə qayıtdılar. Yeqova sadiq qalığı azad etməklə özünə necə də böyük ad qazandı! Yeqova bu qalığa “dünyanın bütün xalqları arasında bir ad və bir həmd” verdi. Bu cür bərpa edilmə Yeqovaya və Onun adını daşıyanlara necə də izzət gətirdi!
Yeqovaya ibadət yüksəldildi
10, 11. Tsefanyanın bərpa olunma haqqındakı peyğəmbərliyi nə zaman yerinə yetməli idi və bu haradan mə’lumdur?
10 Digər bərpa olunma bizim eranın birinci yüzilliyində, İsa Məsih, Allaha həqiqi ibadət üçün İsrailin qalığını toplayarkən baş verdi. Birinci əsrdə baş verən hadisələr gələcək haqqında təsəvvürlər verirdi, çünki bərpa olunma haqqındakı peyğəmbərliyin böyük icrası gələcəkdə olmalı idi. Mikanın peyğəmbərliyində qabaqcadan deyilmişdi: “Son günlərdə elə olacaq ki, dağların başında RƏB evinin dağı möhkəmləndiriləcək və təpələrdən yuxarı yüksələcək; və xalqlar ona axışacaqlar” (Mika 4:1).
11 Bu nə vaxt baş verməli idi? Peyğəmbərlikdə deyildiyi kimi, “axır günlərdə”, yə’ni bizim zəmanəmizdə (2 Timoteyə 3:1). Bütün bunlar bu gün mövcud olan əşyalar sisteminin sonu gəlməzdən əvvəl, hələ xalqlar yalan tanrılara ibadət edərkən baş verəcəkdir. Mika 4:5 ayəsində deyilir: “Bütün xalqlar, hər biri öz ilahisinin ismilə yeriyir”. Bəs həqiqi Allahın ibadətçiləri? Mikanın peyğəmbərliyində cavab verilir: “Biz də daima və əbədiyyən Allahımız RƏBBİN ismilə yeriyəcəyik”.
12. Bu axır günlərdə həqiqi ibadət necə yüksəldilmişdir?
12 Beləliklə, bu axır günlərdə “RƏB evinin dağı... təpələrdən yuxarı yüksələcək”. Ən yüksək dağla müqayisə olunan, Yeqovaya edilən ucaldılmış həqiqi ibadət bərpa olunduqdan sonra, bütün başqa dinlər üzərində öz yerini möhkəmlətdi. Mikanın da qabaqcadan dediyi kimi, “xalqlar ona axışırlar”. Bu gün həqiqi dinin tərəfdarları, “daima və əbədiyyən Allahları RƏBBİN ismilə yeriyəcəklər”.
13, 14. Bu dünyanın “axır günləri” nə zaman başladı və o vaxtdan bəri həqiqi ibadətlə əlaqədar nə baş verirdi?
13 Müqəddəs Kitabın peyğəmbərliklərini həyata keçirən hadisələr göstərir ki, 1914-cü ildə bu dünyanın “axır günləri” başlamışdır (Mark 13:4—10). Tarix şəhadətlik edir ki, Yeqova həqiqi ibadət üçün göydə yaşamaq ümidi olan məsh edilmiş sadiq qalığı toplamağa başladı. Bunun ardınca “hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan... böyük bir izdiham” toplanmağa başladı. Bu izdiham yer üzündə əbədiyyən yaşamağa ümid edir (Vəhy 7:9).
14 Birinci dünya müharibəsi dövründən bəri, Yeqovanın rəhbərliyi altında Onun adını daşıyan insanların ibadəti heyrətləndirici tərzdə vüs’ət alır. Birinci dünya müharibəsindən sonra Yeqovanın ibadətçilərinin sayı cəmi bir neçə min idi, bu gün isə onlar altı milyona yaxındırlar. Onlar 235 ölkədə təxminən 91 000 yığıncaq təşkil edirlər. Hər il Padşahlığın bu təbliğçiləri Yeqovanı ümumdünya qarşısında izzətləndirməyə milyard saatdan artıq vaxt sərf edirlər. Bütün bunlardan görünür ki, Yeqovanın Şahidləri, İsanın “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir”, deyə söylədiyi peyğəmbərlik sözlərini yerinə yetirirlər (Matta 24:14, İ—93).
15. Tsefanya 2:3-cü ayəsi bu gün necə yerinə yetir?
15 Tsefanya 3:17-ci ayəsində deyilir: “Allahın RƏB, qüvvətli Qurtarıcı, sənin arandadır”. Bu son günlərdə Allahın xidmətçilərinin ruhən çiçəklənməsi, Yeqovanın - onların hər şeyə qadir olan Allahlarının “aralarında” olmalarına işarə edir. Bu sözləri, b. e. əvvəl 537-ci ildə qədim Yəhuda padşahlığının bərpa olunması haqqında da demək olar. İndi biz Tsefanya 2:3-cü ayəsinin bizim günlərdə böyük miqyasda necə yerinə yetdiyini görürük; orada deyilir: “Dünyanın bütün təvazökarları, RƏBBİ arayın”. B. e. əvvəl 537-ci ildə “bütün” sözləri altında yəhudilərin əsarətdən qayıdan qalığı nəzərdə tutulurdu. Bu gün isə bu, bütün xalqlardan olan, hər yerdə təbliğ olunan Padşahlıq haqqındakı xəbərə hay verən və Rəbbin evinə axışan təvazökar insanlara aiddir.
Həqiqi ibadət inkişaf edir
16. Düşmənlərimiz bizim günlərdə Yeqovanın təşkilatının inkişafına çox ehtimal ki, necə yanaşırlar?
16 Eramızdan əvvəl 537-ci ildən sonra, İsraili əhatə edən xalqlardan olan insanların çoxu Allahın xidmətçilərinin vətənə qayıtmasına və həqiqi ibadətin bərpa olunmasına heyran qalırdılar. Lakin bu bərpa olunmanın əhatə dairəsi çox böyük deyildi. Bizim günlərdə isə müşahidəçilərin, o cümlədən Allahın xalqının düşmənlərinin, qeyri-adi artımı, Yeqovanın təşkilatının tərəqqi etdiyini və irəlilədiyini görüb, nə dediklərini təsəvvür edirsinizmi? Şübhə etməmək olar ki, düşmənlərdən bə’ziləri, xalqın İsanın yanına axışdığını görən fəriseylər kimi düşünürlər: “Dünya Onun ardınca getdi” (Yəhya 12:19).
17. Bir müəllif Yeqovanın Şahidləri barəsində nə demişdi və onlar sayca nə qədər artmışlar?
17 “Onlar da inanırlar” adlı kitabında professor Çarlz Barden yazır: “Yeqovanın Şahidləri sözün əsl mə’nasında öz şahidlikləri ilə bütün yer üzünü əhatə ediblər. Cəsarətlə demək olar ki, dünyada, Padşahlıq haqqındakı müjdəni yaymaq işində Yeqovanın Şahidləri qədər sə’y və mətanət göstərən başqa bir dini qrup tapılmaz. Çox ehtimal ki, bu hərəkat gələcəkdə də qüvvə toplayacaqdır” (“These Also Believe”). Kitabın müəllifi haqlı imiş. Təxminən 50 il bundan qabaq, o bu sözləri yazarkən, bütün dünyada cəmi 300 000 Şahid təbliğ edirdi. Maraqlıdır, o, bu gün - müjdəni təbliğ edənlərin sayının 20 dəfə artığı və təxminən altı milyona çatdığı bir vaxtda nə deyərdi?
18. Təmiz dil nədir və Allah onu kimlərə verir?
18 Allah peyğəmbəri vasitəsilə belə bir və’d vermişdir: “Bir ürəklə RƏBBƏ qulluq etmək üçün hamısı RƏBBİN ismini çağırsınlar deyə, xalqlara o zaman təmiz dodaq [“dil”, YD] verəcəyəm” (Tsefanya 3:9). Bu son günlərdə Yeqovanın adını, məhəbbətin qırılmaz bağları ilə bağlanan, Allaha “bir ürəklə” xidmət edən Yeqovanın Şahidləri çağırırlar. Yeqova təmiz dili məhz onlara vermişdir. Təmiz dili bilmək - Allah və Onun niyyətləri haqqındakı həqiqəti düzgün anlamaq deməkdir. Bu anlayışı, müqəddəs ruhunun köməyi ilə yalnız Yeqova verə bilər (1 Korinflilərə 2:10). Yeqova müqəddəs ruhunu kimə verir? Yalnız “Ona itaət edənlərə” (Həvarilərin işləri 5:32). Və yalnız Yeqovanın Şahidləri hər şeydə Allaha tabe olmağa hazırdırlar. Bax elə buna görə də, onlar Allahın ruhunu alır və təmiz dili - Yeqova və Onun gözəl niyyətləri haqqındakı həqiqəti bilirlər. Onlar bu təmiz dili, Yeqovanı bütün yer üzündə izzətləndirmək üçün istifadə edirlər. Onların fəaliyyəti böyük əraziləri əhatə edir və genişlənməkdə davam edir.
19. Təmiz dildə danışmaq nə deməkdir?
19 Təmiz dildə danışmaq həqiqətə yalnız inanmağı və onu başqalarına öyrətməyi deyil, həmçinin Allahın qanunları və prinsipləri əsasında davranmağı da özünə daxil edir. Göylər həyatına ümid bəsləyən məsh edilmişlər, Yeqovanı axtarmaqda və təmiz dildə danışmaqda rəhbərliyi öz üzərlərinə götürürlər. Yalnız əldə edilən nailiyyətlər barəsində düşünün! Məsh edilmişlərin sayı 8 700 nəfərdən az olsa da, altı milyona yaxın insan Yeqovanı axtararaq və təmiz dildə danışaraq onların imanını təqlid edirlər. Bu, bütün xalqlardan olub, artmaqda davam edən böyük izdihamdır. Bu insanlar İsanın fidiyə qurbanlığına iman gətirir, Allahın ruhani mə’bədinin yer üzündə olan həyətində müqəddəs xidməti icra edirlər. Onlar, tezliklə bu günahlı dünyanın üzərinə gələcək “böyük məşəqqətdən” sağ çıxacaqlar (Vəhy 7:9, 14, 15).
20. Sadiq məsh edilmişləri və böyük izdihamı təşkil edənləri nə gözləyir?
20 Böyük izdiham, Allahın ədalətli yeni dünyasına daxil ediləcək (2 Peter 3:13). İsa Məsih və onunla bərabər padşahlar və kahinlər kimi xidmət etməkdən ötrü göylər həyatı üçün dirildilmiş 144 000 məsh edilmişlər, bütün yer üzünün hökumətini təşkil edəcəklər (Romalılara 8:16, 17; Vəhy 7:4; 20:6). Böyük məşəqqətdən sağ çıxanlar yer üzünü cənnətə çevirməyə başlayacaq və Allah tərəfindən verilmiş təmiz dildə danışmağa davam edəcəklər. Prinsip e’tibarı ilə, aşağıdakı sözlər onlara tətbiq ediləndir: “Bütün oğulların [və şübhəsiz ki, qızların] RƏB tərəfindən öyrədilmiş olacaq; və oğullarının əmin-amanlığı çox olacaq. Calehliklə möhkəmlənəcəksən” (İşaya 54:13, 14).
Tarix ərzindəki ən böyük təhsil işi
21, 22. a) Həvarilərin işləri 24:15-ci ayəsinə əsasən kimlərə təmiz dili öyrətmək lazım gələcək? b) Padşahlığın hökmranlığı altında Yer üzündə təhsil üzrə hansı görünməmiş iş həyata keçiriləcəkdir?
21 Həvarilərin işləri 24:15 ayəsində, yeni dünyada təmiz dil öyrənmək imkanı verilən insanların böyük qrupu haqqında deyilir: “Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır”. Keçmiş zamanlarda milyardlarla insanlar Yeqova haqqında dəqiq bilik almadan yaşamış və ölmüşlər. Yeqova onları nizama salınmış tərzdə həyata qaytaracaqdır. Və dirildilmiş bu insanlara təmiz dili öyrətmək lazım gələcəkdir.
22 Təhsil vermə üzrə bu böyük işdə iştirak etmək gözəl şərəfdir! Bu, bəşəriyyətin tarixi ərzində ən böyük maarifləndirmə işi olacaqdır. Bütün bu işlər, İsa Məsihin xeyirxah padşahlığı zamanı keçiriləcəkdir. Vaxtı gəldikdə, insanlar İşaya 11:9-cu ayəsində yazılan sözlərin necə yerinə yetdiyini görəcəklər: “Sular dənizi necə doldurursa, dünya da RƏB bilgisi ilə dolu olacaq”.
23. Yeqovanın xalqına məxsus olmaq nəyə görə böyük sevinc gətirir?
23 Bu axır günlərdə, bütün dünyanın Yeqova haqqındakı biliklə dolacağı mö’cüzəli zəmanəyə hazırlaşmağımız üçün necə də şadıq! Allahın xalqı üzərində Tsefanya 3:20 ayəsindəki “sizi dünyanın bütün xalqları arasında bir ad və bir həmd edəcəyəm” peyğəmbərlik sözləri möhtəşəm tərzdə yerinə yetir. Və bu xalqa artıq indidən məxsus olmaq necə də sevindiricidir!
Siz necə cavab verərdiniz?
• Tsefanyanın bərpa olunma barəsindəki peyğəmbərliyi necə yerinə yetdi?
• Bu son günlərdə həqiqi ibadət necə inkişaf edir?
• Yeni dünyada təhsillə əlaqədar hansı böyük iş həyata keçiriləcəkdir?
[26-cı səhifədəki şəkillər]
Yeqovanın Şahidləri “təmiz dildə” danışaraq, Müqəddəs Kitabda yazılan təsəlliverici xəbəri insanlarla bölüşürlər.