Qoy qolunuza güc gəlsin
«Peyğəmbərlərin dediyi bu sözləri... eşidənlər, qoy qolunuza güc gəlsin» (ZƏKƏRİYYƏ 8:9).
1, 2. Nə üçün biz Haqqay və Zəkəriyyənin kitablarına diqqət yetirməliyik?
HAQQAY və Zəkəriyyənin peyğəmbərlikləri təxminən 2 500 il əvvəl yazılsa da, onlar bizim üçün dərin mə’na kəsb edir. Bu iki kitabda sadəcə olaraq tarix təsvir olunmayıb. Onlar ‘bizə tə’lim olaraq bundan əvvəl yazılanların’ bir hissəsidir (Romalılara 15:4). Bu kitablardan oxuduqlarımızın çoxu Padşahlığın 1914-cü ildə göydə tə’sis edilməsindən sonra yerdə mövcud olan real vəziyyət üzərində bizi düşünməyə vadar edir.
2 Həvari Pavel qədimdə Allahın xalqının başına gələn hadisələrə və düşdüyü vəziyyətə istinad edərək yazırdı: «Bütün bunlar ibrət olaraq onların başına gəlirdi; son əsrlərə çatan bizlər üçün də məsləhət olaraq qeyd edildi» (1 Korinflilərə 10:11). Buna görə də, səni «Haqqay» və «Zəkəriyyə» kitablarının bizim günlər üçün hansı əhəmiyyəti kəsb etməsi maraqlandıra bilər.
3. Haqqay və Zəkəriyyə nə ilə bağlı peyğəmbərliklər söyləyirdilər?
3 Keçən məqalədən öyrəndiyimiz kimi, birinci dəfə Haqqay və Zəkəriyyənin peyğəmbərlikləri yəhudilərin Babil əsarətindən azad olunub, Allahın verdiyi torpağa qayıtdıqları dövrdə yerinə yetmişdi. Bu peyğəmbərliklər mə’bədin tikintisi ilə bağlı idi. Yəhudilər mə’bədin təməlini b. e. ə. 536-cı ildə qoydular. Bə’zi qoca yəhudilərin fikri əvvəlki mə’bəddə qalsa da, ümumilikdə götürəndə hər yanı «gurultulu sevinc səsləri» bürümüşdü. Bizim dövrdə isə daha mühüm bir hadisə baş vermişdir. Hansı hadisə? (Ezra 3:3-13).
4. Birinci Dünya müharibəsindən az sonra hansı hadisə baş verdi?
4 Birinci Dünya müharibəsindən az sonra Yehovanın məsh edilmişləri Böyük Babil əsarətindən azad edildilər. Bu, Yehovanın köməyini sübut edən əsas amil idi. Əvvəlcə elə təəssürat oyanmışdı ki, Müqəddəs Kitab Tədqiqatçılarının təbliğ və tə’lim işi din rəhbərləri və onların siyasi müttəfiqləri tərəfindən dayandırılıb (Ezra 4:8, 13, 21-24). Lakin Yehova Allah bu işin qarşısında duran maneələri aradan qaldırdı. 1919-cu ildən e’tibarən Padşahlıq işi çiçəklənir və onun geniş vüs’ət almasının qarşısını heç nə ala bilmir.
5, 6. Zəkəriyyə 4:7 ayəsi möhtəşəm şəkildə yerinə yetəcək hansı hadisəyə aiddir?
5 Bizim dövrümüzdə də Yehovanın itaətkar xidmətçilərinin həyata keçirdiyi təbliğ və tə’lim işinin Allahın köməyilə davam edəcəyinə əmin ola bilərik. Zəkəriyyə 4:7 ayəsində oxuyuruq: «O “nə gözəldir, nə gözəldir” nidaları altında mə’bədin təpə daşını götürəcək». Bəs bu peyğəmbərlik, bizim dövrümüzdə möhtəşəm şəkildə yerinə yetəcək hansı hadisəyə aiddir?
6 Zəkəriyyə 4:7 ayəsi ruhani mə’bədin yer üzündəki həyətində Hökmdar Allaha edilən həqiqi ibadətin mükəmməlləşmiş hala çatacağı vaxta aiddir. Bu mə’bəd, Məsihin əfv qurbanlığı əsasında Yehovaya ibadət vasitəsilə yaxınlaşmaq üçün tə’sis edilən quruluşdur. Möhtəşəm ruhani mə’bəd eramızın birinci əsrindən mövcuddur. Lakin həqiqi ibadət yer üzündə hələ mükəmməlləşməlidir. Hazırda milyonlarla xidmətçi ruhani mə’bədin yer üzündəki həyətində xidmət edir. Onlar və külli miqdarda dirilən insanlar İsa Məsihin Minillik Hökmranlığı dövründə kamilliyə qovuşacaqlar. Minilliyin sonunda təmizlənmiş yer üzündə yalnız Allaha həqiqətən ibadət edənlər qalacaqlar.
7. Həqiqi ibadətin mükəmməlləşməsi üçün müasir dövrdə İsa nə edir və bu nə üçün bizi ruhlandırmalıdır?
7 Vali Zerubbabil və baş kahin Yeşua b. e. ə. 515-ci ildə mə’bədin tikilib başa çatmasının şahidi oldular. Zəkəriyyə 6:12, 13 ayələrində həqiqi ibadətin mükəmməl vəziyyətə çatdırılmasında İsanın rolu haqqında peyğəmbərlik edilir: «Ordular Rəbbi belə deyir: “Bax ‘Pöhrə’ adlanan adam budur! O olduğu yerdən qol-budaq atacaq və Rəbbin mə’bədini tikəcək. Bəli... o izzətlənəcək, taxtında oturub hökmranlıq edəcək. Taxtının yanında [«üzərində», KM] kahin olacaq”». Ruhani mə’bəddə Padşahlıq işinin görülməsinə göydə yaşayan və Davud sülaləsini davam etdirən İsanın kömək etdiyini nəzərə alsaq, sizcə, kim isə onun inkişafına mane ola bilərmi? Əlbəttə ki, yox! Bu fakt bizi, gündəlik qayğılara yayınmadan, xidmətimizi davam etdirməyə təşviq etmirmi?
Bizim üçün vacib olan işlər
8. Biz nə üçün ruhani mə’bəddə yerinə yetirilən işi həyatımızda birinci yerə qoymalıyıq?
8 Yehovanın bizə xeyir-dua verməsi üçün həyatımızda birinci yerə ruhani mə’bəddəki işi qoymalıyıq. ‘Vaxt çatmayıb’ deyən yəhudilərdən fərqli olaraq, biz «axır günlərdə» yaşadığımızı yaddan çıxarmamalıyıq (Haqqay 1:2; 2 Timoteyə 3:1). İsa peyğəmbərlik etmişdi ki, onun sadiq davamçıları Padşahlıq haqqında xoş xəbəri təbliğ edəcək və şagirdlər hazırlayacaqlar. Biz ehtiyatlı olmalıyıq ki, layiq görüldüyümüz bu şərəfə biganə yanaşmayaq. Dünyanın müqaviməti nəticəsində müvəqqəti olaraq dayandırılan təbliğ və tə’lim işi 1919-cu ildə bərpa olundu, amma hələ başa çatdırılmayıb. Sən əmin ola bilərsən ki, bu iş mütləq başa çatdırılacaq!
9, 10. Yehova bizə nə zaman xeyir-dua verəcək və bizim üçün bu nə deməkdir?
9 Yehova, Onun işini nə dərəcədə vicdanla həyata keçirməyimizdən asılı olaraq, bizə ayrı-ayrılıqda və xalq kimi bütövlükdə xeyir-dua verəcək. Yehovanın bizə də əminlik verən və’dinə diqqət yetirin. Yəhudilər səmimi qəlbdən həqiqi ibadətə qayıdanda və mə’bədin bərpa edilməsində vicdanla iştirak etməyə başlayanda, Yehova demişdi: «Bu gündən e’tibarən sizə bərəkət verəcəyəm!» (Haqqay 2:19). Yehova onlara xeyirxahlıq göstərəcəkdi. Görün Yehova hansı xeyir-duaları və’d edir: «Əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm» (Zəkəriyyə 8:9-13).
10 Allahın bizə həvalə etdiyi işi sə’ylə və xoş əhval-ruhiyyə ilə görürüksə, yəhudilər ruhani və maddi cəhətdən xeyir-dua aldığı kimi, biz də alacağıq. Bu xeyir-dualara aramızda olan sülh, əmin-amanlıq, ruhani firavanlıq və tərəqqi daxildir. Bəli, əmin ola bilərsiniz ki, ruhani mə’bəddəki işi Onun istədiyi kimi icra etdiyimiz təqdirdə, Yehova bizə xeyir-dua verəcəkdir.
11. Həyatımızda nəyi vacib tutduğumuzu necə öyrənə bilərik?
11 İndi ‘həyat yollarımız haqqında yaxşı düşünməyin’ əsl vaxtıdır (Haqqay 1:5, 7). Hər birimiz həyatda nəyə üstünlük verdiyimizi aydınlaşdırmalıyıq. Yehovanın bizə xeyir-dua verməsi Onun adını nə dərəcədə izzətləndirməyimizdən və ruhani mə’bədində gördüyümüz işdə tərəqqi etməyimizdən asılıdır. Özünüzdən soruşa bilərsiniz: «Əvvəlkindən fərqli olaraq, indi mən nəyi həyatda daha vacib hesab edirəm? Yehova, həqiqət və təbliğ üçün təzə vəftiz olarkən göstərdiyim sə’yi indi də göstərirəmmi? Firavan həyat sürmək istəyi diqqətimi Yehova və Onun Padşahlığından yayındırırmı? İnsanlar qarşısında qorxu — başqalarının nə fikirləşməsi məni müəyyən dərəcədə geri çəkirmi?» (Vəhy 2:2-4).
12. Haqqay 1:6, 9 ayələrində yəhudilər arasında hökm sürən hansı vəziyyət təsvir olunur?
12 Biz istəmirik ki, Allahın adının izzətləndirilməsinə laqeyd yanaşmağımız ucbatından Yehova bizi Öz xeyir-duasından məhrum etsin. Xatırlayırıqsa, Haqqay 1:9 ayəsində göstərildiyi kimi, vətənə qayıdan yəhudilər əvvəlcə çalışqanlıqla işləsələr də, sonra ‘öz evləri üçün əlləşməyə’ başladılar. Onların başı gündəlik qayğılarına qarışdı. Nəticə e’tibarilə, onlar ‘az götürür’ — qida, içki və isti paltar çatışmazlığından əziyyət çəkirdilər (Haqqay 1:6). Yehova onları xeyir-dualarından məhrum etdi. Biz bundan özümüzə dərs götürə bilərikmi?
13, 14. Haqqay 1:6, 9 ayələrindən hansı ibrət dərsini alırıq və bu nə üçün vacibdir?
13 Məgər Allahdan bundan sonra da xeyir-dua almaq üçün həqiqi ibadətə laqeyd yanaşaraq öz mənfəətimizi güdmək meylilə mübarizə aparmalı deyilikmi? Maddi mənfəət, tez varlanmaq məqsədi, bu sistemdə arzu olunan vəzifəyə çatmaq üçün təhsili artırma planı və ya özünütəsdiq üzrə proqramlar diqqətimizi həqiqi ibadətdən yayındıra bilər.
14 Bunlar öz-özlüyündə səhv olmaya bilər. Lakin əbədi həyat yönümündən bunların ‘ölü işlər’ olduğunu dərk edirsənmi? (İbranilərə 9:14, KM). Hansı mə’nada? Ruhani cəhətdən onlar ölü, boş, səmərəsizdir. Əgər insan bu işlərlə məşğul olmağa davam edərsə, son nəticədə Allahla olan münasibətlərini itirəcəkdir. Həvarilərin günlərində bə’zi məsh olunmuş məsihçilərlə də bu baş vermişdi (Filipililərə 3:17-19). Bizim günlərdə də bə’zilərinin aqibəti belə olmuşdur. Ola bilsin ki, sən təbliğ xidmətindən və yığıncaqdan tədricən uzaqlaşan məsihçiləri tanıyırsan. İndi onların Yehovaya xidmət etməyə meylləri belə yoxdur. Biz çox ümid edirik ki, belələri yenidən Allaha dönəcək. Lakin ölü işlər dalınca qaçmağın Yehovanın lütfünü və xeyir-duasını itirməklə nəticələndiyi fakt olaraq qalır. Gördüyünüz kimi, bunun sonu acınacaqlı olur: insan Allahın ruhunun yaratdığı sevinc və sülhü itirə bilər. Həmçinin səmimi məsihçi qardaşlığından məhrum olmağın nə qədər böyük itki olduğunu təsəvvürünə gətir! (Qalatiyalılara 1:6; 5:7, 13, 22-24).
15. Haqqay 2:14 ayəsi həqiqi ibadətin ciddi məsələ olduğunu necə göstərir?
15 Bu çox ciddi məsələdir. Haqqay 2:14 ayəsi öz evlərini bəzəmək xatirinə ibadət evinə e’tinasızlıq göstərən yəhudilərə Yehovanın bəslədiyi münasibəti təsvir edir: «Rəbb belə bəyan edir: “Bu xalq — bu millət Mənim gözümdə belədir. Onların hər əməli belədir. Mənə təqdim etdikləri hər şey murdardır”». Həqiqi ibadətə laqeyd yanaşdıqları üçün yəhudilərin Yerusəlimdəki müvəqqəti qurbangahda yarıkönül gətirdikləri qurbanlar Allaha məqbul deyildi (Ezra 3:3).
Və’d edilmiş müdafiə
16. Zəkəriyyənin aldığı görüntülərə əsasən yəhudilər nəyə əmin ola bilərdilər?
16 Allah mə’bədin tikintisində iştirak edən itaətkar yəhudiləri Özünün müdafiəsinə əmin etmək üçün Zəkəriyyəyə səkkiz görüntü verdi. Birinci görüntü mə’bədin tikintisinin tamamlanacağına və yəhudilərin, tapşırılan işi itaətkarlıqla yerinə yetirdikləri təqdirdə Yerusəlim və Yəhudanın əmin-amanlığına zəmanət verirdi (Zəkəriyyə 1:8-17). İkinci görüntü həqiqi ibadətə müqavimət göstərən dövlətlərin məhv ediləcəyini və’d edirdi (Zəkəriyyə 1:18-21). Digər görüntülər Allahın tikinti işini müdafiə edəcəyinə, Yehovanın tikilib başa çatmış mə’bədinə bütün millətlərdən olan insanların axışıb gəlməsinə, həqiqi sülh və təhlükəsizliyə, Allahın işinə əngəl törədən rəfedilməz görünən maneələrin aradan qaldırılmasına, pisliklərin yox edilməsinə və mələklərin nəzarət və müdafiəsinə zəmanət verirdi (Zəkəriyyə 2:5, 11; 3:10; 4:7; 5:6-11; 6:1-8). Yəqin sənə aydın olur ki, belə və’dlər alan itaətkar yəhudilər nə üçün öz həyat tərzlərini dəyişdirərək, diqqətlərini Allahın tapşırdığı işə cəmləmişdilər, çünki Yehova onları bunun üçün azad etmişdi.
17. Gələcəyə dair olan əminliyimizi nəzərə aldıqda özümüzə hansı sualları verməliyik?
17 Buna bənzər şəkildə həqiqi ibadətin mütləq qələbə qazanacağına olan əminlik bizi fəaliyyətə və Yehovanın ibadət evinə ciddi yanaşmağa təşviq etməlidir. Özünüzdən soruşun: qarşıma qoyduğum məqsədlər və həyat tərzim Padşahlıq haqqında xəbəri təbliğ etməyin və şagirdlər hazırlamağın əsl vaxtı olduğuna inandığımı göstərirmi? Allahın peyğəmbərlik Kəlamını öyrənməyə kifayət qədər vaxt ayırırammı? Onun haqqında həmimanlılarım, o cümlədən, qarşılaşdığım insanlarla söhbət edirəmmi?
18. «Zəkəriyyə» kitabının 14-cü fəslinə əsasən, gələcəkdə hansı hadisələr baş verəcək?
18 Zəkəriyyənin söylədiyi peyğəmbərliyin Har-Megidondan əvvəl Böyük Babilin məhv olunmasına da aidiyyatı vardır. Biz oxuyuruq: «Yalnız Rəbbin bildiyi xüsusi bir gün olacaq. Gecə də, gündüz də olmayacaq. Axşam vaxtı işıqlı olacaq». Bəli, Yehovanın günü Onun yer üzündəki düşmənləri üçün həqiqətən də qaranlıq, tutqun bir gün olacaqdır! Amma həmin gün Yehovanın sadiq xidmətçiləri üçün heç vaxt sönməyən işıq kimi parlayacaq, Allah onlara əbədiyyən lütf göstərəcək. Zəkəriyyə, həm də yeni dünyada hər şeyin Yehovanın müqəddəsliyini bəyan edəcəyini təsvir edir. Allahın böyük ruhani mə’bədindəki həqiqi ibadət yer üzündə mövcud olan yeganə ibadət olacaqdır (Zəkəriyyə 14:7, 16-19). Bu necə də möhtəşəm zəmanətdir! Biz qabaqcadan söylənilənlərin həyata necə keçməsinin və Yehovanın ali hakimiyyətinin bəraət qazanmasının şahidi olacağıq. Yehovaya məxsus olan o gün necə də qeyri-adi olacaqdır!
Əbədi xeyir-dualar
19, 20. Zəkəriyyə 14:8, 9 ayələri sizi nə üçün ruhlandırır?
19 Yehovanın ali hakimiyyətinə heyranedici şəkildə bəraət qazandırıldıqdan sonra, Şeytan və onun cinləri fəaliyyətsizlik dərinliyində dustaq ediləcəklər (Vəhy 20:1-3, 7). Sonra Məsihin Minillik Hökmranlığı dövründə sadiq bəşəriyyətin üzərinə ardı-arası kəsilməyən xeyir-dualar yağdırılacaq. Zəkəriyyə 14:8, 9 ayələrində deyilir: «O gün Yerusəlimdən həyat verən sular axacaq. Suların yarısı Şərq dənizinə, yarısı isə Qərb dənizinə axacaq. Yayda da, qışda da belə olacaq. Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq».
20 «Həyat verən sular» və ya ‘həyat suyu axan çay’, həyatı qorumaq üçün Yehovanın təqdim etdiyi tədbirlər, arasıkəsilmədən Xilaskar Padşahlığın taxtından ‘axacaqdır’ (Vəhy 22:1, 2). Yehovanın Har-Megidondan sağ çıxan xidmətçilərindən ibarət böyük izdiham Adəmə kəsilən ölüm hökmündən azad olaraq, bu tədbirlərdən fayda əldə edəcəkdir. Hətta ölülər belə dirildilərək bütün bunlardan faydalanacaqlar. Beləliklə, Yehovanın yer üzündə hökmranlığının yeni mərhələsi başlayacaqdır. Bəşəriyyət e’tiraf edəcək ki, ibadət edilməyə yalnız Yehova layiqdir və Kainatın Hökmdarı yalnız Odur.
21. Biz hansı qərara gəlməliyik?
21 Haqqay və Zəkəriyyənin söylədiyi peyğəmbərlikləri və onların yerinə yetməsini nəzərdən keçirdikdə görürük ki, ruhani mə’bədin yerüzü həyətində Allahın tapşırdığı işi davam etdirmək üçün tutarlı səbəblərimiz çoxdur. Həqiqi ibadət özünün mükəmməl vəziyyətinə çatanadək, gəlin Padşahlığın maraqlarını birinci yerə qoymaq üçün var gücümüzlə çalışaq. Zəkəriyyə 8:9 ayəsi bizi təşviq edir: «Peyğəmbərlərin dediyi bu sözləri... eşidənlər, qoy qolunuza güc gəlsin».
Xatırlayırsınızmı?
• «Haqqay» və «Zəkəriyyə» kitablarındakı peyğəmbərliklər bizim günlərimizdə necə yerinə yetir?
• «Haqqay» və «Zəkəriyyə» kitablarından həyatımızda vacib saydığımız işlərə dair hansı ibrət dərsini alırıq?
• Nə üçün Haqqay və Zəkəriyyənin kitablarındakı mə’lumat gələcəyə inamla baxmağa əsas verir?
[15-ci səhifədəki şəkillər]
Sən ‘öz evin üçün əlləşirsənmi’?