«Mən sizinləyəm»
«Rəbbin rəsulu. . . belə dedi: Rəbb deyir: “Mən sizinləyəm”» (HAQQAY 1:13).
1. İsa bizim günlərə bənzəyən hansı dövrə istinad etmişdi?
BİZ TARİXİN mühüm bir mərhələsində yaşayırıq. Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsi 1914-cü ildən ‘Rəbbin günündə’ yaşadığımızı sübut edir (Vəhy 1:10). Yəqin siz bu peyğəmbərliyi öyrənmisiniz və sizə mə’lumdur ki, İsa, Padşahlıq taxtında oturan ‘İnsan Oğlunun günlərini’ ‘Nuhun və Lutun günləri’ ilə müqayisə etmişdi (Luka 17:26, 28). Beləliklə, Müqəddəs Kitab o dövrün bizim günlərimizə bənzədiyini göstərir. Lakin diqqətəlayiq olan başqa bir uyğunluq da mövcuddur.
2. Yehova Haqqay və Zəkəriyyəni hansı iş üçün tə’yin etmişdi?
2 Gəlin daha əvvələ qayıdaraq, Yəhudi peyğəmbərləri Haqqay və Zəkəriyyənin dövründə mövcud olan vəziyyəti nəzərdən keçirək. Bu iki sadiq peyğəmbər Yehovanın müasir xidmətçiləri üçün əhəmiyyət kəsb edən hansı xəbəri e’lan edirdi? Haqqay və Zəkəriyyə Babil əsarətindən qayıtmış Yəhudi xalqı üçün ‘Rəbbin rəsulları’ tə’yin olunmuşdular. Onlar israilliləri əmin etməli idilər ki, mə’bədi tə’mir etmək işində Allah onlara arxa duracaq (Haqqay 1:13; Zəkəriyyə 4:8, 9). Haqqay və Zəkəriyyənin yazdığı kitablar balaca olsa da, ‘Allahdan ilham alan və tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalı olan’ Müqəddəs Yazıların bir hissəsidir (2 Timoteyə 3:16).
Bu peyğəmbərliklər bizə də aiddir
3, 4. Haqqay və Zəkəriyyənin kitabları bizi nə üçün maraqlandırmalıdır?
3 Haqqay və Zəkəriyyənin e’lan etdiyi xəbərlər, əlbəttə ki, yəhudilər üçün faydalı idi və onların söylədikləri peyğəmbərliklər o dövrdə də yerinə yetdi. Belə isə, biz nə üçün əmin ola bilərik ki, bu kitabların bizə də aidiyyatı vardır? Bu sualın cavabını İbranilərə 12:26-29 ayələrində tapırıq. Burada həvari Pavel, Allahın ‘göyləri, yeri lərzəyə gətirəcəyindən’ danışan Haqqay 2:6 ayəsindən sitat gətirir. Lərzə, nəticə e’tibarilə ‘padşahlıqların taxt-taclarını alt-üst, millətlərin səltənətlərinin gücünü darmadağın edəcək’ (Haqqay 2:22).
4 «Haqqay» kitabından sitat gətirdikdən sonra Pavel ‘millətlərin səltənətləri’ ilə nə baş verəcəyini söyləyir və məsh olunmuş məsihçilərin miras alacağı sarsılmaz Padşahlığın üstünlüyündən bəhs edir (İbranilərə 12:28). Bu sözlərdən görünür ki, bizim eranın birinci əsrində yazılan «İbranilərə məktub»da Haqqay və Zəkəriyyənin söylədiyi peyğəmbərliklərin gələcəkdə yerinə yetəcəyindən danışılır. İsa ilə birgə Xilaskar Padşahlığı miras alacaq məsh olunmuş məsihçilərin qalığı hələ də yer üzündə yaşayır. Beləliklə, «Haqqay» və «Zəkəriyyə» kitabları bizim üçün də əhəmiyyət kəsb edir.
5, 6. Haqqay və Zəkəriyyənin peyğəmbər tə’yin edilməsinə hansı hadisələr səbəb oldu?
5 «Ezra» kitabında Haqqay və Zəkəriyyənin xidmətlərinə başlamazdan əvvəl baş vermiş hadisələr nəql edilir. B. e. ə. 537-ci ildə yəhudilər Babil əsarətindən qayıtdılar. Vali Zerubbabil və baş kahin Yeşuanın nəzarəti altında b. e. ə. 536-cı ildə yeni mə’bədin təməli qoyuldu (Ezra 3:8-13; 5:1). Bu hadisə yəhudilərə əvvəlcə böyük sevinc gətirdi, lakin çox keçmədən qorxu onlara üstün gəldi. Ezra 4:4 ayəsində yazıldığı kimi, ‘bu ölkənin xalqı Yəhuda xalqının əllərini işdən soyutmaqla tikinti işində onlara əziyyət verirdi’. Bu düşmənlər, xüsusilə də samariyalılar, yəhudilərə qarşı yalan ittihamlar irəli sürdülər. Onlar Fars padşahını inandırdılar ki, mə’bədin tikintisini qadağan etmək lazımdır (Ezra 4:10-21).
6 Yəhudilərdə mə’bədin tikintisinə olan ilk həvəs tezliklə söndü. Onların başı şəxsi işlərinə qarışdı. Lakin mə’bədin təməlinin qoyulmasından 16 il sonra b. e. ə. 520-ci ildə, Yehova Haqqay və Zəkəriyyəni peyğəmbər tə’yin etdi. Onlar mə’bədin tikintisini davam etdirmək üçün xalqda həvəs oyatmalı idilər (Haqqay 1:1; Zəkəriyyə 1:1). Allahın rəsulları tərəfindən ruhlanan və Yehovanın onlara arxa duracağına əmin edilən yəhudilər yenidən mə’bədin tikintisinə başlayıb, b. e. ə. 515-ci ildə onu başa çatdırdılar (Ezra 6:14, 15).
7. Haqqay və Zəkəriyyənin günləri ilə bizim günlərimiz arasında hansı uyğunluq vardır?
7 Bütün bunların bizim üçün hansı əhəmiyyəti kəsb etdiyini bilirsinizmi? Bizə ‘Səmavi Səltənət [Padşahlıq] haqqında olan Müjdəni’ təbliğ etmək tapşırığı verilib (Matta 24:14). Bu iş Birinci Dünya müharibəsindən sonra geniş vüs’ət aldı. Qədim yəhudilərin Babil əsarətindən azad olunduqları kimi, Yehovanın müasir xidmətçiləri də yalan dinlərin dünya imperiyası olan Böyük Babilin əsarətindən azad olundular. Allahın məsh edilmiş xidmətçiləri çalışqanlıqla təbliğ, tə’lim və insanları həqiqi ibadətə yönəltmək işinə başladılar. Bu iş bu gün daha böyük miqyasda aparılır və ola bilsin, siz də bu işdə iştirak edirsiniz. Bu pis sistemin sonu yaxınlaşdığı üçün indi təbliğ işinin həyata keçirilməsinin əsl vaxtıdır. Allahın tapşırdığı bu iş, ‘böyük məşəqqətə’ — Yehovanın insanların işlərinə qarışacağı vaxta kimi davam etməlidir (Matta 24:21). O zaman pislik aradan qaldırılacaq və həqiqi ibadət bütün yer üzündə çiçəklənəcək.
8. Nə üçün gördüyümüz işdə Allahın bizə arxa duracağına əmin ola bilərik?
8 Haqqay və Zəkəriyyənin peyğəmbərliklərindən aydın olur ki, bizə tapşırılan işdə ürəkdən iştirak edəriksə, Yehovanın bizi müdafiə edəcəyinə və xeyir-dua verəcəyinə əmin ola bilərik. Allahın xidmətçilərini sıxışdırmaq və ya onların işini qadağan etmək üçün bə’zi dövlətlər cəhd göstərsələr də, onlardan heç biri təbliğ işinin inkişafını dayandıra bilməmişdir. Yehovanın Birinci Dünya müharibəsinin sonundan e’tibarən Padşahlıq işinə necə xeyir-dua verməsi haqqında bir düşün! Bununla belə, qarşıda hələ çox görüləcək işlər var.
9. Qədimdə yaranan hansı vəziyyətə diqqət yetirməliyik və nə üçün?
9 Allahın tapşırdığı təbliğ və tə’lim işində bundan sonra da iştirak etmək üçün Haqqay və Zəkəriyyənin kitablarından öyrəndiklərimiz bizi necə ruhlandıra bilər? Gəlin Allahdan ilham almış bu iki kitabdan aldığımız bə’zi ibrət dərslərini nəzərdən keçirək. Məsələn, geri dönən yəhudilərə tapşırılmış tikinti ilə bağlı bir neçə məqama da diqqət yetirək. Qeyd edildiyi kimi, Babildən Yerusəlimə qayıdan yəhudilər mə’bədin işində mətanətli olmadılar. Təməli qoyduqdan sonra onların əlləri işdən soyudu. Aralarında hansı səhv fikir yayılmağa başladı? Biz bundan nə öyrənə bilərik?
Düzgün nöqteyi-nəzərin vacibliyi
10. Yəhudilər arasında hansı səhv nöqteyi-nəzər yayılmağa başladı və bu nə ilə nəticələndi?
10 Yerusəlimə qayıdan yəhudilər deyirdilər: ‘Vaxt hələ çatmayıb’ (Haqqay 1:2). Onlar b. e. ə. 536-cı ildə mə’bədin təməlini qoyub tikintiyə başlayanda, ‘vaxt hələ çatmayıb’ demirdilər, lakin tezliklə yol verdilər ki, ətrafdakı xalqların müqaviməti və dövlətin müdaxiləsi onlara tə’sir göstərsin. Yəhudilər daha çox öz evlərinin və rahatlıqlarının qayğısına qalmağa başladılar. Yehova, yarımçıq qalmış mə’bədi onların yaraşıqlı evləri ilə müqayisə edərək, soruşur: «Bu mə’bəd xaraba qaldığı halda sizin üçün damı yaraşıqlı evlərinizdə oturmaq vaxtıdırmı?»
11. Yehova nə üçün Haqqayın dövründə yaşayan yəhudilərə öyüd-nəsihət verməli oldu?
11 Bəli, yəhudilər üstünlüyü artıq başqa şeylərə verməyə başladılar. Birinci yerə Yehovanın niyyətini, mə’bədin tikilməsini qoymaq əvəzinə, Allahın xalqı diqqəti özlərinə və evlərinə cəmləşdirdi. Allahın mə’bədinin tikintisi yaddan çıxdı. Yehovanın Haqqay 1:5 ayəsində yazılan sözləri yəhudiləri ‘həyat yolları haqqında yaxşı düşünməyə’ çağırırdı. Yehova onları ayaq saxlayıb, etdikləri üzərində düşünməyə səsləyir, mə’bədin tikintisini həyatlarında birinci yerə qoymamağın gətirdiyi nəticə barədə fikirləşməyə təşviq edirdi.
12, 13. Yəhudilərin vəziyyəti Haqqay 1:6 ayəsində necə təsvir olunur və bu ayə hansı mə’nanı daşıyır?
12 Aydın məsələdir ki, vacib olmayan şeylərə üstünlük verməklə yəhudilər özlərinə ziyan edirdilər. Allahın Haqqay 1:6 ayəsində yazılan sözlərinə diqqət yetirin: «Çox əkdiniz, amma az götürdünüz. Yeyirsiniz, amma doymursunuz. İçirsiniz, amma susuzluğunuz yatmır [«sərxoş olmursunuz», YD]. Geyinirsiniz, amma geyiminiz sizi isitmir. Məvacibiniz cırıq kisəyə qoyulur».
13 Yəhudilər Allahın verdiyi torpaqda yaşasalar da, torpaq onların istədiyi qədər məhsul vermirdi. Qabaqcadan xəbərdarlıq etdiyi kimi, Yehova onları xeyir-dualarından məhrum etdi (Qanunun təkrarı 28:38-48). Allahın xeyir-duası olmadığı üçün, yəhudilər toxum səpsələr də, kifayət qədər məhsul yığmırdılar, əyinlərinə isti paltar tapa bilmirdilər. Hətta elə təəssürat yaranırdı ki, qazandıqları pul onlara heç bir fayda gətirmədən cırıq kisəyə qoyulur. Bəs «içirsiniz, amma [«sərxoş olmursunuz», YD]» sözləri hansı mə’nanı daşıyır? Bu o demək deyildir ki, sərxoş olmaq Allahın xeyir-duasını göstərir, Yehova sərxoşluğa pis baxır (1 Şamuel 25:36; Süleymanın məsəlləri 23:29-35). Əksinə, bu sözlər Yehovanın yəhudilərə xeyir-dua verməməsinə işarədir. Onların düzəltdikləri şərab o qədər az idi ki, hətta sərxoş olmaq üçün kifayət etmirdi.
14, 15. Haqqay 1:6 ayəsindən özümüzə hansı ibrət dərsini alırıq?
14 Bütün bunlar bizə evin bər-bəzəyi barədə dərs vermək üçün yazılmayıb. Sürgündən çox-çox əvvəl peyğəmbər Amos varlı israilliləri ‘fil sümüyü ilə bəzənmiş evlərinə’ və ‘fil dişi ilə bəzənmiş divanlarına’ görə məzəmmət etmişdi (Amos 3:15; 6:4). Lakin çox çəkmədi ki, bəzəkli evlər və mebel işğalçılar tərəfindən qarət edildi. Lakin 70 illik sürgündən sonra da Allahın xalqından bir çoxları bu hadisədən özləri üçün heç bir nəticə çıxarmadı. Bəs biz necə? Yaxşı olardı ki, hər birimiz özümüzə belə suallar verək: vicdanla desəm, evim və onun yaraşığı mənim üçün nə dərəcədə vacibdir? Bir neçə il ərzində ruhani məqsədlərimi arxa plana keçirəcəyinə və vaxtımın çox hissəsini alacağına baxmayaraq, yüksək vəzifə tutmaq məqsədilə təhsilimi artırmağı planlaşdırırammı? (Luka 12:20, 21; 1 Timoteyə 6:17-19).
15 Haqqay 1:6 ayəsi bizi Allahın xeyir-duasına ehtiyacımız olduğu haqda düşündürməlidir. Allahın xeyir-duasını itirmək qədim yəhudilərə zərərdən başqa heç bir şey gətirmədi. Maddi vəziyyətimizdən asılı olmayaraq, Yehovadan xeyir-dua almasaq, bu, birmə’nalı olaraq, ruhaniliyimizə pis tə’sir göstərəcək (Matta 25:34-40; 2 Korinflilərə 9:8-12). Bəs Yehovadan necə xeyir-dua ala bilərik?
Yehova Öz ruhu vasitəsilə yardım edir
16-18. Zəkəriyyə 4:6 ayəsindəki mə’lumat o dövrdə hansı mə’nanı daşıyırdı?
16 Haqqayın müasiri olan Zəkəriyyə peyğəmbərin xidmətinə, Allahın sadiq yəhudiləri hansı yolla ruhlandırdığını və xeyir-dua verdiyini göstərmək daxil idi. Biz oxuyuruq: «“Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” deyir Ordular Rəbbi» (Zəkəriyyə 4:6). Buradan Yehovanın sizə də necə xeyir-dua verəcəyi aydın olur. Ola bilsin ki, siz bu ayəni çox eşitmisiniz. Bəs Haqqay və Zəkəriyyənin dövründəki yəhudilər, o cümlədən, sizlər üçün onun hansı əhəmiyyəti vardır?
17 Əgər xatırlasaq, Haqqay və Zəkəriyyənin Allahdan ilham almış sözləri yəhudilərə çox güclü tə’sir bağışlamışdı. Bu iki peyğəmbərin sözləri sadiq yəhudiləri ruhlandırmışdı. Haqqay b. e. ə. 520-ci ilin altıncı ayında, Zəkəriyyə isə həmin ilin səkkizinci ayında peyğəmbərlik etməyə başlamışdı (Zəkəriyyə 1:1). Haqqay 2:18 ayəsindən göründüyü kimi, doqquzuncu ayda yəhudilər yenidən həvəslə mə’bədin bərpasına başladılar. Beləliklə, yəhudilər hərəkətə təşviq olundular və Yehovanın köməyinə arxalanaraq Ona tabe oldular. Zəkəriyyə 4:6 ayəsində yazılmış sözlər Allahın Öz xalqına arxa duracağını göstərir.
18 Yəhudilər b. e. ə. 537-ci ildə vətənə dönəndə onların silahlı qüvvələri yox idi. Buna baxmayaraq, Babildən qayıdarkən, Yehova onları müdafiə edərək rəhbərliyini əsirgəməmişdi. Yəhudilər tezliklə mə’bədin tikintisinə başlayanda da, Yehovanın ruhu işləri idarə edirdi. Onlar yenidən ürəklə işə başlayan kimi, Yehova onlara Öz müqəddəs ruhu ilə kömək etdi.
19. Allahın ruhu hansı güclü maneəyə üstün gəldi?
19 Səkkiz görüntü vasitəsilə Allah Zəkəriyyəni əmin etdi ki, O, mə’bədin tikintisini sədaqətlə başa çatdıran xalqını tərk etməyəcək. 3-cü fəsildə təsvir edilmiş dördüncü görüntüdən aydın olur ki, Şeytan mə’bədin tikintisinə fəal müqavimət göstərirdi (Zəkəriyyə 3:1). Baş kahin Yeşuanın xalqı təmsil edərək yeni mə’bəddə icra etdiyi xidmət Şeytanı, əlbəttə ki, sevindirmirdi. Baxmayaraq ki, İblis yəhudilərə mə’bədin tikilməsində fəal surətdə maneçilik törədirdi, Yehovanın ruhu maneələri aradan qaldıracaq və mə’bədi tikib qurtarmaq üçün yəhudilərə güc verəcəkdi.
20. Müqəddəs ruh Allahın iradəsini yerinə yetirməkdə yəhudilərə necə kömək etdi?
20 Dövlət mə’murları işə qadağa qoya bildikləri üçün, onların göstərdikləri müqavimətlər ilk baxışdan rəfedilməz görünə bilərdi. Lakin Yehova və’d etdi ki, «dağ» kimi görünən maneə rəf ediləcək və ‘düzənliyə çevriləcək’ (Zəkəriyyə 4:7). Bu həqiqətən də belə oldu! Padşah I Dara araşdırma apararaq, yəhudilərə mə’bədi bərpa etmək səlahiyyəti verən sərəncamı tapdı. I Dara qadağanı ləğv etdi və tikintinin xərclərini ödəmək üçün sarayın xəzinəsindən yəhudilərə pul ayrılmasını əmr etdi. Vəziyyət necə də gözlənilməyən istiqamətdə dəyişildi! Bu işdə Allahın ruhunun rolu var idimi? Biz buna əmin ola bilərik. Mə’bədin tikintisi b. e. ə. 515-ci ildə I Daranın hakimiyyətinin altıncı ilində başa çatdı (Ezra 6:1, 15).
21. a) Qədim dövrdə Allah ‘millətləri’ necə ‘lərzəyə saldı’ və ‘millətlərin cah-cəlalını’ hansı mə’nada gətirdi? b) Bu peyğəmbərlik müasir dövrdə necə yerinə yetir?
21 Haqqay 2:5 ayəsində peyğəmbər yəhudilərə Allahın Sina dağında onlarla bağladığı əhdi xatırladır. O zaman «bütün dağ... bərk titrəyirdi» (Çıxış 19:18). 6 və 7-ci ayələrdə bədii tərzdə təsvir edildiyi kimi, Yehova Haqqay və Zəkəriyyənin günlərində başqa bir titrəyiş edəcəkdi. Fars imperiyasında vəziyyət qeyri-sabit olacaqdı, lakin mə’bədin tikintisi başa çatacaqdı. Yəhudilərlə birlikdə ‘bütün millətlərin cah-cəlalı’ olan qeyri-yəhudilər də bu ibadət yerində Allahı izzətləndirəcəkdilər. Bizim günlərimizdə isə Allah təbliğimiz vasitəsilə «millətləri lərzəyə salmış» və ‘bütün millətlərin cah-cəlalı’ məsh edilmiş məsihçilərlə birlikdə həqiqi ibadətə gəlmişlər. Həqiqətən də, məsh edilmişlərlə digər qoyunlar Allahın evini əzəmətlə doldururlar. Allahın həqiqi xidmətçiləri Yehovanın ‘göyləri və yeri’ başqa mə’nada ‘lərzəyə gətirəcəyi’ vaxtı imanla gözləyirlər. Bu, millətlərin səltənətlərini devirmək və məhv etmək üçün baş verəcək (Haqqay 2:22).
22. Bütün millətlər necə ‘lərzəyə salınır’, bu hansı nəticəni gətirir və hələ hansı hadisə baş verməlidir?
22 Bu peyğəmbərlik bizə ‘göylər, yer, dəniz, torpaq’ kimi təsvir edilən müxtəlif ünsürlərdə baş vermiş titrəyişi xatırladır. Bunlardan biri, Şeytan İblisin və onun cinlərinin yerin hüdudlarına qovulmasıdır (Vəhy 12:7-12). Bundan başqa, məsh edilmişlərin rəhbərliyi ilə həyata keçirilən təbliğ, bəşəriyyəti silkələmişdir (Vəhy 11:18). Buna baxmayaraq, bütün millətlərin cah-cəlalı olan ‘böyük izdiham’ Yehovaya ibadət etmək üçün ruhani İsrailə qoşulmuşdur (Vəhy 7:9, 10). Böyük izdiham Allahın Har-Megidonda millətləri lərzəyə gətirəcəyini e’lan edən müjdəni məsh olunmuşlarla birgə təbliğ edir. Bu hadisə həqiqi ibadətin bütün yer üzündə mükəmməl vəziyyətə çatmasına yol açacaqdır.
Xatırlayırsınızmı?
• Haqqay və Zəkəriyyə nə zaman və hansı şəraitdə xidmət edirdilər?
• Haqqay və Zəkəriyyənin xəbəri bizə necə aiddir?
• Zəkəriyyə 4:6 ayəsi sizi nə üçün ruhlandırır?
[8-ci səhifədəki şəkillər]
Haqqay və Zəkəriyyənin kitabları bizi Allahın müdafiəsinə əmin edir.