Nikah quruluşunun məqsədi
«Yehova Allah dedi: “İnsanın tək olması yaxşı deyil. Onun üçün onu tamamlayan bir köməkçi yaradacağam”» (YAR. 2:18).
1, 2. a) Ailənin təməli necə qoyulub? b) Allah ilk cütlüyə nikahla bağlı nəyi başa salmaq istəyirdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)
NİKAH insan həyatında mühüm yer tutur. Nikahın əsasının necə və hansı məqsədlə qoyulduğunu nəzərdən keçirmək bu quruluşa düzgün yanaşmağa və ailəni daha xoşbəxt etməyə kömək edə bilər. Allah ilk insan olan Adəmi yaratdıqdan sonra heyvanları onun yanına gətirirdi ki, onlara ad qoysun. Amma «insan üçün münasib bir köməkçi tapılmadı». Buna görə də Allah Adəmi dərin yuxuya verib onun qabırğasının birini çıxardı, ondan qadın yaratdı və qadını Adəmin yanına gətirdi. (Yaradılış 2:20—24 ayələrini oxuyun.) Beləliklə, Allah nikahın təməlini qoydu.
2 «İnsan öz ata-anasını tərk edib arvadına bağlanacaq və ikisi bir bədən olacaq» (Mət. 19:4, 5). İsa təsdiq etmişdi ki, bu sözləri deyən Yehova Allah idi. Allah ilk qadını Adəmin qabırğasından yaratmaqla, ola bilsin, bu cütlüyə onların möhkəm tellərlə bir-birinə bağlı olduğunu göstərmək istəyirdi. Allah ailəni yaradanda ərlə-arvadın boşanmağını, yaxud insanın həyat yoldaşı ola-ola bir neçə nəfərlə ailə qurmasını niyyət etməmişdi.
NİKAHIN YEHOVANIN NİYYƏTİNDƏKİ ROLU
3. Allah nikah quruluşunu hansı məqsədlə yaratmışdı?
3 Adəm arvadını çox sevirdi. O, sonralar onun adını Həvva qoydu. Həvva Adəmə münasib həyat yoldaşı və köməkçi idi. Ər-arvad kimi qoşa ömür sürmək onlara xoşbəxtlik gətirirdi (Yar. 2:18). Nikah quruluşunu yaratmaqda Allahın məqsədi o idi ki, bütün yer üzü insanlarla dolsun (Yar. 1:28). Buna görə də, övladlar valideynlərini çox sevsələr də, bir gün ailə qurub onlardan ayrılmalı idilər. İnsanlar dünyaya yayılmalı və bütün Yer kürəsini cənnətə çevirməli idilər.
4. İlk nikahla nə baş verdi?
4 Təəssüflər olsun ki, Adəmlə Həvvanın nikahı məğlubiyyətə uğradı. Onlar iradə azadlığından sui-istifadə edərək Yehovanın sözündən çıxdılar. «Qədim ilan», yəni Şeytan Həvvanı inandırdı ki, «xeyirlə şəri bilmə ağacının» meyvəsindən yesə, qeyri-adi hikmətə sahib olacaq, yaxşı ilə pisi ayırd etməyi bacaracaq. Həvva ərinin başçılığına hörmətsizlik etdi, bu məsələ ilə bağlı onunla məsləhətləşmədi. Adəm də Allaha itaət etmək əvəzinə, arvadının təklif etdiyi meyvəni yedi (Vəhy 12:9; Yar. 2:9, 16, 17; 3:1—6).
5. Adəmlə Həvvanın Yehovaya verdiyi cavabdan hansı ibrət dərsini alırıq?
5 Allah Adəmlə Həvvanı sorğu-sual edəndə Adəm günahı arvadının boynuna atdı: «Sənin mənə verdiyin qadın — o, mənə ağacın meyvəsindən verdi, mən də yedim». Həvva isə ilanın onu aldatdığını dedi (Yar. 3:12, 13). Bu boş bəhanələr onlara bəraət qazandırmadı. İtaətsizlik göstərdikləri üçün Yehova bu üsyankarlara hökm kəsdi. Bu, bizim üçün bir xəbərdarlıqdır: ailənin xoşbəxt olması üçün ər də, arvad da öz öhdəsinə düşən vəzifəni yerinə yetirməlidir və Yehovaya tabe olmalıdır.
6. Yaradılış 3:15 ayəsini necə izah edərdiniz?
6 İblis Ədən bağında Yehovanın niyyətini pozmağa çalışsa da, Yehova Müqəddəs Kitabdakı ilk peyğəmbərlik vasitəsilə bəşəriyyətə ümid verdi. (Yaradılış 3:15 ayəsini oxuyun.) Həmin ayədə deyilir ki, «qadın»ın «övlad»ı Şeytanı, üsyankar mələyi məhv edəcək. Bu peyğəmbərlikdə Yehova Allah göydəki sadiq mələklərlə arasındakı yaxın münasibəti müəyyən mənada təsvir etmişdi. Müqəddəs Kitabda Allahın sadiq mələklərdən ibarət təşkilatı qadına bənzədilir. Allah bu ruhani varlıqlardan birini göndərəcəkdi ki, İblisi məhv etsin və itaətkar insanlara Adəmlə Həvvanın itirdiyi gözəl gələcəyi, yəni əbədi həyatı bəxş etsin (Yəh. 3:16).
7. a) Adəmlə Həvvanın üsyanı nikah quruluşuna necə təsir etdi? b) Müqəddəs Kitabda ərlərə və arvadlara nə buyrulur?
7 Adəmlə Həvvanın üsyanı həm onların ailəsinə, həm də onlardan sonra qurulan bütün ailələrə zərbə vurdu. Məsələn, Həvva və ondan sonra dünyaya gələn bütün qadınlar hamiləlik vaxtı və doğuş zamanı güclü ağrılar keçirəcəkdi. Qadınlar ərlərinə böyük ehtiyac duyacaq, ərləri isə onların üzərində ağalıq edəcəkdi, hətta onlarla qəddarcasına davranacaqdı və bu hal dövrümüzdə bir çox ailələrdə müşahidə olunur (Yar. 3:16). Müqəddəs Kitabda ərlərə məhəbbətlə başçılıq etmək, qadınlara isə ərlərinə tabe olmaq buyrulur (Efes. 5:33). Ürəyində Allaha məhəbbət olan ər və arvad əl-ələ verib birgə çalışarsa, çox söz-söhbətin qarşısını ala bilər, hətta bu kimi halları tamamilə aradan qaldırmaq olar.
ADƏMİN DÖVRÜNDƏN DAŞQINA QƏDƏRKİ NİKAH QURULUŞU
8. Adəmdən Nuha qədərki dövrdə qurulan nikahlar barədə danışın.
8 Adəm və Həvvanın oğul-qızları dünyaya gəldi (Yar. 5:4). Onların ilk oğlu Qabil doğmalarından biri ilə evləndi. Qabilin nəslindən olan Ləmek Müqəddəs Kitabda adı çəkilən ilk ikiarvadlı kişi olub (Yar. 4:17, 19). Adəmdən Daşqına qədər yaşayan nəslin içində Yehovaya ibadət edən cəmi bir neçə nəfərin, məsələn, Habil, Hənuq, Nuh və onun ailəsinin adı çəkilir. Müqəddəs Kitabda deyilir ki, Nuh peyğəmbərin dövründə «Allah oğulları insan qızlarına fikir verməyə başladılar və gördülər ki, çox gözəldirlər. Onlar bəyəndikləri qızları özlərinə arvad etməyə başladılar». İnsan cildinə girmiş mələklər və qadınlar arasındakı anormal yaxınlıq nəticəsində zorakılıq törədən nəhəng adamlar dünyaya gəldi. Bu azmış kimi, o dövrdə insanlar tamam pozulmuşdu, «ürəklərindəki fikirlər və niyyətlər ancaq pisliyə meyilli» idi (Yar. 6:1—5).
9. Yehova Allah Nuhun dövründəki şər insanlara nə etdi və o dövrdə baş verənlərdən özümüzə hansı dərsi götürməliyik?
9 Yehova Allah Daşqın göndərib Nuhun dövründəki şər insanları məhv etdi. O vaxt insanların başı öz işlərinə o qədər qarışmışdı ki, məhvin yaxınlaşdığını xəbər verən «salehlik carçısı... Nuhu» veclərinə almırdılar (2 But. 2:5). İsa bizim dövrü o dövrə bənzətmişdi. (Mətta 24:37—39 ayələrini oxuyun.) Bu gün də son gəlməzdən əvvəl Allahın Padşahlığı haqqındakı müjdə xalqlara şəhadət olsun deyə dünyanın hər yerində təbliğ olunur və əksər insanlar bu xəbərə qulaq asmır. Gəlin yol verməyək ki, nikah və uşaqları böyütmək kimi qayğılar Yehovanın gününün yaxın olduğu bu dövrdə bizi ruhani cəhətdən yuxuya versin.
DAŞQINDAN İSANIN DÖVRÜNƏ QƏDƏRKİ NİKAH QURULUŞU
10. a) Bir çox xalqlarda əxlaqsızlıq nə dərəcədə geniş yayılmışdı? b) İbrahim və Sara ailəli insanlar üçün hansı nümunəni qoyublar?
10 Nuh da, onun üç oğlu da bir arvad almışdı, buna baxmayaraq, peyğəmbərlərin dövründə çoxarvadlılıq geniş yayılmışdı. Bir çox xalqlarda əxlaqsızlıq normal sayılırdı, hətta dini ayinlərə daxil idi. Məsələn, İbram (İbrahim) və həyat yoldaşı Sarayın (Sara) Allaha itaət edərək köçdüyü Kənan diyarının sakinləri əxlaqsız həyat tərzi sürür və nikaha hörmət etmirdilər. Sədum və Əmurənin əhalisi o dərəcədə əxlaqsız idi ki, Yehova Allah oranı məhv etmək qərarına gəldi. Amma İbrahim peyğəmbər nümunəvi ailə başçısı idi. Arvadı Sara da ərinin başçılığına hörmət etməklə qadınlara gözəl nümunə qoyub. (1 Butrus 3:3—6 ayələrini oxuyun.) İbrahim peyğəmbər tədbir görmüşdü ki, oğlu İshaq Yehovaya ibadət edən qızla ailə qursun. İshaq da oğlu Yaqubla bağlı eyni tədbiri görmüşdü. İshaqın bu oğlundan İsrailin on iki qəbiləsi törəmişdi.
11. Musanın qanunu israilliləri nədən müdafiə edirdi?
11 Sonralar Yehova Allah Yaqubun (İsrailin) övladları ilə əhd bağladı. Musa peyğəmbərə verilən qanun o dövrdə, çoxarvadlılıq da daxil olmaqla, nikahla bağlı mövcud olan qayda-qanunları tənzimləmişdi. Qanun həmçinin israillilərə bütpərəstlərlə ailə qurmağı qadağan edirdi, bununla da onları ruhani cəhətdən müdafiə etmiş olurdu. (Qanunun təkrarı 7:3, 4 ayələrini oxuyun.) Adətən, ailədə problemlər yarananda israillilər ağsaqqallara müraciət edirdilər. Yehova onlara xəyanət və qısqanclıq məsələsi ilə, həmçinin həyat yoldaşının sədaqətinə şübhə yaranan hallarla bağlı qaydalar vermişdi. Boşanmağa icazə verilirdi, amma müəyyən şərtlər altında. Məsələn, kişi arvadında ləyaqətsizlik görərdisə, onu boşaya bilərdi (Qan. 24:1). Qanunda yazılmamışdı, «ləyaqətsizlik» deyiləndə konkret nə nəzərdə tutulur. Ancaq əminliklə demək olar ki, söhbət xırda məsələlərdən getmirdi (Lav. 19:18).
HƏYAT YOLDAŞINIZA XƏYANƏT ETMƏYİN
12, 13. a) Məlaki peyğəmbərin dövründə əksər kişilər arvadlarına necə xəyanət edirdilər? b) Məsihi başqasının həyat yoldaşı ilə əxlaqsızlıq edərsə, onu hansı aqibət gözləyir?
12 Məlaki peyğəmbərin dövründə əksər yəhudilər arvadlarına xəyanət edirdi, min bir bəhanə gətirərək onları boşayırdılar. Ola bilsin, bu kişilər cavanlıqda evləndikləri qadınları boşayırdılar ki, daha cavanı ilə və hətta bütpərəst qadınla evlənsinlər. İsa Məsih yer üzündə yaşadığı dövrdə yəhudi kişilər arvadları ilə xaincəsinə davranıb onları «hər səbəbə görə» boşayırdılar (Mət. 19:3). Yehova Allah bu cür boşanma hallarına nifrət edirdi. (Məlaki 2:13—16 ayələrini oxuyun.)
13 Bu gün məsihi ailələrdə xəyanətə yer yoxdur. Misal üçün, təsəvvür edin, bir məsihi başqasının həyat yoldaşı ilə əxlaqsızlıq edir və öz həyat yoldaşı ilə boşanıb onunla ailə qurur. Əgər o tövbə etmirsə, yığıncağın ruhani cəhətdən təmiz qalması üçün yığıncaqdan kənar edilir (1 Kor. 5:11—13). Bərpa olunmazdan əvvəl bu insan «tövbəyə yaraşan bəhrələr» gətirməlidir (Luka 3:8; 2 Kor. 2:5—10). Düzdür, günahkarın bərpa olunması üçün konkret müddət qoyulmur. Amma hərdən insanın ürəkdən tövbə etməsi və yığıncaqda bərpa olunması bir və ya bir neçə il çəkə bilər. O bərpa olunsa da, hələ də «Allahın hökm kürsüsü qarşısında» durur, yəni, doğrudan da, peşman olduğunu sübut etməlidir. (Rom. 14:10—12; «Gözətçi qülləsi» jurnalının 2006-cı il 15 sentyabr sayının 29 və 30-cu səhifələrinə (rus.) baxın.)
MƏSİHİLİK VƏ NİKAH
14. Musanın qanunu hansı məqsədə xidmət edirdi?
14 İsraillilər 1500 ildən çox Musanın qanunu altında yaşayıblar. Bu qanun Allahın xalqına nikahla, həmçinin digər şeylərlə bağlı məsələləri həll etməyə kömək edirdi və onları Məsihin gəlişinə hazırlayırdı (Qal. 3:23, 24). İsa Məsihin ölümü ilə bu qanun ləğv olundu və Yehova Allah yeni bir quruluş təsis etdi (İbr. 8:6). Musanın qanununda olan bəzi şeylərə artıq yol verilmirdi.
15. a) Məsihilər nikahla bağlı hansı qanuna əməl etməlidirlər? b) Məsihi yalnız hansı halda boşana bilər?
15 Bir dəfə fərisilər İsaya boşanma ilə bağlı sual verəndə o, cavabında demişdi ki, Musa peyğəmbər arvadı boşamağa icazə versə də, «başlanğıcdan belə olmayıb» (Mət. 19:6—8). Bununla İsa göstərmişdi ki, Ədən bağında nikahla bağlı qoyulan qanun məsihi yığıncağında da qanun olacaq (1 Tim. 3:2, 12). Ərlə-arvad «bir bədən» olmalı, yəni bir-birinə bağlı olmalıdır. Allaha və bir-birinə bəslədikləri məhəbbət onlar arasındakı bağları möhkəm, sarsılmaz etməlidir. Məsihi zinadan başqa heç bir səbəbə görə boşanıb başqası ilə evlənə bilməz (Mət. 19:9). Amma o, istəsə, zina etdiyinə görə peşman olan həyat yoldaşını bağışlaya bilər, necə ki, Huşə peyğəmbər əxlaqsız arvadı Güməri bağışlamışdı. Yehova Allah da ruhani cəhətdən yolunu azmış İsrail xalqına onlar tövbə edəndən sonra mərhəmət göstərmişdi (Huşə 3:1—5). Ancaq əgər məsihi xəyanət etmiş həyat yoldaşı ilə yaxınlıq edərsə, bu, onu bağışladığını göstərir və Müqəddəs Kitaba əsasən, artıq onunla boşana bilməz.
16. İsa subaylıqla bağlı nə demişdi?
16 İsa Məsih qeyd etmişdi ki, məsihi yalnız zinaya görə boşana bilər. Sonra o, «ilahi ənam» olan subaylıq barədə söz açmış və demişdi: «Bu cür yaşamağı bacaran qoy bu cür yaşasın» (Mət. 19:10—12). Bütün diqqətlərini Yehovaya xidmətə cəmləmək üçün bir çoxları subay qalmaq qərarına gəlirlər. Buna görə onlar tərifəlayiqdirlər.
17. Məsihiyə evlənib-evlənməməklə bağlı qərar verməyə nə kömək edə bilər?
17 İnsana evlənib-evlənməməklə bağlı qərar verməyə nə kömək edə bilər? O götür-qoy etməlidir, subay qalmağı bacaracaq ya yox. Həvari Bulus subay qalmağı məsləhət görsə də, demişdi: «Əxlaqsızlıq baş alıb getdiyi üçün qoy hər kişinin öz arvadı, hər qadının da öz əri olsun». O həmçinin qeyd etmişdi: «Özlərini saxlaya bilmirlərsə, qoy evlənsinlər, çünki ehtiras içində qovrulmaqdansa, evlənmək yaxşıdır». Ailə qurmaq insanı masturbasiyadan və əxlaqsızlıqdan qoruya bilər. Həvarinin növbəti sözlərinə əsasən, subaylar yaşı da nəzərə almalıdırlar: «Kimsə ehtirasını cilovlaya bilmirsə və artıq gəncliyinin qaynar çağı ötübsə, qoy belə etsin: evlənmək istəyirsə, qoy evlənsin. O, günah etmir» (1 Kor. 7:2, 9, 36; 1 Tim. 4:1—3). Amma məsihi yalnızca gəncliyə xas istəyini, ehtirasını saxlaya bilmədiyi üçün ailə qurmamalıdır. O, ailə məsuliyyəti daşımaq üçün hazır olmalıdır.
18, 19. a) Məsihi ailəsinin təməli necə qoyulmalıdır? b) Növbəti məqalədə nəyi araşdıracağıq?
18 Məsihi ailəsinin təməli özünü Yehovaya həsr etmiş və Onu ürəkdən sevən iki şəxs tərəfindən qoyulmalıdır. Onlar bir-birilərini o dərəcədə möhkəm sevməlidirlər ki, ömür boyu bir yerdə yaşamağa hazır olsunlar. Təbii ki, məsihi ailə quranda Allahın xeyir-duasını almaq istəyirsə, ailə qurduğu adam «Ağanın yolunda olmalıdır» (1 Kor. 7:39). Ailəsinin xoşbəxt olması üçün məsihi Müqəddəs Kitabda nikahla bağlı verilən məsləhətlərə əməl etməlidir.
19 Axırzamanda yaşadığımız üçün insanların çoxunda nikahı xoşbəxt edən keyfiyyətlər yoxdur (2 Tim. 3:1—5). Növbəti məqalədə məsihilərə həyatdakı çətinliklərə baxmayaraq, nikahda xoşbəxt olmağa kömək edən prinsipləri nəzərdən keçirəcəyik. Bu, onlara Allahın xalqı ilə birlikdə həyata aparan yolda yeriməyə kömək edəcək (Mət. 7:13, 14).