Yehovanın günündə kimlər sağ qalacaq?
“O gün gəlir, təndir kimi yanır” (MALAKİ 4:1).
1. Malaki indiki natəmiz dünyanın məhvini necə təsvir edir?
MALAKİ peyğəmbər Yehovadan ilham alaraq yaxın gələcəkdə baş verəcək fövqəladə hadisələri təsvir etdi. Bu hadisələr yer üzündə yaşayan hər bir kəsə toxunacaq. Malaki 4:1 ayəsində deyilir: “Budur o gün gəlir, təndir kimi yanır; və bütün təkəbbürlülər və pislik işləyənlərin hamısı, saman olacaqlar; və gəlməkdə olan gün onları yandıracaq, orduların Rəbbi deyir, elə ki, onlarda kök və budaq buraxmayacaq”. İndiki natəmiz dünya necə məhv olacaq? O, ağacın kökündən məhv olması ilə müqayisə edilir. Bu cür ağac bir daha böyüməyəcək.
2. Müqəddəs Kitabın bə’zi ayələrində Yehovanın günü necə təsvir olunur?
2 Sən soruşa bilərsən: “Malaki peyğəmbər hansı “gün” haqqında qabaqcadan xəbər verir?” Bu, İşaya 13:9 ayəsində bəhs olunan həmin gündür: “Məmləkəti çöl etmək üçün və onun içindən suçlu olanlarını həlak etmək üçün, budur, Rəbbin [“Yehovanın”, YD] günü, acımayan gün, qəzəblə və qızğın hiddətlə gəlir”. Tsefanya 1:15 ayəsində belə bir təsvir verilir: “O gün qəzəb günüdür, sıxıntı və məşəqqət günü, xarabalıq və viranəlik günü, qaranlıq və qaraltı günü, buludlar və qatı qaranlıq günü”.
“Böyük fəlakət”
3. “Yehovanın günü” nədir?
3 Malakinin peyğəmbərliyinin böyük miqyasda yerinə yetməsində “Yehovanın günü”, “böyük fəlakət” dövrüdür. İsa demişdir: “O zaman elə böyük məşəqqət [“fəlakət”, YD] olacaqdır ki, beləsi dünyanın başlanğıcından indiyədək olmamışdır və heç olmayacaqdır” (Matta 24:21). Dünyanın, xüsusilə də 1914-cü ildən e’tibarən nə qədər fəlakətlər gördüyünü xatırlayın (Matta 24:7-12). Təkcə İkinci Dünya müharibəsində 50 milyondan artıq insan məhv olmuşdur! Lakin bu cür fəlakətlər, yaxınlaşmaqda olan “böyük fəlakətlə” müqayisədə heçdir. Bu hadisə, yə’ni “Yehovanın günü” indiki natəmiz sistemin axır günlərinin sonunda, Har-Megidonda başa çatacaq (2 Timoteyə 3:1-5, 13; Vəhy 7:14; 16:14, 16).
4. Yehovanın günü necə sona yetəcək?
4 Yehovanın gününün sonunda Şeytan dünyası və onun tərəfdarları məhv ediləcəklər. Əvvəlcə bütün yalan dinlərin mövcudluğuna son qoyulacaq. Sonra Şeytanın siyasi və iqtisadi sistemi Yehovanın hökmünə uğrayacaq (Vəhy 17:12-14; 19:17, 18). Hezekiel əvvəlcədən demişdir: “Gümüşlərini küçələrə atacaqlar və qızılları murdar şey sayılacaq, Rəbbin [“Yehovanın”, YD] qəzəb günündə gümüşləri və qızılları onları qurtarmayacaq” (Hezekiel 7:19). Həmin gün haqqında Tsefanya 1:14 ayəsində deyilir: “Rəbbin [“Yehovanın”, YD] böyük günü yaxındır, yaxındır və çox tələsir”. Yehovanın günü haqqında Müqəddəs Kitabda deyilənləri nəzərə alaraq, biz Allahın ədalətli tələbləri əsasında yaşamağa qəti qərarlı olmalıyıq.
5. Yehovanın ismindən qorxanlar hansı hissləri keçirirlər?
5 Yehovanın günündə Şeytan dünyası ilə baş verəcək hadisələr qabaqcadan xəbər verildikdən sonra, Malaki 4:2 ayəsində Yehovanın sözlərini oxuyuruq: “Sizə, ismimdən qorxanlara, salehlik günəşi qanadlarında şəfa olaraq doğacaq: və çıxacaqsınız və tövlənin buzovları kimi sıçraşacaqsınız”. “Salehlik günəşi” — İsa Məsihdir. O, ruhani mə’nada dünyanın nurudur (Yəhya 8:12). İsa öz “qanadlarında şəfa” ilə — əvvəlcə bizim bu gün aldığımız ruhani, sonra isə yeni dünyada alacağımız fiziki şəfa ilə “doğacaq”. Yehovanın dediyi kimi, şəfa alanlar — tövlədən buraxıldıqları üçün sevinən və şadlanan “buzovlar” kimi “sıçraşacaq”lar.
6. Yehovanın xidmətçiləri hansı qələbəni bayram edəcəklər?
6 Bəs Yehovanın tələblərinə əhəmiyyət verməyən insanlarla nə baş verəcək? Malaki 4:3 ayəsində oxuyuruq: “[Siz, Allahın xidmətçiləri], pisləri ayaq altına alacaqsınız; çünki etməkdə olduğum o gündə sizin ayaqlarınızın dabanları altında onlar kül olacaqlar, orduların Rəbbi deyir”. Allahın yer üzündəki xidmətçiləri Şeytan dünyasının məhvində iştirak etməyəcəklər. Onlar, Yehovanın günündən sonra böyük qələbəni qeyd edərək, məcazi mə’nada “pisləri ayaq altına alacaq”lar. Məsələn, belə bir bayram Qırmızı dənizdə Fir’onun və ordusunun məhvindən sonra qeyd edilmişdi (Çıxış 15:1-21). Böyük fəlakət günündə Şeytanın və onun dünyasının məhvi də bayram ediləcək. Yehovanın günündən sağ çıxan sadiq insanlar nida edəcəklər: “Onun qurtuluşu ilə məmnun olacağıq və sevinəcəyik” (İşaya 25:9). Yehovanın ali hakimiyyətinə bəraət qazandırılan və yer üzü əmin-amanlıq içində yaşamaq üçün təmizlənən zaman necə də böyük sevinc duyacağıq!
Xristian dünyası qədim İsrailin izi ilə gedir
7, 8. Malakinin günlərində yaşayan İsrail xalqının ruhani vəziyyətini təsvir edin.
7 Yehovanın xeyirxahlığına yalnız Ona xidmət edənlər malik olurlar. Bu, Malaki öz kitabını yazdığı dövrdə də belə idi. B. e. ə. 537-ci ildə israillilərin qalığı 70 illik Babil əsarətindən sonra vətənə qayıtdı. Lakin növbəti yüzilliklər ərzində İsrail dönə-dönə natəmizliyə və dönüklüyə qapılırdı. Xalqın əksəriyyəti Yehovanın adına ləkə gətirir, Onun ədalətli qanunlarına əhəmiyyət vermir, qurbangaha kor, topal və xəstə heyvanları qurban gətirməklə mə’bədi murdarlayır, kişilərin çoxu gənclikdə evləndikləri arvadlarını boşayırdılar.
8 Bu səbəbdən Yehova onlara dedi: “Hökm üçün sizə yaxınlaşacağam; və ovsunçulara qarşı və zina edənlərə qarşı və yalan yerə and edənlərə qarşı və ücrətində ücrətliyə və dul qadınla yetimə qəddarlıq edənlərə qarşı və qəribin haqqını ödəməyən və məndən qorxmayanlara qarşı, mən tez şahid olacağam... Çünki mən, Rəbb, mən dəyişmərəm” (Malaki 3:5, 6). Pis yoldan dönmək istəyənlərə isə Yehova dedi: “Mənə dönün, mən də sizə dönərəm” (Malaki 3:7).
9. Malakinin peyğəmbərliyi ilk dəfə necə yerinə yetdi?
9 Bu peyğəmbərliklər eramızın I əsrində də yerinə yetdi. Yehovaya xidmət edən yəhudilərin qalığı sonradan qeyri-yəhudilərin də daxil olduğu ruhla məsh edilmişlərdən ibarət yeni xalqın bir hissəsi oldu. Lakin qanuni israillilərin əksəriyyəti Məsihi rədd etdi. Bu səbəbdən İsa onlara dedi: “Budur, eviniz boş qalır” (Matta 23:38; 1 Korinflilərə 16:22). Malaki 4:1 ayəsində əvvəlcədən deyildiyi kimi, b. e. 70-ci ilində cismani İsrailin üzərinə “təndir kimi” yanan gün gəldi. Yerusəlim mə’bəd ilə birlikdə məhv edildi və ehtimal olunduğu kimi, milyondan artıq insan aclıqdan, həmçinin hakimiyyət uğrunda aparılan mübarizə və roma ordularının hücumu nəticəsində məhv oldu. Yehovaya xidmət edənlər isə bu fəlakətdən xilas oldular (Mark 13:14-20).
10. Ruhanilər və ümumiyyətlə insanlar birinci yüzillikdə yaşayan İsrailin izi ilə necə gedirlər?
10 Bəşəriyyət, xüsusən də Xristian dünyası birinci yüzillikdə yaşayan İsrail xalqının izi ilə gedir. Din rəhbərləri və Xristian dünyasına mənsub olan kəslər, özlərinin yalan tə’limlərini, Allahın İsa vasitəsilə verdiyi həqiqətlərdən üstün tuturlar. Ruhanilər xüsusilə təqsirkardırlar. Onlar Yehovanın adını istifadə etməkdən imtina edir və onu, hətta Müqəddəs Kitab tərcümələrindən belə silirlər. Onlar, Müqəddəs Kitaba əsaslanmayan təkamül nəzəriyyəsi, cəhənnəm odunda əbədi işgəncə, Üç üqnum və ölməz can kimi tə’limlərlə Yehovanı şərəfsiz edirlər. Malakinin günlərində yaşayan kahinlər kimi, onlar da Yehovanı layiq olduğu şərəfdən məhrum edirlər.
11. Dünyanın dinləri əslində kimə xidmət etdiklərini necə göstərdilər?
11 Bu dünyanın dinləri, xüsusilə də Məsihin davamçısı olduqlarını iddia edən kəslər, əslində kimə xidmət etdiklərini 1914-cü ildə son günlər başlanan zaman göstərdilər. Ruhanilər kilsə üzvlərini, millətlərarası çəkişmələr ucbatından başlanan hər iki dünya müharibəsində iştirak etməyə çağırırdılar. Həmin müharibələrdə isə insanlar öz həmimanlılarını öldürürdülər. Yehovanın Kəlamında Ona itaətkar olub-olmayanları müəyyən etməyin üsulu aydın göstərilir: “Kimin Allahın övladı, kimin də şeytanın övladı olduğu bundan bəlli olur: saleh iş görməyən, Allahdan deyildir, öz qardaşını sevməyən də həmçinin. Çünki başlanğıcdan bəri eşitdiyiniz təbliğ budur ki, biz bir-birimizi sevək, şərirdən olan, öz qardaşını öldürən Qabil kimi olmayaq” (1 Yəhya 3:10-12).
Peyğəmbərlik yerinə yetir
12, 13. Bizim günlərdə Allahın xidmətçiləri üzərində hansı peyğəmbərliklər yerinə yetdi?
12 Birinci Dünya müharibəsi 1918-ci ildə başa çatdıqda, Yehovanın xidmətçiləri, Allahın Xristian dünyasını və bütün yalan dinləri ittiham etdiyini anladılar. O zamandan bəri, düzgün əhval-ruhiyyəli insanlar də’vət olunurlar: “Ey xalqım, oradan çıxın ki, onun günahlarına şərik olmayasınız və onun bəlalarının birinə düçar olmayasınız. Çünki onun günahları göyə qədər çatdı və Allah onun haqsızlıqlarını yada saldı” (Vəhy 18:4, 5). Yehovaya xidmət etmək istəyən kəslər yalan dindən azad olmağa və indiki natəmiz sistemin sonuna qədər başa çatdırılması lazım olan Padşahlıq haqqındakı xoş xəbəri bütün dünyada təbliğ etməyə başladılar (Matta 24:14).
13 Bununla da Malaki 4:5 ayəsindəki peyğəmbərlik yerinə yetdi. Həmin ayədə Yehova deyir: “Budur, Rəbbin böyük və qorxunc günü gəlmədən öncə, mən sizə peyğəmbər İlyanı [İlyası] göndərəcəyəm”. Bu peyğəmbərlik ilk dəfə, İlyasın timsalında olan vəftizçi Yəhyanın fəaliyyəti ilə yerinə yetdi. Qanun əhdinə qarşı günahlarından tövbə edən yəhudiləri vəftiz etməklə Yəhya İlyasın işinə bənzər işi icra edirdi. Daha vacib olanı odur ki, Yəhya Məsihin sələfi idi. Lakin Yəhyanın fəaliyyəti Malakinin peyğəmbərliyinin yalnız az miqyasda yerinə yetməsi idi. İsa, Yəhya barədə ikinci İlyas kimi danışarkən, İlyasın işinin hələ gələcəkdə də yerinə yetəcəyini nəzərdə tuturdu (Matta 17:11, 12).
14. İndiki sistemin sonuna qədər hansı vacib iş yerinə yetirilməlidir?
14 Malakinin peyğəmbərliyi, İlyasın bu vacib işinin “Rəbbin böyük və qorxunc günü” gəlmədən öncə yerinə yetəcəyini göstərir. Həmin gün, Qadir Allahın iti sür’ətlə yaxınlaşmaqda olan Har-Megidon adlanan böyük müharibəsində başa çatacaq. Bu o deməkdir ki, indiki natəmiz sistemin sona çatdığı vaxtda və Allahın səmavi Padşahlığının Minillik hökmranlığının başlanğıcına qədər yer üzündə peyğəmbər İlyasın işinə oxşar fəaliyyət icra olunacaq. Yehova, Malakinin peyğəmbərliyinə tam müvafiq olaraq, hələ ki, indiki natəmiz sistemi məhv etməyib. İlyasın işinin müasir icraçısı, yer üzündə yaşamaq ümidinə malik olan milyonlarla məsihçilərin köməyi ilə ciddi şəkildə və böyük həvəslə Allahın adına izzət gətirməklə və həssas insanlara Müqəddəs Kitab həqiqətlərini öyrətməklə, təmiz ibadətin bərpası ilə məşğuldur.
Yehova xidmətçilərinə xeyir-dua verir
15. Yehova öz xidmətçilərini necə yadda saxlayır?
15 Yehova Ona xidmət edənlərə xeyir-dua verir. Malaki 3:16 ayəsində deyilir: “Rəbdən qorxanlar bir-birləri ilə söyləşdilər; və Rəbb yaxşı dinlədi və eşitdi və Rəbdən qorxub ismini düşünənlər üçün onun önündə bir anılma kitabı yazıldı”. Habilin günlərindən bəri, Allah əbədi həyatı vermək üçün xatırlayacağı insanları nəzərə alır, sanki kitaba yazır. Yehova onlara bu sözlərlə müraciət edir: “Onda birinin hamısını anbar evinə gətirin də, evimdə yemək olsun və məni indi bununla sınayın... göylərin pəncərələrini sizə açmayacağammı və yetəcək qədərdən artıq üzərinizə bərəkət tökməyəcəyəmmi?” (Malaki 3:10).
16, 17. Yehova öz xidmətçilərinə və onların fəaliyyətinə necə xeyir-dua verir?
16 Yehova xidmətçilərinə həqiqətən də xeyir-dua verdi. Necə? Misal üçün, Öz niyyətlərini daha dərin anlamaqda onlara kömək etdi (Süleymanın məsəlləri 4:18; Daniel 12:10). O, onlara həmçinin təbliğ fəaliyyətinin heyranedici səmərələri ilə xeyir-dua verdi. Allahın xidmətçilərinə, həqiqi Allaha xidmət etmək arzusunda olan çoxsaylı həlim insanlar qoşuldu. Onların hamısı “hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan... böyük bir izdihama” daxildirlər və “onlar yüksək səslə: “Xilas, taxtda oturan Allahımıza və Quzuya məxsusdur!” — deyərək nida edirdilər” (Vəhy 7:9, 10). Bu böyük izdiham heyranedici tərzdə yaranıb; hazırda Yehovaya fəal xidmət edənlərin sayı 6 milyondan çoxdur və onlar bütün yer üzündə 93 000-dən artıq yığıncaqlarda təşkil olunublar!
17 Bundan əlavə, Yehovanın xeyir-duası, Onun Şahidlərinin Müqəddəs Kitaba əsaslanan ədəbiyyatının dünyada ən geniş yayılmasından da görünür. Hazırda “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarının aylıq tirajı 90 milyon nüsxəni təşkil edir, üstəlik “Gözətçi Qülləsi” 144 dildə, “Oyanın!” jurnalı isə 87 dildə dərc olunur. Müqəddəs Kitab öyrənməsi üçün 1968-ci ildə işıq üzü görən “Əbədi həyata aparan həqiqət” adlı vəsait, 107 milyon nüsxəni təşkil edirdi və 117 dildə dərc olunmuşdu. 1982-ci ildə “Yer üzü cənnətdə əbədi yaşaya bilərsən” kitabı 81 milyondan artıq nüsxəni təşkil etmiş və 131 dildə dərc edilmişdir. 1995-ci ildə dərc olunan “Əbədi həyata aparan bilik” kitabı isə 85 milyondan artıq sayda və 154 dildə çap edilmişdir. 1996-cı ildə 244 dildə çap olunan “Allah bizdən nə tələb edir?” broşürası artıq 150 milyon nüsxədə paylanıbdır.
18. Maneələrə baxmayaraq, biz nəyə görə ruhani mə’nada çiçəklənirik?
18 Şeytan dünyasının güclü və sonsuz maneələrinə baxmayaraq, biz ruhani mə’nada çiçəklənirik. Bu, İşaya 54:17 ayəsində qələmə alınmış sözlərin həqiqət olduğunu təsdiq edir: “Sənə qarşı düzəldilən heç bir silah işə yaramayacaq; və hökmdə sənə qarşı qalxan hər dili suçlu çıxaracaqsan. Rəbb qullarının mirası budur və onların salehliyi məndəndir, Rəbb deyir”. Malaki 3:17 ayəsində yazılan sözlərin Yehovanın xidmətçiləri üzərində yerinə yetməsi onlar üçün necə də təsəllivericidir: “Edəcəyim gündə, onlar mənim olacaqlar, mənə məxsus mal olacaqlar”.
Yehovaya sevinclə xidmət edirik
19. Yehovaya xidmət edənlərlə Ona xidmət etməyənlər arasındakı fərq nədədir?
19 Yehovaya xidmət edənlərlə Şeytan dünyasına mənsub olan insanlar arasındakı fərq günü-gündən aydın görünür. Malaki 3:18 ayəsində əvvəlcədən deyilmişdir: “O zaman... salehlə natəmiz arasında və Allaha qulluq edənlə ona qulluq etməyən arasında ayırd edəcəksiniz”. Əhəmiyyətli fərqlərdən biri odur ki, Yehovaya xidmət edənlər böyük sevinc duyurlar. Məsələn, gözəl ümid onları sevindirir. Onlar tamamilə əmindirlər ki, Yehova dediyi sözləri yerinə yetirəcək: “Budur, mən yeni göylər ilə yeni yer yaratmaqdayam; və əvvəlki şeylər anılmayacaq və fikrə gəlməyəcək. Ancaq yaratmaqda olduğumla məsrur olacaqsınız və əbədiyyən sevinclə coşacaqsınız” (İşaya 65:17, 18; Məzmur 37:10, 11, 29; Vəhy 21:4, 5).
20. Hansı səbəbə görə biz yer üzündə ən sevincli insanlarıq?
20 Biz, hədsiz sədaqətli insanların Yehovanın günündə sağ qalacaqlarına və yeni dünyaya daxil olacaqlarına aid Onun verdiyi və’də əminik (Tsefanya 2:3; Vəhy 7:13, 14). Baxmayaraq ki, bə’ziləri yeni dünyanın gəlişinə qədər qocalıq, xəstəlik və bədbəxt hadisə ucbatından ölüm yuxusuna gedə bilər, Yehova onları xatırlayıb, əbədi həyat üçün dirildəcəyinə söz verir (Yəhya 5:28, 29; Titusa 1:2). Beləliklə, biz müxtəlif çətinliklərlə qarşılaşsaq da, Yehovanın gününün yaxınlaşdığını bilirik. Buna görə də, yer üzündə ən sevincli insanlar olmaq üçün bizim tam əsasımız var.
Siz necə cavab verərdiniz?
• “Yehovanın günü” nədir?
• Bu dünyanın dinləri qədim İsrailin izi ilə necə gedir?
• Yehovanın xidmətçiləri üzərində hansı peyğəmbərliklər yerinə yetir?
• Yehova öz xalqına necə xeyir-dua verdi?
[32-ci səhifədəki şəkillər]
Gözəl ümidə malik olduqlarına görə, Yehovanın xidmətçiləri həqiqətən də sevinc duyurlar.