Fəsil 95
Boşanma məsələsi və uşaqlara məhəbbət
İNDİ eramızın 33-cü ilidir. İsa Məsih Pasxa bayramını qeyd etmək üçün şagirdləri ilə Yerusəlimə gedir. Onlar İordan çayını keçib yollarını Pereya bölgəsindən salırlar. İsa bir neçə həftə əvvəl də Pereyada idi. Ancaq həmin vaxt dostu Lazar xəstələndiyindən onu Yəhudeyaya çağırdılar. Keçən səfər Pereyada olarkən İsa fəriseylərlə boşanma haqqında söhbət etmişdi, indi fəriseylər yenidən bu məsələnin üzərinə qayıdırlar.
Boşanma məsələsinə gəldikdə, fəriseylər arasında müxtəlif baxışlar mövcuddur. Musa peyğəmbər demişdir ki, qadında «ləyaqətsiz bir şey» olarsa, kişi onu boşaya bilər. Bəziləri bunun yalnız xəyanətə aid olduğunu düşünürlər. Digərlərinin fikrincə isə, hətta ən xırda səhv «ləyaqətsiz bir şey» sayılır. Fəriseylər İsanı yoxlamaq məqsədilə soruşurlar: «Kişi istənilən səbəbə görə arvadını boşaya bilər?» Onlar əmindirlər ki, İsa necə cavab verirsə-versin, fəriseylərin hamısı onun fikri ilə razılaşmayacaq.
Lakin İsa bu suala məharətlə cavab verir. Onun cavabı insan düşüncəsinə yox, nikahın Banisinin niyyətinə əsaslanır. O deyir: «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb və belə deyib: “Buna görə də insan öz ata-anasından ayrılıb arvadına bağlanacaq və ikisi bir bədən olacaq”? Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın».
İsa Allahın nikahla bağlı əzəli niyyətini göstərir: ərlə arvad bir-birinə bağlanmalı, yəni boşanmamalıdırlar. «Onda Musa nəyə görə boşanmaq üçün arvada boşanma kağızı verməyi buyurub?» — deyə fəriseylər etiraz edirlər.
İsa cavab verir: «Musa daşürəkli olduğunuza görə arvadınızı boşamağı izin vermişdi, halbuki başlanğıcdan belə olmayıb». Doğrudan da, Allah Eden bağında nikahı təsis edəndə bu quruluşda boşanmaya yer ayırmamışdı.
Sonra İsa fəriseylərə deyir: «Bilin və agah olun, kim arvadını onun cinsi əxlaqsızlığına [yunanca porneya] görə deyil, başqa səbəbə görə boşayıb özgəsinə evlənirsə, zina edir». Bununla o göstərir ki, Allah yalnız cinsi əxlaqsızlığa görə boşanmağa icazə verir.
Şagirdlər nikahın daimi ittifaq olduğunu və boşanmaq üçün yalnız bir əsas olduğunu başa düşüb deyirlər: «Əgər iş belədirsə, onda evlənməmək daha yaxşıdır ki!» Ailə qurmaq istəyən adam bu ittifaqın əbədi olduğunu dərk etməli və nikaha ciddi yanaşmalıdır.
Sonra İsa subaylıqdan söz salır. O deyir ki, bəzi oğlanların «bədənində anadangəlmə qüsur» olur və onlar evlənə bilmirlər, çünki «cinsi yaxınlığa qadir deyillər». Bəzilərini insanlar vəhşicəsinə «cinsi yaxınlığa yararsız ediblər». Elələri də var ki, evlənmək və cinsi yaxınlıq etmək istəyini boğaraq subay qalır, özlərini bütünlüklə Padşahlığın işlərinə həsr edirlər. İsa həmin fikri belə tamamlayır: «Bu cür yaşamağı bacaran, qoy bu cür yaşasın».
Bu vaxt adamlar uşaqlarını İsanın yanına gətirirlər. Amma şagirdlər, İsa boş yerə narahat olmasın deyə, uşaqları danlayıb geri qaytarmaq istəyirlər. Lakin İsa deyir: «Qoyun uşaqlar yanıma gəlsin, onlara mane olmayın, çünki səmavi padşahlıq belələrinə məxsusdur».
İsa gözəl ibrət dərsi verir: əgər Allahın Padşahlığında olmaq istəyiriksə, uşaq kimi təvazökar olmalı və öyrənməyə can atmalıyıq. Həmçinin İsanın nümunəsindən görürük ki, hər birimiz, xüsusilə də valideynlər, uşaqlara vaxt ayırmalıyıq. Sonra İsa uşaqları qucaqlayıb, onlara xeyir-dua verir. Beləcə, o, uşaqlara öz məhəbbətini göstərir. Matta 19:1—15; Qanunun təkrarı 24:1; Luka 16:18; Mark 10:1—16; Luka 18:15—17.
▪ Boşanma məsələsi ilə bağlı fəriseylər arasında hansı müxtəlif baxışlar var və bu səbəbdən onlar İsanı necə sınayırlar?
▪ İsa fəriseylərə necə cavab verir və boşanma üçün hansı yeganə səbəb var?
▪ Nəyə görə İsanın şagirdləri «evlənməmək daha yaxşıdır» deyirlər və İsa hansı məsləhəti verir?
▪ İsanın uşaqlarla rəftarından nə öyrənirik?