Allaha olan e’tibarın nə qədər möhkəmdir?
«Əvvəlcə Onun Padşahlığını... axtarın» (MATTA 6:33, İ-93).
1, 2. Bir gənc məsihçi öz işi ilə əlaqədar hansı addımı atdı və nə üçün?
BİR GƏNC məsihçi öz yığıncağına daha çox kömək etmək istəyirdi. Amma dünyəvi işinə görə yığıncaq görüşlərinə müntəzəm olaraq gələ bilmirdi. Gənc bu problemi necə həll etdi? O, həyatını sadələşdirdi və işindən çıxdı. Müəyyən vaxtdan sonra yığıncağın işlərində iştirak etməyə imkan verən başqa bir iş tapdı. İndi, əvvəlkindən daha az qazansa da, bu gənc məsihçi öz ailəsini tə’min etməklə yanaşı, yığıncağın da işlərində tam surətdə iştirak edə bilir.
2 Bu gəncin nə üçün belə bir addım atdığını bilirsənmi? Özündən soruş: onun yerində mən olsaydım, bu cür addım atardımmı? Bir çox məsihçilər həyatlarında belə dəyişikliklər ediblər və bu, əlbəttə ki, tə’rifə layiqdir. Onlar bu hərəkətləri ilə İsanın «Əvvəlcə Onun Padşahlığını və Onun salehliyini axtarın; və bütün bu şeylər sizə artırılacaqdır» və’dinə tam əmin olduqlarını göstəriblər (Matta 6:33, İ–93). Onlar başa düşürlər ki, gələcəyə əminliyi bu dünya deyil, yalnız Allah verə bilər (Süleymanın məsəlləri 3:23, 26).
3. Bə’zi adamlarda Padşahlığın maraqlarını həyatda ön plana qoymağın nə qədər əlverişli olduğuna dair hansı sual yarana bilər?
3 Yaşadığımız çətin zəmanəni nəzərə alaraq, bə’ziləri bu gəncin hərəkətinin nə dərəcədə düşünülmüş olmasına şübhə edə bilərlər. Bu gün bəşəriyyətin bir hissəsi tarixdə görünməmiş yüksək həyat tərzindən həzz aldığı zaman, o biri hissəsi yoxsulluq içərisində həyat sürür. Kasıb ölkələrdə yaşayanların çoxu ailələrini dolandırmaq üçün hər bir işdən yapışmağa hazırdır. Nisbətən varlı ölkələrdə isə iqtisadi vəziyyət qeyri-sabitləşir, sahibkarlar get-gedə tələbkarlaşır, əmək birjalarında işçilərə olan tələblər daim dəyişir. Bu səbəblərə görə belə ölkələrdə yaşayanlar öz həyat tərzlərini sabit saxlamaqdan ötrü gecə-gündüz çalışırlar. Güzaranın bu qədər çətin olduğu zəmanədə bə’ziləri soruşa bilər: «Bu gün ‘əvvəlcə Padşahlığı axtarmaq’ doğrudanmı əlverişlidir?» Bu sualın cavabını tapmaq üçün gəlin görək İsa bu sözləri kimə deyirdi.
Daha qayğı çəkməyin
4, 5. İsa hansı əyani misalla göstərdi ki, Allahın xidmətçilərinə həyatın gündəlik qayğılarından ötrü narahat olmağa dəyməz?
4 İsa Qalileyada olarkən, yanına müxtəlif yerlərdən insanlar gəlir (Matta 4:25). Onların arasında, demək olar ki, varlı adam yoxdur, əksəriyyəti kasıbdır. Buna baxmayaraq, İsa onları təşviq edir ki, varlanmağa can atmasınlar, əksinə, maddi şeylərdən daha dəyərli olan ruhani xəzinə yığsınlar (Matta 6:19-21, 24). İsa onlara müraciət edir: «Bunun üçün sizə deyirəm: Nə yeyəcəksiniz, yaxud nə içəcəksiniz deyə canınızın, nə geyəcəksiniz deyə bədəninizin qayğısına qalmayın. Can yeməkdən və bədən geyimdən daha vacib deyilmi?» (Matta 6:25).
5 İsanı dinləyənlərin əksəriyyətinə bu məsləhətə riayət etmək qeyri-mümkün görünə bilərdi. Onlar bilirdilər ki, işləməsələr ailələri acından ölər. Lakin İsa onlara quşları misal gətirir. Quşlar özlərini və balalarını doydurmaq üçün hər gün yem axtarırlar. Amma onların qeydinə qalan Yehovadır. İsa, Yehovanın çiçəklərə də qayğı bəsləməsinə işarə edir. İsanın dediyinə görə, hətta Süleyman padşah belə, bütün izzətində bu çiçəklər qədər gözəl geyinmirdi. Əgər Yehova quşların və çiçəklərin qeydinə qalırsa, məgər xidmətçilərinin qeydinə daha çox qalmayacaqmı?! (Matta 6:26-30). İsanın bu sözlərindən görünür ki, həyatımız (canımız) və bədənimiz, onları qorumaq üçün lazım olan qidadan və geyimdən qat-qat üstündür. Əgər bütün qüvvəmizi qida və geyim əldə etməyə sərf ediriksə və bundan sonra Yehovaya xidmət etmək üçün gücümüz qalmırsa, deməli, nə üçün yaşadığımızı dərk etməmişik (Vaiz 12:13).
Tarazlı nöqteyi-nəzər
6. a) Məsihçilər hansı məs’uliyyəti daşıyırlar? b) Məsihçilər kimə tam e’tibar edirlər?
6 İsa demək istəmirdi ki, onu dinləyənlər işlərini atıb Allahın onların ailələrini dolandıracağını gözləməlidirlər. Xeyr, quşlar belə, özlərini və balalarını doydurmaq üçün yem axtarırlar. Onda belə çıxır ki, o məsihçilər də yemək istəyirdilərsə, işləməli və öz ailələrinin qayğısını özləri çəkməli idilər. Məsihin tə’limlərini qəbul etmiş nökərlər və qullar ağalarına canla-başla xidmət etməli idilər (2 Salonikililərə 3:10-12; 1 Timoteyə 5:8; 1 Peter 2:18). Həvari Pavel də özünü dolandırmaq üçün arabir çadır düzəltməklə məşğul olurdu (Həvarilərin işləri 18:1-4; 1 Salonikililərə 2:9). Gördüyümüz kimi, o vaxt yaşayan məsihçilər dünyəvi işilərinə güvənmirdilər. Onlar Yehovaya e’tibar edirdilər. Başqalarından fərqli olaraq, onların qəlbində həmişə əmin-amanlıq hökm sürürdü. Məzmurçu belə yazmışdı: «Rəbbə güvənənlər Sion dağı kimi sarsılmaz, əbədi qalar» (Məzmur 125:1).
7. Yehovaya tam ürəkdən e’tibar etməyənlər necə fikirləşə bilərlər?
7 Yehovaya tam ürəkdən e’tibar etməyənlər ayrı fikirdə ola bilərlər. İnsanların əksəriyyəti üçün maddi sərvət gələcəyə zəmanətdir. Belə fikirləşən valideynlər uşaqlarını təşviq edirlər ki, gənclik illərini ali təhsil almağa sərf etsinlər. Onlar ali təhsilin uşaqlarına yüksək maaşlı iş tapmağa kömək edəcəyinə ümid edirlər. Əfsuslar olsun ki, bə’zi məsihçi valideynlər də bu cür düşüncə tərzinin qurbanı olublar. Onların uşaqları həyatda ön plana ruhani məqsədləri qoymaq əvəzinə, maddi məqsədlər güdməyə başlayıblar.
8. Məsihçilər hansı tarazlı nöqteyi-nəzəri qorumalıdırlar?
8 Müdrik məsihçilər isə anlayırlar ki, İsanın verdiyi məsləhət birinci əsrdə olduğu kimi, bizim günlərdə də öz aktuallığını itirməyib. Bu səbəbdən də onlar işə münasibətdə tarazlığı qorumağa çalışırlar. Əgər valideynlər ailənin qeydinə qalmaq üçün dünyəvi işlərinə çoxlu vaxt sərf etməli olsalar da, onlar yol vermirlər ki, pul qazanmaq daha vacib olan ruhani şeyləri onların həyatından sıxışdırıb çıxarsın (Vaiz 7:12).
Heç vaxt qayğı çəkməyin
9. İsa, Yehovaya bütün qəlbi ilə e’tibar edən insanları nəyə əmin edir?
9 Dağüstü təbliğində İsa dinləyicilərini təşviq edirdi: «“Nə yeyəcəyik?”, “Nə içəcəyik?”, “Nə geyəcəyik?” — deyə qayğı çəkməyin. Çünki bütün bu şeyləri bütpərəstlər axtarırlar [«bütün bu şeylərə bütpərəstlər can atırlar», YD]; səmavi Atanız da bütün bu şeylərə ehtiyac duyduğunuzu bilir» (Matta 6:31, 32). Həqiqətən də, ruhlandırıcı sözlərdir! Əgər Yehovaya bütün qəlbimizlə e’tibar ediriksə, O heç vaxt bizdən köməyini əsirgəməyəcək. İsanın sözlərindəki maraqlı bir məqama da fikir verin: maddi şeylərə ‘can atırıqsa’ onda biz «bütpərəstlər», yə’ni məsihçi olmayan insanlar kimi eyni düşüncə tərzinə malik olmuş oluruq.
10. Bir gənc İsanın yanına məsləhət dalınca gələndə, İsa onun həyatda ən çox nəyə üstünlük verdiyini necə üzə çıxartdı?
10 Bir dəfə, varlı bir gənc əbədi həyata nail olmaq üçün nə etməli olduğunu İsadan soruşur. İsa ona o vaxt qüvvədə olan Qanunun tələblərini xatırladır. Həmin oğlan İsaya deyir: «Bütün bunlara gəncliyimdən riayət edirəm; daha nəyim çatışmır?» İsanın cavabı bu səhnəni müşahidə edənlərə sərfəli görünməyə bilərdi. O deyir: «Əgər kamil olmaq istəyirsənsə, get nəyin varsa sat, yoxsullara payla. Göylərdə xəzinən olacaqdır. Sonra gəl, Mənim ardımca get» (Matta 19:16-21). Gənc bu cavabdan kədərlənib evinə qayıtdı. O, var-dövlətsiz yaşamağı təsəvvürünə gətirə bilmirdi. Yehovanı nə qədər çox sevsə də, var-dövlətini Ondan da çox sevirdi.
11, 12. a) İsa var-dövlətə dair hansı vacib xəbərdarlığı etdi? b) Var-dövlət Yehovaya xidmətdə necə maneəyə çevrilə bilər?
11 Bu hadisədən sonra İsa hamı üçün gözlənilməz olan bir fikri söylədi: «Zəngin adam Göylərin Padşahlığına çətinliklə girəcəkdir... Dəvənin iynə deşiyindən keçməsi, zəngin adamın Allahın Padşahlığına girməsindən daha asandır» (Matta 19:23, 24, İ–93). İsa bununla nə demək istəyirdi? Məgər varlılar Padşahlığı miras ala bilməyəcəklərmi? Görün İsa sonra nə deyir: «Allah üçün... hər şey mümkündür» (Matta 19:25, 26). Doğrudan da, Yehovanın köməyi ilə birinci əsrdə bə’zi varlı adamlar məsh edilmiş məsihçi oldular (1 Timoteyə 6:17). Bununla belə, bu sözləri deməkdə İsanın başqa bir məqsədi vardı. O, şagirdlərini xəbərdar edirdi.
12 Əgər o gənc kimi, məsihçi də ürəyinin var-dövlətə bağlanmasına yol verirsə, var-dövlət onun Yehovaya ürəkdən xidmət etməsinə maneçilik törədəcək. Bu həm varlılara, həm də varlanmaq fikrinə düşənlərə aiddir (1 Timoteyə 6:9, 10). Maddi şeylərə güvənən insan get-gedə ‘ruhani tələbatlarını dərk etmir’ (Matta 5:3, YD). Ona elə gələ bilər ki, artıq Yehovanın köməyinə ehtiyacı yoxdur (Qanunun təkrarı 6:10-12). O hətta yığıncaqdan özünə qarşı xüsusi münasibət gözləyə bilər (Yaqub 2:1-4). Nəticədə belə insan vaxtını artıq Yehovaya xidmətə deyil, var-dövlətindən həzz almağa sərf edəcək.
Düzgün münasibət inkişaf etdirin
13. Laodikiyalılar nəyə düzgün münasibət bəsləmirdilər?
13 Birinci əsrdə Laodikiyada fəaliyyət göstərən məsihçi yığıncağı var-dövlətə düzgün münasibət bəsləmirdi. İsa onlara müraciət etdi: «Deyirsən: “Mən zənginəm və varlanmışam, heç nəyə ehtiyacım yoxdur”. Amma bilmirsən ki, zavallı, yazıq, yoxsul, kor və çılpaqsan». Laodikiyalıları ruhani cəhətdən bu cür acınacaqlı vəziyyətə salan var-dövlət deyildi. Onları bu vəziyyətə salan Yehovaya yox, var-dövlətə bel bağlamaları idi. Nəticədə onlar ruhani mə’nada içməyə yararlı olmayan ilıq su kimi oldular. İsa az qala onları ‘ağzından qusacaqdı’ (Vəhy 3:14-17).
14. Pavel ibranilərdən olan məsihçiləri nəyə görə tə’riflədi?
14 Pavel ibranilərdən olan məsihçiləri tə’qiblər başlayanda təzahür etdirdikləri əhval-ruhiyyəyə görə tə’riflədi: «Siz, bağlarıma rəhm edib, özünüz üçün daha yaxşı və daimi malınız olduğunu bilərək, mülkünüzün talan edilməsini sevinclə qəbul etdiniz» (İbranilərə 10:34). Məsihçilər var-yoxlarını itirdiklərinə görə mə’yus olmadılar. Əksinə, onlar var-dövlətdən də dəyərli olan ‘daha yaxşı və daimi malı’ qoruyub saxladıqları üçün sevinclərini itirmədilər. İsanın məsəlindəki hər şeyini bir dəyərli mirvaridən ötrü qurban verən tacir kimi, bu məsihçilər nəyin bahasına olursa-olsun, Padşahlıq ümidindən bərk yapışmışdılar (Matta 13:45, 46). Necə də gözəl əhval-ruhiyyədir!
15. Liberiyada yaşayan bacımız onun üçün Padşahlığın maraqlarının əsas olduğunu necə göstərdi?
15 Bu gün də bir çox məsihçilər bu cür əhval-ruhiyyə təzahür etdirirlər. Məsələn, Liberiyada yaşayan bir məsihçi qızın nümunəsini nəzərdən keçirək. Onun universitetdə təhsil almaq imkanı var idi. Liberiyada bir çoxları üçün bu, sakit gələcəyi tə’min etmək deməkdir. Bacımız pioner, yə’ni tammüddətli xidmətçi idi və müvəqqəti olaraq, xüsusi pioner kimi xidmət etmək üçün də’vət almışdı. O, Padşahlığın maraqlarını həyatında ön plana qoydu və tammüddətli xidmətdə qalmağı qərara aldı. Yeni tə’yinatını qəbul edəndən sonra, o, üç ay ərzində 21 Müqəddəs Kitab öyrənməsinə başladı. Bu bacımız kimi, minlərlə məsihçilər maddi sərvəti deyil, Padşahlığın maraqlarını həyatlarında birinci yerə qoyurlar. Bu dünyada əksər insanların başı var-dövlət qazanmağa qarışdığı halda, məsihçilər belə düşüncə tərzini necə qoruyub saxlayırlar? Bu işdə onlara bir neçə gözəl keyfiyyət kömək edir. Gəlin onlardan bir neçəsini nəzərdən keçirək.
16, 17. a) Təvazökarlıq Yehovaya e’tibar etməkdə hansı vacib rolu oynayır? b) Biz nə üçün Allahın və’dlərinin yerinə yetəcəyinə olan əminliyi daima inkişaf etdirməliyik?
16 Təvazökarlıq. Müqəddəs Kitabda yazılıb: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına e’tibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər. Öz gözündə özünü hikmətli sanma» (Süleymanın məsəlləri 3:5-7). Misal üçün, müəyyən bir vəziyyətə insan nöqteyi-nəzərindən baxanda, o bizə əlverişli görünə bilər (Yeremya 17:9). Ancaq səmimi məsihçi qərar qəbul etməzdən əvvəl Yehovanın rəhbərliyini axtaracaq (Məzmur 48:14). Məsihçi, «bütün yollarında» — yığıncaq işlərində, təhsil almaqda, dünyəvi işinə münasibətdə, əyləncə məsələlərində və başqa şeylərdə Yehovanın nəsihətlərinə təvazökarlıqla riayət edəcək (Məzmur 73:24).
17 Yehovanın və’dlərinə əminlik. Pavel demişdi: «İman etmədən Allaha məqbul olmaq isə qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir» (İbranilərə 11:6). Əgər biz Yehovanın Öz və’dlərini yerinə yetirəcəyinə şübhə ediriksə, bizə elə görünə bilər ki, ‘bu dünyadan tam istifadə etməyın’ heç bir zərəri yoxdur (1 Korinflilərə 7:31). Amma əgər imanımız möhkəmdirsə, onda ‘əvvəlcə Padşahlığı axtaracağıq’. Bəs möhkəm imanı necə inkişaf etdirmək olar? Bunu, Yehova Allaha ürəkdən gələn duaların vasitəsilə yaxınlaşmağın və müntəzəm şəxsi öyrənmənin köməyi ilə etmək olar (Məzmur 1:1-3; Filipililərə 4:6, 7; Yaqub 4:8). Biz də padşah Davud kimi dua edə bilərik: «Ya Rəbb, yalnız Sənə güvənirəm, dedim: “Allahımsan Sən”. Xeyirxahlığın nə qədər böyükdür!» (Məzmur 31:14, 19).
18, 19. a) Çalışqanlıq Yehovaya olan e’tibarımızı necə möhkəmlədə bilər? b) Məsihçi nəyə görə bə’zi şeylərdən imtina etməyə hazır olmalıdır?
18 Yehovaya xidmətdə çalışqanlıq. Pavel, Yehovanın və’dlərinin yerinə yetəcəyinə olan əminliyi çalışqanlıqla əlaqələndirir: «Arzu edirik ki, hər biriniz, ümidin verdiyi tam e’timada nail olmaq üçün sona qədər eyni sə’yi göstərsin» (İbranilərə 6:11). Əgər Yehovanın işi ilə daim məşğuluqsa, onda O bizə kömək edəcək. Hər dəfə bu köməyi hiss edəndə, Ona olan e’tibarımız güclənəcək, biz «möhkəm və sarsılmaz» olacağıq (1 Korinflilərə 15:58). İmanımız və ümidimiz ürəyimizdə dərin kök salacaq (Efeslilərə 3:16-19).
19 Qurban verməyə hazır olmaq. İsanın davamçısı olmaqdan ötrü Pavel çox şey və’d edən karyerasını qurban verdi. Bə’zən həyatında maddi cəhətdən çətinliklər olsa da, o, düzgün yolu seçmişdi (1 Korinflilərə 4:11-13). Yehova xidmətçilərinə onların həyatının cah-calal içində keçəcəyini söz vermir. Onun xidmətçiləri hərdən çətinliklərlə üzləşməli olurlar. Amma həyat tərzimizi sadələşdirib bə’zi şeylərdən imtina etməyə hazırıqsa, Yehovaya xidmət etməyə nə qədər qətiyyətli olduğumuzu sübut edəcəyik (1 Timoteyə 6:6-8).
20. ‘Əvvəlcə Padşahlığı axtaranlar’ üçün səbirli olmaq nəyə görə çox vacibdir?
20 Səbir. Şagird Yaqub məsihçi bacı-qardaşlarına deyirdi: «Beləliklə, ey qardaşlar, Rəbbin gəlişinə kimi səbirli durun» (Yaqub 5:7). Müasir, dəyişkən dünyada səbirli olmaq asan deyil. Biz hər şeyin tez baş verməsini istəyirik. Lakin Pavel bizi təşviq edir ki, ‘və’d olunanları iman və səbirliliklə miras alanlardan nümunə götürək’ (İbranilərə 6:12). Buna görə də Yehovanı gözləməyə hazır olmalıyıq. Məgər Cənnətə çevrilmiş yer üzündə əbədi həyatı gözləməyə dəyməzmi?!
21. a) Padşahlığın maraqlarını həyatda ön plana qoymaqla Allaha nəyi göstəririk? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
21 Bəli, gördüyümüz kimi, İsanın ‘əvvəlcə Padşahlığı axtarın’ məsləhəti bu gün də çox aktualdır. Biz bu məsləhətə riayət edəndə həqiqətən də, Yehovaya e’tibar etdiyimizi və məsihçi üçün yeganə e’tibarlı həyat yolunu seçdiyimizi göstəririk. Bununla yanaşı, İsa «[Allahın] salehliyini» axtarmağı da buyurmuşdu. Növbəti məqalədə bu məsləhətin bu gün nəyə görə xüsusilə vacib olduğunu müzakirə edəcəyik.
İzah edə bilərsinizmi?
• İsa, bizi maddi sərvətlərə dair hansı tarazlı nöqteyi-nəzəri inkişaf etdirməyə təşviq edir?
• İsanın dəvə və iynə deşiyi barəsindəki əyani misalından biz nə öyrənirik?
• ‘Əvvəlcə Allahın Padşahlığını axtarmaqda’ bizə hansı məsihçi keyfiyyətləri kömək edir?
[25-ci səhifədəki şəkil]
İsanı dinləyənlərin əksəriyyəti kasıb idi.
[26-cı səhifədəki şəkil]
İsanın məsəlindən olan tacir bir mirvaridən ötrü hər şeyini qurban verdi.
[26-cı səhifədəki şəkil]
Zəngin gənc var-dövlətini Allahdan çox sevirdi.
[27-ci səhifədəki şəkil]
Əgər Yehovanın işi ilə daim məşğuluqsa, onda Allah bizə kömək edəcək.