Mülayimlik. Onun bizə faydası
«Təbiətcə utancaq insanam. Özümə inamım elə də güclü deyil. Buna görə də lovğa, aqressiv insanların yanında sıxılıram. Amma mülayim, təvazökar insanların yanında özümü rahat hiss edirəm. Belə insanlara ürəyimi açmaq, hisslərimi, dərdimi bölüşmək mənə asandır. Ən yaxın dostlarım məhz belə insanlardır», — deyə Saraa adlı bacı bölüşür.
Saranın sözləri göstərir ki, mülayim olsaq, insanlar bizimlə dost olmağa can atacaq. Mülayimlik Yehovanın da bəyəndiyi xüsusiyyətdir. O, Kəlamında bizə məsləhət görür: «Mülayimliyi... geyinin» (Kol. 3:12). Bəs mülayimlik nədir? İsa Məsihin mülayim olduğu nədən görünürdü? Bu xüsusiyyət xoşbəxtliyimizə necə xoşbəxtlik qata bilər?
MÜLAYİMLİK NƏDİR?
Mülayimlik, həlimlik insanın daxilən sakit, sülhpərvər olmasıdır. Mülayim insan başqaları ilə incə, mehriban davranır, onu özündən çıxara biləcək vəziyyətlərdə özünü ələ almağı, sakit qalmağı bacarır.
Mülayimlik zəifliyin yox, möhkəm iradənin göstəricisidir. «Mülayimlik» kimi tərcümə olunan yunan sözü əhliləşdirilmiş vəhşi atlara aid işlənirdi. Atı əhliləşdirəndə gücünü itirmir, onu idarə etməyi öyrənir. Eynilə, biz də mülayim, həlim olanda ipə-sapan yatmayan təbiətimizi ram edib başqaları ilə yola getməyi bacarırıq.
Kimsə deyə bilər: «Mən xasiyyətcə mülayim insan deyiləm». Bu gün insanların əksəriyyəti öz fikrini yeridən, səbirsizdir, belə insanların arasında yaşadığımız üçün mülayim olmaq bizə çox çətin gələ bilər (Rom. 7:19). Buna görə də mülayimliyi yetişdirmək üçün var gücümüzlə çalışmalıyıq. Əmin ola bilərik ki, Yehovanın müqəddəs ruhu bizə təslim olmayıb, bu xüsusiyyəti yetişdirməyimizə kömək edəcək (Qal. 5:22, 23). Bəs nəyə görə mülayim olmaq üçün çalışmalıyıq?
Mülayimlik insanları cəlb edən xüsusiyyətdir. Yuxarıda adı çəkilən Saranın da qeyd etdiyi kimi, mülayim insanların əhatəsində olmaq xoşdur. İsa Məsih mülayim və mehriban olmaqda ən gözəl nümunədir (2 Kor. 10:1). Hətta onu tanımayan uşaqlar da onun yanında olmaq istəyirdi (Mark 10:13—16).
Mülayim olmaq həm bizim, həm də ətrafımızdakı insanların xeyrinədir. Mülayim insan hər şeyə görə dilxor olmur, tez özündən çıxmır (Məs. 16:32). Bununla da o, heç kimin, əsas da yaxınlarının xətrinə dəymir, buna görə də belə davranan insanların keçirdiyi peşmançılıq hissindən uzaq olur. Bu, başqalarına da xeyir gətirir, çünki mülayim insan hisslərini və hərəkətlərini idarə edə bilir və ətrafındakıları incitmir.
MÜKƏMMƏL MÜLAYİMLİK ÖRNƏYİ
İsa Məsihin üzərində çoxlu öhdəliklər var idi, o, məşğul insan idi. Bununla belə, hər kəslə mülayim davranırdı. Onun yaşadığı dövrdə insanlar əzab-əziyyətlə yaşayır, zülm çəkirdilər, buna görə də təravətlənməyə ehtiyacları var idi. Təsəvvür etmək olar, İsanın «yanıma gəlin... çünki mən həlim və qəlbən təvazökaram» sözləri onları nə qədər ruhlandırmışdı! (Mət. 11:28, 29).
Bəs İsa Məsih kimi mülayim olmaq üçün nə edə bilərik? Allahın Kəlamını araşdırıb İsa Məsihin insanlarla münasibətini və çətin vəziyyətlərdə necə davrandığını öyrənirik. Mülayimliyimizi sınayan vəziyyətlərlə üzləşəndə isə onun kimi davranmağa çalışırıq (1 But. 2:21). Gəlin görək hansı üç amil İsa Məsihə mülayim olmağa kömək etmişdi.
İsa Məsih qəlbən təvazökar idi. O, «həlim və qəlbən təvazökar» olduğunu demişdi (Mət. 11:29). Müqəddəs Kitabda bu iki xüsusiyyətin yanaşı işlənməsi göstərir ki, həlimlik, mülayimlik təvazökarlıqla sıx bağlıdır (Efes. 4:1—3).
Təvazökarıqsa, özümüzü həddən artıq önəmli insan saymayacağıq və ya həddən artıq həssas olmayacağıq. Yadınızdadır, İsa Məsih onu haqsız yerə «qarınqulu və şərab düşkünü» adlandıranlara necə münasibət göstərmişdi? O, mülayimliklə qeyd etmişdi ki, «hikmət əməlləri sayəsində haqlı çıxır» və davranışı ilə bu tənqidlərin əsassız olduğunu sübut etmişdi (Mət. 11:19).
Kimsə sizin irqiniz, milliyyətiniz, cinsiniz və ya keçmişiniz haqda düşünülməmiş söz deyəndə mülayim cavab verməyə çalışın. Cənubi Afrikada ağsaqqal kimi xidmət edən Piter deyir: «Görəndə ki, kiminsə sözünə əsəbiləşirəm, həmin an düşünürəm: “İsa bu vəziyyətdə necə davranardı?” Çalışıram, özümü həddən artıq önəmli insan saymayım».
İsa Məsih insanların qeyri-kamil olduğunun fərqində idi. Onun şagirdləri düzgün davranmaq istəsələr də, qeyri-kamil olduqları üçün bəzən bu, onlarda alınmırdı. Misal üçün, İsa Məsih ölümündən öncəki gecə Butrus, Yaqub və Yəhyadan oyaq qalıb ona mənəvi dayaq olmalarını xahiş etmişdi. Amma onlar yuxuya getdilər. İsa «ruh şövqlü, cisim isə zəifdir» sözləri ilə onların yuxuya getmələrinin səbəbini anladığını göstərdi (Mət. 26:40, 41). O, həvarilərinin qeyri-kamilliyini nəzərə aldığı üçün onlara əsəbiləşmədi.
Mandi adlı bir bacı əvvəllər başqalarına qarşı çox tələbkar idi, amma indi İsa Məsihdən örnək alaraq mülayim olmağa çalışır. O deyir: «İnsanların qeyri-kamil olduğunu unutmamağa və Yehova kimi, mən də onların yaxşı xüsusiyyətlərini görməyə çalışıram». İsa Məsihin insanların qeyri-kamilliyinə anlayışla yanaşmasından nümunə götürərək, siz də başqaları ilə mülayim davrana bilərsiniz.
İsa Məsih hər şeyi Allahın öhdəsinə buraxırdı. O, yer üzündə olduğu müddətdə haqsızlıqlara dözmüşdü. Onun sözlərini yanlış anlamış, ona həqarətlə yanaşmış və işgəncə vermişdilər. Buna baxmayaraq, İsa mülayimliyini qoruyurdu, çünki «özünü adil Hakimə tapşırırdı» (1 But. 2:23). O bilirdi ki, səmavi Atası ona dayaq olacaq və vaxtı çatanda haqsızlıq edənləri cəzalandıracaq.
Haqsızlıqla üzləşəndə əsəbiləşəriksə və sərt reaksiya verəriksə, vəziyyəti daha da ağırlaşdırarıq. Müqəddəs Kitab bizə xatırladır: «İnsanın qəzəbi onu Allah qarşısında saleh etmir» (Yaq. 1:20). Əsəbiləşməyə əsasımız olsa da, qeyri-kamillik ucbatından yanlış reaksiya verə bilərik.
Almaniyada yaşayan Keti adlı bir bacı əvvəllər belə düşünürdü: «Özün-özünü müdafiə etməsən, heç kim sənə qahmar çıxan deyil». Amma bacı Yehovaya etibar etməyi öyrənəndə düşüncə tərzi dəyişdi. O deyir: «İndi başa düşürəm ki, dərhal müdafiəyə keçməyə ehtiyac yoxdur. Artıq mülayim davrana bilirəm, çünki bilirəm ki, hər şey Yehovanın mükəmməl nəzarəti altındadır». Əgər nə vaxtsa haqsızlığın qurbanı olmusunuzsa, İsadan örnək götürərək Yehovaya etibar etmək sizə mülayim qalmağa kömək edəcək.
«HƏLİMLƏR XOŞBƏXTDİR»
İsa Məsih qeyd etmişdi ki, həlimlik, mülayimlik xoşbəxt olmağımızda mühüm rol oynayır. O, «həlimlər xoşbəxtdir» demişdi (Mət. 5:5). Görün həlimlik, mülayimlik növbəti vəziyyətlərdə sizə necə kömək edə bilər.
Mülayimlik ailədə gərginliyi azaldır. Avstraliyadan olan Robert adlı bir qardaş deyir: «Özüm də istəmədən həyat yoldaşıma elə sözlər deyirdim ki, onun qəlbini qırırdım. Amma əsəbi halda dediyimiz kobud sözləri geri qaytarmaq mümkün deyil. Yoldaşımı nə qədər incitdiyimi görəndə çox pis olurdum».
Danışarkən «hər birimiz dəfələrlə səhv edirik» və düşünmədən dediyimiz sözlər ailəmizdə problemlər yarada bilər (Yaq. 3:2). Belə anlarda mülayimlik özümüzü ələ almağa və dilimizi cilovlamağa kömək edəcək (Məs. 17:27).
Robert özünü ələ almaq və təmkinli olmaq üçün üzərində çox işlədi. Bəs nəticə necə oldu? O deyir: «İndi yoldaşımla sözümüz çəp gələndə çalışıram ki, ona diqqətlə qulaq asım, mülayim danışım və kefimi pozmayım. İndi aramızdakı münasibətlər xeyli yaxşılaşıb».
Mülayimlik insanlarla daha yaxşı yola getməyimizə kömək edir. Tez inciyənlərin dostu az olur. Amma mülayimlik «sülhün birləşdirici telləri»ni qorumağa kömək edir (Efes. 4:2, 3). Yuxarıda adı çəkilən Keti deyir: «Mülayimlik sayəsində hər kəslə, hətta yola getmək çətin olan insanlarla da, ünsiyyətdən zövq alıram».
Mülayimlik qəlb rahatlığı bəxş edir. Müqəddəs Kitab mülayimlik və sülhün «yuxarıdan nazil olan hikmət»lə bağlı olduğunu göstərir (Yaq. 3:13, 17). Mülayim insan «sakit ürək» sahibidir (Məs. 14:30). Mülayimliyə yiyələnmək üçün öz üzərində çox çalışan Martin deyir: «İndi əvvəlki kimi aqressiv deyiləm və güzəştə getməyi öyrənmişəm, bunun sayəsində qəlb rahatlığı və sevinc duyuram».
Düzdür, mülayimliyi özümüzdə yetişdirmək o qədər də asan deyil. Bir qardaş deyir: «Düzünü desəm, indi də elə vəziyyətlər olur ki, əsəbdən içimdə partlayıram». Amma bizi mülayim olmağa səsləyən Yehova Allah bu mübarizədə bizə kömək edəcək (Əşy. 41:10; 1 Tim. 6:11). O, təlimimizi başa çatdırmağa, bizi güclü etməyə qadirdir (1 But. 5:10). Tədricən həvari Bulus kimi, biz də Məsihdən «həlimliyi və xeyirxahlığı» örnək götürə biləcəyik (2 Kor. 10:1).
a Bəzi adlar şərtidir.