«Yaxınını özünü sevdiyin kimi sev»
«[İkinci əmr budur]: “Yaxınını özünü sevdiyin kimi sev”» (MAT. 22:39).
1, 2. a) İsanın sözlərinə əsasən, Qanundakı ikinci ən böyük əmr hansıdır? b) Hansı sualları araşdıracağıq?
BİR DƏFƏ bir fərisey İsanı sınamaq üçün soruşmuşdu: «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» Əvvəlki məqalədən gördüyümüz kimi, İsa cavab verdi ki, «birinci və ən böyük [əmr]» «Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla və bütün ağlınla sev» əmridir. Sonra əlavə etdi: «İkincisi də ona bənzərdir: “Yaxınını özünü sevdiyin kimi sev”» (Mat. 22:34—39).
2 İsa dedi ki, biz yaxınımızı özümüzü sevdiyimiz kimi sevməliyik. Buna görə də yaxşı olar, özümüzə növbəti sualları verək: yaxınımız kimdir? Yaxınımızı sevdiyimizi necə göstərə bilərik?
YAXINIMIZ KİMDİR?
3, 4. a) «Bəs mənim yaxınım kimdir?» sualına İsa hansı məsəllə cavab verdi? b) Qarət edilmiş, döyülmüş və ölümcül halda tərk edilmiş adama samariyalı necə kömək etdi? (Məqalənin əvvəlindəki şəklə bax.)
3 Ola bilsin, yaxınımız deyiləndə ağlımıza qonşuluqda yaşayan və köməyimizə çatan dostumuz gəlir (Sül. məs. 27:10). Lakin özünə bəraət qazandırmaq üçün İsadan: «Bəs mənim yaxınım kimdir?» — deyə soruşan adama o, xeyirxah samariyalı məsəlini çəkdi. (Luka 10:29—37 ayələrini oxu.) Bizə elə gələ bilərdi ki, israilli kahin və levili qarət edilmiş, döyülmüş və ölümcül halda tərk edilmiş bu adamı görəndə yaxını kimi davranıb ona kömək edəcək. Lakin onlar ona heç bir köməklik etmədən keçib getdilər. Yaralı adama Musanın qanununa hörmət edən, amma yəhudilərin bəyənmədiyi samariyalı kömək etdi (Yəh. 4:9).
4 Sağalması üçün xeyirxah samariyalı onun yaralarına yağ və şərab töküb sarıdı. Həmin adamın qeydinə qalması üçün karvansara sahibinə iki dinar, təxminən ikigünlük əməkhaqqı verdi (Mat. 20:2). Bu yaralı adamın əsil yaxınının kim olduğu göz qabağındadır! İsanın nümunəsi bizə yaxınımıza şəfqət göstərməyi və sevməyi öyrədir.
5. Təbii fəlakətlər zamanı Yehovanın xidmətçiləri yaxınlarını sevdiklərini necə göstərirlər?
5 Xeyirxah samariyalı kimi şəfqətli insanları tapmaq çox çətindir. Xüsusilə də əksəriyyəti doğmalarını sevməyən, zalım, yaxşılığın düşməni olan insanların yaşadığı bu son dərəcə ağır «axır günlərdə» (2 Tim. 3:1—3). Məsələn, son dərəcə ağır vəziyyət təbii fəlakət baş verən zaman ola bilər. 2012-ci ilin oktyabr ayının sonlarında «Sendi» qasırğası Nyu-York şəhərini öz cənginə almışdı. Şəhərin ən çox ziyan çəkmiş hissələrindən birində işıq, qaz və digər zəruri şeylər olmadığından onsuz da əldən düşmüş sakinləri quldurlar soyub talayırdılar. Elə həmin ərazidə Yehovanın Şahidləri həm özününkülərə, həm də digərlərinə kömək etmək üçün qollarını çirmələmişdilər. Məsihçilər bunu öz yaxınlarını sevdikləri üçün edirdilər. Bəs yaxınımızı sevdiyimizi başqa hansı üsullarla göstərə bilərik?
YAXINIMIZI SEVDİYİMİZİ NECƏ GÖSTƏRƏ BİLƏRİK?
6. Təbliğ işi yaxınımızı sevməklə necə bağlıdır?
6 İnsanlara ruhani cəhətdən kömək et. Biz bunu onların diqqətini «Müqəddəs Yazılardan aldığımız təsəlli»yə cəmləməklə edirik (Rom. 15:4). Şübhəsiz, Müqəddəs Kitab həqiqətlərini başqaları ilə bölüşməklə yaxınımızı sevdiyimizi göstərmiş oluruq (Mat. 24:14). «Ümid mənbəyi olan Allah»dan aldığımız Padşahlıq xəbərini bəyan etmək necə də böyük şərəfdir! (Rom. 15:13).
7. Qızıl qanun nədir və ona müvafiq davranmaqla nə əldə edəcəyik?
7 Qızıl qanuna uyğun davran. Bu qanun İsanın Dağüstü təbliği zamanı söylədiyi növbəti sözlərdir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla eləcə rəftar edin. Əslində Qanun və Peyğəmbərlər də məhz bunu deyirlər» (Mat. 7:12). Başqaları ilə İsanın məsləhətinə uyğun davrandıqda müəyyən mənada «Qanun»a («Yaradılış»dan «Qanunun təkrarı»na qədər) və «Peyğəmbərlər»ə («İbranicə Müqəddəs Yazılar»dakı peyğəmbərlik kitabları) müvafiq davranmış oluruq. Bu sözlər göstərir ki, Allah başqalarına məhəbbət göstərənləri xeyir-dualandırır. Məsələn, Yehova Yeşaya vasitəsilə demişdi: «Ədaləti qoruyun, salehliyə əməl edin... Bunu edən insan... nə bəxtiyardır!» (Yeşaya 56:1, 2). Yaxınımızla məhəbbətlə və salehliklə davrandığımız üçün biz də bəxtiyar olacağıq.
8. Düşmənlərimizi nə üçün sevməliyik və bunun nəticəsi nə ola bilər?
8 Düşmənlərini sev. İsa demişdi: «“Yaxınını sev, düşməninə isə nifrət et”, — deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin. Beləcə, göydəki Atanızın oğulları olacaqsınız» (Mat. 5:43—45). Həvari Pavel də buna oxşar fikir yazmışdı: «Düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver» (Rom. 12:20; Sül. məs. 25:21). Musanın qanununa əsasən, israillidən düşməninin yükün altında qalan heyvanını azad etmək tələb olunurdu (Çıx. 23:5). Beləcə, bir-birinin hayına yetməklə düşmənlər yaxşı dosta çevrilə bilərdilər. Göstərdiyimiz məhəbbətin sayəsində düşmənlərimizin çoxu bizə olan münasibətini dəyişə, hətta onlardan bəziləri Yehovanın xidmətçisi ola bilərlər. Bunu görmək bizə necə də sevinc gətirəcək!
9. Bacı-qardaşlarımızla barışmaq barədə İsa nə demişdi?
9 «Hamıyla sülhdə olmağa [çalış]» (İbr. 12:14). Əlbəttə, bura bacı-qardaşlar da daxildir, çünki İsa demişdi: «Əgər bəxşiş götürüb qurbangaha gəlsən və orada yadına düşsə ki, qardaşın səndən inciyib, bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get qardaşınla barış, sonra gəlib bəxşişini təqdim edərsən» (Mat. 5:23, 24). Bacı-qardaşlarımıza məhəbbət göstərəndə və vaxt itirmədən onlarla barışmağa çalışanda Allahın rəğbətini qazanacağıq.
10. Nə üçün başqalarının gözündə çöp axtarmamalıyıq?
10 Başqasının gözündə çöp axtarma. İsa demişdi: «Bəsdirin insanları mühakimə etdiniz, yoxsa özünüz də mühakimə olunacaqsınız. Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız. Hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər. Niyə qardaşının gözündəki çöpə baxırsan, amma öz gözündəki tiri görmürsən? Öz gözündə tir ola-ola sən qardaşına necə: “Gəl gözündəki çöpü çıxarım”, — deyirsən? Ey ikiüzlü insan! Sən əvvəl öz gözündəki tiri çıxart, sonra qardaşının gözündəki çöpü necə çıxartmağı aydın görərsən» (Mat. 7:1—5). Özümüzdə böyük nöqsanlar ola-ola başqalarının xırda səhvlərini tənqid etməməyə dair deyilən bu sözlər insanın iliyinə işləyir!
YAXINIMIZI SEVDİYİMİZİ GÖSTƏRMƏYİN ƏN YAXŞI ÜSULU
11, 12. Yaxınımızı sevdiyimizi hansı ən yaxşı üsulla göstərə bilərik?
11 Yaxınımızı sevdiyimizi ən yaxşı üsulla göstərmək istəyirik. İsa kimi, biz də Padşahlıq haqqında xoş xəbəri təbliğ edirik (Luka 8:1). İsa davamçılarına «bütün millətlərin içində şagird [hazırlamaq]» tapşırığı verib (Mat. 28:19, 20). Bu tapşırığın yerinə yetirilməsində payımız olsun deyə biz yaxınımıza məhvə aparan enli və geniş yoldan çıxıb həyata aparan ensiz yolda yeriməsinə kömək etməyə çalışırıq (Mat. 7:13, 14). Şübhə yoxdur ki, Yehova bu zəhmətimizi xeyir-duasız qoymayacaq.
12 Biz də, İsa kimi, insanlara öz ruhani tələbatlarını duymağa kömək etməliyik (Mat. 5:3). Köməyimizə hay verən insanlara «Allahın xoş xəbərini» çatdırmaqla ehtiyac duyduqları qidanı veririk (Rom. 1:1). Padşahlıq xəbərini qəbul edən insanlar İsa Məsih vasitəsilə Allahla barışırlar (2 Kor. 5:18, 19). Beləcə, xoş xəbəri təbliğ etməklə biz yaxınımızı, sözün əsil mənasında, sevdiyimizi göstəririk. Sevgimizi göstərməyin bundan yaxşı və vacib üsulu ola bilməz.
13. Padşahlığın müjdəçisi kimi ən vacib işdə iştirakına necə yanaşırsan?
13 Yaxşı təkrar başçəkmə və Müqəddəs Kitab öyrənməsi sayəsində biz insanlara Allahın salehlik normalarına uyğun yaşamağa kömək edirik. Nəticədə, onlar həyatlarını tamamilə dəyişirlər (1 Kor. 6:9—11). Həqiqətən də, Allahın «əbədi həyata düzgün meyli [olanlara]» lazımi dəyişikliklər etməyə və Onunla sıx münasibətlər qurmağa necə kömək etdiyini görmək bizi çox sevindirir (Həv. iş. 13:48). Beləcə, bir çoxlarının kədəri sevincə çevrilib, habelə narahatçılıqdan yaxa qurtarıb səmavi Atamıza sığınıblar. Həqiqətə yeni gələnlərin ruhani inkişafını görmək necə də xoşdur! Yəqin razılaşacaqsan ki, Padşahlığın müjdəçisi kimi yaxınımızı sevdiyimizi göstərmək böyük şərəfdir!
MƏHƏBBƏTİN TƏRİFİ
14. Öz sözlərinlə məhəbbətin 1 Korinflilərə 13:4—8 ayələrində təsvir olunan bəzi yönlərini sadala.
14 Yaxınımızla münasibətdə Pavelin məhəbbət haqda dediklərini tətbiq etməklə bir çox problemləri həll edə, xoşbəxtliyə nail ola və Allahın xeyir-duasını qazana bilərik. (1 Korinflilərə 13:4—8 ayələrini oxu.) Gəlin Pavelin məhəbbətə verdiyi tərifi və onu yaxınımızla münasibətdə necə tətbiq edəcəyimizi qısaca nəzərdən keçirək.
15. a) Nə üçün səbirli və xeyirxah olmalıyıq? b) Nə üçün paxıl və lovğa olmamalıyıq?
15 «Məhəbbət səbirli və xeyirxahdır». Allah qeyri-kamil insanlara səbir və xeyirxahlıq göstərdiyi kimi, biz də başqaları səhvlər edəndə, düşünmədən, hətta kobud davrananda səbirli və xeyirxah olmalıyıq. «Məhəbbət paxıl deyil». Buna görə də əsil məhəbbət yol verməyəcək ki, biz yığıncaqdakı bacı-qardaşların mal-mülkünə və ya məsuliyyətlərinə gözügötürməməzliklə yanaşaq. Üstəlik, məhəbbətimiz varsa, biz lovğalanmayacaq və ya yekəxanalıq etməyəcəyik. Hər şeydən əlavə, «təkəbbürlü baxış, lovğa ürək pislərin işığı və günahıdır» (Sül. məs. 21:4).
16, 17. Biz 1 Korinflilərə 13:5, 6 ayələrinə müvafiq necə davrana bilərik?
16 Məhəbbət bizi yaxınımızla münasibətdə özümüzü ədəbli aparmağa təşviq edəcək. Biz ona yalan danışmayacaq, ondan oğurlamayacaq və ya Yehovanın qanun və prinsiplərini pozacaq heç bir hərəkətə yol verməyəcəyik. Məhəbbət bizi həm də öz xeyrimizi güdməkdən çəkindirir, əvəzində başqalarının xeyrini düşünməyə təşviq edir (Filip. 2:4).
17 Əsil məhəbbət əsəbiləşmir və «ona edilən pisliyin hesabını tutmur». Yəni, kimsə bizə qarşı pislik edəndə onunla alicənab davranmalıyıq (1 Salon. 5:15). Əgər qəlbimizdə kin yuva salsa, Allah heç vaxt bizdən razı qalmaz, əksinə, qəzəbimiz daha da alovlanar, həm özümüzə, həm də başqalarına zərər vurarıq (Lev. 19:18). Düzdür, məhəbbətin sayəsində həqiqətə şadlanacağıq, amma bu, bizə «haqsızlığa [sevinməyə]» əsas vermir. Hətta bizə nifrət edən adamın başına bir bəla gəlsə də, biz buna sevinməyəcəyik. (Süleymanın məsəlləri 24:17, 18 ayələrini oxu.)
18. Biz 1 Korinflilərə 13:7, 8 ayələrindən məhəbbət haqda nə öyrənirik?
18 Görək Pavel məhəbbət haqda daha nələr açıqlayır. O demişdi ki, məhəbbət «hər şeyə qatlaşır». Əgər kimsə bizim xətrimizə dəyir və sonradan üzr istəyirsə, məhəbbət bizi onu bağışlamağa təşviq edir. Məhəbbət Allahın Kəlamındakı «hər şeyə inanır» və bizi aldığımız ruhani qidaya görə minnətdar olmağa təşviq edir. Məhəbbət Müqəddəs Kitabda yazılan «hər şeyə ümid edir» və bizi bu ümidimizi başqaları ilə bölüşməyə səsləyir (1 Pet. 3:15). Üstəlik, çətin vəziyyətlə üzləşərkən dua edib hər şeyin yaxşı olacağına ümid edirik. Çünki məhəbbət bizə qarşı edilən bütün haqsızlıqlar, təqiblər və sınaqlar da daxil olmaqla, «hər şeyə dözür». Bundan əlavə, «məhəbbət heç vaxt tükənmir». İtaətkar bəşəriyyət bütün əbədiyyət boyu bunun şahidi olacaq.
YAXININI İNDƏN BELƏ DƏ ÖZÜNÜ SEVDİYİN KİMİ SEV
19, 20. Müqəddəs Kitabdakı hansı əmr bizə yaxınımızı daima sevməli olduğumuzu göstərir?
19 Müqəddəs Kitabın məsləhətinə əsasən, gərək biz indən belə də yaxınımızı sevək. Bu cür məhəbbəti yalnız aid olduğumuz millətə yox, hər kəsə göstərməliyik. Həmçinin İsanın sözlərini yadda saxlamalıyıq: «Yaxınını özünü sevdiyin kimi sev» (Mat. 22:39). Həm Allah, həm də Məsih bizdən yaxınımızı sevməyi gözləyir. Əgər biz müəyyən vəziyyətlərdə yaxınımızla necə davranacağımızı bilmiriksə, onda müqəddəs ruh vasitəsilə bizə yol göstərməsi üçün Allaha dua edə bilərik. Belə etsək, Yehova bizi xeyir-dualandıracaq və məhəbbətlə davranmağa kömək edəcək (Rom. 8:26, 27).
20 Yaxınımızı özümüzü sevdiyimiz qədər sevməli olduğumuzu göstərən əmr «qanunların şahı» adlanır (Yaq. 2:8). Musanın qanunundan bir necə əmri sadaladıqdan sonra Pavel qeyd etmişdi: «Digər əmrlərin məğzi budur: “Yaxınını özünü sevdiyin kimi sev”. Sevən adam yaxınına pislik etməz. Buna görə də məhəbbət qanunun icrası deməkdir» (Rom. 13:8—10). Məhz bu səbəbdən biz daima yaxınımızı sevməliyik.
21, 22. Allahı və yaxınımızı nə üçün sevməliyik?
21 Yaxşı olardı ki, yaxınımızı nə üçün sevməli olduğumuz üzərində düşünərkən İsanın Yehova haqda dediyi növbəti sözləri xatırlayaq: «O, günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun; yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın» (Mat. 5:43—45). Saleh və ya qeyri-saleh olmasından asılı olmayaraq, biz yaxınımızı sevməliyik. Əvvəldə qeyd olunduğu kimi, məhəbbətimizi göstərməyin ən yaxşı üsulu Padşahlıq xəbərini bölüşməkdir. Yaxınımızın xoş xəbəri minnətdarlıqla qəbul etməsi necə də böyük xeyir-duadır!
22 Bəli, öyrəndiyimiz kimi, Yehovanı qeyd-şərtsiz sevmək üçün çoxlu səbəblərimiz var. Həmçinin yaxınımıza onu sevdiyimizi bir çox üsullarla göstərə bilərik. Allahı və yaxınımızı sevməklə İsanın dediyi iki ən böyük əmrə riayət edir, ən əsası isə, sevən səmavi Atamız Yehovanı razı salırıq.