«Bizə de, bunlar nə vaxt baş verəcək?»
«Sənin iştirakının və dövrün yekununun əlaməti nə olacaq?» (MAT. 24:3).
1. Həvarilər kimi, biz də nəyi bilmək istəyirik?
İSANIN yer üzündəki xidməti başa çatmaq üzrə idi və onun şagirdləri gələcəkdə başlarına nə gələcəyini bilmək istəyirdilər. Buna görə də İsanın ölümündən bir neçə gün əvvəl həvarilərindən dördü ondan soruşdu: «Bunlar nə vaxt baş verəcək? Sənin iştirakının və dövrün yekununun əlaməti nə olacaq?» (Mat. 24:3; Mark 13:3). İsa bu sualları «Mattanın müjdəsi»nin 24 və 25-ci fəsillərində yazılan təfsilatlı peyğəmbərliklə cavablandırdı. O, bu peyğəmbərlikdə baş verəcək bir çox vacib hadisələri vurğuladı. Onun sözləri bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki gələcəkdə nələrin baş verəcəyi bizə də olduqca maraqlıdır.
2. a) İllər ərzində Allahın xidmətçiləri nəyi aydın dərk etməyə çalışmışlar? b) Hansı üç sualı müzakirə edəcəyik?
2 Yehovanın xidmətçiləri illər ərzində İsanın axır günlər haqqında dediyi peyğəmbərliyi dua edərək araşdırmışlar. Onlar İsanın sözlərinin nə vaxt yerinə yetəcəyini aydın dərk etməyə çalışmışlar. Müəyyən təlimləri tədricən necə daha dəqiq başa düşdüyümüzü görmək üçün gəlin növbəti üç sualı araşdıraq. «Böyük müsibət» nə vaxt başlayır? İsa «qoyunları keçilərdən» nə zaman ayırır? İsa nə vaxt gəlir? (Mat. 24:21; 25:31—33).
BÖYÜK MÜSİBƏT NƏ VAXT BAŞLAYIR?
3. Əvvəllər biz böyük müsibətin vaxtı barədə nə fikirləşirdik?
3 Uzun illər ərzində biz elə düşünürdük ki, böyük müsibət 1914-cü ildə Birinci Dünya müharibəsi ilə başlayıb və 1918-ci ildə müharibənin başa çatması ilə Yehova o günləri qısaldıb ki, məsh olunmuş qalığın xoş xəbəri bütün millətlərə təbliğ etmək imkanı olsun (Mat. 24:21, 22). Təbliğ işi bitdikdən sonra isə Şeytanın sistemi məhv edilməli idi. Həmçinin düşünürdük ki, böyük müsibət üç mərhələdən ibarətdir: başlamalı (1914—1918), ara verilməli (1918-ci ildən bəri) və Har-Magedonla yekunlaşmalı idi.
4. İsanın axır günlər haqda peyğəmbərliyi ilə bağlı nə aydın oldu?
4 Ancaq İsanın axır günlərlə bağlı peyğəmbərliyini uzun illər tədqiq etdikdən sonra müəyyənləşdirdik ki, peyğəmbərliyin müəyyən hissəsi iki dəfə yerinə yetməlidir (Mat. 24:4—22). Peyğəmbərlik bu hissəsi ilk dəfə eramızın birinci əsrində Yəhudeyada yerinə yetib, ikinci dəfə isə bizim günlərdə dünya miqyasında yerinə yetməlidir. Bunu başa düşməyimiz müəyyən məqamlara aydınlıq gətirdia.
5. a) 1914-cü ildən hansı çətin dövr başlayıb? b) Bu bəlalı dövr birinci əsrin hansı dövrünə müvafiq gəlir?
5 Biz həmçinin müəyyənləşdirdik ki, böyük müsibətin ilkin mərhələsi 1914-cü ildə başlamayıb. Nəyə görə? Çünki Müqəddəs Kitab peyğəmbərliyi izah edir ki, böyük müsibət millətlər arasında müharibə ilə yox, yalan dinə hücumla başlayacaq. Buna görə də 1914-cü ildə başlayan hadisələr böyük müsibətin yox, «bəlaların başlanğıcıdır» (Mat. 24:8). Bu bəlalar eramızın 33-cü ilindən 66-cı ilinə kimi Yerusəlim və Yəhudeyada baş vermiş hadisələrə müvafiq gəlir.
6. Böyük müsibətin başlamasına əlamət nə olacaq?
6 Böyük müsibətin başlamasına əlamət nə olacaq? İsa demişdi: «Daniel peyğəmbərin dediyi viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə durduğunu görəndə (oxuyan dərk etsin) qoy Yəhudeyada olanlar dağlara qaçsın» (Mat. 24:15, 16). «İyrənc şeyin müqəddəs yerdə [durduğu]» haqda peyğəmbərlik eramızın 66-cı ilində Roma ordusu (iyrənc şey) Yerusəlimə və məbədə (yəhudilərin gözündə müqəddəs yer) hücum edəndə ilk dəfə yerinə yetdi. Bu peyğəmbərliyin geniş miqyasda yerinə yetməsi Birləşmiş Millətlər Təşkilatının (müasir dövrdə iyrənc şey) Xristian dünyasına (xristianların gözündə müqəddəs) və Böyük Babilin qalan hissəsinə hücumu ilə başlayacaq. Həmin hücum Vəhy 17:16—18 ayələrində də təsvir olunur. Bu hadisə böyük müsibətin başlanğıcı olacaq.
7. a) Birinci əsrdə məsh olunmuşlar canlarını necə xilas etdilər? b) Biz gələcəkdə nəyin baş verəcəyini gözləyə bilərik?
7 İsa həmçinin peyğəmbərlik etmişdi ki, «o günlər qısaldılacaq». İlk dəfə bu, eramızın 66-cı ilində Roma ordusunun öz hücumunu dayandırdığı vaxt yerinə yetdi. Həmin vaxt Yerusəlimdəki və Yəhudeyadakı məsh olunmuş məsihçilər canlarını xilas etmək üçün qaçdılar. (Matta 24:22 ayəsini oxu; Mal. 3:17.) Beləliklə, biz böyük müsibətdə nəyin baş verəcəyini gözləyə bilərik? Yehova Birləşmiş Millətlər Təşkilatının yalan dinə hücumunu qısaldacaq və həqiqi dinin yalan dinlə birgə məhv edilməsinə yol verməyəcək. Bu, Allahın xalqının xilas ediləcəyinə zəmanət olacaq.
8. a) Böyük müsibətin ilkin mərhələsindən sonra nələr baş verəcək? b) 144 000-in sonuncu üzvləri səmavi mükafatlarını, çox ehtimal ki, nə zaman alacaqlar? (Qeydə bax.)
8 Böyük müsibətin ilkin mərhələsindən sonra nə baş verməlidir? İsanın sözləri göstərir ki, həmin vaxtdan Har-Magedonun başlamasına qədər müəyyən bir vaxt olacaq. Bu vaxt ərzində hansı hadisələr baş verəcək? Yezekel 38:14—16 və Matta 24:29—31 ayələri bu suala cavab verir. (Ayələri oxu.)b Bundan sonra Yerusəlimin eramızın 70-ci ilində dağılmasına müvafiq gələn və böyük müsibətin zirvəsi olan Har-Magedonun şahidi olacağıq (Mal. 4:1). Böyük müsibətin zirvəsi olan Har-Magedon kimi qeyri-adi hadisə hələ «dünya yaranandan bəri olmamışdır» (Mat. 24:21). Bundan sonra isə Məsihin Minillik Hökmranlığı başlayacaq.
9. Böyük müsibət haqqındakı peyğəmbərlik Yehovanın xalqına necə təsir edir?
9 Böyük müsibət haqqında bu peyğəmbərlik bizi ürəkləndirir. Nə üçün? Çünki bu, bizi əmin edir ki, üzləşdiyimiz çətinliklərdən asılı olmayaraq, Yehovanın xalqı ümumilikdə böyük müsibətdən sağ çıxacaq (Vəhy 7:9, 14). Hər şeydən əlavə, sevinirik ki, Har-Magedonda Yehova ali hökmranlığına bəraət qazandıracaq və müqəddəs adını təqdis edəcək (Məz. 83:18; Yez. 38:23).
İSA QOYUNLARI KEÇİLƏRDƏN NƏ ZAMAN AYIRIR?
10. Əvvəllər biz qoyunları keçilərdən ayırmaqla bağlı məsəlin nə vaxt yerinə yetdiyini düşünürdük?
10 Gəlin indi İsanın peyğəmbərliyinin digər hissəsinin — qoyunları keçilərdən ayırmaqla bağlı məsəlin nə vaxt yerinə yetdiyini araşdıraq (Mat. 25:31—46). Əvvəllər biz qoyunları keçilərdən ayırmaqla bağlı məsəlin 1914-cü ildən başlayan axır günlər ərzində yerinə yetdiyini fikirləşirdik. Və biz belə qənaətə gəlmişdik ki, Padşahlıq xəbərini qəbul etməyən və böyük müsibət başlamazdan əvvəl ölən kəslər keçilərə aid edilir və onların dirilməyə ümidləri yoxdur.
11. Nəyə görə insanların qoyun və ya keçi olduğuna qərar verilməsi 1914-cü ildən başlaya bilməzdi?
11 1990-cı ilin ortalarında «Gözətçi qülləsi» jurnalında «İnsan Oğlu bütün mələklərlə birgə öz calalında gəlib şanlı taxtına əyləşəcək» sözləri yazılan Matta 25:31 ayəsi yenidən nəzərdən keçirildi. Orada qeyd olunmuşdu ki, İsa 1914-cü ildə Allahın Padşahlığının Padşahı olsa da, «şanlı taxtına» «bütün millətlər»in Hakimi kimi əyləşməyib (Mat. 25:32; müqayisə et: Daniel 7:13). Ancaq qoyunlar və keçilər məsəlində İsa birbaşa Hakim kimi təsvir olunub. (Matta 25:31—34, 41, 46 ayələrini oxu.) Madam ki, İsa 1914-cü ildən bütün millətlərin üzərində Hakim kimi fəaliyyətə başlamayıb, onun insanların qoyun və ya keçi olduğuna qərar verməsi də o ildən başlaya bilməzdic. Bəs onda İsa nə vaxtdan Hakim kimi işə başlayacaq?
12. a) İsa bütün millətlərin Hakimi kimi ilk dəfə nə vaxt fəaliyyətə başlayacaq? b) Matta 24:30, 31 və Matta 25:31—33, 46 ayələrində hansı hadisələrdən bəhs olunur?
12 İsanın axır günlərə dair peyğəmbərliyi göstərir ki, o, ilk dəfə bütün millətlərin Hakimi qismində yalan dinin məhvindən sonra çıxış edəcək. 8-ci abzasda vurğulandığı kimi, həmin dövrdə baş verəcək hadisələrdən bəziləri Matta 24:30, 31 ayələrində yazılıb. Bu ayələrə diqqət yetirsək, görəcəyik ki, İsa burada qoyunlar və keçilər məsəlindəki hadisələrə oxşar hadisələrdən bəhs edir. Məsələn, insan Oğlu bütün mələklərlə birgə öz calalında gəlir; bütün qəbilələr və millətlər toplaşır; qoyunlar «əbədi həyata qovuşacaqlar»ı üçün başlarını dikəldird. Keçilər isə «əbədilik məhv ediləcəklər»ini başa düşərək «ağlaşıb başlarına [döyürlər]» (Mat. 25:31—33, 46).
13. a) İsa kimin keçi, kimin qoyun olduğuna nə zaman qərar verəcək? b) Bu təlim bizim xidmətə olan münasibətimizə necə təsir edir?
13 Elə isə buradan hansı nəticəyə gələ bilərik? İsa böyük müsibət zamanı gələndə bütün millətlərdən olan insanları, çoban qoyunları keçilərdən ayırdığı kimi, ayıracaq. Sonra böyük müsibətin ən yüksək zirvəsi olan Har-Magedonda keçi ilə müqayisə olunan insanlar əbədilik «məhv ediləcəklər». Bu təlim xidmətə olan münasibətimizə necə təsir edir? Bu, bizə gördüyümüz təbliğ işinin nə qədər vacib olduğunu dərk etməyə kömək edir. Nə qədər ki, böyük müsibət başlamayıb, insanların öz düşüncələrini dəyişib «həyata aparan» ensiz yola çıxmağa vaxtları var (Mat. 7:13, 14). Düzdür, bu gün kimlərsə qoyun, kimlərsə keçi mövqeyi tuta bilər. Bununla belə, unutmamalıyıq ki, kimin qoyun, kimin isə keçi olduğuna yekun qərar böyük müsibət zamanı veriləcək. Buna görə də mümkün qədər daha çox insanın Padşahlıq haqqında xoş xəbəri eşidib hay vermələri üçün əlimizdən gələni etməyə tutarlı səbəbimiz var.
İSA NƏ VAXT GƏLİR?
14, 15. Hansı dörd ayə Məsihin Hakim kimi gəlişindən bəhs edir?
14 Bəs İsanın peyğəmbərliyini dərindən araşdırmağımız, o deməkdirmi ki, əhəmiyyət kəsb edən digər hadisələrin vaxtına dair təlimlərdə də dəyişiklik edilməlidır? Cavabı peyğəmbərliyin özündə tapa bilərik. Gəlin baxaq necə.
15 İsa peyğəmbərliyinin Matta 24:29—25:46 ayələrindəki hissəsində diqqəti, əsas etibarilə, son günlərdə və qarşıdan gələn böyük müsibətdə baş verəcək hadisələrə yönəldir. Orada İsa gəlişindən səkkiz dəfə söz açır. Böyük müsibət haqqında o deyir: «Yer üzünün bütün qəbilələri... insan [Oğlunun]... buludların üzərində gəldiyini görəcək». «Ağanızın hansı gün gələcəyini bilmirsiniz». «İnsan Oğlu gözləmədiyiniz saatda gələcək». Keçilər və qoyunlarla bağlı məsəlində də İsa deyir: «İnsan Oğlu... öz calalında gəl[əcək]» (Mat. 24:30, 42, 44; 25:31). Bu dörd ayədən hər biri İsanın Hakim kimi gəlişinə şamil edilir. İsanın gəlişindən bəhs edən digər dörd ayə hansıdır?
16. İsanın gəlişi barədə başqa hansı ayələrdə bəhs edilir?
16 Ağıllı və sadiq nökər haqqında İsa qeyd edir: «O nökər xoşbəxtdir ki, ağası gələndə onu iş başında tapacaq». Qızlar haqqında məsəlində isə deyir: «Onlar yağ almağa getdikləri vaxt bəy gəlib çıxdı». Həmçinin gümüş pul haqqında məsəlində deyir: «Xeyli vaxt keçəndən sonra ağa geri qayıtdı». Elə həmin məsəldə ağa bildirir: «Mən gələndə pulumu... götürüm» (Mat. 24:46; 25:10, 19, 27). Bu dörd ayəyə əsasən, İsanın gəlişi nə vaxta düşür?
17. Matta 24:46 ayəsində xatırlanan ağanın gəlişi necə izah edirdik?
17 Əvvəllər biz ədəbiyyatlarımızda bildirmişdik ki, sonuncu bu dörd ayə İsanın 1918-ci ildəki gəlişinə aiddir. Məsələn, götürək İsanın «sadiq və ağıllı nökər» haqqında dediklərini. (Matta 24:45—47 ayələrini oxu.) Biz elə fikirləşirdik ki, 46-cı ayədə bəhs edilən ağanın gəlişi İsanın 1918-ci ildə məsh olunmuşların ruhani vəziyyətlərini yoxlamasına və 1919-cu ildə Ağanın bütün əmlakının idarəsini nökərə tapşırmasına işarə edir (Mal. 3:1). Lakin İsanın peyğəmbərliyini dərindən araşdırdıqca məlum olur ki, bu peyğəmbərliyin müəyyən məqamlarının vaxtına dair dəyişikliklər etmək lazımdır. Nə üçün?
18. İsanın peyğəmbərliyini araşdırmağın sayəsində onun gəlişi ilə bağlı hansı qənaətə gəlirik?
18 Matta 24:46 ayəsindən əvvəlki ayələrin hər birində xatırlanan «gəlmək» sözü İsanın böyük müsibətdə hökm bəyan etmək və onu icra etmək üçün gəlişinə aiddir (Mat. 24:30, 42, 44). Həmçinin 12-ci abzasda müzakirə etdiyimiz kimi, İsanın Matta 25:31 ayəsində xatırlanan gəlişi də gələcəkdə olacaq eyni hökm vaxtına aid edilir. Buna görə də məntiqəuyğundur ki, Matta 24:46, 47 ayələrində bəhs edilən İsanın bütün əmlakının idarəsini sadiq nökərə tapşırmaq üçün gələcəkdəki gəlişi də böyük müsibətə təsadüf edir. Əslində, İsanın peyğəmbərliyini araşdırmağın sayəsində aydın olur ki, səkkiz ayənin hər biri böyük müsibət zamanı həyata keçiriləcək hökm vaxtına aiddir.
19. Təlimlə bağlı hansı dəyişiklikləri müzakirə etdik və növbəti məqalələrdə hansı suallar araşdırılacaq?
19 Xülasə, biz bu məqalədən nələri öyrəndik? Məqalənin əvvəlində üç hadisənin nə vaxt baş verməsi ilə bağlı suallar qaldırılmışdı. Biz əvvəlcə araşdırdıq ki, böyük müsibət 1914-cü ildə yox, Birləşmiş Millətlər Təşkilatının Böyük Babilə hücumu ilə başlayacaq. Sonra İsanın qoyunları keçilərdən nəyə görə 1914-cü ildə yox, böyük müsibət zamanı ayıracağını öyrəndik. Sonda isə, İsanın bütün əmlakının idarəsini sadiq nökərə tapşırmaq üçün nəyə görə 1919-cu ildə yox, böyük müsibət zamanı gələcəyini araşdırdıq. Beləliklə, bu hadisələrin hər üçü eyni vaxtda — gələcəkdə baş verəcək böyük müsibətdə olacaq. Bu dəyişiklik sadiq nökərlə bağlı nümunəni başa düşməyimizə necə təsir edəcək? Eləcə də İsanın axır günlərdə baş verməli olan hadisələrə dair çəkdiyi digər məsəlləri başa düşməyimizə necə təsir edəcək? Bu vacib sualları növbəti məqalələrdə müzakirə edəcəyik.
a Abzas 4: [1] Daha çox məlumat əldə etmək üçün «Gözətçi qülləsi»nin 1994-cü il 15 fevral sayının 8—21-ci səhifələrinə (rus.) və 1999-cu il 1 may sayının 8—20-ci səhifələrinə (rus.) baxın.
b Abzas 8: [2] Bu ayələrdə xatırlanan hadisələrdən biri də «insan Oğlunun seçdiklərini»n yığılmasıdır (Mat. 24:31). Nəticədə, aydın olur ki, böyük müsibətin ilkin mərhələsindən sonra hələ də yer üzündə olan bütün məsh olunmuşlar Har-Magedon müharibəsi başlamamışdan əvvəl müəyyən bir anda göyə qalxacaqlar. Bu, «Gözətçi qülləsi»nin 1990-cı il 15 avqust sayının 30-cu səhifəsində (rus.) «Oxucuların sualları»nda həmin mövzu ilə bağlı deyilənlərə dəyişiklikdir.
c Abzas 11: [3] «Gözətçi qülləsi»nin 1995-ci il 15 oktyabr sayının 18—28-ci səhifələrinə (rus.) bax.
d Abzas 12: [4] Luka 21:28 ayəsindəki paralel məlumata bax.