TƏLİM MƏQALƏSİ 41
«Böyük müsibət» zamanı sadiq qalın!
«Yehovanı sevin, ey Onun sadiq bəndələri! Yehova vəfalı bəndələri hifz edər» (ZƏB. 31:23).
NƏĞMƏ 129 Dözüm göstərəcəyik
İCMALa
1, 2. a) Xalqlar tezliklə hansı bəyanatı verəcək? b) Hansı suallara cavab tapmalıyıq?
TƏSƏVVÜR EDİN Kİ, xalqlar uzun müddətdir gözlənilən «sülh və təhlükəsizlik» bəyanatını verir. Bəlkə də, onlar dünyada heç vaxt bu cür təhlükəsizliyin olmadığı ilə öyünəcəklər. Hər şeyin onların nəzarəti altında olduğuna inanmağımızı gözləyəcəklər. Amma onlar növbəti hadisələrin qarşısında tamamilə aciz qalacaqlar! Müqəddəs Kitabdakı peyğəmbərliyə əsasən, onlar «qəfil məhvə uğrayacaqlar və heç cürə xilas ola bilməyəcəklər» (1 Salon. 5:3).
2 Cavabını tapmalı olduğumuz növbəti suallar var: «Böyük müsibət zamanı nələr baş verəcək? Yehova həmin vaxt bizim necə davranmağımızı istəyir? Böyük müsibətdə sadiq qalmaq üçün özümüzü necə hazırlaya bilərik?» (Mət. 24:21).
BÖYÜK MÜSİBƏT ZAMANI NƏLƏR BAŞ VERƏCƏK?
3. Vəhy 17:5, 15—18 ayələrinə əsasən, Allah Böyük Babili necə məhv edəcək?
3 Vəhy 17:5, 15—18 ayələrini oxuyun. «Böyük Babil» məhv ediləcək! Qeyd etdiyimiz kimi, həmin vaxt xalqlar baş verən hadisələr qarşısında aciz qalacaq. Çünki «bu fikri onların ürəyinə Allah» qoyacaq. Hansı fikri? Xristian dünyasıb da daxil, bütün yalan dinləri məhv etmək fikrini. Allah bu fikri «al-qırmızı rəngli» vəhşi heyvanın «on buynuz»unun ürəyinə qoyacaq. Birləşmiş Millətlər Təşkilatını, yəni «vəhşi heyvan»ı dəstəkləyən «on buynuz» bütün siyasi qüvvələri təmsil edir (Vəhy 17:3, 11—13; 18:8). Həmin siyasi qüvvələr yalan dinə qarşı qalxacaq və bu, böyük müsibətin başlanğıcı olacaq. Bu, bütün dünya üçün dəhşətli fəlakət olacaq!
4. a) Xalqlar ehtimal ki, yalan dinə hücumlarını nə ilə izah edəcək? b) Həmin dinlərin keçmiş üzvləri ehtimal ki, nə edəcək?
4 Biz bilmirik xalqlar Böyük Babilə hücumlarını nə ilə izah edəcək. Ola bilsin, dinlərin sülhə maneə yaratdıqlarını və daima siyasətə qarışdıqlarını səbəb gətirəcəklər. Bəlkə də, dini təşkilatların hədsiz dərəcədə var-dövlətə və mülkə sahib olduğunu söyləyəcəklər (Vəhy 18:3, 7). Böyük ehtimal ki, xalqlar bu hücum zamanı yalan dinlərin bütün üzvlərini məhv etməyəcək, onlar dini təşkilatlara son qoyacaq. Bu təşkilatlar məhv olandan sonra onların keçmiş üzvləri din xadimlərinin öz vədlərini həyata keçirə bilmədiyini anlayacaq. Buna görə də həmin dinlərdən uzaq durmağa çalışacaq.
5. Yehova böyük müsibətlə bağlı nəyi vəd edib və nəyə görə?
5 Böyük Babilə hücumun nə qədər davam edəcəyi barədə Müqəddəs Kitabda heç nə yazılmayıb. Amma bilirik ki, bu, nisbətən qısa vaxt kəsiyi ərzində baş verəcək (Vəhy 18:10, 21). Yehova «seçdiyi adamlar»ın və haqq dinin məhv olmaması üçün böyük müsibətin günlərini qısaldacağını vəd edib (Mark 13:19, 20). Bəs böyük müsibətin başlamasından Armageddon müharibəsinə qədərki müddətdə Yehova bizim necə davranmağımızı istəyir?
PAK İBADƏTİ DƏSTƏKLƏMƏYƏ DAVAM EDİN
6. Nəyə görə yalan dinlə əlaqələri kəsmək kifayət deyil?
6 Ötən məqalədə araşdırdığımız kimi, Yehova xidmətçilərinin Böyük Babildən uzaq durmağını istəyir. Lakin yalan dinlə əlaqəni kəsmək kifayət deyil. Biz haqq dini — Yehovanın pak ibadətini dəstəkləməyə qərarlı olmalıyıq. Gəlin bunu etməyin iki yolunu araşdıraq.
7. a) Yehovanın yüksək əxlaq normalarına necə bağlı qala bilərik? b) İbranilərə 10:24, 25 ayələri xüsusilə indi birgə toplaşmağın vacibliyini necə vurğulayır?
7 İlk növbədə, biz Yehovanın yüksək əxlaq normalarına bağlı qalmalıyıq. Biz dünyanın əxlaq dəyərlərini əsla qəbul etməməliyik. Məsələn, biz eynicinsli insanlar arasında nikah və digər homoseksual həyat tərzi də daxil, cinsi əxlaqsızlığın heç bir növünü qəbul etmirik (Mət. 19:4, 5; Rom. 1:26, 27). İkincisi, dindaşlarımızla birgə ibadət etməyə davam etməliyik. Və bunu mümkün olan hər yerdə, istər ibadət evində, istər dindaşlarımızın evində, istərsə də başqa yerdə, hətta gizlində edirik. Nə baş verirsə-versin, ibadət üçün birgə yığışmağa son qoymayacağıq. Belə ki, «o günün yaxınlaşdığını gördükcə» birgə toplaşmağa daha çox ehtiyacımız var. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.)
8. Ehtimal ki, gələcəkdə hansı xəbəri çatdıracağıq?
8 Ehtimal ki, böyük müsibət zamanı başqa xəbər çatdıracağıq. Hal-hazırda biz Allahın Padşahlığı haqda xoş xəbəri təbliğ edirik və şagird hazırlamağa çalışırıq. Amma o vaxt çatdıracağımız xəbər çox güman ki, olduqca sərt olacaq. Müqəddəs Kitabda həmin xəbər şiddətli dolu ilə müqayisə edilir (Vəhy 16:21). Ola bilsin, Şeytan dünyasının tezliklə məhv olacağını bəyan edəcəyik. Vaxtı çatanda biz bu xəbərin nədən ibarət olduğunu və onu necə çatdırmalı olduğumuzu dəqiq biləcəyik. Görəsən, həmin vaxt yüz illərdir istifadə olunan üsullarla təbliğ edəcəyik? Yoxsa hansısa başqa üsullardan istifadə edəcəyik? Bunu zaman göstərəcək! Hər bir halda, görünür, bizə Yehovanın hökm xəbərini cəsarətlə bəyan etmək şərəfi nəsib olacaq! (Hizq. 2:3—5).
9. Ehtimal ki, xalqlar bəyan edəcəyimiz xəbərə necə reaksiya verəcək, amma nədən arxayın ola bilərik?
9 Çox yəqin ki, bəyan edəcəyimiz xəbərə görə xalqlar bizi birdəfəlik susdurmağa çalışacaq. Bu gün təbliğ işində Yehovanın dəstəyinə bel bağladığımız kimi, həmin vaxt da Ona ehtiyacımız olacaq. Əmin ola bilərik ki, Allahımız iradəsini həyata keçirmək üçün bizə bolluca güc-qüvvət verəcək (Mik. 3:8).
ALLAHIN XALQINA QARŞI HÜCUMA HAZIR OLUN
10. Luka 21:25—28 ayələrində peyğəmbərlik olunduğu kimi, bəşəriyyət böyük müsibət zamanı baş verənlərə necə reaksiya göstərəcək?
10 Luka 21:25—28 ayələrini oxuyun. Böyük müsibət zamanı insanlar əbədiyyən var olacağını düşündükləri hər şeyin — siyasi, kommersiya sistemlərinin və bu dünyanın parçası olan digər şeylərin məhv olmağa başladığını görüb dəhşətə gələcək. Bəşər tarixinin ən qaranlıq dövrünə qədəm qoyan insanlar həyatlarına görə qorxaraq «əzab çəkəcək» (Səf. 1:14, 15). Həmin dövrdə, yəqin ki, hətta Yehovanın xalqı üçün də həyat ağırlaşacaq. Bu dünyanın bir hissəsi olmadığımız üçün, ola bilsin, müəyyən çətinliklər yaşayacağıq. Ola bilsin, hətta həyat üçün zəruri olan şeylərə möhtac qalaq.
11. a) Nə üçün Yehovanın Şahidləri diqqət mərkəzində olacaq? b) Biz nə üçün böyük müsibətdən qorxmamalıyıq?
11 Böyük müsibətin hansısa məqamında insanlar öz dinlərinin bağlandığını, Yehovanın xidmətçilərinin isə hələ də fəaliyyətlərini davam etdirdiyini görüb qəzəblənəcək. Onların qəzəbinin necə böyük əks-səda verəcəyini, bəlkə də, bunu sosial şəbəkələrdə işıqlandıracaqlarını yalnız təsəvvür edə bilərik. Xalqlar və onların hakimi Şeytan məhv olmayan tək din olduğumuz üçün bizə nifrət edəcək. Onlar bütün dinləri yer üzündən silmək məqsədinə nail olmayacaqlar. Odur ki, biz onların diqqət mərkəzinə çevriləcəyik. Bu məqamda xalqlar Məcuc ölkəsindən olan Yəcucunc rolunu icra edəcək. Onlar birləşib var gücləri ilə Yehovanın xalqına qarşı amansız hücuma keçəcək (Hizq. 38:2, 14—16). Böyük müsibət zamanı nələrin baş verə biləcəyini düşünərək narahat olmağa başlaya bilərik, xüsusilə də detalları dəqiq bilmədiyimizə görə. Lakin bir şey dəqiqdir: biz böyük müsibətdən qorxmamalıyıq. Yehova həyatımızı xilas etmək üçün bizə rəhbərlik verəcək (Zəb. 34:19). Biz qamətimizi düzəldib başımızı dikəldəcəyik, çünki biləcəyik ki, qurtuluşumuz yaxındırd.
12. «Sadiq və ağıllı nökər» bizi baş verəcək hadisələrə necə hazırlayıb?
12 «Sadiq və ağıllı nökər» böyük müsibət zamanı sadiq qalmağımız üçün neçə vaxtdır bizi hazırlayır (Mət. 24:45). O, bunu müxtəlif üsullarla edib. Məsələn, bunlardan biri 2016—2018-ci illərdə keçirilən toplantılardır. Bu toplantılarda Yehovanın günü yaxınlaşdıqca bizə lazım olacaq xüsusiyyətləri möhkəmləndirməyə təşviq olunurduq. Gəlin bu xüsusiyyətlərə qısaca nəzər salaq.
SƏDAQƏTİNİZİ, DÖZÜMÜNÜZÜ VƏ CƏSARƏTİNİZİ MÖHKƏMLƏNDİRMƏYƏ DAVAM EDİN
13. Yehovaya sədaqətimizi necə möhkəmləndirə bilərik və nə üçün bunu indi etməliyik?
13 Sədaqət. 2016-cı ildə keçirilmiş regional toplantı «Yehovaya sadiq qalın!» adlanırdı. Toplantıdan öyrəndik ki, Yehova ilə münasibətlərimiz möhkəm olsa, Ona sadiq qalacağıq. Bu münasibətləri ürəkdən etdiyimiz dualar və Müqəddəs Kitabın dərin mütaliəsi sayəsində möhkəmləndirə bilərik. Bunlar bizə hətta ən ağır sınaqların öhdəsindən gəlməyə güc verir. Biz başa düşürük ki, Şeytanın dünyası sona yaxınlaşdıqca Allaha və Padşahlığına sədaqətimiz daha şiddətli sınaqlara məruz qalacaq. Güman ki, biz bundan sonra da rişxənd hədəfi olacağıq (2 But. 3:3, 4). Bunun başlıca səbəblərindən biri Şeytan dünyasının heç bir hissəsini dəstəkləməməyimizdir. Sədaqətimizi indidən möhkəmləndirməliyik ki, böyük müsibət zamanı sadiq qalaq.
14. a) Yer üzündə rəhbərlik edən qardaşlarla bağlı hansı dəyişiklik olacaq? b) Nəyə görə həmin vaxt sadiq olmalıyıq?
14 Böyük müsibət zamanı yer üzündə rəhbərlik edən qardaşlarla bağlı dəyişiklik olacaq. Həmin vaxt hələ yer üzündə olan məsh olunmuşlar Armageddon müharibəsində vuruşmaq üçün göyə qaldırılacaq (Mət. 24:31; Vəhy 2:26, 27). Bu, o deməkdir ki, Rəhbərlik Şurası artıq bizimlə birgə yer üzündə olmayacaq. Amma böyük izdiham başsız qalmayacaq. Başqa qoyunlardan olan təcrübəli qardaşlar bizə rəhbərlik edəcək. Sədaqətimizi həmin qardaşlara dəstək olmaqla və Allahın onlar vasitəsilə verdiyi göstərişlərə əməl etməklə göstərməliyik. Xilasımız bundan asılı olacaq!
15. Dözümümüzü necə möhkəmləndirə bilərik və nə üçün bunu indi etmək vacibdir?
15 Dözüm. 2017-ci ildə keçirilmiş regional toplantı «Təslim olma!» adlanırdı. Bu toplantı sınaqlar qarşısında dözümümüzü möhkəmləndirməyə kömək etdi. Öyrəndik ki, dözümlü olmağımız vəziyyətin yaxşı olmasına bağlı deyil. Yehovaya etibar etməklə dözümümüzü möhkəmləndirə bilərik (Rom. 12:12). Gəlin İsa Məsihin vədini heç vaxt unutmayaq: «Axıra kimi dözən xilas olacaq» (Mət. 24:13). Bu vəd üzləşdiyimiz istənilən çətinliyə rəğmən sədaqətli qalmalı olduğumuzu göstərir. İndi üzləşdiyimiz bütün sınaqlara dözsək, böyük müsibət başlamazdan öncə daha güclü olacağıq.
16. Bizi cəsarətli edən nədir və indidən cəsarətimizi necə möhkəmləndirə bilərik?
16 Cəsarət. 2018-ci ilin regional toplantısının mövzusu «Cəsur ol!» adlanırdı. Bu toplantıda vurğulanmışdı ki, bizi cəsarətli edən qabiliyyətlərimiz deyil. Dözüm Yehovaya etibardan qaynaqlandığı kimi, əsl cəsarət də Yehovaya etibardan qaynaqlanır. Bəs Yehovaya etibarımızı necə möhkəmləndirə bilərik? Onun Kəlamını hər gün oxumaqla və keçmişdə xalqını necə xilas etdiyi üzərində düşünməklə (Zəb. 68:20; 2 But. 2:9). Böyük müsibət zamanı xalqlar hücuma keçəndə bizə həmişəkindən daha çox cəsarət və Yehovaya etibar etmək gərək olacaq (Zəb. 112:7, 8; İbr. 13:6). Əgər bu gündən Yehovaya etibar etsək, Yəcucun hücumu ilə üzləşməyə cəsarətimiz çatacaqe.
QURTULUŞUNUZU SƏBİRSİZLİKLƏ GÖZLƏYİN
17. Armageddon müharibəsindən nə üçün qorxmaq lazım deyil? (Üz qabığındakı şəklə baxın.)
17 Əvvəlki məqalədə qeyd olunduğu kimi, əksəriyyətimizin həyatı axırzamanda keçir. Amma bizim həmçinin böyük müsibətdən xilas olmaq ümidimiz var. Armageddon müharibəsi bu şər dünyaya birdəfəlik son qoyacaq. Buna görə də nədənsə qorxmağa lüzum yoxdur. Çünki bu, Yehovanın müharibəsi olacaq (Məs. 1:33; Hizq. 38:18—20; Zək. 14:3). İsa Məsih Yehovanın əmri ilə Onun ordusuna başçılıq edəcək. Onun yanında dirilən məsh olunmuşlar və milyardlarla mələk olacaq. Onlar birlikdə Şeytana, onun cinlərinə və yer üzündəki ordularına qarşı döyüşəcək (Dən. 12:1; Vəhy 6:2; 17:14).
18. a) Yehova bizi nəyə əmin edir? b) Vəhy 7:9, 13—17 ayələrindəki sözlər gələcəyə əminliyimizi necə artırır?
18 Yehova bizi əmin edərək deyir: «Sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək» (Əşy. 54:17). Yehovanın sadiq xidmətçilərindən ibarət «böyük bir izdiham» böyük müsibətdən sağ çıxacaq! Bundan sonra onlar müqəddəs xidməti icra etməyə davam edəcəklər. (Vəhy 7:9, 13—17 ayələrini oxuyun.) Müqəddəs Kitab bizə xilas olacağımıza dair əminlik verir! Bilirik ki, Yehova vəfalı bəndələrini hifz edir (Zəb. 31:23). Yehovanı sevən və adını ucaldan hər kəs Allahımızın Öz müqəddəs adına bəraət qazandırdığını görməkdən sevinc duyacaq (Hizq. 38:23).
19. Tezliklə bizi necə gələcək gözləyir?
19 Bir anlıq düşünün, əgər 2 Timutiyə 3:2—5 ayələrində Şeytandan təmizlənmiş yeni dünyada yaşayan insanların xüsusiyyətləri təsvir olunsaydı, orada nə yazılardı? (“«İnsanlar gələcəkdə» adlı çərçivəyə baxın.) Rəhbərlik şurasının üzvü olmuş Corc Qanqasf qardaş belə demişdi: «Əgər bütün dünya bacı-qardaşlardan ibarət olsa idi, görün həyat necə olardı! Tezliklə sizin yer üzündə gözəl bir həyat sürmək imkanınız olacaq. Yehova var olduqca siz də yaşayacaqsınız. Biz əbədiyyən yaşayacağıq». Necə də möhtəşəm ümiddir!
NƏĞMƏ 122 Mətin qalın, sarsılmaz olun!
a Bilirik ki, tezliklə bəşəriyyət «böyük müsibət»lə üzləşəcək. Bəs bu zaman Yehovanın Şahidləri ilə nə baş verəcək? Yehova bizim həmin vaxt necə davranmağımızı istəyir? Sədaqətli qalmaq üçün hal-hazırda hansı xüsusiyyətlərimizi möhkəmləndirməliyik? Məqalədə bu sualların cavabını tapacağıq.
b BƏZİ İFADƏLƏRİN İZAHI. Xristian dünyası deyiləndə Məsihin davamçısı olduğunu iddia edən, amma Yehovanın qanunlarına uyğun ibadət etməyənlər nəzərdə tutulur.
c BƏZİ İFADƏLƏRİN İZAHI. Məcuc ölkəsindən olan Yəcuc (və onun qısa forması Yəcuc) ifadəsi böyük müsibətin sonuna yaxın pak ibadətə qarşı döyüşəcək millətlər birliyinə aiddir.
d Armageddondan öncə baş verəcək hadisələr barədə daha dərin araşdırmaq üçün «Allahın Padşahlığı hökmranlıq edir!» kitabının 21-ci fəslinə baxın. Məcuc ölkəsindən olan Yəcucun hücumu və Armageddonda Yehovanın Öz xalqını necə müdafiə edəcəyi barədə ətraflı öyrənmək üçün «Pak ibadət dirçəlir!» kitabının 17 və 18-ci fəsillərinə baxın.
e «Məhəbbət heç vaxt tükənmir!» adlı 2019-cu ilin regional toplantısı bizi əmin edir ki, Yehovanın müdafiəsi sayəsində əbədiyyən təhlükəsizlikdə qala bilərik (1 Kor. 13:8).
f «Gözətçi qülləsi» jurnalının 1994-cü il 1 dekabr sayında dərc olunan «Əməlləri onunla birgə gedir» adlı (rus.) məqaləyə baxın.
g ŞƏKLİN İZAHI. Böyük müsibət zamanı Yehovanın Şahidlərindən ibarət kiçik bir qrup cəsarət göstərib meşədə yığıncaq keçirir.
h ŞƏKLİN İZAHI. Yehovanın sadiq xidmətçilərindən ibarət böyük bir izdiham böyük müsibətdən sağ çıxıb və çox xoşbəxtdir!