Bilirsinizmi?
Allah Peterə Kornilinin evinə getməyi buyurmamışdan qabaq, onun dabbağın evində qalmasından nə öyrənə bilərik?
▪ «Həvarilərin işləri» kitabında qeyd olunur ki, «Peter bir müddət Yaffada» evi dəniz kənarında olan «dabbağ Şimonun evində qaldı» (Həvarilərin işləri 9:43; 10:6). Yəhudilərin fikrincə, dabbağ işi natəmiz və aşağı səviyyəli iş sayılırdı. Talmudda göstərildiyi kimi, dabbağ işi hətta peyin yığmaqdan da betər hesab olunurdu. Şimeon həmişə ölü heyvanların cəsədi ilə işlədiyi üçün o, natəmiz sayılırdı (Levililər 5:2; 11:39). Bəzi mənbələrə əsasən, ehtimal ki, Şimeon dabbağ işində dəniz suyundan istifadə edirdi və fərz edilir ki, onun dabbağxanası şəhərdən kənarda yerləşirdi, çünki dəridən üfunət iyi gəlirdi.
Bununla belə, Peter Şimeonun evində qalırdı. Bundan görünür ki, o, İsanın nümunəsini izləyərək yəhudilərin arasında natəmiz sayılan insanlarla bağlı yayılan yanlış fikirləri rədd edirdi (Matta 9:11; Luka 7:36—50).
İsanın: «Sən özün bunu dedin» sözləri hansı mənanı daşıyır?
▪ Yəhudilərin baş kahini Kayafa İsadan: «Allahın Oğlu Məsih sənsən?» — deyə soruşanda İsa ona belə cavab verdi: «Sən özün bunu dedin» (Matta 26:63, 64). Bu sözlər hansı mənanı daşıyırdı?
İsa Məsih Kayafanın sualından yayınmağa çalışmırdı. «Sən özün bunu dedin» — ifadəsi, güman ki, deyilən sözün həqiqət olduğunu göstərən yəhudi idiomu idi. Məsələn, eramızın IV əsrində tərtib olunan yəhudilərin dini kitabı Yerusəlim Talmudunda bir yəhudidən danışılır. Ondan ravvinin ölüb-ölmədiyini xəbər alanda o belə cavab verib: «Bunu sən dedin». Onun bu cavabı ravvinin, doğrudan da, öldüyünü təsdiqləyirdi.
İsa qəbul edirdi ki, sözlərini təsdiqləməsi üçün baş kahinin ona and verdirməyə ixtiyarı çatır. Üstəlik, onun susmasını Məsih olduğunu inkar etməsi kimi başa düşə bilərdilər. Buna görə də, İsa: «Sən özün bunu dedin», — sözlərilə baş kahinin sualına müsbət cavab vermiş oldu. Eyni hadisə Müqəddəs Kitabın «Mark» kitabında qeydə alınıb və orada deyilir ki, Kayafa birbaşa İsaya sual verəndə o, cəsarətlə: «Bəli, mənəm» — deyə cavab verdi. (Mark 14:62; həmçinin Matta 26:25 və Mark 15:2 ayələrinə baxın.)
[26–cı səhifədəki şəkil]
Fes şəhərində dabbağxana (Mərakeş)