Onların İmanını Təqlid Edin
O, Ağasından bağışlamağı öyrəndi
PETER baxışlarının toqquşduğu vaxt yaşadığı həmin dəhşətli anı heç vaxt unutmayacaqdı. İsanın baxışlarında məyusluq və ya məzəmmət oxunurdumu? Qəti heç nə deyə bilmərik. Allahdan ilham almış Yazılarda sadəcə deyilir ki, İsa «dönüb Peterə baxdı» (Luka 22:61). Lakin o bir baxış Peterə səhvinin nə qədər böyük olduğunu söyləyirdi. Peter başa düşdü ki, İsanın qabaqcadan dediyi bir işi tutub. Halbuki o, heç vaxt belə davranmayacağını — sevimli Ağasını inkar etməyəcəyini qətiyyətlə demişdi. Peter bunu özündən heç gözləməzdi. Bu, bəlkə də onun həyatının ən pis günü, ən pis anı idi.
Lakin vəziyyət ümidsiz deyildi. Böyük iman sahibi olduğundan Peterin hələ də səhvlərini düzəltmək və İsadan ən mühüm bir şeyi — bağışlamağı öyrənmək imkanı var idi. Bizlərdən hər birimiz də bağışlamağı bacarmalıyıq, məhz buna görə də gəlin görək Peter bunu necə öyrəndi.
O, hələ çox şeyi öyrənməli idi
Bu hadisədən təxminən altı ay əvvəl doğma şəhəri Kefernahumda Peter İsaya yaxınlaşaraq soruşmuşdu: «Ya Rəbb! Qardaşım mənə qarşı neçə dəfə günah işlədərsə, mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» Yəqin Peter bununla alicənablıq etdiyini düşünürdü. Axı həmin günlərdə din rəhbərləri öyrədirdilər ki, insanı uzaqbaşı üç dəfə bağışlamaq olar! İsa cavab verdi: «Yeddi dəfə yox, yetmiş kərə yeddi dəfə» (Matta 18:21, 22).
İsa Peterə günahların siyahısını tutmağımı söyləyirdi? Əksinə, o demək istəyirdi ki, bağışlamağa hədd qoyulmamalıdır. Bununla İsa göstərdi ki, daşürəkli və rəhmsiz insanların əhval-ruhiyyəsi Peterə sirayət etmişdi. Həmin vaxtlarda insanlar hər bağışladıqları səhvi sanki borc dəftərinə yazırdılar. Lakin Allahın normalarına əsasən yaşayan insan comərdliklə bağışlamalıdır.
Peter İsa ilə söz güləşdirmədi. Bəs onun sözlərindən özünə, doğrudan da, dərs götürdümü? Hərdən biz bağışlamağın nə demək olduğunu özümüz buna son dərəcə ehtiyac duyanda başa düşürük. Buna görə də gəlin İsanın ölümündən əvvəlki gecə baş verən hadisələrə qayıdaq. Həmin çətin anlarda Peter Ağasına qarşı çoxlu səhvlər etdi.
Bağışlanmağa ehtiyac artır
Mühüm bir gecə idi. İsa yer üzündə son gecəsini yaşayırdı. O, həvarilərinə hələ çox şeyi, məsələn, təvazökarlığı öyrətmək istəyirdi. İsa adətən ən aşağı səviyyəli işi görən qulluqçunun gördüyü işi edərək — onların ayağını yuyaraq həlimliyə dair gözəl nümunə qoydu. Əvvəlcə, bu, Peterdə sual doğurdu. Sonra o etiraz etdi. Daha sonra isə təkid etdi ki, İsa onun təkcə ayaqlarını yox, əllərini və başını da yusun! İsanın səbri tükənmədi, əksinə, mülayimliklə hərəkətinin məğzini və vacibliyini izah etdi (Yəhya 13:1—17).
Bu hadisədən çox keçməmiş həvarilər arasında kimin ən böyük olması üstündə mübahisə düşdü. Sözsüz ki, onlara yaraşmayan bu söz-söhbətdə Peter də iştirak edirdi. Bununla belə, İsa mülayimliklə onlara məsləhət verdi və hətta indiyədək gördükləri yaxşı işlərinə, yəni Ağalarına sadiq qaldıqlarına görə onları təriflədi. Bununla yanaşı, o, qabaqcadan bildirdi ki, həvarilərin hamısı onu atıb qaçacaq. Peter isə, hətta ölüm bahasına olsa belə, ondan ayrılmayacağını dedi. Ancaq İsa söylədi ki, məhz elə həmin gecə xoruz iki dəfə banlamazdan qabaq Peter üç dəfə onu inkar edəcək. Bunu eşidən Peter nəinki İsa ilə razılaşmadı, hətta özündən razı halda başqa həvarilərdən daha çox sadiq olacağını bildirdi! (Matta 26:31—35; Mark 14:27—31; Luka 22:24—28).
Peterin hərəkəti İsanı özündən çıxardımı? Bütün bu gərgin vaxt ərzində İsa qeyri-kamil həvarilərində müsbət cəhətlər axtarırdı. Peterin onu pis vəziyyətdə qoyacağını bilə-bilə İsa dedi: «Mən sənin üçün dua etdim ki, imanın azalmasın; sən də bir zaman dönüb öz qardaşlarına qüvvət ver» (Luka 22:32). Beləliklə, İsa Peterin öz səhvini düzəldəcəyinə və yenidən sədaqətlə xidmət edəcəyinə əmin olduğunu bildirdi. Mərhəmətin və xeyirxahlığın necə də gözəl təzahürüdür!
Bir qədər sonra, Getsamani bağında Peterə bir neçə dəfə məsləhət vermək lazım gəldi. İsa ondan, eləcə də Yaqub və Yəhyadan xahiş etdi ki, o dua etdiyi müddətdə ayıq qalsınlar. Şiddətli iztirab çəkən İsanın onların dəstəyinə ehtiyacı var idi, amma Peter digərləri ilə bərabər hər dəfə yuxuya gedirdi. İsa şəfqət və mərhəmətlə onlara dedi: «Doğrudan da ruh qeyrətli, bədən isə zəifdir» (Mark 14:32—38).
Çox keçməmiş oraya əllərində məşəl, qılınc və dəyənək olan izdiham gəlib çıxdı. İndi ehtiyatla və uzaqgörənliklə davranmaq lazım idi. Ancaq Peter dərhal hərəkətə keçdi, qılıncı çəkib Malik adlı bir kişinin, baş kahinin qulunun qulağını kəsdi. İsa təmkinlə Peterə nəsihət verdi, qulun qulağını sağaltdı və davamçılarının bugünədək rəhbər tutduğu zorakılıq işlətməmək prinsipini izah etdi (Matta 26:47—55; Luka 22:47—51; Yəhya 18:10, 11). Peter Ağasına qarşı artıq çoxlu səhv etmişdi. Bu bizə bir daha xatırladır ki, «hamımız çox səhv edirik» (Yaqub 3:2). Elə bir gün olurmu ki, bizlərdən kimsə səhv edib Allahdan əfv diləməsin? Ancaq Peterin həmin gecə etdiyi səhvlər bununla bitmədi. Ən dəhşətlisi hələ qabaqda idi.
Peterin ən böyük səhvi
İsa camaata söylədi ki, əgər axtardıqları odursa, onda qoy həvarilərini buraxsınlar. Onlar İsanın əl-qolunu bağlayanda Peter aciz-aciz baş verənlərə baxırdı. Sonra isə başqa həvarilər kimi, o da qaçdı.
Peter və Yəhya, ehtimal ki, keçmiş baş kahin Hananın evinin yaxınlığında dayandılar. İsanı sorğu-suala çəkmək üçün əvvəlcə ora aparmışdılar. İsanı oradan aparanda Peter və Yəhya da «uzaqdan» onların ardınca getdi (Matta 26:58; Yəhya 18:12, 13). Peter qorxaq deyildi. Belə ki, ora getmək üçün cəsarət tələb olunurdu. İzdiham silahlı idi, üstəlik Peter onlardan birini yaralamışdı. Buna baxmayaraq, Peter iddia etdiyi kimi sədaqətli məhəbbət nümunəsi vermədi, yəni lazım gələrsə, Ağası ilə ölməyə hazır olduğunu sübut etmədi (Mark 14:31).
Peter kimi, bu gün də bir çoxları Məsihin ardınca «uzaqdan» getməyə çalışırlar, yəni elə etmək istəyirlər ki, bu, heç kimin nəzərinə çarpmasın. Lakin sonralar Peterin özünün də yazdığı kimi, Məsihi düzgün şəkildə izləməyin yeganə yolu nə olursa-olsun, bacardığımız qədər ona yaxın olmaq, hər bir şeydə onu təqlid etməkdir (1 Peter 2:21).
Peter gizlənə-gizlənə Yerusəlimin ən böyük imarətlərindən birinin darvazasına gəlib çatdı. Bu ev varlı və nüfuzlu baş kahin olan Qayafanın evi idi. Adətən belə evlər bütün həyəti əhatə edirdi, qarşı tərəfdə isə darvaza qoyulurdu. Peter darvazaya yaxınlaşdı, amma onu içəri buraxmadılar. Artıq içəridə olan Yəhya gəlib qapıçıya söylədi ki, Peteri buraxsın. Görünür, Peter nə Yəhyaya yaxın gedir, nə də ki, Ağasının yanında olmaq üçün evə girməyə çalışırdı. O, həyətdə, gecənin ayazında donmamaq üçün tonqalın ətrafına toplaşmış qullar və nökərlərlə durub, İsaya qarşı ittihamlar irəli sürən yalançı şahidlərin bir-bir evə girib-çıxmasına baxırdı (Mark 14:54—57; Yəhya 18:15, 16, 18).
Peteri içəri buraxan qız tonqalın işığında onun üzünü daha aydın görüb tanıdı. Qız ittihamedici səslə ona dedi: «Sən də Qalileyalı İsa ilə bərabər idin». Özünü itirən Peter İsanı tanıdığını inkar etdi, hətta dedi ki, qızın nə haqda danışdığını belə başa düşmür. Camaatın gözündən yayınmaq üçün gedib darvazanın yanında dayandı. Bu dəfə isə başqa bir qız Peteri gördü və onu göstərib dedi: «Bu adam da Nazaretli İsa ilə bərabər idi». Peter and içərək dedi: «O Adamı tanımıram» (Matta 26:69—72). Yəqin Peter xoruzun banlamasını ikinci dəfə İsanı inkar etdikdən sonra eşitdi, lakin onun fikri o qədər dağınıq idi ki, İsanın cəmi bir neçə saat əvvəl dediyi peyğəmbərlik heç yadına da düşmədi.
Bir qədər keçdi. Peter hələ də hamının diqqətindən yayınmağa çalışırdı. Lakin həyətdə dayanan bir qrup adam ona yaxınlaşdı. Onlardan biri Peterin yaraladığı qulun, Malikin qohumu idi. O, Peterə dedi: «Səni bağda Onunla görmədimmi?» Peter istədi ki, onları yanıldıqlarına inandırsın. Buna görə də and-aman elədi və dedi ki, əgər yalan deyirsə, qoy ona lənət olsun. Söz ağzından çıxar-çıxmaz xoruz banladı. Peter həmin gecə ikinci dəfə idi ki, xoruz banını eşidirdi (Yəhya 18:26, 27; Mark 14:71, 72).
Elə bu dəm İsa eyvana çıxıb həyətə baxdı. Həmin an, məqalənin əvvəlində təsvir olunduğu kimi, onun gözləri Peterə sataşdı. Peter Ağasına qarşı nə dərəcədə düzgün davranmadığını başa düşdü. O, pərişan halda həyətdən çıxdı. Şəhərin küçələrinə üz tutdu. Batmaqda olan bədirlənmiş ay onun yollarını işıqlandırırdı. Olub-keçənlər bir-bir gözlərinin önündən keçib-gedirdi. Qəhər onu boğurdu. Axırda Peter özünü saxlaya bilməyib uşaq kimi hönkür-hönkür ağladı (Mark 14:72; Luka 22:61, 62).
İnsan işlətdiyi səhvin nə qədər ciddi olduğunu başa düşəndə çox asanlıqla onun bağışlanmaz olduğunu düşünə bilər. Yəqin Peter də özü haqda bu fikirdə idi. Bəs görəsən Peteri bağışlamaq olardımı?
O bağışlanmağa layiq idimi?
Səhərə yaxın Peterin nə qədər böyük qəlb ağrısı keçirdiyini təsəvvür etmək çox çətindir. Üstəlik, həmin gün baş verən hadisələr onun ağrısını daha da artırdı. O gün bir neçə saat işgəncə çəkdikdən sonra, günorta İsa öləndə, yəqin Peter özünü çox qınayırdı. Yer üzündə keçirdiyi son gecəsində Ağasının onsuz da çətin olan vəziyyətini o daha da ağırlaşdırmışdı. Nə qədər kədərli olsa da, Peter məyusluğa qapılmadı. Bunu ondan bilirik ki, çox keçməmiş o, yenidən qardaşlarla birgə idi (Luka 24:33). Şübhəsiz, həvarilərin hamısı həmin dəhşətli gecə etdikləri hərəkətə görə peşman idilər və bir-birinə təskinlik verirdilər.
Burada biz Peterin qəbul etdiyi müdrik qərarlardan birini görürük. Allahın xidmətçisi yıxılanda, əsas məsələ onun nə qədər pis yıxılması yox, hər şeyi yenidən başlamaq üçün ayağa qalxmaq əzmində olmasıdır (Süleymanın məsəlləri 24:16). Peter məyusluğa baxmayaraq, qardaşları ilə birgə olmaqla həqiqi imana sahib olduğunu göstərdi. İnsan kədərə qərq olanda və ya nəyinsə peşmançılığını çəkəndə adətən tək qalmaq istəyir, amma bu, çox təhlükəlidir (Süleymanın məsəlləri 18:1). Ən yaxşı çıxış yolu həmimanlılarla birlikdə olmaq və xidməti davam etdirmək üçün yenidən güc toplamaqdır (İbranilərə 10:24, 25).
Ruhani qardaşları ilə bir yerdə olanda Peter eşitdi ki, İsanın cəsədi sərdabədə deyil. Bunu eşidər-eşitməz Peterlə Yəhya cəld İsanı dəfn edib ağzına daş yuvarladıqları sərdabəyə doğru qaçdılar. Yaşca Peterdən kiçik olan Yəhya sərdabəyə birinci çatdı. Sərdabənin ağzını açıq görəndə içəri girməyə tərəddüd etdi. Peter isə təngnəfəs özünü yetirib, birbaş içəri girdi. Sərdabə bomboş idi! (Yəhya 20:3—9).
Peter İsanın dirildiyinə inandımı? Əvvəlcə yox. Hətta sadiq qadınlar mələklərin onlara görünüb İsanın ölülərdən dirildiyini xəbər versə də, o, buna inanmadı (Luka 23:55—24:11). Amma həmin gün bitənə yaxın Peterin ürəyində şübhə və kədərdən əsər-əlamət belə qalmadı. İsa sağ idi, özü də qüdrətli ruhani varlıq kimi dirildilmişdi! O, bütün həvarilərinə göründü. Ancaq o, əvvəlcə başqa bir şey də etmişdi. Həmin gün həvarilər dedilər: «Rəbb doğrudan da dirilmiş və Şimona görünmüşdür» (Luka 24:34). Buna bənzər tərzdə, sonralar həvari Pavel də həmin əlamətdar gün haqda yazarkən İsanın ‘əvvəlcə Kefaya, sonra da Onikilərə göründüyünü’ demişdi (1 Korinflilərə 15:5). Kefa və Şimon Peterin digər adlarıdır. Görünür, həmin gün o tək olanda İsa ona görünmüşdü.
Müqəddəs Kitabda həmin xüsusi görüş zamanı baş verənlər haqda heç nə deyilmir. Sevimli Ağasının yenidən sağ olduğunu, həmçinin öz peşmançılığını və kədərini bildirməyə imkan yarandığını görəndə Peterin necə həyəcan keçirdiyini yalnız təsəvvür edə bilərik. Həyatda tək istəyi İsanın onu bağışlaması idi. İsanın onu bağışladığına, özü də ürəkdən bağışladığına kim şübhə edə bilər? Bu gün günah işlədən məsihçilər yaxşı olardı ki, Peteri yada salsınlar. Allahın bizi bağışlamayacağı fikrini heç vaxt özümüzə yaxın buraxmamalıyıq. İsa ‘əfvi bol’ olan Atasını mükəmməl surətdə əks etdirirdi (Yeşaya 55:7).
Əfv olunduğunu göstərən digər sübutlar
İsa həvarilərinə görüşəcəkləri yerə, Qalileyaya getməyi tapşırdı. Ora gəlib çatanda Peter Qalileya dənizində balıq tutmaq fikrinə düşdü. Ona bir neçə nəfər də qoşuldu. Peter yenə də həyatının çox hissəsini keçirdiyi göldə idi. Qayığın cırıltısı, dalğaların şappıltısı, əlində tutduğu qalın tor. Bunların hamısı ona doğma idi. Görəsən, o, həmin gecə İsanın yer üzündə xidmətini başa vurduğu bir vaxtda həyatını necə quracağı haqda düşünürdümü? Sadə balıqçı həyatı onu özünə çəkirdimi? Hər necə olsa da, onlar bütün gecəni bir dənə də olsun, balıq tuta bilmədilər (Matta 26:32; Yəhya 21:1—3).
Dan yeri söküləndə sahildən bir nəfər onları səslədi və söylədi ki, torlarını qayığın o biri tərəfinə atsınlar. Onlar onun dediyi kimi etdilər və çoxlu, 153 balıq tutdular! Peter onu tanıdı. O, qayıqdan suya tullanaraq sahilə tərəf üzdü. Sahildə İsa kömürün üstündə bişirdiyi balıqdan onlara verdi. Onun fikri Peterdə idi.
Görünür, balıqlara işarə edərək İsa Peterdən soruşdu: «Məni bunlardan çox sevirsənmi?» Görəsən, Peterin ürəyində hansı məhəbbət üstün gələcəkdi: balıqçılığa, yoxsa İsaya olan məhəbbət? Necə ki, Peter üç dəfə Ağasını inkar etmişdi, eləcə də İsa ona üç dəfə məhəbbətini yoldaşları qarşısında təsdiq etməyə imkan verdi. Peter belə etdikdə İsa ona bu məhəbbəti necə təzahür etdirməyi söylədi: müqəddəs xidməti hər şeydən üstün tutmaq, Məsihin sürüsünü, yəni onun sadiq davamçılarını bəsləmək və onların qayğısına qalmaq (Yəhya 21:4—17).
İsa bununla təsdiq etdi ki, Peter hələ də ona və Atasına lazımdır. O, Məsihin başçılıq etdiyi yığıncaqda mühüm rol oynayacaqdı. Bu, İsanın Peteri ürəkdən bağışladığına necə də tutarlı sübutdur! Sözsüz ki, İsanın göstərdiyi lütf Peterə dərin təsir bağışladı.
Peter uzun illər ərzində aldığı tapşırığı sədaqətlə yerinə yetirdi. O, İsanın ölümü ərəfəsində verdiyi tapşırığa əməl edərək qardaşlarını möhkəmləndirirdi. Peter səbirlə və xeyirxahlıqla Məsihin davamçılarını bəsləyib onların qayğısına qalırdı. Şimon adlı bu adam İsanın ona verdiyi Peter, yəni Qaya adını doğruldaraq yığıncağa müsbət təsir göstərən möhkəm, sarsılmaz, etibarlı bir dayaq oldu. Peterin yığıncağa təsiri əsasən şəxsən yazdığı və Müqəddəs Kitaba daxil olan sevgi dolu iki məktubunda özünü büruzə verir. Bu məktublardan da görünür ki, Peter bağışlamağa dair İsadan öyrəndiklərini heç vaxt unutmamışdı (1 Peter 3:8, 9; 4:8).
Gəlin biz də bundan özümüzə dərs götürək. Biz hər gün işlətdiyimiz çoxlu səhvlərə görə Allahdan əfv diləyirikmi? Sonra isə bağışlandığımıza və günahımızın yuyulduğuna inanırıqmı? Bəs ətrafımızdakı insanları necə, onları da bağışlayırıqmı? Əgər bu suallara cavabımız müsbətdirsə, deməli, biz Peterin imanını və Ağasının mərhəmətini təqlid edirik.
[22-ci səhifədəki yazı]
Peter Ağasına qarşı çoxlu səhvlər etdi. Bəs elə bir insan varmı ki, hər gün bağışlanmağa ehtiyac duymasın?
[23-cü səhifədəki şəkil]
«Rəbb dönüb Peterə baxdı»
[24-cü səhifədəki şəkil]
«Rəbb... Şimona görünmüşdür»