Fəsil 123
«Budur o adam!»
İSANIN təmkini Pilata güclü təsir bağışlayır, o başa düşür ki, İsa günahsızdır. Buna görə də onu buraxmaq üçün başqa yol axtarır. Pilat camaata müraciət edir: «Adətiniz üzrə mən Pasxa bayramında sizin üçün bir adam azad edirəm».
Bu zaman Barabba adlı məşhur bir qatil də həbsdədir. Pilat camaatdan soruşur: «Sizin üçün kimi azad edim: Barabbanı, yoxsa Məsih adlanan İsanı?»
Böyük kahinlər tərəfindən qızışdırılan adamlar istəyir ki, Barabba azadlığa buraxılsın, İsa isə edam edilsin. Ancaq Pilat bir daha onlardan soruşur:
— Bu iki nəfərdən hansını azad edim?
— Barabbanı, — onlar qışqırırlar.
— Bəs bu Məsih adlanan İsa ilə nə edim? — Pilat heyfsilənərək soruşur.
— Onu dirəyə mıxla!.. Onu dirəyə mıxla! Dirəyə mıxla! — camaat bir ağızdan qulaqbatırıcı səslə qışqırır.
Pilat bunu eşidəndə İsanı müdafiə edir: «Axı niyə? Bu adam nə pis iş görüb ki? Mən onda ölümə layiq bir şey tapmadım. Cəzasını verib buraxacağam».
Din xadimlərinin qızışdırdığı camaat Pilatın bütün cəhdlərinə baxmayaraq: «Onu dirəyə mıxla!» — qışqırmağa davam edir. Ağlını itirmiş camaat qan görmək istəyir. Bir düşünün: onların arasında, ola bilsin, cəmi beş gün əvvəl İsa Yerusəlimə girərkən onu padşah kimi qarşılayanlar da var! Bütün bu vaxt ərzində həvarilərin səsi-səmiri çıxmır. Hətta onlar oraya gəliblərsə də sakitcə bir qıraqda durublar.
Pilat görür ki, bu işin axırı yaxşı qurtarmayacaq, çünki camaat get-gedə qızışır. Onda o, su götürüb hamının gözü qarşısında əllərini yuyur və deyir: «Mən bu adamın qanından təmizəm. Özünüz bilərsiniz». Camaat isə bir ağızdan: «Qoy onun qanı bizim və övladlarımızın boynunda qalsın», — deyir.
Beləliklə, Pilat bu işin düzgün olmadığını bilə-bilə, camaatı razı salmaq xatirinə Barabbanı azadlığa buraxır. İsanı isə soyundurub qamçılamağı əmr edir. Bu adi qamçılama deyil. Bir tibb jurnalında deyilir:
«Adətən bu alət (flagrum, yaxud flagellum) müxtəlif uzunluqda bir neçə tək və ya hörülmüş qayışlardan ibarət qısa qamçı idi. Qayışların üzərinə müəyyən məsafədə balaca dəmir kürəciklər və ya ucu iti qoyun sümükləri bərkidilirdi... Romalı əsgərlər cəza verilən adamın kürəyinə var-gücləri ilə təkrar-təkrar vurarkən dəmir kürəciklər onun bədənini döyüb əzir, qayışlarla qoyun sümükləri isə dərini və dərialtı toxumaları didirdi. Qamçılama prosesində kürəyin əti tədricən skelet əzələlərinə qədər yırtılır və didik-didik olmuş ət qanayaraq qorxunc hala düşürdü» («The Journal of the American Medical Association»).
İsa bu cür işgəncə ilə döyüləndən sonra Pilatın sarayına gətirilir və bütün alay oraya toplaşır. Burada İsanı təhqir etməyə davam edirlər. Əsgərlər tikandan çələng hörüb onun başına keçirirlər və sağ əlinə qamış çubuq verib əyninə padşahlara məxsus bənövşəyi xələt geyindirirlər. Sonra da lağ-lağa ilə: «Salam, ey yəhudilərin Padşahı!» — deyirlər. Həmçinin ona tüpürüb, üzünə sillə vururlar. Sonra qamış çubuğu onun əlindən alıb başına döyəcləyirlər. Onu döyəclədikcə dırnaqarası tacın, yəni çələngin tikanları daha da onun başına batır.
İsanın bu boyda əziyyətə ləyaqətlə tab gətirməsi Pilata çox güclü təsir edir, bu səbəbdən o, İsanı buraxmaq üçün bir daha cəhd göstərir. Pilat camaata müraciət edir: «Bura baxın! Bu adamı yanınıza gətirirəm. Bilin, mən onda təqsir görmürəm». O ümid edir ki, camaat İsanı bu halda görüb ona rəhm edəcək. Başında tikanlı çələng, əynində bənövşəyi libas və qan sızan sifətində ağrı həkk olunmuş İsa bu daşürəkli, rəhmsiz kütlənin qarşısına çıxanda Pilat bəyan edir: «Budur o adam!»
Budur bəşərin ən dahi şəxsiyyəti! Ağır işgəncələrə sinə gərmiş İsa onların qabağında vüqarla durub. İsanın sakit və vüqarlı duruşu hətta Pilatı da onun əzəmətini qəbul etməyə məcbur edir. Bu, Pilatın hörmət, eyni zamanda mərhəmət dolu sözlərindən bəlli olur. Yəhya 18:39—19:5; Matta 27:15—17, 20—30; Mark 15:6—19; Luka 23:18—25.
▪ Pilat İsanı hansı yolla azad etməyə çalışır?
▪ Pilat məsuliyyəti boynundan atmaq üçün nə edir?
▪ Qədimdə qamçılanma cəzası nə demək idi?
▪ Qamçılandıqdan sonra İsanı necə ələ salırlar?
▪ Pilat İsanı azad etmək üçün daha nə edir?