Gördüyünüz mö’cüzələr
«MÖ’CÜZƏ» sözünün mə’nalarından biri «qeyri-adiliyi ilə heyrət doğuran, qeyri-adi bir hadisə, əşya və yaxud nailiyyətdir». Allahın müdaxiləsi olmadan baş verən bu cür mö’cüzələri hamımız görmüşük.
Təbiətin fiziki qanunları haqqında daha dərin biliklər qazanaraq, artıq insanlar vaxtilə qeyri-mümkün hesab olunan şeylərə nail olmuşlar. Məsələn, bu gün kompüterlərin, televiziyanın, kosmik texnologiyanın və başqa müasir texnikanın sayəsində mümkün olan şeylər yüz il bundan əvvəl bir çox insanlara ağlasığmaz gələrdi.
Bə’zi alimlər yaradılan dünyanın bütün mö’cüzələrini anlamağın mümkün olmadığını dərk edirlər. Və buna görə də, artıq nəyinsə qeyri-mümkün olduğunu tam əminliklə iddia edə bilmirlər. Uzaq başı, bunun həqiqətdən kənar olduğunu deyəcəklər. Beləliklə onlar indi mümkün olmayan, lakin gələcəkdə baş verə biləcək «mö’cüzələrin» həyata keçməsini ehtimal edirlər.
Hətta «mö’cüzə» sözünün əsas mə’nasına, «xariqul’adə və fövqəltəbii qüvvələrin tə’siri altında baş verən hadisə» mə’nasına istinad etsək, deyə bilərik ki, hər birimiz həyatımızda mö’cüzə görmüşük. Məsələn, hamımız Yaradanın «fövqəltəbii qüvvəsinin tə’siri» ilə yaranan günəşi, ayı və ulduzları görə bilərik. Bundan başqa, kim insan bədəninin necə fəaliyyət göstərdiyini, beyinin necə işlədiyini və ya insan embrionunun necə inkişaf etdiyini tam təfsilatı ilə izah edə bilər? Bir kitabda deyilir: «Mərkəzi sinir sistemi ilə idarə olunan insan orqanizmi çox mürəkkəb olan həssas aparatdır. O sanki özünü tənzimləyən mühərrik və özünü təzələmə qabiliyyətinə malik olan kompüterdir. Bu isə mö’cüzəli və bir çox sahədə dərkedilməz yaradıcılıq məhsuludur» («The Body Machine»). Doğrudan da, «insan orqanizmini» yaradan Allah, bizi daima heyrətə salan bir mö’cüzə yaradıb. Həmçinin sizin gördüyünüz, amma ehtimal ki, əhəmiyyət vermədiyiniz başqa mö’cüzələr də var.
Kitab mö’cüzə ola bilərmi?
Tirajına görə dünyada Müqəddəs Kitab qədər geniş yayılmış ikinci bir kitab yoxdur. Sizcə bu özü bir mö’cüzə deyilmi? Onun mövcudluğunu «Allahın fövqəltəbii qüvvəsinin tə’siri» ilə izah etmək olarmı? Düzdür, Müqəddəs Kitabın yazılışında Allah insanlardan istifadə edib, lakin onlar öz fikirlərini deyil, Allahın fikirlərini qələmə almışlar (2 Şamuel 23:1, 2; 2 Peter 1:20, 21). Bir düşünün: 1 600 il ərzində yaşamış müxtəlif mənşəli bu 40 nəfər kişilər arasında çobanlar, hərbçilər, balıqçılar, dövlət xadimləri, həkimlər, kahinlər və padşahlar vardı. Belə müxtəlifliyə baxmayaraq, onlar bütöv bir müjdəni — ümid müjdəsini tam dəqiqliklə və doğruluqla çatdıra bilmişlər.
Yehovanın Şahidləri Müqəddəs Kitabı diqqətlə öyrənir və həvari Pavelin yazdığı kimi, onu «bəşəri söz olaraq deyil, əslində olduğu kimi, Allahın kəlamı olaraq» qəbul edirlər (1 Saloniklilərə 2:13). İllər ərzində çap etdikləri nəşrlərində onlar ilk baxışdan ziddiyyətli kimi görünən parçaları Müqəddəs Kitab kontekstində nəzərdən keçirərək izah edirlər. Müqəddəs Kitabın daxilində olan bu ahənglik öz-özlüyündə onun müəllifinin Allah olduğuna bir sübutdura.
Tarixdə Müqəddəs Kitabdan başqa heç bir kitabın məhv edilməsi üçün bu qədər sə’y göstərilməmişdi. Buna baxmayaraq, bu kitab mövcud olması ilə bərabər, tam və ya qismən dünyanın 2 000-dən artıq dilinə tərcümə edilib. Bu kitabın zəmanəmizədək bütöv və təhrif olunmadan gəlib çatması ilahi müdaxiləyə şəhadət edir. Müqəddəs Kitab həqiqətən də bir mö’cüzədir!
«Canlı və tə’sirli» mö’cüzə
Fövqəltəbii şəfa vermə və ölülərin dirilməsi kimi keçmiş zəmanədə olan mö’cüzələr artıq baş vermir. Amma Allahın yeni dünyasında belə mö’cüzələrin ümumdünya miqyasında yenidən baş verəcəyinə əmin olmaq üçün bütün əsasımız var. Onlar bəşəriyyətə biz düşündüyümüzdən də artıq sonsuz rahatlıq gətirəcək.
Allahdan olan Müqəddəs Kitab bu gün də insanların həyatında mö’cüzəyə bərabər hadisələr yaradır. Onları şəxsiyyətlərini yaxşılaşdırmağa təşviq edir. (6-ci səhifədəki «Allah Kəlamının qüdrəti» çərçivəsinə baxın.) İbranilərə 4:12 ayəsində deyilir: «Çünki Allahın sözü canlı və tə’sirli, hər cür ikiağızlı qılıncdan itidir; o, canı və ruhu, oynaqları və iliyi bölüncəyə qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırd edir». Bəli, Müqəddəs Kitab bütün dünyada yaşayan altı milyondan artıq insanın həyatını dəyişib. Bu kitab onların həyatına mə’na gətirərək, gələcəyə dair gözəl bir ümid verir.
Müqəddəs Kitabın sizin də həyatınıza mö’cüzəvi tə’sir göstərməsinə nə üçün imkan verməyəsiniz?
[Haşiyə]
a Əgər bir-birinə zidd görünən parçalar haqqında daha dərindən bilib, onların izahını öyrənmək istəyirsinizsə, onda Yehovanın Şahidləri tərəfindən nəşr edilən «Müqəddəs Kitab — Allahın Kəlamıdır, yoxsa insanın?» adlı kitabın 7-ci fəsli sizə kömək ola bilər (rus.).
[4-cü səhifədəki çərçivə]
Nə üçün belə mö’cüzələr artıq baş vermir?
Müqəddəs Kitabda müxtəlif mö’cüzələrdən bəhs edilir (Çıxış 7:19-21; 1 Padşahlar 17:1-7; 18:22-38; 2 Padşahlar 5:1-14; Matta 8:24-27; Luka 17:11-19; Yəhya 2:1-11; 9:1-7). Bu mö’cüzələrin çoxu İsanın Məsih olduğunu və Allahın onu dəstəklədiyini sübut edirdi. İsanın ilk davamçıları da müxtəlif dillərdə danışmaq və peyğəmbərlik etmək kimi mö’cüzəli ən’amlara malik idilər (Həvarilərin işləri 2:5-12; 1 Korinflilərə 12:28-31). Bu cür mö’cüzəli ən’amlar məsihçi yığıncağı yarandığı zaman böyük fayda gətirmişdi. Necə?
İş ondadır ki, Müqəddəs Yazılar o zaman hamıda yox idi. Tumarlar və ya kitablar, adətən yalnız varlı insanlarda olurdu. Bütpərəst ölkələrdə insanlar Müqəddəs Kitab və onun müəllifi Yehova Allah haqqında heç nə bilmirdilər. Buna görə də məsihçi tə’limini şifahi surətdə çatdırmaq lazım gəlirdi. Belə mö’cüzəli ən’amlar göstərirdi ki, Allah məsihçi yığıncağına xeyir-dua verir.
Lakin Pavelin sözlərinə görə, belə ən’amlara ehtiyac olmayan zaman onlara son qoyulacaqdı. «Peyğəmbərlik ləğv [olacaq], dillər [susacaq], bilik aradan [qalxacaq]... Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. Kamil olan gəldiyi zaman, nisbi olan aradan qalxacaq» (1 Korinflilərə 13:8-10).
Bu gün insanların Müqəddəs Kitabı oxumaq, ona əsaslanan simfoniya və ensiklopediyalardan istifadə etmək imkanları var. Altı milyondan artıq tə’lim almış məsihçilər insanlara Müqəddəs Kitabın vasitəsi ilə Allah haqqında bilik almağa kömək edirlər. Beləliklə, heç bir mö’cüzə olmadan hər kəs İsa Məsihin Allah tərəfindən tə’yin edilən Xilaskar olduğuna, habelə Yehovanın Öz xidmətçilərini dəstəklədiyinə tam əmin ola bilər.
[5-ci səhifədəki çərçivə/şəkil]
Artıq ölüb, yoxsa hələ də sağdır?
Yəhya 19:33, 34 ayələrinə əsasən, «əsgərlərdən biri Onun böyrünü nizə ilə deşib və o anda oradan qan və su axdı»ğı zaman İsa artıq ölmüşdü. Lakin Müqəddəs kitabın bə’zi tərcümələrində Matta 27:49, 50 ayələrində yazılıb ki, bu baş verəndə İsa hələ də sağ idi. Nə üçün belə fərq mövcuddur?
Musanın qanunu cinayətkarın bütün gecəni dirək üzərində asılı qalmasını qadağan edirdi (Qanunun təkrarı 21:22, 23). Bu səbəbdən, İsanın günlərində dirəkdən asılmış cinayətkar əgər axşama yaxın hələ də sağ idisə, onun ayaqlarını sındırırdılar və beləliklə ölüm prosesi daha da sur’ətlənirdi. Bədən asılı qaldığından artıq normal nəfəs almaq mümkün olmurdu. Əsgərlərin İsa ilə bərabər asılmış cinayətkarların ayaqlarını sındırmaları, amma İsaya toxunmamaları, onu ölmüş hesab etdiklərinə işarə edir. Çox güman ki, əsgər bütün şübhələri aradan qaldırmaq və İsanın sonradan dirilməsi ehtimalını istisna etmək üçün onun böyrünü nizəsi ilə deşdi.
Matta 27:49, YD, 50 ayələri hadisələrin bir qədər fərqli cərəyan etdiyini göstərir. Orada deyilir: «Başqası isə, nizəsini götürüb onun böyrünü deşdi və qanla su axdı. İsa, yenə yüksək səslə qışqırıb, canını tapşırdı». Lakin kursivlə yazılmış cümləyə qədim Müqəddəs Kitab əlyazmalarının hamısında rast gəlinmir. Bir çox nüfuzlu alimlər belə düşünürlər ki, bu parça daha sonralar Yəhyanın müjdəsindən alınmış, amma səhv yerə əlavə edilmişdir. Buna görə də, bir çox tərcümələrdə bu cümlə adi və ya kvadrat mö’tərizələrə alınır, haşiyələrdə mə’lumat verilir, ya da tamamilə mətndən çıxarılır.
Vestkot və Hortun qədim yunan mətninə əsasən edilmiş «Yeni Dünya Tərcüməsi»ndə bu cümlə qoşa kvadrat mö’tərizəyə alınıb. Onların nəşrlərində bu cümləyə olan qeyddə deyilir: «Tam dəqiqləklə demək olar ki, bu cümlə köçürücülər tərəfindən əlavə edilmişdir».
Beləliklə, bütün faktlar Yəhya 19:33, 34 ayələrində yazılanların dəqiq olduğunu təsdiqləyir: Roma əsgəri İsanın böyrünü nizəsi ilə deşəndə, o həqiqətən də artıq ölmüşdü.
[6-cı səhifədəki çərçivə/şəkil]
Allah Kəlamının qüdrəti
Yeniyetmə Detlefin valideynləri boşandıqdan sonra o, narkotik, içki və hevi-metal dünyasına qurşandıb. Tezliklə skinhed adlanan bandaya daxil olduqdan sonra kəskin davranışına görə polislə qarşılaşmalı oldu.
1992-ci ildə şimali-şərqi Almaniyada barların birində 60 nəfər skinhedlə 35 nəfər pank arasında qanlı çəkişmə baş verdi. Panklardan biri, Tomas adlı gənc, bərk döyüldüyündən aldığı xəsarətlərdən tezliklə vəfat etdi. Bandanın başçılarından bə’ziləri, Detlef də daxil olmaqla yaxalandılar. Bu hadisə kütləvi informasiya vasitələrində böyük səs-küyə səbəb oldu.
Həbsxanadan çıxdıqdan qısa bir vaxt sonra Yehovanın Şahidlərindən biri ona: «Nə üçün həyat problemlərlə doludur?» adlı traktat verir. Detlef o dəqiqə yazılanların həqiqət olduğunu anlayıb Şahidlərlə Müqəddəs Kitabı öyrənməyə başladı. Bu, onun həyatını tamamilə dəyişdi. 1996-cı ildən başlayaraq, o, Yehovanın adını sə’ylə izzətləndirir.
Keçmiş pankçı olan Ziqfrid, davada öldürülmüş gənc Tomasın yaxın dostu idi. O da sonradan Şahid oldu və indi yığıncaqda ağsaqqaldır. Bir dəfə Ziqfrid mə’ruzə ilə çıxış etmək üçün Detlefin yığıncağına gəlir (yeri gəlmişkən, Tomasın da anası hərdən o yığıncağa gəlir). Mə’ruzədən sonra Detlef onu nahara də’vət edir. 10 il bundan əvvəl öz nifrətlərini qətiyyən cilovlamağı bacarmayan bu iki şəxs arasında bu gün qardaşlıq məhəbbəti özünü açıq aydın büruzə verir.
Detleflə Ziqfrid yer üzündə qurulacaq Cənnətdə Toması qarşılayacaqları vaxtı səbirsizliklə gözləyirlər. Detlef belə deyir: «Bu haqda fikirləşəndə göz yaşlarımı saxlaya bilmirəm. Etdiyimə görə çox peşmanam». Onlar bu gün başqalarına Yehova ilə tanış olub Müqəddəs Kitabın verdiyi ümidə sevinməyə kömək edirlər. Onların ümumi arzusu gələcəkdə Tomasa da kömək etməkdir.
Budur Allah Kəlamının qüdrəti!
[Haşiyə]
b Adlar dəyişdirilib.
[4-cü səhifədəki şəkil]
İnsan bədəni yaradılan mö’cüzədir.
[İcazə ilə]
Anatomy Improved and Illustrated, London, 1723, Bernardino Genga