Fəsil 126
«Bu insan, doğrudan da, Allahın Oğlu imiş»
İSA MƏSİHİN dirəyə mıxlanmasından çox keçməmiş, günorta vaxtı ətrafa müəmmalı bir qaranlıq çökür və düz üç saat davam edir. Bu günəş tutulması ola bilməz, çünki günəş tutulması yalnız ay təzələnəndə olur, indi isə Pasxadır və ay bədirlənib. Bundan savayı, günəş tutulması cəmi bir neçə dəqiqə çəkir. Deməli, bu qaranlıq Allahdandır. Yəqin ki, bu, İsanı ələ salanları duruxdurur, hətta onları susdurur.
Əgər bu vahiməli qaranlıq cinayətkarlardan birinin tövbə etməsindən qabaq başlayırsa, ola bilsin, onun tövbə etməsinə bu qaranlıq təkan verir. Görünür, məhz bu qaranlıq zamanı dörd qadın: İsanın anası Məryəm, xalası Salome, Məcdəlli Məryəm və kiçik Yaqubun anası Məryəm işgəncə dirəyinə yaxınlaşa bilirlər. İsanın sevimli şagirdi həvari Yəhya da onlarladır.
Bəsləyib böyütdüyü oğlunu dirək üzərində zülm çəkdiyini görəndə İsanın anasının qəlbini, sanki, «qılınc yarıb keçir». Lakin İsa öz ağrılarını yox, anasını düşünür. O, çətinliklə başını Yəhyaya tərəf çevirib anasına deyir: «Ana, indən belə bu, sənin oğlundur!» Sonra başını Məryəmə tərəf çevirib Yəhyaya deyir: «İndən belə bu, sənin anandır!»
Beləcə, İsa anasını (yəqin ki, Məryəm artıq duldur) öz sevimli dostunun himayəsində qoyur. Məryəmin digər oğulları hələ İsaya iman gətirmədikləri üçün o, belə edir. Bununla İsa anasının həm maddi, həm də ruhani ehtiyaclarının qayğısına qalır və bizlərə gözəl nümunə qoyur.
Təxminən saat üç radələrində İsa deyir: «Su istəyirəm». İsanın nöqsansızlığı axıradək sınansın deyə Allah, sanki, müdafiəsini onun üzərindən götürür. Bunu hiss edən İsa qışqırır: «Allahım, Allahım, niyə məni tərk etdin?» Orada duranlardan bəziləri bu sözləri eşidəndə deyirlər: «Baxın, İlyası çağırır». Bir nəfər qaçıb süngəri sirkəyə batırır, sonra onu bir qamışın ucuna taxıb içmək üçün İsaya uzadır. Digərləri isə deyirlər: «Əl çək ondan! Görək İlyas gəlib onu xilas edir, ya yox».
İsa sirkədən dadıb nida edir: «Tamam oldu!» Bəli, İsa Atasının ona verdiyi bütün tapşırıqları görüb qurtardı. Sonda İsa deyir: «Ata, ruhumu sənə tapşırıram». İsa öz həyat qüvvəsini arxayınlıqla Allaha tapşırır. O, əmindir ki, Allah bu qüvvəni yenidən ona qaytaracaq. Və İsa başını əyib ölür.
İsanın nəfəsi kəsilən an güclü zəlzələ baş verir və zəlzələdən qayalar çatlayır. Zəlzələ o qədər güclüdür ki, Yerusəlim ətrafındakı sərdabələri dağıdır və cəsədləri bayıra atır. Yoldan keçənlər bunu görür və gedib şəhərdə danışırlar.
Bundan əlavə, İsa ölən anda Allahın məbədindəki böyük pərdə yuxarıdan aşağı cırılıb iki yerə bölünür. İncə naxışlarla toxunmuş bu pərdənin uzunluğu 18 metr, çəkisi isə çox ağır idi. O, məbəddə Müqəddəs Yeri Ən Müqəddəs Yerdən ayırırdı. Bu heyrət doğuran möcüzə Yehova Allahın Öz Oğlunun qatillərinə qarşı qəzəbini göstərməklə yanaşı, İsanın ölümü sayəsində Ən Müqəddəs Yerə, yəni göylərə girişin açılmasını bildirir.
Zəlzələni hiss edən və baş verənləri görən adamları vahimə bürüyür. Edam işinə cavabdeh olan romalı yüzbaşı Allahı mədh edərək deyir: «Bu insan, doğrudan da, Allahın Oğlu imiş». Pilatın sarayında İsanın Allahın Oğlu olub-olmadığı araşdırılarkən, yəqin ki, bu yüzbaşı orada idi. İndi isə o, qəti əmin olur ki, İsa qeyri-adi insandır, həqiqətən də, Allahın Oğludur!
Bu möcüzələr başqalarına da güclü təsir edir. Onlar dərin kədərdən və xəcalətdən sinələrinə vura-vura evlərinə qayıdırlar. Bu əlamətdar hadisələri kənardan müşahidə edən Məsihin xeyli qadın şagirdi çox mütəəssir olur. Həvari Yəhya da oradadır. Matta 27:45—56; Mark 15:33—41; Luka 23:44—49; 2:34, 35; Yəhya 19:25—30.
▪ Üç saat davam edən qaranlıq nəyə görə günəş tutulması ola bilməzdi?
▪ İsa ölüm ayağında olarkən qoca valideynləri olanlara hansı nümunəni qoyur?
▪ İsa son nəfəsində hansı sözləri deyir?
▪ Zəlzələ nəticəsində nələr olur? Məbəddəki pərdənin cırılmasının mənası nədir?
▪ Baş verənlər yüzbaşıya necə təsir edir?