FƏSİL 132
«Bu adam, doğrudan da, Allahın Oğlu imiş»
MƏTTA 27:45—56 MARK 15:33—41 LUKA 23:44—49 YƏHYA 19:25—30
İSA PEYĞƏMBƏR DİRƏKDƏ SON NƏFƏSİNİ VERİR
PEYĞƏMBƏR ÖLƏNDƏ FÖVQƏLBƏŞƏR HADİSƏLƏR BAŞ VERİR
Günorta saat on iki radələridir. Biqafil bütün bu əraziyə qaranlıq çökür və təxminən saat üçə kimi davam edir (Mark 15:33). Zülmət qaranlıq heç də günəşin tutulması ilə əlaqədar deyil. Çünki günəşin tutulması yalnız ay təzələnəndə olur, indi isə Pasxadır və ay bədirlənib. Bundan savayı, günəşin tutulması cəmi bir neçə dəqiqə çəkir. Deməli, bu qaranlıq Allahdandır!
Təsəvvür edirsiniz, İsa peyğəmbəri ələ salanlar bunu görəndə hansı vəziyyətdə olurlar? Qaranlıq vaxtı dörd qadın peyğəmbərin dirəyinə yaxınlaşır. Bu qadınlar Məsihin anası Məryəm, Səlimə, Məcdəlli Məryəm və balaca Yaqubun anası Məryəmdir.
Həvari Yəhya İsa Məsihin qəm-qüssə içində olan anasının yanındadır. Bəsləyib böyütdüyü oğlunun dirəkdə əzab çəkdiyini görəndə ananın bağrını, sanki, qılınc yarır (Yəhya 19:25; Luka 2:35). İsa peyğəmbər öz dərdini unudub, anasının dərdini çəkir. O, güc-bəla ilə başını Yəhyaya tərəf çevirib anasına deyir: «İndən belə bu, sənin oğlundur!» Sonra başını Məryəmə tərəf çevirib Yəhyaya deyir: «İndən belə bu, sənin anandır!» (Yəhya 19:26, 27).
Beləcə, İsa Məsih anasını (yəqin ki, Məryəm artıq duldur) öz sevimli həvarisinin himayəsinə buraxır. Məryəmin digər oğulları hələ ona iman gətirmədikləri üçün o, belə edir. Bununla o, anasının həm fiziki, həm də ruhani cəhətdən qayğısına qalır. İsa peyğəmbər bizlərə necə də gözəl nümunə qoyub!
Qaranlıq çəkiləndə İsa Məsih deyir: «Su istəyirəm». Bununla o, peyğəmbərliyi yerinə yetirir (Yəhya 19:28; Zəbur 22:15). Onun nöqsansızlığı axıradək sınansın deyə, Allah, sanki, müdafiəsini onun üzərindən götürür. Bunu hiss edən Məsih ucadan: «Eli, Eli, lama sabaxtani?» — deyir. Bu, arami dilinin Cəlilə ləhcəsindədir və «Allahım, Allahım, niyə məni tərk etdin?» deməkdir. Orada duranlardan bəziləri bu sözləri səhv başa düşüb deyirlər: «Baxın, İlyası çağırır». Onlardan biri qaçıb süngəri turş şəraba batırır, sonra onu bir qamışın ucuna taxıb içmək üçün İsa peyğəmbərə uzadır. Digərləri isə deyirlər: «Əl çəkin ondan. Görək İlyas gəlib onu dirəkdən düşürəcək» (Mark 15:34—36).
Sonra İsa Məsih qışqırır: «Tamam oldu!» (Yəhya 19:30). Bəli, o, Atasının tapşırdığı hər şeyi yerinə yetirdi. Sonda Məsih deyir: «Ata, ruhumu Sənin əlinə əmanət edirəm» (Luka 23:46). O, həyat qüvvəsini arxayınlıqla Allaha tapşırır və əmindir ki, Allah bu qüvvəni yenidən ona qaytaracaq. Bu sözləri deyib başını əyir və son nəfəsini verir.
İsa peyğəmbərin nəfəsi kəsilən an güclü zəlzələ olur və zəlzələdən qayalar yarılır. Zəlzələ o qədər güclü olur ki, Yerusəlim ətrafındakı sərdabələri dağıdır və cəsədləri bayıra atır. Yoldan keçənlər bunu görür və müqəddəs şəhərə gedib baş verənləri danışırlar (Mətta 12:11; 27:51—53).
Bundan əlavə, İsa peyğəmbər ölən anda Allahın məbədindəki böyük pərdə yuxarıdan aşağıya cırılıb iki yerə bölünür. Pərdə Müqəddəs Yeri Ən Müqəddəs Yerdən ayırırdı. Bu heyrət doğuran möcüzə Yehova Allahın Öz Oğlunun qatillərinə qarşı qəzəbini göstərməklə yanaşı, İsanın ölümü sayəsində Ən Müqəddəs Yerə, yəni göylərə girişin açılmasını bildirir (İbranilərə 9:2, 3; 10:19, 20).
Aydındır ki, camaatı vahimə bürüyür. Edam işinə cavabdeh olan romalı yüzbaşı deyir: «Bu adam, doğrudan da, Allahın Oğlu imiş» (Mark 15:39). Pilatın sarayında İsa Məsihin Allahın Oğlu olub-olmadığı araşdırılarkən, yəqin ki, bu yüzbaşı da orada idi. İndi isə o, tam əmin olur ki, İsa saleh insandır və həqiqətən də Allahın Oğludur!
Bu fövqəlbəşər hadisələr başqalarına da güclü təsir edir. Onlar dərin kədərdən və xəcalətdən sinələrinə vura-vura evlərinə qayıdırlar (Luka 23:48). Bu hadisələri kənardan izləyənlərin arasında xeyli qadın şagirdlər də var. İsa Məsihin səyahəti zamanı bəzən onu müşayiət edən bu qadınlar da çox mütəəssir olublar.