Fəsil 127
İsa dəfn olunur
NİSANIN 14-ü başa çatmaq üzrədir. Günün batması ilə nisanın 15-i, şənbə girir. İsanın cəsədi dirəkdən asılı qalıb. Böyründəki iki cinayətkar isə hələ sağdır. Şənbə ərəfəsi Hazırlıq günü adlanır. Camaat həmin gün biş-düş edir və şənbə gününün sonuna qədər təxirə salınması mümkün olmayan işləri görürlər.
Yəhudilərdə həftənin yeddinci günü şənbə günü idi. İndiki şənbə günü isə xüsusi gündür. Çünki həm həftənin sonudur, həm də Mayasız çörək bayramının ilk günüdür. Yeddi gün davam edən bu bayramın ilk günü (nisanın 15-i) həftənin hansı gününə düşürsə-düşsün, həmişə Şənbə sayılır. Buna görə də bu Şənbə ikiqat, yaxud Böyük Şənbə adlanır.
Allahın Qanununa əsasən, cəsəd gecə dirəkdə qalmamalı idi. Buna görə də yəhudilər Pilatdan xahiş edirlər ki, edam edilmiş bu adamların ölümünü tezləşdirmək üçün ayaqlarını sındırsınlar. Əsgərlər gedib edam olunmuşların ayaqlarını sındırırlar. İsaya çatanda isə onun öldüyünü görüb ayaqlarını sındırmırlar. Bununla da «onun bir sümüyü belə sınmayacaq» peyğəmbərliyi yerinə yetir.
Amma yenə də İsanın öldüyünə tam əmin olmaq üçün əsgərlərdən biri nizə ilə onun böyrünü deşir. Nizə ürək nahiyəsindən keçir, oradan həmin an su və qan çıxır. Bu hadisənin şahidi olmuş həvari Yəhya daha bir peyğəmbərliyin — «onlar bədənini deşdikləri adama baxacaqlar» peyğəmbərliyinin yerinə yetdiyini qeyd edir.
Sinedrionun nüfuzlu üzvlərindən biri, əslən Arimateya şəhərindən olan Yusif də edam prosesini izləyir. O, ali məhkəmənin İsaya qarşı çıxardığı haqsız hökmə səs verməmişdi. O, İsanın şagirdi olsa da, bu vaxta qədər bunu gizlədirdi. Amma indi ürəklənib Pilatın yanına gedir və ondan İsanın cəsədini istəyir. Pilat bu edam işinə cavabdeh olan yüzbaşını çağırıb İsanın öldüyünü dəqiqləşdirir. Bundan sonra əmr edir ki, onun cəsədini Yusifə versin.
Yusif cəsədi alıb təmiz zərif kətana bükərək dəfnə hazırlayır. Sinedrionun digər üzvü Nikodim bu işdə ona kömək edir. Nikodim də vəzifəsini itirməkdən qorxaraq İsaya iman gətirdiyini gizlətmişdi. Amma indi o, bir bağlamada 33 kiloqram mürr və bahalı əzvay gətirir. Onlar İsanın cəsədini götürüb yəhudilərin dəfn adəti üzrə ətirli otlarla kəfənləyirlər.
Sonra cəsədi Yusifin qayada oyulmuş təzə sərdabəsinə qoyurlar. Bu sərdabə yaxınlıqdakı bağda yerləşir. Sərdabənin ağzına yekə bir daş diyirləyirlər. Dəfni Şənbə başlamamış qurtarmaq üçün cənazəni təcili hazırlamışdılar. Ehtimal ki, bu işdə Məcdəlli Məryəm və kiçik Yaqubun anası Məryəm də iştirak edir. İndi onlar daha çox ətirli ot və yağ tədarükü görmək üçün evə tələsirlər. İsanın cəsədini tez çürümədən qorumaq üçün bu qadınlar istəyirlər ki, Şənbədən sonra gəlib cəsədə təzədən əlavə ot və yağ vursunlar.
Şənbə günü böyük kahinlər və fəriseylər Pilatın yanına gedib deyirlər: «Ağa, yadımıza bir şey düşüb. Bu fırıldaqçı hələ sağ ikən belə bir söz deyirdi: “Mən üç gündən sonra diriləcəyəm”. Buna görə əmr et ki, sərdabəni üç gün yaxşı-yaxşı qorusunlar, yoxsa şagirdləri gəlib onu oğurlayacaq və sonra hamıya deyəcəklər ki, o dirilib. Bu yalan əvvəlkindən də betər olacaq».
Pilat isə: «Alın, bu da sizə keşikçilər! Gedin, oranı bildiyiniz kimi qoruyun», — deyir. Onlar gedib sərdabənin ağzındakı daşı möhürləyir və romalı əsgərləri ora keşikçi qoyurlar.
Şənbədən sonra, həftənin ilk günü dan yeri söküləndə Məcdəlli Məryəm, kiçik Yaqubun anası Məryəm, Salome, Yohanna və başqa qadınlar ətirli otları götürüb sərdabəyə gəlirlər. Yolda onlar bir-birindən soruşurlar: «Sərdabənin ağzındakı daşı bizim üçün qırağa kim çəkəcək?» Amma ora çatanda görürlər ki, zəlzələ baş verib və Yehovanın mələyi daşı kənara yuvarlayıb. Keşikçilər çıxıb gedib, sərdabə isə bomboşdur. Matta 27:57—28:2; Mark 15:42—16:4; Luka 23:50—24:3, 10; Yəhya 19:14, 19:31—20:1; 12:42; Levililər 23:5—7; Qanunun təkrarı 21:22, 23; Məzmur 34:20; Zəkəriyyə 12:10.
▪ Şənbə ərəfəsi nə üçün Hazırlıq günü adlanır? Böyük Şənbə nədir?
▪ İsanın cəsədi ilə bağlı hansı peyğəmbərliklər yerinə yetir?
▪ Yusif və Nikodim İsanın dəfni ilə əlaqədar hansı işləri görürlər və nəyə görə onlar təşəbbüs göstərirlər?
▪ Kahinlər Pilatdan nə istəyirlər və Pilat onlara nə deyir?
▪ Şənbədən sonra, həftənin ilk günü nə baş verir?