«Müdrik adamlar» kimdir? Onları «Beytləhm ulduzu» gətirmişdi?
Müqəddəs Yazıların cavabı
Milad bayramı ilə bağlı rəvayətlərdən fərqli olaraq, İsa doğulandan sonra onu görməyə gələn adamlar Müqəddəs Kitabda «üç müdrik», yaxud «üç padşah» adlanmırlar (Mətta 2:1). Əksinə, Mətta yazdığı müjdədə İsanı görməyə gələn adamları təsvir etmək üçün yunanca maqoi sözünü işlətmişdi. Çox güman ki, bu söz astrologiya və cindarlığın başqa növləri üzrə peşəkar olan adamlara aid işlənilirdia. Müqəddəs Kitabın bir çox tərcümələrində onlar «münəccimlər» və ya «maqlar» adlanırlarb.
«Müdrik adamlar» neçə nəfər idi?
Müqəddəs Kitabda onların sayı yazılmayıb. Rəvayətlərin isə hərəsində bir say deyilir. Bir ensiklopediyaya əsasən, «şərq rəvayətlərində maqların sayı 12, qərb rəvayətlərində isə üçdür. Ehtimal ki, bu, körpəyə təqdim olunan hədiyyələrin üç cür, “qızıl, kündür, mürr” (Mətta 2:11) olmasına əsaslanır» («Encyclopedia Britannica»).
«Müdrik adamlar» padşah idi?
Milad rəvayətlərində həmin adamların padşah olduğu deyilsə də, Müqəddəs Kitabda onların padşah olduğu yazılmayıb. Bir ensiklopediyaya əsasən, bu, «əhvalatı gözəlləşdirmək üçün» əsrlər sonra rəvayətə əlavə olunub («Encyclopedia Britannica»).
«Müdrik adamlar»ın adları nə idi?
Müqəddəs Kitabda münəccimlərin adları çəkilmir. Bir ensiklopediyada deyilir ki, «onlara ad vermək (məsələn, Kaspar, Baltazar və Melçior) əfsanələrdən qaynaqlanır» («The International Standard Bible Encyclopedia»).
«Müdrik adamlar» İsanın yanına nə vaxt gəlmişdi?
Münəccimlər İsanın yanına, çox güman ki, onun doğulmasından aylar sonra gəlmişdilər. Bu ondan aydın olur ki, İsanı öldürmək istəyən Hirod padşah iki yaşına qədər olan uşaqların öldürülməsini əmr etmişdi. O, münəccimlərdən aldığı məlumata əsasən bu yaşı söyləmişdi (Mətta 2:16).
Münəccimlər İsanın yanına doğulduğu gecə gəlməmişdilər. Müqəddəs Kitabda deyilir: «Münəccimlər evə girib uşağı və anası Məryəmi gördülər» (Mətta 2:11). Bundan görürük ki, ailə həmin vaxt evdə yaşayırdı və İsa artıq axurda yatan körpə deyildi (Luka 2:16).
«Müdrik adamlar»a «Beytləhm ulduzu»nun dalınca getməyi Allah buyurmuşdu?
Bəzi insanlar inanır ki, münəccimləri İsanın yanına gətirmək üçün «Beytləhm ulduzu» adlandırılan ulduzu Allah göndərmişdi. Gəlin bunun belə olmadığını göstərən bəzi sübutlara baxaq.
Ulduz kimi görünən cisim münəccimləri əvvəlcə Yerusəlimə gətirdi. Müqəddəs Kitabda deyilir: «Şərqdən Yerusəlimə münəccimlər gəldilər və soruşdular: “Yəhudilərin təzəcə anadan olmuş padşahı haradadır? Biz şərqdə olanda onun ulduzunu gördük. Gəlmişik ona təzim edək”» (Mətta 2:1, 2).
Münəccimləri Beytləhmə göndərən ulduz yox, padşah Hirod idi. O, rəqib padşah, yəhudilərin padşahı haqda eşidəndə vəd olunmuş Məsihin harada doğulmalı olduğunu araşdırdı (Mətta 2:3—6). Öyrənəndə ki, Beytləhmdə doğulmalıdır, münəccimlərə ora getməyi, uşağı tapmağı və geri ona xəbər gətirməyi buyurdu.
Yalnız bundan sonra münəccimlər Beytləhmə getdilər. Müqəddəs Kitabda yazılıb: «Padşah sözünü qurtarandan sonra münəccimlər yola düşdülər. Şərqdə gördükləri ulduz onların qabağınca getdi və gəlib düz uşaq olan yerin üstündə dayandı» (Mətta 2:9).
Ulduzun görünməsi ilə İsanın həyatını təhlükə altına alan və məsum körpələrin qətlinə səbəb olan hadisələr cərəyan elədi. Münəccimlər Beytləhmdən gedəndən sonra Allah onlara xəbərdarlıq etdi ki, Hirodun yanına qayıtmasınlar (Mətta 2:12).
Hirod nə etdi? Müqəddəs Kitabda deyilir: «Hirod münəccimlərin onu aldatdığını başa düşəndə bərk qəzəbləndi. O, adam göndərib Beytləhmdə və onun ətrafında yaşayan iki yaşa qədərki oğlan uşaqlarının hamısını öldürtdü. Münəccimlərdən öyrəndiyi vaxta əsasən, uşaq təxminən bu yaşda olmalı idi» (Mətta 2:16). Allah bu cür pisliklərin səbəbkarı ola bilməz (Əyyub 34:10).
a Eramızdan əvvəl V əsrdə yunan tarixçisi Herodot demişdi ki, onun dövründəki maqoilər Madanın (Fars) astrologiya və yuxu yozmaqda mütəxəssis olan tayfasına mənsub idilər.
b «Müqəddəs Kitab Şirkəti, 2009» nəşrinə baxın. Burada İsanın yanına gələnlər müdrik adamlar adlansa da, onların üç nəfər olduğu deyilmir.