Başqaları ilə necə rəftar etməliyik?
«İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (LUKA 6:31).
1, 2. a) Dağüstü təbliğ nədir? b) Bu və növbəti məqalədə biz nəyi nəzərdən keçirəcəyik?
İSA MƏSİH həqiqətən də Böyük Müəllim olmuşdu. İsaya qarşı çıxan din rəhbərləri onu həbs etmək üçün mühafizlər göndərəndə, onlar əliboş qayıdıb dedilər: «İnsanlar arasında bu Adam kimi danışan əsla olmamışdır» (Yəh. 7:32, 45, 46). İsanın məharətlə söylədiyi nitqlərindən biri Dağüstü təbliği idi. Bu nitq «Mattanın Müjdəsi»nin 5-7-ci fəsillərində yazılıb və buna bənzər məlumatı Luka 6:20-49 ayələrində tapmaq olara.
2 Ola bilsin, Dağüstü təbliğdə deyilənlər arasında ən çox tanınmış fikir çox vaxt «Qızıl qanun» adlandırılan fikirdir. Bu bizim digər insanlarla necə rəftar etməyimizlə bağlıdır. İsa demişdir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Luka 6:31). O, insanlar üçün nə qədər xeyirxah işlər etmişdir! İsa xəstələrə şəfa verir və hətta ölüləri dirildirdi. Onun təbliğ etdiyi xoş xəbərə hay verənlər isə daha böyük xeyir-dualar əldə edirdilər. (Luka 7:20-22 ayələrini oxu.) Yehovanın Şahidləri olan bizlər eyni işlə, yəni Padşahlığı müjdələmək işi ilə məşğul olmaqdan sevinc duyuruq (Mat. 24:14; 28:19, 20). Biz bu və növbəti məqalədə İsanın Dağüstü təbliğində təbliğ və digər insanlarla necə rəftar etməli olduğumuz barədə bəzi parçaları nəzərdən keçirəcəyik.
Həlim olun
3. Həlimlik sözünə necə tərif verərdiniz?
3 İsa demişdi: «Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar» (Mat. 5:5). Müqəddəs Yazılarda həlimliyin zəiflik olmadığı göstərilir. Həlimlik, Allahın tələblərinə riayət edərkən təzahür etdirdiyimiz mülayimlikdir. Bu keyfiyyət insanlarla rəftarımızda əks olunur. Məsələn, biz ‘heç kimə pislik əvəzinə pislik etmirik’ (Rom. 12:17-19).
4. Nəyə görə həlimlər bəxtiyardır?
4 Həlimlər bəxtiyardır, çünki «yeri miras alacaqlar». ‘Həlim və qəlbdən təvazökar’ olan İsa ‘hər şeyin varisi təyin edilib’ və buna görə də bir Padşah kimi Yer kürəsinin baş Varisidir (Mat. 11:29; İbr. 1:2; Məz. 2:8). Peyğəmbərlik edilmişdir ki, səmavi Padşahlıqda ‘bəşər oğlu’ Məsihin hakimiyyət şərikləri olacaq (Dan. 7:13, 14, 21, 22, 27). ‘Məsihin həmvarisləri’ olan 144 000 məsh olunmuş həlim məsihçi onunla birgə Yeri miras alacaq (Rom. 8:16, 17; Vəhy 14:1). Padşahlığın təbəələri olacaq digər həlim insanlara isə yer üzündə əbədi həyat veriləcək (Məz. 37:11).
5. İsa kimi həlim olmağımızın hansı faydası var?
5 Əgər kobud olsaydıq, bu, başqalarını hövsələdən çıxarar və bizdən kənar gəzməyə vadar edərdi. Amma Məsih kimi həlim olanda yığıncağın xoşagələn və ruhlandırıcı üzvü oluruq. Həlimlik Allahın ruhunun səmərəsinin tərkib hissəsidir. ‘Ruha görə yaşadığımız [və] rəftar etdiyimiz’ təqdirdə Allahın fəal qüvvəsi bizdə bu keyfiyyəti yetişdirir. (Qalatiyalılara 5:22-25 ayələrini oxu.) Şübhəsiz, hamımız Yehovanın müqəddəs ruhu ilə idarə edilən həlim insanlar sırasında olmaq istəyirik!
Mərhəmətli olanlar nə bəxtiyardır!
6. Mərhəmətli adam hansı nəzərəçarpan keyfiyyətlərə malikdir?
6 İsa Dağüstü təbliğində bunları da demişdi: «Mərhəmətli olanlar nə bəxtiyardırlar! Çünki onlara mərhəmət ediləcəkdir» (Mat. 5:7). Mərhəmətli adam imkansızlara dərin şəfqət və xeyirxahlıqla yanaşır, onların qayğısına qalır və onlara rəhm edir. İsanın xəstələrə ‘yazığı gəldiyi’ və ya ‘onlara acıdığı’ üçün möcüzəli şəkildə şəfa verirdi (Mat. 14:14; 20:34). Buna görə də şəfqət və qayğıkeşlik bizi mərhəmət göstərməyə təşviq etməlidir (Yaq. 2:13).
7. Şəfqət İsanı nəyə təşviq edirdi?
7 İsa bir az istirahət etmək istəyəndə izdihamla qarşılaşdı və «onlara yazığı gəldi; çünki çobansız qoyunlar kimi idilər». Bu səbəbdən «onlara çox şeylər öyrətməyə başladı» (Mark 6:34). Başqaları ilə Padşahlıq haqqında xoş xəbəri bölüşəndə və Allahın böyük mərhəməti haqqında danışanda bizim də sevincimiz böyük olur!
8. Mərhəmətli olanlar nəyə görə xoşbəxtdirlər?
8 Mərhəmətli olanlar ona görə xoşbəxtdirlər ki, «onlara mərhəmət ediləcəkdir». İnsanlarla mərhəmətli davrananda adətən onlar da eyni cür hərəkət edirlər (Luka 6:38). Üstəlik, İsa demişdi: «İnsanların təqsirlərini bağışlasanız, səmavi Atanız sizi də bağışlar» (Mat. 6:14). Yalnız mərhəmətli olanların günahları bağışlanacaq və Allah onlara lütf göstərəcək, bu isə onlara xoşbəxtlik gətirir.
Nəyə görə «sülhpərvərlər» bəxtiyardır?
9. Sülhpərvəriksə, necə davranacağıq?
9 Xoşbəxtliyə səbəb olan digər amili qeyd edərək İsa dedi: «Sülhpərvərlər nə bəxtiyardırlar! Çünki onlara Allahın oğulları deyiləcək» (Mat. 5:9). Burada «sülhpərvər» kimi tərcümə edilən yunan sözü hərfi mənada «sülh yaradan» deməkdir. Əgər biz sülh yaradanıqsa, ‘əziz dostları ayıran’ qeybət kimi şeylərə göz yummayacaq və ya özümüz bu cür əməllərdə iştirak etməyəcəyik (Sül. məs. 16:28). Sözlərimiz və əməllərimizlə həm bacı-qardaşlarımızla, həm də digər insanlarla sülhdə olmağa can atacağıq (İbr. 12:14). Xüsusilə də Yehova Allahla sülhdə olmaq üçün əlimizdən gələni edəcəyik. (1 Peter 3:10-12 ayələrini oxu.)
10. Nəyə görə sülhpərvərlər bəxtiyardırlar?
10 İsa dedi ki, ‘sülhpərvərlər’ «Allahın oğulları» adlandırılacağına görə bəxtiyardırlar. Məsh edilənlər İsanın Məsih olduğuna inandıqları üçün ‘Allahın oğulları olmaq haqqını alırlar’ (Yəh. 1:12; 1 Pet. 2:24). Bəs İsanın sülhpərvər olan ‘başqa qoyunları’ haqqında nə demək olar? Məsih özünün səmavi həmvarisləri ilə Minillik Hökmranlığı dövründə ‘başqa qoyunların’ ‘Əbədi Atası’ olacaq (Yəh. 10:14, 16; Yeşaya 9:6; Vəhy 20:6). Həmin dövrün sonunda bu sülh yaradan insanlar sözün əsl mənasında Allahın yerdəki övladları olacaqlar (1 Kor. 15:27, 28).
11. ‘Yuxarıdan nazil olan hikmətin’ bizə rəhbərlik etməsinə yol versək, digərləri ilə necə davranacağıq?
11 Biz «sülh verən Allah» Yehova ilə sıx münasibətdə olmaq üçün, sülhpərvərlik də daxil olmaqla, Onun xüsusiyyətlərini təqlid etməliyik (Filip. 4:9). ‘Yuxarıdan nazil olan hikmətin’ bizə rəhbərlik etməsinə yol versək, digərləri ilə sülhpərvərcəsinə davranacağıq (Yaq. 3:17). Bəli, biz bəxtiyar sülh yaradanlar olacağıq.
«Qoy sizin nurunuz... parlasın»
12. a) İsa ruhani nur haqqında nə demişdir? b) Bizim nurumuz necə parlaya bilər?
12 İnsanlara Allahdan ruhani nur almağa kömək edəndə onlarla ən yaxşı tərzdə rəftar etmiş oluruq (Məz. 43:3). İsa şagirdlərini ‘dünyanın nuru’ adlandırdı və onları təşviq etdi: «Qoy sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görsünlər». İsa şagirdlərinin ruhani həqiqətləri «insanların qarşısında», yəni bəşəriyyətin rifahı üçün bəyan edəcəklərini nəzərdə tuturdu. (Matta 5:14-16 ayələrini oxu.) İnsanlara xeyirxahlıq edəndə və xoş xəbəri ‘bütün dünyada’, yəni «bütün xalqlarda» təbliğ edəndə bizim nurumuz parlayır (Mat. 26:13; Mark 13:10). Bizə necə də şərəfli iş tapşırılıb!
13. Bizi nədən tanımaq olur?
13 İsa demişdi: «Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz». Belə şəhəri görmək asandır. Padşahlığın təbliğçiləri olan bizlər yaxşı işlərimizə, həmçinin təmkinlilik və ismət kimi xüsusiyyətlərimizə görə tanınırıq (Tit. 2:1-14).
14. a) Birinci əsrdə istifadə edilən çırağı təsvir edin. b) Ruhani nurumuzu qabın altında gizlətməmək nə deməkdir?
14 İsa çırağın yandırılmasından və evdə olanların hamısını işıqlandırsın deyə onun qabın altına yox, çıraqdanın üstünə qoyulmasından danışmışdı. Birinci əsrdə gildən düzəldilmiş çıraqlardan geniş istifadə edilərdi, piltəsi kətandan hazırlanardı və adətən yanacaq kimi zeytun yağından istifadə edərdilər. Onu çox vaxt taxta və ya metal çıraqdanın üstünə qoyardılar ki, «evdə olanların hamısını işıqlandırsın». İnsanlar yanan çırağı tutumu 9 litr olan böyük ölçü qabının altına qoymazdılar. İsa istəmirdi ki, şagirdləri ruhani nurlarını məcazi böyük qabın altında gizlətsinlər. Buna görə də müqavimətlərin, yaxud təqiblərin bizi Müqəddəs Kitab həqiqətlərini gizlətməyə və ya özümüzdə saxlamağa vadar etməsinə heç vaxt yol verməməliyik — nurumuz həmişə parlamalıdır.
15. ‘Xeyirxah işlərimiz’ bəzi insanlara necə təsir edir?
15 İsa yanan çıraq barədə bəhs etdikdən sonra şagirdlərinə dedi: «Qoy sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görsünlər və Göylərdəki Atanıza həmd etsinlər». ‘Xeyirxah işlərimizi görən’ bəzi insanlar Allahın xidmətçiləri olaraq Ona ‘həmd edirlər’. Buna görə də gəlin dünyada ‘ulduzlar kimi parlamağa’ davam edək! (Filip. 2:15).
16. ‘Dünyanın nuru’ olmaq nə deməkdir?
16 ‘Dünyanın nuru’ olan bizlərdən Padşahlıq haqqında təbliğ etmək və şagirdlər hazırlamaq tələb olunur. Ancaq bu yeganə tələb deyil. Həvari Pavel yazırdı: «İşıq övladları kimi hərəkət edin, çünki Ruhun bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdədir» (Efes. 5:8, 9). Biz həmişə Allahın yüksək normalarına müvafiq davranmalıyıq. Bunun üçün həvari Peterin məsləhətinə riayət etmək lazımdır: «İman gətirməyənlər arasında müsbət həyat sürün ki, pislikedənlərmişsiniz kimi sizə iftira atsalar da, xeyirli işlərinizi görüb, Allahın onlara yaxınlaşdığı gündə, Ona izzət versinlər» (1 Pet. 2:12). Bəs həmimanlımızla münasibətimiz gərginləşirsə, onda nə etməli?
«Qardaşın ilə barış»
17-19. a) Matta 5:23, 24 ayələrində hansı ‘qurbandan’ söhbət gedir? b) Əvvəlcə qardaşla barışmaq nə üçün vacibdir və İsa bunu necə göstərdi?
17 Dağüstü təbliğində İsa şagirdlərinə xəbərdarlıq etdi ki, qardaşlarına kin saxlamasınlar və nifrət etməsinlər. Şagirdlər, xətrinə dəydikləri qardaşla tez barışmalı idilər. (Matta 5:21-25 ayələrini oxu.) İsanın məsləhətinə diqqətlə nəzər salaq. Əgər qurbanı qurbangahın qarşısına gətirdiyin zaman yadına düşsəydi ki, qardaşının sənə qarşı şikayəti var, onda nə etməli idin? Qurbanı qurbangahın qarşısında qoyub, gedib qardaşınla barışmalı idin. Sonra isə qayıdıb qurbanını təqdim edə bilərdin.
18 ‘Qurban’ adətən Yehovanın məbədində təqdim edilən ənam idi. Heyvan qurbanları çox vacib idi, çünki qurban gətirməyi Musanın Qanunu altında olan İsrail xalqının ibadətinin bir hissəsi kimi Allah əmr etmişdi. Lakin qardaşının sənə qarşı şikayəti olduğu təqdirdə bu məsələni həll etmək qurbanı təqdim etməkdən daha vacib sayılırdı. İsa demişdi: «Qurbanını orada qurbangahın qarşısında qoy, get əvvəlcə qardaşın ilə barış və ondan sonra gəl, qurbanını təqdim et». Qanunda yazılan qurbanları təqdim etməzdən öncə qardaşla barışmaq lazım idi.
19 İsa bu sözləri deməklə xüsusi təqdimləri və konkret günahları nəzərdə tutmurdu. Buna görə də, əgər insan qardaşının ona qarşı şikayəti olduğunu yada salırdısa, qurban gətirməyi təxirə salmalı idi. Əgər o, heyvan qurbanı gətirirdisə, diri heyvanı yandırma qurbanları üçün olan «qurbangahın qarşısında» — məbədin kahinlər həyətində qoymalı idi. Problemini həll etdikdən sonra qayıdıb qurbanını gətirə bilərdi.
20. Qardaşımıza qəzəbliyiksə, nəyə görə problemi tez həll etməliyik?
20 Allahın nöqteyi-nəzərincə, qardaşlarla münasibətimiz həqiqi ibadətin vacib hissəsidir. Əgər Yehovanın xidmətçisi həmimanlısı ilə lazımi tərzdə rəftar etmirdisə, heyvan qurbanları əbəs idi (Mik. 6:6-8). Gördüyümüz kimi, İsa şagirdlərini ‘tez barışmağa’ təşviq edirdi (Mat. 5:25, İ-93). Pavel də buna bənzər sözləri yazmışdı: «Qəzəblənəndə günah işləməyin; qoy siz qəzəblənirkən günəş batmasın və iblisə yer verməyin» (Efes. 4:26, 27). Qəzəblənməyə əsasımız olsa belə, biz qəzəblənmiş vəziyyətdə qalmamaq və İblisə bizdən istifadə etməsinə imkan verməmək üçün məsələni dərhal həll etməliyik (Luka 17:3, 4).
Başqaları ilə həmişə hörmətlə rəftar edin
21, 22. a) Bu məqalədə müzakirə etdiyimiz İsanın məsləhətlərini necə tətbiq edə bilərik? b) Növbəti məqalədə nə müzakirə olunacaq?
21 İsanın Dağüstü təbliğində verdiyi bəzi məsləhətləri nəzərdən keçirməyimiz digərləri ilə xeyirxahcasına və hörmətlə rəftar etməyimizə kömək etməlidir. Hamımız qeyri-kamil olsaq da, İsanın məsləhətlərini tətbiq edə bilərik, çünki nə o, nə də səmavi Atamız bizlərdən edə biləcəyimizdən artıq şey gözləmirlər. Duaların köməyi ilə, səmimi səyimizlə və Yehova Allahın xeyir-duası ilə biz həlim, mərhəmətli və sülhpərvər ola bilərik. Biz Yehovanın izzəti üçün parlayan ruhani nuru əks etdirə bilərik. Üstəlik, aramızda inciklik yaranarsa, qardaşımızla barışmaq üçün əlimizdən gələni edə bilərik.
22 Yehova Allahın qəbul etdiyi ibadətə qonşularımızla yaxşı rəftar etmək daxildir (Mark 12:31). Növbəti məqalədə başqalarına xeyirxahlıq etməkdə bizə kömək edəcək Dağüstü təbliğdən digər məsləhətləri nəzərdən keçirəcəyik. İndi isə, müzakirə etdiyimiz məqalədə İsanın məharətlə söylədiyi nitqindən öyrəndiyimiz məsləhətlər üzərində düşünərək özümüzdən soruşa bilərik: «Mən digərləri ilə necə rəftar edirəm?»
[Haşiyə]
a Bu və növbəti məqalənin müzakirəsindən əvvəl həmin parçaları şəxsi öyrənməndə oxusan, çox faydalı məlumat əldə edəcəksən.
ecə cavab verərdiniz?
• Həlim olmaq nə deməkdir?
• Nəyə görə «mərhəmətli olanlar» bəxtiyardırlar?
• Bizim nurumuz necə parlaya bilər?
• Nəyə görə qardaşımızla tez barışmalıyıq?
[4-cü səhifədəki şəkil]
Padşahlıq haqda xoş xəbəri bəyan etmək nurumuzun parlaması üçün vacibdir
[5-ci səhifədəki şəkil]
Məsihçilər Allahın yüksək normalarına müvafiq davranmalıdırlar
[6-cı səhifədəki şəkil]
Qardaşınla barışmaq üçün əlindən gələni et