Qoy İsanın sözləri sənin davranışına təsir etsin!
«Allahın göndərdiyi Kimsə, Allahın kəlamlarını söylər» (YƏH. 3:34).
1, 2. İsanın Dağüstü təbliğindəki kəlmələri nəyə bənzətmək olar və nəyə görə demək olar ki, onlar tamamilə ‘Allahın kəlamlarına’ əsaslanıb?
DÜNYANIN ən böyük brilyantlarından biri olan 530 karatlıq «Afrika ulduzu»dur. Bu, həqiqətən də çox qiymətli daşdır! Amma İsanın Dağüstü təbliğindəki ruhani kəlmələr ondan da qiymətlidir. Bu bizi təəccübləndirmir, çünki Məsihin kəlamlarının Mənbəyi Yehovadır! Müqəddəs Kitabda İsa haqqında deyilir: «Allahın göndərdiyi Kimsə, Allahın kəlamlarını söylər» (Yəh. 3:34-36).
2 Ola bilsin, Dağüstü təbliğini İsa otuz dəqiqədən az vaxta söyləmişdir, bununla belə, orada İbranicə Müqəddəs Yazıların səkkiz kitabından 21 sitat gətirilir. Buna görə də, bu nitq tamamilə ‘Allahın kəlamlarına’ əsaslanıb. Gəlin görək, Allahın sevimli Oğlunun mükəmməl nitqindəki bəzi dəyərli kəlamları necə tətbiq edə bilərik.
«Get əvvəlcə qardaşın ilə barış»
3. Şagirdlərinə kin saxlamağın nəticələri haqda xəbərdarlıq etdikdən sonra İsa onlara hansı məsləhəti verdi?
3 Bir məsihçi kimi, biz xoşbəxt və sülhpərvərik, çünki üzərimizdə Allahın müqəddəs ruhu var, onun səmərəsinə isə sülh və sevinc daxildir (Qalat. 5:22, 23). İsa şagirdlərinin sülh və xoşbəxtliyi itirmələrini istəmirdi, buna görə də, kin saxlamağın ölümlə nəticələnə biləcəyini söylədi. (Matta 5:21, 22 ayələrini oxu.) Sonra o bildirdi: «Beləliklə, əgər öz qurbanını qurbangah qarşısına gətirdiyin zaman orada yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını orada qurbangahın qarşısında qoy, get əvvəlcə qardaşın ilə barış və ondan sonra gəl, qurbanını təqdim et» (Mat. 5:23, 24).
4, 5. a) Matta 5:23, 24 ayələrində İsanın haqqında danışdığı ‘qurban’ nə ola bilərdi? b) İncimiş qardaşla barışmaq nə dərəcədə vacibdir?
4 İsanın burada xatırlatdığı ‘qurban’ Yerusəlim məbədində gətirilən istənilən təqdim ola bilərdi. Məsələn, o vaxt heyvan qurbanları Yehovaya ibadətin bir hissəsi olduğu üçün labüd sayılırdı. Lakin İsa bundan da vacib olan bir şeyi — Allaha qurban gətirməzdən əvvəl incimiş qardaşla barışmağın vacibliyini vurğuladı.
5 İsanın bu sözlərindən nə öyrənə bilərik? Başqaları ilə necə rəftar etməyimiz birbaşa Yehova ilə münasibətlərimizə təsir göstərir (1 Yəh. 4:20). Qədimdə insan başqaları ilə yaxşı rəftar etməyəndə onun Allaha gətirdiyi qurbanlar mənasız olurdu. (Mikeya 6:6-8 ayələrini oxu.)
Təvazökarlıq göstərməyin vacibliyi
6, 7. Qəlbinə toxunduğumuz qardaşla barışmağa çalışanda təvazökarlıq təzahür etdirmək nəyə görə vacibdir?
6 Qəlbinə dəydiyimiz qardaşla barışmaq təvazökarlığımız üçün sınaq ola bilər. Təvazökar insan güman etdiyinə görə malik olduğu hüquqlarını müdafiə etmək üçün həmimanlıları ilə mübahisəyə girişmir və öz dediyinin üstündə durmur. Bu, qədim Korinfdə məsihçilər arasında mövcud olan vəziyyətə gətirib çıxararaq vəziyyəti daha da ağırlaşdırardı. Həmin vəziyyətə dair həvari Pavel belə bir düşündürücü fikir söyləmişdi: «Aranızda mühakimənin olması da sizin üçün büsbütün məğlubiyyətdir. Bunun əvəzində, haqsızlığa qatlaşmaq daha yaxşı deyilmi? Nə üçün qəddarlığa dözmürsünüz?» (1 Kor. 6:7).
7 İsa demədi ki, biz qardaşımızın yanına özümüzün haqlı, onun isə haqsız olduğunu sübut etmək üçün getməliyik. Məqsədimiz qardaşla aramızda sülhü bərpa etmək olmalıdır. Bunun üçün biz öz hisslərimizi açıq-aydın bildirməliyik. Həmçinin qarşımızdakı insanın hisslərinə toxunduğumuzu etiraf etməliyik. Əgər səhvə yol vermişiksə, əlbəttə ki, təvazökarlıqla üzr istəyəcəyik.
«Sağ gözün səni pis yola çəksə»
8. İsanın Matta 5:29, 30 ayələrində dediklərini qısaca danışın.
8 Dağüstü təbliğində İsa mənəvi dəyərlərə dair sağlam bir məsləhət vermişdir. O, qeyri-kamil bədən üzvlərimizin bizə pis təsir göstərə biləcəyindən xəbərdar idi. Buna görə də İsa dedi: «Əgər sağ gözün səni pis yola çəksə onu çıxar və özündən xaric et; çünki sənin üçün üzvlərindən birinin yox olması, bütün bədəninin cəhənnəmə [«Gehennaya», YD] atılmasından yaxşıdır. Və əgər sağ əlin səni pis yola çəksə onu kəs və özündən xaric et; çünki sənin üçün üzvlərindən birinin yox olması, bütün bədəninin cəhənnəmə [«Gehennaya», YD] atılmasından yaxşıdır» (Mat. 5:29, 30).
9. ‘Gözümüz’ və ya ‘əlimiz’ bizi necə ‘pis yola çəkə’ bilər?
9 İsanın haqqında danışdığı ‘göz’ fikrimizi nəyəsə cəmləmək bacarığımızı və qabiliyyətimizi, ‘əl’ isə əllərimizlə etdiyimiz işləri təmsil edir. Ehtiyatı əldən versək, bədənimizin bu üzvləri bizi ‘pis yola çəkər’ və Allahla münasibətlərimizi poza bilər (Yar. 5:22; 6:9). Yehovanın sözündən çıxmaq istəyi yarananda biz qəti addımlar atmalıyıq, məcazi mənada desək, ‘gözümüzü çıxartmalı’ və ya ‘əlimizi kəsib’ atmalıyıq.
10, 11. Cinsi əxlaqsızlıqdan qorunmağa bizə nə kömək edə bilər?
10 Gözlərimizi əxlaqsız şeylərə baxmaqdan necə saxlaya bilərik? «Gözlərim üçün əhd etmişəm,— deyə Allahdan qorxan Əyyub deyir,— gözüm bir qıza baxarmı?» (Əyy. 31:1). Əyyub evli, həm də Allahın əxlaq normalarından çıxmamağa qəti qərarlı bir adam idi. Subay və ya evli olmağımızdan asılı olmayaraq, bizdə də belə qətiyyət olmalıdır. Cinsi əxlaqsızlıqdan qaçınmaq üçün biz Allahı sevənlərdə özünə hakim olmaq xüsusiyyəti hasil edən ruha görə yaşamalıyıq (Qalat. 5:22-25).
11 Cinsi əxlaqsızlıqdan qorunmaq üçün özümüzdən soruşa bilərik: «Kitablarda, televizorda və ya İnternetdə asanlıqla tapılan ədəbsiz materiallara qarşı gözlərimin məndə həvəs oyatmasına yol verirəmmi?» Gəlin həmçinin şagird Yaqubun sözlərini yadımızdan çıxarmayaq: «Hər kəs öz ehtirası ilə aparılaraq və aldanaraq imtahan olunur. Ehtiras isə boylu qalıb günah doğurur. Yetişən günah da ölüm törədir» (Yaq. 1:14, 15). Əgər Allahın həsr olunmuş xidmətçisi əks cinsdən olan bir kəsə əxlaqsız motivlərlə ‘baxırsa’, o, gözünü çıxartmaq və əlini kəsmək kimi qəti dəyişikliklər etməlidir. (Matta 5:27, 28 ayələrini oxu.)
12. Pavelin hansı məsləhəti ədəbsiz cismani arzulara qarşı mübarizə aparmağa kömək edə bilər?
12 Əlimizdən nalayiq tərzdə istifadə etmək Yehovanın əxlaq normalarının pozulmasına gətirib çıxara bilər, bu səbəbdən əxlaqi cəhətdən təmiz qalmağa qərarlı olmalıyıq. Buna görə Pavelin məsləhətinə diqqət yetirməliyik: «Daxili varlığınızın dünyəvi yönlərini — cinsi əxlaqsızlıq, natəmizlik, şəhvət, pis ehtiras və bütpərəstlik olan tamahkarlığı — öldürün» (Kolos. 3:5). «Öldürün» sözü ədəbsiz cismani arzularla mübarizə aparmaq üçün görməli olduğumuz qəti tədbirlərə işarə edir.
13, 14. Nəyə görə əxlaqsız fikir və hərəkətlərdən qaçınmaq vacibdir?
13 İnsan həyatını xilas etmək üçün, çox güman ki, ətraflarından birinin amputasiya olunmasına razılıq verəcək. Yehova ilə münasibətlərimizi pozacaq əxlaqsız fikirlər və əməllərdən qaçmaq üçün məcazi mənada gözümüzü və əlimizi ‘xaric etmək’ vacibdir. Əbədi məhvin simvolu olan Gehennadan qaçmağın yeganə yolu əqli, əxlaqi və ruhani təmizliyimizi qorumaqdır.
14 Günahı və qeyri-kamilliyi miras aldığımızdan əxlaqi təmizliyi qorumaq üçün səy tələb olunur. Pavel demişdi: «Bədənimə cəfa verib onu kölə edirəm ki, başqalarına vəz etdikdən sonra, özüm yarışda iştirak etməkdən məhrum olmayım» (1 Kor. 9:27). Buna görə gəlin İsanın əxlaqa dair məsləhətinə əməl etməyə qəti qərarlı olaq və onun fidiyə qurbanlığına naşükür olduğumuzu göstərən hərəkətlərə yol verməyək (Mat. 20:28; İbr. 6:4-6).
«Verin»
15, 16. a) Səxavətli olmaqda İsa necə nümunə qoymuşdu? b) İsanın Luka 6:38 ayəsində yazılan sözləri altında nə nəzərdə tutulur?
15 İsanın sözləri və böyük nümunəsi bizi səxavətli olmağa təşviq edir. Qeyri-kamil bəşəriyyətə kömək etmək üçün yer üzünə gəlməklə o, böyük səxavət göstərdi. (2 Korinflilərə 8:9 ayəsini oxu.) İsa könüllü olaraq göylərdəki izzətli mövqeyini buraxıb, insan kimi yer üzünə gəldi və öz həyatını günahlı bəşəriyyət uğrunda qurban verdi. Onlardan bəziləri səmavi Padşahlıqda onun həmvarisləri olmaq sərvətini alacaq (Rom. 8:16, 17). İsa, şübhəsiz ki, aşağıdakı sözləri deməklə səxavətli olmağa təşviq edirdi:
16 «Verin, sizə də veriləcəkdir: ölçülüb-biçilmiş, silkələnib-basılmış, dolub-daşmış, bol bir ölçü ilə sizin ətəyinizə töküləcəkdir; çünki hansı ölçü ilə ölçsəniz, o ölçü ilə də sizə ölçüləcəkdir» (Luka 6:38). ‘Ətəyə tökmək’ ifadəsi qədimdə bəzi satıcıların müştərilərinin aldıqları şeyləri onların belinə kəmərlə bağlanmış üst paltarlarının ətəyinə lazımınca doldurduqlarını göstərir. Ürəkdən gələn səxavətliliyimiz sayəsində, ola bilsin, biz də ehtiyac duyduğumuz zaman yaxşı pay alacağıq (Vaiz 11:2).
17. Yehova verməkdə əsas nümunəni necə qoyub və hansı işdə səxavətli olmaq bizə sevinc gətirir?
17 Yehova gülərüzlə verənləri sevir və mükafatlandırır. Onun Özü vahid Oğluna «iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun» deyə onu qurban verməklə bu sahədə əsas nümunə qoydu (Yəh. 3:16). Pavel yazır: «Çox əkən... çox da biçəcəkdir. Hər kəs ürəyində niyyət etdiyi kimi versin, kədərlə, yaxud məcburi yox; çünki Allah gülər üzlə verəni sevir» (2 Kor. 9:6, 7). Vaxtımızı, gücümüzü və maddi vəsaitlərimizi həqiqi ibadətin irəliləməsinə sərf etmək, əlbəttə, bizə sevinc və bol mükafatlar gətirir. (Süleymanın məsəlləri 19:17; Luka 16:9 ayələrini oxu.)
«Öz önündə car çəkmə»
18. Hansı təqdirdə, səmavi Atamızdan ‘mükafat almayacağıq’?
18 «Ehtiyatlı olun, insanlara özünüzü göstərmək üçün yaxşılıq etməyin; yoxsa Səmavi Atanızdan mükafat almazsınız» (Mat. 6:1). ‘Yaxşılıq etmək’ ifadəsi altında İsa Allaha məqbul olan davranış tərzini nəzərdə tuturdu. O, Allaha məqbul işləri heç vaxt insanlar qarşısında görməli olmadığımızı nəzərdə tutmurdu; çünki onun özü şagirdlərinə demişdi ki, onların ‘nuru insanlar qarşısında parlamalıdır’ (Mat. 5:14-16). Amma əgər bütün bunları, səhnədə rol oynayan aktyorlar kimi, ‘özümüzü göstərmək’ və insanların bizə valeh olması üçün ediriksə, ‘mükafat almayacağıq’. Əgər belə motivlərdən irəli gələrək hərəkət etsək, Allahla yaxın münasibətimiz olmayacaq və Padşahlığın rəhbərliyi altında olacaq xeyir-duaları görməyəcəyik.
19, 20. a) ‘Sədəqə verən’ zaman «car çəkmə» deyərkən İsa nəyi nəzərdə tuturdu? b) Hansı mənada sol əlimizin etdiklərini sağ əlimiz bilməməlidir?
19 Əgər motivlərimiz düzdürsə, İsanın növbəti nəsihətinə əməl edəcəyik: «Beləliklə, sədəqə verdiyin zaman, ikiüzlü adamların xalq qarşısında şöhrət qazanmaq üçün sinaqoqlarda və küçələrdə etdikləri kimi, öz önündə car çəkmə. Doğrusunu sizə deyirəm: onlar mükafatlarını aldılar» (Mat. 6:2). Hətta İsa və onun həvariləri də yoxsullara sədəqə verirdilər (Yəh. 12:5-8; 13:29). Biz fəriseylər kimi xeyirxah işlərimizi insanların gözünə soxmamalıyıq. İsa onları ikiüzlü adlandırdı, çünki onlar sədəqə verdiklərini «sinaqoqlarda və küçələrdə» nümayiş etdirirdilər. Bu ikiüzlülər «mükafatlarını» tam alırdılar. Onların mükafatı yalnız insanların ucadan onları salamlaması və ya ola bilsin, sinaqoqlarda tanınmış ravvinlərin yanında qabaq yerlərdə oturmaqdan ibarət idi, çünki Yehova onlara heç nə verməyəcəkdi (Mat. 23:6, 7). Bəs Məsihin şagirdləri necə davranmalı idilər? İsa onlara, eləcə də bizə dedi:
20 «Sən sədəqə verdiyin zaman isə, qoy sol əlin sağ əlinin nə etdiyini bilməsin. Sədəqən gizli olsun; gizlini görən Atan da sənə açıqcasına əvəzini verəcəkdir» (Mat. 6:3, 4). Adətən əllərimiz birgə iş görür. Buna görə də sol əlin sağ əlin nə etdiyini bilməməsi o deməkdir ki, xeyirxah işlərimizi, sol əlimiz sağ əlimizə yaxın olduğu qədər bizə yaxın olan kəslərə belə car çəkməməliyik.
21. «Gizlini görən» əvəzini necə verir?
21 Əgər xeyirxahlığımızla öyünmürüksə, ‘sədəqə verməyimiz’ gizli olacaq və «gizlini görən» Atamız əvəzini verəcək. Göylərdə məskun olan və gözə görünməyən səmavi Atamız bəşəriyyət üçün «gizli» qalır (Yəh. 1:18, İ–93). «Gizlini görən» Yehova əvəzini o mənada verir ki, Onunla yaxından münasibət qura bilirik, günahlarımız bağışlanır və bizə əbədi həyat bəxş olunur (Sül. məs. 3:32; Yəh. 17:3; Efes. 1:8). Bunlar insanların verdiyi izzətdən qat-qat üstündür!
Yadda saxlamalı olduğumuz qiymətli kəlamlar
22, 23. Nəyə görə İsanın kəlamlarını yadda saxlamalıyıq?
22 Dağüstü təbliğ gözəl yönləri olan ruhani daş-qaşlarla doludur. Bu Dağüstü təbliğdə olan qiymətli sözlər, şübhəsiz ki, hətta yaşadığımız təlatümlü dünyada belə bizə sevinc bəxş edə bilər. Bəli, əgər İsanın kəlamlarını yadda saxlasaq və onların həyatımıza və davranış tərzimizə təsir etməsinə yol versək, xoşbəxtliyə nail olacağıq.
23 İsanın öyrətdiklərini ‘eşidib həyata keçirən’ hər kəs xeyir-dua alacaqdır. (Matta 7:24, 25 ayələrini oxu.) Buna görə də gəlin İsanın məsləhətlərinə qəti surətdə əməl edək. İsanın Dağüstü təbliğindən digər fikirlər bu silsilədən olan sonuncu məqalədə müzakirə olunacaq.
Necə cavab verərdiniz?
• Qəlbinə toxunduğumuz qardaşımızla barışmaq nəyə görə vacibdir?
• ‘Sağ gözümüz’ bizi pis yola çəkməsin deyə nə etməliyik?
• Verməyə dair nöqteyi-nəzərimiz necə olmalıdır?
[11-ci səhifədəki şəkil]
Ürəyinə toxunduğumuz həmimanlımızla ‘barışmaq’ necə də xoşdur!
[13-cü səhifədəki şəkillər]
Yehova gülərüzlə verənləri xeyir-dualandırır