Fəsil 35
İsanın məşhur nitqi
MÜQƏDDƏS KİTABDA ən yaddaqalan səhnələrdən biri belə təsvir edilir: İsa Məsih dağın döşündə əyləşib nitq söyləyir. Bu nitq sonralar «Dağüstü təbliğ» kimi məşhurlaşır. Bu tarixi hadisə Qalileya gölü yaxınlığında, güman ki, Kapernahum ərazisində baş vermişdir. İsa bütün gecəni Allaha dua etmiş və təzəcə şagirdləri arasından on iki həvarisini seçmişdir. İndi onlarla birlikdə dağdan aşağı enib bir yamacda durur.
Yəqin ki, İsa çox yorulub və bir qədər dincəlmək istəyərdi. Amma onu burada böyük bir izdiham gözləyir. Bu adamlar Yəhudeyadan, Yerusəlimdən 100 kilometrlik yolu qət edərək onu görməyə gəlib. Bir başqaları isə şimaldan, dənizyanı Sur və Sidon bölgələrindən gəlmişlər. Onlar İsa Məsihi dinləmək və xəstəliklərindən şəfa tapmaq istəyirlər. Onların arasında hətta cinə tutulmuş adamlar da var.
İsa aşağı enəndə xəstə adamlar ona toxunmaq üçün yaxınlaşır və o, onların hamısına şəfa verir. Görünür, sonra İsa bir qədər yuxarı qalxır və oturub təlim verməyə başlayır, camaat isə onun qarşısında yamaclıqda əyləşir. Bir baxın, burada oturanların heç biri artıq xəstə deyil!
Adamlar intizar içindədir, onlar bu valehedici möcüzələri göstərən müəllimi eşitmək istəyirlər. Ancaq İsanın bu nitqi ilk növbədə ona lap yaxın oturmuş şagirdlərinə ünvanlanıb. Bu nitqi müjdəçilərdən ikisi, Matta ilə Luka qələmə almışlar. Bu gün bizlər onların yazdıqlarını oxuyub bəhrələnə bilərik.
Həmin nitq haqqında Mattanın yazdığı məlumat Lukanın yazdığından dörd dəfə uzundur. Bundan əlavə, Matta 6:9—13 ayələrini Luka 11:1—4 ayələri ilə və Matta 6:25—34 ayələrini Luka 12:22—31 ayələri ilə müqayisə etdikdə görürük ki, Luka burada deyilmiş bəzi şeyləri İsanın başqa vaxtlarda söylədiklərinə aid edib. Bu bizi heç də çaşdırmamalıdır. İsa, sözsüz ki, təlimlərini təkrar-təkrar öyrədir və Luka onlardan bəzilərini başqa vaxtlardakı hadisələrlə əlaqələndirir.
Bu nitq çox dəyərlidir: orada həm dərin ruhani həqiqətlər var, həm də İsa onu çox aydın və sadə bir tərzdə söyləyir. O, insanların gündəlik həyatından danışır və onlara yaxşı tanış olan şeyləri misal çəkir. Bunun sayəsində Allahın göstərdiyi yolla gedib xoşbəxt yaşamaq istəyən bütün insanlar onun fikirlərini asanlıqla dərk edə bilərlər.
Kimlər həqiqətən xoşbəxtdir?
Hər bir insan xoşbəxt olmaq istəyir. Buna görə də İsa nitqinin başlanğıcında kimlərin həqiqi mənada xoşbəxt olduqlarını göstərir. Şübhəsiz, bu, onun dinləyicilərinin ürəyini ələ alır, onlar ona diqqət kəsilirlər. Bununla belə, onun ilk sözləri çoxlarına ziddiyətli görünə bilər.
İsa Məsih şagirdlərinə müraciətlə sözə başlayır: «Ey yoxsullar, siz necə də xoşbəxtsiniz, çünki Allahın padşahlığı sizindir. Ey indi aclıq çəkənlər, siz necə də xoşbəxtsiniz, çünki doyacaqsınız. Ey indi ağlayanlar, siz necə də xoşbəxtsiniz, çünki güləcəksiniz... Adamlar sizə nifrət edəndə... siz necə də xoşbəxtsiniz. O gün sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir».
Luka İsanın nitqinin giriş sözlərini belə verir. Mattanın yazdığı «Xoş xəbər»ə əsasən, İsa həmçinin deyir ki, həlimlər, rəhmdillilər, ürəyitəmizlər və sülhpərvərlər də xoşbəxtdirlər, çünki «Yer onların olacaq», onlara «mərhəmət göstəriləcək», onlar «Allahı görəcək» və onlara «Allahın oğulları» deyiləcək.
İsa Məsih xoşbəxtliyi sadəcə kef çəkmək və şənlənməklə əlaqələndirmir. Əsil xoşbəxtliyin mənası daha genişdir. Əsil xoşbəxt insan yaşayışından məmnundur, o, xoş və dolğun həyat sürür.
Bəli, İsa göstərir ki, əsil xoşbəxt adam ruhani nemətlərə susayır, yəni Allaha ehtiyac duyur, özünün günahlı vəziyyətdə olduğundan peşmançılıq çəkir və Allah haqqında öyrənib Ona xidmət edir. Belə adam Allah yolunda hətta nifrət hədəfinə çevrilsə də, təqiblərə məruz qalsa da xoşbəxtdir. O bilir ki, Allah ondan razıdır və ona əbədi həyat bəxş edəcək.
Amma İsanın dinləyicilərindən bir çoxu, bəzi müasir adamlar kimi, xoşbəxtliyi var-dövlətdə və kef çəkməkdə görürlər. İsa Məsih isə bilir ki, xoşbəxtlik bu şeylərdən asılı deyil. Onun növbəti sözləri hamını təəccübləndirir:
«Ey varlılar, vay halınıza! Çünki siz təsəllinizi artıqlaması ilə almısınız. Ey qarnı toxlar, vay halınıza! Çünki siz aclıq çəkəcəksiniz. İndi gülənlər, vay halınıza! Çünki siz yas tutub ağlayacaqsınız. Hamı sizi tərifləyəndə vay halınıza! Çünki onların ataları eyni şeyi saxta peyğəmbərlərlə də edirdilər».
İsa nəyi nəzərdə tutur? Var-dövlət sahibi olmaqda, şənlənməkdə, insanların gözündə rəğbət qazanmaqda nə pis şey var ki?! Bunların dalınca düşən, onlara üstünlük verən adamın həyatında Allaha ibadət üçün yer qalmır, halbuki insana əsil xoşbəxtliyi məhz Allaha ibadət gətirir. Digər tərəfdən, İsa nəzərdə tutmurdu ki, kasıb, ac və kədərli olmaq özü-özlüyündə adamı xoşbəxt edir. Amma çox vaxt məhz aşağı təbəqədən olan insanlar İsanın təliminə hay verirlər, bu isə əsil xoşbəxtliyə yol açır.
Sonra İsa şagirdlərinə xitab edir: «Siz dünyanın duzusunuz». Təbii ki, İsa bunu hərfi mənada demir. Duz qoruyucu maddədir. Yehovanın məbədində, qurbangahın yanında bir topa duz olurdu. Məbəddə xidmət edən kahinlər ondan qurbanları duzlamaq üçün istifadə edirdilər.
Bəs onda İsanın şagirdləri hansı mənada dünyanın «duzu»durlar? Onların təbliğ etdikləri xəbər qoruyucu xassəlidir və ona hay verən bütün insanların həyatını qoruyub saxlamağa qadirdir! Bu xəbər belə insanları ruhani və əxlaqi cəhətdən korlanmağa qoymur; onlara vəfalı, sədaqətli, yəni Allahın normalarına daima bağlı olmaqda kömək edir.
İsa Məsih şagirdlərinə deyir: «Siz dünyanın nurusunuz». Yanar çırağı səbətin altına yox, açıq yerə qoyurlar. Buna görə də İsa deyir: «Qoy sizin də nurunuz insanların qarşısında işıq saçsın». İsanın şagirdləri bu çağırışa əməl edərək xoş xəbəri insanlara təbliğ edir və Allahın Kəlamında yazılmış tələblərə müvafiq yaşayırlar. Beləcə, onlar nur kimi parıldayırlar.
İsa Məsihin davamçıları üçün yüksək tələblər
Din rəhbərlərinin fikrincə, İsa Məsih guya Allahın Qanununu pozur. Bu səbəbdən ona hətta sui-qəsd etmək istəyirlər. İsa bunu bildiyindən belə deyir: «Elə bilməyin ki, mən Qanunu və ya Peyğəmbərlərin kitablarını ləğv etməyə gəlmişəm. Xeyr, mən onları ləğv etməyə yox, yerinə yetirməyə gəlmişəm».
İsa Məsih həmişə Allahın Qanununa böyük ehtiramla yanaşır və başqalarını da buna təşviq edir. O deyir: «Kim bu əmrlərin ən kiçiyindən birini pozsa və insanlara da bunu öyrətsə, səmavi padşahlığa yaramayacaq».
İsa nəinki Allahın Qanunu pozmur, əksinə, bu Qanunu pozmağa təhrik edən fikirləri mühakimə edir. Misal üçün, o deyir: «Qədimdə insanlara: “Qətl etmə”... deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: kim qardaşına qarşı qəzəblənirsə, məhkəmə qarşısında cavab verəcək».
Kin saxlamaq çox pis şeydir. Kin ürəkdə kök salarsa, hətta qətlə gətirib çıxara bilər. Buna görə də İsa insanları barışığa aparan yolu göstərir: «Əgər bəxşiş götürüb qurbangaha gəlsən və orada yadına düşsə ki, qardaşın səndən inciyib, bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get qardaşınla barış, sonra gəlib bəxşişini təqdim edərsən». Bəli, sülhə nail olmaq üçün çoxlu səy göstərmək lazımdır.
İsa Allahın Qanunundan növbəti bəndə nəzər salır: «“Zina etmə”, — deyildiyini eşitmisiniz». Amma İsa zinakarlığa hətta nəfs oyatmağı belə mühakimə edir: «Mən isə sizə deyirəm: qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur».
İsa burada ötəri düşüncələrdən yox, davamedici baxışlardan danışır. Belə sürəkli baxış ürəkdə şəhvəti alovlandırır. Şəhvət isə müəyyən vəziyyətdə insanı zinaya uğrada bilər. Bunun qarşısını necə almaq olar? İsa əyani misallarla bunu belə izah edir: «Ona görə də sağ gözün səni günaha sürükləyirsə, onu çıxarıb at... Həmçinin əgər sağ əlin səni günaha sürükləyirsə, onu kəsib at». Bəli, zinadan qaçmaq üçün qəti addımlar atmaq lazımdır.
İnsan öz həyatını xilas etmək üçün bədəninin xəstə orqanından keçməyə hazırdır. İsa deyir ki, əxlaqsız fikir və əməllərdən uzaq durmaq daha vacibdir, bunun üçün göz və əl kimi zəruri orqanları məcazi mənada «kəsib atmaq» lazım gələ bilər. Əks təqdirdə, belə insan «Hinnom dərəsi»nə atılacaq. Müqəddəs Kitabda «Hinnom dərəsi» ifadəsi əbədi məhv cəzasını bildirir. (Keçmişdə «Hinnom dərəsi» Yerusəlimin yaxınlığında zibilxana idi, orada daima od yanırdı.)
İsa həmçinin başqalarını təhqir edən və incidən adamlarla necə rəftar etməyi öyrədir: «Pis adamdan əvəzini çıxma, amma kim sənin sağ yanağına sillə vurarsa, o biri yanağını da ona çevir». İsa demir ki, təcavüzə məruz qalanda adam özünü, yaxud ailəsini qorumamalıdır. Adətən sillə insana xəsarət yetirmir, onun ləyaqətinə toxunur. Beləcə, İsa demək istəyir ki, kimisə sillə və ya sözlə təhqir edib dava-dalaşa təhrik edirlərsə, belə təhqirə cavab vermək düzgün deyil.
İsa Qanundakı «yaxınını sev» sözlərinə istinad edərək belə öyrədir: «Mən isə sizə deyirəm: düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin». O, bunun üçün tutarlı səbəb gətirir: «Beləcə, göydəki Atanızın oğulları olacaqsınız. O, günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun».
İsa nitqinin bu hissəsini belə nəsihətamiz sözlərlə bitirir: «Buna görə də səmavi Atanız kamil olduğu kimi, siz də kamil olmalısınız». Əlbəttə, insan mütləq mənada kamil ola bilməz. Amma insan ürəyindəki məhəbbəti, hətta düşmənlərini sevə biləcək dərəcədə kamilləşdirə bilər. Belə olduqda, o, Allahdan nümunə götürmüş olur. Luka nəql etdiyi müjdədə bu fikri belə verir: «Atanız mərhəmətli olduğu kimi, siz də həmişə mərhəmətli olun».
Dua və Allaha güvənc
İsa Məsih zahirən özünü mömin göstərənlərin riyakarlığını tənqid edərək deyir: «Sədəqə verəndə, ikiüzlülər kimi aləmə car çəkmə».
«Həmçinin, — deyə İsa sözünə davam edir, — dua edəndə ikiüzlülərə bənzəməyin. Onlar özlərini insanlara göstərmək üçün sinaqoqlarda və baş küçələrin tinində durub dua etməyi sevirlər... Sən isə dua edəndə otağına gir və qapını bağlayıb gözəgörünməz Atana dua et». İsa adamların qarşısında dua etməyin əleyhinə deyil. O, özü də bəzi hallarda camaat önündə dua etmişdi. İsa başqalarında təəssürat yaratmaq və tərif qazanmaq xatirinə edilən duaları mühakimə edir.
Sonra o, dua ilə əlaqədar belə göstəriş verir: «Dua edəndə başqa millətlərdən olanlar kimi eyni sözləri təkrar-təkrar deməyin». İsa, ümumiyyətlə, nəyisə təkrarlamağın səhv olduğunu demir, o, özü də bir dəfə dua edərkən diləyini təkrar etmişdi. İsa deyir ki, duaları əzbərdən söyləmək, təsbeh çevirə-çevirə eyni sözləri təkrarlamaq düzgün deyil.
İsa dinləyicilərinə düzgün dua etməyi öyrətmək üçün yeddi diləkdən ibarət nümunə duası verir. İlk üç dilək Külli-İxtiyar Allahın adı və niyyətləri ilə bağlıdır. Bu diləklər Allahın adının müqəddəs tutulması, Padşahlığının gəlməsi və Onun iradəsinin yerinə yetməsi haqqındadır. Digər dördü isə gündəlik ruzi, günahların bağışlanması, sınaqlar qarşısında tab gətirmək və Şərirdən qorunmaq üçün şəxsi diləklərdir.
Sonra İsa göstərir ki, maddi şeylərə aludəçilik tələ ola bilər. O, dinləyicilərinə göstəriş verir: «Özünüzə yerdə xəzinə toplamağa son qoyun. Burada onu güvə yeyir və pas xarab edir, oğrular da girib oğurlayır». Əvvəla, var-dövlət gəldi-gedərdi, sonrası da ki, bizi Allahın gözündə qiymətli etmir.
Buna görə də İsa belə məsləhət görür: «Əvəzində xəzinənizi göydə toplayın». Həyatımızda ibadətə önəmli yer verəndə biz belə etmiş oluruq. Beləcə, Allaha əmanət edilmiş xəzinəni və onda hasil olan misilsiz mükafatı heç kim əlimizdən ala bilməz. Sonra İsa əlavə edir: «Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq».
İsa var-dövlətə hərisliyin təhlükəsindən danışaraq belə deyir: «Bədənin çırağı gözdür. Əgər gözün toxdursa, bütün bədənin də nur içində olacaq. Yox əgər gözün acdırsa, bütün bədənin də zülmət içində olacaq». Göz «tox» olanda öz sahibi üçün sanki qaranlıqda yanan bir çıraqdır. Hər şeyi düzgün görmək üçün göz «tox» olmalıdır, yəni nəzər bir şeyin üzərinə cəmlənməlidir. Göz «ac» olanda hər şeyi əyri görür və düzgün qiymət vermir. Belə olduqda, insan ibadətdən daha çox maddi şeylərə üstünlük verir, nəticədə bütün bədən «zülmət içində» olur.
İsa bu məsələni çox təsirli sözlərlə yekunlaşdırır: «Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək, ya da birinə sədaqət göstərib, digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz».
Bundan sonra İsa dinləyicilərini Allaha arxalanmağa təşviq edir. O izah edir ki, insan öz həyatında Allahı birinci yerə qoyursa, güzəranı üçün çox narahat olmamalıdır. İsa deyir: «Göy quşlarına fikir verin. Onlar nə əkir, nə biçir, nə də anbara məhsul toplayırlar. Bununla belə, sizin səmavi Atanız onları yedizdirir». Sonra o soruşur: «Məgər siz onlardan qat-qat qiymətli deyilsiniz?»
İsa çöl zanbaqlarını nümunə çəkir: «Heç Süleyman da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdir. Əgər Allah,.. çöl otunu belə geyindirirsə, ey az imanlılar, məgər sizi geyindirməyəcək?» İsa bu fikri belə tamamlayır: «Buna görə də “nə yeyəcəyik?”, “nə içəcəyik?” və ya “nə geyəcəyik?” — deyə heç vaxt narahat olmayın... Sizin səmavi Atanız isə bütün bunlara ehtiyac duyduğunuzu bilir. Beləliklə, padşahlığı və Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun, onda bütün bunlar da sizə veriləcək».
Həyata aparan yol
İsanın təlimləri həyata aparır, buna görə də onlardan möhkəm yapışmaq lazımdır. Lakin bu bir o qədər asan deyil. Misal üçün, fəriseylər başqalarını amansızcasına mühakimə edirlər, yəqin, çoxları da onlara baxıb nümunə götürürlər. İsa bu barədə ciddi xəbərdarlıq verir: «Bəsdirin insanları mühakimə etdiniz, yoxsa özünüz də mühakimə olunacaqsınız. Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız».
Hər şeyə əyri gözlə baxan fəriseylərin göstərdiyi yol çox təhlükəlidir. Luka qeyd edir ki, İsa bununla bağlı bir misal çəkir: «Heç kor kora bələdçilik edə bilər? Məgər ikisi də çuxura düşməzlər?»
Hər şeydə qəbahət axtarmaq, başqalarının xırda səhvlərini şişirdib böyütmək çox pisdir. Buna görə də İsa soruşur: «Öz gözündə tir ola-ola sən qardaşına necə: “Gəl gözündəki çöpü çıxarım”, — deyirsən? Ey ikiüzlü insan! Sən əvvəl öz gözündəki tiri çıxart, sonra qardaşının gözündəki çöpü necə çıxartmağı aydın görərsən».
Əlbəttə, İsanın şagirdləri adamlarla münasibətdə yaxşını pisdən ayırd etməyi bacarmalıdırlar, çünki o, sonra deyir: «Müqəddəs şeyləri itlərə verməyin və mirvarilərinizi donuzların qabağına atmayın». Bəli, Allahdan gələn həqiqət sözləri müqəddəsdir, onlar sanki mirvaridir. Əfsuslar olsun ki, hamı onların qədrini bilmir. İsanın şagirdləri belələrini qoyub, Allahın sözünə hay verən insanları axtarmalıdırlar.
Hərçənd İsa dua haqqında artıq danışıb, indi o qeyd edir ki, duada israrlı olmaq gərəkdir: «Durmadan diləyin və sizə veriləcək». Allahın dualara cavab verməyə hazır olduğunu əyani yolla göstərmək üçün İsa soruşur: «Məgər aranızda elə bir ata var ki, oğlu çörək istəyəndə ona daş versin?.. Əgər siz pis olduğunuz halda uşaqlarınıza yaxşı nemətlər verə bilirsinizsə, məgər səmavi Atanız Ondan istəyənlərə yaxşı nemətlər verməyəcək?»
Sonra İsa qarşılıqlı münasibət barədə vacib bir prinsip söyləyir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla eləcə rəftar edin». Bu prinsip «qızıl qayda» adlanır. Ona müvafiq yaşamaq üçün başqalarına yaxşılıq etmək, özünə qarşı arzuladığın münasibəti onlara göstərmək lazımdır.
İsanın növbəti sözlərindən görünür ki, həyata aparan yolla getmək asan deyil: «Dar qapıdan girin, çünki məhvə aparan yol enli və genişdir və çox adam bu yolla gedir. Amma həyata aparan qapı dar, yol isə ensizdir və bu yolu az adam tapır».
Səhv yola düşmək təhlükəsi böyük olduğundan o xəbərdar edir: «Özünüzü saxta peyğəmbərlərdən gözləyin. Onlar yanınıza qoyun cildində gəlirlər, halbuki daxildə yırtıcı canavardırlar». İsa qeyd edir ki, ağacın yaxşı və ya pis olması bəhrəsindən məlum olduğu kimi, saxta peyğəmbərləri də təlim və əməllərindən tanımaq olar.
İsanın sonrakı sözləri bu fikri açıqlayır: insan yalnız dildə yox, əməldə onun şagirdi olmalıdır. Bəziləri iddia edir ki, İsa onlar üçün Ağadır, amma özləri onun Atasının iradəsinə zidd hərəkət edirlər. Belələrinə İsa deyir: «Mən sizi tanımıram! Rədd olun, qanunsuzluğun qulluğunda duranlar».
İsa bu nitqi belə yaddaqalan sözlərlə yekunlaşdırır: «Beləliklə, mənim sözlərimi eşidib onlara əməl edən evini daş üzərində tikmiş ağıllı adama bənzəyir. Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üzərinə gəldi, lakin ev uçmadı, çünki təməli daş üzərində qoyulmuşdu».
«Amma mənim sözlərimi eşidib onlara əməl etməyən, — deyə İsa vurğulayır, — evini qum üzərində tikmiş ağılsız adama bənzəyir. Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üzərinə gəldi. Ev uçub darmadağın oldu».
İsa sözünü bitirəndə camaat onun necə təlim verdiyinə heyran qalır, çünki İsa onları din rəhbərləri kimi yox, «hakimiyyət sahibi kimi» öyrədirdi. Luka 6:12—23; Matta 5:1—12; Luka 6:24—26; Matta 5:13—48; 6:1—34; 26:36—45; 7:1—29; Luka 6:27—49.
▪ İsa ən yaddaqalan təlimini harada öyrədir, orada kimlər vardı və bu təlimdən bir az əvvəl nə olmuşdu?
▪ İsanın burada söylədiyi bəzi fikirləri Lukanın digər vaxta aid etməsi nə üçün təəccüblü deyil?
▪ İsanın bu nitqi nə üçün dəyərlidir?
▪ Kimlər həqiqətən xoşbəxtdir və nə üçün?
▪ Kimlərin «vay halına» və nə üçün?
▪ İsanın şagirdləri hansı mənada dünyanın «duzu» və «nuru»durlar?
▪ Allahın Qanununa İsanın ehtiram bəslədiyi nədən görünür?
▪ İsanın hansı göstərişlərinə riayət etməklə qətl və zinakarlığı kökündən kəsmək olar?
▪ «O biri yanağını çevir» deməklə İsa nəyi nəzərdə tutur?
▪ Allah kimi, «kamil» olmaq nə deməkdir?
▪ Dua ilə əlaqədar İsa hansı göstərişləri verir?
▪ Göydəki xəzinənin üstünlüyü nədədir və onu necə toplamaq olar?
▪ Hansı misallar var-dövlətə hərislikdən qaçınmağın vacibliyini başa düşməkdə kömək edir?
▪ İsa həddən artıq narahatçılığın əbəs olduğunu necə göstərir?
▪ İsa başqalarını mühakimə etmək barədə nə deyir? Digər tərəfdən, onun şagirdləri başqaları ilə münasibətdə nə üçün gözüaçıq olmalıdırlar?
▪ Dua ilə bağlı İsa daha nə öyrədir və qarşılıqlı münasibətə dair hansı prinsipi verir?
▪ İsa həyat yolunun asan olmadığını və səhv yola düşmək təhlükəsini necə göstərir?
▪ İsa təlimini hansı sözlərlə bitirir və onun təlim vermə tərzi camaatda hansı təəssüratı yaradır?