FƏSİL 6
Müjdəçilər — özlərini könüllü olaraq təqdim edən xalq
1, 2. İsa Məsih hansı böyük iş haqqında peyğəmbərlik etmişdi və ortaya hansı vacib sual çıxır?
ÇOX VAXT dövlət başçılarının verdiyi vədlər həyata keçmir. Hətta bəzən ən yaxşı niyyətdən irəli gələrək verdikləri vədləri belə həyata keçirməyə müvəffəq olmurlar. Ancaq onlardan fərqli olaraq, Padşahlığın Padşahı təyin olunan İsa Məsih həmişə dediyi sözün arxasında durur.
2 İsa 1914-cü ildə Padşah olduqdan sonra təxminən 1900 il əvvəl dediyi peyğəmbərliyi yerinə yetirməyə hazır idi. Ölümündən qabaq o demişdi: «Padşahlıq haqqındakı bu xoş xəbər... bütün yer üzündə təbliğ ediləcək» (Mət. 24:14). Bu sözlərin yerinə yetməsi Məsihin Padşahlıq hakimiyyətində hüzurunun əlamətinin bir hissəsi olacaq. Ortaya belə bir sual çıxır: «Dünyada xudbinliyin, qəddarlığın və imansızlığın tüğyan etdiyi bu axır günlərdə Padşah saysız-hesabsız könüllü təbliğçiləri bir araya necə yığacaq?» (Mət. 24:12; 2 Tim. 3:1—5). Bütün həqiqi məsihilərə aidiyyatı olan bu sualın cavabını bilməyimiz olduqca vacibdir.
3. İsada hansı əminlik var idi və bu, onda haradan idi?
3 Gəlin İsanın peyğəmbərlik sözlərinə qayıdaq. O, «təbliğ ediləcək» sözlərini əminliklə demişdi? Əlbəttə! İsa əmin idi ki, son günlərdə könüllü olaraq onun tərəfini tutanlar olacaq. Bu əminlik onda haradan idi? O, bunu öz Atasından öyrənmişdi (Yəh. 12:45; 14:9). Yer üzünə gəlməzdən əvvəl İsa görürdü ki, Yehova xidmətçilərinin Ona canla-başla xidmət etdiyinə əmindir. Gəlin görək Yehova Öz əminliyini necə təzahür etdirdi.
«Xalqın hazır duracaq»
4. Yehova israillilərə hansı işi tapşırmışdı və onlar nə etdilər?
4 Gəlin yadımıza salaq görək Yehova Musaya İsrail xalqının ibadət etmələri üçün Müqəddəs çadırı tikməsini buyuranda nə baş vermişdi. Yehova Musa vasitəsilə bütün xalqı bu işi dəstəkləməyə çağırmışdı. Musa xalqa demişdi: «Ürəyindən Yehovaya bəxşiş vermək keçən adamlar qoy... [bəxşiş] gətirsin». Xalqın «bəxşişlərinin ardı-arası kəsilmirdi, hər səhər bəxşiş gətirirdilər». Camaat o qədər bəxşiş gətirmişdi ki, sonda onlara daha heç nə gətirməmək tapşırıldı! (Çıx. 35:5; 36:3, 6). Bununla israillilər Yehovanın etimadını doğrultdular.
5, 6. Zəbur 110:1—3 ayələrinə əsasən, Yehova və İsa son günlərdə həqiqi xidmətçilərindən hansı ruhu təzahür etmələrini gözləyir?
5 Bəs Yehova son günlərdə xidmətçilərindən bu kimi hazırlıq ruhu təzahür etdirəcəklərini gözləyirdimi? Əlbəttə, gözləyirdi. İsa Məsih yer üzünə gəlməzdən 1000 il öncə, Yehova onun Padşah kimi taxtda nə vaxt oturacağı barədə qabaqcadan Davud peyğəmbərə bildirmişdi. (Zəbur 110:1—3 ayələrini oxuyun.) Yenicə taxt-taca sahib olan Padşahı gözü götürməyən düşmənlər olacaqdı. Ancaq onun tərəfini tutanların sayı da az olmayacaqdı. Onların arasındakı gənclərin sayı, sanki, sübh tezdən yerə düşən şeh damlaları qədər çox olacaqdıa.
6 İsa bilirdi ki, 110-cu məzmurda yazılanlar onun üzərində yerinə yetəcək (Mət. 22:42—45). Buna görə də o əmin idi ki, xoş xəbəri bütün dünyaya canla-başla bəyan edən sadiq xidmətçiləri olacaq. Bəs tarixi faktlar nəyi göstərir? Padşah son günlərdə saysız-hesabsız təbliğçiləri, həqiqətən də, bir araya toplayacaqmı?
«Müjdəni bəyan etməyi özümə həm şərəf, həm də borc bilirəm»
7. Padşah kimi taxta çıxdıqdan qısa müddət sonra İsa vacib işi həyata keçirmək üçün xidmətçilərini necə hazırladı?
7 Padşah kimi taxta çıxdıqdan qısa müddət sonra İsa davamçılarını genişmiqyaslı bu işi həyata keçirməyə hazırlamaq üçün tədbirlər gördü. İkinci fəsildən gördüyümüz kimi, 1914-cü ildən 1919-cu ilin əvvəllərinə kimi, o, yoxlama və təmizləmə işini həyata keçirdi (Məl. 3:1—4). 1919-cu ildə öz davamçıları arasından sadiq nökər seçdi (Mət. 24:45). O vaxtdan bəri bu nökər böyük toplantılar və nəşrlər vasitəsilə hər bir məsihinin təbliğ işində iştirak etməli olduğunu dönə-dönə vurğulayır.
8—10. Böyük toplantılar təbliğ işinə necə təkan verib? Nümunə gətirin. (Həmçinin «Təbliğ işinə təkan verən böyük toplantılar» adlı çərçivəyə baxın.)
8 Böyük toplantılar. Allahın rəhbərliyini axtaran Müqəddəs Kitab Tədqiqatçıları 1919-cu ildə sentyabrın 1-dən 8-nə kimi Sidar-Point şəhərində (Ohayo ştatı, ABŞ) bir araya toplaşdılar. Birinci Dünya müharibəsindən sonra ilk dəfə idi ki, belə böyük toplantı keçirilirdi. Toplantının ikinci günü Ruterford qardaş çıxış edərək iştirakçılara demişdi: «Məsihilərin əsas amalı... Allahın Padşahlığı haqda xoş xəbəri bəyan etməkdir».
9 Toplantının əsas məqamı bu görüşün üçüncü günündə Ruterford qardaşın «Əməkdaşlarıma müraciət» adlı çıxışı oldu. Sonralar həmin çıxış «Gözətçi qülləsi» jurnalında «Padşahlığı bəyan etmək» adı altında dərc olundu. Ruterford qardaş demişdi: «Məsihi dərindən düşünəndə təbii olaraq onda belə bir sual yaranır: “Həyatımın məqsədi nədir?” Onun cavabı belə olmalıdır: “Rəbb mənə lütf göstərərək barışıq xəbərini çatdırmaq üçün məni bir elçi kimi göndərib. Bu müjdəni bəyan etməyi özümə həm şərəf, həm də borc bilirəm”».
10 Həmin tarixi məruzədə Ruterford qardaş «Qızıl əsr» (indi «Oyanın!» adlanır) adlı jurnalın işıq üzü görəcəyini elan etdi. Bu jurnalın məqsədi insanları bəşəriyyətin yeganə ümid yeri olan Allahın Padşahlığına yönəltməkdir. Sonra qardaş iştirakçılardan bu jurnalı kimin paylamaq istədiyini soruşdu. Böyük toplantının hesabatında açıqlanmışdı: «Dinləyicilər arasında böyük bir canlanma oldu. Altı min insan bir nəfər kimi ayağa qalxaraq bu jurnalı paylamaq istədiyini göstərdi»b. Aydın görünür ki, Padşah onun Padşahlığı haqda xoş xəbəri bəyan etməyi ürəkdən arzulayan xidmətçilərə sahibdir.
11, 12. İsanın tapşırdığı işlə bağlı 1920-ci ildə «Gözətçi qülləsi» jurnalında nə deyilirdi?
11 Nəşrlər. İsa Məsihin xatırlatdığı işin, yəni Padşahlıq haqqında xoş xəbərin nə dərəcədə əhəmiyyətli olduğu «Gözətçi qülləsi» jurnalı vasitəsilə tədricən açıqlanırdı. Gəlin bu jurnalın 1920-ci ilin əvvəlində dərc olunan bəzi saylarına diqqət yetirək.
12 Mətta 24:14 ayəsində qələmə alınan hansı xəbər təbliğ olunmalı idi? Bu iş nə vaxt gerçəkləşəcəkdi? Bu xəbərin nədən ibarət olduğu «Gözətçi qülləsi» jurnalının 1920-ci il 1 iyul sayının «Padşahlıq haqqında müjdə» adlı məqaləsində açıqlanırdı: «Xoş xəbər bu pis sistemin sonunun gəlməsi və Məsihin Padşahlığının qurulması haqqındadır». Həmin məqalədə bu xəbərin «böyük müharibədən [Birinci Dünya müharibəsindən] “böyük müsibətə” qədər təbliğ olunacağı» vurğulanırdı. Həmçinin qeyd olunurdu: «İndi xoş xəbərin bütün dünyada bəyan olunmasının əsil vaxtıdır».
13. 1921-ci ildə «Gözətçi qülləsi» jurnalı məsh olunmuşları nəyə təşviq etmişdi?
13 Bəs Allahın xalqı İsanın tapşırdığı işi məcburən görəcəkdi? Əsla! «Gözətçi qülləsi» jurnalının 1921-ci il 15 mart sayında dərc olunan «Cəsarətli ol!» adlı məqalədə məsh olunmuş məsihilər hazırlıq ruhu təzahür etdirməyə və özlərinə belə bir sual verməyə təşviq olunurdular: «Bu işi yerinə yetirməyi özümə şərəf və borc hesab edirəmmi?» Məqalədə həm də deyilirdi: «Biz əmin ola bilərik ki, bu işə [şərəfli bir iş kimi] yanaşsaq, onda Allahın sözü, Ərəmya kimi, bizim də sümüklərimizdə həbs edilib ürəyimizdə alovlanan atəş olacaq və bizi susdurmaq mümkün olmayacaq» (Ərm. 20:9). Bu təşviqedici sözlər Yehovanın və İsanın Padşahlığı dəstəkləyən sadiq tərəfdarlarının olduğuna əminliyi əks etdirirdi.
14, 15. 1922-ci ildə Gözətçi qülləsi» jurnalı Məsihin davamçılarını təbliğ işi ilə bağlı nəyə təşviq edirdi?
14 Həqiqi məsihilər Padşahlıq xəbərini insanlara necə çatdırmalı idilər? «Gözətçi qülləsi»nin 1922-ci il 15 avqust sayında «Xidmət etmək vacibdir» adlı qısa və sanballı məqalə dərc olunmuşdu. Orada məsh olunmuş məsihilərə «səmavi Padşahlığın yaxın olduğuna şahidlik edərkən çap edilmiş xəbəri insanlara çatdırmağın və qapı ağzında onlarla söhbət etməyin» vacibliyi xatırlanırdı.
15 1919-cu ildən etibarən İsa Məsih sadiq və ağıllı nökər vasitəsilə dönə-dönə vurğulayırdı ki, Padşahlıq haqda xoş xəbəri bütün dünyaya car çəkmək məsihilər üçün şərəf olmaqla yanaşı, həm də onların borcudur. Bəs erkən Müqəddəs Kitab Tədqiqatçıları bu çağırışa necə hay verdilər?
«Könüllü surətdə... təbliğ edəcəklər»
16. Bəzi ağsaqqallar hamının təbliğ etməli olduğuna necə münasibət göstərdilər?
16 1920-ci və 1930-cu illər ərzində bəziləri bütün məsh olunmuşların təbliğ etməli olduğu fikrinə qarşı çıxdı. «Gözətçi qülləsi»nin 1927-ci il 1 noyabr sayında deyilirdi: «Bu gün kilsədə [yığıncaqda] elə ağsaqqallar var ki, nə bacı-qardaşları təbliğ işinə təşviq edirlər, nə də özləri bu işi yerinə yetirmək istəyirlər... Onlar Padşah və Padşahlıq haqqında Allahın xəbərini ev-ev təbliğ etmək göstərişinə rişxənd edirlər». Məqalədə həmçinin vurğulanırdı: «Sadiq insanların bu cür insanları nəzərdə saxlamaq, onlardan uzaq gəzmək və onları bir daha ağsaqqal kimi seçməmək vaxtı gəlib çatıb»c.
17, 18. Yığıncaqda çoxları sadiq nökərdən aldıqları göstərişə necə yanaşmışdılar və keçən 100 il ərzində milyonlarla insanlar buna necə hay vermişdilər?
17 Xoşbəxtlikdən yığıncaqda çoxları sadiq nökərdən aldıqları göstərişə müsbət yanaşdılar. Onlar Padşahlıq haqqında xəbəri çatdırmağı özlərinə şərəf bilirdilər. «Gözətçi qülləsi» jurnalının 1926-cı il 15 mart sayında deyilirdi: «Sadiq insanlar bu xəbəri könüllü surətdə təbliğ edəcəklər». Bu mömin insanlar Zəbur 110:3 ayəsindəki sözlərə uyğun yaşayır və Məsihin Padşahlığını könüllü surətdə dəstəklədiklərini sübut edirdilər.
18 Keçən 100 il ərzində Padşahlıq xəbərini çatdırmaq üçün milyonlarla insanlar özlərini könüllü olaraq təqdim edirdilər. Növbəti fəsillərdə biz onların necə təbliğ etdiklərini, yəni hansı üsullardan istifadə etdiklərini və hansı nailiyyətlər qazandıqlarını araşdıracağıq. Əvvəlcə gəlin xudbin dünyada yaşamalarına baxmayaraq, Padşahlıq haqda xoş xəbəri könül xoşluğu ilə çatdıran milyonlarla insanların bunu nə üçün etdiklərini müzakirə edək. Bunun səbəbini nəzərdən keçirdikdən sonra özümüzdən soruşmağımız yerinə düşərdi: «Xoş xəbəri insanlarla nəyə görə bölüşməliyəm?»
«Padşahlığı... həmişə birinci yerə qoyun»
19. Nəyə görə İsanın «Padşahlığı... hər şeydən üstün tutun» məsləhətini qulaqardına vurmamalıyıq?
19 İsa davamçılarına «padşahlığı... həmişə birinci yerə [qoymağı]» məsləhət görmüşdü (Mət. 6:33). Nəyə görə bu məsləhəti qulaqardına vurmamalıyıq? Çünki Padşahlıq Allahın niyyətinin əsasını təşkil edir. Keçən fəsildə araşdırdıq ki, müqəddəs ruh Allahın Padşahlığı barədə həqiqətləri tədricən açıqlayır. Əgər bu dəyərli həqiqətlər ürəyimizə təsir edirsə, biz Padşahlığı birinci yerə qoyacağıq.
20. İsanın şagirdlərinin «Padşahlığı hər şeydən üstün tutun» məsləhətinə necə hay verəcəklərini gizlədilmiş xəzinə məsəli necə göstərir?
20 İsa davamçılarının Padşahlığı birinci yerə qoymaq məsləhətinə necə hay verəcəklərini bilirdi. Gəlin onun gizlədilmiş xəzinə məsəlinə nəzər salaq. (Mətta 13:44 ayəsini oxuyun.) Məsəldəki adam gündəlik işi ilə məşğul olarkən xəzinə tapdı və onun qiymətli olduğunu dərhal anladı. Bəs o nə etdi? «Sevincindən gedib hər şeyini satdı və [tarlanı] aldı». Bu nümunədən biz nə öyrənirik? Padşahlıq haqda həqiqəti tapdıqdan və onun dəyərini anladıqdan sonra əlimizdən gələni edəcəyik ki, Padşahlığı həyatımızda ən layiqli yerə — birinci yerə qoyaqd.
21, 22. Padşahlığın tərəfini tutanlar onu həyatlarında birinci yerə qoyduqlarını necə göstərirlər? Nümunə gətirin.
21 Padşahlığın tərəfini tutanlar onu həyatlarında birinci yerə qoyduqlarını quru sözlərlə yox, əməldə göstərirlər. Onlar həyatlarını, bacarıqlarını və maddi vəsaitlərini Padşahlığın işinə həsr edirlər. Bir çoxları tammüddətli xidmətə başlamaq üçün böyük qurbanlar verirlər. Bu cür fədakarlıq göstərən hər kəs Yehovanın xeyir-dualarını dadır. Gəlin bir cütlüyün nümunəsinə baxaq.
22 Averi və Lovinya Bristo 1920-ci illərin sonunda Birləşmiş Ştatların cənubunda kitabpaylayan (öncül) kimi xidmət edirdi. İllər sonra Lovinya xatırlayır: «Öncül kimi xidmət etdiyimiz illər ərzində biz çox xoşbəxt idik. Çox vaxt elə olurdu ki, bilmirdik yanacağa və ərzağa pulu haradan tapaq. Ancaq Yehova heç vaxt bizi darda qoymurdu. Bunun sayəsində xidmətimizi davam etdirirdik. Heç vaxt heç nəyə möhtac olmamışıq». Lovinya Pensakola şəhərində (Florida) xidmət edərkən başlarına gələn bir hadisəni xatırlayır. Onların çox az pulları və ərzaqları qalmışdı. Onlar furqon evlərinə gələndə iki zənbil ərzaq və «Səmimi məhəbbətlə Pensakola yoldaşlığı» sözləri yazılmış balaca kağız gördüləre. Onilliklər ərzində etdiyi tammüddətli xidməti gözünün qabağına gətirərək Lovinya deyir: «Yehova heç vaxt bizi əlacsız qoymayıb. Ona olan etibarımızı sarsıtmayıb».
23. Padşahlıqla bağlı həqiqətlər sizə necə təsir edir və siz nə etmək əzmindəsiniz?
23 Biz hamımız eyni dərəcədə xidmət edə bilmərik. Hər kəsin şəraiti müxtəlifdir. Ancaq hər birimiz xoş xəbəri can-dildən bəyan etmək şərəfinə malikik (Kol. 3:23). Padşahlıq haqqında həqiqətlər bizim üçün dəyərli olduğundan biz mümkün qədər daha çox xidmət etmək üçün əlimizdən gələni edirik. Bəs siz necə, xidmət etmək əzmindəsiniz?
24. Padşahlığın son günlərdə görəcəyi ən böyük işlərdən biri hansıdır?
24 Keçən əsr ərzində Padşah Mətta 24:14 ayəsində yazılan sözlərini həyata keçirib. Və o, heç kimi bu işi görməyə məcbur etməyib. Onun davamçıları xudbin dünyadan ayrılaraq özlərini könüllü olaraq təbliğ işinə həsr etmişlər. Onların ümumdünya təbliğ işi Məsihin iştirakının əlaməti və Padşahlığın son günlərdə görəcəyi ən böyük işlərdən biridir.
a Müqəddəs Kitabda şeh bolluqla əlaqəlidir (Yar. 27:28; Mik. 5:7).
b «Bu iş kimə həvalə olunub?» adlı bukletdə deyilirdi: «“Qızıl əsr” jurnalı ev-ev xoş xəbərin təbliğində yararlıdır... Təqdiməni edəndən sonra, bu jurnalı, ev yiyəsinin abunə olub- olmamasından asılı olmayaraq, vermək lazımdır». İllər keçəndən sonra qardaşlar təşviq olunurdular ki, insanlara həm «Gözətçi qülləsi»nə, həm də «Qızıl əsr» jurnallarına abunə olmağı təklif etsinlər. 1940-cı il 1 fevral tarixindən etibarən təbliğçilər jurnalları paylamağa və onların sayını qeyd edərək hesabat verməyə təşviq olundular.
c O vaxtlar ağsaqqallar səsvermə yolu ilə seçilirdi. Buna görə yığıncaq təbliğ etmək istəməyən qardaşları artıq seçməyə bilərdi. Ağsaqqalların teokratik yolla seçilməsi haqda 12-ci fəsildə araşdıracağıq.
d İsa eyni fikri vurğulayan başqa bir məsəl də çəkdi. Bu məsəl qiymətli bir mirvari axtaran tacir haqda idi. Mirvarini tapan tacir hər şeyini satıb onu aldı (Mət. 13:45, 46). Hər iki məsəl göstərir ki, biz Padşahlıq haqqında həqiqəti müxtəlif yollarla öyrənirik: kimisi təsadüfən, kimisi də axtarıb tapır. Həqiqəti hansı yolla öyrənməyimizdən asılı olmayaraq, Padşahlığı həyatımızda birinci yerə qoymaq üçün gəlin əlimizdən gələni edək.
e Həmin vaxtlar yığıncaq yoldaşlıq adlanırdı.