A1
Müqəddəs Kitabın tərcümə prinsipləri
Müqəddəs Kitabın orijinal mətni qədim ibrani, arami və yunan dillərində qələmə alınıb. Bu gün bu kitab bütövlüklə və ya qismən təxminən 2600 dilə tərcümə olunub. Allah Kəlamının oxucularının böyük əksəriyyəti orijinal dilləri bilmədiyindən tərcümədən asılıdırlar. Belə olan halda, Müqəddəs Kitabı tərcümə edərkən müəyyən prinsiplərə riayət edilməlidir. Aşağıda sadalanan prinsiplər əlinizdə tutduğunuz tərcümənin əsasını təşkil etmişdir.
Bəzilərinin zənnincə, orijinal mətnin mənasının daha dəqiq başa düşülməsi üçün mətn sözbəsöz, sətirbəsətir tərcümə olunmalıdır. Lakin aşağıdakı amilləri nəzərdən keçirsək, görəcəyik ki, bu, heç də belə deyil.
İki elə dil yoxdur ki, qrammatikası, lüğəti, cümlələrin qurulma tərzi tam üst-üstə düşsün. İbrani dili professoru S. R. Drayver yazmışdır ki, dillər təkcə «kökünə və qrammatikasına görə yox, həm də... fikirlərin ifadə üslubuna görə fərqlənir». Fərqli dillər fərqli təfəkkürlər deməkdir. «Odur ki, müxtəlif dillərin fikri ifadə etmə forması müxtəlifdir», — deyə professor qeyd edir.
Müasir dillərin heç biri qədim ibrani, arami və yunan dillərinin lüğət və qrammatikasını əks etdirmədiyindən sözbəsöz tərcümə anlaşılmaz olmaqla yanaşı, bəzən yanlış məna da verə bilər.
Sözün və ya ifadənin mənası kontekstdən asılı olaraq dəyişə bilər.
Bəzi yerlərdə orijinal mətnin hərfi tərcüməsi mümkün olur, lakin belə hallarda çox diqqətli olmaq lazımdır.
Aşağıdakı misallardan görünür ki, sözbəsöz tərcümə mənanı necə təhrif edə bilər:
Müqəddəs Yazılarda «yuxu», «yuxuya getmək» ifadələri həm yatmağa, həm də ölümə aid işlənir (Mətta 28:13; Həvarilərin işləri 7:60). Belə halda, bu sözləri ölümlə bağlı kontekstlərdə tərcümə edəndə «ölüm yuxusuna getmək» kimi ifadələr işlənsə, müasir oxucunun fikri yanlış istiqamətə yönəlməyəcək (1 Korinflilərə 7:39; 1 Salonikililərə 4:13; 2 Butrus 3:4).
Həvari Bulus Efeslilərə 4:14 ayəsində, hərfən tərcümə edilsə, «insanların zər oynaması» ifadəsini işlədir. Bu qədim idiom zərlə adam aldatmağa işarə edir. Əksər dillərdə bu ifadənin hərfi tərcüməsi heç bir məna verməyəcək. Lakin «insanların fırıldağı» kimi ifadə ilə həmin fikri daha aydın çatdırmaq olar.
Romalılara 12:11 ayəsində hərfi mənası «ruhun qaynaması» olan ifadə işlənir. Azərbaycanca bu quruluş saxlanılsa, ifadənin içindəki məna oxucu üçün müəmmalı qalacaq. Buna görə bu nəşrdə həmin yer «ruhla coşmaq» kimi tərcümə olunub.
İsa peyğəmbər «Dağustü vəz» adı ilə tanınan məşhur nitqində adətən «Ruhən yoxsullar nə bəxtiyardırlar!» kimi tərcümə edilən ifadə işlətmişdir (Mətta 5:3, İncil, Bibliya tərcümə institutunun nəşri, 1996). Lakin bu cür hərfi tərcümə nəticəsində fikir qaranlıq qalır. Bəzi dillərdə bu hətta ruhi xəstəlik, ürəkdə təpər olmama, qətiyyətsizlik fikrini verə bilər. Halbuki burada Məsih insanlara öyrədirdi ki, əsil xoşbəxtlik maddiyyatda deyil, insanın Allaha ehtiyacı olduğunu başa düşməsindədir (Luka 6:20). Burada «Allaha ehtiyacı olduğunu dərk edənlər» variantı orijinal dildəki ifadənin mənasını daha dəqiq verir (Mətta 5:3).
Qısqanclıq, paxıllıq kimi tərcümə olunan ibrani sözünün mənası Azərbaycan dilindəki sözlərin mənasına uyğundur, yəni, yaxın adamın vəfasızlığına qəzəblənmə, yaxud başqasına həsəd aparma fikrini verir (Məsəllər 6:34; Əşiya 11:13). Bununla yanaşı, həmin ibrani sözünün müsbət çalarları da var. Məsələn, Yehova Allahın Öz xalqının qeyrətini çəkdiyi, onlardan tam sədaqət tələb etdiyi yazılan yerlərdə orijinal mətndə bu ibrani sözü işlənir (Çıxış 34:14; 2 Padşahlar 19:31; Hizqiyal 5:13; Zəkəriyyə 8:2). Həmçinin bu söz sadiq bəndələrin Allah-Taalanın və Onun dininin qeyrətini çəkmələrinə, Ona şərik qoşulmasını götürməmələrinə aid də işlənir (Zəbur 69:9; 119:139; Saylar 25:11).
İbranicə «əl» sözü cürbəcür mənalarda işlənir və kontekstdən asılı olaraq, «hakimiyyət», «səxavət» və s. kimi tərcümə oluna bilər (2 İşmuil 8:3; 1 Padşahlar 10:13).
Yuxarıdakı amilləri nəzərə alaraq, deyə bilərik ki, Müqəddəs Kitabı tərcümə edərkən orijinal sözü hər yerdə eyni sözlə vermək kifayət deyil. Tərcüməçi orijinal mətndəki fikirləri düzgün ifadə edən sözlər tapmağa çalışmalıdır. Mətnin aydın və oxunaqlı olması üçün cümlə quruluşu da dilin qrammatik qaydalarına uyğun olmalıdır.
Digər tərəfdən, sərbəstliyə varmaqdan da qaçmaq lazımdır. Tərcüməçi Müqəddəs Kitabdakı fikirlərə sərbəst yanaşıb onları öz interpretasiyasına görə yazarsa, mənanı təhrif edə bilər. Belə ki, o, mətni ya bildiyi kimi yoza, ya da mühüm təfərrüatları buraxa bilər. Düzdür, sərbəst tərcümələri oxumaq daha rahatdır, lakin belə halda orijinal mətnin əsil məğzi oxucu üçün gizli qalır.
Tərcüməçinin dini baxışları tərcüməyə asanlıqla əlavə rəng qata bilər. Məsələn, Mətta 7:13 ayəsində deyilir: «Məhvə aparan qapı enli»dir. Bəzi tərcüməçilər, ola bilsin, dini baxışların təsiri altında yunan sözünün əsil qarşılığı olan «məhv» yox, «cəhənnəm» sözünü işlədiblər.
Bundan əlavə, tərcüməçi yadda saxlamalıdır ki, Müqəddəs Kitab sadə insanların — kəndlilərin, çobanların, balıqçıların gündəlik həyatda işlətdiyi dildə yazılıb (Nəhəmya 8:8, 12; Həvarilərin işləri 4:13). Yaxşı tərcümə o tərcümədir ki, kimliyindən asılı olmayaraq, hər bir safqəlbli insan onu başa düşsün. Tərcüməçi sadə insanların az-az işlətdiyi sözlərə yox, aydın, sadə, dərhal başa düşülən sözlərə üstünlük verməlidir.
Müqəddəs Yazıların qədim əlyazmalarında Allahın Yehova adı dönə-dönə işlənir, lakin bir sıra tərcüməçilər özlərinə rəva bilib bu adı öz tərcümələrində buraxmışlar (A4 əlavəsinə bax). Bir çox tərcümələrdə Allahın adı «Rəbb» kimi sözlərlə əvəz edilmiş, bəzilərində isə ümumiyyətlə Allahın adı olması fikri ört-basdır edilmişdir. Məsələn, bəzi tərcümələrdə Yəhya 17-ci fəsildə İsa Məsihin dua sözləri belə verilib: «Mən Səni onlara tanıtdım» (ayə 26), «Mənə verdiyin adamlara Səni açdım» (ayə 6). Lakin bu parçaların dəqiq tərcüməsi belə olmalıdır: «Mən Sənin adını onlara açdım» və «Mənə verdiyin adamlara Sənin adını açdım».
Bu tərcümənin əsasını təşkil edən «New World Translation» (bundan sonra «Yeni Dünya Tərcüməsi») adlı ingilis dilindəki tərcümənin ilk nəşrinin müqəddiməsində deyilir: «Təqdim etdiyimiz nəşr Müqəddəs Yazıların sərbəst tərcüməsi deyil. Biz çalışmışıq ki, mətni müasir ingilis dilinin imkan verdiyi qədər hərfi tərcümə edək. Fikir dumanlı qalan hallarda hərfilikdən qaçmışıq». Beləcə, tərcümə komitəsi bu işə tarazlı mövqedən yanaşmış, orijinal mətnin formalarını qorumaqla yanaşı, qəribəlikdən və fikri qaranlıq edən ifadələrdən qaçmışdır. Nəticədə Müqəddəs Kitabın oxunaqlı, eyni zamanda səhih tərcüməsi ərsəyə gəlmişdir. Belə ki, oxucu ilahi vəhyin ona dəqiq çatdırıldığından tam arxayın ola bilər (1 Salonikililərə 2:13).